Rafiq ODAY.”HAQQINI YEDİK”

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru

Öndə keçilməz dağ durub,
Qara bildiyin ağ durub.
Yağışa tərif yağdırıb,
Buludun haqqını yedik.

İslanmışı tinə çəkib,
Çox qurunu günə çəkib,
Bağıranı önə çəkib,
Sükutun haqqını yedik.

Bu alaçıq, bu da dəyə,
(Dizdən sapan buda dəyər.)
“Sonda ölür” deyə-deyə
Umudun haqqını yedik.

Hər günümüz şaxsey, vaxsey,
Bax, acı eyləyir tox seyr.
Ulu Tanrım, bizdən çox şey
umurdun, haqqını yedik.