Həyatda ünsiyyətdə olduğum insanlar çoxdu. Onların arasında dost dediklərim və mənə dost deyənlər də yetərincədi. Aralarında etibarlıları, sadiqləri də yox deyil. Can qurban belələrinə.
Aylarla, illərlə qulluqlarında durduğum, işlərini aşırdığım, problemlərini həll etdiyim dostlar da var. Amma təəssüflər olsun ki, bütün dönəmlərdə zərbəni məhz bu davamlı olaraq hörmət etdiyim, qulluqlarında durduğum insanlardan almışam. Süfrəmin arxasından durub, hələ yediyi həzm olunmamış qeybətimi qıranları da görmüşəm, üzdə tərifimi göyə qaldırıb arxada – tini dönməmiş ağız büzənləri də. 10 fürsətdən – 9 dəfə dalbadal yaxşılıq edib, onuncunu məndən asılı olmayan səbəblərdən edə bilmədiyim dostların məni borclu çıxardığının da şahidi olmuşam. Halbuki bunlardan bir dəfə də olsun dəstək görməmişəm. Sanki dədələrinə borcum varmış və ancaq mən etməliyəm. Onlar da şellənməlidirlər və dar gündə başlarını kola soxub gizlənməlidirlər… Paxıllıq, xəbislik insanı bu qədərmi cılızlaşdırır?!
Yuxarıda qeyd etdiklərim mənim bu dırnaqarası dostlarla bağlı müxtəlif dövrlərdə bir neçə şeir yazmağıma vəsilə olub. Onlardan ikisini sizlərə təqdim edirəm, əziz və dəyərli dostlar!
MƏNƏ DOST DEYƏNLƏR, DOST DEDİKLƏRİM…
Sizi bir-bir vurdum dişimə daha,
Döyməyim qurtardı döşümə daha.
Bəlkə çıxım gedim işimə daha,
Mənə dost deyənlər, dost dediklərim.
Bir əlim dərdimin başını qatıb,
Bir əlim başınız üstündə kölgə.
Siz deyin, hər şeyin daşını atıb,
Yalquzaq ömrünə başlayım bəlkə,
Mənə dost deyənlər, dost dediklərim.
Sizdən zərrə qədər umacağım yox,
Mən özgə dərdinə ağlayan gözəm.
Günahmı anadan belə doğuldum,
Günahmı ömrümü bağladım sözə, –
Mənə dost deyənlər, dost dediklərim.
Sandım qolum sizi, qanadım sizi,
Əbəsmiş bu qədər qınadım sizi.
Olub-olacaqlar boşdan yaranmır,
Beləcə var edib inadım sizi, –
Mənə dost deyənlər, dost dediklərim.
Mənə dost deyənlər, dost dediklərim,
Hərə öz başını öz ağacının
Soxub oyuğuna gizlədir indi.
Bürüyüb aləmi gor oğruları,
Həmzətək gədələr Koroğluları
Qapılar dalında gözlədir indi.
Namərdə, əyriyə işıqlar yaşıl,
Haqqın, ədalətin işi düyündə.
Ağsaqqal sözünə dəxli yox yaşın,
Dəyişib ölçüsü kişiliyin də,
Mənə dost deyənlər, dost dediklərim.
Bir ovun dalınca yüz güdən hazır,
Bir qarın çörəyə yüz gödən hazır.
Xəbislik, rəzillik gözdən oxunur,
Buyurun, oxuyun güzgüdən hazır, –
Mənə dost deyənlər, dost dediklərim.
Qeybət boy göstərir yüz yerinizdən,
Əyri oturmayın düz yerinizdə.
Hərə öz yerini bilsə yaxşıdı.
Yığışın oturun öz yerinizdə, –
Mənə dost deyənlər, dost dediklərim.
YAMAN TƏLƏSDİLƏR DOSTLAR
Dönəndən qəm aşığına,
Gözlərimin yaşı xına.
Yön aldım gün işığına,
Yolumu kəsdilər dostlar.
Min cürə çəmlə etdilər,
Birləşib, cəmlə etdilər,
Sağımdan həmlə etdilər,
Solumu kəsdilər dostlar.
Atımdan yerə saldılar,
Sonra dövrəyə aldılar,
Dizimə balta çaldılar,
Qolumu kəsdilər dostlar.
Bir getmişdim, beş qayıtdım,
Quzğunlara leş qayıtdım,
Bu dəfə də boş qayıtdım,
Dolumu kəsdilər dostlar.
Sinəmdə dağ, basdırmağa,
Çolaq-axsaq basdırmağa,
Məni sağ-sağ basdırmağa,
Yaman tələsdilər dostlar.