Sumqayıtla bağlı araşdırma apararkən 10 il bundan öncə “Azərtac”da gedən bir informasiya diqqətimi çəkdi və bu statusun yazılmasına vəsilə oldu.

10 il bundan öncə Sumqayıta şəhər statusu verilməsinin 60 illiyinə həsr edilmiş mahnı müsabiqəsinin keçirildiyi bəlkə də çoxlarının yadından çıxıb. Bəlkə də çoxlarının yadındadır. Respublika Bəstəkarlar İttifaqı tərəfindən şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birlikdə elan edilmiş bu müsabiqədə təcrübəli musiqiçilərlə yanaşı musiqi həvəskarlarına da öz yaradıcılıq imkanlarını üzə çıxarmaq imkanı verilmişdi.
Respublikanın əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurovun sədrlik etdiyi, peşəkar musiqiçilərdən və musiqişünaslardan ibarət səriştəli münsiflər heyəti bütün əsərləri dinləmiş, ən yaxşı hesab olunan 10 əsərdən 4-ü müsabiqə qalibi hesab olunmuşdur.
Yerlər aşağıdakı kimi bölüşdürülmüşdür:
Bəstəkar İlham Abdullayevin şair Vahid Əzizin sözlərinə yazdığı “Sumqayıt lövhələri” mahnısı birinci yeri tutmuşdur. İkinci yeri iki əsərin müəllifləri – “Sumqayıt” mahnısının sözlərinin müəllifi şairə Zivər Ağayeva və Bəstəkar Ədviyyə Rəhmətova, habelə “Gözəl Sumqayıtım” mahnısının sözlərinin və musiqisinin müəllifi Emil Murad bölüşmüşlər. Sumqayıtlı şair Qafqaz Əvəzoğlunun sözlərinə Nərminə Nağıyevanın bəstələdiyi “Sumqayıtım” mahnısı üçüncü yerə layiq görülmüşdür.
Təqdimat mərasimində mükafata layiq görülmüş mahnılar dinlənilmiş, müsabiqənin qaliblərini o zaman Sumqayıt şəhər icra hakimiyyətinin başçısı olan çox hörmətli Vaqif Əliyev və Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadə təbrik etmişlər.

Əslində mənim sözümün canı ondan ibarətdir ki, bu qədər əziyyət çəkildi, müsabiqə elan olundu, qaliblər müəyyənləşdirildi, möhtəşəm tədbir keçirildi, təltiflər olundu, amma üstündən 10 il keçməsinə baxmayaraq doğma Sumqayıtımız haqqında bəstələnmiş bu mahnıların haradasa səsləndirilməsinə, ifa olunmasına şəxsən mən rast gəlməmişəm. Yəqin ki, Sumqayıtda kimdən də soruşulsa, bu mahnılardan xəbərsiz olduqlarını söyləyəcəklər.
Əgər Respublikanın əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurovun sədrlik etdiyi, peşəkar musiqiçilərdən və musiqişünaslardan ibarət səriştəli münsiflər heyəti bu mahıları bəyənib, mükafata layiq görmüşdüsə, demək ki, bu bəstələrin yaşamaq haqqı da var idi. Ən azından şəhərimizdəki musiqi məktəbləri, incəsənət müəssisələri, mədəniyyət ocaqları bu bəstələri öz repertuarlarına sala və müxtəlif tədbirlərdə ifa edə bilərdilər.

Gələk mətləbə.
Bu il Sumqayıt üçün çox əlamətdar bir ildir. Şəhərimiz 70 illik yubileyini qeyd edəcək. Artıq yubiley tədbirlərinə, demək olar ki, start verilib. Və güman ki, yubileylə bağlı müxtəlif müsabiqələr də keçiriləcək. Deməyim odur ki, gəlin müsabiqələri elə keçirək ki, o müsabiqələrin nəticəsindən şəhər də faydalansın, şəhər sakinləri də.

Biz də – Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı olaraq, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafına həsr olunmuş publisistik yazılar (əsas etibarilə oçerklər) müsabiqəsi keçirmək istəyirik. Və bu müsabiqəni yüksək səviyyədə keçirməyə hazırıq. Sadəcə biz ictimai əsaslarla fəaliyyət göstərdiyimizə görə qaliblərin mükafatlandırılması məsələsində problemimiz var. Əgər Şəhər İcra Hakimiyyəti, yaxud Şəhər Bələdiyyəsi və yaxud hər hansı bir təşkilat, idarə, müəssisə bizimlə birgə bu müsabiqəni keçirməyə razılıq verərsə, biz böyük məmnuniyyətlə müsabiqənin şərtlərini təqdim etməyə hazırıq.

İnanıram ki, Sumqayıtın 70 illik yubileyi şəhərimizin adına layiq keçiriləcək və uzun illər şəhər sakinlərinin yaddaşına həkk olunacaq.
Son bir neçə ildə Möhtərəm Prezidentimiz İlham Əliyevin pəhbərliyi altında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Zakir müəllim Fərəcov tərəfindən şəhərimizdə həyata keçirilən möhtəşəm layihələr bunu deməyə əsas verir. Bu şəhər hər birimizin tale şəhəridir, bu şəhəri qurub-yaradan əllər var olsun!

Rafiq ODAY,
şair-publisist,
Azərbaycan Jurnalistlər Birliyi
Sumqayıt şəhər təşkilatının sədri,
respublikanın Əməkdar jurnalisti,
gundelik.info və edebiyyat-az.com saytlarının təsisçisi və direktoru.