Author: Delphi7

  • Rafiq ODAY

    Həyatda ünsiyyətdə olduğum insanlar çoxdu. Onların arasında dost dediklərim və mənə dost deyənlər də yetərincədi. Aralarında etibarlıları, sadiqləri də yox deyil. Can qurban belələrinə.
    Aylarla, illərlə qulluqlarında durduğum, işlərini aşırdığım, problemlərini həll etdiyim dostlar da var. Amma təəssüflər olsun ki, bütün dönəmlərdə zərbəni məhz bu davamlı olaraq hörmət etdiyim, qulluqlarında durduğum insanlardan almışam. Süfrəmin arxasından durub, hələ yediyi həzm olunmamış qeybətimi qıranları da görmüşəm, üzdə tərifimi göyə qaldırıb arxada – tini dönməmiş ağız büzənləri də. 10 fürsətdən – 9 dəfə dalbadal yaxşılıq edib, onuncunu məndən asılı olmayan səbəblərdən edə bilmədiyim dostların məni borclu çıxardığının da şahidi olmuşam. Halbuki bunlardan bir dəfə də olsun dəstək görməmişəm. Sanki dədələrinə borcum varmış və ancaq mən etməliyəm. Onlar da şellənməlidirlər və dar gündə başlarını kola soxub gizlənməlidirlər… Paxıllıq, xəbislik insanı bu qədərmi cılızlaşdırır?!
    Yuxarıda qeyd etdiklərim mənim bu dırnaqarası dostlarla bağlı müxtəlif dövrlərdə bir neçə şeir yazmağıma vəsilə olub. Onlardan ikisini sizlərə təqdim edirəm, əziz və dəyərli dostlar!

    MƏNƏ DOST DEYƏNLƏR, DOST DEDİKLƏRİM…

    Sizi bir-bir vurdum dişimə daha,
    Döyməyim qurtardı döşümə daha.
    Bəlkə çıxım gedim işimə daha,
    Mənə dost deyənlər, dost dediklərim.

    Bir əlim dərdimin başını qatıb,
    Bir əlim başınız üstündə kölgə.
    Siz deyin, hər şeyin daşını atıb,
    Yalquzaq ömrünə başlayım bəlkə,
    Mənə dost deyənlər, dost dediklərim.

    Sizdən zərrə qədər umacağım yox,
    Mən özgə dərdinə ağlayan gözəm.
    Günahmı anadan belə doğuldum,
    Günahmı ömrümü bağladım sözə, –
    Mənə dost deyənlər, dost dediklərim.

    Sandım qolum sizi, qanadım sizi,
    Əbəsmiş bu qədər qınadım sizi.
    Olub-olacaqlar boşdan yaranmır,
    Beləcə var edib inadım sizi, –
    Mənə dost deyənlər, dost dediklərim.

    Mənə dost deyənlər, dost dediklərim,
    Hərə öz başını öz ağacının
    Soxub oyuğuna gizlədir indi.
    Bürüyüb aləmi gor oğruları,
    Həmzətək gədələr Koroğluları
    Qapılar dalında gözlədir indi.

    Namərdə, əyriyə işıqlar yaşıl,
    Haqqın, ədalətin işi düyündə.
    Ağsaqqal sözünə dəxli yox yaşın,
    Dəyişib ölçüsü kişiliyin də,
    Mənə dost deyənlər, dost dediklərim.

    Bir ovun dalınca yüz güdən hazır,
    Bir qarın çörəyə yüz gödən hazır.
    Xəbislik, rəzillik gözdən oxunur,
    Buyurun, oxuyun güzgüdən hazır, –
    Mənə dost deyənlər, dost dediklərim.

    Qeybət boy göstərir yüz yerinizdən,
    Əyri oturmayın düz yerinizdə.
    Hərə öz yerini bilsə yaxşıdı.
    Yığışın oturun öz yerinizdə, –
    Mənə dost deyənlər, dost dediklərim.

    YAMAN TƏLƏSDİLƏR DOSTLAR

    Dönəndən qəm aşığına,
    Gözlərimin yaşı xına.
    Yön aldım gün işığına,
    Yolumu kəsdilər dostlar.

    Min cürə çəmlə etdilər,
    Birləşib, cəmlə etdilər,
    Sağımdan həmlə etdilər,
    Solumu kəsdilər dostlar.

    Atımdan yerə saldılar,
    Sonra dövrəyə aldılar,
    Dizimə balta çaldılar,
    Qolumu kəsdilər dostlar.

    Bir getmişdim, beş qayıtdım,
    Quzğunlara leş qayıtdım,
    Bu dəfə də boş qayıtdım,
    Dolumu kəsdilər dostlar.

    Sinəmdə dağ, basdırmağa,
    Çolaq-axsaq basdırmağa,
    Məni sağ-sağ basdırmağa,
    Yaman tələsdilər dostlar.

  • H.M.İsmayılovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    H.M.İsmayılovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə Hacı Məcid oğlu İsmayılov “Şöhrət” ordeni ilə təltif edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 21 yanvar 2019-cu il.

    Mənbə: http://www.president.az

  • İlham ƏLƏKBƏRLİ–“GƏNCƏ MƏNİM İRƏM BAĞIM…”

    Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) “Yaradıcılıq üfüqləri: Gənc yazarlar üçün toplantıların təşkili” adlı (– Azərbaycan Prezidenti yanında QHTlərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra edilən–)layihəsi çərçivəsində Gəncədən məruzə hazırlamaq sorumluluğunu üzərimizə götürmək bir az cəsarətimizi ürkəkləşdirdi… lakin “aşıq gördüyünü çağırar” misalındakı kimi, gördüyümüzü yazmağa cəhd etdik

    Hazırda ədəbi proses haqqında yazılan əksər yazılarda bu cümlə rastımıza çıxır: “Ədəbiyyat inkişaf edir”. Biz bu deyilişlə, heç də razı deyilik. Ədəbiyyat inkişaf etmir, çünki… Ədəbiyyat həmişə olduğu kimi təqdim olunub oxucuya, olduğu kimi sevilib, tənqid olunub. Bu, o deməkdir ki, ədəbiyyat bütün zamanlarda olduğu kimi qalıb…
    Fikrimizcə, “ədəbiyyat inkişaf edir” demək absurddur. Ədəbiyyat inkişaf etmir, yaradılır. Zövq, ruh, ovqat, ən əsası da duyğu bu yaradılış prosesinin xammalıdır. Proses irəlilədikcə xammala müşahidə qabiliyyəti, elmi biliklər və Tanrının bəxş etdiyi “görə bilmək”lə yanaşı fiziki terminlə izah olunan görmə bucağı da “əlavə olunur”. Və budur; hazır məhsul – ədəbi örnək oxucunun qarşısındadır. İndi qalır ki, oxucu bunu necə “həzm edəcək”… Bu isə, yazarın deyil də, oxuyanın incələcəyi mövzudur.
    Bizim bölgədə də ədəbiyyat olduğu kimi yaradılır.
    Ədəbi mühit Gəncədə uzun illər (Sovet dönəmindən başlayaraq) Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsində mərkəzləşib. Bölmə “Qızıl qələmlər” Ədəbi Cəmiyyətinin 1927-28-ci illərdə Gəncədə təşəkkül tapan özəyi əsasında meydana gəlmişdir. Qeyd edək ki, ilk olaraq 1925-ci ildə Bakıda “Gənc qızıl qələmlər Cəmiyyəti” kimi yaranan qurumun həmin illərdə Gəncə ilə yanaşı Naxçıvan və Şəkidə də şöbələri açılmışdı.
    1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqının təsis edilməsindən az sonra Gəncə bölməsi də filial kimi fəaliyyət göstərməyə başlamışdır. Mərhum şair Məmməd Alimin yazdığına görə, filialın ilk məsul katibi Əli Razi Şamçızadə olub. Lakin, o, cəmi üç ildən sonra repressiyyaya məruz qalıb, 1938-ci ildə güllələnib. Ondan sonra məsul katib kimi yazıçı-publisist Oruc Qoşqarlı görəvləndirilib. 1941-1950-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı Gəncə filialında məsul katib Ələkbər Ziyatay olub. Bu on ildə filialın fəaliyyəti yüksələn xətlə göstərilə bilər. 1950-ci ildə növbəti rəhbərlik Əli Xeybərə, iki il sonra isə Rüfət Quliyevə tapşırılıb. 1950-1952-ci illərdə filialın işinin zəifləməsi Azərbaycan yazıçılarını narahat edib. Bakıda Gəncə filialının fəaliyyətini canlandırmaq üçün tədbirlər planı hazırlanıb. Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Əli Vəliyev, Süleyman Rəhimov və Əhməd Cəmilin iştirakı ilə iclas keçirilərək Gəncə filialının Fəridə Əliyarbəylidən, Nazim Axundovdan, Nəriman Həsənzadədən ibarət bürosu təsdiq edilib. Fəridə Əliyarbəyli filialın məsul katibi seçilib. Arada iki il şöbəyə Müzəffər Piriyev başçılıq etsə də, Fəridə xanım yenidən qurumun rəhbərliyinə qayıdıb. 1962-ci ildə görkəmli Azərbaycan yazıçısı, dramaturq və ədəbiyyatşünas alim Altay Yusifoğlu (Məmmədov) da bölmənin başçısı kimi az bir müddətdə fəaliyyət göstərib. Ardınca yenidən Fəridə xanım təqaüdə çıxanadək Yazıçılar Birliyinin Gəncə şöbəsinin məsul katibi olub.
    1989-cu ildən şöbəyə başçılıq etmək sorumluluğunu şair Məmməd Alim öz üzərinə götürmüşdür. Dünyasını dəyişənədək – 2014-cü ilin avqustunadək fəaliyyəti dövründə mərhum şair şöbənin işində yüksəliş xəttini davam etdirməyi bacarmışdır.
    2014-cü ilin sentyabrında şair XƏZANGÜLün (Hüseynova) AYB Gəncə bölməsinin sədri seçilməsilə bu xətt növbəti dəfə üzü yuxarı yol başlayıb və getməkdədir. Xatırladaq ki, XƏZANGÜL 1947-ci il dekabrın 17-də Borçalının Qırıxlı kəndində doğulub. Orta məktəbi qızıl medalla, Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) kimya-biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Yazıçı-filoloq, əməkdar müəllim, professor Bağır Bağırov “XƏZANGÜL” adlı kitabını onun yaradıcılığına həsr edib. Şair İmir Məmmədlinin tərcüməsində “Ekvebi” adlı kitabı gürcü dilində nəşr olunub. 2008-ci ildə Türkiyədə “Bitmeyen Hazan” (Ankara-2008, “Bengü”) adlı kitabı gün üzü görüb. “Məhəbbətin qənimi” adlı mənzum pyesi Gəncə Dövlət Dram Teatrında uğurla səhnəyə qoyulub. 1988-ci ildən AYB-nin üzvüdür.
    Son üç ildə XƏZANGÜL xanımın “Özümü axtarıram” (şeirlər) və “Seçilmiş əsərləri” (I cild) kitabları çap olunaraq ədəbi ictimaiyyətə, oxuculara təqdim olunmuşdur. Həmçinin, VII Şairlər Günündə XƏZANGÜL “Mikayıl Müşfiq” ödülünə layiq görülmüşdür (2017-ci il).
    Hazırda AYB Gəncə bölməsi ətrafında (quruma üzv olan və olmayan) yüzdən çox yazarı birləşdirir. Düşünürük ki, məhz 2014-cü ildən bu yana bölmənin fəaliyyətini nəşr olunan kitabların siyahısı ilə izləmək daha məqsədəuyğundur.

    ***
    2014-cü il noyabrın 29-da AYB Gəncə bölməsinin üzvləri və ətrafında birləşən qələm sahibləri Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının fəxri doktoru, “Altın Yıldız” medalına layiq görülmüş yazıçı Qərib Mehdinin “Uzun yol boyu” və “Elçin-ül üçün” kitablarının təqdimatına yığışdı. Ümumiyyətlə, Qərib Mehdinin kitabları nəinki Gəncə ədəbi mühitinin nümayəndələri tərəfindən, bütün gəncəlilər tərəfindən həmişə ilgi ilə qarşılanır. Dəfələrlə şahidi olmuşuq, köşklərdən onun kitablarının olub-olmamasını soruşub, tapmayanda heyfsiləniblər. Qərib Mehdinin yetirmələrindən sayılan şair-publisist Qəşəm Nəcəfzadə yazır ki, “O vaxt Qərib müəllim Alimlər Evinin nəzdində “İlham” Ədəbi Birliyini yaratdı. Böyük bir ədəbiyyat ocağı alovlandı. Bizə söz verdi, şeirlərimizi oxuduq. Təhlillər apardıq. Biz gənclər “İlham” Ədəbi Birliyində şeir haqqında fikir bildirməyi, mühakimə yürütməyi öyrəndik. Şair üçün bu, əsas məsələ idi. Adlı-sanlı şairlər məşğələlərdə şeir oxumaqdan çəkinirdi. Hər həftə “Gəncənin səsi” (o vaxt “Kirovabad kommunisti”) qəzetində bir səhifə şeirimiz çap olunurdu. Hər dəfə Qərib müəllim birimizi oxuculara təqdim edirdi, şeirlərimizə ön söz yazırdı.”
    Bu cümlələrdən sonra əlavə etməli bir neçə cümlə qalır ki, onu da mən – Şəfa Vəli “Gəncə nasirlərinin maraqlı hekayələri” adlı məqaləmdə yazmışam: “Mən Qərib Mehdinin Azərbaycan ədəbiyyatı tarixinə ərməğan etdiyi “İlham” Ədəbi Birliyinin ilk üzvlərindən olan Güldərən Vəliyevanın qızıyam. Bir sözlə, Dədə Qəribi yaradıcılıqda sağlam bir gövdəyə bənzətsək, Güldərən Vəliyeva o gövdədən çıxan min budaqdan biri, mənsə həmin budaqda zərif bir yarpağam.”
    Dədə Qərib 2015-ci ildə “Duet”, 2016-cı ildə isə “Pəncərədən gələn qonaq” adlı kitabı ilə oxucularını sevindirdi. Yazıçı-publisist Fərruxə Pərişan (Umarova) Dədə Qəribin yaradıcılıq yolundan bəhs edən “Dəniz ömrü” kitabını da Qərib Mehdini sevənlərə ərməğan etdi.
    Bundan əlavə, Fərruxə xanım ötən il oxucularına “Torpaq adam” adlı nəsr kitabını da təqdim etdi.

    ***
    2016-cı ildə şair, filologiya üzrə fəlsəfə doktoru Sahib İbrahimlinin 45 il ərzində apardığı araşdırmalarının sonucu olan elmi əsərlərinin bir qisminin toplandığı ”Ədəbi proses: dünən və bu gün” adlı yeni kitabı çapdan çıxdı. Kitabda müəllifin ayrı-ayrı qələm adamlarının yaradıcılığına təhlili və tənqidi baxışlar, mülahizələr yer alıb.

    ***
    Aləmzər Əlizadə üçün 2016-cı il “Ay kimi axtarır?” (“Кого ищет луно”) adlı kitabının ölkəmizin sınırlarından qıraqda – Moskvada nəşri ilə yadda qaldı. Bu uğura bütün Gəncə ədəbi mühiti sevindi, təbii. Çünki, Aləmzər xanım bir-birindən daha səmimi, daha doğma uşaq şeirlərinin müəllifi kimi biz yaşdakıların çoxunun uşaqlıqda sevgiylə oxuduğu kitabları Azərbaycan ədəbiyyatı tarixinə bəxş etmişdir.

    ***
    Ötən il xaricdə kitabının nəşrolunma sevincini yaşayanlardan biri də Nüşabə Əsəd Məmmədlidir. Belə ki, yazıçının “Ağ güllərin rəqsi” (“Dance of white flowers”) kitabı “Dumanlı Albion”da – Londonda gün üzü gördü. Xatırladaq ki, müəllifin daha bir nəsr kitabı “Payız tanqosu” (“Autumn Tango”) yenə Londonda (2015-ci ildə) çıxmışdı. Və özəl vurğulamağı gərəkli sayırıq ki, bu kitab Britaniya ilə yanaşı, ABŞ, Fransa və İtaliyada satışa çıxarılaraq, oxuculara təqdim olunub.

    ***
    2016-cı ildə Ofelya Mədətqızının da yeni, sayca altıncı kitabı çapdan çıxdı. “Mən səni özümə qaytaracağam” adlanan kitabda müəllifin şeir və poemaları ilə yanaşı onun yaradıcılığı haqqında qələm yoldaşlarının qeydləri və şairin özünün publisistik yazıları da yer almışdır.

    ***
    Aydın Murovdağlı daim qəlbləri riqqətə gətirən şeirləri ilə ədəbi mühitdə artıq öz imzasını təsdiq etmiş şairdir. 2016-cı il onun sənədli-bədii-publisistik kitabının nəşri ilə yadda qaldı. Gəncə şəhərinin 4 minilliyinə həsr olunan “Keçmişin gələcəyində görüş” adlı kitab AMEA-nın Gəncə bölməsində nəşr olunub. Kitabın elmi rəyçisi AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, redaktoru Ümbülbanu Hacıyevadır.

    ***
    İstedadlı şair Zahir Şiraninin 2015-ci ildə gün üzü görən “Arzularım çin olaydı…” kitabında şairin müxtəlif illərdə qələmə aldığı şeirlər yer alıb. Zahir Şirani özünə aid olan hissləri elə özü kimi də izah edə bilir… və bu, onun yaradıcılıq uğurunun əsas stimuludur. O deyir ki,

    Bircə vücudumda şairlik təbim,
    sıxılır kağıza, gülüm, nar kimi…

    ***
    2016-cı ildə YEGANƏ də oxucuları ilə görüşə gecikmədi, onun “Adamlar” kitabı olduqca maraqlı içəriyi ilə diqqəti cəlb etdi. Hələ tələbəliyindən gah “Ruzigar”, gah “Yüksəliş” qəzetlərində, gah “Pirsultan” jurnalında onun imzasına rast gəlirdik. Publisistikası olduqca səmimi idi.

    Elə çalışıram ayrılıq anı,
    olmasın üzümdə zərrəcə təlaş.

    Hə… Bu iki misra “Adamlar” kitabında bizi qaşlarımızı düyünləməyə vadar edən misralardır. Bir qadının qürurunu, o qürur adına nələr edə biləcəyini düşünmək üçün bəs etdi, bəlkə… Gerçəkdən də, YEGANƏ bu iki misrayla gözümüzdə başqalaşdı, filosofcasına bir obraz oldu. Bizi dəhşətə gətirən YEGANƏnin Ulutürk haqqında yazdığı yazılar oldu. Onun bir cümləsi hələ yaddaşımızdadır və hələ yada düşəndə adamın nəfəsini kəsir… O, yazıb ki: “Vulkan kimi, qasırğa kimi, ildırım kimi Xəlil Rza da təbiət hadisəsi idi”!

    ***
    Ötən il yazıçı Fazil Sənan da iki kitabının nəşr sevincini qələm dostları ilə bölüşdü. “Bu mənəm: İmam Cəmilli” adlı kitabda müəllifin çağdaş ədəbiyyatın tanınmış nümayəndəsi İmam Cəmillinin həyat və yaradıcılığına dair fikir və mülahizələri öz əksini tapmışdır. “Gözlə, qayıdacağam” romanı isə maraqlı kompozisiyası, oxunaqlı dili ilə nəzər cəlb edir. Burda müəllif Namiq və Ramellanın məhəbbət xəttini Qarabağ hadisələri ilə birləşdirir… və Azərbaycan oğullarının igidliyini əbədi sevgi nağılı fonunda oxucuya çatdırır.

    ***
    Gülnarə Sadiq 2015-ci ildə iki kitabla oxucularını sevindirdi. Gənclik həvəsi, vətənpərvərlik duyğusu, sevgi çırpıntıları, ən əsası da, humanist duyğuların üstünlük verildiyi mövzular nəsr örnəkləri çərçivəsində “Paralanmış ürək” kitabında, anaya, torpağa, təbiətə ünvanlanmış lirik şeirlər isə “Yuxuların günahı olmur” kitabında ədəbi ictimaiyyətə təqdim olundu. Aprel şəhidi Fərman Əsədlinin həyat yoluna işıq tutan “26 gün” romanı isə 2017-ci ildə nəşr edildi. Həmçinin, Gülnarə Sadiqin şeirləri ötən il DGTYB-nin Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Ədəbiyyat, musiqi, təsviri sənət və gənclik” adlı 4 aylıq layihəsinin yekunlarına dair “Səs… Söz… Rəng” adlı topluda da yer alıb.

    ***
    Şəmkirdə yaşayan Məhəmməd Turan məktəbi bu il bitirsə də, kitabı ötən il nəşr olundu. “Şeir sevgilim” kitabı bir daha təsdiq etdi ki, istedadın və ədəbiyyatın yaşı olmur. “Şeir yazmağımın hansısa bir xüsusi səbəbi yoxdur. Sadəcə olaraq, əgər insanın içində deyiləsi nə isə varsa, onu ifadə etmək lazımdır. Əks təqdirdə həyata davam etmək mümkün olmayacaq. Və mən …öz hisslərimi qafiyə ilə ifadə edirəm” deyən gənc şairə ədəbiyyatın hər addımda qeyri-adi yollarında uğurlar arzulayırıq.

    ***
    Xəyalə Sevil Bakıda yaşasa da, Gəncə ədəbi mühitinin bir üzvü kimi daim Gəncə və gəncəlilərin diqqət mərkəzindədir. Onun 2015-ci ildə nəşr olunan “Saçlarıma Ay qonub” kitabının ilk təqdimatının Gəncədə olması da məhz dediklərimizin sübutu kimi görülə bilər. Kitabda müəllifin könlündən süzülən lirika yer alıb. Ədəbiyyat sahəsindəki uğurlu fəaliyyətinə görə Azərbaycan Prezidenti Təqaüd Fondunun təqaüdünə layiq görülən şair yazır ki:

    Bu ağacın payız dərdi başlayıb,
    Əlləri qoynunda fikrə gedir.
    Yarpaqlar özünü atır budaqdan,
    Yarpaqlar, elə bil, intihar edir.

    ***
    Gənc şair, ötən il AYB-yə üzvlük sevincini, bu il də Azərbaycan Prezidenti Təqaüd Fondunun təqaüdünə layiq görülmək sevincini yaşayan Oğuz Aydının ilk şeirlər kitabı “Dəniz və qadın” 2015-ci ildə nəşr olundu. Bütövlükdə rəngarəng şeirlərdən ibarət olan kitabı oxuduqca görmək olur ki, lirik örnəklərin məzmunu eşq-insan-dünya fəlsəfəsinə köklənib.

    ***
    Lamiyə İsazadə öz şeirlərini toplu halında 2017-ci ildə oxuculara çatdırdı. “Ömrün bir gecəsi” adlı kitabda toplanan şeirlərdə müəllifin işıqlı, idrakı, bədii boyalarla həmahənglik təşkil edən poetik duyumu oxucuya xoş təəssürat bağışlayır.

    ***
    2014-cü ildən bu yana Oruc Göyçəlinin “Ömür yolları” (şeirlər), Oqtay Abdullanın “Tanrıya da xoş gedər” (şeirlər), İmamverdi Məmmədovun “Məni dünyamdan qoparma” (şeirlər), Mikayıl Yanarın “Qədim Gəncə, yeni Gəncə” (şeirlər), Həsən Göyçəlinin “Nələr keçir ürəyimdən” (şeirlər), Solmaz Çiçəyin “Kəlbəcər həsrətim, Göyçə qəmimdir” (şeirlər), İqbal Babanın “Sönməyən ocaqlar” (roman), Arzu Qayanın “Sevmək demək belə olur” (şeirlər), Tamara İslamqızının “Ünvansız məktub” (şeirlər) kitabı da gün üzü görüb.

    ***
    Son illərdə yeni kitabı çap olunmasa da, Gəncə ədəbi mühitində öz istedadlı qələmi ilə seçilən şair və yazıçılarımız da vardır ki, onlardan biri də Ceyhunə Mehmandır. Gənc şair daim öz qələmi, poetik tapıntıları ilə lirik obrazını oxucusuna sevdirməyi bacarır. O yazır ki,

    Mənim taleyimi oğurlayan qız,
    İndi mən yalanam, sən isə gerçək.
    Sənə oğurluğu həyat öyrədib,
    Sənə cəzanı da həyat verəcək!

    ***
    Səadət Ələkbərova öz şeirləri, bədii yükü ilə seçilən misraları ilə dinləyicisini (oxucusunu) heyrətdə buraxa bilir. O, insanı dərin düşüncələrə qərq edən qələm örnəkləri ilə ədəbi mühitin nümayəndələrinin diqqət mərkəzində olmaqla yanaşı, gənc qələm sahiblərinə mənəvi və maddi dəstəyi ilə də seçilməkdədir. Səadət xanım şeirlərinin birində deyir ki,

    Açılıb-örtülən qapı ürəyin,
    Kirayə mənziltək çox yadlaşmısan.
    Sənin gözlərində ümid sevgisi,
    Mənim gözlərimdə sən daşlaşmısan…

    ***
    Zeynəb Münzəvi şeirləri ilə tanınsa da, onun esseləri daha çox diqqətimizi cəlb etmişdir. “Tək adam” essesi ilə Zeynəb Münzəvi nasir kimi bacarığını sərgiləyə bilmişdir.

    ***
    “Bu dünya bizimki deyil,
    Dərdim, dərdim, yığış gedək!” deyən İradə Aytelin də “Bağışla” adlı şeirlər kitabı son üç ilin ən oxunan kitabları sırasındadır. Nəsrdəki İradə Aytel imzasını isə “Qanlı öpüşlər” kitabı oxucusuna daha çox sevdirmişdi…

    ***
    Gəncə ədəbi mühitinin nəsrindən danışarkən ÜMBÜLBANUnun adını ön sıralarda çəkmək daha məqsədəuyğun olardı deyə düşünürük. “Divardakı şəkil”, “Qırmızı nöqtələr”, “Armud ağacı” kimi hekayələrin müəllifi həyatı olduğu kimi ədəbiyyatda göstərə bilir.

    ***
    Samirə Səma da özünəməxsus səmimi şeirləri ilə seçilməkdədir. Gənc yazar kimi Azərbaycan Prezidenti Təqaüd Fondunun təqaüdünə layiq görülən Samirə Səma, növbəti kitabının nəşri üzərində işləyir.

    ***
    Son üç ildə bu məruzənin həmmüəlliflərindən biri – Şəfa Vəli də ədəbiyyat sahəsindəki uğurlarına görə Azərbaycan Prezidenti Təqaüd Fondunun təqaüdünə (2015) və Gənclər-İdman Nazirliyinin təsis etdiyi “Respublika Gənclər mükafatı”na (2016) layiq görülmüş, eyni zamanda, DGTYB-nin layihələrində (o cümlədən antologiyaların tərtibində) fəal iştirak edərək, “Fəxri fərman” almışdır.

    Mənbə: http://www.kultur.az

  • 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

    edebiyyat-az.com xəbər verir ki, 20 yanvar 2019-cu il tarixində Nizami Kino Mərkəzində “Çarə Sizsiniz” və “Əngəl Sərhəd Tanımaz” komandasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29 cu illiyinə həsr olunmuş tədbir baş tutdu.
    Tədbir şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla anmaqla başladı və daha sonra himn səsləndirildi.
    Tədbirin aparıcılığı həvalə olunmuş Çarə Sizsiniz komandasının könüllüsü Ülviyyə Mütəllimzadə 20 Yanvar hadisələri haqqında geniş məlumat verdi. Daha sonra Şəhidlərin xatirəsinə hitaf olaraq eşitmə və danışma məhdudiyyətli dostlarla birlikdə hazırlanan video rolik təqdim edildi. Video rolik izlənildikdən sonra keçid üçün bu günün əsas təşkilatçıları olan Çarə “Sizsiniz” komandasının rəhbəri Nur Ülviyyə Həsrətova və “Əngəl Sərhəd Tanımaz” komandasının rəhbəri Həsən Məmmədova söz verildi. Beləki onlar da bu gün haqqında və tədbir haqqında öz fikirlərini bildirdilər. Hər biri öz növbəsində video rolik və bu tədbirin nə üçün işarə dili dilində tərcümə edildiyi, məhdudiyyətli dostlarla birlikdə hazırladıqları haqqında ətraflı məlumat verdilər. Daha sonra isə videonun ərsəyə gəlməsində, işarə dili ilə bağlı məsələlərdə komanda üzvlərinə sonsuz dəstək göstərən sağlamlıq imkanları məhdud uşaqlar üçün 2N li xüsusi internat məktəbinin müəllimi, həmçinin Araxçın MMC/Silent Communication komandasının təlimçi və surdotərcüməçisi olan Könül Quliyeva səhnəyə dəvət olundu. Könül xanım tədbir iştirakçılarını salamladıqdan sonra , bu gün haqqında öz fikirlərini bölüşdü.
    Tədbir iştirakçılarına, qonaqlara söz verildikdən sonra isə bu günün ərsəyə gəlməsində əməyi keçən bütün könüllülər tək – tək səhnəyə dəvət edildi. Sonra Çarə “Sizsiniz” komandasının rəhbəri Nur Ülviyyə Həsrətova bu günkü tədbirdə iştirak edən hər bir kəsə öz minnətdarlığını bildirərkən, eyni zamanda bütün tədbir boyu çıxışları işarə dilinə tərcümə edən Araxçın MMC/Silent Communication komandasının surdotərcüməçisi və təlimçisi olan Şamil Sabirzadə xüsusi təşəkkürünü bildirdi. Tədbir Çarə “Sizsiniz” komandasının könüllüsü Günel Cəfərovanın öz yazdığı şəhidlərin xatirəsinə hitaf olan “Şəhid Məktubu” adlı şeirini söylədikdən sonra yekunlaşdı.
    Tədbirdə müğənni Elnarə Xəlilova, aktyor Elməddin Cəfərov , Araxçın MMC -nin rəhbəri Fatimə Süleymanova, Koorperasi Universitetinin dəyərli müəlliməsi Firuzə Əliyeva, Silent Communication komandasının könüllüləri, “Əngəl Sərhəd Tanımaz” və Çarə “Sizsiniz komandalarının könüllüləri, xeyriyyəçilər, bir sıra gənclər, məhdudiyyətli dostlar və mətbuat nümayəndələri iştirak edirdi.

  • “Seyfəli Şəhidləri” kitabı şəhid ailələrinə təqdim edildi

    19 yanvar 2019-cu ildə Seyfəli Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda canından keçən, azadlıq fədailərinin – 20 Yanvar şəhidlərinin anım günü və Azərbaycan Vətən Müharibəsi zamanı torpaqlarımızın müdafiəsi yolunda şəhid olan qəhrəman oğulların fəxarət dolu həyat və döyüş yollarından söz açan “Seyfəli Şəhidləri” kitabının təqdimat mərasimi keçirildi.

    Mərasimdə Seyfəli kənd rəsmiləri ilə yanaşı, pedaqoji kollektiv, şəhid ailələri və kənd sakinləri də iştirak edirdi. Tədbir iştirakçıları öncə Seyfəli şəhidlərinin məzarları üstünə tər-çiçəklər düzərək, onların müqəddəs ruhlarını bir dəqiqəlik sükutla yad etdilər. Sonra tədbiri giriş sözü ilə Seyfəli Bələdiyyəsinin sədri Qalib Əhmədov açaraq, sözü “Seyfəli Şəhidləri” kitabının redaktoru və önsöz müəllifi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Gəncə Bölməsinin sədri, II qrup Qarabağ əlili Bəyanət Qasımova verdi. B.Qasımov keçdiyi döyüş yollarından və qəhrəman şəhidlərimizdən qürurla söz açaraq, gələcək nəsillərə öz tövsiyyələrini verdi. Sonra “Seyfəli Şəhidləri” kitabı haqqında iştirakçıları məlumatlandıraraq, kitabın müəllifi, yazıçı-şair İradə Ayteli yeni kitabı münasibəti ilə təbrik etdi. Çıxışını ““Seyfəli Şəhidləri” kitabı sizin sayca onuncu kitabınız olmasına baxmayaraq, öz müqəddəsliyi və ucalığı ilə daim birinci olacaq, sizin yaradıcılığınızın şah əsərinə çevriləcəkdir” sözləri ilə bitirdi.

    Şəhidlərimizin adını daşıyan Faiq Ələkbərov adına Xanallar kənd orta məktəbinin direktoru Narxanım İsrafilova , Ələmdar Ələkbərov adına Abbaslı kənd orta məktəbinin tarıx müəllimi Zemfira Əsgərova, şəhid ailəsi Dilarə Qurbanova Vətənə oğul verməyin müqəddəsliyindən və belə oğulların xalqın başını ucaltdıqlarından qürurla söz açdı.

    Məktəblilərin qəhrəman oğullara ithaf olunan şeirlər səsləndirməsi tədbirə bədii rəng qatdı.

    Tədbirin sonunda AYB üzvü, şair Elməddin Nicat Azərbaycanın qəhrəmanlıq tarixindən bir daha söz açaraq, fikrini “20Yanvar Azərbaycan tarixinə hüzn deyil, qəhrəmanlıq, fəxarət günü kimi yazıldı, Günümüz mübarək!” alqışı ilə tamamlandı.

    Tədbirin sonunda “Seyfəli Şəhidləri” kitabı şəhid ailələrinə hədiyyə edildi.

    Nəzarət Qasımov,
    Azərbaycan Vətən Müharibəsi veteranı

    Mənbə: http://www.kultur.az

  • “VƏTƏN MƏNƏ OĞUL DESƏ, NƏ DƏRDİM…”

    Şəhid deyəndə nələr gəlir göz önünə. Cavan, gözəl, gül balalar! Odlar yurdunun körpə fidanları! Həm də ürəyində Vətən, torpaq sevgisi yaşadan mərd oğullar. O oğullar ki, Zərdüştün yandırdığı odun parçası, Babəkin qeyrəti, Koroğlunun hünəridir hər birisi…

    Şəhid deyəndə namuslu, ismətli analar gəlir göz önünə. O analar ki, Vətən uğrunda canından keçməyə hazır olan oğullar gətiriblər dünyaya.

    Analar yanar, ağlar,
    Dərdini qanar ağlar.
    Dönər göy göyərçinə –
    Yollara qonar ağlar.

    Ə.Ələkbərov adına Abbaslı kənd 1 saylı orta məktəbinin beş şəhidi var. Şəhid olanlardan Tariyel İbadov, Şirvan Qənbərov, Elşən Allahverdiyev eyni bir sinifdə oxumuşlar. Mən onların 4-cü sinifdən 10-cu sinfə kimi sinif rəhbəri olmuşam, həm də Azərbaycan tarixini, tarixi, hüquq və ictimaiyyət dərslərini demişəm onlara. Dərs dediyim müddətdə onlara Vətəni sevməyi, göz bəbəyi kimi qorumağı, bir qarış torpağı belə düşmənə verməməyi tərbiyə etmişəm. Bir sinifdə oxuyan 3 şagirdin torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olması göz qabağındadır. Ələmdar Ələkbərov və Əhməd Həsənov da bu məktəbin yetirmələri olublar, mən onlara da dərs demişəm. Yaxşı tərbiyə olunan insan harada olur-olsun, onu tikə-tikə doğrasalar belə öz əqidəsindən dönmür. Sevimli şairimiz B. Vahabzadə demişkən:

    Yaşamaq yanmaqdi, yanasan gərək,
    Həyatın mənası yalnız ondadır.
    Şam əgər yanmırsa, yaşamır demək
    Onun da həyatı yanmağındadır.

    Doğrudan da, şam yanarkən yaşayır, yaşadıqca insanlara, ətrafdakılara işıq saçır. İnsanlar da belə olmalıdırlar. Şəhidlər də belə insanlardandır. Onlar ömürləri boyu elə işıq saçırlar ki, bu heç nə ilə ölçüyə gəlməz. Peyğəmbərimiz Məhəmməd əleyhissəlam belə demişdir: “Şəhidin bir damla qanı alimin mürəkkəbindən ağırdır”. Peyğəmbərimizin bu kəlamı şəhidləri bizim nəzərimizdə daha da yüksəklərə qaldırır.

    …Vətən mənı oğul desə, nə dərdim,
    Mamır olub qayasında bitərdim.

    M.Arazın bu sözləri onlara deviz oldu. Onlar son damla qanlarına qədər vuruşdular, ancaq təslim olmadılar yağı düşmənə.
    Şəhidlərimiz bütün Azərbaycan xalqının qəlbində yaşayacaq, onların əməlləri gələcək nəsillərə örnək olacaqdır. Vətən öz şəhid oğullarını heç vaxt unutmur və unutmayacaqdır.

    Müəllimi olduğum orta məktəbin bütün müəllimləri belə ruhda, yəni Vətəni göz bəbəyi kimi qoruyan, Vətəni öz ata-anası qədər sevən vətənpərvər oğullar tərbiyə etməyə çalışırıq. Məhz, elə məktəbimiz də elə oğullardan birinin – Ələmdar Ələkbərovun adını daşıyır.

    Zemfira ƏSGƏROVA,
    Ə. Ələkbərov adına Abbaslı kənd 1
    saylı orta məktəbinin tarix müəllimi.

  • Qorxmaz Cavadovu doğum günü münasibətilə təbrik edirik! (19 yanvar 1994-cü il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Qorxmaz Cavadov, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah!

    Mətbuat xidməti

  • Şair Kəmaləddin Qədimin “Yolu ürəyimin üstdə gedirəm” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    “Vektor” Beynəlxalq Nəşrlər Evi tərəfindən çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdşüsü, “Türk Ədəbiyyatına Xidmət” Beynəlxalq Ədəbiyyat Mükafatı (Türkiyə Cümhuriyyəti), “Şahmar Ələkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı” laureatları şair Kəmaləddin Qədimin “Yolu ürəyimin üstdə gedirəm” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Musa Yaqubdur.

    Kitab müəllifin oxucularla sayca on birinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Qeyd edək ki, bundan öncə şair Kəmaləddin Qədimin “Keçir məni bu çaydan”, “Üzü qibləyə”, “Günahı yazan mələk”, “Yığış gedək, günahım”, “Allahdı, şeytandı, mənəm”, “Yaşamaqda nə varsa”, “Allahı sevsəydin”, “Daha sonumu yazıram”, “Dünya qonaq sevən deyil”, “Burdan ayrılıb keçib” şeirlər kitabı nəşr olunmuşdu.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.

    Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının çoxəsrlik mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr vermiş söz ustası Cəlil Məmmədquluzadənin 150 illiyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 17 yanvar 2019-cu il.

    Mənbə: http://www.president.az

  • “Hece Taşları” aylık şiir dergisinin 47. sayısı yayında

    ZAMAN AKAR BİZ İÇİNDEN GEÇERİZ

    Dünya hergün biraz daha küçülür, insandan insana yollar kapanır, gündüzün işleri geceye taşar, geceleri ekranların başında, ya bir kanepede ya bir koltukta, kirpiklerimize uyku asılır, horul horul uyumaya başlarız, önce ezan sesi semada gezer, sonra saat çalar çalar yorulmaz, kalbimizde çiçek açmaz besmele, kalkar yüzümüzü suya tutarız, aklımıza gelmez aynaya bakmak, yolda saçı tarar işe gideriz.
    Bir kuru merhaba bayat günaydın, üç beş içi dışı yalama sözle, hâl hatır sorarak işe başlarız, vatandaş fiş alır biz çay içeriz, numaralar varsın donsun ekranda, nasıl olsa herkesin var sırası, beklemekten ayrı ücret alınmaz, panik no problem işler yetişir, akşamki dizinin ya da maçların, kritiklerini yapalım hele, bu arada bir iki iş yaparız, sonra bir sigara molası verip, tekrar koyuluruz işin başına.
    Evkaftaki memuriyet bu işte, rahatsızlık duyan yok bu gidişte, kime sorsan işi boyunu aşar, kendisi çalışır başkası yatar, emeğinin karşılığı verilmez, biraz daha rahat bir koltuk için, gözünü kırpmadan en yakınını, harcama planı yapar durmadan, saat dörtten sonra dört dönme başlar, bu gün git yarın gel saati işler, her soru sorana gıcırdar dişler, ah usta bu işler ne güzel işler, şimdi bu mesleği kaç kişi düşler.
    Memurluk da âmirlik de bir mesel, zaman akar biz içinden geçeriz, hayatı demleyip içmeyen insan, ister çin de olsun ister maçin de, kekre bir burukluk yaşar içinde, bu gün varız yarın muhâl herkese, eni boyu bilinmeyen bir ömrü, sağa sola sündürürüz durmadan, başkasını kandırmakta mâhirlik, kendimize geldiğinde sökmüyor, gözümüzün biri dünya der durur, birisi toprakla dostluk peşinde.

    Tayyib ATMACA

  • Şərbətəli MAHMUDOV. “20 YANVARIN AĞRILI-ACILI XATİRƏSİ”

    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecəni çox narahat yatmışdım. Səhər yatağımdan qalxıb, tez eyvana çıxdım. Göyün üzü buludlu idi. Üfüqdə qalmış tünd qırmızı qızartı qara buludlara sarılıb xüsusi bir mənzərə yaratmışdı. Ala-qırmızı, topa-topa buludlar bir-birini qovurmuş kimi üfüqdən uzaqlaşır, səmada toparlaşaraq daha tünd rəngdə göy üzünü tuturdu. Havadan rütubət qoxusu gəlirdi, sanki bu qara buludlar dolu olub yer üzünə səpələnmək istəyirdilər.
    Günəş hələ çıxmamışdı, bəlkə də qara buludların seyrəkləşməsini gözləyirmiş kimi üfüqdə daldalanıb qalmışdı. Buludlarsa sakitləşmək bilmirdi, sanki göy ağlamsınırmış kimi göz yaşlarını güclə sıxıb saxlayırdı. Buludlar bir qədər seyrəkləşdikcə günəş şüaları göz vururmuş kimi arabir bərq vurur, yenə buludların arxasında görünməz olurdu.
    Mən həmişə bu vaxtlar qoyunları tövlədən çıxarıb növbəyə qoşmaq üçün kəndin içərilərinə aparırdım. Burada həmkəndlilərimlə görüşüb, hal-əhval tuturdum. Bu gün isə onlar məni qabaqladılar. Onların üzündə qorxu, təlaş, hərəkətlərində bir şaşqınlıq vardı. Nəsə soruşmaq istəyəndə biri:
    – Müəllim, eşitmisən Bakıda qırğın olduğunu? Ruslar ordu göndəriblər.
    Deyirlər ki, çoxlu ölənlər var, yaralananların isə sayı-hesabı yoxdu. Niyə belə eləyirlər axı? Cavan-cavan uşaqları niyə al-qanlarına qəltan edirlər? Görən bizdən nə istəyirlər bunlar?
    Mən yerimdəcə donub qaldım. Heç nədən xəbərim olmadığını desəm də, bərk qorxdum. Nə edəcəyimi bilmədim. Bakıda təhsil alan uşaqlarım bir anda gözlərim önünə gəldilər. Başım hərləndi, elə bil bir qədər əvvəl göy üzündə ağlamsınan buludlar dolu olub üstümə tökülürdü. Özümü birtəhər ələ alıb:
    – Axı kim deyir bunları? Necə yəni qırğın olub? Ermənilərdi?
    – Nə bilək, ay müəllim, biz də sənin kimi, dəqiq bilmirik. “Elektriçka” ilə gələn fəhlələr danışırdılar. Biz də ucundan-qulağından nə eşitmişik onu deyirik.
    Tez-tələsik evə qayıtdım. Qonşuların da bu barədə danışdıqlarını görəndə, ta tabım qalmadı. Tez paltarımı dəyişib Bakıya yol aldım. Ən çox oğlum Azərdən narahat idim. İnşaat Mühəndisləri İnstitutunda oxuyurdu. Eşitmişdim ki, «Xalq cəbhəsi» adlanan qrumun üzvləri gəncləri, xüsusən də tələbələri nümayişlərə cəlb edir, könüllü qoşulanlar da olurdu. Azər də tələbə idi, ikinci kursda oxuyurdu. Yəqin ki, o da tələbə yoldaşlarından kənarda qalmazdı. Qızım Şəlalə isə Tibb Unimversitetinin sonuncu kurslarında idi. Hər ikisi Biləcərdə kirayədə qalırdı.
    Mən birbaşa Bakıya – qırğının baş verdiyi XI Qızıl Ordu dairəsinə, indiki 20 Yanvar metrosu tərəfə getmək istəyirdim. Yolda maşınımızı – avtobusu saxladılar. Bakıya rayonlardan gələn maşınların buraxılmadığını bildirdilər. Biləcərinin yoxuşunu piyada çıxmalı oldum. «Şamaxinka»ya çatanda gözlərimə inana bilmədim. Gördüklərimi sözlə ifadə eləmək mümkün deyil. Sınıq-sökük, əzik-üzük maşınlardan sanki barrikadalar düzəldilib. Asfaltın üstünə səpələnmiş dəmir, taxta, şüşə parçaları, tankların tırtılları altında əzilib bir-birinə qarışmışdı. Ətraf uzun illərdən bəri təmizlənməmiş zibilxananı xatırladırdı.
    XI Qızıl Ordu dairəsinə heç kəsi buraxmırdılar. Mən məcburiyyət qarşısında qalıb Biləcəriyə qayıtdım. Uşaqlarımın kirayədə yaşadıqları evi axtarıb tapdım. Evin qapısı qıfıllı idi. Qonşulardan uşaqlarımı soruşdum. Gecə gəlmədiklərini söylədilər. Mən daha da vahimələnməyə başladım. Şübhələr beynimi sanki ovub dağıdırr, qara-qorxulu fikirlər məni rahat buraxmırdı. Əlimdən isə heç bir iş gəlmirdi. Onda mobil telefon da yox idi. Uşaqlardan necə xəbər tuta bilərdim. Fikir və düşüncələr məni ağuşuna alıb harasa aparmaq istəyir, mənsə elə halsız olmuşdum ki, bir ağır daş kimi səkiyə düşüb qaldım. Handan-hana kimsə mənə yaxınlaşdı, qolumdan tutub qaldırdı. Mənə təskinlik verməyə başladı. A kişi, səbrli ol, Allah kərimdir. Mənim qayınımın qızı da sənin qızınla oxuyur. O da gəlməyib. Yəqin ki, bir yerdədirlər. Harda olsalar indi gəlib çıxarlar. Dur, dur keçək bir stəkan çay iç, uzaqdan gəlmisən, bir az dincini al, yorğunluğun çıxsın.
    Biz birmərtəbəli evə keçdik. Haqqında danışdığım adam Vaqif kişi idi. Tez çay gətirtdi. Çay içə-içə söhbətə başlayan Vaqif kişi özü də qorxu, təşviş içində idi. Ötən gecə güllə səsindən, top, fişəng atəşlərindən yata bilmədiklərini təlaşla danışırdı. Elə bu vaxt mənim arxa tərəfimdəki pəncərə şüşələrinin çiliklənib tökülməsi ilə qulağımın lap dibindən keçib, ön divarı deşən güllələrin səsi bir anda baş verdi. Allahın mənə yazığı gəlmişdi. Başımı bir az yana tərpətmiş olsaydım, narahatlığını çəkdiyim tələbə övladlarıma həsrət qalacaqdım. Özü də həmişəlik… Tez dalda yerə çəkildik… Mənə bir stəkan su verdilər. Suyu içib, oranı tərk etdik.
    Bir neçə saatdan sonra Vaqif kişi xəbər gətirdi ki, tələbə qızlar bu gecə səhərə kimi yaralıları «Semaşko» adlanan xəstəxanaya daşımaqla məşğul olublar. Sənin qızın Şəlalə də orada olub. Salamatdırlar! Ancaq Azərdən xəbərləri yoxdur. Qızlar deyirlər ki, yaralıların arasında Azərə rast gəlməyiblər.
    Düzü, bir qədər rahatladım. Axşama az qalırdı. Mən geri qayıtmalı, evdəkilərə bir xəbər çatdırmalı idim. Axı anaları çox nigaran idi…
    Bakıdan rayonlara gedən maşınlar da yolda heç kəsi götürmürdü. Həm də əli avtomatlı hərbçilər maşınları bir-bir yoxlayıb, sonra getmələrinə icazə verirdi. Həmin hərbçilər yerli – azərbaycanlı əsgərlər deyildi. Çox qorxunc, qəzəbli simaları vardı, elə bil gözlərindən qan damırdı. Hündür boylu, iri cüssəli idilər. Adi əsgərlərə bənzəmirdilər. Sonradan öyrənmişdim ki, onlar xüsusi təlim görmüş partizan-zabitlərmiş.
    Yolu piyada getməli oldum. Xırdalan dairəsinə yaxın dəmiryolu körpüsünə çatmaqda idim. Hərbçilər bir qara minik maşınını körpünün altında saxladıb yoxlamağa başladılar, dayanıb dincimi almaq istədim. Həm də fikirləşdim ki, saxlanılan bu maşının sahibi bəlkə rəhm eləyib məni öz maşınına mindirdi. Mən bu fikirdə ikən, nə görsəm yaxşıdır? Hərbçilərdən biri avtomatı mənə tuşlayıb, «Dayanma, yoxsa güllələrəm!» deyə uca səslə üstümə çığırdı.
    Düzü oradan necə uzaqlaşdığımı indi də təssəvürümə gətirə bilmirəm. Qorxu nə yaman olurmuş… Saxladılan minik maşını da yanımdan ötüb keçdi. Birtəhər Xırdalan qəbristanlığı olan təpəyə gəlib çatdım.
    Hava artıq qaralmaqda idi. Yalnız təkbir gələn maşınların işığı yolu işıqlandırırdı. Yolun içi ilə getmək də təhlükəli idi. Arxadan gələn maşın adamı vura bilərdi. Kim kimə idi, kimin kimdən xəbəri olacaqdı ki?! Yoldan kənar gedəndə də adamın ayağına ilişməyən daş, kəsək, məftil və daha nələr qalmırdı. Bir neçə dəfə büdrəyib yıxıldım da. Haldan düşmüşdüm, çətinliklə nəfəs alırdım. Elə bil Allahın mənə rəhmi gəlmişdi. Bir avtobus yanımızda dayandı. Məni və yolda olan bir neçə nəfəri götürdü. Sumqayıta gedirdi. Sumqayıtın girəcəyindəki dairədə düşməli oldum. Bir nəfər də mənimlə düşdü. Rayona tərəf maşın gözləməyə başladıq. Bir tərəfdən yorğunluq, yuxusuzluq digər tərəfdən oğlum Azərdən nigarançılığım bu bir gündə ömrümü on il arxaya atdı. Özümdə deyildim. O gecə evə necə gəldiyim yadımda deyil. Səhəri öyrəndim ki, mənimlə avtobusdan düşən adam rast gəldiyi maşınla məni kəndə qədər gətirib, özü sonra Siyəzən şəhərinə qayıdıbmış.
    Gecə qaranlıq olduğundan mən onu tanımamışdım. O isə məni tanıyıb, kim olduğumu bilibmiş. Bu da Allahdandır. Allah yaxşı insanları darda qoymasın.
    İndi o günlərdən 29 il ötüb. Düşünürəm ki, Allah məni yenidən yaşadıb. O vəhşi hərbçilərin gülləsinə tuş gətirməyib. Bir də düşünürəm ki, düşmən gülləsindən ölsəydim onda mənim də al qanım azadlıq fədailərinin qanına – şəhidlərimizin qanına qarışardı. Özüm şəhid sayılmasaydım da, qanım Vətən torpağını qırmızı qərənfillərtək bəzəyər, qan izlərim ana torpağımızın bir hissəsində də olsa, naxış olub, qalardı. O ana qədər yaşadığım ömür, sonralar yaşadığım yüz ömrə dəyərdi bəlkə…
    Bir də düşünürəm ki, Allahın mənə bəxş etdiyi bu 29 illik ömrə niyə belə acımasız yanaşıram ki… Şəhidlik də bir Allah qismətidir… Yəqin ki, Allah belə məsləhət bilib, məni bugünə qədər yaşadıb. Balalarımızın təhsili, tərbiyəsi işini davam etdirməyini rəva görüb…
    …Xəyalım yenə məni çox uzaqlara çəkib aparır. Vaxtilə qardaş sovet respublikaları, sülhsevər Sovet Ordusu adlandırdığımız vəhşilərin barbarlıq hərəkətləri gözlərimin önünə gəlir. «Böyük qardaş» dediklərimizin törətdiyi vəhşiliyi heç cür anlamaq olmur. Bu «böyük qardaş»ın əliyalın «kiçik» bacı və qardaşlarını necə qanlarına qəltan etdiyini, Bakının nefti-benzini ilə hərəkətə gələn tank, top və pulemyotların günahsız insanlara, mülki vətəndaşlara, hətta uşaqlara atəş açmalarına, yaralıları daşıyan təcili yardım maşınlarını güllə-baran etmələrinə nə ad, nə qiymət vermək olar? Bu vəhşiliyi bəşər övladı – insan adlanan məxluq edə bilməz. Bu olsa, olsa erməni terrorizminin türk xalqlarına qarşı yönəldilmiş, planlı şəkildə həyata keçirmək istədiyi mənfur siyasətinin məhsuludur. O vaxtkı Sovet imperiyasının azsaylı millətlərin azadlıq ideyalarını beşikdəcə boğmaq siyasətinin astar üzüdür. Amma buna nail ola bilmədilər, qəhrəman şəhidlərimizin qanı bahasına da olsa, biz azadlığımızı qazandıq. Şəhidlərimiz barmaqlarını öz qanlarına batıraraq, «Vətən”, “Azadlıq» kəlmələrini yazaraq, ölümsüzlüklərini əbədiləşdirdilər. Onların ruhları daima müstəqil Azərbaycanın üzərində dolaşır. Allah şəhidləmizə rəhmət eləsin. Onların ruhları qarşısında baş əymək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

  • Tural Ağayevi doğum günü münasibətilə təbrik edirik! (17 yanvar 1990-cı il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Tural Ağayev, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın, Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah!

    Mətbuat xidməti

  • Sevinc Novruzovanı doğum günü münasibətilə təbrik edirik! (17 yanvar 1991-ci il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi XanımƏfəndi Sevinc Novruzova, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik omlmasın, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah!

    Mətbuat xidməti

  • Xəzangül Hüseynovanın seçilmiş əsərlərindən ibarət kitabı işıq üzü gördü (II cild)

    Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri, “Əməkdar mədəniyyət işçisi”, “Türkiyə-Avrasiya Yazarlar Birliyi”nin üzvü, şair, publisist, dramaturq, ictimai xadim Xəzangül Hüseynovanın seçilmiş əsərlərindən ibarət kitabı işıq üzü gördü (“Seçilmiş əsərlər -II cild”. “Elm və təhsil” nəşriyyatı. Bakı-2019. 328 səh).

    Kitab müəllifin uzun illərdən bəri yazdığı, müxtəlif mətbu orqanlarda və dərc edilmiş kitablarında yer alan şeirlərindən ibarətdir.

    Bundan əvvəl Xəzangül Hüseynovanın “Qaya üstə bitən çiçək” (1988), “Yeddinci göylə söhbət” (1996), gürcü dilində “Ekvebi” (1998), “Ömür şikəstəsi” (1998), “Günəş məni aldadır” (2000), “Könlümdən baxan günəş” (2008), türk dilində “Bitmeyen hazan” (2008), “Özümü axtarıram” (2015), “Seçilmiş əsərləri I cild” (2017), “Zaveşanie boqu” (2018) kitabları nəşr edilmişdi.

    Mənbə: http://kultur.az

  • Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb

    Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb. “Söz dünyası” adlı kitab nəşrə hazırlanmış beşcildliyin ilk cildidir.

    AZƏRTAC xəbər verir ki, beşcildliyə müəllifin müxtəlif illərdə yazdığı icmal məqalələr, portret-oçerklər, esselər, xatirələr daxildir. “Söz dünyası” beşcildliyinin I, II, III cildləri qədimlərdən bu günə qədər ədəbiyyat tariximizə, klassiklərə və çağdaşlara həsr olunmuş yazıları əhatə edir. IV və V cildlər “Musiqi dünyası”, “Rənglər dünyası”, “Daşlar dünyası”, “Teatr dünyası” və “Kino dünyası” adlı bölmələrdən ibarətdir.

    Cildlərdə ədəbiyyatımızın və incəsənətimizin zənginliyindən, ayrı-ayrı görkəmli şəxsiyyətlərindən bəhs olunur. Beşcildliyə daxil edilən yazıların əksəriyyəti bir neçə il öncə rus dilində nəşr olunmuş və Heydər Əliyev mükafatına layiq görülmüş “Литература. Искусство. Культура Азербайджана” üçcildliyinə daxil idi. “ЛИК Азербайджана” üçcildliyi də, Azərbaycan dilində çıxan bu beşcildlik də ədəbiyyatımızın və incəsənətimizin böyük hamisi və qayğıkeşi ulu öndər Heydər Əliyevin işıqlı xatirəsinə ithaf olunur.

    Ədəbiyyat və incəsənətin müxtəlif sahələrini və şəxsiyyətlərinin fəaliyyətini əks etdirən beşcildlik zəngin mədəni irsimizlə maraqlanan oxucular üçün, eləcə də gələcək nəsillər üçün faydalı məxəz olacaq.

    Mənbə: https://azertag.az

  • Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitab işıq üzü görüb

    Görkəmli nasir və şair, Əməkdar incəsənət xadimi Vidadi Babanlının iki cilddən ibarət “Seçilmiş əsərləri” Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə çap edilib.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kitabın birinci cildində yazıçının əlli ilə yaxındır sevilə-sevilə oxunan “Vicdan susanda” romanı, həmçinin “Həyat bizi sınayır” və “Ana intiqamı” povestləri, ikinci cildində isə “Müqəddəs ocaq”, “Ömürlük əzab” romanları və “Mənim gizlinlərim” memuarı daxil edilib.

    Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

    Mənbə: https://azertag.az

  • Nəsillərə yadigar əfsanəvi qəhrəmanlıq

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzi Kitabxana Sisteminin 2 saylı filialı 170 nömrəli tam orta məktəbdə Milli qəhrəmanlar Mətləb Quliyev və Rövşən Abdullayevə həsr olunmuş “Nəsillərə yadigar əfsanəvi qəhrəmanlıq” adlı görüş təşkil edib.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Milli qəhrəmanlar haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycanın müstəqilliyi, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə minlərlə vətəndaşımız iştirak edib və şəhidlik zirvəsinə yüksəlib. Onların həyat yolunu, döyüş şücaətlərini hər bir Azərbaycan vətəndaşı bilməli, ondan nümunə götürməli, təbliğ etməlidir, çünki onların həyat yolu bizi qələbəyə aparan yoldur.

    Sonda şagirdlər vətənpərvərlik, qəhrəmanlıq mövzusunda şeirlər səsləndiriblər.

    Mənbə: https://azertag.az

  • Mədəniyyət Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

    AZƏRTAC xəbər verir ki, Fərmanın imzalanmasında məqsəd Mədəniyyət Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirməkdir.

    Fərmana əsasən Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilir.

    Nazirliyin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün aşağıdakı tərkibdə Komissiya yaradılır:

    Komissiyanın sədri

    Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri

    Komissiya sədrinin müavini

    Mədəniyyət naziri

    Komissiyanın üzvləri

    Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini

    Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini

    Maliyyə nazirinin müavini

    Təhsil nazirinin müavini

    Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi.

    Fərmanda yeni yaradılan komissiyaya, eləcə də Nazirlər Kabinetinə, Maliyyə, Təhsil, Mədəniyyət, Ədliyyə nazirliklərinə, Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq tapşırıqlar verilib.

    Mənbə: https://azertag.az

  • Mədəniyyət naziri Xızıda vətəndaşları qəbul edəcək

    Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət naziri Əbülfəs Qarayev yanvarın 25-də saat 11:00-da Xızı şəhərində vətəndaşları qəbul edəcək.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda (Heydər Əliyev küçəsi, 37) Sumqayıt şəhərindən, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

    Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə (əlaqələndirici şəxs: Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

    Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

    Mənbə: https://azertag.az

  • “YARAT” da Rusiya istehsalı olan filmlər nümayiş ediləcək

    Yanvarın 15-29-da “YARAT” Müasir İncəsənət Mərkəzində Rusiya istehsalı olan qısametrajlı filmlər nümayiş ediləcək.

    AZƏRTAC xəbər verir ki, qeyd edilən müddət ərzində beş ekran əsəri kinosevərlərin ixtiyarına veriləcək. Belə ki, qonaqlar “Qız və dilək ağacı”, “Doğum günü”, “Yepyeni”, “Dalan” və “Planetlərin paradı” filmlərinə baxa biləcəklər. Ekran əsərlərinin xronometrajı 88 dəqiqədir.

    Mənbə: https://azertag.az

  • Qəlbləri sözün qüdrəti ilə fəth edən şair

    Ölkə başçısının yanvarın 11-də imzaladığı Sərəncamla 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Bu dövlət başçısının şairin yaradıcılığına böyük diqqətinin göstəricisidir.

    AZƏRTAC xəbər verir ki, ölümündən 600 ildən artıq vaxt keçsə də, şair şeiriyyəti, fəlsəfi fikirləri ilə bu gün də bəşəriyyətə xidmət edir. Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində böyük rolu var. Dahi mütəfəkkir qəlbləri qılınc gücünə yox, sözünün qüdrəti ilə fəth edib, söz sənəti ilə əbədilik qazanıb. Ölkəmizin elm və mədəniyyət mərkəzlərindən biri olan Şamaxıda dünyaya göz açan şair 20 min misranı əhatə edən ədəbi irsə sahibdir. Nəsimi öz yaradıcılığında ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib.

    Yeri gəlmişkən, 2018-ci il ölkəmizin mədəni mühitində Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalının keçirilməsi ilə də əlamətdar olub. Sentyabrın 27-dən 30-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə təşkil olunan mədəniyyət tədbiri çərçivəsində bir sıra sərgilər açılıb. Festival həm də dahi Nəsimi yaradıcılığından nümunələrin təqdim olunması ilə yadda qalıb. Ən əsası bu mötəbər tədbir ölkəmizlə yanaşı, sərhədləri aşaraq Heydər Əliyev Fondunun, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun təşkilatçılığı, Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada da təşkil olunub. Çünki Nəsimi poeziyası vasitəsilə sülhü, tolerantlığı və multikulturalizmi müdafiə edib. Festivalın əsas qayəsi də o idi ki, bəşəriyyət 600 il əvvəl Nəsiminin təbliğ etdiyi və uğrunda fədakarlıq göstərdiyi bəşəri dəyərlər ətrafında birləşməlidir. Çünki onun poeziyasının əsas mövzuları İnsan, Kainat, Məhəbbət və İlahidir. 2019-cu ilin “Nəsimi ili” elan olunması görkəmli Azərbaycan şairi və mütəfəkkirinin ruhuna böyük hörmətin təzahürüdür.

    Qeyd edək ki, bu il Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində təşkil edilməsi məqsədilə ölkə başçısı “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən bu il ölkəmizdə və onun hüdudlarından kənarda İmadəddin Nəsimiyə həsr olunmuş çoxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulu

    Mənbə: https://azertag.az

  • Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası yenidən səhnədə

    Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunacaq.

    Bəstəkarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır.

    Səhnə əsəri Xeyir və Şər qüvvələrin mübarizəsi, günahsız insanların ölümü, yaxın qonşuların xəyanətindən bəhs edir.

    Səhnə əsərində rolları Xalq artistləri Qərinə Kərimova, Əkrəm Poladov, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Tural Ağasıyev, İlham Nəzərov, Səbinə Vahabzadə, Fəridə Məmmədova və başqaları canlandıracaq.

    Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

    Mənbə: https://azertag.az

  • “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisinin bağlanış mərasimi olacaq

    Yanvarın 18-də Şirvanşahlar Saray Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisinin bağlanış mərasimi keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən açılan sərgidə dünyanın böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olunur. Sərginin əsas eksponatlarını İstanbul Əskəri muzeyi tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri təşkil edir, həmçinin Gürcüstan Milli muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də sərgilənir.

    Qeyd edək ki, sərgi ötən ilin oktyabrın 23-də açılıb.

    Mənbə: https://azertag.az

  • 20 Yanvar – tarixdə bu gün..

    Yanvarın 18-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin konfrans zalında “20 Yanvar – tarixdə bu gün…” adlı elmi-praktik seminar keçiriləcək.

    Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 4 yanvar tarixli sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na və qurumun elm şöbəsinin “İllik iş planı”na əsasən təşkil ediləcək.

    Tərtib olunmuş proqrama əsasən filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın moderatorluğu ilə keçiriləcək tədbirdə Qoruq İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ofeliya Əfəndiyeva, tarix üzrə elmlər doktoru Vəfa Quliyeva, “İçərişəhər” Muzey Mərkəzinin əməkdaşı Sevda Məmmədova və 20 Yanvar faciəsinin şahidi Gülüş Mursakulova məruzələrlə çıxış edəcəklər.

    Tədbirdə, həmçinin 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş olunacaq və Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında kompozisiya təqdim ediləcək.

    Mənbə: https://azertag.az

  • Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.

    Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır. Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açmışdır. Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görmüşdür. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir.

    Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmiş və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılmış, eləcə də 1979-cu ildə ölkəmizin paytaxtında heykəli ucaldılmışdır.

    2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilmişdir.

    2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır.

    Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    2019-cu il Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 11 yanvar 2019-cu il.

    Mənbə: http://www.president.az

  • Rafiq ODAY.”SUMQAYIT-70″

    Sumqayıtla bağlı araşdırma apararkən 10 il bundan öncə “Azərtac”da gedən bir informasiya diqqətimi çəkdi və bu statusun yazılmasına vəsilə oldu.

    10 il bundan öncə Sumqayıta şəhər statusu verilməsinin 60 illiyinə həsr edilmiş mahnı müsabiqəsinin keçirildiyi bəlkə də çoxlarının yadından çıxıb. Bəlkə də çoxlarının yadındadır. Respublika Bəstəkarlar İttifaqı tərəfindən şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birlikdə elan edilmiş bu müsabiqədə təcrübəli musiqiçilərlə yanaşı musiqi həvəskarlarına da öz yaradıcılıq imkanlarını üzə çıxarmaq imkanı verilmişdi.
    Respublikanın əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurovun sədrlik etdiyi, peşəkar musiqiçilərdən və musiqişünaslardan ibarət səriştəli münsiflər heyəti bütün əsərləri dinləmiş, ən yaxşı hesab olunan 10 əsərdən 4-ü müsabiqə qalibi hesab olunmuşdur.
    Yerlər aşağıdakı kimi bölüşdürülmüşdür:
    Bəstəkar İlham Abdullayevin şair Vahid Əzizin sözlərinə yazdığı “Sumqayıt lövhələri” mahnısı birinci yeri tutmuşdur. İkinci yeri iki əsərin müəllifləri – “Sumqayıt” mahnısının sözlərinin müəllifi şairə Zivər Ağayeva və Bəstəkar Ədviyyə Rəhmətova, habelə “Gözəl Sumqayıtım” mahnısının sözlərinin və musiqisinin müəllifi Emil Murad bölüşmüşlər. Sumqayıtlı şair Qafqaz Əvəzoğlunun sözlərinə Nərminə Nağıyevanın bəstələdiyi “Sumqayıtım” mahnısı üçüncü yerə layiq görülmüşdür.
    Təqdimat mərasimində mükafata layiq görülmüş mahnılar dinlənilmiş, müsabiqənin qaliblərini o zaman Sumqayıt şəhər icra hakimiyyətinin başçısı olan çox hörmətli Vaqif Əliyev və Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadə təbrik etmişlər.

    Əslində mənim sözümün canı ondan ibarətdir ki, bu qədər əziyyət çəkildi, müsabiqə elan olundu, qaliblər müəyyənləşdirildi, möhtəşəm tədbir keçirildi, təltiflər olundu, amma üstündən 10 il keçməsinə baxmayaraq doğma Sumqayıtımız haqqında bəstələnmiş bu mahnıların haradasa səsləndirilməsinə, ifa olunmasına şəxsən mən rast gəlməmişəm. Yəqin ki, Sumqayıtda kimdən də soruşulsa, bu mahnılardan xəbərsiz olduqlarını söyləyəcəklər.
    Əgər Respublikanın əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurovun sədrlik etdiyi, peşəkar musiqiçilərdən və musiqişünaslardan ibarət səriştəli münsiflər heyəti bu mahıları bəyənib, mükafata layiq görmüşdüsə, demək ki, bu bəstələrin yaşamaq haqqı da var idi. Ən azından şəhərimizdəki musiqi məktəbləri, incəsənət müəssisələri, mədəniyyət ocaqları bu bəstələri öz repertuarlarına sala və müxtəlif tədbirlərdə ifa edə bilərdilər.

    Gələk mətləbə.
    Bu il Sumqayıt üçün çox əlamətdar bir ildir. Şəhərimiz 70 illik yubileyini qeyd edəcək. Artıq yubiley tədbirlərinə, demək olar ki, start verilib. Və güman ki, yubileylə bağlı müxtəlif müsabiqələr də keçiriləcək. Deməyim odur ki, gəlin müsabiqələri elə keçirək ki, o müsabiqələrin nəticəsindən şəhər də faydalansın, şəhər sakinləri də.

    Biz də – Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı olaraq, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafına həsr olunmuş publisistik yazılar (əsas etibarilə oçerklər) müsabiqəsi keçirmək istəyirik. Və bu müsabiqəni yüksək səviyyədə keçirməyə hazırıq. Sadəcə biz ictimai əsaslarla fəaliyyət göstərdiyimizə görə qaliblərin mükafatlandırılması məsələsində problemimiz var. Əgər Şəhər İcra Hakimiyyəti, yaxud Şəhər Bələdiyyəsi və yaxud hər hansı bir təşkilat, idarə, müəssisə bizimlə birgə bu müsabiqəni keçirməyə razılıq verərsə, biz böyük məmnuniyyətlə müsabiqənin şərtlərini təqdim etməyə hazırıq.

    İnanıram ki, Sumqayıtın 70 illik yubileyi şəhərimizin adına layiq keçiriləcək və uzun illər şəhər sakinlərinin yaddaşına həkk olunacaq.
    Son bir neçə ildə Möhtərəm Prezidentimiz İlham Əliyevin pəhbərliyi altında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Zakir müəllim Fərəcov tərəfindən şəhərimizdə həyata keçirilən möhtəşəm layihələr bunu deməyə əsas verir. Bu şəhər hər birimizin tale şəhəridir, bu şəhəri qurub-yaradan əllər var olsun!

    Rafiq ODAY,
    şair-publisist,
    Azərbaycan Jurnalistlər Birliyi
    Sumqayıt şəhər təşkilatının sədri,
    respublikanın Əməkdar jurnalisti,
    gundelik.info və edebiyyat-az.com saytlarının təsisçisi və direktoru.

  • Ədalət RƏSULOVA.”Mir Cəlal Paşayevin yaradıcılığına nəzər salarkən” (Yenilənmiş versiya)

    Mir Cəlal Paşayevin yaradıcılığına nəzər salarkən

    Mir Cəlal Paşayev 1908-ci ildə Cənubi Azərbaycanda kəndli ailəsində anadan olmuş, uşaq ikən atası
    tərəfindən Kirovabad (indiki Gəncə) şəhərinə gətirilmiş, uşaqlıq və gənclik illəri bu şəhərdə keçmiş,
    1928-ci ildə pedaqoji texnikumunu da burada bitirmişdir. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin
    Səməd Vurğun, Yusif Məmmədəliyev, Həmid Araslı, Mikayıl Rzaquluzadə, Osman Sarıvəlli kimi
    ğörkəmli nümayəndələri ilə də bu şəhərdə tanış olmuş, yaxınlaşmışdır.

    Tələbəlik və müəllimlik illərində, Gədəbəy və Kirovabadda (Gəncədə) işləyəndə, Kazanda ali təhsil
    alanda, Ağ dəniz -Baltik kanalında yaradılıq ezamiyyətinə, sonralar respublika qəzetlərində işi ilə
    əlaqədar müxtəlif yerlərə gedib, müxtəlif adamlarla görüşəndə Mir Cəlal bir yazıçı kimi həyatı
    dərindən müşahidə etmiş, öyrənmişdir. Buna görə də əsərləri həmişə güclü olmuş, oxucuları
    maraqlandıran mühüm suallara cavab vermişdir. Otuzuncu illərdə tez-tez oçerklərlə çıxış
    edib, həyatın qızğın nəbzini tutmağı bacaran yazıçı bir neçə səhifəlik bu yığcam əsərlərdə
    quruculuq əzəmətini, yaradıcı əməyin böyük gücünü tərənnüm edərək əmək zərbəçilərinin
    portretlərini yaratmışdır.

    Ədib müasir dövrdə Cəlil Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov kimi yazıçıların adı ilə
    bağlı ənənələri davam və inkişaf etdirmişdir. Mir Cəlalın hekayələrini iki qismə bölmək olar.
    Yumoristik-satirik əsərlərində köhnə adətləri , hələ də şüurlarda yaşamaqda olan xüsusi
    mülkiyyətçilik hisslərini, laqeyidlik və tənbəlliyi, bürokratizm və uyğunlaşmanı amansız tənqid
    atəşinə tutan yazıçı ilk hekayəsi “Həkim Cinayətov” dan başlayaraq, əsəsrlərinin mərkəzinə ciddi
    əhəmiyyətə malik ictimai problem qoymuş, nöqsan və kəsirləri kəskin tənqid atəşinə tutmuşdur.
    “Anket Anketov”, ” İclas qurusu” , “Təzə toyun nəzakət qaydaları” kimi onlarca hekayəsini buna
    misal göstərmək olar. Mir Cəlal lirik hekayələrində yeni insanı, onun yüksək mənəvi keyfiyyətlərini
    tərənnüm etməklə ciddi əxlaqi məsələləri qabaqcıl mövqelərdən işıqlandırmışdır. Yumor və satira
    Mir Cəlal yaradıcılığının əsas xüsusiyyətlərindən biri olmuşdur. Onun ilk hekayələrində özünü
    göstərən, əsərdən-əsərə güclənən incə yumor böyük tərbiyəvi əhəmiyyətə malikdir. Ədib həyatın
    inkişaf sürətindən geri qalanlara, avamliğa gülür, yalançılıq və əli əyriliyi, şəxsi mənfəətini güdmək ,
    xalq mənafeyinə laqeyidlik kimi nöqsanları amansız satira atəşinə tutur. Böyük VƏTƏN müharibəsi
    illərində heyakəçi Mir Cəlalın fəaliyyəti daha da güclənir.O, öz əsərlərində sovet adamlarının vətənə
    məhəbbət və igidliklərini, sədaqətlərini və qələbəyə inamlarını əks etdirən maraqlı hekayyələr
    yazmışdır. Bu illərdə də, Mir Cəlal öz üzərində diqqətlə işləyir, əsərlərinin sənətkarlıq səviyyəsinə
    xüsusi diqqət verirdi. Məhs buna görə də həmin əsərlər bu gün də əhəmiyyətlərini itirməmişdir.
    Mir Cəlal BÖYÜK VƏTƏN müharibəsindən sonra hekayələrində həyatın müxtəlif sahələrinə toxun-
    muşdur. O bütün dünya gənclərinin Leninə məhəbbətindən: ” ÇİN QIZI”, sovet adamlarının sülh
    uğrunda mübarizəsindən : “Sülh istəyirlər”, BÖYÜK VƏTƏN müharibəsi iştirakçılarına qayğıdan:
    “Əsgər Oglu”, ” Aqil İnsan” hekayələrini yazmışdır.

    Realist ədib adi görünən hadisələri qələmə alarkən ümumiləşdirici, mənalı , zəruri təfərrüatları
    yerinə işlətməklə canlandırdığı səhnəni genişləndirir surətlərin hissləri ilə yanaşı ictimai əlaqələ-
    rini də açır.” İftixar” hekayəsində qoca müəllim iyirmi il əvvəl əlifba öyrətdiyi şagirdlərinin müvəf-
    fəqiyyətlərini, şəxsi xoşbəxtliklərini görüb deyir : – ” Mən inanıram ki, sizin ictimai xidmətiniz
    məndən çox yüksək olacaqdır. Bizdə həmişə belə olur, tələbə müəllimini, şagird ustasını, övlad
    atasını ötür…”.

    Mir Cəlalın hekayələri həyatilik, ictimai məzmunun güclülüyü, sənətkarlıq səviyyəsinin yüksək-
    liyi ilə diqqəti cəlb edir. Ədibin hekayələri inandırıcı surətdə göstərir ki, o, ölkəmizin həyatında baş
    vermiş dəyişiklik və yeniliyin müdafiyəçisidir. İncə bir həssaslıqla qəhrəmanlarının daxili aləmini
    açan yazıçı oxucunu mənəvi paklığa, yaradıcı əməyə çağırır. Mir Cəlalın “Subaylıq fəlsəfəsi” və
    “İnsanlıq fəlsəfəsi” adlı iki hekayəsinə nəzər salaq. Birincidə ” Subaylıq sultanlıqdır ” deyə özündən
    başqa kimsə haqqında fikirləşməyən,ictimai həyatdan, vətəndaşlıq borcunun icrasından geri
    çəkilən, ömrün mənasını hərcayi keyfdə görənlərin çürük “fəlsəfələrini” qəzəblə rədd edən müəllif,
    ikincidə insan əzəmətinin mənasını, ölməzliyini şairanə boyalarla həkk etmişdir. “Bənna Baxış
    vaxtsız öləndən sonra iş yoldaşları ailəsini yaddan çıxarmır, özlərini namuslu əmək dostlarını
    kollektivin daimi üzvü bilir, oğlu Nadiri atasına əvəz hazırlamayınca, şəklini şərəf lövhəsindən
    götürmürlər”

    Yazıcı “tikənlər, quranlar nəslini ” təmsil edənlər arasında insani münasibətləri alqışlayır. Mir Cəlal
    ” Təsadüf ya zərurət ” hekayəsində xalqlar dostluğunu tərənnüm edir, ” insanlıq fəlsəfəsinin” hökm
    sürdüyü cəmiyyətdə inkişaf, sovet həyatının qanunu , zərurəti kimi mənalandırmışdır.

    Partiyanın XX qurultayından sonra Mir Cəlal yaradıcılığının əhatə dairəsi daha da genişlənmişdir,
    güclü satirik qələmi ilə o, özünün bir neçə yazısını “Məzəli hekayələr ” adı altında birləşdirməklə
    aydın münasibətini amansız bir kinayə ilə bildirmişdir. Yazıçı, şəxsi mənfəəti olmayan yerdə salam
    verməyən yaltaqların, mədəniyyətdən kənar savadsızların , hərəkətlərinə qəzəblə gülür , iflaslarının
    labüdlüyünü inandırıcı verir. Onun ” Gənc şairin ərizəsi “, ” Səyyah xanım” , “Xarici naxoşluq”,
    ” Qəbul imtahanı “, “Mənim səmimi dostum”, ” Rola girib”, “İki qız bir oğlan” kimi hekayələri
    mühüm ictimai – əxlaqi məsələlərə həsr olunmuşdur. Mir Cəlal özünün ilk hekayələrinin mövzusunu
    Azərbaycan xalqının inqilabdan əvvəlki həyatından almış , zəhmetkeşlərin hüquqsuzluğunu , azadlıq
    və sovet hakimiyyəti uğrunda mübarizəni real planda canlandırmışdır. Sosyalizmin qələbəsinin
    möhkəmlənməsi nəticəsində otuzuncu illərdə xalqın inqilabi mübarizə tarixinin qəhrəmanlıq
    səhifələrinə maraq artmışdır. M.S.Ordubadi , Mehdi Hüseyn , Süleyman Rəhimov , Ə. Əbülhəsən
    kimi sənətkarlar həmin dövürdə öz əsərləri ilə bu tələbə cavab verməyə cəhd edirdilər. İnqilab
    ərəfəsində Azərbaycan kəndində müsavatçıların özbaşınalığına qarşı ümumxalq mübarizəsinə həsr
    olunmuş əsərləri arasında “Dirilən adam ” və ” Bir gəncin manifesti ” əsərlərinin xüsusi yeri vardır.
    “Dirilən adam ” da bir ailənin tarixini canlandıran ədib , bədii ümumiləşdirmənin gücü ilə müsavat
    hakimiyyəti illərində Azərbaycan kəndində hökm sürən özbaşınalığı , qanunsuzluğun ictimai
    səbəblərini aça bilmişdir.

    Bu əsərində Mir Cəlal xalqı inqilabi mübarizəyə gətirib çıxarmış dözülməz vəziyyəti
    canladırmağa daha artıq diqqət vermişdir, əsərdə Bəbir bəy deyir : – “Hürriyyətlik dediyin nədir ?
    Özümüzük, lap doğru deyək özümüzük , dana ! Kimi deyirsən yıxım , kimi deyirsən tikim. O bizim
    əlimizdədir “.

    Müsavatçıların xalqa vəd etdikləri azadlığı özbaşınalıq kimi başa düşən Bəbir bəy yoxsul kəndli
    Qədiri davaya göndərəndən sonra , onun ölüm xəbərini çıxardıb , gözəl arvadı Qumrunu almaq ;
    heyvani hisslərini həyata keçirmək üçün istifadə edir . Bəbir bəy o qədər qudurmuşdur ki , min
    müsibətdən sonra kəndə dönən Qədirdən diriliyinə sübut tələb edir. Qədir müxtəlif idarələrin
    qapısını döyür , din xadimlərinin yanına gedir. Axund ona cavab verir ki , Sənin ölməyin məsləhət
    imiş ; Qədirə həmişəlik ölü qalmağı , diriməməyi məsləhət görür . . . Yavaş – yavaş Qədirdə siyasi
    şüur oyanır , həbsxanada bolşevik Qiyasla görüşü gözlərini açır, ədalət və azadlıqdan, bərabərlik və
    qardaşlıqdan danışanların əsil simasını görəndən sonra ruhən ” dirilir “, başa düşür ki, Bəbir bəy
    kimilərinə qarşı mübarizə etmədən diriliyini sübut edə bilməyəcəkdir. “Dirilən adam ” da köhnəlik
    tərəfdarları güclüdürlər.
    Yazıçı sanki onların özbaşınalığını, xalqın başına açdıqları dəhşətli oyunları qabarıqlaşdırmaqla
    belələrinə ixtiyar vermiş quruluşun yaşamaq hüququna malik olmadığı fikrini təlqin etmək
    istəyirdi. Əsərdə ictimai ədalətsizlik, törədənlər bütün çılpaqlığı ilə ifşa olunsalar da, onlara qarşı
    duran qüvvələr zəif idilər, Mir Cəlalın ikinci romanı olan ” Bir gəncin manifesti ” mövzusuna görə
    “Dirilən adam ” la səsləşirdi, amma xarakterlərin reallığı və canlılığı ilə, hərəkət və düşüncə
    tərzlərinin, fikirlərinin ictimai – pisixoloji cəhətdən əsaslandırılması nöqteyi-nəzərindən daha
    mükəmməl sənət əsəri idi. Ədib zəhmətkeşlərin mübarizə əhvali-ruhiyyəsini ilk plana çəkərək bir
    sıra müsbət qəhrəman surətləri yaratmışdır.Əsərdə incidilmiş, təhqir edilmiş Qədir şəhərə şikayət
    üçün gəlirsə, Mərdan mübarizəni davam etdirmək üçün gəlir. Mir Cəlal Mərdan, Bahar, Sona,
    Movlam kişi, Yaqub, Rəhim, Suren, Yəhya kimi surətlərin taleyində inqilabi ideyaların hərəkətverici
    gücünü parlaq boyalarla göstərməyə nail olmuşdur.

    Musavatçılar tərəfindən dar ağacından asılan adsız gəncin surəti heç vaxt yaddan çıxmır.
    Mir Cəlalın hümanizmi, təsvir etdiklərinə aydın münasibəti oxucuda qoluzorlulara nifrət , namuslu
    adamlara , zəhmətkeşlərə məhəbbət hissi oyadır.

    Otuzuncu illərin sonunda yazılmış ” Bir gəncin manifesti ” romanı Azərbaycan sovet ədəbiyyatının
    yaradıcılıq müvəffəqiyyəti kimi qiymətləndirildi. Xalq yazıçısı Mehdi Hüseyn yazmışdır: ” Mir Cəlalın
    “Bir gəncin manifesti ” əsəri otuzuncu illərdə yaranan Azərbaycan romanının ən yüksək mərhələsi dir.”
    —— 1. Mehdi Hüseyn , ” Ədədbiyyat və sənət məsələləri ” , Azərnəşr , 1958 , səh.330
    Mir Cəlalın satirik istedadı ” Açıq kitab ” romanında özünü parlaq surətdə göstərmişdir. O, xalq
    malını dağıdan , hər işdə çəxsi mənfəətini güdən , mənfur əməllərini gizlətmək, üçün namuslu
    adamları ləkələyən və təqib edən Gəldiyevi romanın mərkəzinə qoymuş, ətrafın havasını
    zəhərləyən Gəldiyevin surətini çəkəndə qara boyalarını əsirgəməmişdir. Həyatı, onun kölgəli
    tərəflərini də partiyalılıq mövqeyindən tətqiq edib işıqlandıran ədib inandırırdı ki, Gəldiyev hər
    addımda partiya və hökümət adından danışsa da , özünü xalqa sədaqətli bir adam kimi qələmə
    vermək üşün dəridən çıxsa da , cəmiyyətimizə yad bir ünsürdür, ona ləkədir.

    Müəllif Gəldiyevin məğlubiyyətinin , iflasının labüdlüyünü inandırıcı əsaslandırmış , buna realist
    sənətə xas vasitələrlə nail olmuşdur.

    Mir Cəlalın ” Yaşıdlarım ” romanı Azərbaycan nəsrində Böyük Vətən müharibəsinə həsr edilmiş
    ilk iri həcmli əsərlərdən biri olmuşdur. “Yaşıdlarım” da müəllif müharibə dövrünün real mənzərəsini
    yarada bilmiş , müharibə ərərfəsində ölkəni bürümüş qaynar quruculuq işi kimi , düşmənin hücumu
    ilə yaranan yeni vəziyyəti , davanın gətirdiyi mərhumiyyətləri də qabarıq təsvir etmişdir. Romanda
    ədibi maraqlandıran hədəf çox olsa da, əsas diqqətini Kərimzadənin ailəsi üzərində mərkəzləşdirmişdir.
    Azərbaycan ziyalılarının böyük əksəriyyəti, xalqa sədaqətli xidməti, Sovet hakimiyyətini sevinclə
    qarşılayıb, yeni həyatın fəal qurucuları oldular. Bu ziyalıların tipik nümayəndəsi kimi verilən
    Kərimzadə , altmış illik ömründə çox şey görmüşdür.

    İnqilabın ilk illərində respublikanın ən ucqar rayonlarında məktəblər açan, Kərimzadə eyni zamanda
    fəal bir vətəndaş kimi yeni həyat quruculuğunda yaxından iştirak etmişdir. Xalqa xidmət arzusu ilə
    yaşayan; yorulmadan işlədiyi kimi ,başqalarını; xüsusilə oğul bildiyi Nərimanı da bu ruhda
    böyüdür…

    Mir Cəlal öz qələmini tarixi roman sahəsində də sınamışdır. Xalqımızın yaxın keçmişinə həsr olun-
    muş əsərlər arasında onun ” Yolumuz hayanadır? ” romanı xüsusi əhəmiyyətə malikdir.
    XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikrinin böyük nümayəndəsi M.Ə.Sabir təkcə istedadlı şair
    deyil , həm də mətin , mübariz vətəndaş olmuşdur. Ona görə də təbiidir ki , özü haqqında
    “bənzərəm bir qocaman dağa ” deyən böyük satirikin şəxsiyyəti bir çox sənətkarların diqqətini
    cəlb etmişdir. Romanda Sabiri öz mühitində verən ədib , əsasən ziyalıların timsalında xalqın ən
    yaxşı oğullarının bolşeviklər partiyası , xalq azadlığı cəbhəsində durduqlarını inandırıcı göstərmişdir.
    “Yolumuz hayanadır ? ” romanı çap edildikdən sonra müəyyən mübahisələr doğurmuşdur. Haqlı
    olaraq göstərildiyi kimi , əsərin başlıca nöqsanı Sabirin arzu və əməllərinin , çıxışlarının həddindən
    artıq dərəcədə müasirləşdirilməsidir… Əsər üzərində məhəbbətlə işləyən ədib Sabiri böyük
    sənətkar , qabaqcıl vətəndaş , gözəl insan kimi göstərməyə müvəffəq olmuşdur.

    Mir Cəlal dilinin sadəliyi və aydınlığı , yığcamlığı və axıcılığı, ilə tanınan yazıçılardandır. Mir Cəlal
    sözə, insanın təfəkkür və hissinin , mədəni səviyyəsinin , hadisələrə münasibətinin ifadəsi kimi baxır.
    Yazıçının dilinin aydınlığı müdafiə etdiyi ideyanın aydınlığı ilə eyniləşirdi.

    Mir Cəlalın əsərlərinin , xüsusilə kiçik hekayələrinin böyük müvəffəqiyyətinin sirri də bundadır.
    A. S. Puşkin yazırdı ki , dəqiqlik və qısalıq nəsrin ümdə ləyaqətidir,nəsr fikir və yenə də fikir
    tələb edir, bunsuz gözəl ifadə heç nəyə dəyməz. “Mir Cəlalın üslubunun orjinallığı onun ümumi
    xalq dili xəzinəsinə bələdliyi , ondan özünə məxsus yolla bəhrələnməsi nəticəsində yaranır. O , dilin
    sadəliyi , xəlqiliyi , dəqiqliyi uğrunda ardıcıl mübarizə aparan ədiblərdəndir”…

    Yığcamlıq Mir Cəlalın başlıca üslub xüsusiyyətlərindən biridir. Bu cəhət özünü sujetin inkişafında ,
    surətlərin səciyyələndirilməsində , təbiət təsvirlərindən istifadədə , özünü göstərir. Yazıçının təkcə
    hekayələrində deyil , romanlarında da geniş , hərtərəfli psixoloji təhlilə, rast gəlinir. Ədib dildən
    bacarıqla , düşünülmüş istifadə ilə bu çətin sənətkarlıq vəzifəsinin öhdəsindən gəlir.

    Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatı , onun Cəlil Məmmədquluzadə , M .Ə. Sabir,
    N. Nərimanov , Ə. Haqverdiyev , A. Səhhət kimi görkəmli nümayəndələrinin yaradıcılığına aid qiymətli
    və geniş tədqiqat əsərlərinin müəllifidir.

    Böyük Vətən müharibəsi dövründə iki cildlik , ondan sonrakı son dövrdə isə üç cildlik Azərbaycan
    ədəbiyyatı tarixinin yaradılmasında müəllif və redaktor kimi böyük xidmətləri olmuşdur.
    Mir Cəlal Paşayev otuzuncu illərdə N. B. Vəzirov , Ə. Haqverdiyev , N. Nərimanov kimi sənətkarların
    ilk mükəmməl külliyatlarını çapa hazırlanmışdır.

    Uzun illər Mir Cəlal Paşayev C. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin professoru
    Azərbaycan ədəbiyyatı kafedrasının rəhbəri olmuşdur. Respublikada onun sadəcə Mir Cəlal müəllim
    kimi tanınması da təsadüfi deyildir. Ali təhsilli ədəbiyyat müəllimlərinin , elmi işçilərin hazırlanma-
    sında onun böyük əməyi olmuşdur. Partiya və hökümət Mir Cəlal Paşayevin ədəbi-pedaqoji fəaliy-
    yətini yüksək qiymətləndirmiş , dəfələrlə onu orden və medallarla təltif etmişdir.

    Mir Cəlal XX əsr Azərbaycan ədəbiyyatı , mədəniyyəti və elmi tarixində şöhrət tapmış parlaq şəxsiy-
    yətlərdən biridir. O , yetmiş illik ömrünün tam yarım əsrini çətin , lakin mənalı və şərəfli bədii , elmi
    və pedaqoji yaradıcılıq işinə həsr etmişdir. Böyük uğurlarla nəticələnən bu çoxşaxəli sahələrin hər
    üçü yanaşı inkişafda bir- birini tamamlayıb zənginləşdirmiş və dolğunlaşdırmışdır . Mir Cəlalın elmi
    məntiqi bədii ilhamına , həyata sənətkar baxışına , estetik duyğu- düşüncələr sisteminə uyğun gəlir-
    di , birlik potensialı , zəka və təfəkkür işığı sənətini təbii məcəraya yönəltməyə kömək edirdi .
    O , milli şifahi ədəbiyyatın , klassik və müasir bədii nəsrin ən yaxşı ənənələri əsasında yetişib ,
    mahir hekayə ustası və romançı kimi yüksəlmişdir . M.Cəlalın, güldürə – güldürə düşündürən
    onlarla hekayə , novella və romanları , ədəbiyyatımızın qızıl fonduna düşmüşdür.

    Gərəkli dərs vəsaitləri , aktual problemlərə dair maraqlı məqalə , çıxış , oçerk və publisist yazıları
    geniş istifadə olunan faydalı və etibarlı mənbələrdir.

    Mir Cəlal ( Cəlal Əli oğlu Paşayev ) 1908 – ci il aprelin 26 – da Cənubi Azərbaycanın Ərdəbil
    kəndində anadan olmuşdur . Lakin sonralar Gəncə şəhərinə gəlmiş , ibtidai təhsilini burada almış ,
    uşaqlıq və ilk gənclik illərini burada keçirmişdir . 1924 – 1928 – ci illərdə Gəncə Darülmüəllimində
    oxumuş , qurtaranda Gədəbəy yeddillik məktəbinə müəllim göndərilmişdir . 1929 – 1930 – cu illər –
    də 1 saylı Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışmışdır . 1930 – 1931 – ci illərdə Kazan
    Pedaqoji institunun dil – ədəbiyyat fakültəsində oxumuş , 1932 – ci ildə Bakıya qayıdaraq Azər-
    baycan Dövlət Elmi Tədqiqat institunun aspiranturasında təhsilini davam etdirmiş , “Komunist ” və
    “Gənc işci ” qəzetlərində işləmişdir . 1933 – cü ildə SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin
    ictimai elmlər bölməsinə elmi işçi götürülmüşdür , 1936 – 1941 – ci illərdə Pedaqoji İnstitutda və
    Dövlət Universitetində müəllimlik etmişdir . 1940 – cı ildə “Füzulinin poetik xüsusiyyətləri ” tədqi –
    qatına görə filologiya elmləri namizədi , 1947 – ci ildə isə “Azərbaycanda ədəbi məktəblər ( 1905 –
    1917 ) ” əsərinə görə filologiya elmləri doktoru adına layiq görülmüşdür . Yazıçılıq , alimlik , müəl-
    limlik sənətini yanaşı – əlaqəli davam etdirərək uzun müddət respublika Elmlər Akademiyası Nizami
    adına ədəbiyyat və Dil İnstitutunda şöbə müdiri , 1961 – ci ildən ömrünün sonuna kimi Azərbaycan
    Dövlət Universitetində kafedra müdiri və müəllim işləmişdir . O , Füzuli irsinin sovet dövründə ilk
    gözəl tədqiqatçılarından biri , XX əsr Azərbaycan ədəbiyyatının görkəmli mütəxəssisi , müasir ədəbi
    proseslə ciddi maraqlanan nüfuzlu alim , respublikanın əməkdar elm xadimi , milli kadırların hazır –
    lanması , gənc nəslin yetişməsi və təlim – tərbiyəsi sahəsində böyük əməyi olan istedadlı pedaqoq
    idi . Mir Cəlal 1978 – ci il sentyabrın 28 – də vəfat etmişdir.

    Ədəbiyyata 20 – ci illərin axırlarında şerlə gələn Mir Cəlalın bədii istedadı nəsr növündə parlamış-
    dır . İlk hekayə və oçerklər 1930 – cu ildə çap olunmuşdur. Lakin Mir Cəlalın ədəbi fəaliyyəti üçün
    hekayə və roman janırları əsas olmuşdur . O , hər şeydən əvvəl , mahir hekayə ustasıdır . Sovet
    dövrü Azərbaycan ədəbiyyatında hekayə janrının, inkişafında böyük xidmətlər göstərmişdir . İnsanda
    sağlam duyğular, xoş arzu – ümidlər oyadan gerçəkliyə baxışa həqiqət işığı , tənqidi ruh və ayıqlıq
    hissi gətirən , haqsızlığa, nöqsan , eybəcərlik və mənfiliyə qarşı mübarizə keyfiyyəti aşılayan bədii
    gülüş ədibin yaradıcılığının mühüm tərkib hissəsidir. 30 – cu illərdə ədəbiyyatda “Mirzə”, “Həkim
    Cinayətov”, “Mərkəz adamı”, “Kağızlar aləmi ” , ” Təzə toyun nəzakət qaydaları”, “Bostan oğrusu” ,
    “Kələntərovlar ailəsi ” , “Anket Anketov ” tipli dəyərli hekayələr gətirmiş Mir Cəllal tənqid oxunu
    hədədfə qarşı cəsarətlə yönəldə bilirdi . Özünə məxsus realist qələmilə savadsız mirzələri,
    başgirləyən müəllimləri, cinayətkar həkimləri, “mərkəz adamı” Əntərzadələri , arvad alıb boşamaqla
    varlanan Balaxanları, mənəviyyatca pozulub “murdar cənazə” yə çevrilən Səadət xanımları,
    “nəzakət” pərdəsi altında çirkin simalarını gizlədənləri , bürokrat Anket Anketovları rüsvay edib,
    oxucuya tanıdırdı.

    Mənfi ehtirasların təsiri ilə biri digərindən qisas almağa can atan qardaşlar da , “dəm – dəsgah hə-
    risi ” və əsiri ər – arvadlar da müəllifin diqqətindən yayınmırdı . Onun gülüşə böyük əhəmiyyət ver-
    diyi , komik duyğu və incə idrak qabiliyyəti ilk hekayəsindən ( “Müəllim , “Qızıl Gəncə ” , 1930 №3)
    başlayaraq getdikcə güclənmişdir. “Kağızlar aləmi ” və “Anket Anketov ” da bürokratik iş üsulu və
    düşüncə tərzi tənqid – ifşa obyekti ” iş qovluqlarının səyyar kölgələri “kimi baxan, hər kəsin
    tərcümeyi – halında “əmma” tapıb onu özündən asılı etmək istəyən Anket Anketov tipi kimi
    ümumiləşdirilmişdir.

    Yumoristik və satirik əsərlərində lirika olduğu kimi , lirik əsərlərində də çox vaxt mənalı gülüş ,
    tənqidi ruh vardır , ” Qonaqpərəst ” , “Dost görüşü ” , “Vicdan əzabı ” və “Müalicə” dən ibarət
    “Həkim hekayələri ” (1938 – 1939 ) silsiləsində yazıçı yalnız mənəviyyatca yox , fiziki cəhətdən də
    sağlam adamlar yetişdirməyi vacib sayır , bədii əyaniliklə zərərli vərdiş , yalnız etiqad və əxlaqi
    naqislik hallarına qarşı çıxırdı . O , bəzən sərt , kəskin , bəzən də mülayim – yumşaq , ayıldıcı – saflaş-
    dırıcı gülüşə arxalanırdısa , bəzən də lirik – psixoloji motiv və məqamlara üstünlük verirdi .
    Mir Cəlal ədəbiyyata ” yeniləşən insan ” surətləri də gətirdi . Əməkçi insanın , xüsusən Azərbay-
    can qadınının taleyi , fikri – mənəvi təkamülü ədibi ciddi düşündürən problem idi . Bu baxımdan
    “Dərgah qızı ” , “Gözün aydın ” , “Badamın ləzzəti ” , “Nanənin hünəri ” forma və məzmun
    xüsusiyyətləri , bədii detalları , müqayisə və təsvirləri ilə cazibəli hekayələrdi . Amma onlar əsasən
    sovet ideologiyası , sosialist varlığının tələb və vəzifələri mövqeyindən qələmə alınmışdı . Qadının
    yenilik axtarışları , hüququ uğrunda mübarizə cəhdləri , şəxsi – ictimai təşəbbüskarlığı sosial mühit
    və amillərin təsiri , yeni əlaqə və münasibətlərin nəticəsi kimi ümumiləşdirilmişdi.

    1941- 1945 – ci illər müharibəsi dövründə Mir Cəlal daha da fəallaşdı , “Yollar” , “Anaların üsyanı”
    “Vətən yaraları ” , “Şərbət ” , “Mərcan nənə ” , “Havalı adam ” , “Silah qardaşları” kimi çoxlu
    hekayələr yazdı . Bunların bəzisində səfərbərlik ruhu və cəbhəyə yollanmaq əzmi əks etdirilirdisə ,
    digər qismində faşizmə qarşı mübarizəyə qalxan döyüşçü surəti yaratmağa nail olmuşdur. Söz yox
    ki , Mir Cəlal bütün ölkəni Vətən kimi qəbul edir , onun müxtəlif milli tərkibli ordusuna ümid-
    lər bəsləyirdi . Ona görə əsgərin həm fiziki həm də mənəvi qüdrəti , onu mübarizəyə çəkən amillər
    araşdırılırdı . ” Vətən yaraları ” o zaman böyük rəğbətlə qarşılandı , döyüşçülərin , oxucuların əlin-
    dən düşməyən bir əsər oldu.

    Mir Cəlal hərbi – vətənpərvərlik mövzusunda yazdığı kimi , arxa cəbhə adamlarından , onların iş , arzu
    və qayğılarından , sevinc və kədərindən də həssaslıqla yazırdı. O , hekayələrində həzin lirikaya , bədii
    gülüşə də müraciət edirdi . Həyatla ölümün təzadından təsirli səhnələr də yaradırdı . “Anaların
    üsyanı ” nda coşqun publisistika ilə təsirli lirika uyuşub birləşirsə , “Xəbər – ətərsiz ” də həm
    konkret hiss, həzin ahəng, incə ruh, ” Çəkmə ” , “Ər və arvad ” əsərləri isə mənalı yumor və satira
    xüsusiyyətləri ilə seçilirdi…

    Müharibədən sonrakı illərdə Mir Cəlal həyatın müxtəlif sahələrinə müraciət edir , seçdiyi mövzuları
    işləyib bədii şəklə salmağa can atırdı . “Od içindən çıxanlar ” (1945 ) silsilə hekayələrində gözləri
    dəhşətlər görmüş insanlar haqqında söhbət açır , onların fədakarlığını, arzu və məqsədlərini
    işıqlandırırdı. Digər bir sıra hekayələrində isə müharibə siyasətini pisləmək, xalqın zülmə, əsartə,
    haqsızlığa qarşı , sülh və azadlıq uğrunda mübarizəyə çağırışı diqqət mərkəzində dururdu.
    Bu əsərlər içərisində “Badam ağacları” xususilə seçilir və nəsrimizin qiymətli nümunəsi kimi
    diqqəti cəlb edir . Real fakt , mənalı təffərüat və canlı xarakter vasitəsilə, təbii əks olunmuş hadisə və
    vəziyyət əsasında müstəmləkə siyasətinin mahiyyəti açılırdı . Ədibin realist üslubunu, əlvanlaşdıran bir
    kefiyyət burada da gözlənilirdi . Həyat faktının, ictimai hadisənin, mənəvi – psixoloji ovqatın, ideya -bədii
    məzmunun tələbi ilə əlaqədar hekayələrində incə lirikada, kəskin satira; müəllim – şagird – tələbə
    münasibətləri əsas yer tuturdu. Ağıllı, namuslu, mərd övlad, həqiqi vətəndaş böyütmək haqqında
    düşünən , zəhmət çəkən , yollar axtaran ata – anaları, baba – nənələri, müəllim – tərbiyəçiləri sənətkar
    məharətlə təsvir edir, çox vaxt onların yaddaqalan maraqlı surətlərini yaradırdı . Tərbiyə məsələlərində
    çalışırdı ki , quru nəsihətçiliyə uymasın, həyati müşahidələrə, həssas müəllim – yazıçı duyğu və
    düşüncələrinə əsaslansın.

    “Əsgər oğlu “, “Ulduz “, “Plovdan sonra “, “Elçinlər qayıtdı “, “Nazik mətləb “, “Naxış “, “Vicdan
    mühakiməsi ” , “Müdafiə vəkili ” və . s . belə hekayələr idi .

    İnsan həyatını və təbiətini gözəl görmək Mir Cəlalın ictimai – estetik ideallarının özəyini təşkil edir,
    mənfiliyə qarşı mübarizə zərurətini də əsaslandırırdı. ” Səyyah xanım ” , “Xarici naxoşluq ” , “Dil və
    əməl ” , “Heykəl uçulanda” , “Rola girib” , “Oyana baxan ” , ” Məhəbbət , yaxud qəlp pul ” ,
    “Hesap dostları ” , “Neçə cür salam var ” , “Möhür və məhəbbət ” hekayələrində , adlarından da
    göründüyü kimi , müəllifi daha çox həyatın neqativ halları düşündürürdü.

    Müsbət idealları belə məqamlarda əsasən tənqidi münasibət vasitəsilə verirdi.

    Yazıçının məsələyə konkret baxışı , satira və yumora müraciəti obyektin dərki , məzmun və mahiy-
    yəti ilə üzvi şəkildə bağlanırdı . Bir çox hallarda qarşılaşdırma üsulundan , bədii təzad və ziddiyət-
    lərdən məharətlə istifadə edilirdi. Təsadüfi deyil ki, akademik Məmməd Arif Mir Cəlalın əsərlərindən
    aldığı xoş , güclü , unudulmaz təəssüratın başlıca səbəbini , hər şeydən əvvəl , onun üslubundakı
    səmimiyyət , sadəlik və təbiiliklə bağlayır , bu cəhəti ən yaxşı yazıçılara xas keyfiyyət kimi yüksək
    qiymətləndirirdi”.

    “Mir Cəlal uzunçuluğu , sözçülüyü xoşlamır , yığcam , konkret və təbii yazırdı . Bu , onun üslub xüsu-
    siyyəti idi . Bütün bunları başqalarına da tövsiyə edir , imkan düşdükcə öyrədir , müzakirə və redak-
    tə zamanı köməyini əsirgəmirdi.

    1941 – ci ildə tamamlanan , lakin müharibə başladığı üçün 1944 – cü ildə ( “Vətən uğrunda “, № 2,3,
    4-5 ) çap olunan “Açıq kitab müəllifin nisbətin az öyrənilmiş , müasir mövzulu ilk romanıdır . Əsərin
    süjeti bilavasitə ziyalı mühiti , məktəb həyatı ilə bağlansa da , o sahə ilə məhdudlaşmır , 30 – cu illərin
    mürəkkəb hadisələrindən də bəhs olunur . Dövrün bir sıra nöqsan və mənfilikləri cəsarətlə açıqlanırdı. O
    zaman haqqında müxtəlif mülahizələr söyləyən kitab həm yüksək qiymətləndirildi , həm də kəskin tənqid
    olundu. Bəziləri onu “həqiqətin üzünə dik baxan əsər “, Mir Cəlalı “ədəbiyyata həyat gətirən yazıçı”
    adlandırır , bəziləri də “Açıq kitab ” a başqa cür yanaşır , müəllifi həyat həqiqətini təhrif etməkdə, varlığı
    birtərəfli qələmə almaqda, zəif və sönük əsər yazmaqda günahlandırılırdı.

    İllər keçdi , “Açıq kitab” həqiqəti əsasən inandırıcı və düzgün canlandırdığı üçün yaşadı , ədəbiyyatımızın
    tarixinə qüvvətli realist əsər kimi daxil oldu. Əsərdə bir çox mənfi xüsusiyyətlər, neqativ hallar,
    xoşbəxtliyi başqasının bədbəxtliyi üzərində qurmaq ehtirası Kərim Gəldiyevin simasında
    məharətlə tənqid və nifrət hədəfinə çevrilmişdir.

    Əsərdə Gədiyevin düşdüyü mühit də, ona havadar çıxanlar da real boyalarla verilir . Əvvələr
    törətdiyi cinayətlərin üstü açılacagını görüb, “oxumaq” niyyəti ilə o , rayondan şəhərə qaçmış,
    instituta girmişdir əməllərini başqa şəraitdə, təzə “dostlar” və tanışlar əhatəsində davam etdirir.
    Bu onu göstərir ki, gəldiyevlər hələ ölməmişlər, zaman düşən kimi imkan tapıb təzədən cücərə
    bilərlər . Belələrinə qarşı ayıq – sayıq olmaq lazımdır . Bu, oxucuya hazır təqdim edilmiş mülahizə
    deyil, hadisə və vəziyyətlərin inkişafı sənətkar qələmi ilə əsaslandırılan bir həqiqətdir .
    Mir Cəlalın yaradıcılığında başlıca tədqiq obyekti , hər şeydən əvvəl insandır, onun mənəvi
    dünyası, həyatı, mübarizə və fəaliyyətidir .İnandırıcı surətlər, xarakterlər yaratmaq tələbi səsnətkar
    Mir Cəlalı da daim ciddi düşündürmüş və əksər hallarda o, məqsədinə nail olmuşdur. Müəllifin
    canlandırdığı surətlər bir – birinə oxşamır.

    Elə hadisə və surətlər qələmə alırdı ki , onlar oxucunu düşündürüb , mənəviyyatca saflaşdırır ,
    düzgün istiqamətləndirir , məhəbbət və nifrət duyğuları ilə zənginləşdirirdi . “Əsgər oğlu “, “Ulduz “,
    “Plovdan sonra “, “Elçinlər qayıtdı” , “Nazik mətləb” , “Naxış”, “Vicdan mühakiməsi” “Müdafiə
    vəkili” və . s. belə hekayələr idi.

    İnsan həyatını və təbiətini gözəl görmək Mir Cəlalın ictimai – estetik ideallarının əsasını təşkil
    edir. “Səyyah xanım ” , “Xarici naxoşluq ” , “Dil və əməl “, “Heykəl uçulanda”, “Rola girib “, “Oyana
    baxan “, “Məhəbbət, yaxud qəlp pul “, “Hesap dostları “, “Neçə cür salam var “, “Möhür və
    “Məhəbbət”” hekayələrində, adlarından da göründüyü kimi , müəllifi daha çox həyatın neqativ
    halları, mənfilik və eybəcərliyin müxtəlif təzahürləri narahat edir. Müsbət ideal belə məqamlarda
    əsasən tənqidi münasibət vasitəsilə verirdi.

    Yazıçının məsələyə konkret baxışı, satira və yumora müraciəti obyektin dərki , məzmun və
    mahiyyəti ilə üzvi şəkildə bağlanırdı . Bir çox hallarda qarşılaşdırma üsulundan , bədii təzad və
    ziddiyətlərdən məharətlə istifadə edilirdi. Mir Cəlalın müxtəlif səciyyəli çoxlu hekayələri içərisində
    realizimi səthi olanları da var . Amma ədib çox zaman çalışırdı ki , dərinə nüfuz etsin, ziddiyətləri
    araşdıranda dolaşıq və dumanlı təsvirlərə uymasın.

    Mir Cəlal uzunçuluğu, sözçülüyü xoşlamır, yığcam, konkret və təbii yazırdı. Bu, onun üslub
    xüsusiyyəti idi. Bütün bunları başqalarına da tövsiyə edir, imkan düşdükcə öyrədir, müzakirə və
    redaktə zamanı köməyini əsirgəmirdi.

    Mir Cəlal həm də istedadlı romançı idi ; buna misal olaraq “Dirilən adam ” ( 1934 – 1935 ) , “Bir
    gəncin manifesti” (1939), “Açıq kitab ” (1941), “Yaşıdlarım ” (1946 – 1952), “Təzə şəhər” (1948-
    1950), “Yolumuz hayanadır ” ( 1952 – 1957 ) və sairə romanlar, misal göstərmək olar .
    Azərbaycan romanının inkişafında , məzmun və formaca zənginləşməsində onun xidmətləri
    az olmamışdır. Romanlarından üçünün mövzusu keçmiş, üçününkü isə müasir həyatdan
    alınmışdır.

    Maraqlı süjet qurmaq, hadisələri və obrazları təbii məcrada qələmə almaq, mətləbi yığcam,
    konkret formada ifadə etmək bacarığı bu əsərlərin hər birində özünü göstərir.

    Müşahidə dəqiqliyi və dərinliyi, həyat hadisələrinə yaxından bələdliyi, insan psixologiyasını yaxşı
    duyması və bilməsi ədibin sənətini səciyyələndirən xüsusiyyətlərdəndi .

    1941 – ci ildə tamamlanan , lakin müharibə başladığı üçün 1944 – cü ildə (“Vətən uğrunda”, №2,3,
    4-5 ) çap olunan “Açıq kitab” müəllifin nisbətin az öyrənilmiş, müasir mövzulu ilk romanıdır. Əsərin
    süjeti bilavasitə ziyalı mühiti, məktəb həyatı ilə bağlansa da, o sahə ilə məhdudlaşmır, 30 – cu illərin
    mürəkkəb hadisələrindən də bəhs olunur . Dövrün bir sıra nöqsan və mənfilikləri cəsarətlə
    açıqlanır, surətlərin ictimai xarakteri dürüst müəyyənləşdirilirdi.

    Əsər haqqında müxtəlif mülahizələr söyləyənilir həm yüksək qiymətləndirilir, həm də
    kəskin tənqid olundu. Bəziləri onu “həqiqətin üzünə dik baxan əsər”, Mir Cəlalı “ədəbiyyata həyat
    gətirən yazıçı” adlandırır, bəziləri də “Açıq kitab ” a başqa cür yanaşır , müəllifi həyat həqiqətini
    təhrif etməkdə, varlığı birtərəfli qələmə almaqda, mütərəqqi realist ənənələrdən uzaqlaşmaqda, zəif
    və sönük əsər yazmaqda günahlandırırdı. İllər keçdi, “Açıq kitab” həqiqəti əsasən inandırıcı və
    düzgün canlandırdığı üçün yaşadı, ədəbiyyatımızın tarixinə qüvvətli realist əsər kimi daxil oldu.
    Çünki doğurdan da “Mir Cəlal həmin əsərində həyata və həqiqətə sadiq yazıçı, insan psixologiyasını
    dərindən bilən, onu təsvir və təmkinlə əks etdirən, müasir varlığı dərin məhəbbətlə sevən
    sənətkar kimi dəyərləndirilmişdir.

    “Açıq kitab“ satirik roman olsa da, lirik və dramatik məqamları az deyil. Mir Cəlal həyatı əks etdirdiyi,
    həyatın təzadlarını açdığı, insan münasibətlərinin konkret və şərait daxilindəki xarakterini, açıb
    göstərmişdir. Bir çox mənfi xüsusiyyətlər, neqativ hallar, xoşbəxtliyi başqasının bədbəxtliyi üzərində
    qurmaq ehtirası Kərim Gəldiyevin simasında məharətlə tənqid və nifrət hədəfinə çevrilmişdir.
    Obrazın “ … əzməsən əziləcəksən, ayaqlamasan ayaqlanacaqsan .. Güzəran, mənsəb cəhənnəmin
    təkində də olsa enməyi bacar ! “ kimi “ həyat fəsəfi “ var ki , onun hər şeyə varlığa, ailəyə, qadına,
    dosta, yoldaşa, münasibəti də ordan qidalanır. Özünə rahat güzəran yaratmaq üçün heç nədən
    əl çəkməyən tipik fəaliyyətinin əsas istiqamət və mahiyyətini yalan danışmaq, böhtan atmaq,
    hədə-qorxu gəlmək, tor qurmaq, satqınlıq və xəyanət etmək kimi xüsusiyyətlər təşkil edir.
    Romanda Gədiyevin düşdüyü mühit də, ona havadar çıxanlar da real boyalarla verilir. Əvvələr
    törətdiyi cinayətlərin üstü açılacagını görüb, “oxumaq“ niyyəti ilə o, rayondan şəhərə qaçmış, instituta
    girmişdir. İndi əməllərini başqa şəraitdə, təzə “dostlar“ və tanışlar əhatəsində davam və inkişaf etdirir.
    Gəldiyev, təhlükəli və zərərli varlıqdır.

    Bu o deməkdir ki, gəldiyevlər hələ ölməmişlər, “münbit“ zaman düşən kimi imkan tapıb təzədən
    cücərə bilərlər. Belələrinə qarşı ayıq – sayıq olmaq lazımdır. Bu, oxucuya hazır təqdim
    edilmiş mülahizə deyil, hadisə və vəziyyətlərin inkişafı məntiqindən təbii yolla çıxarılan, sənətkar
    qələmi ilə əsaslandırılan bir həqiqətdir.

    Mir Cəlalın yaradıcılığında başlıca tədqiq obyekti, hər şeydən əvvəl insandır, onun mənəvi dünyası,
    fikri – hissi həyatı, mübarizə və fəaliyyətidir. İnandırıcı surətlər, xarakterlər yaratmaq tələbi
    sənətkar Mir Cəlalı daim ciddi düşündürmüş və əksər hallarda o, məqsədinə nail olmuşdur.
    Müəllifin realist qələmlə canlandırdığı surətlər bir – birinə oxşamır. Hərəsinin öz daxili aləmi,
    həyata öz baxışı, öz təfəkkür tərzi , orijinal xarakteri, bu xarakteri fərdiləşdirən və ümumiləşdirən
    keyfiyyətləri var.

    Mir Cəlal əsərlərində süjet inkişafını ləngidən təsərrüfatlardan qaçmağa cəh edir, hadisə və
    mətləbin məğzini təşkil edənləri ön plana çəkir, fikri bədii məqsədəuyğun, bəzən ciddi, bəzən də
    yumoristik tərzdə oxucuya çatdırmağa diqqət yetirirdi. İstəyirdi ki, yaratdığı obrazların fəaliyyəti,
    şəxsi, ictimai taleyi, həyat yolu, daxili aləmi, fərdi psixologiyası açılsın: onlar münasib bədii cizgi və
    vasitələrlə səciyələnsin.

    Ədibin əlvan, zəngin sənət yolunda yadda qalan surətlər az deyil. Bəbir bəy, Qədir, Qumru
    ( “Dirilən adam“ ), Mərdan, Bahar, Sona, Hacı İbrahim Cəlil (“Bir gəncin manifesti“) Vahid, Sadıq kişi,
    Kərim Gəldiyev, Rübabə (“Açıq kitab“), Kərimzadə Səlim, Nəriman (“Yaşıdlarım“), Yunis, (“Təzə
    şəhər“ ), Sabir, Əntiqə, Bəndalı (“Yolumuz hayanadı “) və başqaları həmin yolla yaradılmışdır.
    Mir Cəlalın əsas hekayə və romanları həyati problemlər qaldıran, mənəvi əxlaqi və klassik
    bədii irsin bir çox qabaqcıl, realist ənənələrinin Mir Cəlal yaradıcılığında yeni məzmun və formada
    yaşaması, inkişaf etməsi təsadüfi deyil. Çünki Mir Cəlal irsdən faydalanarkən məsələyə heç vaxt
    formal yanaşmamış, zahiri təsirə qapılmamış, həqiqi sənətə məxsus yol tutmuş, orijinal yazıçı kimi
    hərəkət etmişdir. O, özünu həmin əsərlərin ideya – bədii keyfiyyətlərində, hadisələrə sağlam müəllif
    baxışında, obyektiv qiymət və təsvirlərdə göstərmişdir.

    Mir Cəlalın əsas hekayə və romanları həyati problemləri mənəvi əxlaqi və klassik irsin bir çox qabaqcıl,
    ənənələrinin ir Cəlal yaradıcılığında yeni məzmun və formada yaşaması, inkişaf etməsi təsadüfi deyil.
    Çünki Mir Cəlal irsdən faydalanarkən məsələyə heç vaxt formal yanaşmamış, zahiri təsirə qapılmamış,
    həqiqi sənətə məxsus yol tutmuş, orijinal yazıçı kimi hərəkət etmişdir…

    M. C.Paşayevin əsərləri indi də sevilə-sevilə oxunur, müasirlərimiz tərəfindən adı ehtiramla çəkilir.

    AMEA Ədəbiyyat İnstitutu XX əsr şöbəsi Rəsulova Ədalət

  • Yunus Oğuzun “Ovçu” romanı Türkiyədə çap edilib

    Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz yaradıcılığında daha bir uğura imza atıb. “OLAYLAR” xəbər verir ki, qardaş ölkə Türkiyədə yazıçının daha bir romanı Türkiyə türkcəsinə uyğunlaşdırılıb. Belə ki, Yunus Oğuzun “Ovçu” romanı Turkiyədə türk dilində çapdan çıxıb. Kitab Türkiyədəki Cahan yayıçı Erol Cahangir nəşriyyatı tərəfindən çap edilib.

    Qeyd edək ki, Yunus Oğuzun “Ovçu” romanı 2016-cı ilin aprel döyüşlərinə həsr olunub.

    Mənbə: olaylar.az

  • Rafiq ODAY.”XATİRƏLƏR–YADDAŞIN SOLMAYAN ÇİÇƏKLƏRİ”

    Teyyub Ağazadəni uzun müddətdir ki, tanıyıram. Əvvəllər tez-tez görüşər, ədəbi söhbətlər edər, müzakirələr aparardıq. Maraqlı insandır, yaxşı həmsöhbətdir. Eyni zamanda da çox mədəni, abrına sığınan, hər şeyin yerini bilən, danışmağın gümüş, susmağın qızıl olduğunu, məqamı gələndə bunların yerinin dəyişilməsinə ehtiyac duyulduğunu dərindən anlayan, ən əsası isə qazandığı etibarı bu gün də qoruyub saxlayan kişilərdəndi. İndinin özündə də – baxmayaraq ki, işin-gücün çoxluğundan çox məsələlər arxa plana keçib – Teyyub müəllim yenə də heç olmasa həftədə bir dəfə (ya altıncı, ya bazar günü) mənə baş çəkər, istirahət günlərində də işlədiyimi nəzərə alaraq, vaxt baxımından maneçilik olmasın deyə, hal-əhval tutaraq geri qayıdar.
    Öncəlliklə deyim ki, hazırkı yazarlar bolluğunda, aranın qarışıb, dəftərin itdiyi bir vaxtda Teyyub Ağazadənin imzası imzalar içində seçilir. Bununla belə şairlik iddiasında olmadığını bəyan edir və bu səbəbdən də dərc etdirdiyi kitabların heç birinə təqdimat keçirməyib. Amma 50 illik yubileyində iştirak etmişəm. Orada da əsas etibarilə dostları, tələbə yoldaşları, yaxınları, əzizləri olub. Onu da deyim ki, Teyyub Ağazadənin bir çoxlarına nisbətdə tədbirlər, təqdimatlar keçirməyə daha çox haqqı var. Bu vaxta qədər mən Teyyub Ağazadənin iki şeirlər kitabına – “Ömrün təzadları” və “Ömrün də öz köç vaxtı var” kitablarına redaktorluq etmişəm, həmçinin birincisinə “Saflıq və həqiqət carçısı” başlıqlı ön söz də yazmışam.
    İndi də gələk publisistikasına. Etiraf edim ki, Teyyub Ağazadənin yaxşı publisistik qələmi var. Və bu kitab Teyyub Ağazadənin üçüncü publisistik kitabıdır. “Ziyarətim… Qənaətim…” adlanan və Kərbəla ziyarəti ilə bağlı xatirələri yer alan birinci kitabına həm redaktorluq etmişəm, həm də “Ziyarət – mənəvi saflığa aparan yol” başlıqlı ön söz yazmışam. Dilinə, yazı üslubuna, yanaşma tərzinə bələd olduğum üçün bu dəfə də “Bir kəndin nağılı” kitabına ön söz yazmaq xahişi ilə müraciət edəndə etiraz etmədim, daha doğrusu məmnuniyyətlə razı oldum. Əlyazmalarını (kompüter variantı) diqqətlə nəzərdən keçirdim. Elə ilk səhifələrdən diqqətimi çəkdi və belə olmasına çox sevindim. Çünki ön sözü rahatçılıqla yaza biləcəkdim – şişirtməsiz, saxta tərifsiz, filansız.
    Burada bir haşiyə çıxım. Demək, bu günə qədər ən azından yüz qələm adamının kitabına ön yazmış, yaradıcılığını təhlil etmişəm. Onların arasında içimdən gələn sevgi ilə yazdığım yazılar çoxdu. Amma istəmədiyim halda, məcbur edilərək, üzdən salınaraq yazdığım yazılar da yox deyil. Təbii ki, belə məqamlarda insanın nə çəkdiyini bir özü bilir, bir də Allahı. Bir çətinlik və problem də ondadır ki, ümumiyyətlə, zəif qələm sahiblərinin iddiası həmişə böyük olur. Və hünərin var onların yaradıcılığı haqqında tənqidi nəsə söylə… Tənqid nədi, heç irad belə bildirə bilməzsən. Səni “kənddən çıxararlar”.
    Nə isə qayıdaq əsas mətləbə. Onu deyim ki, kitabı maraqla oxudum. Bəs bu kitabı maraqlı edən cəhət nədən ibarətdir. İstəyirəm bir az bu məsələyə toxunum.
    Əvvala kitabın yazılma üslubu maraqlıdır. Kitab Teyyub Ağazadənin özünün uşaqlıq və gənclik xatirələri üzərində qurulduğundan zaman baxımından geniş bir dövrü əhatə edir. Təbii ki, bu illər ərzində çox hadisələr, diqqətçəkən məqamlar gerçəkləşib və Teyyub Ağazadənin yaddaşına həkk olunub. Qələm adamının bir ustalığı da ondan ibarət olmalıdır ki, bu saysız-hesabsız olayların arasından təkcə özü üçün yox, geniş oxucu kütləsi üçün də maraqlı ola biləcək məqamları seçib qələmə alsın. Və deyim ki, Teyyub Ağazadə bu işin öhdəsindən layiqincə gələ bilib. Digər tərəfdən, ilk baxışdan hadisələr əsas etibarilə müəllifin doğulub boya-başa çatdığı Lerik rayonunun Gürdəsər kəndində cərəyan etsə də, getdikcə şaxələnərək rayon səviyyəsinə yüksəlir, hətta bir çox məqamlarda digər rayonları da öz əhatə dairəsinə alır.
    Müəllifin bir ustalığı da ondadır ki, müşahidə edərək yaddaşına köçürdüklərini təhkiyə, nağıl (nəql etmə) yolu ilə oxuculara çatdırır, bu məqamda minilliklərin süzgəcindən keçib gələn folklor ənənələrinə söykənməsi müəllifin köməyinə çatır. Hiss olunur ki, Teyyub Ağazadə folklorumuza dərindən bələddir. Və bu təqdimetmə üsulu da oxucuda marağı bir az da artırır.
    Teyyub Ağazadə dilimizin incəliklərinə vaqif olan, həm ədəbi-bədii dilə, həm danışıq dilinə, həm də şifahi xalq ədəbiyyatında istifadə olunan dilə yaxşı bələd olan qələm sahiblərindəndir ki, bu, kitabda da özünü bariz şəkildə göstərir. Kitabı oxunaqlı edən ən başlıca cəhətlərdən biri də məhz budur. Kitabı oxuduqca bir məsələ məni daim intizarda saxlayırdı. Demək, bu kitabda kəndin sıravi sakinindən, çobanından tutmuş ta rayonun birinci katibinə qədər, aşıqlar, el sənətkarları, tanınmış ziyalılar, alimlər, din xadimləri və s. qəbildən olan insanların xarakterik xüsusiyyətləri, ətrafındakılarla ünsiyyəti, bu ünsiyyətdən doğan dramatik, komik, bəzi məqamlarda sarkazm və tradikomik məqamlara qədər yüksələn halları öz əksini tapıb. Təbii ki, bu insanların hamısı müsbət qəhrəmanlar deyil, çünki gülüş varsa demək ki, gülüş hədəfi də var, nifrət varsa demək ki, nifrət hədəfi də var. Eyni zamanda, bu gülüşün və bu nifrətin yaranmasına vəsilə olan hərəkət və məqamlar var. Məsələ ondadır ki, yaxşılı-pisli – mərhəmətli və acımasız, xeyirxah və qəddar, yıxılana dayaq olan və kiminsə ayağının altını qazan insanlar eyni kəndin, eyni yurd-yuvanın, eyni el-obanın insanlarıdır. Bax, əsas çətinlik də məsələnin burasındadır və müəllifdən xüsusi yaradıcılıq qabiliyyəti tələb edir. Çünki bu yaxşılı-pisli insanların özləri bu gün həyatda deyillərsə də onların nəslinin davamçıları mövcuddur və xeyirdə, şərdə üz-üzə gəlirlər. Müəllifdən tələb olunan ustalığın kökündə də o dayanır ki, hadisələri o şəkildə təqdim edə bilsin ki, hər iki tərəf bunu normal qarşılasın və sözün yaxşı mənasında həzm edə bilsin, nəticə etibarilədə müəlliflə bu insanlar arasında olan körpü yanmasın. Mən deyərdim ki, Teyyub Ağazadə bu çətin məsələnin öhdəsindən bacarıqla gələ bilib və inanıram ki, xarakterik xüsusiyyətindən asılı olmayaraq hamı tərəfindən kitab normal qarşılanacaq və böyük sevgiylə oxunacaq.
    Bir təşəkkür də Teyyub Ağazadəyə ona görə düşür ki, o, bir elin, bir mahalın uzun dövrü əhatə edən tarixini yaradıcı qələmi ilə əbədiləşdirə, ona kitab adında möhtəşəm heykəl ucalda bilib.
    Güman edirəm ki, müəllif bu kitabı kütləvi tirajla dərc etdirəcək. Çünki bu kitabda haqqında söhbət açılan insanların sayı həddən artıq çoxdur və bu nəslin nümayəndələri böyük məmnuniyyətlə istəyərlər ki, atalarının, babalarının haqqında fikir söylənilən bir kitabdan onların da evində olsun.
    Digər tərəfdən, yuxarıda da qeyd etdiyim kimi, kitabın maraqlı təqdim üslubu var. Dili rəvandır, aydın və səlisdir, oxunaqlıdır, oxucunu yormur, əksinə oxuduqca bir az da bağlanırsan, sonrakı hadisələrdən xəbərdar olmaq üçün tez bir zamanda oxuyub başa çatdırmaq istəyirsən. Məqamı gəldikcə şeirlərdən – bayatılardan, gəraylılardan, qoşmalardan istifadə olunması kitaba bir az da şirinlik qatır, oxucunun ruhuna dinclik gətirir.
    Teyyub Ağazadənin “Bir kəndin nağılı” kitabı xatirələr üzərində qurulmuş publisistik kitab olduğundan hər hansı nümunələr gətirə bilmədim. Əslində bu qəbildən olan kitablara ön söz yazmağın bir çətinliyi də məhz bundan ibatərdir. Şeir kitablarına ön söz yazarkən bədii nümunələrdən istifadə edir, müəllifin yaradıcılığına seçilmiş bəndlər və beytlər üzərindən işıq tutursan. Yəni ki, söz demək, təhlil etmək, münasibət bildirmək daha rahat olur, əgər o şeirlər əsl poeziya nümunələridirlərsə. Bununla belə mən Teyyub Ağazadənin “Bir kəndin nağılı” kitabına böyük sevgiylə ön söz yazdım. Çünki bir xatirələr toplusu olaraq bu kitab məni qane etdi.
    Sonda gözəl insan, haqq adamı, etibarlı dost, istedadlı qələm sahibi Teyyub Ağazadəni belə bir təşəbbüsdə bulunması münasibətilə təbrik edir və yeni yaradıcılıq uğurları arzulayıram.

    Rafiq ODAY,
    şair-publisist,
    Azərbaycan Jurnalistlər Birliyi
    Sumqayıt şəhər təşkilatının sədri,
    respublikanın Əməkdar jurnalisti,
    gundelik.info və edebiyyat-az.com saytlarının
    təsisçisi və direktoru.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”İstiqlal əsgəri…”

    Bir körpə dağ qartalıydı,

    uçuşları xatalıydı.

    Dövrə vurub nə gəzirdi? –

    zirvədə zirvə gəzirdi.

    Sinəm şeir qaynağıdı,

    uçuşların oylağıdı.

    Uç, havalan sənə baxım,

    sənə qurban!

    Sənə baxım.

    Gələn-gedən mənimkidi,

    ölən-itən mənimkidi.

    Vətən,

    Vətən mənimkidi.

    ***

    Mübarizin ruhu safdı,

    yazılmamış bir kitabdı,

    toxunmamış ipək gəvə,

    ömür yolu – bir səhifə

    Həyatının bircə anı, –

    o da Nuhun bir tufanı.

    Unudulmaz o bircə gün,

    sənin üçün,

    mənim üçün.

    Arayıb-axtardım onu,

    Şumerlərin qəhrəmanı.

    Gilqamışa qohum çıxdı,

    yerdən təzə toxum çıxdı, –

    türk toxumu!

    qitə – türkün qitəsiydi.

    ***

    Neçə min il bundan qabaq,

    yarı insan, yarı Allah!

    Qılınc-qalxan gəzdirərmiş,

    qurbanlıqlar kəsdirərmiş.

    Qoruyarmuş ədaləti,

    yaşadığı məmləkəti.

    Bir kəsin xətrinə dəyməz,

    Boyun vurar,

    boyun əyməz.

    ağlayanla ağlayarmış,

    gülənlə gülərmiş o da,

    ər oğlu əriymiş o da,

    əsl əsgəriymiş o da.

    Mübariz də oxşamışdı,

    deyirdilər Gilqamışdı.

    Seçilirdi tay-tuşundan,

    yerişindən-duruşundan.

    Fərqliydi boy-buxundan da,

    azından da, çoxundan da.

    Baxıb fəxr eləyirdilər,

    göz dəyməsin deyirdilər.

    ***

    Qonşuda bir mərdimazar,

    erməni kirvə – Bağdasar.

    Evlərinə gedib-gələr,

    nə oturar, nə əl çəkər,

    iti-qurdu misal çəkər,

    Sancar arı iynəsini,

    körükləyər çənəsini:

    Amazaspı, lalayanı,

    ev-eşiyi talayanı,

    Qırğınları törədəni,

    o gədəni, bu gədəni, –

    kərəqulaq bir paşanı,

    Zəngəzuru, Naxçıvanı,

    tutub kənd-kənd yandıranı…

    “Yan”ları yan-yana düzər,

    bizimkinə ağız büzər.

    Nuru Paşa deyən kimi,

    göyərər kal göyəm kimi.

    Türkün türkə köməyini,

    desən, tutar ürəyini.

    Türkün İslam ordusunu,

    pisləyər ömrü uzunu.

    Mübarizə bu, dəyərdi,

    açıq, gizli inciyərdi.

    ***

    Ermənilər gəlməydilər,

    Qafqaz əhli deyildilər,

    İrandan köçürmüşdülər,

    Turandan köçürmüşdülər.

    Bəlkə də, qovlamışdılar,

    gətirib paylamışdılar:

    Naxçıvana,

    İrəvana,

    bir də bütün Qarabağa,

    içimizdə “yaşamağa”.

    Naxçıvan – bir xanlığıydı,

    İrəvan – bir xanlığıydı,

    Qarabağ da – ayrı xanlıq.

    Adətimiz, ənənəmiz,

    ata-baba bünövrəmiz

    göz çıxartdı, gözə gəldi,

    gələn guya, təzə gəldi,

    gələndə mərkəzə gəldi!

    ***

    “Yersiz gəldi, yerli qaç!” –

    erməni – boynunda xaç,

    hazırın naziriydi,

    Kiminsə əsiriydi,

    kiminsə xəfiyyəsi!

    Burda da “ev yiyəsi!”

    Dağıl, dağıl, a dünya!

    Orda başıdaşlısan,

    burda ikibaşlısan,

    yoxsa nağıl, a dünya?!

    ***

    Çiyələk bitən yerləri,

    kəkliklər ötən yerləri,

    havası – loğman yerləri,

    bulaqlar axan yerləri,

    meşələrin ətəyini,

    arıların pətəyini,

    təzə qalxan biçənəyi,

    gülün üstə kəpənəyi,

    bizim yaylaq yerimizi,

    yay vaxtı – dağ yerimizi,

    seçib “qonşuya” verdilər.

    sənəyi suya verdilər.

    Nikolay şahın işiydi,

    bəlkə, Allahın işiydi?

    Vətənsizə “vətən” verdi,

    böldü yarıya,

    tən verdi!

    Çar onlara yaxın oldu,

    Qafqazdan “arxayın” oldu.

    Əvvəl bir az dolandılar,

    bizimkilər inandılar.

    Dedik ki, insan-insandı:

    taxılbiçən,

    otçalandı,

    Çərçivəyə ayna salan,

    çəkmə tikən, zurna çalan,

    rəsm çəkən… ta nə deyim,

    dediyimi kimə deyim?!

    Yer bizimdi, torpaq bizim!

    deyir yox,

    Qarabağ bizim!

    Nə deyirəm, yiyə çıxır,

    bibər yeyib göyə çıxır.

    Bizim Azıx mağarası!

    İki qədim dağ arası!

    O yeri axtaran, tapan,

    Yolu açan, daşı çapan,

    o alimin özü, adı,

    mənim yaxşı yadımdadı.

    onu danır ermənilər,

    əsər yazır,

    “elmi” əsər?!

    Bu torpaqda bu gəlmələr,

    bir divar da hörmüşdülər.

    Abidəydi –

    İri divar,

    ermənicə üstə şüar.

    Guya bizə hörmət-izzət,

    “Minnətdarlıq”,

    “Əbədiyyət”,

    “Yüz əlli il dostluq”… filan,

    uçuruldu o, sonradan.

    Elə söküb-süpürdülər,

    kərpiclərin sayı qədər

    Yaşamadı nə o divar,

    nə şüarda yazılanlar.

    Xalq mat qaldı,

    – Nəyə görə?

    Açdığı süfrəyə görə?

    Kəsdiyi çörəyə görə?

    Verdiyi torpağa görə?

    İsti od-ocağa görə?!

    Biz onlara nə demişik,

    dost bilib, “Kirvə” demişik,

    Qızları gəlnimiz olub,

    bunların nəyi pis olub?!

    Orda-burda alimləri,

    ya da alimkimiləri,

    “Göstərdilər” özlərini,

    Allah yumdu gözlərini.

    ***

    Hələ onda ulu öndər,

    o rəhmətlik o mötəbər,

    çox dedi, az eşitdilər,

    yolu – tərsinə getdilər.

    Səni – özündən oxudu,

    astar üzündən oxudu,

    Ayaqlandı hörmət-izzət,

    bu da ermənixasiyyət:

    çörəyi dizinin üstə,

    durmadı sözünün üstə.

    Xəyanətə əl atdılar,

    süfrəyə çəngəl atdılar.

    ***

    Dillərini sürüdülər,

    üstümüzə yeridilər.

    Xeyir dedik, şər yeridi,

    buynuzlu divlər yeridi.

    Böhtan, xəyanət yeridi.

    sərhəddən sərhəd yeridi.

    Bizi, gəlmə ermənilər,

    “Qaçqın”, “Köçkün” elədilər.

    Külək vurdu, ləpələndik,

    qəbir-qəbir səpələndik.

    biz ölən, itən axtardıq,

    vətəndə vətən axtardıq.

    Mübariz onda qaynadı,

    göydə şimşəklər oynadı.

    Yerdə tufanlar başladı,

    dəhşətli anlar başladı.

    ***

    Mübariz ad istəmirdi,

    Silah-sursat istəmirdi,

    Səngər-filan istəmirdi,

    Ölüm, ya qan istəmirdi.

    Bu şöhrəti,

    bu hörməti, gözləmirdi.

    heykəl, gəmi, küçə, dastan,

    Gözləmirdi o, heç zaman.

    Orta məktəb illəriydi,

    dərslərindən irəliydi.

    Rəssam olmaq istəyirdi,

    çəkdiyini gizlədirdi.

    Saçında lent, üzündə nur,

    Sinifdə bir qız oxuyur.

    Çəkdiyi də o qızıydı,

    qız da bir Ay parçasıydı.

    Mübariz getdi cəbhəyə,

    Getdi hünər göstərməyə.

    O qız qaldı, qələm qaldı,

    O qızdan gizli qəm qaldı, –

    İlk görüşün əmanəti!

    Tanrım, pozma bu ülfəti.

    Qarşıda – düşmən gülləsi,

    arxada – doğma ölkəsi.

    Ortada – hərbi and durur,

    silahlı əsgər və qürur!

    Ölüm – həyat üz-üzəydi,

    Ölüm də bir möcüzəydi,

    həyat da bir möcüzəydi.

    onu tale səsləyirdi.

    Onu səngər gözləyirdi

    ***

    Altdan-üstən qıfıllandı,

    yerlər-göylər ufuldandı.

    Ləngi! –

    dedi bu səfərə,

    böyüdüyü təpə-dərə.

    Suyundan içdiyi bulaq,

    yürdəyi asılan budaq.

    Öz içindən gələn bir səs,

    dedi: yubanma, get, tələs!

    Neçə şəhid məzarından,

    səslər gəldi, get, qəhrəman.

    Gilqamış uzaqdan gəldi,

    dedi artıq zaman gəldi.

    Əsirlikdə çürüyənlər,

    çəlik tapıb yeriyənlər.

    ona “Xilaskar” dedilər.

    Get! – açıq-aşkar dedilər.

    Bir səs də gəldi, rəsmi səs,

    aydın səma, isti nəfəs.

    Ümid dolu, qürur dolu,

    Haqdan gələn bir haqq yolu.

    – İgid dönməz! –

    dedi o səs.

    – Bizimkidi o torpaqlar,

    azad olsun gərək onlar.

    Gərək erməni əsgəri,

    tərk eləsin bu səngəri.

    Əgər ölmək istəmirsə,

    təslim olsun gərək bizə.

    Vətəni varsa, rədd olsun!

    O səs deyirdi mərd olsun.

    Gördü Ali Baş Komandan,

    özü gəlir arxasından.

    Yanındadı, səngərdədi,

    səngərdəki –

    Sərkərdədi!

    Görməmişdi heç yaşından,

    Tanıdı bir baxışından.

    Çiynindəki paqonundan,

    bayraq boydakı boyundan.

    Bir şəklini saldı yada,

    dəftərinin arasında.

    Xəlvət, kəsib bir qəzetdən,

    saxlayırdı evdə ikən.

    Tez farağat görkəm aldı,

    bir güc aldı,

    bir kam aldı.

    Bir də gəldi səsi haqdan:

    – Cənab Ali Baş Komandan!

    Mən hazıram!

    Minnətdaram!

    – Mübarizsən, tanıyıram.

    Burda sizə inanıram!

    Arxanızda dayanıram…

    Mən də sizə minnətdaram!

    Bu, bəsiydi əsgər üçün,

    hünər üçün, zəfər üçün.

    ya qəhrəman olmaq üçün,

    təzədən doğulmaq üçün.

    Atəş açdı o, düzünə,

    tülkü, çaqqal sürüsünə.

    Torpaq yeyən, daş gəmirən,

    cilddən çıxıb, cildə girən

    Buqələmun dəstəsinə.

    dünya oyandı səsinə.

    Göründü Yer kürəsindən,

    tanıdılar kölgəsindən.

    Möcüzələr söylədilər,

    tarixdə –

    tarixi hünər!

    Yazılmamış yeni əsər.

    Mübarizin zəfəriydi,

    o, İstiqlal əsgəriydi.

    Vaxt dayandı hörmət üçün,

    qəhrəmanı görmək üçün.

    ***

    Bir heykəl qalxdı meydanda,

    bir məşəl yandı tufanda.

    Bir bayraq qalxdı əllərdə,

    bir şüar gəzdi dillərdə.

    Üfüq yandı, səhər güldü,

    beşikdə körpələr güldü.

    Göydə ağ-ağ göyərçinlər,

    uçuşurdu səhər-səhər.

    Mübarizin o ruhuymuş,

    bütün gecə yuxuluymuş.

    sərhəd boyu ər oğlu, ər

    dolaşırdı səngər-səngər

    Şəhidlərin varisiydi,

    amma gəlib öz adından, –

    Sizə raport verəsiydi

    Cənab Ali Baş Komandan!

    Bakı, 2018

    Mənbə: http://edebiyyatqazeti.az

  • TOŞAYAD Başkanı Sayın Hasan AKAR HOCAMIZın yeni kitabı yayında

    Kardeş Türkiye Cümhuriyetinin Tokat şehrindeki TOŞAYAD ve Azerbaycan Gazeteçiler Birliği Sumqayıt şehir teşkilatının Günlük Analitik Haber Ajansının (gundelik.info) ve Azerbaycanın Kültür ve Edebiyat Portalının (edebiyyat-az.com) Türkiye tümsilcisinin Başkanı Sayın Hasan AKAR HOCAMIZın “Cümhuriyet döneminde Tokat valileri” yeni kitabı “Berkan” Yayın Evi tarafından yayınlandı. Kitabda 1923-2018 yıllarda Tokat şehrinde gerçekleşen tarihi anlar ile ilgili dolğun bilgiler yer almış.
    Tokat, Osmanlı Devleti döneminde 19. Yüzyılın çeyreğına kadar Sivas Eyaletine bağlı kaza olarak varlığını sürdürmekte olan 12 Ocak 1880-de Sultan 2. Abdulhamidin iradesiyle sanıcak olmuştur.
    1913 tarihli İdarei-İ Vilayetler konusunda yapılan düzenleme ile Tokat Mutasarrıflığına 25.05.1913 tarihinde Mamduh Sermed Bey atanmıştır.
    31 Mayıs 1920 yılında Türkiye Büyük Millet Meclisi (TMBB) İcra Vekilleri Heyetinde Tokat bağlı olduğu Sivas Vilayetinden ayrılarak müstakıl vilayet olmuştur. İstiklal Savaşı sonrası Mutasarrıflığı kaldırmasıyla Tokat Mutasarrıfı Mehmed Said Bey 30.09.1923 yılında Tokatın ilk Valisi ünvanını almıştır.
    Bu eserde Cümhuriyetten günümüzü görev yapmış 36 valinin kısa hayat hikayeleri konu edilmişdir.
    Değerli Kardeşimizi, HOCAMIZI tebrik ederiz. Hayırlı günler ve başarılar diliyoruz!!! İnşAllah! AMİN!!!

  • Aşıq ədəbiyyatında işlənən şeir janrları

    Qoşma

    Aşıq ədəbiyyatının ən geniş yayılmış janrlarından biri də Qoşmadır. Hər bəndi dörd misradan və hər misrası on bir hecadan ibarət olan şeir şəklinə Qoşma deyilir.

    Ədəbiyyatşünaslıqda qoşmaya “Məhəbbət şeiri” və ya “Aşiqanə şeir” də deyilir. Qoşmanın ilk bəndində birinci və üçüncü misralar sərbəst olur. İkinci və dördüncü misralar isə bir-biri ilə qafiyələnir: abcb. Sonrakı bəndlərdə isə ilk üç misra öz aralarında qafiyələnir, dördüncü misra isə birinci bəndin ikinci və dördüncü misrası ilə qafiyələnir: çççb,dddb…

    Qoşmada bəndlərin sayə tək və cüt olur. Azərbaycan Ədəbiyyatında bəzi qoşmalar 3,5,7,9 bəziləri isə 2,4,6,8 bənddən ibarət olur. Qoşmanın son bəndində müəllif adətən öz təxəllüsünü göstərir. Həmin bənd “möhürbənd” adlanır. Ədəbiyytaşünüslıqda son bəndə bəzən “tapşırma” da deyilir.

    Qoşma əsasən heca vəznində olur. Misradaxili bölgü 6+5, 5+6, 4+4+3 şəklində olur. Aşıq ədəbiyyatında və klassik ədəbiyyatda da işlənir.

    Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan görkəmli Xalq şairlərimizin də yaradıcılığında qoşma janrında yazılmış şeirlərə rast gəlinir. Məsələn, Nəriman Həsənzadənin “Mən”,”Ay Həkim”, Zəlimxan Yaqubun “Gəlib”, “Dəli olmağıma bir addım qalıb”, Bəxtiyar Vahabzadənin “Bakıyla Təbrizin ararsındayam”, ”Səninlə dünyada bəxtiyram mən” və s.

    DAĞLAR

    Bahar fəsli, yaz ayları gələndə
    Süsənli, sünbüllü, lalalı dağlar.
    Yoxsulu, ərbabı, şahı, gədanı
    Tutmaz bir-birindən alalı* dağlar.

    Xəstə üçün təpəsində qar olur,
    Hər cür çiçək açır, laləzar olur,
    Çеşməsindən Abi-Həyat car olur,
    Dağıdır möhnəti, məlalı dağlar.

    Yazın bir ayıdı çox yaxşı çağın;
    Kəsilməz çеşməndən gözəl yığnağın.
    Axtarma motalın, yağın, qaymağın…
    Zənbur çiçəyindən bal alı, dağlar!

    Yayın əvvəlində dönərsən xana,
    Son ayda bənzərsən yеtkin bostana.
    Payızın zəmhəri* qoyur virana,
    Dağıdır üstündən calalı, dağlar!

    Gahdan çiskin tökər, gah duman еylər,
    Gah gəlib-gеdəni pərişan еylər,
    Gahdan qеyzə gələr, nahaq qan еylər,
    Dinşəməz haramı, halalı dağlar.

    Ağ xalat bürünər, zərnişan gеyməz,
    Hеç kəsi dindirib, xətrinə dəyməz.
    Sərdara söz dеməz, şaha baş əyməz,
    Qüdrətdən səngərli, qalalı dağlar.

    Köçər еllər, düşər səndən aralı,
    Firqətindən gül-nərgizin saralı.
    Ələsgər Məcnun tək yardan yaralı,
    də dərdli, nalalı, dağlar!

    Aşıq ƏLƏSGƏR.

    * Alalı – fərqli

    Qeyd: Yeni dövr Azərbaycan ədəbiyyatının ən möhtəşəm əsəri olan “Koroğlu” dastanının nəzm hissəsi qoşma və gəraylılardan ibarətdir.

    Qoşmanın məzmununa görə növləri də var:

    1. Gözəlləmə 2. Vücudnamə 3. Ustadnamə 4. Qıfılbənd

    Gözəlləmə—gözəllərin vəsfinə həsr edilən aşiqanə məzmunlu qoşmalardır. Aşıq Ələsgərin “Güləndam”, “Xurşıd”, “Müşkinaz” və başqa gözəlləmələr, qoşmaların ən gözəl nümunələrindəndir.

    Vücudnamə-Qoşmnın məzmununa görə növlərindən biridir. İnsanın beş yaşından ölüm anına qədər olan dövrü sadalanır.

    Ustadnamə ağsaqqal, böyük sözü, böyüyün nəsihəti, məsləhəti mənasında başa düşülməlidir. Adətən məhəbbət dastanlarının əvvəlində üç ustadnamə bir-birinin arxasınca verilir. Bu isə dastana forma yaraşığı verən, onu gözəlləşdirən, hadisəni tamaşaçıların, dinləyicinin, oxucunun diqqət mərkəzinə çəkən, bir az da dastanda baş verəcək əhvalatlardan qabaqcadan üstüörtülü şəkildə soraq verən nümunələrdir. Dastanın əvvellində verilən ustadnamələrin hər birində insan fəzilətlərindən, əxlaqi dəyərlərdən söz açılır. Ustadnamələr ictimai-fəlsəfi və didaktik şeirlər əsasında formalaşır. Onlar deyildiyi kimi, ayrı-ayrılıqda aşıq yaradıcılığında müstəqil qoşmalar kimi yayılmışdır. Məsələn, Aşıq Abbas Tufarqanlının məşhur qoşmasına nəzər salaq:

    Ay həzərat, bir zamana gəlibdi,
    Ala qarğa şux tərlanı bəyənməz.
    Oğullar atanı, qızlar ananı,
    Gəlinlər də qaynananı bəyənməz.

    (Aşıq Abbas Tufarqanlı)

    Qıfılbənd-Qoşmanın məzmununa görə növlərindən biri də Qıfılbənddir. Azərbaycan şifahi xalq ədəbiyyatında tapmacaya bənzəyir. İki aşığın deyişməsinə deyilir. Şərtə görə, iki aşıq deyişir. Üstüörtülü şəkildə sualın cavabını qarşı tərəfdən istəyir. Məğlub olan sazını qalib gələn aşığa hədiyyə etməlidir. Daha çox ictimai-siyasi, dini və təbiət mövzuları ilə bağlı olur. Məsələn, XIX əsrdə Ustad Alı ilə şagirdi Aşıq Ələsgər deyişmiş. Azərbaycan Aşıq ədəbiyyatının forma-məzmun, ideya-sənətkarlıq baxımından zənginləşməsində müstəsna xidmətləri olan Ustad Aşıq Ələsgər bilərəkdən deyişmə zamanı Ustadına məğlub olur. Sənətə, saza, söə xatir Ustad Alı sazı götürməyir.

    Gəraylı

    Aşıq ədəbiyyatının ən geniş yayılmış şeir janrlarından biri də gəraylıdır. Hər bəndi dörd misradan, hər misrası 8 hecadan ibarət olan şeir şəklinə Gəraylı deyilir.

    Gəraylının ilk bəndində birinci və üçüncü misralar sərbəst olur. İkinci və dördüncü misralar isə bir-biri ilə qafiyələnir: abcb. Sonrakı bəndlərdə isə ilk üç misra öz aralarında qafiyələnir, dördüncü misra isə birinci bəndin ikinci və dördüncü misrası ilə qafiyələnir: çççb,dddb…

    Gəraylıda bəndlərin sayı tək və cüt olur. Azərbaycan Ədəbiyyatında bəzi gəraylıda 3,5,7,9 bəziləri isə 2,4,6,8 bənddən ibarət olur. Gəraylının son bəndində müəllif adətən öz təxəllüsünü göstərir. Həmin bənd “Möhürbənd” adlanır. Ədəbiyytaşünüslıqda son bəndə bəzən “Tapşırma” da deyilir.

    Gəraylı əsasən heca vəznində olur. Misradaxili bölgü 4-4, 5-3, 3-5 şəklində olur. Ahəngdarlığı ilə seçilən gəraylı Aşıq ədəbiyyatında və klassik ədəbiyyatda da işlənir.

    CЕYRAN

    Durum dolanım başına,
    Qaşı, gözü qara Cеyran!
    Saldın еşqin ataşına,
    Еylə dərdə çara, Cеyran!

    Söz еşidib, ərzim qansan,
    Mən yanana sən də yansan.
    Özün bir tülək tərlansan,
    Niyə uydun sara, Cеyran?!

    Ələsgərəm, abdal ollam,
    Еşqin girdabında qallam.
    Küsdürmüşəm, könlün allam
    Yalvara-yalvara, Cеyran!

    Aşıq ƏLƏSGƏR.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Klassik ədəbiyyatda işlənən şeir janrları

    QƏZƏL VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

    Klassik ədəbiyyatın ən geniş yayılmış şeir janrlarından biri də qəzəldir. Qəzəl ərəb mənşəli sözdür. ”Qadına məhəbbət” mənasını bildirir. Yaxın Şərq ədəbiyyatında daha çox istifadə olunur. Müxtəlif bəhrlərdə yazılır. Daha çox əruz vəzninnin həzəc və rəməl bəhrlərində olur. Beytlərin sayı 5-10 olur (daha çox 7 beyt).

    Qəzəlin ilk beytinin hər iki misrası öz aralarında qafiyələnir: aa. Sonrakı beytlərdə isə birinci misra sərbəst olur, ikinci misra birinci beytin hər iki misrası ilə qafiyələnir: ba,ca, ça,da…

    Qəzəlin ilk beyti “mətlə beyt” adlanır. “Günəşin doğulduğu yer” mənasını bildirir. Bu da qəzəlin ilk beyti olduğunu göstərir.

    Azərbaycan Ədəbiyyatı tarixində ana dilində yazılmış ilk qəzəlin müəllifi Şeyx İzzəddin Həsənoğludur. Ədəbiyyatımızda qəzəlin ən gözəl nümunələrini Seyid Əli İmadəddin Nəsimi, Şah İsmayı Xətayi, Məhəmməd Füzuli və başqaları yaradıb.

    QƏSİDƏ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

    Klassik ədəbiyyatın ən geniş yayılımış şeir janrlarından biri də qəsidədir. Qəsidə də ərəb mənşəli sözdür. Yaxın şərq ədəbiyyatında daha çox istifadə olunan şeir janrlarından biridir. Dəbdəbəli, təntənəli üslubu ilə seçilir. Qafiyə quruluşu qəzəldə olduğu kimidir. aa,ba, ca, ça, da, Qəsidədə beytlərin sayı 15-200 arası olur.Daha çox saray ədəbiyyatında işlənib.

    Qəsidənin məzmununa görə əsasən aşağıdakı növləri var:

    1.Tövhid 2. Minacat 3. Nət 4. Mədhiyyə 5. Fəxriyə 6. Həcv 7. Mərsiyə

    Tövhid-Allahın birliyinin tərənnümü

    Minacat-Allaha yalvarış

    Nət-Peyğəmbər Əfəndimiz Həzrət Muhəmməd Mustafanın (səllallahu əleyhi və alihi və səlləm) tərifi haqqında

    Mədhiyyə-hökmdarın tərifi haqqında

    Fəxriyə-Şairin özünün şairlik qüdrətindən bəhs edilir.

    Həcv-Tənqidi məzmun daşıyır. Qoşma, müxəmməs və məsnəvi formalarında olur. Dövrün eyib və qüsurları tənqid olunur.

    Mərsiyə-Müqəddəs şəxslərin və ya yaxın qohumun ölümü münasibəti ilə yazılan şeir növü.

    QİTƏ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

    Klassik ədəbiyyatda işlənən şeir janrlarından biri də qitədir. Qitə ərəb mənşəli alınma sözdür. ”Parça”, “hissə” mənasını bildirir. Qitə öz qafiyə quruluşuna görə qəzələ və ya qəsidəyə oxşadığı üçün belə adlanır. Ancaq qəzəldən və qəsidədən fərqli olaraq, ilk beyti qafiyəlnmir: ab. Sonrakı beytlərdə isə ikinci misra birinci beytin ikinci misrası ilə həmqafiyə olur: cb, çb, db və s.

    Qitə həcmcə kiçik olur. Daha çox 2-10 beytdən ibarət olur. Qitə, əsasən, ictimai-siyasi, əxlaqi-fəlsəfi mahiyyət daşıyır. Qitənin son beytində müəllif öz adını göstərmir.

    MƏSNƏVİ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

    Klassik ədəbiyyatda işlənən şeir janrlarından biri də Məsnəvidir. Məsnəvi ərəb mənşəli sözdür. “İkilik” mənasını bildirir. Ancaq hər ikilik məsnəvi adlana bilməz. Məsnəvi olması üçün misralar bir-biri ilə qafiyələnməli və bir fikri ifadə etməlidir. Məsnəvi öz qafiyə quruluşuna görə həm qəzəldən, həm qəsidədən, həm də qitədən tamamilə fərqlənir.

    Məsnəvinin hər iki misrası öz aralarında qafiyələnir: aa, bb, cc…

    Məsnəvidə beytlərin sayı çox olur. Məsnəvinin belə qafiyələnməsi şairrə imkan ayardır ki, öz fikrini daha qabarıq şəkildə bildirsin.

    Məsnəvi formasında həm şeir şəkli, həm də şeir janrı var. Ədəbiyyatımızda bir çox sənətkarlar məsnəvi yazıblar. Məsələn, Ə.Xəqani “Töhfətül-İraqeyn”, Ş.İ.Xətayi “Dəhnamə” və s.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Azərbaycan Jurnalistlər Birliyi (AJB)

    Azərbaycan Jurnalistlər Birliyi (AJB) müstəqil, azad, könüllük əsasında fəaliyyət göstərən ictimai–yaradıcı təşkilatdır.
    O 1000–dən artıq qəzet və jurnalda, 25 teleradio şirkətində, 20 informasiya agentliyində, 40-a qədər nəşriyyatda çalışan 3000 yaxın jurnalisti öz sıralarında birləşdirir. Digər jurnalist təşkilatlarından fərqli, AJB istisnasız olaraq, istər mərkəzi, istərsə də şəhər və əyalət mediasını bütünlüklə əhatə edən ümumrespublika təşkilatıdır.

    AJB jurnalistlərin hüquqlarının müdafiəsi ilə məşğul olur, KİV-in, azad sözün, plüralizm və demokratiyanın inkişafına yardım edir, mətbuat haqqında mütərəqqi qanunların qəbul edilməsi üçün mübarizə aparır, müxtəlif görüşlər, seminarlar təşkil edir, müsabiqələr keçirir, hər il ölkənin istedadlı jurnalistləri arasından 12 nominasiya üzrə laureatları müəyyənləşdirərək, onları 22 iyul Milli Jurnalistika günündə Azərbaycan mətbuatının banisi H.B.Zərdabinin adını daşıyan mükafatla təltif edir. AJB respublikanı beynəlxalq görüşlərdə, qurultaylarda, konfranslarda, konqreslərdə təmsil edir, xarici ölkələrin KİV-ləri haqqında bank məlumatları toplayır. Özünün ancaq üzvlük haqlarından formalaşan cüzi gəlirinə baxmayaraq, qaçqın jurnalistlərə, işğal altında olan rayonların qəzet redaksiyalarına, təqaüddə olan mətbuat işçilərinə yardımlar edir.

  • Azərbaycan Yazıçılar Birliyi (AYB)

    1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birləşmələrin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə “Türk ədib və şairlər ittifaqı dərnəyi” təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik “İldırım” adlanırdı. “Qızıl qələmlər” ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi. “Qızıl qələmlər” cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir, tədbirdər həyata keçirirdi. “Maarif və mədəniyyət” jurnalında, “Kommunist” və “Gənc işçi” qəzetlərində müntəzəm verilən ədəbi materiallar, “Qızıl qələmlər”, “Oktyabr alovları” almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi. 1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərara alındı. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yarandı. Bakıda Ümumazərbaycan yazıçılarının birinci (13.01.1928) və ikinci qurultayı (20.X.1929) çağrıldı.
    ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması haqqında təşkilatı tədbirlər görüldü və Azərbaycan Yazıçılar İttifaqı yaradıldı

  • Azərbaycan Aşıqlar Birliyi (AAB)

    Aşıqların I qurultayı 1928-ci ildə, II qurultayı 1938-ci ildə, III qurultayı isə 1961-ci ildə keçirilib. Azərbaycan Aşıqlarının III qurultayı keçirildi. 1984-cü ilin mart ayının 19-da Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan aşıqlarının IV qurultayı keçirildi və Mədəniyyət nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Aşıqlar Birliyi yaradıldı, xalq şairi Hüseyn Arif Birliyin sədri seçildi. Azərbaycan Aşıqlar Birliyi 1991-ci ilin iyun ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək müstəqil fəaliyyət göstərməyə başladı.
    1992-ci ildə Hüseyn Arifin vəfatından sonra sədrliok üstündə çəkişmələr üzündə Birliyin fəaliyyəti bir növ iflic vəziyyətinə düşdü.
    Uzun zamandan bəri dağınıq və pərişan vəziyyətdə olan Azərbaycan aşıqları axır ki, Qurultay səviyyəsində bir araya gəldi. 2008-ci il avqust ayının 29-da aşıqların V qurultayı keçirildi. 1928-ci ildə çağırılmış Birinci Aşıqlar Qurultayının üstündən səksən, sonuncu – dördüncü Qurul¬tayın üstündən isə iyirmi beş il keçdikdən sonra ortaya gələn bu tarixi toplantı müstəqillik illərinin ilk Aşıq Qurultayı idi. Azər¬baycan aşıq mü¬hit¬lərinin getdikcə ağırlaşan durumu, aşıqların sosial-mə¬işət və yara¬dı¬cılıq problemləri Qurultay çağırılmasını zərurətə çevirmişdi. 1984-cü ildə keçirilən dördüncü Qurultaydan sonra aşıqların yaradıcılıq təşki¬latının dağılmağa başlaması və çəkişmə-ziddiyyət meydanına çevrilməsi bir sıra xoşagəlməz nəticələr ortaya gətirdiyindən məsələnin ciddi və köklü şəkildə həllinə ehtiyac böyük idi. Bu səbəbdən ustad aşıqların və görkəmli ziyalıların müraciətinə cavab olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çağırılan növbəti Qurultay bir çox problematik məsələlərə aydınlıq gətirdi.
    Qurultayı millət vəkili, akademik Nizami Cəfərov açaraq bu mötəbər tədbiri idarə etməyi akademik Bəkir Nəbiyevdən xahiş etdi. Akademik Bəkir Nəbiyev giriş sözü ilə Qurultay iştirakçılarını salamladı və Qurul¬tayın səlahiyyətli olub-olmaması barədə mandat komissiyasının sədri pro¬fessor Bəhlul Abdullanı kürsüyə dəvət etdi. Mandat komissiyasının sədri 225 nəfərdən ibarət olan Qurultay nümayəndələrinin rayon konfrans¬ları tərəfindən seçilərək göndərildiklərini bildirdi. Qurultayın səlahiyyəti təsdiq olunduqdan sonra söz Azərbaycan Respublikasının Mə¬də¬niyyət və Turizm naziri Əbülfəz Qarayevə verildi. Nazir Azər¬baycan Respublikası Prezidenti İlham Əliyev cənablarının təbrikini Qurultay iştirakçılarına çatdırdı.
    Professor Məhərrəm Qasımlı “Aşıq sənətinin müasir vəziyyəti: prob¬lemləri və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış etdi.
    YUNESKO-nun eksperti, sənətşünas Sənubər Bağırova “Aşıq sənə¬tinin qarşısında duran perspektiv vəzifələr” mövzusunda məruzə etdi.
    Məruzələr ətrafında millət vəkilləri Nizami Cəfərov, Qənirə Paşa¬yeva və Rəfael Hüseynov, professor Qəzənfər Paşayev, professor Sədnik Paşayev, xalq şairi Fikrət Qoca, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əli¬zadə, ustad aşıqlardan Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Gülarə Azaf¬lı və başqaları çıxış edərək aşıq sənətinin tarixi-mədəni dəyəri və çağ¬daş durumu barədə öz mülahizələrini bildirdilər. Aşıq sənətinin Azərbaycan xalqına məxsus unikal mədəni-mənəvi sərvət kimi YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi təklifi çıxış¬çıların əksəriyyəti tərəfindən vurğulandı və qurultay iştirakçıları tərə¬findən dəstəkləndi.
    Qurultay nümayəndələri tərəfindən irəli sürülən namizədlər əsasında açıq səsvermə yolu ilə idarə heyəti seçildi. İdarə heyəti xalq şairi Zəlimxan Yaqubun Aşıqlar Birliyinin sədri seçilməsi təklifini irəli sürdü. Qurultay bu təklifi yekdilliklə təsdiq etdi. Professor, Dövlət Mükafatı laureatı Məhərrəm Qasımlı Birliyin birinci katibi seçildi.
    Professor Məhərrəm Qasımlı Qurultayın Qətnaməsini oxudu. Qət¬na¬mə qəbul olundu.
    Qurultay nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Müraciəti qəbul edildi.
    Qurultayın sonunda aşıqlar geniş konsert proqramı ilə çıxış etdilər.

    * * *

    V Qurultaydan sonra Azərbaycan aşıq sənətində yeni inkişaf mərhələsi başladı. Bu sənətə dövlət səviyyəsində qayğı və diqqət artırıldı, onun təbliği istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyev Fondunun rəhbərliyi və Azərbaycan Respublikası Mədə¬niy¬yət və Turizm Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirildi. “Azər¬baycan aşıq sənəti” faylı hazırlanaraq YUNESKO-ya təqdim edildi. Həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini verdi – Azərbaycan dövlətinin, xüsusilə YUNESKO və İSESKO-nun xoş¬mə¬ramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın aşıq sənətinin qo¬run¬ması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində 2009-cu ilin 28 sentyabr – 02 oktyabr tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Ko¬mitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildi

  • İradə Aytelin yeni kitabı işıq üzü gördü

    Bu yaxınlarda yazıçı-şair, publisist, AYB, AJB və UASB-nin üzvü İradə Aytelin yeni kitabı işıq üzü gördü.

    Kitab müəllifin müxtəlif illərdə qələmə aldığı Azərbaycan Vətən Müharibəsi zamanı Şəmkir rayonunun Seyfəli kəndindən könüllü olaraq döyüşə atılan Şəhid oğullarımızın fədakarlıqlarından bəhs edən publisistik yazılardan ibarətdir.

    “Elm və Təhsil” nəşriyyatında (Bakı-2019) çap olunan “Seyfəli şəhidləri” kitabının redaktoru Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi Gəncə şəhər təşkilatının sədri Bəyanət Qasımov, üz qabığının müəllifi rəssam Nəvai Metindir.

    Kitab Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin dəstəyi ilə çapa hazırlanmışdır.

    Bundan əvvəl müəllifin “Sevgidən doğulan işıq” (şeirlər), “Bir cüt qızılgül” (sənədli roman), “Çiçək açan dərdlərim” (şeirlər), “İkimizin bir evimiz varıydı” (şeirlər), “Partizanın acı həqiqətləri” (sənədli roman), “Sədnik Paşa Pirsultanlının nəsri” (elmi-monoqrafiya), “Eynək taxan Günəş” (uşaqlar üçün hekayələr), “Qanlı öpüşlər” (hekayələr) kitabları işıq üzü görmüşdür.

    Mənbə: http://kultur.az

  • Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun “Atəşkəs və sürgün xatirələri” kitabı çap olunub

    “Kitab Klubu” nəşriyyatı tərəfindən Görkəmli Azərbaycan mütəfəkkiri, ictimai-siyasi xadim, yazıçı, pedaqoq, jurnalist Əhməd bəy Ağaoğlunun “Atəşkəs və sürgün xatirələri” əsəri 200 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.
    “Atəşkəs və sürgün xatirələri” kitabında yer alan xatirələri müəllif 1919-1921-ci illərdə Maltada sürgündə olarkən yazıb. Əsəri Osmanlı türkcəsindən çevirən Dürdanə Ramazanlıdır.
    Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər, ədəbiyyatşünas alimlər, tələbələr, bir sözlə, hər kəs üçün nəzərdə tutulan əsər bir çox ictimai-siyasi hadisələrin cərəyan etdiyi dövrdə qələm alınıb. Birinci Dünya müharibəsi, Osmanlı İmperiyası ilə bağlı faktlara söykənən dolğun məlumatlar ilə zəngindir.
    Yeri gəlmişkən, qeyd edək ki, bundan öncə 2016-cı ildə “Kitab Klubu” nəşriyyatı tərəfindən “Müasirlərim” seriyasından Xalq şairi, Fərdi Prezident təqaüdçüsü, “Nazim Hikmət” Beynəlxalq Ədəbiyyatı Mükafatı laureatı Zəlimxan Yaqubun “Dünyadan köçən mənəm”, 2017-ci ildə isə Xalq şairi, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, şair, dramaturq, ədəbiyyatşünas Bəxtiyar Vahabzanin “Müasirlərim” seriyasından “Axı dünya fırlanır…”, 2018-ci ildə isə Xalq şairi, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Nəriman Həsənzadənin “Dostlar gözləyir məni”, adlı şeirlər və poemalar toplusu kitabı media təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, poeziya həvəskarlarının, ədəbiyyatsevərlərin diqqətinə çatdırılmışdı.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Görkəmli ədəbiyyatşünas-alim, yazıçı Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” kitabı işıq üzü görüb

    “Kitab Klubu” nəşriyyatı tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Lenin komsomolu mükafatının fəxri laureatı, görkəmli ədəbiyyatşünas-alim, yazıçı Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı 264 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.
    Professor Mir Cəlal Paşayevin yaradıcılığının zirvəsi sayılan “Bir gəncin manifesti” romanı 1938-ci ildə yazılıb. Əsər Postsovet dövründə Respublika Fəxri Komsomolu Mükafatına layiq görülüb.
    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən, “Müasir Azərbaycan ədəbiyyatı” seriyasından görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin “Seçilmiş əsərləri” 2005-ci ildə “Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • “Hece Taşları” aylık şiir dergisinin 46. sayısı yayında


    ŞÜKÜR ÇİÇEĞİ

    Gönül dağlarının koyaklarında, elvan elvan çiçek açar her mevsim, senin senden haberin yok belleme, kendinden dışarı adım atınca, haberin olmuyor olan bitenden, bir can uzaklarda canı derdinde, sense camekânda ona bakarsın, dilinde dolaşan lafları soyup, sözün çıkınını ortaya serip, erdem sofrasına bağdaş kurarak, bir sana bir bana derviş misali, paylaşmaktan korkuyorsan hayatı, nasıl dolaşırsın insan içinde.

    Başkasının yarasını kaşırken, kendi yaran günden güne azıyor, ne sende merhem var ne merhem veren, dokununca kokusunu bırakan, içinde fesleğen çiçeği gibi, merhametten habersizce yaşarsın, türlü türlü bahaneler üretip, üzerine düşen sorumluluğu, başkasıyla paylaşmayı denersin, aklından geçenler kalbine uymaz, kalbinin sesini kulağın duymaz, her sabah aynayı karşına alıp, boşa konuşursun kendi kendinle.

    Günden güne azalırız bu doğru, eksik olmaz sırtımızın yarası, soframıza konan kalkan bıçaklar, çevremizde uçar bühtan kuşları, dilimizde yaralanır sözcükler, Yârin kapısına vardığımızda, avcumuzu açıp boyun bükeriz, ‘hâlimiz hâl değil güzel bir hâle, tez zamanda dönder’ deyip dururuz, varlığın da yokluğun da bir sınav, olduğunu unuturuz insanız, sabah yuvasından aç uçan kuşlar, bir gün boş dönmezler rızık avından.

    Yokluk dibe vurmuş varlık tavana, yiğit muhtaç olmuş kuru soğana, bir gün olur varlık yere çakılır, yıllardır nadasta bekleyen için, sürülmeyi sürülmeyi borlaştı, insanlar insandan uzağa kaçtı, erdemli yaşamak artık zorlaştı, sen sabır küpüne tekme vurmazsan, zamanı saati geldiği vakit, darlık damarında bir sürgün verir, yaraların kabukları dökülür, bir sabah gün kız oğlan kız doğarken, açar dallarında şükür çiçeği.

    Tayyib Atmaca

  • 2019-cu il təşkilat tərəfindən “İmadəddin Nəsimi ili” elan olunub

    2018-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Türkiyənin Kastamonu şəhəri bu missiyanı başa vurur. Dekabrın 18-də şəhərdə TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı dönəm toplantısı keçirildi.

    İclasda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Günay Əliyeva və ölkəmizin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı iştirak edirdilər.

    Tədbirdən öncə iştirakçılar Türk dünyasının mədəniyyətinə həsr edilən kitab və rəsm sərgisi ilə tanış oldular.

    Toplantını Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açaraq Kastamonu şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin uğurla başa çatdığını dedi: “İl ərzində Kastamonu ortaq dəyərlərimizin önə çıxarılmasında mühüm rol oynadı. Şəhərdə Türk dünyasının ortaq mədəni dəyərlərinin yaşadılması və bir araya gətirilməsi üçün önəmli tədbirlər həyata keçirildi. Kastamonu müxtəlif tədbirlərə, festival və konfranslara, sərgilərə, təqdimatlara ev sahibliyi etdi”. Nazir TÜRKSOY-un çoxsahəli fəaliyyətinə də toxundu və bildirdi ki, 25 illiyini qeyd edən qurum bu illər ərzində öhdəsinə düşən vəzifələri uğurla yerinə yetirib, ortaq türk mədəniyyəti və tarixinin dünyada tanıdılmasına nail olub.

    TÜRKSOY-un baş katibi Düsen Kaseinov da sözünə yubiley ilində təşkilatın fəaliyyətindən bəhs edərək başladı. Bu işlərdə əməyi keçən hər kəsə təşəkkürünü bildirən baş katib 2013-cü ildən həyata keçirilən “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əhəmiyyətini vurğuladı. Qardaş cümhuriyyətlərin bu layihənin uğurla reallaşmasında böyük rol oynadığı vurğulandı.

    Kastamonu valisi Yaşar Karadəniz isə ilboyu çoxsaylı tədbirlərə ev sahibliyi etməkdən məmnun olduqlarını dedi: “Kastamonunun “paytaxt” elan olunduğu müddətdə Türk dünyasının hər yerindən çox sayda tanınmış incəsənət nümayəndələri gəldi. Qəlblər birgə döyündü. Şəhərimiz nüfuzlu mədəni tədbirlərə də ev sahibliyi etməyin qürurunu yaşadı və Türk dünyasının ortaq dəyərlərini dünya coğrafiyasına tanıtdı”.

    Kastamonu Bələdiyyəsinin başqanı Tahsin Babaş dedi: “Belə bir ünvana sahib olduğumuza görə, mövcud mədəni varlığımızı tanıtdığımız üçün əldə etdiyimiz bu fürsətə görə rolu olanlara təşəkkür edirik. Bu bir il ərzində Kastamonunun mədəniyyəti və tarixini dünyaya nümayiş etdirə bildik. Evliyalar şəhəri olan Kastamonu mənəvi özəllikləri ilə tanınır. Bu layihələrin, tədbirlərin gerçəkləşməsində TÜRKSOY-un böyük zəhməti oldu. TÜRKSOY mənəvi bağlarımızın möhkəmlənməsində böyük rol oynamaqdadır”.

    Qırğızıstan mədəniyyət və turizm nazirinin müavini Bakıtbek Sekimov da ötən 25 il ərzində TÜRKSOY-un Türk dünyasına böyük töhfələr verdiyini, 2018-ci ilin Qırğızıstan üçün əhəmiyyətli il olduğunu vurğuladı. Diqqətə çatdırdı ki, 2018-ci il TÜRKSOY tərəfindən “Çingiz Aytmatov ili” elan olunmuşdu və bu çərçivədə Azərbaycanda, Türkiyədə, digər türkdilli ölkələrdə tədbirlər keçirildi. Bütün bunlar həm də qırğız xalqına hörməti ifadə edir.

    Türkmənistan mədəniyyət nazirinin müavini ölkəsinin TÜRKSOY-la sıx əməkdaşlıq etdiyini bildirdi: “Biz də öz növbəmizdə Türk dünyasının ortaq dəyərlərinin qorunmasında və inkişafında yaxından iştirakımıza görə məmnunluq hissi keçiririk”.

    Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi Günay Əliyeva “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin ortaq mədəniyyət və irsimizin qorunması və təşviqinə mühüm töhfələr verdiyini qeyd etdi: “Bu layihənin gələcəkdə də davam etdirilməsi türk xalqları arasında həmrəyliyi və qarşılıqlı anlaşmanı daha da möhkəmləndirmək, beynəlxalq miqyasda ümumtürk mədəniyyətinin inkişafına kömək etmək, adət-ənənələri, incəsənəti, ədəbiyyatı qorumaq istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına səbəb olacaq”. Nazirlik rəsmisi xatırlatdı ki, Azərbaycanın Naxçıvan şəhəri 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunub və il çərçivəsində bir sıra mühüm tədbirlər keçirilib.

    G.Əliyeva TÜRKSOY tərəfindən ənənəvi olaraq hər il keçirilən “Türk dünyasının öncülləri” layihəsinin əhəmiyyətinə, bu çərçivədə Azərbaycan şəxsiyyətlərinə həsr edilən tədbirlərə də toxundu və 2018-ci ildə “Qara Qarayev ili”nin qurum tərəfindən yüksək səviyyədə qeyd olunduğunu vurğuladı.

    Qeyd edək ki, toplantıda Azərbaycanın 2019-cu ildə böyük şairimiz İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi çərçivəsində “Nəsimi ili”nin keçirilməsi təklifi qəbul olundu.

    Həmçinin Türkiyənin Aşıq Veysəlin anadan olmasının 125-ci ildönümü münasibətilə gələn ilin “Aşıq Veysəl ili” elan olunması təklifi də dəstəkləndi.

    Toplantıda 2019-cu ilin “Türk dünyasının mədəniyyət paytaxtı” barədə də qərar qəbul olundu. Gələn il bu missiyanı Qırğızıstanın Oş şəhəri davam etdirəcək.

    İclasdan sonra Kastamonunun estafeti Qırğızıstanın Oş şəhərinə təhvil verməsi mərasimi keçirildi. Axşam isə “Türk dünyasının mədəniyyət paytaxtı” ilinin təntənəli bağlanış mərasimi oldu.

    Mehparə SULTANOVA
    Kastamonu

    Mənbə: http://ataturk.az

  • Səxavət ƏNVƏROĞLU.Yeni şeirlər

    PEŞMAN OLARSAN.

    Saxavat Seyidmamedov ilə,

    Müəllif: Səxavət Ənvəroğlu.

    Dirənib sözündə demə bilirəm,
    Bildiyin çoxdusa saxla özündə.
    Düşün, qarşındakı kəs aciz deyil,
    Qorxu hökm edərmiş ürkək gözündə.

    Qurmadıq dünyanı nə sən, nə də mən,
    Söylə istəyini ruhən ürəkdən.
    Uşaqlıq etməyək nə mən, nə də sən,
    Zaman ələdikcə bizi ələkdən.

    Önə qoy papağı düşün dərindən,
    Səhvini tutarlar dilindən sənin.
    Özün də bilmədən peşman olarsan,
    Sevinci alsalar əlindən sənin.

    İzzətin,hörmətin dəyərini bil,
    “İnsanı ucaldar xoş söz, şirin dil”.
    Ağlayanla ağla,gülən kəslə gül,
    Yaşamaq yanmaqdır,nəfsə qul deyil!

    Sözümü unutma,qulağından as,
    Qovula-qovula nadan olarsan.
    Qarşında dayanan qarlı dağ olsa,
    Üşüyə-üşüyə peşman olarsan.

    Qırmızı dəniz.
    Misir sahilləri.2010.

    DƏRDLƏ ƏZDİN ELƏ MƏNİ.

    Saxavat Seyidmamedovvv

    Müəllif: Səxavət Ənvəroğlu.

    Göz yaşını silə-silə,
    Yöxdın məni bilə- bilə.
    Dərdlərimə gülə-gülə,
    Niyə üzdün belə məni?

    Polad kimi qırılmadım,
    Çat saldıkar-yarılmadım.
    Əzabından yorulmadım,
    Saldın gözdən elə məni.

    Kimi görsəm,”can” demişəm,
    Sancmamışam-“yan”demişəm…
    Ömür boyu qəm yemişəm,
    Dərdlə əzdin elə məni.

    Arif bilər söz qədrini,
    Bağban bilər gül ətrini…
    Dünya, qoyub ər xətrini,
    Öydün sözdə elə məni.

    Duz-çörəyin başım üstə,
    Daş qoymuşam daşın üstə.
    Yaş gəldikcə yaşım üstə,
    Bezib gəzdin elə məni.
    Salma dildən dilə məni!

    Bandirma.(Türkiyə).

    29.03.2009.

  • TOSAYAD Başkanı Sayın Remzi ZENGİN HOCAMIZIN doğum gününü kutluyoruz! (19 Aralık 2018 yıl)

    10498648_1088017144548624_2375876398071380324_o

    TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) Başkanı, Azerbaycan Gazeteçiler Birliği Sumqayıt şehir teşkilatının Günlük Analitik Haber Ajansı (gundelik.info) ve Azerbaycanın Kültür ve Edebiyat Portalının (edebiyyat-az.com) Türkiye temsilcisi Sayın Remzi ZENGİN HOCAMIZIN doğum gününü kutluyoruz! İYİ Kİ DOĞDUNUZ! İYİ Kİ VARSINIZ! NİCE BİLE YILLARA! BAŞARILAR DİLİYORUZ!

    Dilerim yüce mevlâdan
    Gözlerin yaş,
    Tekerin taş,
    Memleketin savaş görmesin.

    Cebinde bitmesin para
    Başın düşmesin hiç dara
    Dırdırı çok bir kaynana
    Başından eksik olmasın.

    Altında bir arap atı
    Gezesin hep memleketi,
    Malının bet bereketi
    Azalmasın, daim artsın.

    Duaların kabul olsun
    Mutluluğun bâki kalsın,
    Beklediğin yolcu gelsin
    Gözlerin yolda kalmasın

    Dilerim hiç çekme tasa
    Düşmeyesin derin yasa;
    Bir kel ile bir de köse
    Düğününde davul çalsın.

    Rüyaların gerçek olsun
    Dilerim hep yüzün gülsün,
    Seni sevmeyenler ölsün
    Yüz yirmi yıl yaşayasın.

    Remzi’den sana nasihat
    Adımını dikkatli at,
    Her şeye eyleme inat,
    DOĞUM GÜNÜN KUTLU OLSUN

    Ömür treni

    Uzun, kara bir katar
    Altmış vagonlu kadar
    Büyük bir hızla akar
    Geçti ömür treni

    Nice dağları aştı
    Nice tünelden geçti
    Sonunda düze erdi
    Geçti ömür treni

    Çok hızlı gidiyordu
    Makinistini yordu
    Şimdiyse artık durdu
    Göçtü ömür treni

    Artık gelmez islimi
    Düşünüyor teslimi
    As duvara resmini
    Geçti ömür treni

    Nice yolcular bindi
    Nice yolcular indi
    Düşün, son inen kimdi
    Geçti ömür treni

    Rengi sarardı soldu
    Şimdi miadı doldu
    Artık jiletlik oldu
    Geçti ömür treni

    (Tokat/17.8.2012)[

  • Şair Səxavət Ənvəroğlunun “Sətir-sətir oxu məni” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbi prosesdə özünəməxsus dəsti-xətti ilə seçilən şair Şair Səxavət Ənvəroğlunun 2018-ci ildə “EcoPrint” nəşriyyatı tərəfindən 124 səhifə həcmində, 220 tirajla “Sətir-sətir oxu məni” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Kitabın redaktoru Bakı Dövlət Universitetinin dosenti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin üzvü, şair-publisist Anar Məmmədovdur.

    Kitaba müəllifin lirik və bəşəri mövzuda yazdığı şeirlər daxil edilib. Səxavət Ənvəroğlu ixtisasca dənizçidir. Ömrünün yarısından çoxu dənizdə üzməklə keçib. Lakin hara üz tutubsa, qəlbində Azərbaycanı aparıb və dağlalar sahhilə can atan kimi o da həmişə geriyə-Vətənə can atıb. Torpaq-yurd sevgisi, dünyanın müəmmaları, böyüyə hörmət, müəllimə ehtiram, sevgidə sədaqət və doğmalara qayğı şeirlərinin ana xəttini təşkil edir. Müxətlif illərdə yazılan və oxucunu düşünməyə vadar edən həmin şeirlər Səxavət Ənvəroğlunun poetik dünyasının ən son nümunələridir.

    Kitab müəllifin oxucularla sayca dördüncü görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Qeyd edək ki, bundan öncə “Sən olacaqsan (“PRİNT” nəşriyyatı, 2014) və “Ürək məndən inciyibdi” (“Adiloğlu” nəşriyyatı, 2016), “Dünyanın işindən baş açmaq olmur” (“Müəllim” nəşriyyatı, 2017) şeirləri kitabı işıq üzü görüb.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”.

  • “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1330-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1330-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1330-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

    2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 10 dekabr 2018-ci il.

    Mənbə: http://www.president.az

  • “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

    “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

    Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

    Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 75; 2017, № 1, maddə 9) aşağıdakı məzmunda 11.4-cü maddə əlavə edilsin:

    “11.4. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinə uyğun olaraq, teatr tamaşalarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi qadağandır.”.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 2 noyabr 2018-ci il.

    Mənbə: http://www.president.az

  • Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Qasımov Tariel İsgəndər oğlu

    “Tərəqqi” medalı ilə

    Babayeva Məsumə Mustafa qızı
    Babayeva Sona

    Əliyev Rahib Səyidağa oğlu

    Əsədov İsa Qadir oğlu

    Hüseynova Kəmalə Müzəffər qızı

    Muradxanlı Ələsgər Calal oğlu.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 10 dekabr 2018-ci il.

    Mənbə: http://www.president.az

  • Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

    “Xalq artisti”

    Əliyeva Lətifə Cahandar qızı
    Novruzova Nübar Qulu qızı

    “Əməkdar artist”

    Abdullayeva Mehriban Abdulla qızı
    Əsədov İlham Əsəd oğlu
    Hüseynov Elnur Bəhrəmxan oğlu
    Şərifova Güşvər Fətulla qızı

    “Əməkdar mədəniyyət işçisi”

    Rəhimli Rafiq Səfər oğlu.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 10 dekabr 2018-ci il.

    Mənbə: http://www.president.az

  • Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illik yubileyi münasibətilə və Azərbaycanda kitabxanaçılıq işinin təkmilləşdirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

    Əliyeva Mədinə Talış qızı
    Həsənova Sənübər Abdulqafar qızı
    Quliyev Oruc İslam oğlu
    Musayeva Xalidə Məmmədəli qızı.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 4 dekabr 2018-ci il.

    Mənbə: http://www.president.az

  • “YANAN XATİRƏLƏR” – Yeni kitab

    Bu günlərdə Eltun Türkelin kitabı işıq üzü gördü.

    Poeziya dünyasına “YANAN XATİRƏLƏR” adlı şeirlər toplusuyla qədəm qoymuş gənc şair Eltun Türkelin kitabı oxucularla ilk görüşüdür. Burada şairin saf ürəyinin qanı ilə yoğrulmuş ən ülvi, çılğın hissləri qeyri-adi lirik ricətlərlə, oxucuya təqdim olunur, kövrək, həzin qəlb dünyasına uyğun olan pak, təmiz məhəbbətin, varlığından uca tutduğu sevgili Vətəninin, səadət, ləyaqət, dostluq, ümumiyyətlə narahat bir yazarın könlündən hayqıran humanist hisslərin tərənnümü əsas yer tutur. Dəyərli şairimizin həssas oxucu kütləsinin qəlbinə yol tapacağına, seviləcəyinə ümid edirik.

    Kitabın redaktoru pedaqoq, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Seyyid Süleymandır.

    Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.

    Mənbə: http://kultur.az

  • Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam olur.

    Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir. Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilmiş, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynamışdır.

    Ədəbi-mədəni proseslərin fəal qurucularından biri olaraq sənətkar yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr vermişdir. Cəfər Cabbarlı şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olmuş, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışmışdır.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümünün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük ədib və dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 17 dekabr 2018-ci il.

    Mənbə: http://www.president.az

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.Seçmə şeirlər

    Oğul

    Məndən inciyirsən, söz demək olmur,
    mən sənin atanam, ananam oğul.
    Səni danlayıram sənin xətrinə,
    yandıran deyiləm, yananam oğul.

    Ana olmayanda, ata tək qalır,
    unu ələyirlər, bir kəpək qalır.
    İp əldə darta-dart, çəkə-çək qalır,
    çəkmə qırılanam, sınanam oğul.

    Mən ağıl vermirəm, ağlına qurban,
    qara saçlarıyın ağına qurban.
    Ana xiffətin var, mən ona qurban,
    mən də Sarasızam, Sən anam oğul.

    Bir yol ayrıcına bənzəyir həyat,
    Yaramaz həyatın üstündə əsmək.
    Cəsarət istəyir, bir də ehtiyat,
    Nə ləngimək olar, nə də tələsmək.

    Ehtiyat elədim orda ki, bir vaxt,
    Cəsarət hər şeyə, məncə, dəyərdi.
    Cəsarət göstərdim orda ki, ancaq,
    Adi bir ehtiyat bəs eləyərdi.

    Bu dünya qəribə bir əyləncədir,
    Dünya sərt, mən bəzən uşaqxasiyyət.
    Yaşadım, bilmədim bu dünya nədir,
    Bilmədim, dünyada nədir səadət.

    Kədərim dünyanın vecinə deyil,
    Sevincim necə bəs, düşürmü yada?
    Bəlkə dünya üçün, bu – heç nə deyil,
    Nə qədər sevinc var, qəm var dünyada.

    Dünya sərgisində göründüm, yetər,
    Həqiqət dedim mən ”yalan dünya”ya,
    Dünyanı əyləncə hesab edənlər,
    Əylənib baxsınlar bir an dünyaya

    * * *

    Sizin qızınızla görüşürük biz
    Gedirik gah yolla,gah kənar izlə
    Bunu mən bilirəm, siz bilmirsiniz
    O gəlir sizin öz icazənizlə

    Tələbə yoldaşı,rəfiqəsi var
    İşi də çox olur,bəzən dərsi də
    Mənəm qızınızın,necə deyərlər
    “Tələbə yoldaşı”, “rəfiqəsi” də

    Mən başa düşürəm siz anasınız
    ürəyə sığılmış adi həyəcan
    O evə dönüncə nigaransınız
    Evdə olanda da mən nigaranam

    Bir ömrün mənzili uzaq, ya qısa
    Məhəbbət, doğmalıq, hansı qədimdir?
    O sizin incə bir qızınızdısa
    O mənin yeganə səadətimdir

    Siz də heyransınız, mən də bu qıza
    Kimin qapısından o keçməlidir
    Dünya elədir ki, biri tapırsa
    Biri, təbiidir… itirməlidir

    Duruluq rəmzidir sizin qızınız
    Gözündən oxunur qəlbi, isməti
    Sizin bu sevdada uduzmağınız
    Sizin borcunuzdur, mənim qismətim

    Gərək daralmasın bu eşqə həyat
    Deməyin biz kimik,nəçiyik,nəyik
    Yad ikən doğmayıq, doğma ikən yad
    Dünya qəribədir, biz qəribəyik

    Sizin adınıza hörmət,ehtiram
    Qadın qarşısında əyilib aləm
    Mən də baş əyirəm, vidalaşıram
    Qızınız gələcək mən getməliyəm…

    Minnətdaram mən..

    Yenə səsin gəldi qulaqlarıma,
    Həyata, dünyaya minnətdaram mən.
    Sən ordan pıçılda eşidim səni,
    Özgəsi çağırsa ona karam mən.

    Sən açdın bir qəlbin məhəbbətini,
    Mən duydum bir qəlbin səadətini.
    Sənsiz hər sözünü, hər söhbətini,
    Sənsiz hər ədanı xatırlaram mən.

    Bu geniş dünyada öz aləmim var,
    Sənlə sevincim var, sənsiz qəmim var,
    Dünyada qazancım bir qələmim var,
    Sənin xidmətində daim varam mən.

  • Xalq şairi Zəlimxan YAQUB.Seçmə şeirlər

    DÜNYANIN ZOR ADAMI

    Qoşa qanadımdı atam vә anam,
    Mәn iki adamın bir adamıyam.
    Adәmdәn adama yol gәldi ömrüm,
    Sirdәn yaranmışam, sirr adamıyam.

    Çeşmә gözlәrimdә, çay gözlәrimdә,
    Min bir gözәlliyi say gözlәrimdә.
    Günәş ürәyimdә, Ay gözlәrimdә,
    Üfüqdәn boylanan zәr adamıyam.

    Dünya heyranlıqdı, mәn heyrәtdәyәm,
    Heyran olduğuma mәhәbbәtdәyәm.
    Gecә dә, gündüz dә ziyarәtdәyәm,
    Ocaq adamıyam, pir adamıyam.

    Bir sәsәm, süzülüb neydәn gәlmişәm,
    Kitabam, әlifdәn-beydәn gәlmişәm.
    Buluda qoşulub göydәn gәlmişәm,
    Torpaqdan yoğrulan yer adamıyam.

    Eşqimlә dağ yarıb, daş oya bildim,
    Bir gündә min bir gün yaşaya bildim.
    Mәn ki bu yüklәri daşıya bildim?
    Bu qoca dünyanın zor adamıyam.

    2008, 7 fevral

    APARSIN

    Kim gedәndә mәzarımın üstünә,
    Nә gül dәrsin, nә çiçәklәr aparsın.
    Dodağında Quranın bir ayәsi,
    Ürәyindә xoş dilәklәr aparsın.

    Dağ döşündә yaralanmış ahuyam,
    Dәrd evinin, qәm mülkünün şahıyam.
    Dağ yandıran Füzulinin ahıyam,
    Hesabını qoy fәlәklәr aparsın.

    İgid canım, şәhid canım, mәrd canım,
    Ağrılara möhkәm canım, sәrt canım.
    Qoyma sәndә meydan aça dәrd, canım,
    Dәrdin varsa, ver külәklәr aparsın.

    Dünya şeytan, dünya meydan, dünya qan,
    Baxıb gördük dünya axşam, dünya dan.
    Bir gün mәni aparanda dünyadan,
    Qoy ya ruhlar, ya mәlәklәr aparsın.

    At büdrәdi, meydan getdi, әr itdi,
    Ay Zәlimxan, yan, qәlbini әrit, di.
    Keçmişimi qara torpaq әritdi,
    Sabahımı gәlәcәklәr aparsın.

    2008, 15 fevral

    GƏLMİSƏN

    Qardaş, söylә görüm İranda nә var,
    Eşitdim o yerdәn tәzә gәlmisәn.
    Sәnә bu yaşında gözәllәr baxıb,
    Bir qız baxışında gözә gәlmisәn.

    Gözәllәr әlindәn alıb tabını,
    Çәkiblәr mәclisdә haqq-hesabını.
    Geyinә bilmәyib ayaqqabını,
    Dönüb ayaqyalın bizә gәlmisәn.

    Ağıllı tәrpәnib tәdbir tökәnlәr,
    Yaxanı çırmayıb yaxa sökәnlәr,
    Üzünü görmәyib şallaq çәkәnlәr,
    Mey içib, dilindә mәzә gәlmisәn.

    Arifә qurbandı şairin canı,
    Gәl dostu-düşmәni yaxından tanı.
    Dostumuz Nurәddin verib fitvanı,
    Zәlimxan dilindә sözә gәlmisәn.
    2008, 20 fevral

    ÇALMA “MÜXƏMMƏS”İ,
    TEZDİ, AY AŞIQ

    Ey külәk, dağıdıb
    salma didәrgin,
    Qoy duman yaşasın,
    duman ömrünü.
    Sünbülün öz ömrü,
    dәnin öz ömrü,
    Saman da yaşasın
    saman ömrünü.

    Tufanlar ovcunda
    sıxma dağları,
    Atәşә yandırıb
    yaxma dağları.
    Ey qәfil zәlzәlә,
    yıxma dağları,
    Dağlardı yaşadan
    insan ömrünü.

    Qoyma gül bağçalar
    bәhәrsiz qala,
    Qoyma axşamları
    sәhәrsiz qala.
    Qoyma at igidsiz,
    yәhәrsiz qala,
    Köhlәnә bağışla
    meydan ömrünü.

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Gülüstan” (Poema)

    Azərbaycanın birliyi və istiqlal uğrunda
    çarpışan Səttar xan, Şeyx Məhəmməd Xiyabani
    və Pişəvərinin əziz xatirəsinə

    İpək yaylığıyla o, asta-asta
    Silib eynəyini gözünə taxdi.
    Əyilib yavaşca masanın üstə
    Bir möhürə baxdı, bir qola baxdı.
    Kağıza həvəslə o da qol atdı,
    Dodağı altından gülümsəyərək.
    Bir qələm əsrlik hicran yaratdı,
    Bir xalqı yarıya böldü qılınc tək.
    Öz sivri ucuyla bu lələk qələm,
    Dəldi sinəsini Azərbaycanın.
    Başını qaldırdı,
    Ancaq dəmbədəm
    Kəsdilər səsini Azərbaycanın.
    O güldü kağıza qol çəkən zaman,
    Qıydı ürəklərin hicran səsinə.
    O güldü haqq üçün daim çarpışan
    Bir xalqın tarixi faciəsinə.
    Əyləşib kənarda topsaqqal ağa,
    Hərdən mütərcimə suallar verir.
    Çevrilir gah sola, baxır gah sağa,
    Başını yellədib təsbeh çevirir.
    Qoyulan şərtlərə razıyıq deyə,
    Tərəflər qol çəkdi müahidəyə…
    Tərəflər kim idi?
    Hər ikisi yad!
    Yadlarmı edəcək bu xalqa imdad?!
    Qoy qalxsın ayağa ruhu Tomrisin.
    Babəkin qılıncı parlasın yenə.
    Onlar bu şərtlərə sözünü desin,
    Zənciri kim vurdu şir biləyinə?
    Hanı bu ellərin mərd oğulları,
    Açın bərələri, açın yolları.
    Bəs hanı bu əsrin öz Koroğlusu
    – Qılınc Koroğlusu, söz Koroğlusu?
    Babaların şəni, şərəfi, əlbət,
    Bizə əmanətdir, böyük əmanət…
    Yoxmu qanımızda xalqın qeyrəti?
    Belə saxlayarlar bəs əmanəti?
    Qoy ildırım çaxsın, titrəsin cahan!
    Ürəklər qəzəbdən coşsun, partlasın.
    Daim haqq yolunda qılınc qaldıran
    İgid babaların goru çatlasın!
    Qoy əysin başını vüqarlı dağlar,
    Matəmi başlandı böyük bir elin.
    Mərsiyə söyləsin axar bulaqlar,
    Ağılar çağırsın bu gün qız, gəlin!..
    Tərəflər sakitdir, qəzəbli deyil,
    Məhv olan qoy olsun, onlara nə var.
    İmzalar atılır bir-bir, elə bil,
    Sevgi məktubuna qol çəkir onlar.
    Atıb imzasını hər kəs varağa
    Əyləşir sakitcə keçib yerinə.
    Eynəkli cənabla, təsbehli ağa,
    Qalxıb əl də verir bir-birinə.
    Onların birləşən bu əllərilə
    Ayrılır ikiyə bir el, bir Vətən.
    Axıdıb gözündən yaş gilə-gilə,
    Bu dəhşətli hala nə deyir Vətən?
    Bir deyən olmadı, durun ağalar!
    Axı bu ölkənin öz sahibi var.
    Siz nə yazırsınız, bayaqdan bəri,
    -Bəs hanı bu yurdun öz sahibləri?
    Bəs hanı həqiqət, bəs hanı qanun?
    Böyükdür bu yurdun tarixi, yaşı.
    Bəs hanı köksünə sərhəd qoyduğun,
    Bir vahid ölkənin iki qardaşı?
    Görək bu hicrana, bu müsibətə,
    Onların sözü nə, qərəzi nədir?
    Bu xalq əzəl gündən düşüb zillətə,
    Öz doğma yurdunda yoxsa kölədir?
    Necə ayırdınız dırnağı ətdən
    -Ürəyi bədəndən, canı cəsəddən?
    Axı kim bu haqqı vermişdir sizə,
    Sizi kim çağırmış, Vətənimizə?
    Neçə vaxt səngərdə hey ulaşdılar,
    Gülüstan kəndində sövdalaşdılar
    Bir ölkə ikiyə
    Ayrılsın deyə!..
    Göy də buludlamış deyirlər o gün,
    Çölləri, düzləri buludlar sarmış.
    O göy gumltusu Oğuz xaqanın
    Ruhuymuş, hönkürüb fəryad qoparmış.
    Gülüstan kəndinin gül-çiçəkləri
    Bir günün içində soldu, saraldı.
    “Gülüstan” bağlandı, o gündən bəri,
    Bu kəndin alnında bir ləkə qaldı.
    Bağrı köz-köz oldu “Yanıq Kərəm”in
    Tellər inildədi, yandı, nə yandı.
    Aşığın sazında daha bir həzin,
    Daha bir yanğılı pərdə yarandı.
    Həmin gün ölkəni apardı sel, su,
    Tutuldu çöhrəsi Günün, Ayın da.
    Qoca Nəbacinin eşqi, arzusu,
    O gün batmadımı Arpa çayında?
    Ağlayıb dağlardan əsən küləklər,
    Bu məşum xəbəri aləmə yaydı.
    Sanki dilə gəldi güllər, çiçəklər:
    “Bu işə qol qoyan qollar sınaydı”.
    Arazın suları qəzəbli, daşqın,
    Şirin nəğmələri ahdır, haraydır,
    Vətən, quşabənzər qanadlarının
    Biri bu taydırsa, biri o taydır.
    Quş iki qanadla uçar, yüksələr,
    Mən necə yüksəlim tək qanadımla?
    Ürəklər bu dərddən tüğyana gələr,
    Axar gozümüzdən yaş damla-damla.
    Cənablar, bir anlıq düşündünüzmü?
    Verdiyiniz hökmün ağırlığını?
    Bu hökmün dəhşəti əllimi, yüzmü?
    Biz necə götürək bu gözdağını?..
    Başı kəsiləndə bu məğrur elin
    Könül fəryadını hiss etdinizmi
    Qoca Füzulinin, igid Babəkin
    Etiraz səsini eşitdinizmi?
    Cənablar, bir damcı mürəkkəblə siz
    Düşünün, nələrə qol çəkmisiniz?
    Bir damcı mürəkkəb bir vətəndaşı
    Qanına bulayıb ikiyə böldü.
    Bir damcı mürəkkəb olub göz yaşı
    İllərlə gözlərdən axdı, töküldü.
    Min ləkə vurdular şərəfimizə
    Verdik, sahibimiz yenə “ver” – dedi.
    Lap yaxşı eyləyib doğrudan, bizə
    Biri “baran” – dedi, biri “xər” – dedi.
    Bizi həm yedilər, həm dəmindilər,
    Amma arxamızca gileyləndilər.
    Hökmü gör nə qədər böyükmüş anın.
    Möhür də basdılar varağa təkrar.
    Yox, varağın deyil, Azərbaycanın
    Köksünə dağ boyda dağ basdı onlar.
    İmzalı, möhürlü ey cansız varaq,
    Nə qədər böyükmüş qüvvətin, gücün.
    Əsrlər boyunca vuruşduq, ancaq
    Sarsıda bilmədik hökmünü bir gün.
    Ey kağız parçası, əvvəl heç ikən,
    Yazılıb, qollanıb yoxdan var oldun.
    Böyük bir millətin başını kəsən,
    Qolunu bağlayan hökmdar oldun.
    Bir eli ikiyə paraladın sən
    Özün kağız ikən paralanmadın,
    Köksünə yazıları qəlb atəşindən,
    Niyə alışmadın, niyə yanmadın?
    Araz sərhəd oldu, əsdi küləklər,
    Sular yatağında qalxdı, köpürdü.
    Üstü dama-dama taxta dirəklər,
    Çayın kənarıda səf çəkib durdu.
    Sular, sizdən təmiz, nə var dünyada?
    Ləkədən xalidir axı qəlbiniz.
    Bağrınız alışıb niyə yanmadı
    Bu çirkin əmələ qol qoyanda siz?
    Ey Araz, səpirsən, göz yaşı sən də
    Keçdikcə üstündən çölün, çəmənin.
    Səni arzulara sədd eyləyəndə,
    Niyə qurumadı suların sənin?
    Dayanıb Arazın bu tayında mən
    “Can qardaş” deyirəm, o da “can” deyir.
    Ey zaman, sorğuma cavab ver, nədən
    Səsim, yetən yerə əlim yetməyir…
    Qarışıb gözümdə, qarışıb aləm,
    Dərd dərdi doğrayır, qəm qəmdən keçir.
    Arazın üstündən keçə bilmirəm,
    Araz dərdim olub, sinəmdən keçir.
    Taxta dirəkləri torpağa deyil,
    Qoydular Füzuli divanı üstə.
    Yarıya bölündü yüz, yüz əlli il
    Gəraylı, bayatı, muğam, şikəstə.
    Dəmir çəpərləri eşqim, diləyim
    Tarixim, ənənəm üstə qoydular.
    Yarıya bölündü canım, ürəyim,
    Yarıya bölündü Arazda sular.
    Taxta dirəkləri qoydular, ax, ax!..
    Qəlbimin, ruhumun dilimin üstə,
    Biz güldük, ağladıq, yenə də, ancaq
    Bir sazın, bir telin, bir simin üstə.
    Ürəkdən ürəyə körpü? Bir dayan!
    Dərdimiz dinirsə bir sazın üstə.
    Şəhriyar yaralı misralardan,
    Körpü salmadımı Arazın üstə?!
    Bu taydan o taya axışdı sel tək
    Gözə görünməyən könül telləri.
    Bu selin önünü nə çay, nə dirək,
    Kəsə bilməmişdir yüz ildən bəri.
    Ağalar bilmədi birdir bu torpaq
    Təbriz də, Bakı da – Azərbaycandır,
    Bir elin ruhunu, dilini ancaq
    Kağızlar üstündə bölmək asandır.
    Böl, kağız üstündə, böl, gecə-gündüz,
    Torpağın üstünə dirəklər də düz,
    Gücünü, əzmətini tök də meydana,
    Qoşundan silahdan sədd çək hər yana.
    Torpağı ikiyə bölərsən, ancaq
    Çətindir bədəni candan ayırmaq!
    Ayırmaq kimsəyə gəlməsin asan,
    Bir xalqın bir olan dərdi-sərini.
    O taydan bu taya Mustafa Payan
    Oxuyur Vahidin qəzəllərini.
    Dolandı zəmanə, döndü qərinə,
    Şairlər od tökdü yenə dilindən.
    Vurğunun o həsrət nəğmələrinə
    Şəhriyar səs verdi Təbriz elindən:
    “Heydər baba, göylər qara dumandı.
    Günlərimiz bir-birindən yamandı.
    Bir-birizdən ayrılmayın, amandı,
    Yaxşılığı əlimizdən aldılar,
    Yaxşı bizi yaman günə saldılar.
    Bir uçaydım bu çırpman yelinən,
    Qovuşaydım dağdan aşan selinən,
    Ağlaşaydım uzaq düşən elinən,
    Bir görəydim ayrılığı kim saldı,
    Ölkəmizdə kim qırıldı, kim qaldı”.

    1959

  • Məhəmmədhüseyn ŞƏHRİYAR.”Heydərbabaya salam” (Poema) I hissə

    Ustad Məhəmmədhüseyn Şəhriyar yaradıcılığının zirvəsi sayılan “Heydərbabaya salam” poemasını 1951-ci ildə yazıb. Poema iki hissədən ibarətdir. Şair poemanın birinci hissəsini Tehranda, ikinci hissəsini isə Təbrizdə yazmışdır. Poemanın 1-ci hissəi 77, 2-ci hissəsi isə 48 bənddən ibarətdir. Azərbaycan dilindədir. Beşlik formasındadır. Heca vəznindədir. Vahid süjet xətti yoxdur.

    Heydər Baba, ildırımlar şaxanda,
    Sellər, sular şaqqıldayıb axanda,
    Qızlar ona səf bağlayıb baxanda,
    Salam olsun şövkətizə, elizə,
    Mənim də bir adım gəlsin dilizə.

    Heydər Baba, kəkliklərin uçanda,
    Göl dibindən dovşan qalxıb qaçanda,
    Bağçaların çiçəklənib açanda,
    Bizdən də bir mümkün olsa, yad elə,
    Açılmayan ürəkləri şad elə.

    Bayram yeli çardaqları yıxanda,
    Novruzgülü, qarçiçəyi çıxanda,
    Ağ buludlar köynəklərin sıxanda,
    Bizdən də bir yad eləyən sağ olsun,
    Dərdlərimiz qoy dikəlsin dağ olsun.

    Məmmədhüseyn Şəhriyar
    Heydər Baba, gün dalını dağlasın,
    Üzün gülsün, bulaqların ağlasın,
    Uşaqlarun bir dəstə gül bağlasın,
    Yel gələndə ver gətirsin bu yana,
    Bəlkə mənim yatmış bəxtim oyana.

    Heydər Baba, sənin yüzün ağ olsun,
    Dörd bir yanın bulaq olsun, bağ olsun,
    Bizdən sonra sənin başın sağ olsun,
    Dünya qəzov-qədər, ölüm-itimdir,
    Dünya boyu oğulsuzdur, yetimdir.

    Heydər Baba, yolum səndən kəc oldu,
    Ömrüm keçdi, gələmmədim, gec oldu,
    Heç bilmədim gözəllərin necoldu,
    Bilmez idim döngələr var, dönüm var,
    Itginlik var, ayrılık var, ölüm var.

    Heydər Baba, igid əmək itirməz,
    Ömür keçər, əfsus bərə bitirməz,
    Namərd olan ömrü başa yetirməz,
    Biz də vallah, unutmarıq sizləri,
    Görəmməsək, halal edin bizləri.

    Heydər Baba, Mirəjdər səslənəndə,
    Kənd içinə səsdən-küydən düşəndə,
    Aşıq Rüstəm sazın dilləndirəndə,
    Yadındadır, nə hövləsək qaçardım?
    Quşlar təkin qanad çalıb uçardım.

    Şəngilava yurdu, aşıq alması,
    Gahdan gedib orda qonaq qalması,
    Daş atması, alma-heyva salması,
    Qalıb şirin yuxu kimin yadımda,
    Əsər qoyub ruhumda, hər zadımda.

    Heydər Baba, Quru gölün qazları,
    Gədiklərin sazaq çalan sazları,
    Kənd-kövşənin payızları, yazları,
    Bir sinema pərdəsidir gözümdə,
    Tək oturub, seyr edərəm özüm də.

    Heydər Baba, Qaraçəmən cadası,
    Çovuşların gələr səsi, sədası,
    Kərbəlaya gedənlərin qadası,
    Düşsün bu ac yolsuzların gözünə,
    Təməddünün uyduq yalan sözünə.

    Heydər Baba, şeytan bizi azdırıb,
    Məhəbbəti ürəklərdən qazdırıb,
    Qara günün sər-nüviştin yazdırıb,
    Salıb xalqı bir-birinin canına,
    Barışığı bələşdirib qanına.

    Göz yaşına baxan olsa, qan axmaz,
    Insan olan xəncər belinə taxmaz,
    Amma heyif, kor tutduğun buraxmaz,
    Behiştimiz cəhənnəm olmaqdadır,
    Zilhiccəmiz məhərrəm olmaqdadır.

    Xəzan yeli yarpaqları tökəndə,
    Bulud dağdan yenib kəndə köçəndə,
    Şeyxülislam gözəl səsin çəkəndə,
    Nisgilli söz ürəklərə dəyərdi,
    Ağaclar da Allaha baş əyərdi.

    Daşlı bulaq daş-qumunan dolmasın,
    Bağçaları saralmasın, solmasın,
    Ordan keçən atlı susuz olmasın,
    Deynə bulaq, heyran olsun, axarsan,
    Üfüqlərə xumar-xumar baxarsan.

    Heydər Baba, dağın daşın sərəsi,
    Keklik oxur, dalısında fərəsi,
    Quzuların ağı, bozu, qərəsı,
    Bir gedəydim dağ-dərələr uzunu,
    Oxuyaydım: “Çoban, qaytar quzunu”.

    Heydər Baba, Sulu yerin düzündə,
    Bulaq qaynar çay-çəmənin gözünde,
    Bulaqotu üzər suyun üzündə,
    Gözəl quşlar ordan gəlib keçərlər,
    Xəlvətləyib bulaqdan su içərlər.

    Biçin üstü sünbül biçən oraqlar,
    Elə bil ki, zülfü darar daraqlar,
    Şikarçılar bildirçini soraqlar,
    Biçinçilər ayranların içərlər,
    Bihuşlanıb sondan durub biçerler.

    Heydər Baba, kəndin günü batanda,
    Uşaqların şamın yeyib yatanda,
    Ay buluddan çıxıb qaş-göz atanda,
    Bizdən də bir sən onlara qissə de,
    Qissəmizdə çoxlu qəmü-qüssə de.

    Qarı nənə gecə nağıl deyəndə,
    Külek qalxıb qapı-bacanı döyəndə,
    Qurd keçinin Şəngülüsün yeyəndə,
    Mən qayıdıb bir də uşaq olaydım,
    Bir gül açıb ondan sonra solaydım.

    Əmməcanın bal-bəlləsin yeyərdim,
    Sondan durub üst donumu geyərdim,
    Bağçalarda tiringəni deyərdim,
    Ay özümü o əzdirən günlərim,
    Ağac minib, at gəzdirən günlərim.

    Həçi xala çayda paltar yuyardı,
    Məmmədsadıx damlarını suvardı,
    Heç bilməzdik dağdır, daşdır, divardır
    Hər yan gəldi, şıllaq atıb aşardıq,
    Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq.

    Şeyxəlislam münacatı deyərdi,
    Məşədrəhim ləbbadəni geyərdi,
    Məşdəcəli bozbaşları yeyərdi,
    Biz xoş idik, heyrat olsun, toy olsun,
    Fərq eləməz, hər nolacaq, qoy olsun.

    Melikniyaz vərəndilin salardı,
    Atın çapıb qıyqacıdan çalardı,
    Qırğı təkin gədik başın alardı.
    Dolayıya qızlar açıb pəncərə,
    Pəncərələrdən nə gözəl mənzərə.

    Heydər Baba, kəndin toyun tutanda,
    Qız gəlinlər həna, piltə satanda,
    Bəy gəlinə damdan alma atanda,
    Mənim də o qızlarında gözüm var,
    Aşıqların sazlarında sözüm var.

    Heydər Baba, bulaqların yarpızı,
    Bostanların gülbəsəri, qarpızı,
    Çərçilərin ağ nobatı, saqqızı,
    Indi də var damağımda, dad verər
    Itgin gedən günlərimdən yad verər.

    Bayram idi, gecəquşu oxurdu,
    Adaxlı qız bəy corabın toxurdu,
    Hər kəs şalın bir bacadan soxurdu,
    Ay nə gözəl qaydadı şal sallamaq,
    Bəy şalına bayramlığın bağlamaq.

    Şal istədim mən də evdə ağladım,
    Bir şal alıb tez belimə bağladım,
    Qulamgilə qaçdım, şalı salladım,
    Fatma xala mənə corab bağladı,
    Xan nənəmi yada salıb ağladı.

    Heydər Baba, Mirzəmmədin bağçası,
    Bağçaların turşaşirin alçası,
    Gəlinlərin düzmələri, taxçası
    Hey düzülər gözlərimin rəfində,
    Heyimə vurar xatirələr səfində.

    Bayram olub, qızıl palçıq əzərlər,
    Naqqış vurub, otaqları bəzərlər,
    Taxçalara dizmələri dizərlər
    Qız-gəlinin fındıqçası, hənası,
    Həvəslənər anası, qaynanası.

    Baxıcının sözü-sovu, kağızı
    Inəklərin bulaması, ağızı,
    Çərşənbənin girdəkanı, mövizi
    Qızlar deyər: “Atıl-matıl, çərşənbə,
    Ayna təkin bəxtim açıl, çərşənbə”.

    Yumurtanı göyçək, güllü boyardıq,
    Çaqqışdırıb sınanların soyardıq,
    Oynamaqdan bircə məgər doyardıq,
    Əli mənə yaşıl aşıq verərdi,
    İrza mənə novruzgülü dərərdi.

    Novruzəli xərməndə vəl sürərdi,
    Gahdan yenib küləşlərin kürərdi,
    Dağdan da bir çoban iti hürərdi,
    Onda gördün, ulaq ayaq saxladı,
    Dağa baxıb qulaqların şaxladı.

    Axşambaşı naxırınan gələndə,
    Qoduqları çəkib vurardıq bəndə,
    Naxır keçib gedib yetəndə kəndə,
    Heyvanları çılpaq minib qovardıq,
    Söz çıxsaydı, sinə gərib sovardıq. .

    Yaz gecəsi çayda sular şarıldar,
    Daş qayalar seldə aşıb karıldar,
    Qaranlıqda qurdun gözü parıldar,
    Itlər gördün, qurdu seçib ulaşdı,
    Qurd da gördün, qalxıb gədikdən aşdı.

    Qış gecəsi tövlələrin otağı,
    Kəndlilərin oturağı, yatağı,
    Buxarıda yanar odun yanağı,
    Şəbçərəsi, girdəkanı, iydəsi,
    Kəndi basar gülüb-danışmaq səsi.

    Şüca xaloğlunun Bakı sovqatı,
    Damda quran samavarı, söhbəti,
    Yadımdadı şəstli qəddi, qaməti,
    Cünəmməyin toyu döndü yas oldu,
    vənəqızın bəxt aynası kas oldu.

    Heydər Baba, Nənəqızın gözləri,
    Rəxşəndənin şirin-şirin sözləri,
    Türki dedim, oxusunlar özləri,
    Bilsinlər ki, adam gedər, ad qalar,
    Yaxşı-pisdən ağızda bir dad qalar.

    Yaz qabağı gün güneyi döyəndə,
    Kənd uşağı qar gülləsin sövəndə,
    Kürəkçilər dağda kürək zivəndə,
    Mənim ruhum elə bilin ordadır,
    Kəklik kimi batıb qalıb, qardadır.

    Qarı nənə uzadanda işini,
    Gün buludda əyirərdi teşini,
    Qurd qocalıb, səkdirəndə dişini,
    Sürü qalxıb dolayıdan aşardı,
    Baydaların südü aşıb-daşardı.

    Həccəsultan əmmə dişin qısardı,
    Mollabağır əmoğlu tez mısardı,
    Təndir yanıb, tüstü evi basardı,
    Çaydanımız ərsin üstə qaynardı,
    Qovurğamız sac içində oynardı.

    Bostan pozub gətirirdik aşağı,
    Doldururduq evdə taxta-tabağı,
    Təndirlərdə bişirərdik qabağı,
    Özün yeyib, toxumların çırtlardıq,
    Çox yeməkdən lap az qala çatlardıq.

    Vərziğandan armud satan gelende,
    Uşaqların səsi düşərdi kəndə,
    Biz də bu yandan eşidib biləndə,
    Şıllaq atıb bir qışqırıq salardıq,
    Buğda verib armudlardan alardıq.

    Mirzə Tağıynan gecə getdik çaya,
    Mən baxıram seldə boğulmuş aya,
    Birdən ışıq düşdü o tay bağçaya,
    “Eyvay!” dedik, “qurddu!”, qayıtdıq, qaçdıq,
    Heç bilmədik nə vaxt güllükdən aşdıq.

    Heydər Baba, ağaçların ucaldı,
    Amma hayıf, cavanların qocaldı,
    Toğluların arıqlayıb acaldı,
    Kölgə döndü, gün batdı, qaş qarəldi,
    Qurdun gözü qaranlıqda bərəldi.

    Eşitmişəm yanır Allah çırağı,
    Dayır olub məscidizin bulağı,
    Rahat olub kəndin evi, uşağı,
    Mənsurxanın əli-qolu var olsun,
    Harda qalsa, Allah ona yar olsun.

    Heydər Baba, Moll’ Ibrahim var, ya yox?
    Məktəb açar, oxur uşaqlar, ya yox?
    Xərmən üstü məktəbi bağlar, ya yox?
    Məndən axunda yetirərsən salam,
    Ədəbli bir salam malakəlam.

    Həci Sultan əmmə gedib Təbrizə
    Amma nə Tebriz ki, gələmmir bizə,
    Balam, durun qoyaq gedək evimizə,
    Ağa öldü, tufağımız dağıldı,
    Qoyun olan yad gedibən sağıldı.

    Heydər Baba, dünya yalan dünyadı,
    Süleymandan, Nuhdan qalan dünyadı,
    Oğul doğan, dərdə salan dünyadı,
    Hər kimsəyə hər nə verib, alıbdı,
    Əflatundan bir quru ad qalıbdı.

    Heydər Baba, yaru-yoldaş döndülər,
    Bir-bir məni çöldə qoyub, çöndülər,
    Çeşmələrim, çıraqlarım söndülər,
    Yaman yerdə gün döndü, axşam oldu,
    Dünya bizə xarabei-şam oldu.

    Emoğluynan gedən gecə Qıpçağa,
    Ay ki, çıxdı, atlar gəldi oynağa,
    Dırmaşırdıq, dağdan aşırdıq dağa,
    Məşməmixan göy atını oynatdı,
    Tüfəngini aşırdı, şaqqıldatdı.

    Heydər Baba, Qara kolun dərəsi,
    Xoşginab’ın yolu, bəndi, bərəsi,
    Orda düşər çil kəkliyin fərəsi,
    Ordan keçər yurdumuzun özünə,
    Biz də keçək yurdumuzun sözünə.

    Xoşginabı yaman günə kim salıb?
    Seyidlərdən kim qırılıb, kim qalıb?
    Amir Qafar dam daşını kim alıb?
    Bulaq genə gəlib gölü doldurur,
    Ya quruyub, bağçaları soldurur?

    Amir Qafar seyidlərin tacıydı,
    Şahlar şikar etməsi qıyqacıydı,
    Mərdə şirin, namərdə çox acıydı,
    Məzlumların haqqı üstə əsərdi,
    Zalimləri qılınc təkin kəsərdi.

    Mirmustafa dayı, ucaboy baba,
    Heykəlli-saqqallı Tolustoy baba,
    Eylərdi yas meclisini toy, baba
    Xoşginabın abi-rusu, ərdəmi,
    Məscidlərin, məclislərin görkəmi.

    Məcdüssadat gülərdi bağlar kimi,
    Guruldardı, buludlu dağlar kimi,
    Söz ağzında ərirdi yağlar kimi,
    Alnıaçıq, yaxşı, dərin qanardı,
    Yaşıl gözler çıraq kimi yanardı.

    Mənim atam süfrəli bir kişiydi,
    El əlindən tutmaq onun işiydi,
    Gözəllərin axıra qalmışıydı,
    Ondan sonra dönərgələr dönüblər,
    Məhəbbətin çırağları sönüblər.

    Mirsalehin dəlisovluq etməsi,
    Mirəzizin şirin şaxsey getməsi,
    Mirməmmədin quruması, bitməsi,
    Indi desək, əhvalatdır, nağıldır,
    Keçdi getdi, itdi batdı, dağıldı.

    Mirəbdülün aynada qaş yaxması,
    Çövçülərindən qaşının axması,
    Boylanması, dam-divardan baxması,
    Şah Abbasın dürbini, ya dəş bixeyr,
    Xoşginabın xoş günü, ya dəş bixeyr.

    Sitar’əmmə nəzikləri yapardı,
    Mirqadir də hərdən birin qapardı,
    Qapıb yeyib dayça təkin çapardı,
    Gülməliydi onun nəzik qapması,
    Əmməmin də ərsiyinin şappası.

    Heydər Baba, Amir Heydər neyləyir?
    Gəlin yenə samavarı göynəyir,
    Daha qocalıb, alt əngini çeynəyir,
    Qulaq batıb, gözü girib qaşına,
    Yazıq əmmə, hava gəlib başına.

    Xanım əmmə Mirəbdülün sözünü,
    Eşidəndə əyər ağzı-gözünü,
    Məlkamıda verər onun özünü,
    Davaların şuxluğunan qatarlar,
    Əti yeyib, başı atıb yatarlar.

    Fizzəxanım Xoşginabın gülüydü,
    Amir Yəhya əmiqızının quluydu,
    Rüxsarə artist idi, sevgiliydi,
    Seyid Hüseyn Mirsalehi yamsılar,
    Əmir Cəfər qeyrətlidir, qan salar.

    Səhər tezdən naxırçılar gələrdi,
    Qoyun-quzu dam-bacadan mələrdi,
    Əmməcanım körpələrin bələrdi,
    Təndirlərin qovzanardı tüstüsü,
    Çörəklərin gözəl iyi, istisi.

    Göyərçinlər dəstə qalxıb uçarlar,
    Gün saçanda qızıl pərdə açarlar,
    Qızıl pərdə açıb, yığıb qaçallar,
    Gün ucalıb, artar dağın cəlalı,
    Təbiətin cavanlanar cəmalı.

    Heydər Baba, qarlı dağlar aşanda,
    Gecə karvan yolun aşıb çaşanda,
    Mən hardasam, Tehranda, ya Kaşanda,
    Uzaqlardan gözüm seçər onları,
    Xəyal gəlib, aşıb keçər onları.

    Bir çıxaydım Damqayanın daşına,
    Bir baxaydım keçmişinə, yaşına,
    Bir görəydim nələr gəlib başına,
    Mən də onun qarlarıyla ağlardım,
    Qış donduran ürəkləri dağlardım.

    Heydər Baba, gül-qönçəsi xəndandır
    Amma hayıf, ürək qəzası qandır,
    Zindəganlıq, bir qaranlıq zindandır,
    Bu zindanın dərbəçəsin açan yox,
    Bu darlıqdan bir qurtulub qaçan yox.

    Heydər Baba, göylər bütün dumandı,
    Günlərimiz bir-birindən yamandı,
    Bir-birizdən ayrılmayın, amandı,
    Yaxşılığı əlimizdən alıblar,
    Yaxşı bizi yaman günə salıblar!

    Bir soruşun bu qarqınmış fələkdən,
    Nə istəyir bu qurduğu kələkdən?
    Deynə, keçirt ulduzları ələkdən,
    Qoy tökülsün, bu yer yüzü dağılsın,
    Bu şeytanlıq qurğusu bir yığılsın.

    Bir uçaydım bu çırpınan yelinən,
    Bağlaşaydım dağdan aşan selinən,
    Ağlaşaydım uzaq düşən elinən,
    Bir görəydim ayrılığı kim saldı?
    Ölkəmizdə kim qırıldı, kim qaldı?

    Mən sənintək dağa saldım nəfəsi,
    Sən də qaytar, göylərə sal bu səsi,
    Bayquşun da dar olmasın qəfəsi,
    Burda bir şir darda qalıb, bağırır,
    Mürüvvətsiz insanları çağırır.

    Heydər Baba, qeyrət qanın qaynarkən,
    Qaraquşlar səndən qopub qalxarkən,
    O sıldırım daşlarıynan oynarkən,
    Qovzan, mənim hümmətimi orda gör,
    Ordan əyil, qamətimi darda gör.

    Heydər Baba, gecə durna keçəndə,
    Koroğlunun gözü qara seçəndə,
    Qıratını minib, kəsib-biçəndə,
    Mən də burdan tez mətləbə çatmaram,
    Eyvaz gəlib çatmayıncan yatmaram.

    Heydər Baba, mərd oğullar doğginan,
    Namərdlərin burunların ovginan,
    Gədiklərdə qurdları tut boğginan,
    Qoy quzular ayın-şayın otlasın,
    Qoyunların quyruqların qatlasın.

    Heydər Baba, sənin gönlün şad olsun,
    Dünya varkən ağzın dolu dad olsun,
    Səndən keçən tanış olsun, yad olsun,
    Deynə, mənim şair oğlum Şəhriyar,
    Bir ömürdür qəm üstünə qəm qalar.

  • Xalq şairi Süleyman RÜSTƏM.Seçmə şeirlər

    SƏNDƏN ÖYRƏNDİM

    Xəzərim! Gilavar narı əsəndə,
    Üzüyumşaqlığı səndən öyrəndim.
    Sinəndə oynarkən ağ ləpələrin
    Baxıb, uşaqlığı səndən öyrəndim.
    Bəzən köpürürsən, bəzən daşırsan,
    Sahilin başına oyun açırsan.
    Öpüb ayağını sonra qaçırsan,
    Belə şıltaqlığı səndən öyrəndim.
    Olanda xəzriylə sən əlbəyaxa
    Hər dalğan çevrilir uca bir dağa.
    Xəzrinin qəsdini çıxarır yoxa,
    Mən bu qoçaqlığı səndən öyrəndim.

    SƏN DƏ GƏRƏK…

    Oğlum, yazıq bu dünyamız beş günlükdür, deyənə.
    Sən də gərək atan kimi el qədrini biləsən.
    Cürətinlə, hünərinlə bəzəyəsən ömrünü,
    Varlığınla bağlanasan vətənə sən, elə sən.
    Oğlum, gərək “mən, mən” – deyib öyməyəsən özünü,
    Arzum budur, görməyəsən qara günün üzünü.
    Başqasının süfrəsinə dikməyəsən gözünü.
    Süfrəndəki duz-çörəyi dostlarınla böləsən.
    El içində zəhmətinlə qazanmasan etibar,
    Bahar çağı gül bağına dolu yağar, qar yağar.
    Mən nə deyim? Əcəb deyib bizim ulu babalar
    Gərək bir gün öləndə də kişi kimi öləsən

    OLSUN, OLMASIN

    Sevgilim, könlüm sənin heyranın olsun, olmasın!
    Can deyib, candan keçən cananın olsun, olmasın!
    Bəlkə bilmirsən özün, çoxdan mənim qəlbimdəsən,
    Canına bağlı bu can da canın olsun, olmasın?
    Bir gün hicran yollarında könlünə üz versə qəm,
    Odlu, ilk busəm sənin dərmanın olsun, olmasın! –
    Şux çiçəklər, güllər öpsün gül dodağmdan gərək,
    Aşiqiıs bağçanda öz bağbanm olsun, olmasın!
    Mən Süleyınan Rüstomom, dillon görüm, yandım ki, mən
    Gündə min yol can sənin qurbaıım olsun, olmasm?

    ƏKSİNİ GÖRDÜM

    Qəlbimdə yenə saf, ləkəsiz güzgünü gördüm,
    Mən orda böyük eşqimin öz mülkünü gördüm.
    Uçdum dağa bir durna qatanyla bərabor,
    Göy göldə bu rəqqasələrin rəqsini gördüm.
    Endim Xəzərin sahilinə, yelkənə bənzər
    Quş ordusumın qar kimi ağ köksünü gördüm.
    Sən bəxtimə bax, ayaa kimi mavi sularda
    Axşam ayı, ulduzları, gundüz günü görduüm.
    Hər tərpənişi naz dolu şıltaq ləpələrdə
    Sandım ki, mən öz scvgilimin əksini gördüm!