Oğlan çox oynadı öz şadlığından,
Onu alqışladı toy decəsi də.
O gecə qızların bir neçəsi də
Ayırmaq bilmədi gözünü ondan.
Yatdı ürəklərə çirin sözü də,
Hələ zarafatla şərə saldılar.
O gecə gəlin də, bəyin də özü də
O tanış oğlandan razı qaldılar.
Lakin sevdiyin qız bunu görərək,
Çevrilib başqa cür baxdı oğlana.
Köksündən neçə yol çırpındı ürək,
Özgənin evində nə desin ona?!
Gülmədi o, neçə cavan içində,
Gözlər gah oğlana, gah qıza döndü.
Elə tutuldu ki, bir an içində
Bənizi ağappaq kağıza döndü.
Üz-üzə dayandı qız ilə oğlan,
Hiss edən olmadı lakin heç nəyi.
Oğlanın əlindən düşüb bu zaman,
Oldu çilik-çilik dolu qədəhi.
O gənc utanaraq tez əyildi ki,
Sınmış qədəhini qaldırsın bu an.
Ancaq, toy gecəsi elə bildi ki,
Zarafat edirmiş iki mehriban.
Baxışlar toqquşdu burda yenidən.
Kim deyir məclisdə qədəh sınmasın,
Görün nə oxudum o gözlərdə mən:
Təki qədəh sınsın ürək sınmaın.
1956