Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb. “Söz dünyası” adlı kitab nəşrə hazırlanmış beşcildliyin ilk cildidir.
AZƏRTAC xəbər verir ki, beşcildliyə müəllifin müxtəlif illərdə yazdığı icmal məqalələr, portret-oçerklər, esselər, xatirələr daxildir. “Söz dünyası” beşcildliyinin I, II, III cildləri qədimlərdən bu günə qədər ədəbiyyat tariximizə, klassiklərə və çağdaşlara həsr olunmuş yazıları əhatə edir. IV və V cildlər “Musiqi dünyası”, “Rənglər dünyası”, “Daşlar dünyası”, “Teatr dünyası” və “Kino dünyası” adlı bölmələrdən ibarətdir.
Cildlərdə ədəbiyyatımızın və incəsənətimizin zənginliyindən, ayrı-ayrı görkəmli şəxsiyyətlərindən bəhs olunur. Beşcildliyə daxil edilən yazıların əksəriyyəti bir neçə il öncə rus dilində nəşr olunmuş və Heydər Əliyev mükafatına layiq görülmüş “Литература. Искусство. Культура Азербайджана” üçcildliyinə daxil idi. “ЛИК Азербайджана” üçcildliyi də, Azərbaycan dilində çıxan bu beşcildlik də ədəbiyyatımızın və incəsənətimizin böyük hamisi və qayğıkeşi ulu öndər Heydər Əliyevin işıqlı xatirəsinə ithaf olunur.
Ədəbiyyat və incəsənətin müxtəlif sahələrini və şəxsiyyətlərinin fəaliyyətini əks etdirən beşcildlik zəngin mədəni irsimizlə maraqlanan oxucular üçün, eləcə də gələcək nəsillər üçün faydalı məxəz olacaq.
Mənbə: https://azertag.az