Blog

  • Polad SABİRLİ.”Gözəlim”

    Polad Sabirli

    O,çiçək üzünə,gül sifətinə,
    Qıymayıb düşməyib xal ay gözəlim.
    Baxma əziyyətə,baxma çətinə,
    Sevginlə canımı al ay gözəlim.

    Doşabı bal ilə qatandan sonra,
    Şipşirin neməti udandan sonra,
    O bal dodağından dadandan sonra,
    Dadını itirib bal ay gözəlim

    Yatdım eşq bağında dincəldim yarın,
    Axır ki,qazandım dünyanın varın,
    Çox adam dəymişin axtarır narın,
    Mənimçün şirindir kal ay gözəlim.

    Dünyadan çox verib,o dəyər sənə,
    Qamətin qəddiyər, baş əyər sənə,
    Polad da qorxur ki,göz dəyər sənə,
    Aç zülfün üzünə sal ay gözəlim.

    05 02 2016

  • Polad SABİRLİ.”Görəsən ölmürəm ki, mən?”

    Polad Sabirli

    Dərgahına sıgınmışam,
    Tanrım versin mətləbimi.
    Sac üstündə qovrulmuşam,
    Qorumuşam məzhəbimi.

    Eşq sinəmdə qan ağlayır,
    İtib könlümün sahmanı,
    Ruh ağlayır,can aglayır,
    Allaha qalıb gümanı.

    Öz eşqimin çəkə-çəkə,
    Dərdini mən kamilləşdim,
    Sözdən qala tikə-tikə,
    Oturub sözlə əlləşdim.

    Çıxdı canımın dərisi,
    Döyülmədim üyülməkçün.
    Olmadım şöhrət hərisi,
    Kiçilmədim böyüməkçün.

    Dolub qara bulud kimi,
    Boşala bilmirəm ki,mən,
    Polad,gəlib sözün dəmi,
    Görəsən ölmürəm ki,mən.

    10.06.2016.

  • Abdulla MƏMMƏD.”Üzünün suyundan gözüm su içmir”

    abdullamuellim

    Üzünü ağ etmir üzgörənliyin,
    Üzünün suyunu töküb gedirsən.
    İçindən bulanıb üzünün suyu,
    Suyunda lillənib çıxıb gedirsən.

    O qədər üz görüb üzün dünyada,
    Üzünün ağlığı üzdə qalmayıb.
    Üzünü çevirib üzlər üzündən,
    Üzünə üz tutan üz də qalmayıb.

    Üzünün suyundan gözüm su içmir,
    Üzündə bozarır saxta qürurun.
    Səndə bu üz ki var,çətin durula
    Üzündə,gözündə Məhəmməd(s.) nuru.

    Üzünə tutmağa ələk gəzirsən,
    Üzündə üz varmı ələk tutası?
    Hələ söz deməyə bir üzün də var-
    Üzünə çökdükcə içinin pası?!

    Çevirib astarın üzünə üzün,
    Üz varmı bir daha üzə çıxasan?
    Çətin ki qədərin bataqlığından,
    Nəfsinin üzündən üzə çıxasan.

    Azərbaycan.Quba.
    30.05.2000.

  • Abdulla MƏMMƏD.”Atamın əlinə baxıram, gülüm”

    abdullamuellim

    (“Tələbəlik illəri” silsiləsindən)

    Atamın əlinə baxıram,gülüm,
    Özüm qazanmıram çörəyi hələ.
    Dost-tanış yanında gödəkdir dilim,
    Rahat nəfəs almır ürəyim hələ.

    İyirmi yaşımı haqlasam belə,
    Əl tuta bilmirəm ata-anama.
    Bacara bilmirım ürəyim ilə,
    Hələ tələbəyəm məni qınama.

    Mən ki bir ocağı qoyub gəlmişəm,
    Orda məndən həsrət gizləyənlər var.
    Demirəm-obamdan doyub gəlmişəm,
    Yolumu ümidlə gözləyənlər var.

    Hələ ki sevinci qüssə dalayır,
    Hələ ki arzular çeşmə-çeşmədir.
    Arzuya yön olan yollar dolayı,
    Ümidlə yaşanan ömrüm çeşmədir.

    Hələ bu cahandan tələblərim çox-
    Hələ ev tikməli,ad almalıyam.
    Səndəsə gözləmək hövsələsi yox…
    Görünür mən sənə yad olmalıyam.

    Çəkmə imtahana baxışla məni,
    Qınama ürəkdən gələn sözümü.
    Bağışla gözəlim,bağışla məni,
    Hələ ki,gəzirəm özüm-özümü.

    Atamın əlinə baxıram,gülüm,
    Özüm qazanmıram çörəyi hələ.
    Dost-tanış yanında gödəkdir dilim,
    Rahat nəfəs almır ürəyim hələ.

    Azərbaycan.Bakı.1984

  • Müzəffər MƏZAHİM.”Dərdimi yazmır qələm də”

    mm

    Pozulubdur sığalları,
    Sevməz daha nağılları,
    Bu torpağın oğulları,
    Dözümə düşmən kəsilib.

    Basılıbdır sərhədlərim,
    Haya gedib igidlərim,
    Səbr verən öyüdlərim,
    Özümə düşmən kəsilib.

    Sevincim əsirmi qəmdə?
    Bu millət qalmaz ələmdə.
    Dərdimi yazmır qələm də,
    Sözümə düşmən kəsilib.

    Oyatmışam yaddaşı da,
    Yanır bağrımın başı da,
    Daha gözümün yaşı da,
    Gözümə düşmən kəsilib.

  • Müzəffər MƏZAHİM.”Şəhid oldu, itkin düşdü oğular”

    mm

    Tutduqları ən müqəddəs bu yolda,
    Şəhid oldu, itkin düşdü oğular.
    Büdrəmədi bu aşrımda, bu yalda,
    Şəhid oldu, itkin düşdü oğullar.

    Vurşdular, dönmədilər geriyə,
    Bəxt qoymadı həsrət buzu əriyə,
    Anaların qəlbi döndü körüyə,-
    Şəhid oldu, itkin düşdü oğullar.

    Arzuları bir sönməyən günəşdir,
    Sevgiləri göylər qədər genişdir,
    Qovğalardan bu da belə dönüşdür,-
    Şəhid oldu, itkin düşdü oğullar.

    Tapdağına dözmədilər yadların,
    Atıldılar ağuşuna odların,
    Ovutmaqçın bu torpağın dərdlərin,
    Şəhid oldu, itkin düşdü oğullar.

    Düşmənlərə nifrətini qoruyub,
    Vətəninin şöhrətini qoruyub,
    Namusunu, qeyrətini qoruyub,
    Şəhid oldu, itkin düşdü oğullar.

    Gənc əsgərim, möhkəm saxla silahı,
    İndi yurdun sənə gəlir pənahı,
    Qoyma yerdə bu qisası, bu ahı,-
    Şəhid oldu, itkin düşdü oğullar.

    Dön şimşəyə, ildırıma, yelə sən,
    Qaytar əldən gedənləri ələ sən,
    O azadlıq günü üçün biləsən,
    Şəhid oldu, itkin düşdü oğullar.

    Atlan, mənim mərd igidim, durma, qalx!
    Düşmənlərin gözlərində od ol, çax!
    Eşidirsən? Haray çəkir bu torpaq:
    “Azadlığım, abadlığım yolunda
    Şəhid oldu, itkin düşdü oğullar!”

  • Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin 131 illik yubileyi münasibətilə Sumqayıtın mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib

    Azərbaycanın dəyərli oğlu, dahi bəstəkar Üzeyir Hacıbəylinin 131 illik yubileyi münasibətilə Sumqayıtın mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib.
    “28 May” mədəniyyət evi də bu tədbirlərə “Xalq teatrı”nın tamaşasıyla qatılıb.
    Belə ki, mədəniyyət evinin nəznində fəaliyyət göstərən “Xalq teatrı” tərəfindən Üzeyir bəyin “Arşın mal alan”, “O olmasın, bu olsun” və “Leyli və Məcnun” operettaları əsasında “Mənim yaratdıqlarım” adlı tamaşa hazırlanıb.
    Tamaşanın rejissoru Amil Babayev, quruluşçu rəssamı Aytən Xanəliyeva, musiqi tərtibatçısı Kazım Əsgərlidir.
    Qeyd edək ki, əsasən tərkibi gənclərdən ibarət olan yaradıcı heyətin tamaşada nümayiş etdirdikləri yüksək aktyorluq qabiliyyəti və özlərinə xas olan səhnə performansı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
    Xatırladaq ki, bu, “Xalq teatrı”nın 16 illik fasilədən sonra tamaşaçılarla ikinci görüşüdür.

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • Gülnar MAHMUD.”İri gözlər” (Hekayə)

    13884516_10209691884401300_1187644379_n

    – Ay Zibeydə xala, deyirəm qorxu qalıbe bu Asimanın canında. Hər gecə yerindən dik atılır. Müharibədə necə qorxu keçiribsə, elə o vaxtdan heç canından çıxmır da. Deyirəm bəlkə bir çildağçıya göstərək? – çıxılmaz vəziyyətdə qalan Minəxanım qaynanasından kömək istədi: – Amma heç bilmirəm bunu ona necə deyim, ora necə aparım? Bəlkə səni eşidə, ay Zibeydə xala.
    – Az fikir eləmə, getməzsə, biz də canıyanmış çildağçı Güləndamı çağırarıq evə gələr – Zibeydə arvad onu sakitləşdirməyə çalışdı.
    Minəxanım bunu eşitcək sevindi:
    – Görəsən gələr? Nə yaxşı olardı, ay Zibeydə xala.
    – Demək sən belə elə. Axşam Asiman evə gəlsin. Sən hələ bir ona de, gör nə deyir. İşdi-şayət razılaşmasa, onnan sonra mən Güləndamla danışaram – deyib Zibeydə arvad öz göstərişlərini verdi.
    * * *
    – Dediyimi bisirmisən, ay Minə? –yaş əlini dəsmala silə-silə yeməyin qoxusuna mətbəxə keçən Asiman arvadından soruşdu.
    – Əlbəttə.
    Minəxanım işi keçsin deyə gülər üzlə ərini qarşılayıb qazın üstdə qaynayan düşbərəni kəfkirlə qarışdırdı. Asiman buxarlanan yeməyin iysini dərin nəfəslə içinə çəkdi:
    – Hə, onda gətir gəl.
    Yemək tam hazır olduqdan sonra Minəxanım bir neçə dəqiqənin içində hazırladığı təamlarla süfrəni bəzədi. Düşbərədən əlavə ərinin ən çox sevdiyi qutabları da qaba düzüb süfrəni doldurdu. Asiman yeməyə təzə başlamışdı ki, Minəxanım da stulu çəkib əri ilə üzbəüz əyləşdi:
    – Hə necədir?
    Asiman bir qaşıq düşbərəni üfləyib ağzına qoydu.
    – Hmm… Əla! – deyib gözucu onu maraqla izləyən arvadına baxdı: – Görürəm sözlü adama oxşayırsan.
    – Ay Asiman, deyirəm müharibədə keçirdiyin istressdən sonra yaman qorxmusane. Gecələr yata da bilmirsən, yerindən dik atılırsan. Bəlkə bir çildağa gedək, hə, nə deyirsən?
    – Nə qorxu, ay qız? Gic-gic danışma. Onun-bunun yanında da deyərsən məhlədə biabır edərsən məni.
    – Elə demirəme, ay Asiman. Bir az həyəcanlanmısan da yəni – Minəxanım tez sözünü düzəldib əlavə etdi:
    – Ay Asiman, sən …
    – Ay qız, sus, sus! Yenə başlama boş cəfəngiyatlardan ötrü onun-bunun goruna and verməyə.
    – Asiman, bax getməsən, Zibeydə xala çildağçının özünü bu evə gətirəcək.
    – Ay qız, məhlədə mənim asobı uvajeniyam var. Indi də məhlə uşaqlarının yanında biabır eləmək istəyirsiz məni?
    Uzun çək-çevirdən sonra Minəxanım ərini yola gətirə bilir.
    * * *
    Onlar Bakının “Kubinka” adlanan köhnə məhəllələrindən birinə girdilər. Yol kənarı boyunca düzülən bir-iki mərtəbəli həyət evləri, məhəllələr arasından keçən ensiz yollar labirint kimi dolaşıq olduğundan mənzil başına soruşmadan gedib çatmaq mümkün deyildi. Məhəllə adamlarından çildaqçı Güləndamın ünvanını dəqiqləşdirəndən sonra tinlərin birindən üzü yuxarı ara yol ilə qalxıb bir həyət evinə yaxınlaşdılar. Zibeydə xala həyətin açıq qapısını aralayaraq “Güləndam” deyə səsləndi. Güləndamın anası olan yaşlı bir qadın yaxınlaşıb onları çildağa gələnlər üçün ayrılmış kiçik otağa ötürdü.
    – Keçin bir az gözləyin, əlində işi var, indi gələr.
    Divarları hiss olunacaq dərəcədə köhnədən sadəcə əhənglənib ağardılmış, bəzi yerlərinin əhəngi hətta tökülmüş, boyası qopmuş taxta stullar, qapısız girəcəyə asılmış uçan həşəratlardan qorunmaq üçün cuna pərdədən ibarət bu otaqda bir müddət oturduqdan sonra nəhayət, özünü həsrətdə qoyan çildağçı xanım gəlib çıxdı. Bayaqdan boş divarlara baxaraq hövsələdən çıxan Asiman girəcəkdən içəri girən Güləndama tərəf döndü.
    Maya kimi ağ üzü, al yanağından boynuna doğru düzülən silsilə xalları, ətli-canlı əndamı, xüsusilə də Iran xanımlarına məxsus iri qara gözləri ilə bu xanım göz qamaşdırırdı.
    Güləndam otaqdakılarla görüşüb, salamlaşıb, hal-əhval tutandan sonra yanlarını basa-basa otağın bir küncündə qoyulan naqilli elektrik sobasına yaxınlaşdı. Uzərinə qoyulmuş göy parça bükülü, siqaret kimi ucu közərən çubuğun birini əlinə götürüb cəld hərəkətlərlə Asimanın boynuna, qollarına, ayaqlarına çəkdi. Asiman ətrafına fırlanan Güləndamın iri qara gözlərindən ətli-canlı əndamına qədər gözünün ucu ilə oğrun-oğrun süzdükcə, siqaret kimi bükülmüş parcanın közərən ucu ilə bədəninə dağ çəkilirdi. Ona toxunan “cəhənnəm odu” düşdüyü “cənnətdə” hiss edilmirdi. Necə deyərlər, gözü qalmışdı Guləndamın “gül əndamında”. Hər hərəkətində titrəyən yambuzları diqqətdən yayınmırdı. Asimanin oğrun baxışları da heç Güləndamın nəzərindən qaçmamışdı: “Hara baxır, görəsən bu şorgöz?!” Bəlkə də ondan idi ki, əlində tutduğu bükülmüş parçanın közünü ayılsın deyə yanan siqaret külqabıya basılan kimi onun bədənində basıb söndürürdü.
    * * *
    Qapıdan çıxan kimi Minəxanım öz aləmində olan Asimanın qolundan yapışıb silkələdi:
    – Nə gözüvü zilləmişdin xalxın arvadına?
    Asiman astagəl tələffüzü ilə sayıqladı:
    – Görmədin, necə iri gözləri var idi?–böyrünü deşən dirsəyin zərbəsindən bir anlıq ayilib: – Anam-bacım olsun! Mən nə deyirəm ki?!
    Minəxanım pıçıltı ilə qulağına qışqıraraq tez onun sözünü kəsdi:
    – Bəsdir, hələ bir danışır da?
    Asiman arvadı ilə yol boyu deyişə-boğuşa evə gəlib çatdıqdan biraz sonra ara sakitləşincə ufuldaya-ufuldaya yataq otağına çəkildi. Minəxanım isə deyinərək qonaq otağında çay süfrəsi hazırlamağa başladı.
    İçəridən Asimanın yanğılı zarıltısı gəlirdi: – Ay aman, yandıııım. Yaman göynədire, ay Minə. Yandıme, yandım.
    Deyəsən o bədənində közlənən yerlərin acısını yavaş-yavaş hiss edirdi.
    Yavaş-yavaş artan ağrılar Asimanın naləsini “asimana” qaldırmışdı.
    – Müharibədə heç belə odlanmamışdım, ay Minəəə. Oddadınız məni.
    Minəxanım isə heç nə olmayıbmış kimi divanda oturub təzə dəmlədiyi çaydan bir qurtum ağzına alaraq televizorun pultunun düyməsini basdı:
    – Sən hələ çox odlanacaqsan.
    Televizorun ekranı işıqlanan kimi musiqi səsi Asimanin ahu-zarını üstələdi.
    Yandım ay Allah, iri-iri gözləri,
    Yandım ay Allah, iri-iri gözləri…

  • Esmira RƏHİMLİ.”Ey ağıl sahibi, ağla, nə gülürsən, nə gülürsən?”

    er

    Ey ağıl sahibi, ağla, nə gülürsən, nə gülürsən?
    Üz döndərib cahillərdən, nə gəlirsən, nə gəlirsən?

    Ləçək endi yarpaq üstə, şehmi düşdü torpaq üstə?
    Yanağından gizli-gizli nə silirsən, nə silirsən?

    Anladınmı, diliqafil, bu dünyanın vəfası yox,
    Fəlakətdirmi göz yaşın, nə deyirsən, nə deyirsən?

    Şükür imanın yarısı, imandır eşqin hamısı!
    Ey çoxbilmiş, söylə qeybdən nə bilirsən, nə bilirsən?

    Yarı gülsən, yarı tikan, yarı qulsan, yarı sultan!
    Başda tac, ayaqda çarıq, nə geyirsən, nə geyirsən?

    Danış axmaq ilə, Əsməra, danışma axmaq üçün!
    Vurnuxursan, tələsirsən, nə gəlirsən, nə gedirsən!

  • Esmira RƏHİMLİ.”Məni bu oxla vuran səyyadi-zaman kim idi?”

    er

    Məni bu oxla vuran səyyadi-zaman kim idi?
    Bəlkə siz görmüsünüz alanda nişan kim idi?

    Yazıq deyilmi ürəyim, boyana al qanına?
    Özü zalım, üzü göyçək, qaşı kaman kim idi?

    Təzə ay tək görünüb, çəkilib getdi bizaman,
    Söylədim insaf elə, etmədi aman, kimi idi?

    Bir haray salıb eşq ilə, oyadıbdır aləmi,
    Mən özüm naleyi-zaram, məndən yaman kim idi?

    Hər üzü göyçəyə meyl eyləməz ağlım başdan,
    Züleyxa sevməsəydi eşqidə Kənan kim idi?

    Nə haqqı, nə yalanı ellər səndən yaxşı bilir,
    Sən özündən soruş, ey Əsmərü-şaman, kim idi?

  • Vüsal YURDOĞLU.”Bir dənəm…”

    vy

    Nə soyuqdur həsrətinin yağışı,
    Üşüdəcək pəncərəmi bu gecə.
    Məndən başqa birisiylə yox işi,
    Təkcə məni öldürəcək bu gecə…

    Amansızdır payızının ilk seli,
    Aparacaq ümidimi özüylə.
    Qoparacaq ürəyimi yerindən,
    Oynayacaq tənhalığın nazıyla…

    Həsrətinin yağışları narındır,
    Bu yağışlar sanki, mənim yarımdır.
    Bir də mənim ağlamağım varımdır,
    Geri qalmır göz yaşlarım yağışdan…

    Gözlərimdə sənsizliyim sellənir,
    Üşüyürəm, yarpaqlarım yellənir.
    Mən susuram, ildırımlar dillənir,
    İldırımlar hayqırırlar bu gecə…

    İldən-ilə daha gurdur yağışlar,
    Pəncərədə donub qalır baxışlar.
    Bu gün səni xatırladım, bağışla,
    Bu gün səni unutmadım, …bir dənəm!

  • Vüsal YURDOĞLU.”Qadın”

    vy

    Ey payız donuna bürünən qadın,
    Səni üşütmürmü soyuq gecələr?
    Gözümə xəzan tək görünən qadın,
    Düşəcək dərdimdən duyuq gecələr!

    Sənin varlığından uzaq olanda,
    Donur dilim, ağzım, titrər dodağım.
    Gedirsən, arxandan baxa qalanda,
    Qışdan yaza çıxmır mənim sorağım!

    İtir məhəbbətim xəzəl altında,
    Tapdanır hisslərim, tapdanır canım.
    Soyuq gecələrin hər buludunda,
    Coşur həsrətinə olan üsyanım…

    Şeir – gözlərində payız yağışı,
    Enir göydən yerə, yuyur gecəni.
    Ey özü özünə vurulan qadın,
    Sən şeiri sevirsən, mən isə səni!

    Solub ötən yayın tər çiçəkləri,
    Ah çəkib, köksümü ötürəm gərək.
    Ruhum var, ruhuna divanə, dəli,
    Gör səni nə qədər sevib bu ürək!

    Bu gün göylər qəmlə, kədərlə dolu,
    Sabah günəş gəlməz sənsiz evimə!
    Darıxdım bu gecə demə, Yurdoğlu,
    Bu gecə yenə də darıxdım demə!

  • Kənan AYDINOĞLU.”Oğuz TÜRKLƏRİYİK Biz!”

    Photo Kenan

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

    Haqqa doğru can atıb,
    Əqidəmdən dönmədim.
    Göy üzündə ulduz tək,
    Gecə-gündüz sönmədim

    Oğuz TÜRKLƏRİYİK Biz!
    Boyumuz Bayat boyu.
    Hikmət dolu “Quran”a,
    sarıldım ömrü boyu.

    Həzrət Muhəmməd ümməti,
    İbrahimin nəslindənik.
    Haqq “Quran”ı rəhbər tutub,
    Ömrün bahar fəslindənik.

    Füzuli babamız kimi,
    Şiəliyi təbliğ etdik.
    Haqq yolunu ömrü boyu,
    “Allahu Əkbər”lə getdik

    20 avqust 2016-cı il.Ağstafa

  • Kənan AYDINOĞLU.”Gözəl şairim mənim, Sizə Salamlar olsun!”

    Photo Kenan

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

    Nəğməkar-şairə Zeynəb xanım Dərbəndliyə sevgi və sayqılarla!

    “Dəmir qapı” Dərbəndi yadına salıb, gələn,
    İlahi gözəllikdən ilhamın alıb, gələn,
    Qədim diyarda yenə xəyala dalıb, gələned
    Gözəl şairim mənim, Sizə Salamlar olsun!

    Tarixi varaqladım qədim bir kitab kimi,
    Dünya göründü mənə qaçılmaz əzab kimi,
    Muğamı da dinlədim, diyarda rübab kimi,
    Gözəl şairim mənim, Sizə Salamlar olsun!

    Gəl danışım sənə mən,yurdumuzda gözəldən,
    Ana yurdun hüsnünə heyran oldum əzəldən.
    Gəl danışma sən mənə, məsnəvidən, qəzəldən,
    Gözəl şairim mənim, Sizə Salamlar olsun!

    “Koroğlu” dastanında adı var Dərbəndimin,
    Haqqın nuru görünür şerimdə hər bəndimin.
    Tarixinə bələdəm: rayonumun, kəndimin
    Gözəl şairim mənim, Sizə Salamlar olsun!

    21 avqust 2016-cı il.Ağstafa

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    ƏLİNCƏ

    “Vətənimdir” – silsiləsindən

    Əlincə- dedikdə, vaxt, zaman durur,
    Əlincə- söylənsə, qəlb möhkəm vurur.
    Əlincə- ürəkdə, iftixar, qürur,
    Hünər, qeyrət, namus – adlı düşüncə,
    Dünya dəyişsə də, yaşar Əlincə.

    Əlincə- tarixin daş səlnaməsi,
    Əlincə- xalqımın daşlaşmış səsi.
    Əlincə- Turanın zəfər nəğməsi,
    Diz çöküb önündə, çox qəsb, işgəncə,
    Vətən dara düşsə, coşar Əlincə.

    Əlincə- savaşda, cəngdə birinci,
    Əlincə- ulusun, elin güvənci.
    Əlincə heyratı,humayın, cəngi,
    Hər zaman hazırdır döyüşə, cəngə,
    Zəfərdən -zəfərə, qoşar Əlincə.

    Əlincə- yenilməz, yurdun dayağı,
    Əlincə- ölkəmin qeyrət bayrağı.
    Əlincə- güc rəmzi,sirr, heyrət dağı,
    Yağılar tük tökür, boyun görüncə,
    Dövran gəldi- gedər, yaşar Əlincə…

    S Ə N S Ə N

    “Könül dəftərim” – silsiləsindən

    Sənsən mənim ömrüm, günüm, həyatım,
    Sənsən mənim şan-şöhrətim, büsatım.
    Sənsən nəğməm,qoşmam,qəzəl, bayatım,
    Sevə-sevə xəyalına daldığım,
    Illər boyu həsrətiylə yandığım.

    Sənsən sevən ürəyimin parası,
    Sənsən görən gözlərimin qarası.
    Sənsən bütün dərdlərimin çarası,
    Gecə-gündüz şəfa umub, andığım,
    Illər boyu həsrətiylə yandığım.

    Sənsən mənim saf eşqimi süsləyən,
    Sənsən məni ümidlərlə bəsləyən.
    Sənsən məni sabahlara səsləyən,
    Ey şəfqətli, nurlu, mələk sandığım,
    Illər boyu həsrətiylə yandığım.

    Sənsən sair Dövranın təbb, ilhamı,
    Sənsən onun xoş hicranı, həm kamı.
    Səni mənə yaraşdırır el, hamı,
    Eşq atəşin sevgisindən aldiğım,
    Illər boyu həsrətiylə yandığım.

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    abdullamuellim

    SƏHVİNİ ARAMA MƏNDƏ

    Nəyim var ki göz dəyəsi,
    Gözün qala,göz yiyəsi?
    Üzün də yox söz deyəsi,
    Söz ağlayır həya canda.

    Hər gün qəmi qoyub dəmə,
    Üz vurdun üz tutub qəmə.
    Səndəmi düşdün qədəmə
    Eşq qapını dərd açandan?!

    Göz olub ayaq altına,
    Dünənini sal yadına.
    Qızaran gözün oduna
    Çarə olmaz həyəcandan.

    Dağ üstünə dağ qoymadın,
    Ürəyimdə yağ qoymadın,
    Canımı da sağ qoymadın,
    Üzüm gülmür gör haçandan!

    Səhvini arama məndə,
    Günahkarıq-sən də,mən də…
    Allaha olmadıq bəndə,
    Şeytana ürək açandan.

    Azərbaycan.Quba.
    16.04.2001.

    DÜNYA MƏNİM DÜNYAM DEYİL

    Xalq şairi Məmməd Araza.

    Ağlayana göz yaşıdır,
    Ağladana közdür dünya.
    Kimisinin öz yaşıdı,
    Kimisinə sözdür dünya.
    Dünya mənim dünyam deyil.

    Hara baxsan hərb ocağı,
    Hara baxsan qəm-ələmdir.
    Canlı məzardır qucağı,
    Bağrının başı sitəmdir.
    Dünya mənim dünyam deyil.

    Pozulub mizan-tərəzi,
    Çəkilməmiş gözü qaçır.
    Ocağı tərk edən kəsin
    Arxasınca közü qaçır.
    Dünya mənim dünyam deyil.

    Bir loxma çörək dalınca
    Başı lovlu qaçanı var.
    Hədəf olub ehtiyaca,
    Dərd üstə dərd qucanı var.
    Dünya mənim dünyam deyil.

    Kimisinə dar ağacı,
    Kiminin uman yeridir.
    Dərd əhlinə yar ağacı,
    Sevənin güman yeridir.
    Dünya mənim dünyam deyil.

    Dünya qədərin qalası,
    Qədərliyə qara gündür.
    Dünya dərdimə qalası,
    Açılmayan bir düyündür.
    Dünya mənim dünyam deyil.

    …Gülünclərin gülüncünə
    Qalib gəlmək təpəri yox.
    Bu dünyanın nə vecinə-
    Toxun acdan xəbəri yox!
    Dünya mənim dünyam deyil.
    Dünya mənim dünyam deyil!

    Azərbaycan.Quba.

  • Saqif QARATORPAQ.Yeni şeirlər

    s

    * * *

    Yarpaq-yarpaq tökülür
    günlərimiz payıza,
    Yaşayırıq birtəhər…
    qəlbdən qan sıza-sıza.

    Dərdi tək çəkənlərin
    payız köhnə tanışı.
    Nə vaxtdı biz susmuşuq,
    xatirələr danışır.

    Mən də sənə oxşadım,
    yıxıldım qürurumdan.
    Üzü üstə düşmüşəm,
    yox qolumdan qaldıran.

    Eh…beləymiş ömür-gün?
    nə var çıxır əlindən.
    bir ovuc xəzəl qalır
    bir bağcanın gülündən…

    İndi gecdi bəlkə də…
    mümkünmü geri dönmək?
    payız yarpağı kimi
    əsir sinəmdə ürək…

    * * *

    Ürəyimə köçürmüşəm
    səni necə varsan elə.
    Hər gün sənə qayıdıram,
    mən səni çəkirəm hələ…

    Qaçıb eşqinə sığındım,
    qərib könlümdə təklənib.
    Göz yaşımla yanağıma
    çəkib həsrətin şəklini.

    Bu gecə də ötdü sənsiz,
    Sızıldayır barmaqlarım.
    Ləçək-ləçək solur ömrüm,
    söz-söz ölür dodaqlarım…

    Eh…bizimki yazdan keçib,
    bitməz,yüz yağa yağışlar…
    sən çəkən köhnə şəkildi
    soyuq alnımda qırışlar.

    Öz adım yükdü çiynimə,
    sonacan apara bilsəm…
    Nə yaxşı ki səni tapdım,
    səndən sənə vara bilsəm…

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    SAVALAN DAĞININ

    İran təəssüratları

    Hər kəndə, kəsəkdə aldım salamlar,
    Sevindim səhərlər, güldüm axşamlar,
    Gördüm tanış üzlər, doğma adamlar,
    Savalan dağının ətəklərində.

    Öpüb torpağını bağrıma basdım,
    Şirin nəğmələrə mən qulaq asdım,
    Qəlbimi ulduzlu göylərdən asdım,
    Savalan dağının ətəklərində.

    Hara boylandımsa gördüm bal, pətək,
    Zirvədə qar gördüm, dərədə çiçək,
    Daradı saçımı sərin meh, külək,
    Savalan dağının ətəklərində.

    Gördüm qardaşımı, gördüm bacımı,
    Unutdum bu yerdə ağrı, acımı,
    Gördüm başım üstə, gördüm tacımı,
    Savalan dağının ətəklərində.

    Şirin bayatılar, nəğmələr dindi,
    Ulduzlar göylərdən yerlərə endi,
    Ürəyim gül açdı, qəlbim sevindi,
    Savalan dağının ətəklərində.

    Yaşıl yamacları, yalları gördüm,
    Boynuma dolanan qolları gördüm,
    Təbrizə uzanan yolları gördüm,
    Savalan dağının ətəklərində.

    HƏR GÜN

    Şöhrət adamları, pul adamları,
    Oxuyan deyillər şeirlərimi,
    Onlar düşünürlər dövləti, varı,
    Onlar başa düşməz dərdi, sərimi.

    Dərd qoymaz kasıbı kitab oxuya,
    Qorxuram gecikəm sözlərim ölə.
    Veriblər nağılla xalqı yuxuya,
    Qoymurlar ağatlı oğlanlar gələ.

    Gözümün suyuyla isalır qələm,
    Verdim sel ağzına ötən illəri,
    Çətin ki sevinəm, mən bir də güləm,
    Zəmanə susdurub şirin dilləri.

    Ruhum elə küsüb, elə inciyib,
    Qəlbimin ağrısı çəkilən deyil.
    İllərin əzabı belimi əyib,
    Tilsimli qapılar sökülən deyil.

    İçirəm hər səhər al şəfəqləri,
    Təmanna gözləmir, göylər sağ olsun.
    Hər gün qaraldıram ağ vərəqləri,
    El-oba yanında üzüm ağ olsun.

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    EYLƏDİ

    Tuş olduq namərdə, pisə,
    Bədəbəddə durdu üzə,
    Bəxt də bizdən küsə-küsə,
    Ümidləri puç eylədi.

    Birləşdi kafər dığalar,
    Yağlandı yavan yağılar,
    İçimiz tökdü ağılar,
    Dərdi başda tac eylədi.

    Yanan da biz, yaman da biz,
    Haqlıykən haqq uman da biz,
    Olmadıq heç amanda biz,
    Amansızlar güc eylədi.

    Gülü bülbülsüz qoydu sar,
    Qışa əsir düşdü bahar,
    Yağmalandı ulu diyar,
    Ağır ellər köç eylədi.

    ATLAN İGİDİM

    Atlan igidim, dada yetiş, Allaha and iç,
    Qeyrətlə, inamla yola düş, bir daha and iç,
    Bu yurdur bizə dünyada candan baha, and iç,
    And iç, bilirəm mərd igidim dada yetəndir,
    Namus da, əmanət də bu torpaqdır, Vətəndir.

    Yoxdursa onu qoruyan əsgər, Vətən ağlar,
    Birləşməsə yumruq kimi ərlər, Vətən ağlar,
    Boş qalsa bu dar gündə də səngər, Vətən ağlar,
    Ağlar, o kömək görməsə bil, ərliyimizdən,
    Gəl, atəşə dönsün gücümüz birliyimizdən.

    “Haqqdan ucalan bayrağımız bir daha enməz”,
    Heç kəs bu müqəddəs, ulu yoldan geri dönməz,
    Yoxdursa ürək atəşimiz torpaq isinməz,
    Dağlar kül olar hər yağı düşmən od aparsa,
    Versək bir ovuc torpağımızdan yad aparsa.

    Qan-qan deyənin qan iyi var hər kələyində,
    Acgöz qaraçı nəfsi yatıb hər diləyində,
    Son fitnəsi də keçmədi sərraf ələyindən,
    Heç heyvan özü bir belə haqqı daşa qaxmaz,
    Hər yersizə yer versə də xalqım başa qaxmaz.

    Birlikdədir güc, səngərimiz hər qala, hər bənd,
    Versin Bakı, Təbriz əl-ələ, bir də ki, Dərbənd,
    Dönsün öz ulu keçmişinə Borçalı, Xankənd,
    Min köhlənini Urmiyadan Göycəyəcən çap,
    Xalqın, Vətənin dərdinə mərdanə nicat tap.

    Hər yandan açıb üstümüzə ağzını böhtan,
    Fır-fır dolanır ortada bir sərsəri şeytan,
    Meydan açalım, fitnəkara süngülü meydan,
    Atlan, yola düş, xalqımızın hərbi bilinsin,
    Qaldır igidim yumruğunu, zərbi bilinsin.

  • Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Səməd Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə “Söz-2016” Poeziya bayramı keçirilib

    Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Səməd Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə “Söz-2016” Poeziya bayramı keçirilib.
    Tədbirdə AYB Sumqayıt bölməsinin sədri Sabir Sarvan və S.Vurğun adına Mərkəzi kitabxananın direktoru Yeganə Əhmədova çıxış edərək “Söz” bayramının 1997 – ci ildən bu yana hər il keçirildiyini və poeziyasevərlər tərəfindən rəğbətlə qarşılandığını bildiriblər.
    Sonra söz Sumqayıtda yaşayan şairlərə verilib.Qüdrət Muğanlı, Əşrəf Veysəlli, Namiq Dəlidağlı, Məmməd Namaz, Süleyman Hüseynov, Rafiq Oday, Rafail Laçınlı, Xürrəm Qafanlı, Elvin Əlizadə və başqaları yeni şeirlərini oxuyublar.

    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti

  • ŞOKLAR ŞİİRİNİN USTASI: CEMAL SÜREYA

    NORMALLERİN DIŞINDA BİR ŞAİR

    Hayat kısa
    Uçmak için de…
    Yazar:Yeşim İNALKAÇ

    Göçebe olmuş bir hayatta çok yer değiştirdi belki ama ne şiirini ne de karakterini değiştirdi. Olduğu gibi, kendi olmayı en iyi bilenlerdendi. Hayatını yazdı şiirlerine, şiirler hayatı oldu bir bakıma. Hiçbir zaman kısıtlamamıştır kendini şiirlerinde. Cesurca, süzmeden, sansürlemeden yazdı hep. Meydan okumalar da vardı kadınlar da. Çok sevdi, çok âşık oldu ama meşrulaşınca sönüverdi hisleri. Onun yazması için gerekliydi kadınlar, Bir kadın bulur, âşık olur, şiir yazardı yazabildiği yere kadar. Ama onda şairlik duygusunu ilk uyandıran etken, âşık olduğu bir kadın değil annesi olur. Şiirlerinde bir dürtme tadı vardır. Okuyucuyu sarsmak ister. Bu nedenle bazı konu şokları yapar şiirlerinde Seber. Konusu aşk olan bir şiiri enflasyon ile bitirebilir nitelikte bir şairdir. Şoklar şiirinin tek ustasıdır Cemal Süreya.

    SÜRGÜNDE BÜYÜYEN ÇOCUK
    1931 yılında Erzincan’ın Pülümür ilçesinde doğmuş olan şairin asıl adı Cemalettin Seber’dir. Doğum tarihi net olarak bilinmeyen şairin doğum günü sürekli değişir. O istediği gün doğar bir nevi.
    “1931 yılında Erzincan’da doğdum. Bir doğum günüm yoktur benim.”
    Babası, Kamer Bey ve Hatice Hanım’ın 4 çocuğundan biri olan Hüseyin Seber’dir. Nakliyecilik işiyle uğraşan Hüseyin Bey Gülbeyaz adında bir alevi kızıyla evlenir ve ilk çocukları olan Cemalettin doğar.(1931) Ardından Kemal, Perihan ve Ayten doğar. Ama Cemalettin daha 4 yaşındayken Kemal ölür. (1 yaşında) Bu acısını “Bir Kış” şiirinde dile getirir;
    Bir kış göğü gibi o saat alçalır ölüm
    Yalnız işitme duygusu kalır ortada.

    SÜRGÜN VE ANNESİNİN ÖLÜMÜ
    6 yaşına kadar mutlu bir aile ortamında büyüyen Cemalettin Seber’in hayatı bu yaştan itibaren acılarla dolu bir yola girer. Sürgün edilirler; amcasından dolayı, Erzincan’dan adını bile ilk kez geldiklerinde tabeladan okuyacakları Bilecik’e. Aslında sürgün edilen çok sevdiği amcası Memo’dur. Ama Hüseyin Bey de toplar ailesini, gider kardeşiyle sonu bilinmez bir sürgüne.
    “Erzincan Valisi, Cemal’in amcası Memo’yu bir gün makamına ister. Memo amcanın bir adı da Demir yumruk. Aralarında her ne geçtiyse valinin kafasına yumruk indiriyor! Ardından üç gün içinde Erzincan’ı terk etme emri geliyor…”
    Sürgün yılları büyük acılar yaşatır henüz 7 yaşında olan şaire. Altıncı ayında annesi Gülbeyaz düşük yapar ve 23 yaşında yaşamını yitirir.
    “…Annem sürgünde öldü, babam sürgünde öldü.” Babası Hüseyin Seber, Cemal’in eğitimine devam etmesi gerektiği düşüncesiyle Cemaletin’i gizli yollarla İstanbul’a, halasının yanına gönderir. Sonra Hüseyin Bey kızlarını ve annesini de yollar İstanbul’a.Son olarak da kendisi gider. Ama birkaç ay sonra sürgün yerinin dışına çıkmaları dolayısıyla polisler evi basar ve aile tekrar Bilecik’e döner.
    Burada Memo amcanın evinde toplanır yine tüm aile. Cemalettin amcasına büyük hayranlık duyuyordu. Birçok şeyi de ondan öğrenmiştir. Resim yapmayı, matematiği…
    Aynı şekilde Memo amca da Cemalettin’e çok değer veriyordu. Kendi çocuklarından çok ilgilenirdi onunla. Cemalettin sürgünde olmanın verdiği bir rahatsızlık hissediyordu. Bilecik Birinci İlkokulu’nda yaşadığı bazı olaylardan dolayı. Bu bir arayış içerisine de girmesine neden olur. Bir gün babaannesine “Babaanne neyiz biz?” (753.gün) diye sorar. Aldığı cevap “göçmen” olunca hayatı boyunca kalır bu etiket olarak. Onun sürgünlüğü; şehirden şehire, kadından kadına ve evden eve hep devam eder.
    “Cemal’i kaybettiğimiz Kadıköy’de Cihanseraskeri sokağındaki ev, yirmi dokuzuncu eviydi Cemal’in.”
    Annesi’nin ölümü üzerinden 6 yıl geçer ve Hüseyin Seber, oğlu Cemal’in isteği üzerine de evlenmeye karar verir. Ablasına haber gönderir. Ablasının önerdiği Refika Hanımı beğenmeyip Esma’yı isteyen Hüseyin Bey çocuklarının kâbusu olacak olan Esma uykusuna dalar. Esma eve gelir. Cemal’in kız kardeşleri olan Perihan ve Ayten’e ağır işkenceler yapar. Cemal başlarda tıpkı kardeşleri gibi bazı kötü muamelelere maruz kalır. Ve Cemal’in evden gitmesine neden olan hamleyi yapar Esma. Cemal’in küçük yaşlardan itibaren biriktirdiği tüm kitapları yakar. Cemal buna dayanamayıp evden kaçar.
    “Ben evden kaçmak için gizlice parasız yatılı sınavına girdim. Oradan, o evden kaçtım ama kardeşlerimin derdi hep içimdeydi.”
    Bilecik Ortaokuluna parasız yatılı olarak giren Cemalettin büyük bir gurur ve sevinç duyar. Babası pek hoşnut kalmasa da. Burada ilk eşi olacak olan Seniha Nemli’ye âşık olur.

    KIZIL ÂŞIK OLAN ŞAİR
    Kızıl saçlı bir kız olan Seniha okulun en güzel kızıdır. Cemalettin kaptırır tabi kendini ona. Okulda ün yağar aşkı. Âşık, Şiar, Tunç, Cemo diye hitap ederler artık. Cemalettin şiirler yazar ona sırf saçları kızıl diye gider kızıl renkli bir kalem alıp öyle yazmaya başlar şiirlerini.

    ‘’Seni sevdiğim anda her şeyim kızıl oldu.
    Masmavi defterime kızıl satırlar doldu.’’

    Daha sonra Cemalettin Haydarpaşa lisesine girer ve buradan mezun olup Ankara Üniversitesi Siyasal Bilgiler Fakültesi Maliye ve İktisat bölümünü bitirir. Mülkiyenin üçüncü yılında ilk âşık olduğu kadın olan Seniha ile evlenir. Ve bir kızları olur Ayçe adında. Seniha ile çok çelişkili bir ilişkiden sonra boşanır. Çünkü Seniha da Esma’nın Cemal’e yaptığı hamlenin aynısını yapar. İlk şiir kitaplarını yakar. Seniha’ya birçok şiir yazmıştır Cemal Süreya. Hatta birlikte bile şiirleri yazmışlardır.

    ÜVERCİNKA
    Seniha Nemli ile evliyken şairin gönlü ofisinde çalışan bir sarışın bayana kayar. İsmi henüz bilinmeyen bu kadına ihtafen en önemli şiiri olan “Üvercinka”yı yazar.
    İsminde olan bir “Y” harfini de bu kadınla girdiği bir iddiada bilerek kaybeder. Amacı Üvercinka ile olan anılarını arttırmak ve kalıcılığını sağlamak.

    Böylece bir kere daha boynunlayız sayılı yerlerinden
    En uzun boynun bu senin dayanmaya ya da umudu
    Kesmemeye
    Laleli’den dünyaya doğru giden bir tramvaydayız
    Birden nasıl oluyor sen yüreğimi elliyorsun
    Ama nasıl oluyor sen yüreğimi eller ellemez
    Sevişmek bir kere daha yürürlüğe giriyor
    Bütün kara parçalarında
    Afrika dâhil…

    TOMRİS UYAR’LA KISA BİR DÖNEM

    Tomris Uyar’la bir süre birlikte yaşar Cemal Süreya. Bundan önce Suna Lokman’la nişanlanmış olan Süreya, Tomris Uyar’la olan aşkını meşrulaştırmaz. Uyar onu evine bağımlı hale getirir neredeyse. Cemal öyle âşıktır ki hiç bırakmak, ayrılmak istemez evden. Aşkları bitse de dostlukları ölene kadar devam etmiştir.

    “Ay ışığında oturuyorduk
    Bileğinden öptüm seni.”

    MEMO’NUN ANNESİ ZUHAL TEKKANAT

    Zühal Tekkanat’ın “Yelken” dergisinde çalıştığı sıralarda Cemal de ilerde batıracağı Papirüs’ü çıkarmıştır. Bir bahane ile tanışır Sühal Hanım’la. Evlenirler çok kısa bir süre içinde. Ve şairin bu dünyada en çok değer verdiği Memo doğar. Cemal Süreya Memo küçükken Zühal’den ayrılır. Memo sağlam bir büyüme dönemi geçiremez bunun sonucu olarak. Memo kendisinin sonunu getirecek olan tüfeklere merak salmaya başlar. Ve evde bir av tüfeğinden çıkan kurşunla hayata veda eder babasından 7 ay sonra.
    ÖLÜM
    Her limana yanaşan Cemal Süreya en son liman olarak ölüme attı demirleri… Son anına kadar gülümsedi hayatındaki değerlilerine karşı. Ama 9 Ocak 1990’da yatmakta olduğu hastanede bıraktı gülümsemeyi…

    Ölüm mü?
    Bir gölün dibinde durgun uykudasın.

    Denizler?
    Tanrılar karıştırır durur denizleri…

    Cemal Süreya şiirlerinde o kadar fazla değişkenlik gösterebiliyor ki…
    Mesela; bir ipin ucu maviyse sonlarına doğru kırmızı olabilir onun anlam bütünlüğü yönünden onun şiirlerinde. İşte şairi bir Cemal Süreya yapan da bu oluyor. Bir şaşırtma oyunları vardır şiirlerinde onu faklı kılan da budur başka şairlerden. Bir meydan okuma vardır. Tıpkı Turgut Özal’a yazdığı intihar önerisinde olduğu gibi bir gövde gösterisi…

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    DONUB SÖZLƏRİM

    “Könül dəftərim” – silsiləsindən

    Yenə də bürüyüb qəlbi sis, duman,
    Dikilib yollara nəmli gözlərim.
    Həmdəmim, təsəllim lal, dinməz güman,
    Dildə buz bağlayıb, donub sözlərim.

    Ömür təqvimimdən, asılıb kilid,
    Sənsiz keçən günü, yaşamıram mən.
    Paslanıb saatın əqrəbi, mili,
    Isti yuvamızı sən tərk edəndən.

    Bu həsrət küləyi haradan əsdi?
    Dönüb xəzan oldu, könül gülzarım.
    Qəlbimi dağladı fələyin qəsdi,
    Köksümə sığmayir ah, intizarım.

    Asılıb divardan nəğməkar sazım,
    Inləyən könüldür, qəmli ney çalan.
    Çəkilib qəhqəhəm,sönüb avazım,
    Hicrandır, qüssədir, dağtək ucalan…

    İSTƏMİŞƏM

    “Könül dəftərim” – silsiləsindən

    Başına döndüyüm Yaradanımdan,
    Nə dövlət, nə də ki, var istəmişəm.
    Özü düz, sözü düz, qanı- qanımdan,
    Vəfalı, qayğıkeş, yar istəmişəm.

    Demişəm kaş ola, vüqarlı dağım,
    Ömürlük güvəncim, arxa, dayağım.
    Könlümün bəzəyi, gülüstan bağım,
    Arzuma, kamıma, bar istəmişəm.

    Allahım veribdir hər cür neməti,
    Hünəri, qeyrəti,xətir, hörməti.
    Özümə hər şeydən, öncə isməti,
    Bir də abir- həya, ar istəmişəm.

    Kağız, qələmimdir sərvətim, varım,
    Şərəf, ləyaqətdir qazancım, karım.
    Özümlə yaşdaşdır, mərd,dağ vüqarım,
    Zirvəmdə hər zaman, qar istəmişəm.

    Sevirəm “Muğam”ı, “Yallı”, “Cəngi”ni,
    Sevərək hörürəm, söz çələngini.
    Qoşduğum nəğmənin, hər ahəngini,
    Duymağa kamanla, tar istəmişəm.

    Zəngindir yurdumun məhsulu, barı,
    Ürəkdən sevirəm, güllü baharı.
    Yayatək yetişir, hər bir nübarı,
    Payızda heyvayla, nar istəmişəm.

    Dövranam, Haqq üçün doğulmuşam mən,
    Dosta- dost olmuşam, düşmənə- düşmən.
    Haqq sözü hər yerdə, söylərəm- hökmən;
    Dostu şad, düşməni, xar istəmişəm.

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    abdullamuellim

    TANRIM,MƏNİ O DÜNYAYA BAĞIŞLA!

    Bu dünyanı talan-saldı düyünə,
    Allı-güllü yalan saldı düyünə.
    Köçən köçdü,qalan qaldı bu günə,
    Tanrım,məni o dünyaya bağışla.

    Kimə baxsan-ürək dolu,göz dolu,
    İş görəndən vəd verən çox-söz dolu,
    Sevinənim,gülənim yox göz dolu,
    Tanrım,məni o dünyaya bağışla.

    Nə insaf var,nə mürvət var dünyada,
    Haqqı danan hərəkət var dünyada,
    Daşdan çıxan bərəkət var dünyada,
    Tanrım,məni o dünyaya bağışla.

    Əsəbini çəkmə belə tarıma,
    Ölüm haqdır-Haqqı danıb zarıma!..
    Bu dünyada bu üz ki var-qarımaz,
    Tanrım,məni o dünyaya bağışla.

    Ürəkli yox dayaq olsun birliyə,
    Yersiz gəlib divan tutur yerliyə.
    Dünya dərdmi,dərdmi dönüb sərgiyə?!
    Tanrım,məni o dünyaya bağışla.

    Yaxşı nə var-yığışır əl-ayağı,
    Məzarlaşır mərd böyüdən qucağı.
    Dərd üyüdən dəyirmandır ocağım,
    Tanrım,məni o dünyaya bağışla.

    Bu dünyanın əzabı bol qəbirdən,
    Kəfəni al,mayası tərs xəmirdən,
    İkiəlli yapışdığım səbirdən,
    Tanrım,məni o dünyaya bağışla!

    Azərbaycan.Quba.
    16.09.2000.
    Ps. 21-23.07.2001-ci ildə “Ekspress” qəzetində çap olunmuşdur.

    KÜLÜMDƏ KÖZƏRƏN GİLEYƏM,GÜLÜM

    Bir cüt göz gəzirəm məni ağlaya,
    Yağan göz yağışı qəmi dağlaya.
    Ürək arayıram məni bağlaya,
    Qəribə eşqimin qərib selinə.

    Sevilə bilmədim sevdiyim qədər,
    Sevinə bilməyən sevgimmi hədər?!
    Sevdim,sevdiyimə sevindi qədər
    Daş atıb ömrümün sükut gölünə.

    Dil açır sözümə dönən o çağım,
    Qürbəti andırır dinən o çağım.
    Kimi isitdisə dünən ocağım,
    Bu gün ağız büzür nəmli külünə.

    Qınama dünyanı-dünya qəbirdə,
    Xəncəri korşalan qınam səbirdə.
    Gülmə içimdəki göyərən dərdə,
    Ağla qəribsəyən tənha gülünə.

    Bu sevda ot deyil göyərə bir də,
    Od deyil alışa bu qərib dərdə.
    Başıma iş açma durduğum yerdə,
    Calayıb yalanı qəlib dilinə.

    Gözə kül üfürüb sovurma külü,
    Külümdə közərən gileyəm,gülüm.
    Sözümü izləyən güləyən,gülüm.
    Çətin ki o çağlar düşə əlinə!

    22.04.2016.
    Azərbaycan.Quba.

  • Saqif QARATORPAQ.Yeni şeirlər

    s

    Mən də yağışa qoşulsam pis olmaz

    Yenicə çıxmışdıq elə küçəyə
    Bir qəfil yağışa düşdük,nə düşdük…
    Elə islandıq ki yağışın altda
    Yayın ortasında birdən üşüdük.

    Dodağın şeh düşən çiçəyə döndü,
    Yapışdı əyninə sarı köynəyin…
    Bilmirəm,əllərim nə üçün əsdi
    Ürəyim bəs niyə belə göynədi?

    İslandı yağışda baxışlarımız,
    Nəfəsin üzümə elə toxundu…
    Özümdən xəbərim yoxdu,əllərim
    Yuxuda bir zərif gülə toxundu.

    Qarışdı yağışa saçının ətri,
    Onun belə gözəl qoxusu yoxdu.
    Eşqin göz yaşında islananların
    Yağışda islanmaq qorxusu yoxdu.

    Quşlar da sığındı öz yuvasına,
    Hamı qaçıb getdi,boş qaldı küçə…
    Yağışda islanan gün işığını
    Öpüb qurudarıq biz bütün gecə…

    * * *

    Sən ey payız çiçəyi,
    Gör nə düşüb bəxtinə.
    Içimdə bir sevgi var,
    Necə oxşayır sənə.

    Durnalar köçdü getdi,
    Yoxsa yoxdu xəbərin?
    Ömrü gödək olurmuş
    Payızda sevgilərin…

    Mən bilmədim bu sevda
    Hardan düşdü könlümə.
    Indi gizli dərdimi
    Deyəmmirəm heç kimə.

    Külək əsir,tökülür
    Ağacların yarpağı.
    Məni həsrət üşüdər,
    Səni payız sazağı.

    Səhərdi…günəş çıxıb…
    Gəl sevinmə bu başdan.
    İndi hələ payızdı,
    Xəbərin yoxdu qışdan.

  • Kənan AYDINOĞLU.Şeirlər

    Photo Kenan

    DURAYDIM YANINDA SƏSSİZ-SƏMİRSİZ

    Bəzən də oturub düşünürəm ki,
    Salammı söyləyək keçən günlərə?!
    Qəlblərdən süzülüb xatirə kimi,
    Narahat boylanan köçən günlərə.

    Axı ömrümüzün dünən, bu günü,
    Gəlib qapımızın önündə durur.
    İnan ki, özümdən qabaq qələmim,
    Gizlində də “Sevgi sarayı” qurur.

    Yeni söz ordumun hər bir əsgəri,
    Yolunu gözləyir səndən xəbərsiz.
    Qayıdıb gəlsəydin sarayına sən,
    Duraydım yanında səssiz-səmirsiz.

    GƏL Kİ, SARAYINA SƏNİN HÜSNÜNLƏ

    Səhərdən-axşama səninçün, gülüm,
    Şeir sarayını qururam yenə.
    Sənin xəbərini özgədən alıb,
    Hər gecə dünyanı yoruram yenə.

    Sel kimi həsrətdən axan göz yaşım,
    Arazdan süzülüb Kürə qarışır.
    Dastana çevrilən yeni dərdimi,
    Özümdən xəbərsiz dağlar danışır.

    Bir də ki qurduğum həmin o saray,
    İllər həsrətindən xəstə qalıbdı.
    Elə bil səsini eşitməyəndən,
    Başımın üstünü qılınc alıbdı,

    Gəl ki, sarayına sənin hüsnünlə,
    Sarayın hər daşı nura boyansın.
    Dağılsın gözümdən həsrət, ayrılıq,
    Sübh çağı gözümdə sevinc dayansın.

    Gəl ki, bu ömrümün şəfəq çırağı,
    Səninlə alışsın, səninlə yansın.
    Şerimin misrası bir aşiq kimi,
    Müdam bu yollarda səni də ansın

  • Rafiq ODAY.”Bir dəmi gəlsin”

    cenabrafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Uydum ulduzların ən qəlbisinə,
    Çətin bu ulduzla bu qəlb isinə,
    Nə qədər gəzdirsin daş qəlbi sinə? –
    Nə qədər dözsün ki, bir dəmi gəlsin?!

    Uçurdun komamı dərdin əliylə,
    Nə əkdim, özgənin dərdin əliylə,
    Fələkdən kənar dur – derdin, – əliylə
    Yaxandan tutmağa birdəmi gəlsin?

    Gör neçə il uyduq yada, oynadıq,
    Aldanıb bir quru ada, oynadıq,
    Yetər, “do”da çaldıq, “fa”da oynadıq,
    Dünya dağılmaz ki, bir də “mi” gəlsin!

  • Qafqaz ƏVƏZOĞLU.”Şəhidlərə”

    Qafqaz Əvəzoğlu

    Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri,
    ”Sözün Sehri” qəzetinin təsisçisi,
    ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı

    Bu Vətən naminə varsa ölən kim,
    Həmişə bizimlə yaşayacaqdır!
    Ən uca zirvədə qərar tutub o,
    Şəhidlik adını daşıyacaqdır!

    Bu adın önündə baş əyirəm mən,
    Durub üz tutduğum qibləgahımdır.
    Dünən özlərini şəhid edənlər,
    Üzümə açılan xoş sabahımdır!

    Bu vətən naminə, bu xalq naminə,
    Ölümün üstünə düz gedən şəhid;
    Açılan gülləyə, atılan topa,
    Gərib sinəsini tuş edən şəhid:

    – Sənin axıtdığın hər qətrə qanın,
    Bu gün Vətən boyu açan çiçəkdir.
    Bu Vətən naminə çəkdiyin nərə,
    Bil ki, tarix boyu səslənəcəkdir!

    Sinən sipər oldu neçə gülləyə,
    Haqqa çıraq oldun dönməzliyinlə.
    Ey şəhid qardaşım, sən bu millətə,
    Ölməzlik gətirdin ölməzliyinlə!

    Sən kimsən – ən uca möhtəşəm zirvə!
    Mən isə kimsəyə gərək olmadım.
    Özümü bir xoşbəxt sanardım, vallah,
    Qoşa çəkilsəydi səninlə adım!..

    Bu Vətən naminə varsa ölən kim,
    Həmişə bizimlə yaşayacaqdır!
    Ən uca zirvədə qərar tutub o,
    Şəhidlik adını daşıyacaqdır!

  • Nisə QƏDİROVA.”Döndü”

    11153468_731421923638953_1561011028_o

    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

    Bu sevgiyə mənim dedim,
    Sevgim selə, suya döndü.
    Odu söndü ürəyimin,
    Qaranlıq quyuya döndü.

    Dərd gətirir axar sular,
    Gah bulanar, gah durular.
    Bir dar ağacı qurula,
    Bəlkə yatan küyə döndü.

    Haqqı satıb yeyən vardı,
    Dünya mənim deyən vardı.
    Tanrısız böyüyən vardı,
    Sonunda Tanrıya döndü.

  • Firdovsi CƏFƏRXAN.”Məni də götür”

    Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
    “Yeganə yol” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm”, “İti qələm”, “Vicdanlı qələm”,
    Nizami Gəncəvi adına “Bəşəri sərvət” media mükafatları laureatı

    Dəli sevdam bülbül kimi hey ötür,
    Getmə, gedirsənsə, məni də götür.
    İstər al canımı, ömrümü bitir,
    Getmə, gedirsənsə, məni də götür.

    Getsən bağçamızda güllər solacaq,
    Könüllər kövrəlib, gözlər dolacaq,
    Sevgimiz kimsəsiz, yetim qalacaq,
    Getmə, gedirsənsə, məni də götür.

    Güzgüyə bax, əksində məni görərsən,
    Şam kimi əriyib muma dönərsən,
    Sən yaxşı bilirsən mənsiz ölərsən,
    Getmə, gedirsənsə, məni də götür.

    Neçə qayaları, dağları çapdıq,
    Sevgi gəmisini dəryada tapdıq,
    Çəkib lövbərini sahilə atdıq,
    Getmə, gedirsənsə, məni də götür.

    Bəlkə də dəymişəm sənin xətrinə,
    Xələl gətirmişəm sözün sətrinə,
    Qoyma həsrət qalım, dilbər, ətrinə,
    Getmə, gedirsənsə, məni də götür.

    Qəlbə götürməyək hər kiçik sözü,
    Birdə gördün döndü taleyin üzü,
    Ürəyim döyünür, qorxuram düzü,
    Getmə,gedirsənsə,məni də götür.

  • Polad SABİRLİ.”Bico”

    Polad Sabirli

    Bico Keçdiməzin böyük qardaşı,
    Yeni bir tarixdir onun hər daşı.

    Tarixin sınağından çıxıb üzü ağ Bico,
    Xainlərin qəlbinə hər vaxt vurub dağ Bico.

    Neçə-neçə şəhidlər qurban verib torpağa,
    İman yerim,din yerim müqəddəs torpaq Bico.

    Sığınmışıq qoynuna, yetişmişik ərsəyə,
    Saxlayıb başı üstə üç rənğli bayraq Bico.

    Təbiət hər fəsildə gülüb onun üzünə,
    Sanqalan dağı ona,o bizə dayaq Bico.

    Elmin hər sahəsinə töhfə verib, iz salıb,
    Gör nə qədər dahilər yetirib ocaq Bico.

    Mən Bico balasıyam, vüqarımdır el mənim,
    Keçmişi, gələcəyi həmişə parlaq Bico.

    Poladam,polad kimi möhkəməm el yolunda,
    Ömrümün yollarına nur saçır mayak Bico.

  • «Azərikmya» İB-də Yaponiyanin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi ilə görüş keçirilmişdir

    Sentyabrın 28-də “Azərikimya” İstehsalat Birliyində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi ilə görüş keçirilmişdir.
    Qonağı səmimi salamlayan, Yaponiyanın Azərbaycan üçün iqtisadi tərəfdaş və dost ölkə olduğunu, iki olkə arasında uzunmüddətli, səmərəli əməkdaşlığın mövcudluğunu, Yaponiya şirkətlərinin SOCAR tərəfindən həyata keçirilən bir sıra beynəlxalq miqyaslı layihələrdə uğurla iştirak etdiyini vurğulan «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Azərbaycan neft-kimya sənayesinin inkişaf mərhələləri, “Azərikimya”nın istehsalat sahələrində aparılan yenidənqurma və modernizasiya işləri və perspektiv layihələr haqqında ətraflı məlumat vermişdir.
    İki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi istiqamətində son vaxtlar atılan mühüm addımlardan danışılan görüşdə o da məmninluq hissi ilə xatırlanmışdır ki, Ulu öndər Heydər Əliyev hələ 1998-ci ildə Yaponiyaya səfəri zamanı dövlət zəmanəti ilə dəyəri 95 milyon dollar olan Buxar-generator kompleksinin alınmasına nail olmuşdur ki, bu da ölkənin neft-kimya sənayesinin inkişafında dahi rəhbərin ən böyük xidmətlərindən biri kimi yadda qalmaqdadır. H.Əliyev yaponiyalı mütəxəssislərlə 1999-cü ildə yeni kompleksin təməlqoyma mərasimində, 2001-ci ildə isə açılış mərasimində iştirak etmişdir. Vaxtında inşa edilmiş Buxar-generator kompleksi kimya sənayesini həm tənəzzüldən xilas etmiş, həm də bu sahənin inkişafı üçün yeni bir mərhələnin başlanmasına mühüm bir vasitə olmuşdur.
    Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Tsuquo Takahaşı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulamış, Yaponiya hökumətinin Azərbaycanla dost münasibətlərini daha da inkişaf etdirmək istədiyini, iqtisadiyyata, o cümlədən neft-qaz və kimya sektoruna xüsusi önəm verdiyini qeyd etmiş, bu əməkdaşlıqların Azərbaycan-Yaponiya münasibətlərinin inkişafına yeni töhfə verəcəyinə əminliyini bildirmişdir.
    Sumqayıt Kimya Sənaye Parkı, Karbamid zavodu və SOCAR-Polymer MMC haqqında da söhbər aparılan görüşdə Kimya Sənaye Parkında müxtəlif sənaye məhsullarının istehsal olunacağı onlarla kiçik və özəl kimya müəssisələrinin yaradılmasında Yaponiyanın şirkət və firmalarının, ayrı-ayrı iş adamlarının öz investiysiyaları, mütərəqqi texnologiyaları, müasir avadanlıqları ilə iştirakının arzuedilən olduğu diqqətə çatdırılmışdır.
    “Azərikimya” İstehsalat Birliyində yaradılmış Heydər Əliyev güşəsini ziyarət edən qonağa Ulu öndərin memarı olduğu yeni neft strategiyasının bu gün möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi haqda ətraflı məlumat vermiş, səfiri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdir.

    Rafiq Oday
    Vüqar Abdullah (Foto)

  • Rahilə DÖVRAN.”Ozan dövran”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Mənim dünyam” – silsiləsindən

    Duyğularım zərif çiçək,
    Hisslər incə, ləçək- ləçək.
    Toxunulsa ələnəcək,
    Bir şairəm , sevgi dölu.

    Nəğməkardır hər bir anım,
    Şeir, qoşma ruhum, canım.
    Dağ çayıtək,coşur qanım,
    Getdiyim yol,-“Samanuolu”.

    Hər bir sözüm qəlb nidası,
    Könüllərin nur qidası.
    Duyanlara- Haqq sədası,
    Bir Dərvişəm, Haqqın qulu.

    Rəbb lütfüdür, əldə qələm,
    Borcumdu ki, qədrin biləm.
    Hər ulusda doğma diləm,
    Yurdum – Turan, Anadolu.

    Oldum sözə, saza mail,
    Söz çələngim, zər həmayil.
    Ozan Dövran, aza qail,
    Heç sevmədim, varı, pulu…

  • Rahilə DÖVRAN.”Gedəndən bəri”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Könül dəftərim” – silsiləsindən

    Qəlbim bulud kimi, yaman dolubdur,
    Sevdalı dünyamın, rəngi solubdur.
    Sənsiz keçən ömrüm, hədər olubdur,
    Sən məni tərk edib, gedəndən bəri.

    Yatmıram gecələr, çəkilib yuxum,
    Sənsizlik,- həyatda, ən böyük qorxum.
    Birdə baxarsan ki, həyatda yoxum,
    Sən məni tərk edib, gedəndən bəri.

    Xəstə ürəyimi, hicran yaxıbdır,
    Əğyar tənələri,məni yıxıbdır.
    Günəşim, Ayım da, qərbdən çıxıbdır,
    Sən məni tərk edib, gedəndən bəri.

    Nə qədər vaxt keçib, neçə zamandır,
    Həsrətin ölümdən , daha yamandır.
    Bu günlər ömrümdə ən ağır andır,
    Sən məni tərk edib, gedəndən bəri.

    Küsmüşəm bəxtimimdən, Yazi-Yazandan,
    Bivəfa dünyadan, zalım zamandan.
    Bir əsər qalmayıb yazıq Dövrandan,
    Sən məni tərk edib, gedəndən bəri…

  • Abdulla MƏMMƏD.”Həsrət qoxulayır sevgi çələngim”

    abdullamuellim

    Başımın altına qoyulan balış,
    Başımın üstünü alan dumansan.
    Sözü göz yaşında uyudan naxış,
    Bir əlçim buluda dönən gümansan.

    Düşüb şübhələrin bəd ayağına,
    Sözümün nurunu alıb getmisən.
    Sənsiz kölgə çəkir həsrət ağlıma,
    Məni öz gününə salıb getmisən.

    Dərdimdən çıxara bilmirəm səni,
    Gözümdə gizlənib qalmısan, gülüm.
    Özündən çıxmısan- bölərək məni,
    Bilərək gözümdən salmısan, gülüm.

    Dəyir günlərimə dərdin nəfəsi,
    O gülər ağ üzün gözümə dəymir.
    Bu kal sevincimin dərdmiş qəfəsi,
    Həsrətin əlindən bəhərim dəymir.

    Qarışır gözümdə dünyanın rəngi,
    Ömrümün baharı payıza çalır.
    Həsrət qohulayır sevgi çələngim,
    Sənsiz ürəyimi tənhalıq çalır.

    Ömrümə qayıtsan gülər gözlərim,
    Təzədən taparam özümü səndə.
    Yenə qanad açar pərvaz sözlərim,
    Bir daha çəkmərəm gözümü səndən…

    Azərbaycan. Quba.
    25.10.2001

  • Abdulla MƏMMƏD.”Sənin gözlərinə baxa bilmərəm”

    abdullamuellim

    Sənin gözlərinə baxa bilmərəm,
    Sənin gözlərindən günahım axır.
    Mən bu cazibədən çıxa bilmərəm,
    Ürək sındırmışam-bir ürək axı…

    Sənli xatirələr üzülər qəmdə,
    Yanına gəlməyə üzüm də olmaz.
    Görəndə sarsilib üzülərəm də,
    Bir kəlmə kəsməyə sözüm də olmaz.

    Bağışla demərəm, sarsılsam belə,
    Sən ki büdrəmisən, yıxılan mənəm.
    Bilirəm-qəlbində yerim var hələ,
    Çox da ki dilində yox olan mənəm.

    Günahım böyükdür, buna sözüm yox,
    Bu səhvi çiynimdə daşıyıram da.
    Daha bu kədərə məndə dözüm yox,
    Görən elə bilir- “yaşıyır”am da…

    Mənə də dəyərmiş qüssə silləsi,
    Bu dərd deyiləsi, yazası deyil.
    Nə mən bu qədəri qəlbdən siləsi,
    Nə TANRIM alnımdan pozası deyil…

    Göz yumub könlümdən keçənə, gözəl,
    Gözünə dəymərəm-üzüm qaradır.
    Mən necə keçirim gecəni gözəl?!
    Sənli günlərimin üzü qaradir.

    Sənin gözlərinə baxa bilmərəm,
    Sənin gözlərindən günahım axır.
    Mən bu məngənədən çıxa bilmərəm,
    Ürək sındırmışam- bir ürək axı…

    Azerbaycan.Quba

  • Müzəffər MƏZAHİM.”Gələn Baharadək”

    mm

    İndi bu sahillər səssiz, kimsəsiz,
    Qırçın ləpələr də fərəhsiz, qəmgin.
    Burda xatirədir hər ləpir. hər iz,
    O qayğısız günlər düşüb didərgin.

    Payızın hökmünə uyub təbiət,
    İlıq nəfəsi də qəribsəyibdir.
    Ayrılıq dəmini duyub təbiət,
    Qağayı səsi də qəribsəyibdir.

    Baxıb arxasınca köçən quşların,
    Sükuta qərq olub boz sərçələr də.
    Yollarda iz silən ağ yağışların.
    Qərib səsi gəlir tar gecələrdı.

    İndi xəyalımla qalıb baş-başa,
    Bu sükut gölünə daş atıram mən.
    Gələn baharadək xatirələrdə,
    Sənli günlərimi yaşadıram mən.

  • Müzəffər MƏZAHİM.”Suçum çox”

    mm

    Dupduru, saf suyun da,
    Dibində çirkabı var.
    Ömrün də, ölümün də,
    Hesabı, əzabı var.

    Bu ömür yağışından,
    Taleyimə kir damır.
    Ürəyimə damır ki,
    Ürəyimdən sirr damır.

    Suçum çox, bənzəriyəm,
    İnsanlığa qıyanın.
    Qoruya bilməmişəm,
    Salığını dünyanın.

    Bu dünyada qəribəm,
    Hər şey mənə yad gəlir.
    Köçdən qalan ocağam,
    Hələ tüstüm yüksəlir.

  • KÜMBET DERGİSİ 42. SAYISI: SÖZ KONUSU VATANSA GERİSİ TEFERRUATTIR

    KÜMBET dergisi 42. sayısı okuyucuları ile buluşuyor. 2016 yılının son sayısı olarak gündeme gelen dergimizin bu sayısında neler olduğunu editörden şöyle okuyoruz:
    Yeni bir sayı, yeni dosyalar, araştırma yazıları ve şiir bahçesinde açan rengârenk çiçekler. 2016 yılının son sayısıyla daha iyiye, daha güzele duygularının verdiği azimle karşınızdayız. Bu süreç içinde 15 Temmuz 2016 Cuma gecesi ülkemiz büyük sıkıntılar yaşadı. Türkiye Cumhuriyeti’nin varlığını sarsmayı hedefleyen bu tür girişimler yüce milletimizin milli iradeye sahip çıkması neticesi sonuçsuz kaldı. İki yüz elliye yakın vatandaşımızı bu beklenmedik kalkışmada maalesef kaybettik. Ruhları şâd olsun.
    Bu sayımızda, Cumhuriyetimizin 93. yılına armağan olarak Cumhuriyetimizin kurucusu Gazi Mustafa Kemal ATATÜRK’le ilgili pek bilinmeyen gün yüzüne yeni çıkarılan araştırmalarımız da yer aldı. Atatürk ve Cumhuriyet dosyasını Prof. Dr. Abdullah İlgazi, Dr. Mehtap Kaya, Remzi Zengin, M. Ali Cinlioğlu, Bircan Kiper, Şerare Yağcıoğlu Kıvrak, Dilek Yeğnidemir Ekici, Hasan Akar bir ekip anlayışı içerisinde titizlikle hazırlamaya çalıştılar.
    Diğer araştırma ve makaleleri de taze mürekkepleriyle Prof. Dr. Ertuğrul Yaman, Yard. Doç. Dr. Mehmet Yardımcı, M. Halistin Kukul, Nihat Aymak, Yaşar Akça, Ülkü Taşlıova, Bekir Aksoy, Yusuf Uçar, Muhsin Demirci, M. Necati Güneş, Kutluhan Saygılı, Süleyman Erkan, Yeşim İnalkaç, Feray Deniz, Nermin Akkan, Hatice Ekici sizlerin istifadesine sundular.
    Şiir bahçesine duygularını döken birbirinden değerli şair kalemlere gelince: M. Akif Ersoy, Arif Nihat Asya, Fazıl Hüsnü Dağlarca, Ahmed Cevad, Ayhan Nasuhbeyoğlu, Talat Ülker, Mahir Gürbüz, Refik Oday, Abdulla Memed, Nihat Malkoç, Mustafa Berçin, Gönül Ordubadi, Safiye Samyeli, Harika Ufuk, Bekir Yeğnidemir, Sündüs Arslan Akça, Rasim Yılmaz, Gülay Coşkunsoy, Ahmet Divriklioğlu, Burhan Kurddan, Orhan Tamtürk, Zeynep Özügenç, Musa Ay, Nevzat Gündoğdu sizleri değişik dünyalara götürebilmenin heyecan ve hazzını yaşadılar.
    Bu yıl Niksar Belediyesi ve Tokat Şairler ve Yazarlar Derneği işbirliğiyle yapılan “Cahit KÜLEBİ 7. Memleketime Bakış Şiir Yarışması” sonuçları 30 Ağustos 2016 tarihinde ilan edildi. Buna göre Ertuğrul Beldağlı “Türkiyem” şiiriyle birinciliğe, Celalettin Kurt “Beylikten Öz Ülkeye Giden Yol” şiiriyle ikinciliğe, Deniz Garipcan “Memleket “ şiiriyle üçüncülüğe layık görüldüler. Ödül töreni Ekim ayı içerisinde Niksar’da gerçekleştirilecek.
    Sizlerin büyük destekleriyle kültür ve sanat dünyasında saygınlığını koruyan Kümbet Dergisinin 43.sayısında buluşmak dileğiyle sözlerimizi Cahit Külebi Memleketime Bakış şiir yarışmasında birinci olan şiirin son kıtası ile bitiriyorum:

    Aşkın sırlı vaktinde sen şâyânsın Türkiye’m
    Kalbimle gördüm seni, bak âyânsın Türkiye’m
    Doruklara sevdalı bir dumansın Türkiye’m
    Ay ve yıldızla süslü asumansın Türkiye’m
    Aşktan çatlayan dudak seni ansın Türkiye’m
    Senin kıvılcımında ruhum yansın Türkiye’m
    Umudun gediğine taş koyansın Türkiye’m
    Sana meftun tablolar gül boyansın Türkiye’m
    Mazlumların ahını hep duyansın Türkiye’m
    Sen hakikat yolunda bir beyansın Türkiye’m
    Hem gün gibi aşikâr hem nihansın Türkiye’m
    Bir memleket, bir vatan, bir cihansın Türkiye’m

    Remzi ZENGİN,
    Tokat Şairler ve Yazarlar Derneği Başkanı

  • Könül ORDUBADİ.”NƏ SƏN UNUDA BİLMİSƏN… “

    Bir ömrün yolunda qəfil görüşdük,
    Tale yollarımız ayrı olsa da…
    Üz-üzə dayandıq, göz-gözə gəldik.
    Xatırə yükündən gözlər dolsa da.

    O dalgın gözlərdə özümü gördüm
    Sankı həyatımı sən vərəqlədın.
    “Sevirəm” dediyin sözünü duydum,
    Üzümə sən baxıb, sən gülümsədin.

    İllər yaman ötüb, çox qocalmısan,
    Bu sevgim ölməyib qocalmayıbdır.
    Məgər bilmirsən mi sən sevdiyimi,
    Gözlərim axtarıb, yorulmayıbdır.

    Bilirdim şəhərdə yaşadığını,
    Hər dəfə yollarda mən axtarmışam.
    Özümdən xəbərsiz, bu gün bu yolda,
    Bir yetim, bir nakam sevgi tapmışam.

    Yenə üz-üzəyik xatırələrlə,
    Gözümdən bir damla qəmlı yaş axdı.
    Boylandım səninlə ötən illərə,
    Sanki bir nəgməli könül dil açdı.

    Utanma, yaxın gəl, kefimi soruş,
    Yoxsa həqiqəti tanıyammadın?
    İllər acısını unut, gəl barış,
    İllərin üstündən adlayammadın?

    Üz -üzə dayandıq, göz-gözə durduq,
    Taleyə, qısmətə nələr yazılmış…
    Nə eşqi unutduq, nə yuva qurduq
    Niyə qısmətimiz ayrı yazılmış?!

  • Şair-jurnalist Rafiq Odayın şeiri “Kümbet” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində
    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti cənab Rafiq Odayın “Kimi” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 42 yeni sayında dərc olunub.
    Qeyd edək ki, “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanı, şair-publisist Rafiq Odaydır.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Şair Abdulla Məmmədin şeiri “Kümbet” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində
    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının Redaksiya heyətinin üzvü, istedadlı şair Abdulla Məmmədin “Canımda can,Azərbaycan,anam,can!” şeiri Azərbaycan türkcəsində
    Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 42 yeni sayında dərc olunub.
    Qeyd edək ki, “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi ağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktoru, “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanı, şair-publisist Rafiq Odaydır.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Nisə QƏDİROVA.Yeni şeirlər

    11153468_731421923638953_1561011028_o

    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

    Bir gün

    Bir gün unudular sənin də adın,
    Başına- gözünə döyərsən sən də.
    Bağrını yandıran alovun, odun
    Tüstüsü gözünə dolar güləndə.

    Bir gün əməllərin çıxar qarşına,
    Başını yamanca qatar bu dünya.
    Üstündə əsdiyin hər nəyin varsa,
    Əlüstü özgəyə satar bu dünya.

    Bir gün gözlərindən yaş gilə-gilə,
    Süzülər gizlicə yanaqlarına.
    Qonar yuvasına dönən quş kimi,
    ‘Bağışla” kəlməsi dodaqlarına.

    VARSA

    Qarışma dünyanın işinə qardaş,
    Sözünü qızıla sat, alan varsa.
    Elə vətən -vətən deyib sızlama,
    Qürbət gülüstandı pul, filan, varsa.

    Yandırma papağı günə, heyfdi,
    Dünya beşgünlükdü, həm də ki, kefdi.
    Yaradan etibarlı dəmir seyfdi,
    Söykə kürəyini arxalan,varsa.

    Düşməni arama uzaqda, gendə,
    Dostu çox sınadım mən çətin gündə.
    Halal ocağında kəsilir kündə,
    Çörəyin dizində get dolan, varsa.

    Gecəni şəhərə qurban deyiblər,
    Dəmiri isidib sonra əyiblər,
    Haqdan danışanı haqlı döyüblər,
    Sus papaq altında, yat,balan varsa.

    Sözünü sözlərə qatıb danışma,
    Tüstülən, tüstülən, amma alışma.
    Torpağı satıblar,dinmə, qarışma,
    Sən də öz payını sat, qalan varsa.

  • Polad SABİRLİ.Yeni şeirlər

    Polad Sabirli

    Əbədi yaşayacaq,
    Sevənlər,sevilənlər.
    Nə xoşbəxtdir həyatda,
    Eşqinə güvənənlər.

    Məhəbbətin qüdrəti,
    Müqəddəsdir, uludur.
    Mükəmməl bir ailə,
    Sevginin məhsuludur.

    Sevginin əzabından,
    Qətiyyən usanmadım.
    Ülvi duyğudur bu hiss ,
    Bu duyğunu danmadım.

    Çıxmaq istəmirəm heç,
    Sevginin təsirindən.
    Əksik etmə nazını,
    Məhəbbət əsirindən.

    Necə ki,yer fırlanır,
    Günəşin dövrəsində,
    Məndə qalmışam elə,
    Eşqin cazibəsində.

    Gül kimi safsan təmiz,
    Gül sənə çox oxşayır.
    Ətrini səndən alıb,
    Ruhum səndə yaşayır

    Ay Polad qazanmısan,
    Sevginin savabından
    Şükür ki,çox razısan,
    Bu eşqin əzabından..

    Kəndim

    Sığışmaz cahana şanı-şöhrəti,
    Qucaq-qucaq varlı cəıallı kəndim.
    Haramla barışmaz, budur adəti,
    Saxlayar özündə halalı kəndim.

    Dərin zəkası var,geniş ürəyi,
    Möhkəmdir dostluğu, arxa, dirəyi,
    Tükənməz süfrədən duzu, çörəyi,
    Hər zaman qonaqlı-qarlı kəndim.

    Səfalı dağlardan gələr güc, qüvvət,
    Təmənna gözləməz edər mərhəmət,
    Günəşin odundan deyil hərarət,
    Özündən götürər şəfalı kəndim.

    Saxlayar qonağa öz hörmətini,
    Əsirgəməz heç vaxt səxavətini,
    Yaşadar qəlbində məhəbbətini,
    Sadiqdir eşqinə vəfalı kəndim.

    Ümidlə boylanar hər gün sabaha,
    Ziyarət aparar ziyarətgaha,
    Zikr oxuyar, səcdə qılar Allaha,
    Təmiz adlı, böyük amallı kəndim.

    Ay Polad, eldən al öz ilhamını,
    Buraxma şansını, xoş məqamını,
    Nə qədər cavansan götür kamını,
    Min yaşasın, dərya kamallı kəndim.

  • Kənan AYDINOĞLU.Şeirlər

    Photo Kenan

    BİR QARIŞ TORPAQ OLA

    Yəhərli atın üstə üzəngini basanda,
    “Allahu əkbər” sözlü əlimdə bayraq ola.
    Qoynunda övlad kimi kiçik şair oğlunu,
    Dərdi-sərdən qoruyan bir qarış torpaq ola.

    Bir damlaya çevrilib axıb çaya qarışan,
    Taleyin qismətiylə yenə-yenə barışan.
    Sevənlərin qəlbində təməl kimi alışan,
    Dünən, bu gün sabah da sönməyən ocaq ola.

    Leylinin həsrətindən qaçıb gözün qarası,
    Qələbə xəbərlərin kəsilməzdi arası.
    Çənlibeldən bu yana şerimin hər misrası,
    Misri qılınc igid tək dinməyən dodaq ola.

    Sübh çağı seyr edəndə üzə gülən səhəri,
    Dağıdandan gözlərdən qəm-qüssəni, kədəri.
    Gözəlləri görəndə şairlərin qəlbləri,
    Yenə coşub-daşmaqdan susmayan bayraq ola.

    Fəryad qopanda eldə titrəsin yurdun daşı,
    Bir döyünən iki qəlb yenə dursun yanaşı.
    Gözəllərin gözündən axan o ağ göz yaşı,
    Süzülüb bu torpağa xəfif bir yarpaq ola.

    İgildəri, ərləri qoynuna alan dünya,
    Süleymandan bizlərə yadigar qalan dünya.
    Yaranandan bu yana eh, fani olan dünya,
    Neçə kəlmədən ötrü küsməyən yanaq ola.

    BU DÜNYA

    Ağlasan inan ki, ömür uzunu,
    Axan göz yaşını silməz bu dünya.
    Bəşərə bir qiymət verməyibdisə,
    Sənin də qədrini bilməz bu dünya.

    Uğrunda canınnı qoydunsa-hədər,
    Dağılmaz gözündən ayrılıq, kədər.
    İnsafda olmaz heç göz yaşı qədər,
    Can deyib, can deyib ölməz bu dünya.

    Oxu, gəl, şerimin yeni sətrini,
    Yağışda üstünə tutmaz çətrini.
    Sevdinsə Allahı, sevməz xətrini,
    İnsafa, mürvətə gəlməz bu dünya.

    Doğmalar dərdinə yansa da belə,
    Bir kəlmə önündə donsa da belə,
    Təbəssüm dodağa qonsa da belə,
    Üzünə, üzünə gülməz bu dünya.

  • Mais TƏMKİN.Yeni şeirlər

    mt

    Hikməti sözündə axtar(kitab)

    Təcnis

    Yığılın başıma, yığılın, dostlar ,
    Sizə söhbət açım bir şux gözəldən.
    Vəsfini çəkməyə qələm acizdi.
    Əl gözdən gözəldi, həm də, göz əldən.

    Onsuz qaranlıqdır mənə hər yarın,
    Yanlışsa sözlərim, sinəmi yarın.
    Həsrətini çəkmək ilə o yarın,
    Düşübdü saçıma necə gözəl dən.

    Həm yaşıl yaraşır, həm də, ağ- yara,
    Qaranlıq zülməti gərək ağ yara.
    İşdi, birdən qismət olar əğyara,
    Mais, qoyma gedə gözəl göz, əldən.

    13.12.2008

    Gözəl

    Çox özünü qoydun naza,
    Könül döndü sınıq saza.
    Sən ,,qovuşub” güllü yaza,
    Mən hələ qışdayam, gözəl.

    Necə baxım mən- üzünə?
    Düşüb duman, çən, üzünə.
    Həsrətəm çəmən üzünə,
    Dağdayam, daşdayam, gözəl!

    Sevinc həlimdir, dərd kürən,
    Aşıb-daşan dərdə Kürəm.
    Dərd becərib, dərd əkirəm,
    Səpində, xışdayam, gözəl.

    Özüm özümdə itmişəm,
    Sanki tükənib bitmişəm.
    Mən sevən yaşı ötmüşəm,
    Sən sevən yaşdayam, gözəl.

    Hər bir əhdi, sözü yalan,
    Kimdi -ayrı- bizi salan?
    Hər busəmin izi qalan,
    O gözdə-qaşdayam, gözəl.

    Nələr çəkdim, bu seçimdə?
    Sənsizəm ömrün köçündə.
    Səni sevənlər içində,
    Yuxarı başdayam, gözəl.
    Qovuşursan güllü yaza
    Mən hələ qışdayam, gözəl!!!

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    KÖÇKÜN

    Gözünə görünməz itirdikləri,
    Çəkər gecə-gündüz quru yurd onu.
    Gəzər düşüncəli, qovar kədəri,
    Pərişan üzünün açılmaz donu.

    Gözləri yol çəkər, ürəyi nisgil,
    Axıdar içinə dərdi-sərini.
    Dayanar hamıdan kənarda, “küskün”,
    Tapammaz “qürbətdə” işin çəmini.

    Məzəmmətli sanar, qınaqlı sanar,
    Üzünə dikilən baxışları o.
    Bircə sərt kəlmədən ürəyi sınar,
    Boğar içindəki “yağışları” o.

    Duyulmaz səsində giley, şikayət,
    Yersiz danışmağı günah, ar bilər.
    Didərgin salsa da onu xəyanət,
    Yenə öz bəxtini günahkar bilər.

    Gündə neçə kərə, neçə inamla,
    Səfər boxçasını yır-yığış eylər.
    Çıxar həsbi-hala bəxtlə, zamanla,
    Baisə — düşmənə hey qarğış eylər.

    Ümidlə gözləyər hər gələn günü,
    Qulağı şad xəbər sorağındadır.
    Dinləyər diqqətlə hər sözü-ünü,
    Yurda yeni səfər sorağındadır.

    VARDIR

    Dünyanı yaradan, nizam saxlayan,
    Yaxşını, yamanı seçəni vardır.
    Ölüm kövşənində şələ bağlayan,
    Ömür zəmisini biçəni vardır.

    Sevincə dərd hörür öz hanasında,
    Ümid parıldayır zər tanasında.
    Həyat mənzilinin astanasında,
    Qapısı vardırsa keçəni vardır.

    Sevinc təsəllidir, qəm yaşanandır,
    Ürəyi incidən kəm yaşanandır,
    Həyat həm ümiddir, həm yaşanandır,
    Dərdi sevinc bilib içəni vardır.

    Müzəffər, uzaq dur bal pətəyindən,
    Arif ol, məhşəri duy tütəyindən,
    Tanrı bələdçindir, tut ətəyindən,
    Ömrün həm zülməti, həm çəni vardır.

  • Mirvarid DİLBAZİ.”Bölümdə qaldıqca vətən torpağı”

    Yasəmən gül açıb, bəzəyib bağı,
    Qönçəyə dolubdur gülün budağı,
    Bölümdə qaldıqca vətən torpağı
    Mən bu gözəlliyi duya bilmirəm,
    Bahar sevincinə uya bilmirəm.

    Sarmaşıb çəməndə yenə gül-gülə,
    Nəğməli quşlar da gəliblər dilə,
    Mən elə qəmliyəm, qəmliyəm elə,
    Bu gözəllikləri duya bilmirəm,
    Bahar sevincinə uya bilmirəm.

    Şuşam, Qarabağım, dağlar maralı!
    Siz də yaralısız, mən də yaralı,
    Elim düşən gündən sizdən aralı,
    Bu gözəllikləri duya bilmirəm,
    Bahar sevincinə uya bilmirəm.

    Sinəmdə dağı var Əskiparanın,
    Ağrısı azalmırheç bu yaranın,
    Düşmənlərə qalan dağım, aranım,
    Sizsiz gözəlliyi duya bilmirəm,
    Bahar sevincinə uya bilmirəm.

    Gün doğub, ürəyim işıqlanmayır,
    Könlümdə çıraq yox, şam da yanmayır,
    Çoxdandır saçlarım xınalanmayır,
    Ürəyim şəhidlər qəbristanıdır,
    Gözlərimdən axan göz yaşı deyil,
    Şəhid qanıdır.

  • Hüseyn ARİF.”Meşəbəyi”

    Kef üstündə kefimizi
    Gəldi, sordu meşəbəyi.
    -Buyur!- dedik, atdan enib,
    Bardaş qurdu meşəbəyi.

    Qamçısını atdı sola,
    Çantasını çəkdi dala.
    Şirin-şirin, bala-bala
    Bizlə vurdu meşəbəyi.

    İsti kabab , təzə fətir.
    Doymaq olmur,yenə gətir.
    Bığlarını arada bir
    Eşib burdu meşəbəyi.

    Altmışını verib yelə,
    Düşməyibdir ruhdan hələ.
    Qarşıdakı bir gözələ
    Göz də vurdu meşəbəyi.

    Yatdı biri -keflənərək,
    Birini də yıxdı külək.
    Hüseynlə axıradək
    Möhkəm durdu meşəbəyi.

  • Osman SARIVƏLLİ.“Əlifba dərsi”

    Yolum kəndimizə düşdü bir səhər,
    O gün də məktəbi görməyə getdim.
    Açıb darvazanı çox ehtiramla
    O böyük binanı ziyarət etdim.

    Uşaqlıq çağımı saldım yadıma
    Şeir dəftərimə xatirə yazdım.
    Məcid müəllimin öz şagirditək
    Əyləşib dərsinə qulaq da asdım.

    Onu da deyim ki, Məcid müəllim
    İrəli qaçmağı heç xoşlamazdı…
    Əvvəl köhnə dərsi təkrar etdi o,
    Sonra da lövhədə bir kəlmə yazdı.
    Uşaqlar nə yazdım?
    Yaxşı kim deyər?

    Oynadı havada balaca əllər:
    Müəllim mən deyim…
    deyim…deyim…lər
    Görən yormadımı o müəllimi?
    Yox, yox, hər səmimi sözü körpənin
    Yayılır ürəyə sarı yağ kimi…

    Uşaqlıq dövrünün öz aləmi var,
    Sadə görünsə də o, çox dərindir…
    Bizə əziz olan “müəllim” sözü
    Uşağın dilində daha şirindir.

    Dedi, bir də dedi “baba” sözünü,
    O xeyli dayandı “ata” sözündə…
    Balalar duydumu? Deyə bilmirəm,
    Mən qəhər duymadım onun üzündə…

    Bir kəlmə yüz dəfə yazıldı bəlkə,
    Səbrinə mat qaldım, o müəllimin!
    Sadəcə əlifba öyrətmək deyil,
    O, möhkəm özlünü qoyurdu elmin.

    “Bünövrə daşları” düşdü yadıma,
    Bu gün durmayırsa qocanın özü
    Onun məqbərəsi qoy nurla dolsun!
    Dedim: bundan belə şeir yazanda
    Birinci misramın birinci sözü
    Əlifba öyrədən müəllim olsun!

  • Nüsrət KƏSƏMƏNLİ.”Qəhrəman şəhər”

    Dörd il açılmayıb burda könüllər,
    Dörd il Bakıda da yaz olmayıbdır.
    Qəhrəman şəhərlər çəkdiklərindən
    Bakının çəkdiyi az olmayıbdır.

    Oynamaq olmazdı çiçəklə, güllə,
    Onu ana Vətən haraylayırdı.
    Cəbhədə birinə atılan güllə
    Arxada bir nəsli yaralayırdı.

    Bakı qılınc kimi qalmadı qında,
    Sıyrıldı kədərin, min qəmin üstə,
    Tankın, təyyarənin motorlarında
    Bakı yeriyirdi düşmənı üstə.

    Axırdı cəbhəyə qara seliylə,
    Dilə də gətirməz əzabını o,
    Atılan topların alov əliylə
    Cəbhəyə yazmışdı öz adını o.

    Bakı neçə-neçə cəbhə yarırdı;
    Yolu irəliydi,
    yalnız irəü.
    Bir əli torpaqdan neft çıxarırdı,
    Bir əli cəbhədə yanırdı, bəli!

    Yuxuda ən ağır top, tanklarıyla
    Düşmən yer üzündən pozmuşdu onu.
    Fürer qan qoxuyan dırnaqlarıyla
    Hələ xəritədə cızmışdı onu.

    Dönün o illərə, bir salın nəzər,
    Barı o günləri düşünün, annın,
    Bir neft dənizinə dönmüşdü Xəzər
    Hələ də neftlidir suları onun.

    Şöhrət istəməyir bu qəlbi dəniz
    Onda ünvanı var hər gələn yazın.
    Qəhrəman şəhərlər cərgəsinə siz Yazın!
    Bakının da adını yazın!

  • Nəriman HƏSƏNZADƏ.”Ürəyim ananı istəyir, qızım”

    Ürəyim ananı istəyir, qızım,
    sən yaşa dünyada qəmsiz, kədərsiz.
    Bir səs qulağıma döz deyir, qızım,
    Mən dözdüm,
    yaş ötdü məndən xəbərsiz.

    Qaşlarım qaradı, saçlarım ağdı,
    təbiət şəklimi çəkir yenidən.
    Hamı bu dünyada qocalacaqdı
    amma tək qocalmaq dərd verir hərdən.

    “Dağlar” deyə-deyə mən dağ şamışam,
    Hanı tale dostum,
    ürəkdən gülən?!
    Dünyada yaşayıb dünyalaşmışam,
    dünyayla düz gəlmir daha mən deyən.

    Daddım acısını şirin həyatın,
    Hələ bu acıdan doyan olmayıb.
    Qızım, qardaşınla sən olmasayadın,-
    deyərdim, dünyada ana olmayıb.

    Mən işdən çıxanda eybi yox,-dedim,-
    dəyirman dünyadı, çarxa düşmüşəm.
    Özümünkü bilib fəxr elədiyim,
    arxadan vuranda arxa düşmüşm.

    Mən qisas almadım yaşadı düşmən,
    ilhamda, sənətdə axırdaydılar.
    Qisası aldım mən yalnız özümdən,-
    böyüklər də gördüm, çox xırdaydılar,
    ilhamda, sənətdə axırdaydılar.

    Daha yaş artdıqca, səbrim azalır,
    yaş yaşdı…
    neyləsən yaş əyir, qızım.
    Qadınsız-ata da anasız qalır,
    ürəyim ananı istəyir, qızım,

  • Məhəmməd Hüseyn Şəhriyar.”Azərbaycan”

    images

    Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan
    Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan

    Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram
    Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan

    Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə
    Abad olub, azad olub, mülkü-İran, Azərbaycan

    Bisütuni-İnqilabda Şirin-Vətən üçin Fərhad
    Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan

    Vətən eşqi məktəbində can verməyi öyrənmişik
    Ustadımız demiş heçdir vətənsiz can, Azərbaycan

    Qurtarmaqçün zalımların əlindən Rəy şümşadını
    Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan

    Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin
    Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan

    İgidlərin İran üçün şəhid olmuş, əvəzində
    Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan

    Evladların nə vaxtadək tərki-vətən olacaqdır
    Əl-ələ ver, üsyan eylə, oyan oyan Azərbaycan

    Yetər fəraq odlarından kül ələndi başımıza
    Dur ayağa, Ya azad ol, ya tamam yan, Azərbaycan

    Şəhriyarın ürəyi də səninki tək yaralıdır
    Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan

  • Bulud Qаrаçоrlu Səhənd.”Şərqin axşamı”

    Axşamın süpürgǝsi
    Ağacların kölgǝsin
    Yollardan süpürürdü.

    Mǝğribin lül gözlǝri,
    Əzǝl dǝniz rǝngli idi.
    Vǝrǝmlǝmiş mǝşriqin
    Qanlı tüpürcǝyinden,
    Dǝnizin rǝngi döndü.

    Şǝrqǝ doğru yürüyǝn,
    Gǝminin yǝlkǝninǝ
    Bir kǝllǝ rǝsimlenmiş,
    Mǝqqarǝ gözlǝrinin
    Hǝr biri min adamcıl
    Əjdǝhanin yuvası.

    Günǝş
    Bu gǝzǝyǝnti,
    Bu min üzlü sǝlitǝ
    Sallanır, cumur gedir.
    Uzaq dağlar dalına
    Qaş elǝyir,
    Göz vurur
    Yeni oynaşına.

    Mǝğribin sǝhǝri idi,
    Şǝrqin axşamı idi.

  • Süleyman RÜSTƏM.”Təbrizim”

    116

    Baxdıqca hüsnünə doymayır gözüm,
    Təbrizim, Təbrizim, gözəl Təbrizim!

    Qoymaram yadları girsin qoynuna,
    İzin ver qolumu salım boynuna!
    Sənin bayramına, sənin toyuna
    Dili bir, qanı bir qardaşın gəlib,
    Dərdinə aşina sirdaşın gəlib.

    Sən çıxdın qarşıma duzla, çörəklə,
    Bağından dərdiyin güllə, çiçəklə,
    İkiyə bölünməz saf bir ürəklə,
    Təbrizim, Təbrizim, aman Təbrizim,
    Yox olsun başından duman, Təbrizim!

    Qədrini ayrılıq çəkənlər bilər,
    Hicranda göz yaşı tökənlər bilər,
    Ömrünə qaranlıq çökənlər bilər,
    Bağından gül-çiçək dərdim, Təbrizim,
    Yenə təzələndi dərdim, Təbrizim!

    Nə qəşəngdir yol boyunca söyüdlər,
    Söyüdlərin kölgəsində igidlər
    Babalardan dinləyirlər öyüdlər,
    Coşur damarlarda qanı, Təbrizim,
    Yoxdur bu mərdlərin sanı, Təbrizim!

    Ağlasan ağlaram, gülsən gülərəm,
    Yaşasan yaşaram, ölsən ölərəm,
    Varımı səninlə yarı bölərəm,
    Gəl bir də üzündən öpüm, Təbrizim!
    Başına gül-çiçək səpim, Təbrizim!

    Nədir o, mənalı, dərin baxışlar?
    Nədir gözlərindən yağan yağışlar?
    Nədir qəlbindəki payızlar, qışlar?
    Yetimtək boynunu burma, Təbrizim!
    Məlul-məlul baxıb durma, Təbrizim!

    Sənin çiçəyinə, gülünə qurban!
    Mənə qardaş deyən dilinə qurban!
    Vətəninə qurban, elinə qurban!
    Baxdıqca hüsnünə doymayır gözüm,
    Təbrizim, Təbrizim, gözəl Təbrizim!

  • Söhrab TAHİR.”Xalq”

    Hamı xalq adından danışsın, ancaq
    Xalqın inamına inamı varsa.
    Dünyada ən güclü adam olacaq,
    Kim onu özünə inandırarsa.

    Xalq səngər kimidir, çətin işində
    Hamı boğazacan onda gizlənir.
    Adam var əlinə bir iş düşəndə
    Xalqa minnət vurur, xalqa hirslənir.

    Xalq ümid deməkdir, gələcək demək,
    Ümidsiz nə varsa ondan uzaqdır.
    Dünyada hər bir şey ölüb gedəcək,
    Heç zaman ölməyən, dünyada xalqdır.