XƏZƏR, AY XƏZƏR…

Sahili sarı qumlu,
Dalğası ağ Xəzərim.
Qum üstə bardaş qurub
Gəl oturaq, Xəzərim.
Mən balıqçı deyiləm,
Qayığım yox, torum yox,
Dalğalarla döyüşə
Qollarımda zorum yox.
Sən göy gözlü mələksən,
Dumandan örpəyin var.
Göyərçin ləpələrdən
Qırçınlı köynəyin var.
Nəğmən vüsal andırar,
Ürəyimi yandırar.
Sahili sarı qumlu,
Dalğası ağ Xəzərim.
Gəl uzanıb sübhədək
Hey danışaq, Xəzərim.
Sahilə axşam qonur,
Ürəyimə qəm qonur.
Ayrılığın yamandır.
Bircə kəlmə, bircə söz
Yadıgar de, amandı.
Səhər günəş doğanda
Aparar karvan məni,
Kim bilir ki, bir də sən
Görərsən haçan məni.
Hələ əldə fürsət var,
Hələ vaxt var, möhlət var,
Hələ göylər yenicə
Dumanlanır, qaralır,
Hələ sübhə çox qalır.
Qaziyanda otaqlar
Ulduz-ulduz alışdı,
Pəncərədən axan nur
Dalğalara qarışdı.
Gəl bu isti qum üstə
Bir də verək baş-başa,
Danış, danış Xəzərim.
Uşaqlıq illərimə
Sənsən tanış, Xəzərim…

Pəhləvi şəhəri,1938

KÖMÜRÇÜ QIZ

Hələ şərq tərəfdə göyün rəngi qan,
Yenicə boylanır üfüqdən səhər.
Fəqət yavaş-yavaş söküldükcə dan
Qırmızı boyanır yaşıl təpələr…
Buludlar axışır səmada lay-lay,
Sönür göy üzündə rəngi solmuş ay.

Niyardan şəhərə uzanan yolu
Odur, ağır-ağır bir nəfər gəlir.
Əlində kisə var kömürlə dolu,
O qız nə dayanır, nə də dincəlir,
“Amandır görməsin məni pasiban” –
Deyə nəfəs belə almır qorxudan.

Bilir ki, zəhməti gedəcək heçə
Şəhərə keçməsə o ehtiyatla…
Bəlkə də yatmamış qız bütün gecə
Hələ ilk axşamdan çıxmışdı yola.
Kim bilir, kim bilir nə vaxtdan bəri
O qız bu yollarda açır səhəri.

Başında yaylıq yox, ayaqlar yalın,
Dalında ən ağır kömür şələsi.
Ehtiyac içində boğulanların
Kəsibdir çiynini ömür şələsi…
Bu yerdə insana ömür də yükdür,
Həyatı, nəşəsi, eşqi sönükdür.

Donub yanağında damla-damla tər,
O yenə küçədə şələ gəzdirir.
Kim bilir, yuxudan durub bir nəfər
Bəlkə kömür ala, hələ gəzdirir,
O hələ gəzdirir sata kömrünü
Kömürdən qaradır özünün günü.

Axıb yanağına gözünün yaşı,
Ötürüb köksünü o qız dərindən.
Bu haldan alışır qəlbinin başı.
(Qəzəbim qaldırır daşı yerindən)
Deyirəm nə üçün gecə sübhə tək
Çalışan insanlar ac qalsın gərək?!

Bu bir cəhənnəmdir odsuz, ocaqsız,
Görür deməsəm də arif olanlar.
Odur bu atəşdə odlanır bu qız.
Fəqət nə tüstü var, nə də duman var.
Ey ağa, deməyin həyatdır bu da.
Bir gün düşəcəksən özün bu oda…

Ərdəbil, 1941