19 yanvar 2019-cu ildə Seyfəli Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda canından keçən, azadlıq fədailərinin – 20 Yanvar şəhidlərinin anım günü və Azərbaycan Vətən Müharibəsi zamanı torpaqlarımızın müdafiəsi yolunda şəhid olan qəhrəman oğulların fəxarət dolu həyat və döyüş yollarından söz açan “Seyfəli Şəhidləri” kitabının təqdimat mərasimi keçirildi.
Mərasimdə Seyfəli kənd rəsmiləri ilə yanaşı, pedaqoji kollektiv, şəhid ailələri və kənd sakinləri də iştirak edirdi. Tədbir iştirakçıları öncə Seyfəli şəhidlərinin məzarları üstünə tər-çiçəklər düzərək, onların müqəddəs ruhlarını bir dəqiqəlik sükutla yad etdilər. Sonra tədbiri giriş sözü ilə Seyfəli Bələdiyyəsinin sədri Qalib Əhmədov açaraq, sözü “Seyfəli Şəhidləri” kitabının redaktoru və önsöz müəllifi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Gəncə Bölməsinin sədri, II qrup Qarabağ əlili Bəyanət Qasımova verdi. B.Qasımov keçdiyi döyüş yollarından və qəhrəman şəhidlərimizdən qürurla söz açaraq, gələcək nəsillərə öz tövsiyyələrini verdi. Sonra “Seyfəli Şəhidləri” kitabı haqqında iştirakçıları məlumatlandıraraq, kitabın müəllifi, yazıçı-şair İradə Ayteli yeni kitabı münasibəti ilə təbrik etdi. Çıxışını ““Seyfəli Şəhidləri” kitabı sizin sayca onuncu kitabınız olmasına baxmayaraq, öz müqəddəsliyi və ucalığı ilə daim birinci olacaq, sizin yaradıcılığınızın şah əsərinə çevriləcəkdir” sözləri ilə bitirdi.
Şəhidlərimizin adını daşıyan Faiq Ələkbərov adına Xanallar kənd orta məktəbinin direktoru Narxanım İsrafilova , Ələmdar Ələkbərov adına Abbaslı kənd orta məktəbinin tarıx müəllimi Zemfira Əsgərova, şəhid ailəsi Dilarə Qurbanova Vətənə oğul verməyin müqəddəsliyindən və belə oğulların xalqın başını ucaltdıqlarından qürurla söz açdı.
Məktəblilərin qəhrəman oğullara ithaf olunan şeirlər səsləndirməsi tədbirə bədii rəng qatdı.
Tədbirin sonunda AYB üzvü, şair Elməddin Nicat Azərbaycanın qəhrəmanlıq tarixindən bir daha söz açaraq, fikrini “20Yanvar Azərbaycan tarixinə hüzn deyil, qəhrəmanlıq, fəxarət günü kimi yazıldı, Günümüz mübarək!” alqışı ilə tamamlandı.
Tədbirin sonunda “Seyfəli Şəhidləri” kitabı şəhid ailələrinə hədiyyə edildi.
Nəzarət Qasımov,
Azərbaycan Vətən Müharibəsi veteranı
Mənbə: http://www.kultur.az