Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbi prosesdə özünəməxsus dəsti-xətti ilə seçilən şair Şair Səxavət Ənvəroğlunun 2018-ci ildə “EcoPrint” nəşriyyatı tərəfindən 124 səhifə həcmində, 220 tirajla “Sətir-sətir oxu məni” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Kitabın redaktoru Bakı Dövlət Universitetinin dosenti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin üzvü, şair-publisist Anar Məmmədovdur.
Kitaba müəllifin lirik və bəşəri mövzuda yazdığı şeirlər daxil edilib. Səxavət Ənvəroğlu ixtisasca dənizçidir. Ömrünün yarısından çoxu dənizdə üzməklə keçib. Lakin hara üz tutubsa, qəlbində Azərbaycanı aparıb və dağlalar sahhilə can atan kimi o da həmişə geriyə-Vətənə can atıb. Torpaq-yurd sevgisi, dünyanın müəmmaları, böyüyə hörmət, müəllimə ehtiram, sevgidə sədaqət və doğmalara qayğı şeirlərinin ana xəttini təşkil edir. Müxətlif illərdə yazılan və oxucunu düşünməyə vadar edən həmin şeirlər Səxavət Ənvəroğlunun poetik dünyasının ən son nümunələridir.
Kitab müəllifin oxucularla sayca dördüncü görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Qeyd edək ki, bundan öncə “Sən olacaqsan (“PRİNT” nəşriyyatı, 2014) və “Ürək məndən inciyibdi” (“Adiloğlu” nəşriyyatı, 2016), “Dünyanın işindən baş açmaq olmur” (“Müəllim” nəşriyyatı, 2017) şeirləri kitabı işıq üzü görüb.
Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan”.