Bu dünyaya gələndən,
Yol gedirəm ölümə.
Vallah, mənəm dözürəm
Bu dərdə, bu zülümə.
Dərd deməyə adam yox,
Adamlar arasında
Gün-gün, ay-ay ölürəm
Nadanlar arasında.
Yenə haqqın gözünə
Kül ələyə bilmirəm.
Mən özümü özümdə
Dəfn eləyə bilmirəm.
Öz odum yandıracaq
Özümü əzəl-axır.
Bilsəm də ki, haqq sözün
Çörəyi daşdan çıxır.
Haqq söz dar ağacısa
Alsın məni qoynuna,
Ömrümü kəfən kimi
Dolamışam boynuma.
1993