Qafqaz Əvəzoğlu

Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri,
”Sözün Sehri” qəzetinin təsisçisi,
”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı

Bu Vətən naminə varsa ölən kim,
Həmişə bizimlə yaşayacaqdır!
Ən uca zirvədə qərar tutub o,
Şəhidlik adını daşıyacaqdır!

Bu adın önündə baş əyirəm mən,
Durub üz tutduğum qibləgahımdır.
Dünən özlərini şəhid edənlər,
Üzümə açılan xoş sabahımdır!

Bu vətən naminə, bu xalq naminə,
Ölümün üstünə düz gedən şəhid;
Açılan gülləyə, atılan topa,
Gərib sinəsini tuş edən şəhid:

– Sənin axıtdığın hər qətrə qanın,
Bu gün Vətən boyu açan çiçəkdir.
Bu Vətən naminə çəkdiyin nərə,
Bil ki, tarix boyu səslənəcəkdir!

Sinən sipər oldu neçə gülləyə,
Haqqa çıraq oldun dönməzliyinlə.
Ey şəhid qardaşım, sən bu millətə,
Ölməzlik gətirdin ölməzliyinlə!

Sən kimsən – ən uca möhtəşəm zirvə!
Mən isə kimsəyə gərək olmadım.
Özümü bir xoşbəxt sanardım, vallah,
Qoşa çəkilsəydi səninlə adım!..

Bu Vətən naminə varsa ölən kim,
Həmişə bizimlə yaşayacaqdır!
Ən uca zirvədə qərar tutub o,
Şəhidlik adını daşıyacaqdır!