Eylər

Vətən oğlu öz canını
El uğrunda qurban eylər.
Aşıq coşar məclislərdə
Bu şöhrəti dastan eylər.

Gəlmə düşman, gəlmə düşman,
Məndən sənə olmaz aman.
Hər daşımda var bir aslan,
O, qalxanda tufan eylər.

Çala bilməz sər tərlanı,
Bu elləri yaxşı tanı.
Gəl başına gen dünyanı
Məğrur ordum zindan eylər.

Çox güvənmə, gəl özünə
Mil salaram cüt gözünə.
Bir damcı qan əvəzinə
Qoç Koroğlum min qan eylər.

Keçdi

Yenə gülşəndən ötüb gözləri afət keçdi.
Yenə şahanə xuram etdi, qiyamət keçdi.

İzlədim sayə kimi yar baxıb güldü qəşəng,
Göstərib aşıqinə xeyli nəzakət keçdi.

Coşdu şaxlardakı bülbül onu gördükdə yenə,
İlk baharım verərək bağə təravət keçdi.

Unudub yar məni zənn eyləyəcək küsmüşdüm,
Onu gördükdə sönüb cümlə ədavət keçdi.

Ahu gözlüm yenə səyyad kimi gəlsin Rahim,
Aşıqin günləri ol şux ilə şərbət keçdi.