(Hamı üçün 1 Sentyabr şeiri)
Biz Əlifbanı sevgi məktubu yazmaq üçün öyrənmişdik –
Bunu 3-cü sinifdə oxuyanda anladım.
Dəftərimdən qopardığım qoşa vərəqə iki söz yazmışdım –
“sənin adın+mənim adım”.
Rəsm dərsində ox sancılmış ürək çəkirdik bayraq və gerb əvəzinə,
körpə qəlbimiz öz sümük beşiyində
yenicə qığıldayırdı onda.
Onda hələ öyrənməmişdik rəqəmlərin, yalnız əskinas olduğunu,
Onda bilmirdik ki, dördbucaq çəkə bilməyən dostumuz dörd divara düşəcək.
Bilmirdik ki, “ampermetr”dən 5 alan qız cərəyandan öləcək,
Bilmirdik ki, ən dəhşətli hiperbola anamızın əllərindəki qırışlar olacaq,
Bilmirdik hər şey boş çoxluqdur,
Bu yaddaş kitabçasında adam öz əllərini unudur,
yaxın otur,
bir az etiraf edəcəm, yaxın otur, əziz müəlliməm.
Azərbaycan dili dərsində “unutmaq” feilini
şəxsə və kəmiyyətə görə dəyişirdik
və mən həmişə 1-ci şəxsin təkində yalan danışırdım.
Çünki, mən unutmamışdım…
İngilis dili dərsində başa düşdüm ki, məhəbbətin dili olmur,
aclığın irqi olmadığı kimi.
Yusaq da parta örtüyümüzü
saxlaya bilmədik həyatın çirklənməsini.
Biologiya bizdən gizlətmişdi ki,
gözlərin 2 funksiyası var –
“ağlamaq və danışmaq”
Əslində, ürəyin dili imiş baxışlar.
Onda Tarix Turqut Özal deyildi, Corc Buş deyildi,
onda əkiz qüllələr hələ başını aşağı salmamışdı,
onda əkiz qüllələrin başı göyə dəyirdi.
Fizika Çin işgəncəsi idi,
bircə ümumdünya cazibə qanununu
səni qucaqlayanda başa düşdüm.
Nyutonun başına alma düşməmişdən qabaq
sən mənim ürəyimə düşmüşdün
-bu, ilahi cəzbetmə idi…
Coğrafiya dərsində bütün yollar sənə gedirdi,
bütün çaylar sənə axırdı.
Hərdən ayaqlarımı geyinib qaçırdım ekvator boyu,
hara dönürdümsə kompasımın əqrəbi yenə də sənə baxırdı.
Qlobusu qucaqlayan paralellər tək
səni qucaqlamışdı bu qollar
Onda mən bilmirdim ki, Yerin nüvə qatından başqa nüvə silahı da var.
Əziz müəlliməm,
indi “həyat dərsi”ndən kəsr imtahanına gəlmişəm.
Dəftərimi yoxlayın,davranışıma qiymət verin,
istəyirsiz valideynimi çağırıb iclasda şikayətlənin.
Amma xahiş edirəm, məndən “sevməy”i soruşmayın,
çünki “sevmək” yadımdan çıxıb, evdə qalıb.