Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Yeganə yol” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm”, “İti qələm”, “Vicdanlı qələm”,
Nizami Gəncəvi adına “Bəşəri sərvət” media mükafatları laureatı

Dəli sevdam bülbül kimi hey ötür,
Getmə, gedirsənsə, məni də götür.
İstər al canımı, ömrümü bitir,
Getmə, gedirsənsə, məni də götür.

Getsən bağçamızda güllər solacaq,
Könüllər kövrəlib, gözlər dolacaq,
Sevgimiz kimsəsiz, yetim qalacaq,
Getmə, gedirsənsə, məni də götür.

Güzgüyə bax, əksində məni görərsən,
Şam kimi əriyib muma dönərsən,
Sən yaxşı bilirsən mənsiz ölərsən,
Getmə, gedirsənsə, məni də götür.

Neçə qayaları, dağları çapdıq,
Sevgi gəmisini dəryada tapdıq,
Çəkib lövbərini sahilə atdıq,
Getmə, gedirsənsə, məni də götür.

Bəlkə də dəymişəm sənin xətrinə,
Xələl gətirmişəm sözün sətrinə,
Qoyma həsrət qalım, dilbər, ətrinə,
Getmə, gedirsənsə, məni də götür.

Qəlbə götürməyək hər kiçik sözü,
Birdə gördün döndü taleyin üzü,
Ürəyim döyünür, qorxuram düzü,
Getmə,gedirsənsə,məni də götür.