Category: Azərbaycan ədəbiyyatı

  • Kənan AYDINOĞLU.Rübailər (Dünya haqqında)

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Ağladım göz yaşım silmədi dünya,
    Yaşadım qədrimi bilmədi dünya.
    Fərqi yox, yaşanan ömrün hər günü,
    Dərdimi mənimlə bölmədi dünya.

    Cücərdib, becərməz dəni bu dünya,
    Gül olsam qoparmaz məni bu dünya.
    Bu dünya dəyişib alt-üst olsa da,
    Haqq yola aparmaz məni bu dünya.

    Xeyirdən ayırıb şərinə çəkər,
    Bəşər öövladını dərinə çəkər.
    Savabı-günahı qarışıb salıb,
    Cənnət-cəhənnəmdən birinə çəkər.

    Dolanar, fırlanar gah solu, sağı,
    Istər ki, başlara əritsin dağı.
    Bu gün çıxmadısa, inan ki, sabah,
    Bu dünya insana kəsilir yağı.

    Biz çəkən dərdləri birgə çəkənməz,
    Nizamla arpanı bu gün əkənməz.
    Nə qədər çalışıb vuruşsa belə,
    Ətəkdən xoş əməl yerə tökənməz.

    Göynədər qəlbləri kaman, tar kimi,
    Aldadar başları dövlət, var kimi.
    Günah dəryasında bəşər övladın,
    Əridər sonunda dümağ qar kimi.

    Bir bəşər oğluna durmadı arxa,
    Əvvəldə yalançı, sonunda darğa.
    Yenə nağılını söyləyib gəlir,
    Bu dünya hər insan çatanda qırxa.

    Kədəri hər gözə ələyən dünya,
    Qara əməllərçün mələyən dünya.
    Alimə, cahilə elə əzəldən,
    Cəhənnəm rarzusu diləyən dünya
    .
    Oxumuş alimi taxta saxlamaz,
    Ağlasa bəşərlə birgə ağlamaz.
    Vədələr söyləyən açıq dodağın,
    Götürüb açarla yenə bağlamaz.

    Fərhadı Şirindən uzaq eyləyər,
    Ona sığınannı qonaq eyləyər.
    Kitab tək yığılan arzu, istəyi,-
    Alışıb yetməyən ocaq eyləyər.

  • Kənan AYDINOĞLU.”Allaha yalvarış”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    (Anam haqqında)

    Uzat ki, ömrünü anamın, Allah,
    Şükür söyləməkdə davam eyləsin.
    Peyğəmbər, İmamlar, Məsumələrə,
    Salavat göndərib, salam eyləsin.

    Mərhəmət nurunu əskik eləmə,
    Bu gün də anamın gözündən, Allah!
    Əfv edib günahı ömrün bu günü,
    Tökülsün min sevinc üzündən, Allah!

    Qayğılı gözüylə var ehtiyacı,
    Övladın, nəvənin ona baxmağa.
    Sənə yalvarıram, yalvarıram mən,
    Qıyma göz yaşını vaxtsız axmağa.

    Dinləyib övladdan bir xoş xəbəri,
    Yaşarıb gözləri sevincdən dolsun.
    Həkimin qoyduğu yeni diaqnoz,
    Çevrilib sonunda yenə puç olsun.

    Qoyma ki, məni də böyüdən anam,
    Kaman tək sızlayıb, ney tək inləsin.
    Ruhunu oxşayıb, əzizləyəndə,
    Mübarək aəyədən bir-bir dinləsin*.

    Sənin tək bir olan Uca Allahın,
    Bəndəyə sevincli min fərmanı var.
    Üzmədim ümidim səndən heç zaman,
    Çünki hər dərdin də min dərmanı var.

    *Müqəddəs və təməl kitabımızın mübarək ayələri nəzərdə tutulur.

  • Kənan AYDINOĞLU.“Məhəmmədhüseyn Şəhriyara məktublar” silsiləsindən

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    ŞƏHRİYARIN HARAYI

    Şəhriyarın o taydakı harayı,-
    Süleymanın harayına qarışır.
    “Azərbaycan” yenə doğma vətənə,
    Məğrurluqdan, azadlıqdan danışır.
    Yəhər üstə at belində igidlər,
    Doğma yurdda, doğma eldə yarışır.

    ŞİMAL-CƏNUB HƏSRƏTİ

    Deyəsən, ay ustad, şimal həsrəti,
    Cənub həsrətinə qardaş olacaq.
    Dağ boyda bir dərdi tarixə yazan,
    Yanaqdan süzülən bir yaş olacaq.
    Mənzum məktubunun cavablarını,
    Şimala yollayan dağ, daş olacaq.
    Qorxuram, sonunda qılınc qaldıran,
    Ərənlər yurdunda göz, qaş olacaq.

    USTADA KİÇİK SUAL

    Heydərbaba dağlarının yaşıl-yaşıl ətəkləri,
    Ya yaxından, ya uzaqdan söylə görək görünürmü?!
    Zərrə-zərrə şirə çəkən arıların pətəkləri,
    Doğma kəndin, el-obanın arxasınca sürünürmü?!
    Qarlı gündə oğrun-oğrun güllərinin çiçəkləri,
    Al qumaşa, qızıl rəngə bəs yayda da bürünürmü?!
    Savalının ətəyindən ordan bura görünürmü?!

    YOLUNU GÖZLƏYİR
    BU TORPAQ SƏNİN

    Bağlanan sərhədə dirəklər çəkmək,-
    O tayın, bu tayın həsrəti oldu.
    Ustad Nizaminin böyük heykəli,-
    Bir qəlbin bir qəlbə hörməti oldu.

    Üstündən nə qədər ötüşdü illər,
    Nə sözün kəsildi, nə də əsərin.
    Tökdü göz yaşını əsrlər boyu,
    Geniş xatirəli ayna Xəzərin.

    Tehran da, Təbriz də yanaşı durub,
    Yolunu gözləyir, yolunu, şair!
    O tay da, bu tay da unudarmı heç,
    Bir şair oğlunu, oğlunu, şair?!

    İnan ki, torpağın ehtiyacı var,
    Sənin tək alovlu yanar bir cana.
    Bəs niyə qayıdıb gəlmirsən, denən,
    “Şairlər torpağı Azərbaycana?!”.

    Gərək ki, şerinin hər bir kəsəri,
    Bir elin-obanın dağ-daşı olsun!
    Haraylı şeirin Kövkəb ananın,-
    Yanaqdan süzülən göz yaşı olsun!

  • Xalq şairi Zəlimxan YAQUB.”Suç mənim”

    Aldanmışam sәrvәtinә dünyanın,
    Ömrüm-günüm yalan mәnim, puç mәnim.
    Nahaq yerә yaxasından yapışdım,
    Tәqsir mәnim, günah mәnim, suç mәnim.

    Beş-altı gün yas paltarı geyәrlәr,
    Hәrdәn yaxşı, hәrdәn yaman deyәrlәr.
    Ehsanımı şirin-şirin yeyәrlәr,
    Qırxa qәdәr yeddi mәnim, üç mәnim.

    Qәlәm alsın baş daşımı yazanlar,
    Bel götürsün mәzarımı qazanlar.
    Ay Zәlimxan, ağı desin ozanlar,
    Kәfәn mәnim, karvan mәnim, köç mәnim.

  • Xalq şairi Zəlimxan YAQUB.”Məkkə yolu”

    Bu yol Mәkkә yoludu,
    Bu yol şәrәf-şan yolu.
    İnsana, insanlığa,
    Nurlu Kәhkәşan yolu.

    Göydәn gәlәn sәslәrin,
    Sәsi duyan kәslәrin,
    Əsil müqәddәslәrin,
    Əbәdi nişan yolu.

    Ürәkdәn gәlәn sözün,
    Sözdәn yaşaran gözün,
    Gözdә alışan közün,
    Hәddini aşan yolu.

    Arzuların, kamların,
    Sevgi dolu camların,
    Haqqa qul adamların,
    Qaynayıb daşan yolu.

    Fürsәt verәr duyana,
    Canı haqqa qıyana.
    Günahını yuyana,
    Ən böyük imkan yolu.

    Gedәn dost, gәlәn Hacı,
    Peyğәmbәrin meracı.
    Bütün yolların tacı,
    Din yolu, iman yolu.

    Bu yol Mәkkә yoludu,
    Duyğuların saf yolu,
    Tövbә, etiraf yolu,
    Mәrhәmәt, insaf yolu.

    Fikirlәrin, hisslәrin,
    Su kimi şәffaf yolu!
    Haqq yolu, vicdan yolu,
    Din yolu, iman yolu!

    Gözsüzlәrә gur işıq,
    Cansızlara can yolu!
    Əbәdiyyәt yolunda
    Əbәdi nişan yolu!!!

    Bakı-Ciddә, 1994, iyul

  • Xalq şairi Zəlimxan YAQUB.”Məkkədə”

    Çağırdıq qadir Allahı,
    Yazıldı qismәt Mәkkәdә.
    Çәkdi bizi ziyarәtә,
    Ulu bir qüdrәt Mәkkәdә.

    Hәftәlәr aya qovuşdu,
    Çeşmәlәr çaya qovuşdu.
    Damla dәryaya qovuşdu,
    Yox oldu hәsrәt Mәkkәdә.

    Şәkәr imiş sözdәn ötrü,
    İşıq imiş gözdәn ötrü,
    Zәmzәm suyu bizdәn ötrü,
    Oldu bir şәrbәt Mәkkәdә.

    Fikir fikrә heyran oldu,
    Sәsimizi yayan oldu.
    Baxanlara әyan oldu,
    Əsil hәqiqәt Mәkkәdә.

    Yerdәn göyә mәhәbbәt var,
    Göydәn yerә mәrhәmәt var.
    Haqqa doğru hәrәkәt var,
    Bircәdi sifәt Mәkkәdә.

    Nur yaranıb, zor doğulub,
    İmam, peyğәmbәr doğulub.
    Əli kimi әr doğulub,
    Kәbәsi Hikmәt Mәkkәdә.

    Dilindә Quran ayәsi,
    Üstündә haqqın sayәsi.
    Allahdandı sәrmayәsi,
    Tükәnmәz sәrvәt Mәkkәdә.

    Geyindik ehram paltarı,
    Ağlığı dağların qarı.
    Yeridik qiblәyә sarı,
    Qıldıq ibadәt Mәkkәdә.

    Sevgi çәlәngi, gül toxuduq,
    Ətir daddıq, gül qoxuduq.
    İmama rәhmәt oxuduq,
    Yezidә lәnәt Mәkkәdә.

    Aydınlığı haqqın nuru,
    Tәmizliyi sudan duru.
    Bu şöhrәti, bu uğuru,
    Yaradıb qeyrәt Mәkkәdә.

    Əl vuranda qara daşa,
    Az qalır ki, ağlın çaşa.
    Nә gördüksә başdan-başa,
    Heyrәtdi, heyrәt, Mәkkәdә.

    Nahaq yerә ürәk yarma,
    Haqq olmasan, haqqa varma.
    Ey insan, cәnnәt axtarma,
    Gәzdiyin cәnnәt Mәkkәdә.

    Baxışlardan nur tökülür,
    Dodaqlardan dürr tökülür.
    Hәr yerdәn şükür tökülür,
    Yoxdu şikayәt Mәkkәdә.

    Tarix qәdim, dәrgah ulu,
    Torpaq odlu, çeşmә sulu.
    Kim olsa Allahın qulu,
    Çәkmәz xәcalәt Mәkkәdә.

    Baxın Kәbәnin yaşına,
    Dünya dolanır başına.
    Toz qonsa bircә daşına,
    Qopar qiyamәt Mәkkәdә.

    Ən uca dövlәt kimidir,
    Ən dadlı qismәt kimidir,
    Allaha xidmәt kimdir,
    Kәbәyә xidmәt Mәkkәdә.

    Hәr ürәk bir dolu camdı,
    Hәr könül bir yanan şamdı.
    Sabaha bir ehtiramdı,
    Dünәnә diqqәt Mәkkәdә.

    Bir tanış ol, yaxşı tanış,
    Qәlәmim, yaz, dilim, danış.
    Allah әli toxunmamış,
    Yoxdu bir sәnәt Mәkkәdә.

    Ər demişik әrәnlәrә,
    Haqqa könül verәnlәrә.
    Mәhәmmәdi görәnlәrә,
    Var bir şәrafәt Mәkkәdә.

    Yaxın gәlmәz ağrı-acı,
    İman olsa başın tacı.
    Zәlimxan da oldu Hacı,
    Tapdı sәadәt Mәkkәdә!

    Mәkkә, 1994, iyul

  • Xalq şairi Zəlimxan YAQUB.”Şairin andı”

    “Ey qadir Allah! Sənə ona görə səcdə eləmirəm ki, Sənin cənnə ti nə tamahım var, ona görə səcdə eləmirəm ki, Sənin cəhənnə mindən qorxuram. Sənə ona görə səcdə edirəm ki, Sən bu səcdəyə layiqsən”. Həzrəti Əli.

    Allah evi! And içirәm,
    Ərәnlәrin canı haqqı!
    Mәni sәnlә görüşdürәn,
    Vaxtın xoşbәxt anı haqqı!

    Ürәklәrin dolu camı,
    Könüllәrin yanan şamı,
    Gecәlәrin dadı, tamı,
    Sübhün nurlu danı haqqı!

    Fikri sәf-sәf olanların,
    Haqqa tәrәf olanların,
    İşi şәrәf olanların,
    Ölmәz adı-sanı haqqı!

    Düzün gülü, dağın qarı,
    Göyün nuru, yerin barı,
    Güldәn şirә çәkәn arı,
    Bal süzdürәn şanı haqqı!

    Tәmizlәrin tәravәti,
    Halalların lәyaqәti,
    Zirvәlәrin әzәmәti,
    Otun, suyun sanı haqqı!

    Doğan günün, xoş saatın,
    Üzә gülәn bir hәyatın,
    Yerin, göyün, Kainatın,
    Əbәdi nişanı haqqı!

    Mәnim fikrim, mәnim hissim,
    Haqq yolundan dönmәyәcәk!
    Əqidәmin qulluğunda,
    Mәhәbbәtim sönmәyәcәk!

    Əl vurub Kәbә daşına,
    Olmuşamsa haqq aşığı –
    Mәnim süfrәm indәn belә,
    Haqq xörәyi, haqq qaşığı!

    Ey evimә gәlәn qonaq,
    Süfrәmdә şәrab görmәzsәn.
    Canımda bir narahatlıq,
    Ruhumda әzab görmәzsәn.

    Haqqı sәpә bilmәyәnlәr,
    Hәqiqәti dәrә bilmәz.
    Heç kәs mәni әqidәmdәn,
    Yolumdan döndәrә bilmәz!

    Qarışqa mәndәn incimәz,
    Danışaram, dilim tәmiz.
    Yatanda yatağım halal,
    Qalxanda mәnzilim tәmiz.

    Özünü yormasın şeytan,
    Onu yaxına qoymaram.
    Ömrüm boyu haqq yolunda
    Qılıncı qına qoymaram!

    İnanıram, mәn әl vursam,
    Əlim qumu göyәrdәcәk.
    Nәfәsim daşlar üstünә,
    Düşәn tumu göyәrdәcәk!

    Minadan ucalan eşqim,
    Kәbәdәn güc alan eşqim,
    Mәkkәdә hac olan eşqim,
    Saf toxumu göyәrdәcәk!

    Mәn ki qırx beş yaş içindә,
    Zәvvar oldum ziyarәtә,
    Girdim Kәbә qapısından,
    Durdum haqqa ibadәtә.

    Mәn ki Zәmzәm bulağında,
    Əl-üzümü yuya bildim,
    Göz gördü, qulaq eşitdi,
    Hәqiqәti duya bildim.

    Mәn ki ehram paltarına,
    Cәnnәt әtri sәpә bildim.
    Dilim “Allah!” deyә-deyә,
    Qara daşdan öpә bildim.

    Mәn ki Mәkkә xatirәli,
    Bir sәfәrin zәvvarıyam.
    Peyğәmbәrin Mәdinәsi,
    Bir şәhәrin zәvvarıyam.

    Bulaqların gözü kimi,
    Ruhun tәmiz olmalıdı.
    Könüllәri isitmәyә,
    Eşqin dәniz olmalıdı!

    Gәlәn gәlmiş axın-axın,
    Daha mәnә indәn belә.
    Hamı doğma, hamı yaxın,
    Hamı әziz olmalıdı!

    Bu söhbәti mәn demirәm,
    Bu Hikmәti Quran deyir.
    Haqqın ulu dәrgahına,
    Öz evitәk varan deyir.

    Meraca çapıb atını,
    Dindә tapıb hәyatını,
    Göyün yeddinci qatını,
    Bir gecәdә yaran deyir.

    Ziyarәti qәbul olan,
    Hekayәti mәqbul olan,
    Allahına Rәsul olan,
    İman әhli iman deyir.

    Ulu tanrım! Varlığımı,
    Bu imana layiq eylә!
    Peyğәmbәrin damarından,
    Axan qana layiq eylә!

    Daha mәnә ölüm yoxdu,
    Daha mәnә zaval yoxdu.
    Daha mәnim dәftәrimdә,
    Hәqiqәt var, xәyal yoxdu!

    Daha mәnim yeriyәndә,
    Büdrәmәyә haqqım yoxdu.
    Daha mәnim danışanda,
    Titrәmәyә haqqım yoxdu!

    Əlin harama haqqı yox,
    Dilin yalana haqqı yox.
    Qәlbin kinә-küdurәtә,
    Nәfsin talana haqqı yox,

    Qadir Allah, daha mәnim,
    Günahımı bağışlama!
    Bir nemәtә әyri baxsam,
    Tamahımı bağışlama!

    Şair könlüm, indәn belә,
    Günah sәnin işin deyil.
    Alan alsın, verәn versin,
    Tamah sәnin işin deyil!

    Çәkil xәlvәt bir guşәyә,
    Qәlәm olsun, varaq olsun.
    Qәlbin, ruhun haqq yolunda,
    Şölәlәnәn çıraq olsun!

    Dözüm min-bir әzabına,
    Hәr haqqına, hesabına.
    Canım qurban kitabına,
    Canı cana layiq eylә!

    Haqqın yerdә nişanıyam,
    Övliyalar mehmanıyam.
    Hәr kimin ki heyranıyam,
    O heyrana layiq eylә!

    Dәrk elәdim hikmәtini,
    Bildim ki, nәyә layiqsәn.
    Sәcdә qılır bәşәr sәnә,
    Sәn bu sәcdәyә layiqsәn!

    Qayaların sinәsindәn,
    Qalxan atәşә layiqsәn.
    Gedәn vaxta, gәlәn günә,
    Doğan Günәşә layiqsәn!

    Buludların yağışına,
    Çiçәklәrin naxışına,
    Ulduzların baxışına,
    Göyün rәnginә layiqsәn!

    Bu qurğunun, bu nizamın,
    Öz әlinlә yanan şamın,
    Bu әbәdi ehtişamın,
    Xoş ahәnginә layiqsәn!!!

    Mәkkә-Bakı, 1994, avqust

  • Xalq şairi Mirvarid DİLBAZİ.Seçmə şeirlər

    Zaməddin oğul

    Hərdən Karqayaya yolun düşəndə,
    Sənin yanındayam zənn elə mən də.
    Məni o cənnətə apar özünlə,
    Bax o gözəlliyə heyrət gözümlə.
    Dinlə, nə danışır o dağ yelləri,
    Dinlə, ilk uşaqlıq laylamı çalan,
    Orda qərib səsli anadilləri,
    Ah, həsrət illəri, həsrət illəri.

    Bakı, 08.10.1997

    Şirin dilim

    Saçlarından tel əsəndə,
    Telinə qurban olmuşam.
    Dilin sözə tələsəndə,
    Dilinə qurban olmuşam.

    Təzə çıxan süd dişinə,
    Qəh-qəhəli gülüşünə.
    Tırıp- tırıp yerişinə,
    Çox baxıb heyran olmuşam.

    Yanağının gülü solsa,
    Könlün bir an tutqun olsa,
    Bir ağrıyla gözün dolsa,
    Mən ürəyi qan olmuşam.

    Keçib getdi ayım, ilim,
    Sən açıldın, qönçə gülüm,
    ” Ana” deyən gündən dilin,
    Ən xoşbəxt insan olmuşam.

    MÜƏLLİMİM
    O elə şəfqətli, elə gözəldi,
    Yox idi gözümdə heç bərabəri.
    O, bir arzu idi, xoş bir əməldi,
    Yaşayır könlümdə illərdən bəri…

    Necə məlahətli, qəşəngdi səsi
    Axan saf suların təranəsitək;
    Necə də istiydi doğma nəfəsi,
    Necə də böyükdü köksündə ürək!

    Qarlı qış axşamı soyuq küləklər
    Körpə ürəklərə gətirəndə qəm,
    Onun bir sözüylə açar çiçəklər,
    Nura qərq olardı elə bil aləm!

    Min nəğmə gələrdi qulağımıza
    Daim çiçəklənən könül bağından.
    Elə bil çıxırdıq təzə bir yaza
    Soyuq, cansıxıcı qış otağından.

    O bizim şəfqətlə sığallayanda
    Hərdən başımızı bir ana kimi
    Onun ətrafında biz də bu anda
    Olardıq nur görmüş pərvanə kimi.

    Heyif ki, əl çatmaz o gözəl günə,
    Aradan keçmişdir neçə qış, bahar!
    Ancaq saçlarımın üstündə yenə
    Sanki o əllərin hərarəti var.

    Ah, ey uşaqlığın gözəl günləri,
    Əziz müəlliməm, hardasınız siz?
    O məktəb illərim dönsəydi geri,
    Önündə hörmətlə indi çöküb diz —

    Deyərdim: — Bu şeirim, sənətim üçün
    Həmişə, həmişə borcluyam sənə.
    Şərəflə keçirib ömrünü bütün,
    Nəsillər böyütdün doğma vətənə.

    Sözü inci kimi düzdün dilimə,
    Öyrətdin düşünüb cümlə qurmağı.
    Qələmi bir dayaq edib əlimə,
    Çox usta çıxartdın uca bir dağı.

    Coşqun bir çay kimi, bir bulaq kimi
    Sən həyat eşqilə coşdun, çağladın,
    Mümkün olsa idi açmaq qəlbimi
    Görərdin orada həkk olub adın.

    Sən uşaq könlümün eşqi, ilqarı,
    Andıydın, ustadım, dostum, yoldaşım!
    Bununçün bu adı daşıyanların
    Önündə hörmətlə əyilir başım.

  • Xalq şairi Hüseyn ARİF.”Dünya necə boşalıbdır?”

    Nə gündəyəm, nə kökdəyəm,
    Ağrılarım baş alıbdı.
    Başı fikir, ürəyi qəm,
    Gözlərimi yaş alıbdı.

    Xəzan yeli vaxtsız əsir,
    Yer tələsir, göy tələsir.
    Yol, izi payız kəsir,
    Qapımızı qış alıbdı.

    Dayan tufan, dayan külək,
    Qoy dinəlsin yorğun ürək.
    Arif getdi Hüseyn tək,-
    Dünya necə boşalıbdı.

  • Xalq şairi Osman SARIVƏLLİ.”Dərdin alım”

    Çiçəklərdən səni könlüm,
    Dilər keçər, dərdin alım!
    Xəyalın tez-tez yanımdan
    Gülər küçər, dərdin alım!

    Dağ başını aldı duman,
    Körpə quzu anasından,
    Azıb ayrı düşən zaman,
    Mələr keçər, dərdin alım!

    Demə: dünya bir qəfəsdi,
    Mahnıların quru səsdi…
    Eşq, sevda bir həvəsdi,
    Gələr keçər, dərdin alım!

    Bahar çağı, səhər erkən,
    Göy çəməndə gəzəndə sən,
    Bilirsənmi ürəyimdən,
    Nələr keçər, dərdin alım?!

    1943.

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.Seçmə şeirlər

    * * *

    Azadlıq həsrəti var
    Yenə titrək səsində.
    Neçə quş dustaq qalıb
    Köksünün qəfəsində,

    Burda yurd salma, gülüm,
    Bura vətən yeridir.
    Üfüqə gedənlərin,
    Gözdən itən yeridir…

    1991.

    * * *

    Sal qayadan daman su,
    aləm duman,
    hər yan duman,
    gəlib-gedir zaman-zaman
    bu yerlərdən dümağ duman…

    Günəş çıxır lap kəlləyə,
    dözmür duman sərt küləyə,
    seyrəlir, dağılır duman ,
    ağlama, ağlama, dayan,
    ey bu yolların yolçusu,
    ey yetim doğulan insan,
    bir ora bax,
    sırğa kimi düşür yerə
    kar baxtının qulağından,
    sal qayadan daman duman…

    1991.

    * * *

    Gün doğanda ceyran gözü
    gün batanda tülkü gözü,
    gün kəllədə olanda
    gözəl qadın gözü işıldar, yanar…
    Ay doğanda bayquş gözü,
    Ay batanda oğru gözü,
    zil qaranlıq düşəndə
    gözəl qadın
    gözü işıldar, yanar…

    1991.

  • Xalq şairi Səməd VURĞUN.Seçmə şeirlər

    Meysiz, məzəsiz can ilə canan ola bilməz!
    Sevda dediyin hər kəsə meydan ola bilməz!

    Arifləri dindir ki, nədir şer ilə sənət?
    Şair yaranan ömrə peşiman ola bilməz!

    Könlüm evi bir gülşənə bənzər ki, əzizim,
    Min badi – xəzan əssə də viran ola bilməz!

    Qəlbin, ürəyin odlarına yanmasa bir söz
    Dillərdə, ağızlarda o dastan ola bilməz!

    Girdim günəşin qoynuna, minbir səhərim var,
    Bülbül də mənim, gül də , zimistan ola bilməz.

    Yüksəl, fəqət insanlığa pis gözlə baxanlar
    Dünyada bir ad qoysa da, insan ola bilməz!

    Xoşbəxt elimin, yurdumun öz Vurğunuyam mən,
    Bundan da gözəl bir daha dövran ola bilməz!

    Anam gəlini

    Başına döndüyüm, anam gəlini!
    Sən ilk qönçəsisən bizim gülşənin.
    Hər səhər günəşə uzat əlini,
    İşıqda, qüvvətdə adın var sənin…
    Sən ilk qönçəsisən bizim gülşənin.

    Öpsün ayağını çöldə çiçəklər,
    Quşların avazı bir toya dönsün.
    Tökülsün sinənə qara birçəklər,
    Gözəllik dünyada açıq görünsün
    Quşların avazı bir toya dönsün.

    Sən ilk pərisisən şеrin, sənətin,
    Adın tarixlərdə bir yadigardır.
    Günəşdən rəng alan bir məhəbbətin
    O açıq alnında işığı vardır,
    Adın tarixlərdə bir yadigardır.

    Hüsnünü örtməsin nə pərdə, nə rəng,
    Ay kibi saf dolan, gün kibi açıq,
    Kеçmişin üstünə qələm çəkərək,
    Vuruş mеydanında vuruşmağa çıx,
    Ay kibi saf dolan, gün kibi açıq.

    Könlümdə sirri var, tərlan sonamın
    Bütün gözəlliyin gözüdür insan,
    Zülmətdə şam kibi sönmüş anamın
    Ölüm qisasını alaq dünyadan
    Bütün gözəlliyin gözüdür insan.

    Bеşikdən başlamış ölümə qədər,
    Tarixlər yazılır sənin əlinlə.
    Səndədir yaraşıq səndədir hünər,
    Şеirim qanad çalır hər əməlinlə
    Tarixlər yazılır sənin əlinlə.

    Başına döndüyüm, anam gəlini!
    Sən ilk qönçəsisən bizim gülşənin.
    Hər səhər günəşə uzat əlini,
    İşıqda, qüvvətdə adın var sənin…
    Sən ilk qönçəsisən bizim gülşənin.

  • Xalq şairi Mirvarid DİLBAZİ.”İstəməsəydim”

    İstəsəydim səni səndən alardım,
    Gozəlləri öz taxtından salardım.
    Ürəyimi ürəyinə çalardım,
    Sən yanardın, mən baxardım tüstünə.

    Ulduz olub öz zirvemdən enərdim,
    Dövrəndəki mələkləri yönərdim.
    Al laləyə, qərənfilə dönərdim,
    Səpilərdim yollarının üstünə.

    İstəsəydim vusalına yeterdim,
    Mən gül olub ürəyində bitərdim,
    Orda bülbül fəryadıyla ötərdim,
    Mən yanardım, sən baxardın tüstümə.

    Ölsəm, bir gün gəl qəbrimin üstünə,
    Bircə dəstə bənövşə qoy, bəsimdir.
    Baş üstündə bir qaranquş ötəcək,
    O da sənə minnetdarlıq səsimdir ..

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Qürbət nədir”

    Qürbət nədir,
    Soyuq üzlü bir diyar
    Kədəri çox, sevinci az bir bahar
    Nə ananın layla səsi var orda,
    Nə atanın xoş nəfəsi var orda,
    Sanırsan ki,
    Nə yolların, cığırların adı var,
    Nə də yanan ocaqların
    İstisi var, odu var.
    Qürbət eldə qanadlanmaz arzular…

  • Xalq şairi Mirvarid DİLBAZİ.“Vətənin keşiyində”

    Mirvarid Dilbazinin “Vətənin keşiyində” şeirində əri cəbhədə olan qadın oğlunu da müharibəyə yola salır. Əsgər isə anasının sözlərini belə xatırlayır:

    Laylasında anam mənə
    Belə demiş dönə-dönə:
    “Bir anan mən, biri Vətən.
    Yadda saxla bunları sən,
    Canın kimi sev Vətəni,
    O bəsləmiş, oğul, səni.
    Bayrağını möhkəm saxla
    Sərhədini tez-tez yoxla.
    Atan qızıl komandandır,
    Qorxu bilməz bir insandır.
    Qəhrəman ol, oğul, sən də
    Qoru bizi böyüyəndə”.
    Gözəl Vətən, gözəl Vətən,
    Xidmətində durmuşam mən.

  • Xalq şairi Mirvarid DİLBAZİ.”İncənin yolları burma-burmadı…”

    İncənin yolları burma-burmadı…
    Yolçu oldum yollar məni yormadı,
    Elə bilmə,el halımı sormadı?..
    Qərib gəldim,qərib getdim vətəndən!

    Bu el mənim nənəm-babam elidi,
    İncə çayı,göz yaşımın selidi,
    Mən gəlmişəm,il ayrılıq ilidi,
    Cənnətdəyəm,bura gəlib-gedəndən!

    İncə kəndim,sazın-sözün vətəni,
    Şair etdin,səni qəlbən sevəni,
    Mirvaridəm,könlüm sənə güvəni,
    Anadiltək,İsaq-Musaq ötəndən.

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Yadıma uşaqlıq illərim gəlir”

    Lalədən biçəndə donunu dağlar,
    Yadıma uşaqlıq illərim gəlir.
    İşıqlı, günəşli, əlvan bir bahar,
    Gözəl obalarım, ellərim gəlir.

    Min nəğmə səsləyir elə bil mənə,
    Anır məhəbbətlə min könül məni.
    Yadımda yurdumun çölü, çəməni,
    Zümrüd çeşmələrim, göllərim gəlir.

    Tez yatan çovğunlar, ötən boranlar,
    Gəzib dolaştığım dağlar, aranlar.
    Şehli çəmənlərdə qaçdığım anlar
    Yadıma islanan tellərim gəlir.

    Əziz uşaqlığın uzaq illəri,
    Qar altdan dərdiyim novruz gülləri,
    Yadıma baharın ilıq yelləri,
    Nəğmələr oxuyan dillərim gəlir.

  • Azərbaycan Respublikasının Xalq şairlərinin siyahısı

    1991

    Məmməd İnfil oğlu İbrahimov (Məmməd Araz) — 07.12.1991[1]

    1992

    Xəlil Rza oğlu Xəlilov (Xəlil Rza Ulutürk) — 24.04.1992[2]
    Qabil Allahverdi oğlu İmamverdiyev — 10.09.1992[3]

    1998

    Hökümә İbrahim qızı Billuri — 23.05.1998[4]
    Fikrət Göyüş oğlu Qocayev — 23.05.1998[4]
    Söhrab Əbülfəz oğlu Tahiri — 23.05.1998[4]

    1999

    Vaqif Səməd oğlu Vəkilov — 09.12.1999[5]
    Cabir Mirzəbəy oğlu Novruzov — 09.12.1999[6]

    2005

    Sabir Rüstəmxanlı — 2005
    Nəriman Həsənzadə — 2005
    Zəlimxan Yaqub — 2005

    2019

    Cəfərov Vahid Əziz oğlu (Vahid Əziz) — 24.05.2019[7]
    Əliyev Ramiz Məmmədəli oğlu (Ramiz Rövşən) — 24.05.2019[7]
    Yaqubov Musa Səfiməmməd oğlu (Musa Yaqub) — 24.05.2019[7]

  • Azərbaycan Respublikasının Xalq yazıçılarının siyahısı

    1991

    Hüseyn Abbas oğlu Abbaszadə — 03.06.1991[1]

    1992

    Sabir Məhəmməd oğlu Əhmədov — 10.09.1992[2]

    1998

    Elçin İlyas oğlu Əfəndiyev — 23.05.1998[3]
    Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov — 23.05.1998[3]
    Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov — 23.05.1998[3]
    Hüseyn Məmmədəli oğlu İbrahimov — 23.05.1998[3]
    Əkrəm Nəcəf oğlu Naibov — 23.05.1998[3] məhrumetmə – 7.02.2013[4]
    Anar Rəsul oğlu Rzayev — 23.05.1998[3]
    Yusif Səməd oğlu Vəkilov — 23.05.1998[3]

    2001

    Əzizə Məmməd qızı Cəfərzadə —

    2003

    Musayev Qılman İsabala oğlu — 27.01.2003[5]

    2005

    Çingiz Akif oğlu Abdullayev —

    2006

    Mövlud Süleyman oğlu Balakişiyev —

    2018

    Elmira Hüseyn qızı Axundova — 25.05.2018[6]

    2019

    Abdullayev Kamal Mehdi oğlu (Kamal Abdulla) — 24.05.2019[7]
    Rəsulzadə Natiq Rəsul oğlu — 24.05.2019[7]
    Vəliyeva Afaq Məsud qızı (Afaq Məsud) — 24.05.2019[7]

  • Azərbaycan Respublikasının Xalq yazıçısı Əkrəm ƏYLİSLİ

    Naibov Əkrəm Nəcəf oğlu (Əkrəm Əylisli) — nasir, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin sabiq üzvü[1], Azərbaycan Respublikasının sabiq xalq yazıçısı[2][3], respublika Lenin komsomolu mükafatı laureatı (1968), Azərbaycanın əməkdar incəsənət xadimi (1968), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikası Milli Məclisinin III çağırış[4] deputatı.

    Həyatı
    Əkrəm Əylisli 6 dekabr 1937-ci ildə Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olmuşdur. Burada orta məktəbi qurtardıqdan sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. M.Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini bitirdikdən sonra Azərnəşrin tərcümə redaksiyasında redaktor (1965-1968), “Gənclik” nəşriyyatında baş redaktor (1968-1970), “Mozalan” satirik jurnalında baş redaktor (1970-1971) olmuşdur.

    1974-1978-ci illərdə Azərbaycan Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin baş redaktoru işləmiş, sonra “Azərbaycan” jurnalının baş redaktoru kimi çalışmışdır (1978-1983). Azərbaycan Sovet Yazıçıları İttifaqının katibi (1987-1991), “Yazıçı” nəşriyyatının direktoru olmuşdur (1992-ci ildən). Gənc yazıçıların Moskvada keçirilən Ümumittifaq müşavirəsində (1962), Belorusiya, Moldova və Özbəkistanda sovet ədəbiyyatı günlərində və digər tədbirlərdə iştirak etmişdir (1968-1980).

    “Ulduz” jurnalı redaksiya heyətinin üzvü (1967-1978), SSRİ Yazıçılar İttifaqı bədii şurasının üzvü (1968-1976) olmuşdur. SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin və Azərbaycan Yazıçılar İttifaqı rəyasət heyətinin, eyni zamanda “Azərbaycan” və “Drujba narodov” jurnalları redaksiya heyətlərinin üzvü seçilmişdir (1978-1990). Sovet yazıçılarının nümayəndə heyətinin tərkibində Macarıstan, Polşa və Şimali Yəməndə səfərdə, Əziz Nesinin şəxsi dəvətilə Türkiyədə olmuşdur.

    Polşanın Poznan şəhərinin Fəxri vətəndaşıdır. Belorusiya SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, “Şərəf nişanı” ordeni və medallarla təltif edilmişdir.

    Bədii yaradıcılığa şeirlə başlamış, lakin ilk mətbu hekayəsi “Qəşəm və onun kürəkəni”dir (“Azərbaycan” jurnalı, 1959, N 7). Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Özü də bədii tərcümələr edir, Vasili Şukşinin, Qabriel Qarsiya Markesin, V.Korolenkonun, İ.Turgenevin, Ç.Aytmatovun, H.Məlikin əsərlərini dilimizə çevirmişdir.

    Yaradıcılığında dram əsərlərı xüsusi yer tutur. “Quşu uçan budaqlar”, “Mənim nəğməkar bibim”, “Bağdada putyovka var”,”Vəzifə”, “Anamın pasportu”, “Ata mülkü”, “Bir cüt badmüşk ağacı”, “Yastı təpə” pyesləri Bakı, Naxçıvan, Gəncə və İrəvan dram teatrlarında tamaşaya qoyulmuşdur. Ssenariləri əsasında “Gilas ağacı”, “Ürək yaman şeydir”, “Sürəyya” filmləri çəkilmişdir.

    Xidmətlərinə görə Şərəf nişanı və “Şöhrət” ordenləri təltif olunmuşdur.

    2005-ci ildə Azərbaycan Milli Məclisinə üzv seçilmişdir.

    Əkrəm Əylisli “Daş yuxular” əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etməsi ilə ittiham edilərək, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən[5] və “Xalq yazıçısı” fəxri adından[6] məhrum edilmişdir.

    Mövzular
    Amerikalı ədəbiyyatşünas Malihe Tayrelın fikrincə, Əylisli “Sovet cəmiyyətinin soyuqluğu və biganəliyindən doğan özgəlik hissini” təsvir edir. Əylislinin prozası səmimi və alovlu, ancaq eyni zamanda müstəqil fikirlidir. Onun əsərləri ədəbi və siyasi cərəyanlardan eyni dərəcədə uzaq durur və “soyuq, yad cəmiyyətə qarşı mübarizə apararaq, onun öz şəxsiyyətini ifadə edir”.[7]

    Əsərləri
    Gilas ağacı. Bakı: Uşaqgəncnəşr, 1961, 47 səh.
    Dağlara çən düşəndə. Bakı: Azərnəşr, 1963, 56 səh.
    Atalar və atasızlar. Bakı: Azərnəşr, 1965, 121 səh.
    Mənim nəğməkar bibim. Bakı: Azərnəşr, 1968
    Adamlar və ağaclar. Bakı: Gənclik, 1970, 247 səh.
    Kür qırağının meşələri. Bakı: Gənclik, 1971, 50 səh.
    Ürək yaman şeydir. Bakı: Gənclik, 1973, 152 səh.
    Bu kənddən bir qatar keçdi. Bakı: Azərnəşr, 1977, 267 səh.
    Gilənar çiçəyinin dedikləri. Bakı: Yazıçı, 1983, 438 səh.
    Adamlar və ağaclar. Bakı: Gənclik, 1985, 320 səh.
    Ədəbiyyat yanğısı. Bakı: Yazıçı, 1989,
    Seçilmiş əsərləri (iki cilddə). I c, Bakı: Azərnəşr, 1987, 497 səh.
    Seçilmiş əsərləri (iki cilddə). II c, Bakı: Azərnəşr, 1987, 416 səh.
    Möhtəşəm tıxac (roman)[8].
    Daş yuxular (roman).
    Tərcümələri
    Ruscadan
    Malik Həddad. Çevrilmiş səhifə (roman). Bakı: Azərnəşr, 1965, 116 səh.
    Henrix Böll. O illərin çörəyi (povest). Bakı: Azərnəşr, 1966, 126 səh.
    Konstantin Paustovski. Qızıl Qönçə. Bakı: Azərnəşr, 1968, 238 səh.
    Çingiz Aytmatov. Əlvida, Gülsarı. Bakı: Gənclik, 1969, 261 səh.
    Filmoqrafiya
    Bağdada putyovka var… (film, 2000)
    Çay daşının göz yaşı… (film, 1971)
    Əkrəm Əylisli. İşıq həsrəti (film, 2003)
    Gilas ağacı (film, 1972)
    Həmyerli (film, 1989)
    Hörmətli alim yoldaşlar (film, 1971)
    Kimdir Məmməd Məmmədov? (film, 1973)
    Kür – dostluq çayıdır (film, 1985)
    Müşavirə (film, 1971)
    Sürəyya (film, 1987)
    Şəbih (film, 1971)
    Tənha narın nağılı (film, 1984)
    Ulu diyar (film, 1984)
    Üçüncü zəng (film, 2006)
    Ürək yaman şeydir… (film, 1992)
    Vətəndaş sərnişinlər… (film, 1971)
    “Yüz vədə bir borcu ödəməz” (film, 1971)

  • Azərbaycan Respublikasının Xalq yazıçısı Əzizə CƏFƏRZADƏ

    Cəfərzadə Əzizə Məmməd qızı (1921-2003) — yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, 1946-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

    Həyatı
    1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olmuşdur. İbtidai təhsilini 25 saylı məktəbdə almış, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxumuş, 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmişdir. 1946-1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1944-1946-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950-1955-cı illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka pedaqoji institutunda dosent, 1957-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışmışdır[1]. Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik, 1970-ci ildə “XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.

    Əzizə Cəfərzadə 01.jpg
    Yaradıcılığı
    Ədəbi fəaliyyətə 16 yaşında başlamış və “Əzrayıl” adlı ilk hekayəsini 1937-ci ildə “Ədəbiyyat” qəzetində çap etdirmişdir. İlk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılmışdır. Əzizə xanımın nəsr əsərləri əsasən tarixi roman janrında yazılmışdır. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata gətirmişdir. Onun bu qəbildən yazdığı əsərləri aşağıdakılardır:

    “Natəvan haqqında hekayələr” (1963) – bu hekayələrdə yazıçı Qarabağın son xanı Xurşidbanu Natəvanın (XIX əsr) həyatını qələmə almışdır;
    “Aləmdə səsim var mənim” (1973-1978)- ilk tarixi romanı XIX əsrdə Şamaxıda yaşayıb-yaratmış məşhur şair Seyid Əzim Şirvaninin ədəbi həyatı haqqındadır;
    “Vətənə qayıt” (1977) – XVIII əsrdə rus qoşunlarının Azərbaycana ilk gəlişi fonunda şair Nişat Şirvaninin həyatı və Şirvanın Salyan bölgəsində baş verən hadisələr;
    “Yad et məni” (1980) – XIX əsrin sonu XX əsrin əvvəllərində romantik şair Abbas Səhhətin həyat və yaradıcılığı ilə bağlı roman;
    “Bakı-1501” (1981) – Şah İsmayıl Xətai və onun Bakıya yürüşu tarixinə həsr olunmuş roman;[2]
    “Cəlaliyyə” (1983) – XII əsr Naxçıvanın qadın hökmdarı Cəlaliyyənin ölkənin müdafiəsi uğrunda apardığı mübarizənin tarixi;
    “Sabir” (1989) – XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış məşhur satirik şair Mirzə Ələkbər Sabirə həsr edilmiş əsər;
    “Eldən elə” (1992) – XIX əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaninin həyatı haqqında roman;
    “Bir səsin faciəsi” (1995) – XIX əsrin sonunda yaşamış müğənni Mirzə Güllərin faciəli həyatından bəhs edən əsər;
    “”Gülüstan”dan öncə” (1996) – XIX əsrin əvvəllərində rus qoşunlarının Şirvana hücumu tarixinə həsr olunmuş roman;
    “Zərrintac-Tahirə” (1996) – XIX əsrdə İran Azərbaycanında yaşayıb-yaratmış qadın şairə və Bab hərakatının liderlərindən biri Tahirə Qürrətüleynin həyatı haqqında əsər;
    “İşığa doğru” (1998) – XX əsrdə İranda Bab hərakatının əks-sədası kimi baş verən faciəvi tarixə həsr edilmiş povest;
    “Bəla” (2001) XVI əsrdə Şah İsmayıl Xətaidən sonra Azərbaycanda baş verən və sonu Azəbaycanın xırda xanlıqlara parçalanması ilə nəticələnən hakimiyyət uğrunda gedən saray çəkişmələri haqqında əsər;
    “Rübabə-sultanım” (2001) – XX əsrdə baş verən ictimai-siyasi hadisələr fonunda yarı bioqrafik romanı;
    “Xəzərin göz yaşları” (2003) – 1938-cı ildə Azərbaycanda yaşayan İran azərbaycanlılarının Stalin rejimi tərəfindən 3-4 gün ərzində İrana məcburi deportasiyası haqqında povest;
    “Eşq Sultanı” (Ölümündən bir az əvvəl bitirmişdir)- XV-XVI əsrdə yaşayıb-yaratmış böyük Azərbaycan şairi Məhəmməd Füzulinin həyatı haqqında roman.
    Yazıçının “Sahibsiz ev” (1966), “Əllərini mənə ver” (1970), “Sənsən ümidim” (1984), “Xəyalım mənim” (2002) kimi bir sıra povestlərinin mövzusu müasir həyatdan götürülmüşdür.

    “Qızımın hekayələri” (1964), “Anamın nağılları” (1982), “Çiçəklərim” (1988), “Pişik dili” (2001) və sair uşaqlar üçün yazdığı hekayə və nağıllardır.

    Əzizə Cəfərzadə, eyni zamanda, bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərmişdir. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarişlarının bəhrəsi olan əsərlər həmişə elmi ictimaiyyətin marağına səbəb olmuşdur. Əzizə xanımın elmi-tədqiqatları onun ədəbi yaradıcılığına da güclü təsir göstərmiş və yazıçının əsərlərini Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevirmişdir. Əzizə xanım ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu bir şəkildə əlaqələndirməyi bacarırdı. Elmi tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirmişdir ki, bunlara “Fatma xanım Kəminə” (1971), “Könül çırpıntıları” (1972), “Azərbaycanın aşıq və şair qadınları” (1974, 1991), “Azərbaycanın şair və aşıq qadınları” (II nəşr 2003), “Şirvanın üç şairi” (1971), “Mücrüm Kərim Vardani. Sünbülstan” (1978), “Abdulla Padarlı. Seçilmiş əsərləri” (1979), “Hər budaqdan bir yarpaq” (1983) daxildir. Onun bir çox toplayib çap etdirdiyi əsərlərin əsas hissəsini ana və qadın mövzusu təşkil edir ki, bunlar da Əzizə xanıma romanlarından az şöhrət gətirməmişdir. Bu kitablar vasitəsi ilə o, ta qədim dövrlərdən Azərbaycanda yüksək poetik səviyyəli yazılı və şifahi qadın yaradıcılığının mövcud olduğunu və dünya ədəbiyyatında öndər olduğunu sübut etmişdir. Bu əsərlərlə yanaşı onun yüzlərlə məqalə, oçerk, elmi tədqiqat və publisistik məqalələri dövrü mətbuatda çap edilmişdir.

    O, “Natavan” adli kinossenari, çoxlu sayda radio-televiziya pyesləri xatirat və saysız hesabsız bayatı yazmışdır. Əzizə xanım folklorumuzun vurğunu idi, “Bayatı düşüncələrim”, “Xızır Nəbi”, “Novruz” və başqa Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə bağlı yazıları, televiziya-radioda çıxışları onu xalqın sevimlisi etmişdir. Bir çox xarici ölkələrdə, o cümlədən Yuqoslaviya, Suriya, Kipr, Hindistan, Sinqapur, Malaziya, İsrail, İraq və Türkiyədə beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçısı olmuşdur. Bu ölkələrin kitabxanalarından tarixi əsərlərlə bağlı məlumatlar toplamış və səyahət gündəlikləri yazmışdır. Bunlardan birində 1965-1966-cı illərdə həyat yoldaşının işi ilə bağlı Qanaya səfərinin gündəlikləri “Qızıl sahilə səyahət” (1968) xatiratını yazmasıdir.

    Əzizə xanım bir sıra xarici müəlliflərin o cümlədən S.Smirnovun “Brest qalası”, Ş.Rəşidovun “Güclü dalğa”, A. Lixanovun “Mənim generalım”, Ə.Kabaklənin “Əjdaha daşı”, S.Çokumun “Bizim diyar” və sair əsərləri Azərbaycan dilinə tərcümə etmiş, bir çox kitabın redaktoru olmuşdur. Onun əsərləri də bir sıra xarici dillərə, o cümlədən rus, fars, tacik, ərəb, qazax və sair tərcümə edilib xaricdə nəşr edilmişdir. Fasiləsiz olaraq televiziya və radioda müxtəlif mövzularda çıxışlar etmiş, televiziyada “Klassik irsimizdən”, “Aşıq Pəri” və sair çoxsayı proqramların müəllifi və aparıcısı olmuşdur. Bu verilişlər vasitəsi ilə xalqa Azərbaycan klassik və müasir ədəbi irsini təbliğ etmişdir. Bununla yanaşı o radioda Cənubi Azərbaycan üçün verilən proqramların və “Ana” radio jurnalının uzun illər daimi iştirakçısı olmuşdur.

    1981-1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləmişdir. Azərbaycan qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərmiş, respublikanın ən ucqar rayon-kəndlərinə belə dəfələrlə getmiş və millətin tarixi, taleyi ilə bağlı problemlərlə tanış olmuş, bu problemlərin həll edilməsində yaxından iştirak etmişdir. O həyatı boyu xeyriyyəçiliklə məşğul olmuş, 1979-cu ildə indiki Hacıqabul rayonunun Tağılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirmişdir. Azərbaycanın müstəqilliyi uğrunda və erməni təcavüzünə qarşı hərəkatda daim öndə və fəal iştirak edən bir vətəndaş olmuşdur.

    Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, dönə-dönə müxtəlif fəxri fərmanlar, “Xalqlar dostluğu” ordeni və müstəqil Azərbaycanın ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü idi. Azərtelefilm birliyi onun həyat və yaradıcılığı haqqında 2 telefilm çəkmişdir. Əzizə xanımın ən böyük mükafatı isə xalqın ona qarşı olan böyük məhəbbəti idi. Bu sevginin məntiqi nəticəsi kimi, o 2001-ci ildə “Azərbaycan Anası” və “Xalq Yazıçısı” kimi yüksək adlara layiq görülmüşdür. Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşmuşdu və vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilmişdir.[3][4]

    Tarixi romanları
    “Vətənə qayıt” romanı 1973-cü ildə qələmə alınmışdır. Romanda vətən və məhəbbət xətti aparıcı yer tutmaqdadır. Yazıçı bütün roman boyu bu sujet xətlərini paralel və bəzənsə qovşaq təsvirini vermişdir. Əsərdə yalnız Nişat Şirvaninin deyil, taleyini vətənlə bağlamış bir sıra qəhrəmanların obrazları da bədii inikasını tapmışdır. “Vətənə qayıt” əsərində hadisələrin cərəyan etdiyi tarixi dövr haqqında oxucuda bitkin təsəvvür yarada bilmişdir. “Bu baxımdan romanın başlanğıcı olan “Beş qız idik…” hekayəsi xüsusilə nəzəri cəlb edir. Təsvir edilən hadisə xalqın faciəvi həyatını öyrənmək üçün oxucunu keçmişə aparır”.

    Əsl ismət timsalı olan Sürəyya xanımın gözəl qızı Nisəbəyimin yad ellərə düşməkdənsə övladı ilə birlikdə od içində yanması xalqın sonsuz qəzəbindən xəbər verir.

    Romanda təsvir olunan hadisələr, əsasən, qədim Şamaxıda cərəyan edir. XVIII əsrdə artıq böyük ticarət mərkəzi olan Şamaxı həm də elm, mədəniyyət və memarlıq sahəsində böyük müvəffəqiyyət qazanmışdır. Sonralar Nadir şahın Şirvana hücumu Şamaxını bərbad vəziyyətə salmışdır. Bir müddət istiqlaliyyət qazana bilməyən Şirvan Türkiyə soltanlığının əlinə keçmiş, beləliklə, Zaqafqaziyada İran və Türkiyəyə qarşı münasibətinin kəskinləşməsi Rusiyaya tərəf meylin yaranmasına səbəb olmuşdur. Belə ziddiyyətli bir dövrdə Şirvanda yaşayıb-yaradan Nişat Şirvani, Zülali, Ağa Məsih Şirvani, Raci Şirvanlı, Rəşid və digər şairlər özlərini bu mübarizələrə həsr etmiş, hamısı vətəndən didərgin düşmüşdür.

    Əsərin süjet xətti dediyimiz tarixi hadisələrə uyğun inkişaf etsə də, bəzi tarixi şəxsiyyətlərin adları olduğu kimi saxlanılsa da, müəllifin hadisələrə qabarıq münasibəti aydın nəzərə çarpır.

    Əslində belə romanda bu iki cəhət gözlənilmiş, biri digərini tamamlamışdır. Xüsusən, Nişat Şirvaninin qəzəllərinin təsiri, Maro əhvalatı, onların məhəbbətlərinə inamı daha da gücləndirmişdir. Əsərdə təsvir edilən Əsgər bəy və Şəbnəm yazıçı tərəfindən çox xarakterik təsvir edilmişdir. Feodalizmin nümayəndələri olan bu bacı-qardaşın xarakterləri psixoloji vəziyyətləri ilə qarşılaşdırılmışdır. Belə halda oxucu Şəbnəmə qarşı rəğbət hissi ilə yanaşır.

    Müəllif Əsgər bəyin də ziddiyyətli xarakterini çox böyük ustalıqla qələmə almışdır. Zahirdə Türkiyə soltanının Şamaxıdakı hakimi Ehsan bəyin ən yaxın adamı olan Əsgər bəy daxilən müstəqil hakimiyyətə can atır. Nişatın qardaşları Qələmşah və Ələmşahın rəhbərliyi ilə baş verən el üsyanına qoşulur və son halda üsyana xəyanət edir. Onun xarakterindəki bu ziddiyyətlər yazıçı tərəfindən məharətlə işlənmişdir.

    “Aləmdə səsim var mənim” romanı 1972-ci ildə yazılmışdır. Bu roman yalnız ədibin yaradıcılığında deyil, ümumən Azərbaycan tarixi nəsrində əhəmiyyətli yer tutur. Müəllifin ilk romanı olan və ədəbi mühitdə böyük həssaslıqla qarşılanan bu əsərin adı elə məhz Seyid Əzim Şirvaninin şeirindən götürülmüşür:

    Mövti-cismani ilə sanma mənim ölməyimi,

    Seyyida, ölmərəm, aləmdə səsim var mənim.

    Yazıçı romanı əvvəlcə “Məhəbbət günahdırmı?” adlandırmağı düşünsə də,ancaq əsərin nəşri zamanı dəyişməyi münasib bilmişdir. Bu şübhəsiz ki, romanın ictimai məzmunu ilə əlaqədardır.

    “Aləmdə səsim var mənim” romanında Əzizə Cəfərzadə yaradıcılığına və şəxsiyyətinə böyük məhəbbət bəslədiyi Seyid Əzim Şirvaninin obrazını yaratmağı qarşısına məqsəd qoysa da yazıçı bununla kifayətlənməmiş, bütövlükdə XIX əsr Şirvan tarixini, daha doğrusu Şirvan mühitini ictimai-siyasi və ədəbi-mədəni hadisələrin canlı mənzərəsi fonunda və etnoqrafik yaddaşın işığında izləmişdir.[5] Romanda Seyid Əzimin mükəmməl obrazı yaradılmışdır. Şamaxı yollardan başlanır deyərək yazıçı bir həyatın, bir mühitin və bir cəfakeş mübarizin həyat romanını başlayır. Şamaxı bazarlarının da təsviri geniş verilir, eyni zamanda burada bu həyat romanının iştirakçıları ilə tanış oluruq. Onalar haqqında və XIX əsr Şamaxı mühiti haqqında geniş təsəvvür əldə edirik. Əsərdə Seyid Əzim Şirvaninin hərtərəfli obrazı yaradılmışdır. Romanın ilk səhifələrində Seyid Əzim gənc bir şairdir yeni tanınmağa başlayır.Mahmud ağanın məclisində ilk dəfə iştirak edir və burada rastlaşdığı gözəl rəqs ustası olan, zahirən də görənləri bihuş edən Sonanın gözəlliyinə yazdığı şeiri oxuyur. Bu məclisdə Seyid Əzim həm də Sonaya aşiq olur. Seyid Əzimin ən yaxın dostu Tərlanda bu məclisdə idi və o da Sonanın eşqinə düçar olmuşdu. Lakin Sonanın eşqi onların dostluğunu poza bilmir. Seyid Əzim dostunun Sonaya olan sevgisini bildikdə öz hisslərini yalnız şeirlərdə biruzə verir. Onların qovuşması üçün həyatının sonuna qədər çalışır. Bunları əsas götürərək əsərin məhəbbət yönümlü olduğunu deyə bilmərik. Bu sadəcə dövrün mühitinin avam, cahil və xürafatçı tərəflərini açmaq üçündür. Bu Sona bir rəqassədir və rəqsin ustasıdır, heç kim onun kimi rəqs edə bilməz. Lakin sənəti və sənətkarı qəbul edə bilməyən bu dar çərçivəli mövhumat əhli onu çəngi adlandırır hətta onun adında söyüş, qarğış kimi istifadə edirlər. Hətta onu görərəkən qadınlar yaşmanırlar. Bu münasibətə görə heç kim Sonanı sevə bilməz, onunla evlənə bilməz, bunu namussuzluq və biabırçılıq qəbul edərlər. Rəqs kimi şeir də, musiqi də qəbul olunmur hər biri Allaha xoş getməyən əməl kimi qələmə verilir. Lakin bu sənətkarları yolundan döndərmir. Burada biz sənətin və sənətkarın sözsüz və kəlamsız nitqini də görürürük. Burada Seyid Əzimin rəssasmla məhz duyğular və baxışları ilə danışdığının şahidi oluruq onlar bir-birinin dilini bilməsələr də lakin bir-birinin ruhunu anlayırlar.

    Seyid Əzimin ailə qurması və həyat yoldaşı Ceyrana olna münasibəti mehribanlığı və şəfqəti də əsərdə geniş təsvir olunmuşdur. Seyid Əzimin dünayaya göz açan uşaqlarına verdiyi adlarda insanlar arasında etiraz yaradır. Uşaqlara Aişə, Ömər adlarının qoyulmasını avam camaat qəbul etmək istəmir. Seyid övladlarına bu adlar qoyula bilməz deyirlər. Bütün bunlar yazıçının mühitin xüsusiyyətlərini, cizgilərini vermək üçün istifadə etdiyi xırda detallardır.

    Seyid Əzim Şirvaninin maarif və məktəb yolunda apardığı mübarizələr əsərin əsasını təşkil edir. Xalqın övladlarının savadsız və cahil qalmasına şair dözə bilmir. Uşaqlar mollaxanalarda, mədrəsələrdə illərlə çərəkəni öyrənir və Quranı oxumağı öyrənirlər və bundan savayı heç nə bilmirlər. Bu Seyid Əzimi narahat edir çünki o, uşaqlar sadəcə cahil olaraq yetişirlər. Onlar Quranı oxumağı öyrənsələrdə mahiyyətini dərk etmirlər. İnsanlar kordurlar bu mühitdə sadəcə mollaların dediklərinə inanırlar. Bunun mahiyyətini dərk etmirlər, sözdə dindar müsəlman olsalarda dinlərindən belə xəbərləri yoxdur və mollalar tərəfindən aldadılırlar. Bütün bunlar Əzimin ürəyini parçalayır o xalqını belə avam görmək istəmir. İnsanları mədəni savadlı, həm dünyəvi elmlərə yiyələnmiş həm də dininin mahiyətini dərk etmiş görmək istəyir. Bir para mollalar var ki, onlar xalqın hər zaman avam olmasını istəyirlər. Avam insanları oyatmağa çalışanları isə qəbul etmirlər. Seyid Əzimin də yaratdığı məktəb bu şəkildə fitnəkar mollaların, dindən xəbəri olmayan möminlərin hədəfinə çevrilir. Qapaqlılar, Məşədi Alışlar və Qurbanqulular onu əzmək üçün əllərindən gələni edirlər. Bu kütlə heç cür maarifi, məktəbi, mədəniyyəti, irəliyə atılmış heç bir addımı qəbul etmək istəmirlər. Dar çərçivənin Qapaqlıları cahil kütlənin söz keçirəni olmaqda davam etmək istəyirlər. Seyid Əzimə qarşı avam camaatın isə münasibəti bir tərəfli deyil. Onu bir tərəfdən seyid, peyğəmbər övladı bilirlər, haqqında eşidilənlər və danışdıqlarını eşidən də isə ziddiyyətlər içində qalırlar. Bütün bunlara baxmayaraq, Seyid Əzim çalışır. Bilir ki, bu gün olmasa da bir gün mütləq onun da xalqı tərəqqi edəcək. İstedadlar musiqi şeir, sənət torpağı olan Şamaxı bir gün sənətkarlara da öz qucağını açacaq. Uşaqlar dünyadan xəbərli savadlı olacaqlar. Buna inanaraq Seyid Əzim bir an belə mübarizəsindən qalmır. O, uşaqları ac qaldıqda belə yenə də yalnız özünü düşünmür, qapıya gələnləri əliboş yola salmır. Əlində olanını yarı bölür.

    Əsərin sonlarında artıq görürük ki, Seyid Əzim qocalmışdır. Xalqın dərdi Seyid Əzimi qocaltmışdır. Şəhərə yeni təyin olunan axundun gəlişini fürsət bilən Qapaqlılar, Məşədi Alışlar hücuma keçirlər hərəsi bir yandan Seyid Əzimin şeirini deyərək onun kafirliyini isbatlamağa çalışır. Onlar şeirləri əzbər bilirlər. Bütün bunlar qoca şairə pis təsir edir. Şair bir müddət xəstə yatdıqdan sonra dünyasını dəyişir amma köçən çairin cismidir, ruhu hər zaman xalqı ilədir. Seyid Əzimin səsi aləmdə hələ də yaşayır.

    “Yad et məni” romanında XX yüzilliyin əvvəllərində cərəyan edən hadisələrdən danışılır. Romanda Abbas Səhhət, Mirzə Ələkbər Sabir və Ağəli Nasehin obrazları yaradılmışdır. Səhhətin simasında vətəndaşlıq və xeyirxahlıq, Sabirin timsalında fədakarlıq və cəsurluq, Nasehin şəxsində təvazökarlıq və səmimilik kimi mənəvi-əxlaqi keyfiyyətlər inandırıcı detallar və ştrixlərlə əks olunmuşdur. Lakin yazıçı romanda əsas diqqəti Abbas Səhhətə yönəltməyə çalışmışdır.

    1980-ci illərdə Azərbaycan bədii nəsri özünün roman dövrünü yaşadı. Milli roman bu onillikdə yeni bir keyfiyyət mərhələsinə daxil oldu. Bədii nəsr tariximizdə ədəbi hadisəyə çevrilən onlarla roman bu onillikdə yarandı. Yusif Səmədoğlunun “Qətl günü”, Elçinin “Ölüm hökmü”, İsa Hüseynovun (Muğanna) “Məhşər” və s. Bu illər milli varlıq romanın mövzu və problematikasında ön mövqeyə keçdi. Tarixi roman xeyli zənginlik qazandı. 80-ci illərin romanında tariximizin müxtəlif dövrləri bədii təhlil predmeti olsa da, daha çox Şah İsmayıl mövzusu yer almışdır. Fərman Kərimzadənin “Xudafərin körpüsü”, ”Çaldıran döyüşü” dilogiyasında, Elçinin “Mahmud və Məryəm”, Əzizə Cəfərzadənin “Bakı-1501”, Əlisa Nicatın “Qızılbaşlar” romanlarında bu dövr əks olunmuşdur. Demək lazımdır ki, Səfəvilərin fəaliyyəti, xüsusən, Şah İsmayılın tarixi şəxsiyyət kimi marağı və milli müstəqillik, milli dövlətilik uğrunda mübarizə ilə şərtlənən müasirliyi indi də, bu gün də öz əhəmiyyətini saxlayır.

    Əzizə Cəfərzadənin “Bakı-1501” romanı Şah İsmayıl mövzusunda yazılmış ilk tarixi romandır.Bundan sonra Fərman Kərimzadə “Xudafərin körpüsü”(1987), Əlisa Nicatın “Qızılbaşlar” romanları (1982) Səfəvilərin hakimiyyəti və o dövrdə baş verən tarix hadisələr eləcə də Şah İsmayıl Xətai şəxsiyyəti sərkərdəliyi ön plana çıxıb. Əzizə Cəfərzadə “Bakı-1501” romanı Şah İsmayılın bütün həyatı deyil, əsasən, 1501-ci ilə qədər olan tarixi hadisələr izlənir. Əslində, Şah İsmayıl Xətai mövzusuna dönüşün əsasını Əzizə Cəfərzadə bu əsəri ilə qoyduğunu demək olar. Yazıçı bu əsərində Şah İsmayılın Şirvanşah Fərrux Yassar ilə apardığı mübarizə və Bakını ələ keçirməsihadisəsi üzərində dayanır. Bu tarixi roman çoxfəsilli olmamış cəmi üç fəsildə (Bakı-1501, Qanlı-qadalı illər,hökmdarın şair ürəyi) verilmişdir. Romanın baş qəhrəmanının Şah İsmayıl Xətai olması yazıçıya həmin dövrün hadisələrinə nəzər salmağa imkan verir. Romanda Şah İsmayıl həm bir şah, həm şair, həm də bir səyyah kimi təsvir edilir. Yazıçı Şah İsmayıl obrazını, həm vətəninin mövcud vəziyətini təsvir edir, həm də onu xalqının, vətəninin gələcəyini düşünən sərkərdə və bir şah olaraq təsvir edir. Burada Şah İsmayılın uşaqlığı, taxta çıxması, şair kimi fəaliyyəti təsvir olunmuşdur. Bu romanda Əzizə Cəfərzadə birtərəflilik göstərmir, obrazı təsvir edərkən onun üstün xüsusiyyətləri ilə yanaşı qüsurlarını da göstərir. Həmçinin Şah İsmayılın milli şüurunu, vətənpərvərlik duyğularını da göstərmişdir. Romanda Şah İsmayıl Azərbaycan hökmdarı, Azərbaycan dövlətinin yaradıcısı kimi səciyələndirilir. Romana nəzər saldıqda görürük ki, burada Şah İsmayılın uşaqlığı xatırlanır və uşaqlıq dövründə belə Şah İsmayıl təmkinli, geniş dünyagörüşlü,açıq fikirli, gözüaçıq bir uşaqdır. Uşaqlığından o hökmdar kimi yetişdirilmiş və ona hökmdar şeyx kimi münasibərt göstərilmişdir. Onun yaçı ona olan münasibətə zərrə qədər də təsir göstərə bilmir. Şah İsmayıl səfərə çıxması və Kürü necə mərdliklə keçməsi, qoşunu öz arxası ilə aparması şeirlərinin qoşunda ruh yüksəkliyi yaratması romanda geniş əksini tapmışdır.

    Romanda Şah İsmayıl obrazı ilə yanaşı hakim Mirzəli, Bəhram qazi, Bibixanım-Sultanım, Aytəkin, Rəhim bəy, İbrahim və başqa surətlərdə yaradılmışdır. Əsərdə yazıçı oxucuya belə müraciət edir: “Əziz oxucu, bu böyük mübarizə meydanında sən Bibixanım Sultanım, Aytəkin, İbrahim və o vaxtlar şeyx oğlu şah kimi tanınan Şah İsmayıl Xətai ilə görüşürsən. Bu görüşdə Bibixanım-Sultanım, Aytəkin və İbrahim hərəsi öz anlayışınca şiəlik təriqətinin başçısı,on dörd ildə on dörd əyalət fəth etmiş sərkərdə, hökmdar və ən incə məhəbbət qəzəlləri qoşmuş, “Dəhnamə” müəllifi şair Xətaini dərk etməyə çalışacaq”.

    Romanın epiloqunda Şah İsmayıl şəxsiyyətinin və mübarizəsinin simvolu kimi dil, qeyrət, və vətən sevgisi göstərilmişdir. Roman bu cümlə ilə bitir. Sizə üç əmanət qoyub ərən babalar: dilimiz, qeyrətimiz, vətənimiz-can sizin can onlar əmanəti. Onu da qeyd edək ki, Şah İsmayılın dilindən deyilən bu sözlər Əzizə Cəfərzadənin məzar daşına da yazılmışdır “Sizə vəsiyyətim: dilimizi, qeyrətimizi, Vətənimizi qoruyun”.[6]

    Fərman Kərimzadə “Xudafərin körpüsü” romanını yazarkən ilk dəfə idi ki, belə bir mövzu haqqında düşünürdü. Burada Şah İsmayılın uşaqlılq illərini, hakimiyyət başına keçməzdən əvvəlki dövrü təsvir etməklə onun mühitinə nəzər salır. Mövcud ictimai-siyasi mühiti canlandırmağa çalışır. Yazıçı buna nail olur.Burada Şah İsmayıl obrazı tarixi həqiqətə uyöun olaraq işlənib. O bir sərkərdə dövlət adamı olmaqla yanaşı. Həm də bir xalq, el adamıdır.O düşüncə, arzu və istəklərilə yalnız özünü deyil, bütün Azərbaycan xalqını təmsil edir.Ona görə də yazıçı onu daim xalqla birgə təsvir edir. Şah İsmayılın apardığı mübarizə şəxsi mübarizə deyil, xalqın mübarizəsidir.

    Əlisa Nicatın “Qızılbaşlar” romanında isə Şah İsmayılın ayrı-ayrı döyüş səhnələrindən danışılır və onun vətən, xalq yolunda atdığı addımlardan bəhs edilir.Onun əsas qayəsi Azərbaycanda ağalıq edən yadları burdan çıxarmaq, Azərbaycan torpağında hökmdarın bir azərbaycanlı olmasını təmin etməkdən ibarət olmuşdur. Yazıçı Şah İsmayılı xalqın məhəbbətini, rəğbətini qazanan Azərbaycanın vahidliyini düşünən və bunu həyata keçirən bir qəhrəman sərkərdədir. Bəzən onun vətən haqqında düşüncələri roman qəhrəmanlığından çıxaraq, dramaturgiya qəhrəmanlığına çevrilir (Vətən! Vətən! Vətən, sən nə qədər əziz və gözəlsən. And içirəm nə qədər ki, sağam sənin qızıl torpaqların tapdaq altında qalmayacaq…) Şah İsmayıl obrazı bir neçə yazıçı tərəfindən yaradılmasına baxmayaraq onun mükəmməl obrazının yaradılmasını demək çətindir. Dövr ziddiyyətli və çətin olduğu kimi ona yanaşmalarda müxtəlif və ziddiyyətlidir.

    “Eldən-elə” romanı tarixi romanlar içində xüsusilə seçilir.Yazıçının “Xoş gördük,səyyah” adlı povestinin yenidən işlənmiş və genişləndirilmiş variantı kimi təqdim etdiyi ”Eldən-elə” romanı Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvaninin həyatından bəhs edir. Həyatının otuz yeddi ilini səyahətlərdə keçirmiş olan bu görkəmli səyyah-mütəfəkkirin ömür yolunu vərəq-vərəq izləmiş, bir çox məqamlara aydınlıq gətirmişdir. Roman Zeynalabdin Şirvaninin uşaqlıq illəri ilə başlayır, beləcə səyyahın ömrünün sonunadək təsvir olunur. Burada alimin İran, Türkiyə, Hindistan, Pakistan, Orta Asiya, ərəb ölkələrinə səyahəti haqqında geniş təfsilatlı məlumat vermişdir. Ölkələr haqqında verilmiş zəngin məlumatlar əsərin oxunaqlılığını və inandırıcılığını təmin edir.

    Əsərdə Zeynalabdin Şirvaninin atası İsgəndər, anası Şirinbəyim,qardaşı Məhəmmədəli obrazları da yaradılmışdır. Atası çox ciddi, zəhmli, dininə çox bağlı biri kimi təsvir olunur. Anası isə çox mülayim, mehriban bir qadındır. Eyni zamanda Süheyla, Altıntelli, Ömür bəy, vəliəhd Erkin və başqalarının obrazları yaradılmışdır. Əsərdə 1821-1827-ci illərdə ”Riyazüs-səyahə”, 1826-cı ildə “Hədayiqüs-səyahə”, 1832-ci ildə isə “Bustanüs-səyahə”,”Kəşfül-maarif” kimi əsərlərini yazması haqqında da məlumat yer almışdır. Biz görürük ki, yazıçı əsəri yazarkən də bu əsərlərdən istifadə etmiş, Şirvaninin öz əsərlərindəki məlumatlara istinad edərək gözəl bir əsər meydana gətirmişdir.

    “Eldən-elə” romanını Əzizə Cəfərzadə atası Məhəmməd Cəfər oğluna və coğrafiyaşünas alim Nurəddin Kərimovun xatirəsinə həsr etmişdir. Əsər 1992-ci ildə qələmə alınmışdır[5].

    Mükafatları
    Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 28.12.1981[7]
    Haqqında çəkilən filmlər
    Ağ saçların işığı (film, 1993)
    Əzizə Cəfərzadə (film, 1999)
    İstinadlar
    Broom icon.svg
    Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
    Flora XƏLİLZADƏ,Əbədi ayrılığın qüssəsi. “Azərbaycan” qəzeti
    “Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi”. Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. – səh. 125.
    Əzizə Cəfərzadənin rəsmi saytında bioqrafiyası
    AYTƏN, Xalq yazıçısı Əzizə Cəfərzadə dünyasını dəyişib. Əzizə Cəfərzadənin rəsmi saytında dərc olunan Vida Sözü
    1) Abdullayeva C.M. və b. Müasir Azərbayca ədəbiyyatı.İki cilddə, II cild, Bakı, Bakı Universiteti nəşriyyatı,2007, səh 564.
    1) Əzizə Cəfərzadə. Bakı-1501. Yazıçı,1981, səh 263.
    Ə.M.Cəfərzadə yoldaşın Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 28 dekabr 1981-ci il tarixli Fərmanı — anl.az saytı

  • Azərbaycan Respublikasının Xalq yazıçısı Çingiz ABDULLAYEV

    Çingiz Akif oğlu Abdullayev (d. 7 aprel 1959) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin katibi(müavini), hüquq elmləri doktoru (1991); “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri (31 mart 2015-ci ildən).[1]

    Həyatı
    Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.[2] Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976-1981)

    Fəaliyyəti
    Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).

    Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 194 adda kitabın müəllifidir[3]. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırmışdır. Xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.

    Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.[4]

    2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.

    30 mart 2015-ci ildən “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədridir[5]

    Ad və mükafatlar
    Azərbaycan Respublikasının xalq yazıçısı — 12 iyul 2005
    “Qırmızı Əmək Bayrağı” ordeni
    “Şöhrət” ordeni — 7 aprel 2009
    Filmoqrafiya
    Əsər müəllifi kimi

    Dronqo (serial, 2002)(bədii serial)(Rusiya)
    Məhkumlar (film, 2007)(tammetrajlı bədii film)
    Ssenari müəllifi kimi

    Dronqo (serial, 2002)(bədii serial)(Rusiya)
    Məhkumlar (film, 2007)(tammetrajlı bədii film)
    Tərsinə çevrilən dünya (film, 2011)(tammetrajlı bədii film)
    Xeyirlə şərin rəqsi (film, 2016)(tammetrajlı bədii film)
    Məsləhətçi kimi

    40-cı qapı (film, 2008)(tammetrajlı bədii film)
    Prodüser kimi

    Adın sirri və tale. Qurban Səid (film, 2010)

  • Azərbaycan Respublikasının Xalq yazıçısı Qılman İLKİN

    Qılman İlkin (doğum adı: Qılman İsabala oğlu Musayev; 11 aprel 1914 – 6 noyabr 2009) — azərbaycanlı nasir, 1950-ci ildən AYB-nin üzvü, M.F. Axundov adına Dövlət mükafatı laureatı (1967), Azərbaycanın Əməkdar incəsənət xadimi (1989).

    Həyatı
    Musayev Qılman İsabala oğlu (Qılman İlkin) Bakının Mərdəkan kəndində, 1914-cü ilin aprelin 11-də anadan olmuşdur. 1932-ci ildə daxil olduğu indiki Pedaqoji Universitetin dil-ədəbiyyat fakültəsini 1936-cı ildə bitirib, indiki Bakı Dövlət Universitetində baş müəllim işləyib, “Azərbaycan” jurnalının baş redaktoru (1963-1966), “Uşaqgəncnəşr”, “Azərnəşr” nəşriyyatlarının direktoru (1966-1971) olub.

    6 noyabr 2009-cu ildə Bakı şəhərində vəfat edib və 2-ci Fəxri xiyabanda dəfn olunub.

    Yaradıcılığı
    “Kölgələr sürünür”, “Yenilməz batalyon” bədii filmlərinin və bir neçə televiziya filminin ssenarini də Qılman İlkin yazıb.

    Kitabları
    “Qalada üsyan” (1959)
    “Şimal küləyi” (1962)
    “Hədiyyə” (1969)
    “Dağlı məhəlləsi” (1978)
    “Dəniz qapısı” (1984)
    “Madam Qədri” (1988)
    Mükafatları
    “Xalq yazıçısı” — 27.01.2003[1]
    Xidmətlərinə görə “Qırmızı əmək bayrağı”, “İkinci dərəcəli Böyük Vətən müharibəsi” ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medallarla təltif olunmuşdur. Qafqaz xalqları Ali Dini Şurasının “Paklıq” mükafatına layiq görülmüşdür.

    Filmoqrafiya
    Kölgələr sürünür (film, 1958)
    Yenilməz batalyon (film, 1965)
    General (film, 1970)

  • Azərbaycan Respublikasının Xalq yazıçısı Sabir ƏHMƏDLİ

    Əhmədli Sabir Məmməd oğlu (d. 10 iyul 1930-cu il – ö. 17 aprel 2009-cu il) — nasir, publisist, 1955-ci ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (199z2), Əməkdar incəsənət xadimi (1984).

    Həyatı
    Sabir Əhmədli 1930-cu il iyulun 10-da Azərbaycanın Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olmuşdur. 1951-ci ildə ADU-nun filologiya fakultəsini bitirmişdir.

    1951-1954-cü illərdə Cəbrayıl rayon mərkəzində müəllim işləmişdi. 1955-1956-cı illərdə Şükürbəyli kəndində orta məktəbin direktoru işləmişdi. “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri (1956-1993), baş redaktor (1993-1996) işləmişdir.

    1955-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Sabir Əhmədli Azərbaycan Yazıçılar İttifaqının Mirzə Fətəli Axundov adına ədəbi mükafat komissiyasının sədri seçilmişdir.

    Ədəbi fəaliyyətə 1951-ci ildən “Pioner” jurnalında çap olunan “Poçtalyon” hekayəsi ilə başlamışdır. 1961-ci ildə onun “Bir payız axşamı” kitabı çıxmışdı. 1989-cu ildə Azərnəşrdə ikicildlik əsərləri çap edilmişdir.

    Qarabağ hadısələrinə həsr etdiyi irihəcmli ədəbi-publisistik məqalələri – “Qarabağın gecikmiş yazı”, “Qarabağın qarlı səngərləri” “Ədəbiyyat və incəsənət” qəzetinin 1992-1993-cü illərdə dərc edilmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.

    Sabir Əhmədli 2009-cu il aprelin 17 Bakıda vəfat etmişdir.[1]

    İkinci dünya müharibəsi qəhrəmanı Cəmil Əhmədovun qardaşıdır.
    Öz oğlu Xəlil Rza Ulutürkün oğlu ilə birgə şəhid olmuşdur.

    Mükafatları
    “Əmək şöhrətinə görə” medalı ilə təltif edilmişdir (1975).
    “Əməkdar incəsənət xadimi” fəxri adı (1984)
    “Qızıl sünbül” ədəbi mükafatı laureatı (1991).
    “Azərbaycanın Xalq yazıçısı” fəxri adı (1992)
    “Xalqlar Dostluğu” ordeni.
    “Qırmızı Əmək Bayrağı” ordeni.
    Əsərləri
    “Aran” ikihissəli roman (1962),
    “Pillələr” (1964),
    “Yamacda nişanə” (1973),
    “Toğana” (1981),
    “Yasamal gölündə qayıqlar” (1984),
    “Mavi günbəz” povestlər (1984),
    “Gedənlərin qayıtmağı, dünyanın arşını” (1985),
    “Yasaq edilmiş oyun, Gülməli kişinin axırı” (1988)
    “Kütlə” (1999),
    “Axirət sevdası” (2003),
    “Şəhid ruhu” (2004) və s. kitabların müəllifidir.
    Filmoqrafiya
    Evlənmək istəyirəm (film, 1983)

  • Şairə-publisist Nəcibə İLKİN.”Dözmürəm soyuqluğuna”

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Nədəndi bu qədər soyuqsan mənə,
    Yoxsa eşqimizi kədərmi uddu?
    Dedin “hər kəlmənlə dayaqsan mənə”,
    Bəlkə sözlərin də sənə yad oldu?!

    Bəlkə günahınam, bəlkə suçunam,
    Düşmüşəm ömrünün sevgi payına.
    Mən həsrət qoxulu vüsal acınam,
    Nə zaman çağırsan gəlləm hayına.

    Sənli yuxularım şaxtaya düşüb,
    Taleyin boranlı yolları kimi.
    Bəxtimin əlindən qismət sürüşüb,
    Taleyin bəmbəyaz ilqarı kimi.

    Payız libasında çiçəkli yazam,
    Xəyala dalmışam qış gecəsində.
    Eşqinin yolunda qəm dolu nazam,
    Qalmışam taleyin bilməcəsində.

    Yenə qəm gecəsi, yenə gileylər,
    Yenə ümidimə kəmənd atmışam,
    Qınama məni də yorub bəlkələr,
    Özümlə özümü çox aldatmışam.

    Məni hey isladır ümid yağışı,
    Qorxuram bu eşqin qış nəfəsindən.
    Üstümə zillənən soyuq baxışı,
    Bir anda duyuram isti səsindən.

    Ərköyün sevginəm, götür ərkimi,
    Sevgi dəlisiyəm, inan sən buna.
    Sən yalan bir sözə dözməyən kimi,
    Mən də ki, dözmürəm söyuqluğuna.

  • Şairə-publisist Nəcibə İLKİN.”Ağlama şəhid balası”

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    ( Şəhid oğlunun yaxasından atasına verilən medalı asdılar. O isə ağlayırdı…)

    Ağlama şəhid balası,
    Ağlama gözümün nuru.
    Təzə adın mübarəkdi,
    Bu adı şərəflə qoru.

    Atan sənə qoyduğu ad,
    Ürəyincə olmamışdı.
    Bunun üçün nazın çəkib,
    Qayğına da qalmamışdı.

    İtirdiyin ata yeri
    Medalla əvəz olundu.
    Arzuların, ümidlərin,
    Bu medal üstdə qalandı.

    İndi sənin “Medal” atan,
    Hər gün könlünü alacaq,
    Vaxt tapıb əl vurmadığı,
    Başını sığallayacaq.

    Dərdlərindən halı olub,
    Səni hər gün qucacaqdır.
    O qönçə arzuların da,
    Çiçək-çiçək açacaqdır.

    Sən dəcəllik eylədikcə,
    Bir acı söz deməyəcək.
    Nə narahat olma deyib,
    Nə üzünə gülməyəcək.

    Atalı dostlar görəndə,
    Ürəyin tel-tel olacaq.
    Gözlərin ata axtarıb,
    Daş üstünə çaxılacaq.

    O zaman sinən üstündə,
    Olan atana baxarsan.
    “Medal” atanın nurundan,
    Tutub gəzməyə çıxarsan.

    Asıb qəlbinin küncündən,
    Dərdini ona deyərsən.
    Nazını çəkən “atanın”
    Qarşısında baş əyərsən.

    Ağlama, yaşına qurban,
    Ucadan ucadır adın.
    Dağ boyda ata yerinə,
    Əlinə bir medal aldın.

    Sən anadan doğulanda,
    Dedi keçilməz çəpərsən.
    Atan yadına düşəndə,
    “Medal” atanı öpərsən.

  • İradə AYTEL.”Ölüm gözümdən düşəcək”

    Bax, indi bayaqdan
    bəri arxamca sürünən
    bu bahalı maşına əyləşəcəm!
    Qapının boyuna əyılən kimi
    Qamətim gözümnən düşəcək!
    Sonra bahalı maşının
    varlı sahibi ilə tanış olacam.
    O qədər yalanlar uyduracam ki,
    (anam xəstədi, ərim məni atıb….)
    Həqəqətim gözümnən düşəcək.
    Sonra varacağız bahalı bir otelə…
    Ayaqlarımı üst-üstə aşıracam,
    Varlı “dostuma” qoşulub,
    Dolu şərab butulkalarını boşaltdıqca
    Deyəcəm,
    Güləcəm,
    Sevinəcəm!
    Lap həddimi aşacam.
    Onun kobud əlləri
    əvvəl saçlarıma toxunacaq,
    Darağa belə qısqandığım tellərim,
    Gözümnən düşəcək.
    İylənən, qoxuyan nəfəsi
    Yanaqlarıma,
    Boğazıma dəydikcə
    üzüm-gözüm,
    varlı kişinin varsız bədəninə dəyən əllərim,
    sevgi üçün çat-çat olan dodaqlarım…
    gözümdən düşəcək.
    Sonra…
    Başını gözlərə dik tutan sinəm,
    Sevgi ləzzəti damağından getməyən vücudum
    Gözümnən düşəcək.
    Sonra…
    Ayaqlarım
    Bahalı maşının
    Varlı sahibinin
    sol çiyninı bir az da əyəcək,
    Qışqıracam,
    İnləyəcəm,
    Hayqıracam,
    Sonra…
    Bahalı maşının
    Varlı sahibinin bahalı siqaretini yandırıb
    Eynən onun kimi çəkəcəm.
    Ciyərlərim (elə özüm kimi)
    İlk gördüyünü ağuşuna alacaq.
    Ayılacam və…
    Özüm gözümnən düşəcəm.
    Ah.. nə gözəl.
    Uraaaaaaaaaaaaaaaa!!!
    Ölüm gözümnən düşəcək!

  • İradə AYTEL.”Göyərmədi…”

    (Musa Yaqub məni bağışlasın….)

    Bu dünyanın qara daşı
    göyərmədi, Musa Yaqub!
    Qara daşda qara gözlər xumar oldu.
    Göy yeridi,
    Yer əridi,
    Qara daşa
    qara saçlar sığal çəkdi,
    Qara daşda
    Qara daş da qucaqlandı,
    Günahlandı,
    Savablandı…
    Qara daşda bəyaz yallar
    Yırğalandı,
    Qorğalandı,
    Göyər(mə)di!
    Qara daşda iki nəfəs dolaş düşdü
    Asta-asta,
    Hövlnak-hövlnak…
    Bu dünyanın qara daşı
    Qaralandı
    Dağdan,
    Daşdan,
    Çaydan,
    Aydan…
    Bu dünyanın qara daşı
    göyərmədi, Musa Yaqub!

  • İradə AYTEL.”İki nöqtə, bir mötərizə”

    İki nöqtə, bir mötərizə – Mən,
    İki nöqtə, bir mötərizə – Sən!
    Ən əvvəl bu yumruca Sən və Mənə
    Ayaq uyduracam,
    Əl uyduracam,
    Ürək uyduracam…
    Sonra monitorun qapısını evimə açacam.
    (Nöqtələri açmadan.)
    Mötərizə dodağımı,
    Yumruca bədənimi
    Mötərizə dodağınla dadacaqsan.
    Mötərizələr gah açılacaq,
    Gah yumulacaq…
    Saçlarım sinəmə dağılacaq,
    Sinəm əllərinə dağılacaq…
    Yumruca bədənimdə
    Yumruca sinəm ağrıyacaq,
    Qışqıracam!
    Mötərizə dodaqlarımızı qoşalaşdıracaqsan.
    (Gizlənmişik sanacağız.)
    Susmayacam!
    Bağıracam!
    Elə bağıracam ki,
    Həyasız-həyasız məni qoynuna alıb
    Qoynumda mışıl-mışıl uyuyan
    Gecəni oyandıranacan.
    Elə bağıracam ki,
    İllərdir tənhalığımı sevib də qoruyan,
    Bəxtim!
    Səni oyandıranacan!
    – Bextim! Bextim!
    – Hay caaaaaaaaaan!!!!
    Bütün bunlar ürəyinə elə yatacaq ki,
    İki nöqtə, bir mötərizə – Sən,
    İki nöqtə, bir mötərizə – Mənim
    Ürəyimin üstündə yatmağa çalışacaqsan.
    – Dayan!
    Yıxılacaqsan!
    Axı biz iki nöqtə, bir mötərizəyik.
    Bax, birazdan ikimiz də
    Yatmağa hazırlaşan
    Bilgisayarın gözlərində
    Ö-lə-cə-yiiiiiiiik!……

  • Əziz MUSA.”Dağlar”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Qoy zirvəndə əriməyən qar olum,
    Qucağında tükənməyən var olum,
    Etibarlı sirdaş olum , yar olum,
    Unutmayın, nolar məni, a dağlar.

    Günəş olub göylərində görünüm,
    Duman olub, ətəyində sürünüm,
    Güneyində gül-çiçəyə bürünüm,
    Unutmayın, nolar məni, a dağlar.

    Bulaq olub göz yaşıtək çağlayım,
    Hər gülünü sinəm üstə saxlayım,
    Bulud kimi hərdən dolub, ağlayım,
    Unutmayın, nolar məni, a dağlar.

    Dərələrdə dönüm sərin küləyə,
    Nəğmə qoşum gözəlliyə, bəzəyə,
    Qurban olum hər gülə, hər çiçəyə,
    Unutmayın, nolar məni, a dağlar.

    Zirvənizdə dövrə vuran quş olum,
    Sizə gələn dərd, bəlaya tuş olum,
    Öləndə də qoynunuzda daş olum,
    Unutmayın, nolar məni, a dağlar.

  • Əziz MUSA.”Gözəldi dünya”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Günəş sarı fətiri,
    Buludlar ağ çətiri,
    Tər çiçəklər ətiri,
    Bəh-bəh gözəldi dünya.

    Gecələr qara saçı,
    Ulduzlar göyün tacı,
    Sərgidi dağ yamacı,
    Bəh-bəh gözəldi dünya.

    Naz eyləyir gül-gülə,
    Dən çevrilir sünbülə,
    Bir qulaq as bülbülə,
    Bəh-bəh gözəldi dünya.

    Hər gözəli bir mələk,
    Nəğmələri tər çiçək,
    Dünya al-əlvan çələng,
    Bəh-bəh gözəldi dünya.

    Şehli çəmən, buz bulaq,
    Odlu baxış, bal dodaq,
    Sərin meh, yaşıl yarpaq,
    Bəh-bəh gözəldi dünya,

  • Xalq şairi Mirvarid DİLBAZİ.Seçmə şeirlər

    Çayçı qızlar nəğməsi

    Gözəl qız əlində çay gözəl olur,
    Buluddan çıxanda ay gözəl olur,
    Ürəklə verilən pay gözəl olur,
    Bol olsun Vətənə payınız, qızlar!

    Yaraşır ağ ələ məxməri rəngi,
    Ağın, qırmızının var öz ahəngi.
    Olsun başınızda zəhmət çələngi,
    Xoş gəlsin iliniz, ayınız, qızlar!

    Ətrinə gülabmı qatıllb belə?
    Yarpağı gündənmi tutulub belə?
    Gedir sərvətimiz gör neçə elə,
    Yoxdur gözəllikdə tayınız, qızlar!

    Armudu stəkan süfrələr üstə,
    Gətirin, buğlansın bizim ‘Güldəstə”.
    İçməmiş ətrindən sağalar xəstə,
    Həkimdir, loğmandır çayınız, qızlar!

    Məni fikirli görsən

    Məni fikirli görsən,
    Demə ki, bir qəmim var.
    Mən vəcd aləmindəyəm,
    Əlimdə qəlımim var.

    Məni fikirli görsən,
    Demə ki, möhnətdəyəm.
    Sükutuma toxunma!
    Xalqımla söhbətdəyəm.

    Əynimi sadə görsən,
    Demə kasaddır əlim.
    Mənim başqa geyimim,
    Bəzəyim var, gözəlim!

    Süfrəmi sadə görsən,
    Utanma nemətlərin.
    Orda az-çoxluöundan.
    Sənin nə xəbərin var:
    Qələm sahiblərinin,
    Mənəvi toxluğundan.

  • Xalq şairi Hüseyn ARİF.”Xatırla məni”

    Sevirəm çəməndə gülü, çiçəyi,
    Gələndə ilk bahar xatırla məni.
    Öpsün alınları dağlar küləyi,
    Güləndə rüzigar xatırla məni.

    Torpağı bəzəsin bənövşə, nərgiz,
    Ruhuma doğmadır hər cığır, hər iz,
    Geniş sinəsini açsın göy dəniz,
    Dinəndə dalğalar xatırla məni.

    Fəsillt dolanıb, ötdükcə zaman,
    Vaxt olur həyatda dəyişir insan.
    Mən səni unudan deyiləm inan,
    Sən də, ey gözəl yar, xatırla məni!

  • Xalq şairi Osman SARIVƏLLİ.”Olarmı?”

    Ey mələk, qınama bir sualım var,-
    Qəribəm, yanında qalım, olarmı?
    Sədəfli sazımı basıb bağrıma
    Qaşların eşqinə çalım, olarmı?

    Mən canandan, canan məndən ayrılıb,
    Ruh yaşarmı de, bədəndən ayrılıb?
    Gecənin bu çağı səndən ayrılıb,
    Çöllərə düşməyə halım olarmı?

    Ay niyə tutulur, söylə, ey nigar,-
    Səni hicran boğur, yoxsa intizar?!
    Bəlkə, ürəyində bir dərdin də var,
    Mən sənin dərdini alım, olarmı?

    1943.

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.Seçmə şeirlər

    Bağışlayın, yorğunam,

    Bağışlayın, yorğunam,
    baş qaldırıb
    baxa bilmirəm sizə, buludlar.
    Ağınızı, qaranızı
    salamlaya bilmirəm bu gün.
    Bu gün içimdə sükut var.
    Kor.
    Kar.
    Şikəst bir sükut qoynundayam.
    Nə göydə, nə yerdə,
    tamam başqa yandayam,
    hayandayam buludlar?

    Üzüm-gözüm quma batıb

    Üzüm-gözüm quma batıb,
    Başım hara düşüb yatıb?
    Ayaqlarım göylə gedir,
    İzim buludlarda itir…

    Əllərim at yalı hörür,
    Gözlərim zülmətdə görür!
    Bu bir şeytan əməlimi?
    Son məzilin təməlimi?

    Qaqa, göylərə uçmuşdum,
    İki ağ qanad açmışdım,
    Biri dəydi baş daşına,
    Düşdüm dolanım başına…

  • Xalq şairi Səməd VURĞUN.Seçmə şeirlər

    Quşlar qatar-qatar ellərdən keçər,
    Bəşər nəsil-nəsil dünyadan köçər;
    İnsanlıq gah zəhər, gah şərbət içər…
    Əzəldən belədir hökmü zamanın –
    Düyümlü bir sirri var asimanın!

    Çarxını qurduqça dövranın əli
    Bəzən ağlar olur, bəzən gülməli…
    İnsanın ən böyük eşqi, əməli
    Bəzən aslan kimi çırpınır darda,
    Bəzən də qərq olur fırtınalarda…

    Dəyişir səmtini daima sular,
    Dəyişir fikirlər, dönür duyğular.
    Kainat tutmayır bir yerdə qərar:
    – Çarpır sinəsini qayalıqlara-
    O gah qışa çıxır, gah da bahara!

    Dünya binasını qurandan bəri
    Səadət adlanan o gözəl pəri
    Gəl! – deyə səsləmiş qərinələri;
    Yazıqlar olsun ki, hələ insanlıq
    Gəlib qovuşmamış ona bir anlıq.

    Ey dünya gözəli, qaçma bəşərdən!
    İnsandır ayıran xeyiri bəşərdən!
    Gəl onun eşqini ücüz tutma sən, –
    Qəlbi var, hissi var hər məhəbbətin,
    Qaralmaz ulduzu əbədiyyatın!…

    Ölüm bir iblisdir, həyat bir mələk!
    Varlığı izləyir heçlik kölgə tək…
    İşıq qaranlıqla pəncələşərək
    Yaşatmaq istəyir cahanda bizi,
    Günəş salamlayır iradəmizi!

    Yamanlıq, yaxşılıq durmuş üz-üzə,
    Dilsiz əsrlərdən mirasdır bizə.
    Əsir bahar yeli qəlblərimizə,
    Lakin arxasınca kəfən geyir qış,
    Təbiət varlığa belə qarğamış.

    Bir bayram sözü var, bir də ki, matəm,
    Nəşə bir aləmdir, qüssə bir aləm.
    Həyat öz atını sürür dəmadəm;
    Odlar içində də hər bir mənzərə
    Yenə qanad verir düşüncələrə!

    Yenə də insanın xəyal şəhpəri
    Gəzir fəzaları, göy dənizləri.
    Sən ey səadətin gözəl pak əməlini,
    Uzat yer üzünə hünər əlini!

    Zamandır, bəşərin imdadına gəl!
    Xəstə bir gözəldir hünərsiz əməl…
    Hünər söylədiyim o qüdrətli əl
    Bütün kainata qoy qanad gərsin,
    Bəşər karvanına o yol göstərsin.

    Hünər qanad versin torpağa, daşa,
    Dənizlər çatılıb gəlsin baş-başa…
    Azadlıq ordusu varsın birbaşa,
    Hər zəfər dastanı yadigar olsun,
    Ölüm təslim olsun, həyat var olsun!

    Dünyaya bir şöhrət yaranmışıq biz,
    Günəş çökməmişdir qaranlığa diz.
    Qoy ölsün yamanlıq, o xain iblis!…
    Yaxşılıq çağırsın hər qəlbin neyi,
    Qurtaraq zəncirdən Prometeyi…

    Fəlakət qocalmış…qartdır o köpək.
    Onun sümükləri tez çürüyəcək…
    Səadət – gənclikdir, adı – gələcək!
    Onun gözlərində həyat eşqi var-
    Var olsun gələcək! Var olsun bahar!

    1942.

    Deyin, gülün, Övladlarım!

    Şəhər üstə qanad gərib mürgülədi yorğun axşam…
    Nеçə çadır qurdu göydə topa-topa sıx buludlar.
    Yavaş-yavaş qaraldıqca mavi sular, yaşıl otlar,
    Çəkib məni öz ardınca еvə saldı gəlin – ilham…
    Şəhər üstə qanad gərib mürgülədi yorğun axşam…

    Dağılmışdır mеydanların, döngələrin izdihamı,
    Sеyrəlmişdir küçələrdə avtoların xəbər səsi.
    Şəhər böyük, hər insanın öz zövqü var, öz həvəsi.
    Saraylara, tеatrlara, kinolara dolmuş hamı,
    Dağılmışdır mеydanların, döngələrin izdihamı.
    Mənsə bir ay görmədiyim masam üstə baş əyərək,
    Dеyirəm ki, salam vеrim şеir-sənət dünyasına…
    Söz еvimi bomboş görüb at çarpmasın əsən külək…
    Ürək qoyub can yandırıb hər bir sözün mənasına,
    Dеyirəm ki, salam vеrim şеir-sənət dünyasına.

    Ürək böyük, arzular çox, yollar uzun, səbrimsə az…
    Ah dеyirəm, qıra bilsəm zəncirini ətalətin…
    Dolmuş ürək boşalmasa can yanğısı sakit olmaz,
    Yaratmaqdır, yaratmaqdır al bayrağı səadətin!
    Ah dеyirəm, qıra bilsəm zəncirini ətalətin!..
    Bu fikirlər dünyasına əyilmişdir yеnə başım,
    Sanki mənə qulaq asır sakit olmuş böyük şəhər…
    Ağ kağıza kotan kimi şırım açır karandaşım,
    Hərdən gəlir qulağıma qəlbimdəki döyüntülər,
    Sanki mənə qulaq asır sakit olmuş böyük şəhər…

    Еv o qədər səssizdir ki!.. Nə danışan, nə gülən var.
    Kəsilmişdir uşaqların ağız dolu qəhqəhəsi.
    Danışmayır hər zamankı qarmon səsi, kaman səsi.
    Bəzən uşaq dünyasını nə anlayan, nə bilən var;
    Еv o qədər səssizdir ki, nə danışan, nə gülən var.
    Yusif alıb fırçasını şəkil çəkir bir kənarda.
    Nəsə qurub-quraşdırır kiçik-kiçik tablolarda.
    Aybəniz də sağ əlini söykəmişdir çənəsinə,
    Divan üstə qulaq asır nağıl dеyən nənəsinə.
    Vaqif də ki, yuvarlanır, gah da dönür üzü üstə;
    Xumarlanır pişik kimi anasının dizi üstə!

    Onlar nеçin danışmayır? Nеçin gülüb oynamayır?
    Nеçin mənim təbim kimi bulaq olub qaynamayır?
    O körpəcik ürəklərdən nələr kеçir indi, nələr!
    Nənəm dеyir: – Səs salmayın! Əsər yazır atan, əsər…
    O hər şеir oxuduqca, dağa dönür ürəyimiz;
    Onun halal zəhmətilə qazanılır çörəyimiz! –
    Yox, yox, əziz balalarım! Hеç qısmayın səsinizi,
    Sizin şaqraq dilinizi еşitməsəm bir anlıq mən,
    Qaya boyda daş asılar mənim ata ürəyimdən…
    Gülər görüm, oynar görüm, xoşbəxt görüm hər vaxt sizi.
    Gülün, əziz balalarım! Hеç qısmayın səsinizi!

    Mən görmüşəm uşaqlıqda çörək dərdi düşünəni –
    Anam soyuq bir daxmada ac qarına doğdu məni…
    Sizə nə var, övladlarım, görmədiniz o pis günü.
    Görmədiniz yoxsulların xəcalətdən öldüyünü.
    Görmədiniz qələm qaşlı, durna gözlü o gəlini,
    Can üstündə mənə sarı uzatmışdı öz əlini…
    Siz işıqlı, yaraşıqlı binalarda yarandınız,
    Səadətdir ilk еviniz, azadlıqdır ilk andınız!
    Boynunuza al qırmızı qalstuklar taxanda siz,
    Bilirəm ki, mənsiz bеlə xoşbəxtlikdir nəsibiniz…
    Bilirəm ki, sizin kimi sabahın da şaddır üzü…
    Gözəl günlər ana kimi oxşayacaq ömrünüzü.

    Еlin qadir əllərilə çoxaldıqca еlin varı,
    Atasız da ömür sürür min-min vətən balaları,
    Bir əbədi al bahara təslim oldu boranlı qış…
    Sabahın duz-çörək dərdi alnınıza yazılmamış…
    Bir də məndən çəkinməyin, sükunətə düşmənəm mən,
    Səssiz kеçən günlərimi saymamışam öz ömrümdən…
    Mən əzəldən tufanların qoynunda bir ötən quşam,
    Fırtınalar, qasırğalar qucağında doğulmuşam…
    Ağır toplar dilə gəlib səs saldıqca dağ dalına,
    Mənim şair ürəyim də dönür dağlar qartalına.
    Şirlər kimi çox çıxmışam yanğınların arasından;
    İgid igid ola bilməz qan axmamış yarasından.

    Polad kimi, odda bişib bir mərmiyə dönsə ürək,
    Sözün hökmü mеydan sürər uzaq vuran mərmilərtək.
    Dеyin, gülün övladlarım! Sükunətə düşmənəm mən,
    Səssiz kеçən günlərimi saymamışam öz ömrümdən.
    Dеyin, gülün, əl də çalın, hеç qısmayın səsinizi,
    Gülər görüm, oynar görüm, xoşbəxt görüm hər vaxt sizi!..

    1949.

    Dinlə, Xavər!

    Başımın üstünü kəssə də ölüm
    Sağ əli baltalı bir cəllad kimi,
    Mənim talеyimə yanma, sеvgilim!
    Lakin bu dəhşətə baxma yad kimi…

    Solsa da qüssədən al yanaqların,
    Sən bu müsibəti qəlbində saxla…
    Dil açsın hər yеrdə gül dodaqların
    Bir əxlaq, bir sеvgi, bir qanacaqla.

    O zaman mənim də ruhum şad olar,
    Qəbrim çiçək açar bu ülfətinlə;
    Sorsalar nə qaldı məndən yadigar?
    Dayan hеykəl kimi məhəbbətinlə!

  • Molla Vəli VİDADİ.Seçmə şeirlər (Qoşmalar)

    Ağlamazmı

    Еy məni qınayan, ağlama,dеyib,
    Ağlar yarı gеdən bəs ağlamazmı?
    İllər ilən həmdəmindən ayrılıb,
    Хоş nigarı gеdən bəs ağlamazmı?

    Оlmaya yanında yarı, cananı,
    Puça çıхıb gеdə ömri-cavanı,
    Günbəgün əksilib şövkəti, şanı,
    İхtiyarı gеdən bəs ağlamazmı?

    Bəхt çönüb, çünki zəmanə dönüb,
    Şadü хürrəm işi fəğanə dönüb,
    Ömrünün gülzarı хəzanə dönüb,
    Nоvbaharı gеdən bəs ağlamazmı?

    Ərz еlərəm sən хasların хasına,
    Səbr еləyim mən bu dərdin hasına,
    Göz yоllarda, can gеdincə ta sinə,
    İntizarı gеdən bəs ağlamazmı?

    Vidadi хəstəni gəl indi tanı,
    Hanı о sən görən şəklü nişanı,
    Rəngü ruyi, cismi, taqəti, canı,
    Külli-varı gеdən bəs ağlamazmı?

    Çərхi-fələk zülmü ziyad еyləmiş,
    Hicran məni gündə döyər, ağlaram.
    Еy yaranlar, sındırıbdır bеlimi,
    Möhnət yükü qəddim əyər, ağlaram.
    Məni bеlə hər kim görə, bir ağlar,
    Dağ-daş yanar, ulus, оymaq, еl ağlar.
    Cismim sızlar, göz yaş tökər, dil ağlar,
    Öz başıma yalqız məgər ağlaram?
    Еy mənim tək göz yaşını saçanlar,
    Qürbətlikdə cigər qanın içənlər,
    Fikr еtdikcə cümlə bir-bir kеçənlər,
    Yadə düşər, yanar cigər, ağlaram.
    Hayıf оldu о dövranlar, о dəmlər,
    Gəldi, kеçdi yar, müsahib, həmdəmlər,
    Bərhəm оlur dərdlər, qəmlər ələmlər,
    Bir-birinə gündə dəgər, ağlaram.
    Çərхi-fələk, mən ha köçdüm yurdumdan,
    Ayrı düşdüm qоşunumdan, оrdumdan,
    Vidadiyəm, aləm tanır dərdimdən,
    Əgər ağlamanam, əgər ağlaram.

  • Molla Pənah VAQİF.Seçmə şeirlər (Qəzəllər)

    mpv

    * * *

    Kim ki, sevdayi-səri-zülfu-pərişanə düşər,
    Gah zindanə, gehi çahi-zenəxdanə düşər.

    Afəti-dəhr dəyer ol kəsə kim, kamildir,
    Mah hər gün ki, kəmalə yetə, nöqsane düşər.

    Mərd igidler özünə məhbəsi meydan bilir,
    Sanma kim, nakəsü namərd bu meydanə düşər.

    Eybdən saf çıxar, pakü mübərra görünür,
    Hər tila kim, küreyi-atəşi-suzanə düşər.

    Piçü tabə düşənin işi, bəli, üzde olur,
    Zülf bu vechlə rüxsareyi-tabanə düşər.

    Hər yaman yer ki, olur — yaxşılann mənzilidir,
    Ləl daş içrə, xəzinə dəxi viranə düşər.

    Şəmi-qəm şadlıq əyyamma xoş ziyvərdir,
    Necə kim, xali-siyəh arizi-cananə düşər.

    Ey Vidadi, qəmi-zindane giriftar olmaq,
    Bir sənə, bir məne, bir Yusifı-Kənane düşər.

    Eşqə düşmək səne düşmez, qocalıbsan belə dur,
    Belə işlər yenə Vaqif kimi oğlanə düşər.

    * * *

    Mehribanlıq görməyib bir mehliqadən küsmüşəm,
    Gündə yüz al eyləyən qəlbi qəradən küsmüşəm.

    Şənine dedim şirin söz, bir şey ondan dadmadım,
    Bu səbəbden ağzı şəkkər dilrübadən küsmüşəm.

    Bir qədəh mey istədim, smdırdı könlüm şişəsin,
    Daş bağırlı saqiyi-sahib-cəfedan küsmüşəm.

    Çün “uman yerdən küsərlər” bir məsəldir xalq ara,
    Küsdüyüm bica deyildir, aşinadən küsmüşəm.

    Gördüm ewəl ki, binasın yarlıq etmek deyil,
    Vaqifa! Əsli budur, mən bu binadan küsmüşəm.

  • Ustad Aşıq ALI.Seçmə şeirlər (Qoşmalar və gəraylılar)

    Ağlaram

    Səni xəstə gördüm qəlbim qan oldu,
    Ayıl bu qəflətdən, ellər, ağlaram.
    Ox dəydi sinəmə, yaram deşildi,
    Tökərəm didəmnən sellər, ağlaram.

    Coşanda ürəyim aşırdım dağlar,
    Düşəndə yadıma o keçən çağlar,
    Bu günü görəndə dostlarım ağlar,
    Tutulub dizlərim, bellər, ağlaram.

    Alıyam, dərdimi yetirdim yüzə,
    Gəzirdim səhrada, enmişəm düzə,
    Bir gözəl istərəm gözümlə süzə,
    Deyirəm sözləri dillər, ağlaram.

    Yadıma düşdü

    Nə qədər dolandım Turan elini
    Yenə öz torpağım yadıma düşdü.
    Sarınər yaylağı, Göyçə mahalı,
    Öz gözəl oylağım yadıma düşdü.

    Gəlib xəyalımdan keçdi o çağlar,
    Yay fəsli atlanıb gələn qonaqlar.
    O güllü, çiçəkli alışan dağlar,
    O Qiblə bulağım yadıma düşdü.

    Qızıl dağı, Məciddinin oylağı,
    Doğma yurdun doğma odu, ocağı.
    Alının köksündə hicranın dağı,
    O qaymaq dodağım yadıma düşdü.

    Gözlərəm səni

    Kimsən gedən, boyu bəstə,
    Bilincə gözlərəm səni.
    Dayanaram yolun üstə,
    Gəlincə gözlərəm səni.

    Şəbnəm üstə aydın izin,
    Mehman mənəm – diyar sizin,
    Sürünərəm dizin-dizin,
    Yolunca gözlərəm səni!

    Gözün şəhla, kiprik oxdu,
    Köçən köçür görən yoxdu,
    Darıxmaram, səbrim çoxdu,
    Ölüncə gözlərəm səni.

    Alıyam, həsrət çəkərəm,
    Qəm çəkərəm, dərd çəkərəm,
    Dəryaya qan-yaş tökərəm,
    Dolunca gözlərəm səni!

    Yaylaq

    Min büsata, min sovqata məkansan,
    Əlvansan bu başdan-o başa, yaylaq.
    Doymur cəlalından türfə gözəllər.
    Eyləyir hüsnünə tamaşa, yaylaq.

    İntizarda qoydun qışlaq elini,
    Məftun eyləmirsən siyah telini.
    Almısan qoynuna incə belini,
    Girmisən aranla savaşa, yaylaq.

    Bir mələk misallı atsa oxunu,
    Kənar olmaz, can evimə toxunu.
    Yağdı yağış, şirinlətdi yuxunu,
    Büründü mehmanın qumaşa, yaylaq.

    Ah divanədi, orman dolanır,
    Gözəllər hüsnündə dərman dolanır.
    Köçürəm, qətlimə fərman dolanır,
    Yaşat gözəlləri, həm yaşa, yaylaq.

    Yazdım

    İçdim mərd əlindən eşqin badəsin,
    Bais oldu canda marağa, yazdım.
    Canan eşqi can evinə düşəndə,
    Düşdüm diyar-diyar sorağa, yazdım.

    Biri qıya baxdı, saldı ataşa,
    Biri süzdü məni ayaqdan-başa,
    Biri məhbub oldu, döndü sirdaşa,
    Biri şəstin çəkdi darağa, yazdım.

    Biri saldı məni qafil inada,
    Biri cəlil oldu həmdü-sənada.
    Biri əyal atıb uyandı yada,
    Biri sirr verəndə qırağa, yazdım.

    İqbal rast olanda vəfalı yara,
    Vəsfini söylədim lalə rüxsara.
    Birini görəndə əsil mahpara,
    Birini bir çeşmi-çırağa yazdım.

    Əlim üzüləndə ata-anadan,
    Alı qəmnak oldu başdan-binadan.
    Vəsfi aparmadı dəhri-fənadan,
    Nə vardı sinəmdə varağa yazdım.

  • Ustad Aşıq ƏLƏSGƏR.Seçmə şeirlər

    Xoş gəldin

    Qədəm qoyub asta-asta,
    Sən bu diyara, xoş gəldin!
    Süzdürüb ala gözləri.
    Qaşları qara, xoş gəldin!

    Oğrun durub, qıya baxdın,
    Mücganın sinəmə çaxdın,
    Cismimi yandırıb yaxdın,
    Alışdım nara, xoş gəldin!

    Qaynayıb, peymanım dolub,
    Saralıb gül rəngim solub,
    Həsrətin çəkməkdən olub,
    Sinəm sədpara, xoş gəldin!

    Dostun vəfasını gördüm,
    Seçib, sevib, könül verdim,
    Təzələndi köhnə dərdim,
    Dərdimə çara, xoş gəldin!

    Sinəmdi eşqin dəftəri,
    Sənsən dilimin əzbəri,
    Yazıq Aşıq Ələsgəri,
    Çəkməyə dara, xoş gəldin!

    Ceyran

    Durum dolanım başına,
    Qaşı, gözü qara Ceyran!
    Saldın eşqin ataşına,
    Eylə dərdə çara, Ceyran!

    Söz eşidib, ərzim qansan,
    Mən yanana sən də qansan.
    Özün bir tülək tərlansan,
    Niyə uydun sara, Ceyran?!

    Ələsgərəm, abdal ollam,
    Eşqin girdabında qallam.
    Küsdürmüşəm, könlün allam
    Yalvara-yalvara, Ceyran!

    Çərşənbə günündə, çeşmə başında

    Çərşənbə günündə, çeşmə başında
    Gözüm bir alagöz xanıma düşdü.
    Atdı müjgan oxun keçdi sinəmdən,
    Nazu qəmzələri qanıma düşdü.

    İşarət eylədim dərdimi bildi,
    Gördüm həm gözəldi, həm əhli-dildi,
    Başını buladı, gözündən güldü,
    Güləndə qadası canıma düşdü.

    Ələsgərəm hər elmdən halıyam,
    Gözəl, sən təbibsən, mən yaralıyam,
    Dedi nişanlıyam, özgə malıyam,
    Sındı qol-qanadım, yanıma düşdü.

    Dağlar

    Bahar fəsli yaz ayları gələndə
    Süsənli sünbüllü lalalı dağlar
    Yoxsulu ərbabı şahı gədanı
    Tutmaz bir-birindən aralı dağlar

    Xəstə üçün təpəsində qar olur
    Hər cür çiçək açır laləzar olur
    Çeşməsindən abi-həyat car olur
    Dağıdır möhnəti məlalı dağlar

    Yazın bir ayıdı çox yaxşı çağın
    Kəsilməz çeşməndən gözəl yığnağın
    Axtarma motalın yağın qaymağın
    Zənbur çiçəyindən bal alı dağlar!

    Yayın əvvəlində dönürsən xana
    Son ayda bənzərsən yetkin bostana
    Payızın zəhməri qoyar virana
    Dağıdar üstündən cəlalı dağlar.

    Gahdan çiskin tökər, gah duman eylər,
    Gah gəlib-gedəni peşiman eylər,
    Gahdan qeyzə gələr, nahaq qan eylər,
    Dinşəməz haramı, halalı dağlar.

    Ağ xələt bürünər, zərnişan geyməz,
    Heç kəsi dindirib keyfinə dəyməz,
    Sərdara söz deməz, şaha baş əyməz,
    Qüdrətdən səngərli, qalalı dağlar.

    Köçər ellər, düşər səndən aralı,
    Firqətindən gül-nərgizin saralı,
    Ələsgər Məcnun tək yardan yaralı,
    Gəzər səndə dərdli, nalalı, dağlar.

  • Aşıq Abbas TUFARQANLI.Seçmə şeirlər

    Vaxtıdı

    Budu gəldi bahar fəsli,
    Dağların lala vaxtıdı.
    Açılıbdı qızıl güllər,
    Bülbülün bala vaxtıdı.

    Bülbüllər dolandı bağı,
    Bir xəlvət eylə otağı.
    Sənə qurban olum saqi,
    Mey ver, piyalə vaxtıdı.

    Mən Abbasam, boyu bəstə,
    Dərdindən olmuşam xəstə.
    Al başımı dizin üstə,
    Çal yataq, layla vaxtıdı.

    Könlüm

    Nə ağlarsan, nə sızlarsan,
    Bir dərdi beş olan könlüm!
    Axırda zünnar bağlarsan,
    Qəmə yoldaş olan könlüm!

    Bir yar gəlir obasından,
    Alım dərdü-bəlasından,
    Çərxi-fələk badasından
    İçib sərxoş olan könlüm!

    Abbas ağlar arsız-arsız,
    Dünya olub etibarsız,
    Deyirdin dözərəm yarsız,
    Döz, bağrı daş olan könlüm?

    Yada sal məni

    Başma döndüyüm, alagöz Pəri,
    Gahdan ağla, gahdan yada sal məni.
    Qara bağrım şan-şan oldu, dəlindi,
    Gahdan ağla, gahdan yada sal məni.

    Bağban idim, bağım təğayir oldu,
    Gözüm gördü, ağlım təğayir oldu,
    Xoryat əli dəydi, təğayir oldu,
    Gahdan ağla, gahdan yada sal məni.

    Mən sənə can dedim, sən də mənə can,
    Alış eşq oduna, mənim kimi yan,
    Adım Aşıq Abbas, yerim Tufarqan,
    Gahdan ağla, gahdan yada sal məni.

  • Rafiq ODAY.Seçmə şeirlər

    YAMAN TƏLƏSDİLƏR DOSTLAR

    Dönəndən qəm aşığına,
    Gözlərimin yaşı xına.
    Yön aldım gün işığına,
    Yolumu kəsdilər dostlar.

    Min cürə çəmlə etdilər,
    Birləşib, cəmlə etdilər,
    Sağımdan həmlə etdilər,
    Solumu kəsdilər dostlar.

    Atımdan yerə saldılar,
    Sonra dövrəyə aldılar,
    Dizimə balta çaldılar,
    Qolumu kəsdilər dostlar.

    Bir getmişdim, beş qayıtdım,
    Quzğunlara leş qayıtdım,
    Bu dəfə də boş qayıtdım,
    Dolumu kəsdilər dostlar.

    Sinəmdə dağ basdırmağa,
    Çolaq-axsaq basdırmağa,
    Məni sağ-sağ basdırmağa,
    Yaman tələsdilər dostlar.

    BU DAŞ ATILAN DAŞ DEYİL

    darıxmağın daşın atdım
    daha darıxan deyiləm
    o ilan soyuqluğunu
    sinəmə sıxan deyiləm.

    Xatirə Fərəcli

    İstər kölə ol, istər hürr,
    Bu daş atılan daş deyil.
    Darıxmaq alında möhür,
    Bu daş atılan daş deyil.

    Ruhun tir-tir əsirsə də,
    Nə müəmma, nə sirsə də,
    Araya şeytan girsə də,
    Bu daş atılan daş deyil.

    Ələ yatmayır tiyəsi,
    Yox bu məchulun niyəsi.
    Ağ etmə, ağıl yiyəsi, –
    Bu daş atılan daş deyil.

    “Ya Rəbb” de, göylərə əl aç,
    Eşqdir hər dərdə əlac.
    Aç, göylərdən dər də əlac,
    Bu daş atılan daş deyil.

    Ürək kövrək, qəlb incədi,
    Nə yazmısan qəlbincədi.
    De, kimdən bu qəlb incidi?-
    Bu daş atılan daş deyil.

    Tərpətmə kül altda qoru,
    Ruhunu səbrində qoru.
    Rəvandı təbin də, qoru,
    Bu daş atılan daş deyil.

    BÖLÜK-BÖLÜKDÜ

    Bir bölük dərddi dərdim,
    Dərdim bölük-bölükdü.
    Dedim bir məlhəm qoyum,
    Gördüm bölük-bölükdü.

    Bu dərdin qan adımı?
    Toxundun qanadımı?
    Üstünə qanadımı
    Sərdim, bölük-bölükdü.

    Seçmədi sərdə fəndim,
    Keçmədi dərdə fəndim,
    “Bu nasıl dərd, əfəndim?” –
    Sordum, bölük-bölükdü.

    Gəl yaşayaq bir ömür,
    Dərvişsayaq bir ömür.
    Mən başayaq bir ömür,
    Sürdüm, bölük-bölükdü.

    Bu bazar, açıq bazar,
    Özündən ha çıx – bazar…
    Ərənlər məzar-məzar,
    Yurdum bölük-bölükdü.

    VAXTIDI

    Bir az ağır olun, nolar,
    Batman gəlməyin vaxtıdı.
    Savalandan yola çıxıb,
    Atnan gəlməyin vaxtıdı.

    Görüb oxu – kürəkdəki,
    Kimdi əsən külək təki?!
    Yaşanarmı ürəkdəki
    Çatnan, gəlməyin vaxtıdı.

    Dərd sinədə sırıq-sırıq,
    Sirr verdiyin ağzıcırıq,
    Düşmən neylər ki, bu qırıq
    Zatnan, gəlməyin vaxtıdı.

    Dözməklə kar aşandımı?
    Ruhsuz bir gün yaşandımı?!
    Barışmaq yaraşandımı
    Matnan?- Gəlməyin vaxtıdı!

  • Marqarita SOSNİTSKAYA.”Ana” (Hekayə)

    MARQARİTA SOSNİTSKAYA SSRI Yazıçılar İttifaqının M. Qorki adına Ədəbiyyat İnstitunu bitirib. Hazırda İtaliyanın Milan Universitetində rus dili müəlliməsidir.

    Mavi gözlü, yanaqları zənəxdanlı həddən artıq sevincli və gülərüz tibb bacısı tələbə yataqxanasındakı otaga daxil olanda Cəfər üzünü divara çevirərək çarpayısında uzanmışdı. Qapının açıldıgını eşidən Cəfər agır-agır geri döndü.
    Cəfər Mockva universitetlərindən birində aspirant idi və tələbə yataqxanasında ayrıca bir otaqda yaşamaq huququ əldə edə bilmişdi. Onun otaq yoldaşı da aspirantdır. Otaqdakı ikinci
    Çarpayı da ona aiddir. Əlavə çarpayının sahibi başqa bir yerdə yaşayırdı. Deyilənə görə o təzəcə tanış oldugu qızın yanında itib batdıgından yataqxanaya nadir hallarda gəlirdi. Tələbə yataqxanasında boş qalan çarpayı üçün hətta Cəfərdən cüzi miqdarda məvacib də alırdı və bu da hər iki aspiranta sərf edirdi. Bir sözlə, hə iki aspirantın müstəqil yaşayış yeri vardı. Moskvalı gənclərlə qışın oglan çagı Lenin adına bagda futbol oynayan Cəfər üzücü qrip xəstəliyinə tutulmuşdu: başı agrıyır, arabir titrıdir, ürəyi bulanır, mədəsinsə sancılar əmələ gəlirdi. Bir gün öncə təcili yardım maşını gəlmiş və onun üçün müalicə kursu yazmışdı. Və bu müalicə kursu çərçivəsində tibb bacısı qapını döymədən ərkyana otaga daxil oldu. Sarişin saçlı, mavi gözlərində həyat eşqi qaynayan tibb bacisinı görən Cəfəri həyəcan bürüdü. Bu gözəl-göyçək, mələk simalı xanımın qarşısında şalvarını aşagım çəkib necədayanacaqdı?
    Tibb bacısı yüksək əhval-ruhiyyə də inamla masaya yaxınlaşaraq ag, qırmızı rəngli balaca çemodanını onun üzərinə qoyub şəstlə qapagını qaldırdı. Hə, cavan oglan, hətta hiss belə etməyəcəksiniz. Sanki agcaqanad sancacaq. O şpris və ampulanı çıxararaq ampulanın nazik hissəsini incə və zərif barmaqlari ilə qoparıb hava kimi şəffaf mayeni şprisə doldurdu. Cəfər sakitcə uzanaraq tibb bacisının hərəkətlərini diqqətlə izləyirdi.
    -Cavan oğlan, siz nahaq yerə narahat olursunuz,- deyərək tibb bacısı pasiyentinin qaldırmağa həyəcanını aradan qaldırmağa çalışdı. Bu virus siçan-pişik oyunu oynamır, hətta sizin kimi sağlam gəncləti belı böyrü üstə yıxır.
    Lakin Cəfər tibb bacısının sözlərinə inanmadı, çünki o danışdıqca gülür, dodaqlarında isə təbəssüm bərq vururdu.
    – Mənim pasiyentim tək siz ki ,– deyə gülərüz tibb bacısı gən aspirantı vətəndaşlıq borcunu yerinə yetirməyə çağırdı.
    Cəfər hərəkətsiz qalmışdı.
    -Bax, mən heç bilmirdim ki, virus hətta eşitmə qabiliyyətinə belə mənfi təsir göstərir. İlahi, bura necə də qaranlıqdır.
    Tibb bacısı şprisi balaca çemodana qoydu və pəncərənin boz pərdəsini çəkdi.Cəfərin gözləri qamaşdı. Tibb bacısı geri döndü və Cəfərin başı üzərində divarda işığa qərq olmuş gənc qadının portretini gördü.
    -Ah, necə də gözəl qadındır,- deyə tibb bacısı həyəcanla dilləndi.
    -Doğrudanmı gözəldir?- Cəfər oturaraq yerini rahatladı
    – Qeyri-adi gözəldir!
    Tibb bacısı yenidən gözəllik qarşısında həyəcanını gizlədə bilmədi.
    Baxmayaraq ki gzəllik qanunları baxımındand portretdəki qsdının burnu nisbətən qalın və dodaqları bir tərəfdən incə, digər tərəfdən isə qalın görünsə də , ümumilikdə alnına tökülmüş dalğalı ipək saçları, iri, ala gözlərini əhatə etmiş uzun kiprikləri onu daha da gözəl edirdi. Qadının baxışları həm sadə, həm də mənalı idi, köynəyinin ağ yaxalığı tünd rəngli donunu işıqlandırırdı.
    Tibb bacısı portretdən gözlərini çəkə bilmirdi. Qadının gülər və şən gözləri sevinc dolu şəfəq saçırdı.
    Cəfər tibb bacısının portretə diqqətlə baxdığını görüb heç bir vaxr kimsəyə demədiyini ona dedi:
    – Ana. Bu mənim anamdir.
    -Çox gəncdir,-deyə tibb bacısı həyəcanla dilləndi. O, sadəcə həyacansız danışa bilmədi: füsunkar varliğın gücü və sevinci onun daxilindən fəvvarətək bayıra vururdu.
    -Bu anamın sonuncu fotoşəklidir,- Cəfər çətinliklə dilləndi və tibb bacısındaqn gözlərini yayındırdı.
    -Necə?!- deyə həyəcanın gizlədə bilməyən tibb bacısı bu sözlərə inanmaq belə istəmədi.
    -Mənim anam üç yaşım olanda dünyasını dəyişibvə mərhəmət ifadə edən sözlərinə hopdu.
    -Bədbəxtliyə bir bax!
    Cəfərin ürəyi aramsız olaraq çırpınmağa başladı.
    -Doğum zamanı öldü. Deyilənlərə görə Anam seçim qarşısında qalıb: özümü sağ qalsın, körpəsimi? Anam körpəsini, mənim kiçik qardaşımı seçib. Atam sonradan evləndi və Anamdan geriyə qalan iki bacı, üç qardaş oldu.
    Anan necə də seçimini düz etməyib,-deyə tibb bacısı ağrılı-ağrılı dilləndi.
    Cəfər onun əlindən tutdu.
    -Çox sağ olun, təşəkkür edirəm! Anam bizi tək qoymamalı idi. Onun sonradan başqaa övladları da ola bilərdi, biz isə yetim qalmazdıq. Görünür o zaman Anamız yalnı övladlarını düşünüb.
    -Necə də gözəl qadındır,-deyə tibb bacısı titrək səslə dilləndi.
    Cəfər gözlərini əlləriylə qapayıb divara tərəf döndü.
    O, iynənin ona necə vurulduğunu artıq hiss belə etmədi. Yalnız tibb bacısı balaca çamadanını səssizcə qapayıb ehmalca qapıya yaxınlaşanda Cəfər dönərək dedi:
    -Doğrudamı mənim Anam gözəldir.

    Rus dilindən çevirdi: Əlişad CƏFƏROV.

  • Təhminə VƏLİYEVA (Özgeçmiş)

    TƏRCÜMEYİ-HAL

    Vəliyeva Təhminə Şahin qızı 12.06.1994-cü il tarixdə Azərbaycan Respublikasının Cəlilabad şəhərində anadan olub. 2001-2012-ci illərdə Bakı şəhərində tam orta məktəb təhsili almb, 2007-ci ildə oxuduğum 199 saylı tam orta məktəbin “Fəxri fərman”ı ilə təltif olunmuşam. Müxtəlif illərdə məktəblərarası keçirilən Respublika Fənn Olimpiyadasının iştirakçısı olmuşam. 2012-ci ildə isə Faiq Rzayev adına 150 saylı tam orta məktəbin məzunu olmuşam. Həmin il Bakı Dövlət Universitetinin filologiya fakültəsinə “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)” ixtisası üzrə daxil olmuş və 2012-2016-cı illərdə ixtisasım üzrə əyani bakalavr təhsili almışam. 2016-cı ildə məzun olduqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası” ixtisası üzrə təhsilimi magistratura səviyyəsində davam etdirmişəm. 2016-2018-ci illərdə əyani magistr təhsili almışam. 25.06.2018-ci il tarixdə ADPU-nun Dissertasiya Şurası qarşısında “Azərbaycan dili dərslərində nitq etiketlərinin mənimsənilməsi yolları (V-IX siniflər üzrə)” mövzusunda magistr dissertasiyasını müdafiə etmiş və magistr adını almağa layiq görülmüşəm.
    Əmək fəaliyyətinə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin 05.09.2017-ci il tarixli qərarı ilə başlamışam. Həmin vaxtdan etibarən institutun “Mətbuat tarixi və publisistika” şöbəsində kiçik elmi işçi vəzifəsində çalışıram. Mən Azərbaycan dilçiliyi, Azərbaycan dilinin tədrisi metodikası və ədəbiyyatşünaslıq üzrə 20-dən çox məqalə, 4 tezis və 1 monoqrafiyanın müəllifiyəm. Respublikamızda keçirilən beynəlxalq seminar və konfranslarda məruzələrlə çıxış etmişəm. “Speech etiquettes in Azerbaijani and Azerbaijani language teaching” adlı monoqrafiyam ingilis dilində Latviyanın Riqa şəhərində nəşr olunmuşdur. Bundan başqa, “Ustad” dərgisinin AXC-nin 100 illiyi münasibətilə təşkil etdiyi hekayə müsabiqəsində “Keçən günlərin soyuq küləyi” adlı hekayəm münsif heyəti tərəfindən bəyənilmiş və “Təşəkkürnamə” ilə təltif edilmişəm. Rus, türk və ingilis dillərini bilirəm. Fars dili üzrə kurs keçmişəm, farsdilli əlifbaya və fars dilinin qrammatik quruluşuna bələdəm.

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

    ehe

    Bundan belə

    Ayrılıqdan çəkib şirə,
    Yol gedirik hələ pirə.
    Bu eşq xatirə-xatirə, –
    Başından tökülsün sənin.

    Yaşanmış günlərim kövşən,
    Ah rəsmidir bu bənövşən.
    Mənim kimi eşqə düşən, –
    Sevənlərin ölsün sənin.

    Eşq yoludur bu can belə,
    Yaxanı çəkmə yan, belə.
    Çox demirəm, bundan belə, –
    Hər gün üzün gülsün sənin.

    Dəyirmanda dən oynadı

    Bu sevgi toy tutdu mənə,
    Hərə bir cür şən oynadı.
    Qərib ahından diksinib, –
    Bu zalım Vətən oynadı.

    Qələmini batır tərə,
    Gəlim çiçək dərə-dərə.
    Könül verdiyim xəbərə, –
    Bu ruhsuz bədən oynadı.

    Təbiətə tacdı sünbül,
    Nə gözəl nur saçdı sünbül.
    Yaxasını açdı sünbül, –
    Dəyirmanda dən oynadı.

    Kəndimiz

    Gələni yox, gedəni yox bu kəndin,
    Gözü yolda qalıb duman, dağ belə.
    Görüşünə yubandığım zirvələr, –
    Görməmişdi saçlarımı ağ belə.

    Lalələrin bağrında qan qalmışdı,
    Hər sevgidən bir şöhrət, şan qalmışdı.
    O kənddə bir yetim oğlan qalmışdı,
    Görən varmı o uşağı sağ belə?

    Belə qoyub getmişdikmi kəndi biz?
    Niyə kəsdik bu bərəni, bəndi biz?
    Kövrəlmişəm qoy görməsin kəndimiz,
    Gözlərini sıx, ay bulud, yağ belə!

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Eyvaz ZEYNALOV.”Məktəbli forması” (Hekayə)

    eyvaz ist

    Qızım dükandan iki cüt uşaq ayaqqabısı almışdı. Soruşdum:

    – Bunları kimə almısan?

    – Bir cütünü oğluma, o birini də qonşumuz Fatmanın oğluna, – dedi. – Təsadüfən anası ilə söhbətini eşitdim. Altı yırtılmış ayaqqabısını ona göstərib şikayətlənirdi.

    – Sən bunu uşağa necə vermək fikrindəsən?

    – Bir azdan oğlumla oynamağa gələcək. Onda çağırıb geyindirəcəyəm ayağına. Yetimi sevindirmək savabdı.

    – Dayan, qızım, belə olmaz! – dedim. – Uşağın qəlbini yaralayarsan. Qaş düzəltdiyin yerdə, vurub gözünü də tökərsən.

    – Bəs necə eləyim?

    – Sən uşağın anası ilə danış, başa sal. Ayaqqabını gizlincə ona ver. Qoy onu oğluna özü aldığını söyləsin.

    Qızım razılaşdı. Ayaqqabı məsələsi uşaq vaxtı başıma gələn bir hadisəni yadıma saldı.

    ***

    İkinci sinifdə oxuyurdum. Dərsin ortasında məktəb direktoru əlində bir bağlama içəri girdi. Müəllimimizə:

    – Bağışlayın, – dedi, – beş dəqiqə vaxtınızı almalı olacağam.

    – Buyurun, buyurun, – müəllimimiz dedi.

    Direktor cibindən bir kağız çıxartdı. Ordan mənim adımı, familiyamı oxudu. Kağızı yenidən qatlayıb cibinə qoydu.

    – Əli, eşitmədin? – müəllimimiz səsini qaldırdı. – Direktor səninlədi, qabağa çıx.

    Qalxıb könülsüz addımlarla ona yaxınlaşdım. Direktor əlindəki bağlamadan bir məktəbli forması çıxartdı. Onu nümayişkəranə şəkildə bütün sinfə göstərdi.

    – Əli, Sovet hökuməti yetim-yesirin hökumətidi, – dedi. – Bu paltarı sənə göndərib.

    Onu büküb mənə verdi.

    – Keç otur, Əli, – müəllim bunu deyəndə direktor artıq çıxıb getmişdi, mən isə hələ də lövhənin qabağındaydım.

    Bükülünü göstərib:

    – Bəs bunu neyniyim? – sadəlövhcəsinə soruşdum.

    – O sənindi, oğlum, – müəllim dedi. – Gedəndə evinizə apararsan.

    Özümü pis hiss edirdim. Həmişə beləydi. Yad adam mənə bir şey verəndə özümü pis hiss edirdim.

    Atam iki yaşım olanda ölmüşdü. Ancaq hər dəfə soruşanda, anam onun uzağa getdiyini, tezliklə qayıdıb gələcəyini, həm də nəyim çatmırdısa, hamısını alıb gətirəcəyini söyləyirdi.

    ***

    Arxamca qaçan sinif yoldaşım məktəb qapısında mənə çatdı. Əlindəki bağlamanı irəli uzadıb təngnəfəs dedi:

    – Bunu unutmusan.

    Mən onu qəsdən partanın altında qoymuşdum. Fərqinə varmadan:

    – Qoy sənin olsun, – dedim.

    – Olmaz, – dedi, – o sənindi.

    – Atam mənə başqasını alıb gətirəcək, – anamsayağı dedim.

    – Sənin atan yoxdu, ölüb, – sinif yoldaşım dedi.

    – Anam deyir, o, uzaqdadı, – tez etiraz etdim.

    – Anan səni aldadır. Ölənlər geri qayıtmır. Bu forma da ataları olmayanlar üçündü.

    Paltarı qoltuğuma verib uzaqlaşdı. Arxasınca bağırmaq istədim, səsim qırıldı. Bircə anda onun doğru dediyini, anamın məni aldatdığını anladım. Görünür, bunu mənə başqa biri deməliydi.

    ***

    Anamla həyətdə qarşılaşdım. Təndiri qalamışdı. Çörək bişirəcəkdi.

    – Qoltuğundakı nədi, oğlum? – Bükülünü açıb baxdı. – Hardandı? – soruşdu.

    – Direktorumuz verdi.

    – Nə yaxşı, – üzü güldü. – Allah köməyi olsun. Sağ ol dedinmi?

    – Mən onu geyinməyəcəyəm, – mızıldandım.

    – Niyə, bala? Pisdi?

    – İstəmirəm məni yetim çağırsınlar.

    – Eh, ay bala, bəyəm istəməklədi?

    Təəccübdən ağzım açıla qaldı. Bu nə danışır? Anama nə olmuşdu? Demək, o da daha məni aldatmağın mənasız olduğunu başa düşmüşdü.

    Mən birdən paltarı anamın əlindən qapıb çırtaçırtla yanan təndirə atdım.

    – Ə, sən neynədin? – Anam dəli kimi qışqırdı.

    Özünü ora-bura vurdu. Məktəbli formasını göyə yüksələn alovun əlindən almağa çalışdı. Lakin daha gec idi.

  • Kənan AYDINOĞLU.”Hayanda oldumsa darıxıram mən”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Hayanda oldumsa darıxıram mən,
    Yenə həsrətini çəkirəm sənin.
    Gözümün önündə qalasan deyə,
    Rəsmini tabloya çəkirəm sənin.

    Mənbə: http://kenanaydinoglu.com/

  • Şəfa EYVAZ.”Çıxıb getmək var… bacarsan”

    Çıxıb getmək var bir də
    Ətrin hopmuş bu şəhərdən.
    Həsrətli baxışları
    yığıb küncdən, bucaqdan
    kimsəsiz döngələrdən.
    Sıxmaq var susqunluğu
    Dişlərində qəhərdən.
    Çıxıb getmək var bir də
    bu şəhərdən,
    Gedə bilsən…

    Çıxıb getmək var
    səndən,
    Sənə bağlı xatirələrdən.
    Ömür dediyin uzun deyil,
    Düşüncənin bir yerində
    bütün bağlar qırılır…

    Yenidən sevmək üçün
    gücü yetmir ürəyin
    qopub səndən, özündən
    yeni liman axtarsın…

    Çıxıb getmək var,
    amma
    getməyin də növü var.
    Unudulmaq itkidir,
    Unutmaqsa intihar!
    Çıxıb getmək var,
    Çıxıb getmək… bacarsan.

  • Şəfa VƏLİYEVA.”Bəxt dediyin bircə bəndlik şeirdi

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Bəxt dediyin bircə bəndlik şeirdi,
    Bir ömür güc-bəla anlamaq olur…
    Dünən burdan bir “Ağ atlı” keçirdi…
    Dedi ki: ” mənsiz də yaşamaq olur…”

    Küsün gedin, ay gedənlər, nə olur,
    Kimsə gözləməsin cığır başında…
    Hər səhər gözümdə ümid doğulur,
    Boğub öldürürəm şər qarışanda…

  • Sumqayıt Poeziya Evində “Evimizin Fəxri qonaqları” rubrikasında növbəti qonaqlarımız Qırğızstan Milli Yazıçılar İttifaqının sədri, ünlü qırğız şairi NURLAN KALIBEKOVun rəhbərliyi ilə gənc qırğız şairləri oldu

    Sumqayıt Poeziya Evində “Evimizin Fəxri qonaqları” rubrikasında növbəti qonaqlarımız Qırğızstan Milli Yazıçılar İttifaqının sədri, ünlü qırğız şairi NURLAN KALIBEKOVun rəhbərliyi ilə gənc qırğız şairləri oldular. Azərbaycanda nəşr olunmuş “Gənc qırğız şeiri antologiyası”nın təqdimatı münasibəti ilə ölkəmizə təşrif buyurmuş qələm dostlarımız şəhərimiz, şəhərimizin ədəbi mühiti ilə bağlı məlumatlandırıldılar və səfərdən çox razı qaldıqlarını dilə gətirdilər.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    BU GECƏ

    Gecə yuxuma gəldin,
    Gözümə inanmadım,
    Ağlım çıxdı başımdan,
    Mən sənə toxunmadım.

    Ətrindən bihuş oldum,
    Sənə doyunca baxdım.
    Heyran oldum hüsnünə,
    Güldü üzümə baxdım.

    Arzularım gül açdı,
    Ay da baxıb sevindi.
    Nurlandı ev-eşiyim,
    Ulduzlar bizdən dedi.

    Qxudu şən bülbüllər,
    Meh əsdi sərin-sərin,
    Qəlbim şam kimi yandı,
    Olmadı heç xəbərin.

    Dünya bir cənnət idi,
    Sənsə gözəl bir mələk,
    Kaş ki, ayılmayaydım,
    Yatıb, qalaydım gərək.

    NEYLƏYİM

    Hamı xoş söz demir arxamca mənim,
    Üzümə gülənlər yalandan gülür,
    Yaxşılıq şumunda cücərmir dənim,
    Bağımın çəpəri gizlin sökülür.

    İnsana inam var odlu sinəmdə,
    Xeyirxah əməllər sahibiyəm mən.
    Sığır bir ürəyə sevinc də, qəm də,
    Kimsə inciməyib şirin dilimdən.

    Ayıra bilirəm yaxşını, pisi,
    Hamı əməlinin haqqını alır,
    Əyilən görmüşəm hər vaxt nakəsi,
    Zaman namərdləri pis günə salır.

    Məşhər ayağında, Haqq divanında,
    Düzlər alnıaçıq dayanıb, durar,
    Ucalar yanında, dağlar yanında,
    Alçaqlar həmişə boynunu burar.

    Ömrün hər anında, hər vədəsində,
    Etibar etmişəm dosta, yoldaşa,
    Vallah rast gəlmişəm dağ zirvəsində
    Dərədən arxamca atılan daşa.

  • Ədəbiyyat İnstitutunun əməkdaşlarının altı ayda 24 monoqrafiyası çap olunub

    AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının bu ilin altı ayı ərzində 545 məqaləsi, 24 monoqrafiyası, 12 tərtib kitabı və 3 bədii əsəri çap olunub.

    AZƏRTAC xəbər verir ki, bu, Ədəbiyyat İnstitutunun 2019-cu il üçün yarımillik hesabatında əks olunub.

    Hesabatda bildirilir ki, bununla yanaşı, AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəylinin bu müddətdə bir kitabı, 15 elmi məqaləsi (11-i ölkədə, 4-ü xaricdə), dövrü mətbuatda isə 25 məqaləsi işıq üzü görüb. Bundan başqa, yarım il ərzində İsa Həbibbəylinin elmi redaktorluğu və müqəddiməsi ilə 5 kitab çapdan çıxıb.

    Mənbə: azertag.az

  • “Gənc qırğız şeiri antologiyası”nın təqdimat mərasimi keçiriləcək

    23 İyul 2019-cu il saat 15.00-da Azərbaycanda ATATÜRK Mərkəzində “Gənc qırğız şeiri antologiyası”nın təqdimat mərasimi keçiriləcək. Təqdimatda Qırğız Respublikası Yazıçılar Birliyinin başqanı sayın Nurlan Kalıbekov başda olmaqla, 14 qırğız şairi də iştirak edəcək.

    Giriş sərbəstdir. Bütün ədəbiyyatsevərlər dəvətlidir.

    Mənbə: http://edebiyyatqazeti.az

  • Şairə-publisist Nəcibə İLKİN.”Ölümlü gecəm”

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    İslatdı dərdimi göz yaşlarımda,
    Qucağında ölüm gətirən gecə.
    Hönkürtü səsində açılan səhər,
    Kəsdi kələyimi dan yerinəcən.

    Donmuş nəfəsimdə şehə bələndi,
    Ruhumun can adlı sızıltıları.
    Sən demə dərd elə üzə güləndi,
    Açıldı ömrümün ölüm qatları.

    Susdu kabus kimi, susdu o gecə,
    Ölüm küləyinin əsdi yelləri.
    Asdı ürəyimdən kəfənliyimi,
    Açıldı qəbrimin qərib dilləri.

    Bir ölüm gətirdi mənə o gecə,
    Bir ölüm oxudu ömür payıma.
    Mən can diləmədim, heyf bu ömür-
    Can verə bilmədi vətən hayına.
    04.05.2019

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    GECƏLƏR

    Yuxum itgin düşər sənsiz gecələr,
    Sən gəlsən, üzümə gülər bu dünya.
    Xəyalım yolları gəzər gecələr,
    Sənsiz quzu kimi mələr bu dünya.

    Gecə tək qaradı hicranın üzü,
    Hər dərd bir ürəyi axtarıb seçər,
    Bu qaranlıq gecə ayırıb bizi,
    Getdin yol, cığır qəlbimdən keçər.

    Çıraq şöləsinin göz qırpımları,
    Məni xəyallardan ayırır hərdən,
    Dolub gözlərimə həsrət qumları,
    Gözlərim yaşarır indi qəhərdən.

    Səni gözləyirəm bəs sən hardasan?
    Bu gecə sənindi bəs niyə getdin?
    Bənövşə, yasəmən, süsən hardasan?
    Gecənin qoynunda bəs niyə itdin?

    Pəncərəm önündə yorğun bir ulduz,
    Bilirəm baxmaqdan Ay da darıxır.
    Qalmışam bu gecə mən burda yalqız,
    Gözlərim həsrətlə yollara baxır.

    SEVGİ OYUNU

    Məhəbbət şirin nağıl,
    Ürək sevgi yuvası.
    Sən ətirli bir çiçək,
    Mən də bir bal arısı.

    Yaman uzandı gülüm,
    Bu gizlənpaç oyunu,
    Bilmirəm olacaqmı,
    Ayrılığın bir sonu.

    Səni görəndən bəri,
    Qəlbim, gözüm olmusan.
    Möcüzəsən ay gözəl,
    Məni məndən almısan.

    Qəlbim sənsiz çırpınır,
    Bir sirli tapmacasan.
    Nə olar ay sevgilim,
    Bir qapımı açasan.

    XOŞ GƏLMİSƏN

    İncə gülsən, zərif çiçək,
    Boy buxunun qəşəng, göyçək,
    Məni məftun edən mələk,
    Sən qəlbimə xoş gəlmisən.

    Sənsən dərdimin əlacı,
    Sənsiz ömrüm, günüm acı,
    Ay başımın qızıl tacı,
    Sən ömrümə xoş gəlmisən

    Tay almısan məni məndən,
    Mən doya bilmirəm səndən,
    Sənə tay olmaz hər yetən,
    Sən ömrümə xoş gəlmisən.

    Ruhumsan, canımsan gülüm,
    Gözəlsən saçı sünbülüm,
    Sən varsansa, yoxdu ölüm,
    Sən könlümə xoş gəlmisən,

    Nurludu ömrün, həyatın,
    Dilimdə əzbərdi adın,
    Məni xoşbəxt edən qadın,
    Sən ömrümə xoş gəlmisən.

    Çox gəzmişəm mən hər yanı,
    Sənin kimi gözəl hanı,
    Əzizin ürəyi, canı,
    Sən könlümə xoş gəlmisən,

    SAXLAYAR

    Ovunarmı ocağından gen düşən,
    Gecə-gündüz Vətən deyib ağlayar,
    Ömrü-günü ah , naləylə ötüşən,
    Ümidini dan yerinə bağlayar,

    Gedən deyil qürbət elin töhməti,
    Yaman olur özgələrin minnəti,
    Ulu Tanrım gəl ağlatma milləti,
    Bu ayrılıq sinələri dağlayar.

    Yurd sevgisi heç bir zaman sağalmaz,
    Qış getməsə, bahar olmaz, yaz olmaz,
    Günahını necə yusun Xan Araz,
    Qəzəbindən aşıb, daşar çağlayar,

    Yurd, yuvasız nə arzu var, nə həvəs,
    Qəriblərdən görməmişəm gülən kəs,
    Qürbət eldə vaxt, vədəsiz ölən kəs,
    Qisasını qiyamətə saxlayar.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Yanar ürək…” (Ustadın xatirəsi)

    Əziz Ülkər Xanıma

    Bir gün yerə qoymadı:

    nə gözündən – eynəyi,

    nə əlindən – qələmi.

    Görənlər, belə gördü

    Şirməmməd müəllimi.

    Qalxdı –

    şax baxa-baxa,

    tay-tuşunun üzünə, –

    Müəllim kürsüsündən.

    Şirməmməd kürsüsünə.

    Qızlarının atası,

    xanımının əriydi.

    “Cümhuriyyət” –

    sonuncu

    şahanə əsəriydi.

    Sinədəftər deyirdi

    Varaq-varaq tarixi.

    Ya Qədim tarix olsun,

    ya Qarabağ tarixi.

    İstiqlal deyirdisə,

    o söz –

    şüar deyildi.

    Millətin özüydü o.

    Ona oxşar deyildi.

    Türkün qardaşlığından,

    Nuru Paşadan dedi.

    “Azərbaycan, sən oldun,

    məni yaşadan” – dedi.

    Azərbaycan deyəndə,

    Bir az ucadan dedi.

    Bir çağırış səsiydi,

    himnin bir nəqəratı.

    Bir hünər dünyasıdı,

    bir müəllim həyatı.

    Oyaq qaldın, indi yat

    sevdiyin torpaq altda.

    Vətən döyüşlərdədi,

    Üçrəngli bayraq altda.

  • Xalq şairi Zəlimxan YAQUB.Seçmə şeirlər

    TƏBRİZDƏN AYRILANDA

    Ayrılıq anları gəldi, yetişdi,
    Vaxtı zərrə-zərrə böl, ay Zəlimxan!
    Çox qala bilməzsən bu şəhərdə sən,
    Göz yaşın olsa da göl, ay Zəlimxan!

    Mən kimə yalvarım, kimə diz çöküm,
    Sərhədi nə qədər dağıdım, söküm?
    Başıma haranın daşını töküm,
    Nə qədər bağlanar yol, ay Zəlimxan?!

    Hicran sinən üstə çökər qış kimi,
    Göynədər qəlbini buz baxış kimi.
    Yaman qaralmısan, yağ yağış kimi,
    Qara bulud kimi dol, ay Zəlimxan!

    Qoyur sapandına, daş kimi atır,
    Tale insanları talayır, çatır.
    Elə bil dünyanın bir yanı batır,
    Əldən üzüləndə əl, ay Zəlimxan!

    Sevinc yanımızdan sallanıb ötər,
    Yandıq Füzulidən, Sabirdən betər.
    Min ildən sonra da hamıya yetər,
    Boldu həsrətimiz, bol, ay Zəlimxan!

    Vaxt çatır, zamanın səbri daralır,
    Gedənin gözündə dünya qaralır.
    Ayrılıq gələndə solur, saralır,
    Çəmən, ay Zəlimxan, çöl, ay Zəlimxan!

    Yenə gözündə yaş, qəlbində kədər,
    Gəlişin hədərmiş, gedişin hədər.
    Sənin ki dərdin var bir Təbriz qədər,
    Niyə yaşayırsan, öl, ay Zəlimxan!

    Təbriz, iyul,1992

    İLAHİ

    Bir millətdi, bir torpaqdı, bir Vətən,
    O tay nədir, bu tay nədir, İlahi!
    Hər tərəfə pay veriblər həsrəti,
    O pay nədir, bu pay nədir, İlahi!

    Eyni bağdı, eyni bağça, eyni bar,
    Eyni sazdı, eyni kaman, eyni tar.
    Ortalıqda dəmir hasar, lay divar,
    O lay nədir, bu lay nədir, İlahi!

    Üstümüzdən acı yeltək əsən kim?
    Kəsilən biz, kəsdirən kim, kəsən kim?
    Aman, qardaş, de, mən kiməm, de, sən kim?
    O hay nədir, bu hay nədir, İlahi!

    Millətə bax, dəmir tordan boylanır,
    Diri evdən, ölü gordan boylanır.
    Yeddi burdan, yetmiş ordan boylanır,
    O say nədir, bu say nədir, İlahi?!

    Hansı başdı, hansı bədən, bilinməz,
    Paralansa, varmı Vətən, bilinməz.
    Orda ölən, burda itən bilinməz,
    O vay nədir, bu vay nədir, İlahi!

    Bay olmasın, qarı düşmən bay oldu,
    Çox ömürlər nisgillərə pay oldu.
    İki yanda göz yaşımız çay oldu,
    O çay nədir, bu çay nədir, İlahi!

    Bu söhbəti ortalığa kim salıb?
    Bu həsrəti ortalığa kim salıb?
    Bu zilləti ortalığa kim salıb?
    O tay nədir, bu tay nədir,
    İlahi! O dərd nədir, bu vay nədir, İlahi!

    Təbriz, iyul, 1992

    BAKIDAN GƏLMİŞƏM, ŞƏHRİYAR BABAM

    Üzünü heç zaman görəmmədiyin,
    Bircə çiçəyini dərəmmədiyin,
    Qoşa qapısından girəmmədiyin
    Bakıdan gəlmişəm,
    Şəhriyar babam!

    İllərlə qovrula-qovrula qaldın,
    Aylarla qıvrıla-qıvrıla qaldın,
    Bakının üzünü görə bilmədin.
    Bakıdan gəlmişəm,
    Şəhriyar babam!

    Kəlbəcər nəfəsli Göyçə diləkli,
    Naxçıvan qeyrətli, Gəncə ürəkli,
    Borçalı ətirli, Xəzər havalı,
    Qarabağ nisgilli, Şuşa davalı
    Bakıdan gəlmişəm,
    Şəhriyar babam!

    Özümüz çatmadıq səs çatan yerə,
    Nur gələn, Ay doğan, Gün batan yerə.
    Bu gün baş qoymuşam sən yatan yerə,
    Bakıdan gəlmişəm,
    Şəhriyar babam!

    Vurğun məzarıyam, Sabir qəbriyəm,
    Cavid dözümüyəm, Cavad səbriyom.
    Ana ağısıyam, şəhid qanıyam,
    Ağrılı fikirlər burulğanıyam!
    Bizim başımızı yaman qatdılar,
    Bizi zaman-zaman çox aldatdılar.
    Vaxtında hayma çata bilmədik,
    Toyuna, vayına çata bilmədik.
    Əzrayıl yollarda gecikəydi kaş,

    Səni əlimizdən aparmayaydı!
    Şəhriyar ölümü Azərbaycanın
    Başında tufanlar qoparmayaydı!
    Bakıdan gəlmişəm,
    Şəhriyar babam!

    Gecikən gəlişin, gedişin ağır.
    Üzdən dərd tökülür, gözdən qəm yağır.
    Ayıran zalımdı, ayrılan fağır,
    Bakıdan gəlmişəm,
    Şəhriyar babam!

    Sevinclə gəlmişdim bura gələndə,
    Gedirəm, özümlə dərd aparıram.
    İçərim doludu ağrı-acıyla,
    Ay ustad, belə də ölüm olarmı?
    Ay ustad, belə də zülüm olarmnı?
    Min yol torpağından öpmək yerinə
    Bircə yol üzündən öpə biləydim!
    Qəbrinə göz yaşı səpmək yerinə
    Başına gül-çiçək səpə biləydim!
    Bax, onda deyərdim indi mən mənəm!
    Bütün ölümlərə meydan oxuyub,
    Bütün ölüləri dirildən mənəm!
    Gör bir nə gündəyəm, bu görüşə də
    Şükür söyləyirəm, şükür deyirəm.
    Açır qanadını görüş dəmləri,
    Həsrət dizlərini bükür deyirəm.
    Bakıdan gəlmişəm,
    Şəhriyar babam!

    Dərin dərələrə torpaq doldurub,
    Qayalı dağları düz eləmişəm.
    Tikanlı məftillər əritmək üçün
    İsti nəfəsimi köz eləmişəm.
    Tilsimlər sındırıb, qıfıllar açıb
    Polad dirəkləri mum eləmişəm.

    Yolumda dikələn daşları belə
    Əzib tikə-tikə qum eləmişəm.
    Qəzəbim yığılıb yumruqlarıma,
    Dilimi dişimə sıxıb gəlmişəm.
    Min ilə bərabər yüz səksən illik
    Bir həsrət dağını yıxıb gəlmişəm.
    Bakıdan gəlmişəm,
    Şəhriyar babam!

    Ağsaçlı Şəhriyar qulluğundadı,
    Saçları qapqara şəvə Zəlimxan!
    Bu gün səcdədədir, ziyarətdədir,
    Baba Şəhriyarı nəvə Zəlimxan!
    Bakıdan gəlmişəm,
    Şəhriyar babam!
    Bakıdan gəlmişəm,
    Şəhriyar babam!!!

    Təbriz, avqust, 1992

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”ALLAH!

    (“Fəryad” pyesindən)

    Idraka yol açmış gecədən gündüzə ALLAH!
    Güldürməsən öz könlünü gülməz üzə ALLAH!
    Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş.
    Qəlbin gözü yanmazsa görünməz gözə ALLAH!

    ALLAH bilirik cismi deyil,bəs nədir ALLAH?
    Ən yüksək haqda olan həqiqətdir ALLAH!
    Dondunsa təkamülcə gözəllik qabağında.
    Dərk et,bu təəccübdə,bu heyrətdədir ALLAH.

    Bildik,bilirikgizlidir insandakı qüdrət.
    Hər kəs onu fəhm etməsə acizdir o əlbət.
    İnsanın əzəl borcudur insanlığa hörmət.
    İnsanlığa hörmətdə,ləyaqətdədir ALLAH!

    Fitrətdə yatır sözdə sözün öz yükü fikrin.
    Seçmiş,seçəcək daima tükdən tükü fikrim.
    Mən bir ağacam yarpağı sözlərkökü fikrim.
    Sözlərdə deyil sözlərdəki hikmətdədir ALLAH!

    İnsan!-təpədən dırnağa sən arzu diləksən.
    Nəfsində doyumsuz,fəqət eşqində mələksən.
    Zülmün üzünə haqq düyilən şilləni çək sən.
    Şillən də möhürlənmiş o qeyrətədir ALLAH!

    Cahil enər alçaqlığa öz qədddini yenməz.
    Vicdandan əgər dönsədə,öz xeyrindən dönməz.
    Zülmətdə,cəhalətdə,ədavətdə görünməz.
    İlqarda,sədaqətdə,məhəbbətdədir ALLAH!

  • Xalq şairi Qabil.Əxlaqi-fəlsəfi şeirlər

    * * *

    Kobudluqla cəsarəti qarışdırma!
    Yaltaqlıqla nəzakəti qarışdırma!..
    … Tülkülüklə fərasəti qarışdırma!
    Düşmənliklə rəqabəti qarışdırma!..

    * * *

    Zəlil haqqın kəsən zalım,
    Əlil haqqın kəsən zalım,
    Ziyarətgaha can atma,
    Can atma, xalqı aldatma!

    * * *

    Sular gömgöy, səma mavi.
    Ağzı köpüklü-köpüklü,
    Başı havalı-havalı,
    Ədalarla üzür gəmi.
    Boynu yedək kəndirində
    Üzür qayıq…