Prezident İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, Fərmanın imzalanmasında məqsəd Mədəniyyət Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirməkdir.
Fərmana əsasən Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilir.
Nazirliyin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün aşağıdakı tərkibdə Komissiya yaradılır:
Komissiyanın sədri
Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri
Komissiya sədrinin müavini
Mədəniyyət naziri
Komissiyanın üzvləri
Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini
Maliyyə nazirinin müavini
Təhsil nazirinin müavini
Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi.
Fərmanda yeni yaradılan komissiyaya, eləcə də Nazirlər Kabinetinə, Maliyyə, Təhsil, Mədəniyyət, Ədliyyə nazirliklərinə, Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq tapşırıqlar verilib.
Mənbə: https://azertag.az