
Bir ağız bayatı, bir ağız sözlə,
Özüm öz günümə ağlıyam gərək.
Bir cüt həsrət çəkən yaşarmış gözlə,
Özüm öz günümə ağlıyam gərək.
Həsrətin ağırdı, yaşamaq olmur,
Bu yükü , bu dərdi, daşımaq olmur,
Sənsiz deyib gülüb danışmaq olmur
Özüm öz günümə ağlıyam gərək.
Mənə təsəllidir xatirələrin
Yanımda hər zaman görünür yerin
Vaxt tapıb əlindən qəmin kədərin
Özüm öz günümə ağlıyam gərək.
Sənsizlik qəlbimi o qədər sıxıb.
Qəlbimi kül edib yandırıb yaxıb
Hər axşam sən gedən yollara baxıb
Özüm öz günümə ağlıyam gərək.
Mən necə unudum əzizim səni
Səni itirdiyim o son gecəni.
Qorxuram ağlayan olmaya məni
Özüm öz günümə ağlıyam gərək
Özüm öz günümə ağlıyam gərək.