Xalq şairi Zəlimxan YAQUB.”Mən öz dastanımı yazıb gəlmişəm”

Ey qərib məmləkət, ey qürbət diyar,
Demə, yollarımı azıb gəlmişəm.
Alnıma nə yazıb, Allahım bilir,
Mən öz dastanımı yazıb gəlmişəm.

Köküm, çiçəklərim, tağım ordadı,
Mən burda xəstəyəm, sağım ordadı.
Qayalı, bulaqlı dağım ordadı,
Damlayam, qayadan sızıb gəlmişəm.

Özün bil, özgəyə bildirmə məni,
Ağlada-ağlada güldürmə məni.
Sən Allah, qürbətdə öldürmə məni,
Vətəndə qəbrimi qazıb gəlmişəm.