Author: Delphi7

  • Əziz MUSA.”Bilsən”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Qəlbimi, könlümü vermişəm sənə,
    Saxla ürəyində, saxlaya bilsən.
    Dərdimi, qəmimi demişəm sənə,
    Ağla için-için, ağlaya bilsən,

    Bir bax, gözlərimə, bir bax, nə deyir,
    Həsrət əyilməzi, bir gör, nə əyir,
    Qəlbim sızıldayır, yaram göynəyir,
    Bağla öz əlinlə, bağlaya bilsən,

    Cənnətin özü də sevgi bağıdı,
    Ayrılıq ən böyük həsrət dağıdı,
    Dur gəl otağıma, vüsal çağıdı,
    Dağla qəm-hicranı, dağlaya bilsən.

  • Adil Cəmil – 65 və yaxud “Qan-qırmızı laləsinin, közərtisi qış qaytaran” poeziya

    Bu ömür tarixi, gün olayıdır,
    Qarşıdan qocalıq zirvəsi gəlir.
    Övlad da, nəvə də Tanrı payıdır,
    Görəndə yaşamaq həvəsi gəlir.
    Adil Cəmil

    Bu il Adil Cəmilin yubiley ilidir, şairin 65 yaşı tamam olur. Kimə dedimsə, inanmadı: bu gənc görünüşlü, ahıl baxışlı adamın yüz yaşı var söylədilər. Soruşdum niyə? Bığı-saqqalı ağarmış müəllimlər dedi: “Necə niyə, mən qırx ildir Azərbaycan ədəbiyyatından danışıram və bu qırx ildə Adil Cəmil şeirləri dərslərimin söz yeridi”. Baxışlarına kölgə düşmüş, örpəyinə ağ tellər sığal çəkən analar dedi: “Ьən nişanlı olanda onun sevgi şeirlərini oxuyurdum”… Bax, budur yaradıcılığın ağışığı: ətrafı elə nurlandırır ki, cisim zamana, məkana qarışaraq “kölgədə” qalır.
    …Adil Cəmil yetmişinci illərdən bu günə kimi Azərbaycan ədəbiyyatının görünənlərindən olub, iyirmi ilə yaxındır ən qabaqcıl mətbu orqanda – “Ədəbiyyat qəzeti”ndəçalışır, universitetlərdə dərs deyir, ədəbiyyatşünasdır, tərcüməçidir, filologiya üzrə fəlsəfə doktorudur, Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvüdür, Beynəlxalq Aytmatov Akademiyasının fəxri akademiki, TURKSOY-un Totkoqul Satılqanov, “Qızıl qələm”, “H.B.Zərdabı”, “Araz”, “Qılınc və qələm”, “Qızıl kəlmə” mükafatçısıdır, 21 kitab müəllifidir (onlardan ikisi tərcümədir), haqqında kitablar yazılıb vəən əsası, Azərbaycan ədəbiyyatını dünyada təmsil edir. Adil Cəmil yaradıcılığı Adil Cəmil şəxsiyyəti ilə o qədər bütövləşib, qarışıb ki, ortada bir nurlu həqiqət qalıb – şair Adil Cəmil!
    Bu günlərdəşairin ikicildli “Seçilmişəsərlər”indən ibarət kitablarını (“Elm və Təhsil nəşriyyatı” Bakı-2014) oxumaqla məşğulam.Ümumiyyətlə, Adil Cəmil oxuduğum, öyrəndiyim, öyrəndiklərimi öyrətmək istədiyim nümunə yazarlardandır. Bu iki cildli topluda şairin doxsanıncı illərə qədər və doxsanıncı illərdən sonra yazdığı şeirləri toplanmışdır (il bölgüsünü təsadüfdən önə çəkmədium). Kitabın önsözündə AMEA-nın müxbir üzvü, akademik Nizami Cəfərov yazır: “Ümumiyyətlə, 90-cı illərdə məhz dövrün, zamanın hökmü ilə Adil Cəmil şairliyini müəyyən mənada ikinci plana keçirmişdi. Və bu yalnız onun yaradıcılığı üçün yox, bütövlükdə ədəbi proses üçün səciyyəvi idi”. Və yaradıcılığı ikinci plana keçirən Adil Cəmil, doxsanlar sonrası əsərlərində tamamilə başqa bir Adil Cəmil oldu, sevgi dolu, həyata bağlı, çılğın, rəngli, işıqlı şeirlər dəyişərək yurd-yuva həsrətinə büründü. “Balaca evimiz bahara sarı, kiçik pəncərəmiz üzü günəşə” deyən şair, “and içək ki, kimsə pozmaz bu andı, Kəlbəcəri unutmayaq, amandı!” yazdı, “bağçamız beləcə çiçəkləməzdi, ağaclar günəşi saxlayıb burda”, sevinciylə qanadlanan şairin “çıxıb Kəlbəcərdən, Laçından bəri, sənə yol gəlirəm haçandan bəri. Röyalar içində çox ovunmuşam, Şuşam, ay Şuşam!” harayında qanadları sındı, “asılıb Günəşin şəfəqlərindən, özünü səmaya sərib durnalar”, deyə durnalara nəğmə qoşan şair, “bu gecə yuxuma Kəlbəcər girib, bu gecə gördüyüm yuxu üşüyür. Qərib məzarlara qar yağır indi, nənəmin-babamın ruhu üşüyür”, deyə oxucuları da üşütdü, “gözləmə zalının sükütü sarı, yuxu kirpikləri sancaqlayıblar” deyə şeir yolçularını poetik düşüncənin zirəsinə qaldıran şair “getdi əlimizdən, Kəlbəcər getdi…”, misralarıyla qaçqınlara qoşuldu, “köçdün ər evinə ata evindən, amma ürəyimdən köçə bilmədin” yazaraq, sevgilisinin yad ocağa gəlin getməsini dərd edən şair “kafirlərin tapdağında inildəyən torpağım hey” ağrısıyla tapdaq altında qalan torpağın köçkünlərindən söz saldı, “o qızgilin evlərinə boylanmaqdan uzanmışam…” kimi metaforalarla poeziyanı rəngləndirən, sevgi-sevgi boy atan şair “çəmən gördüm, borc istədim, qala gördüm, bürc istədim, bu torpağı qorumağa, bu torpaqdqan güc istədim” harayını çəkdi, illərin o tayındakı sevgilisinə “ömrün o başından boylanan , gözəl, on altı yaşımdan boylanan, gözəl” deyərək, gəncliyini mübaliğəylə öyən şairin, “yurd yeri dərd yeri”nə çevrildi, “özləri budaqda qalan quşların, nəğməsi çay boyu üzüb gedirdi”, deyə, quşların nəğmələrinə qoşularaq bəmbəyaz sulara şeir qoşan şair “gedər gənclik, gəlməz daha, baxt üzünə gülməz daha. Bir qəribə son nəfəsdə,Vətən versən, ölməz daha”, deyərək, son nəfəsə – Vətən dadan son nəfəsə tapındı,özünü misralarından asdı, “Xuda kömək olsun Xudafərinə, nə vaxtsa üstündən keçən tapılar” misralarındakı Araz qurudu, “Qaradağ, Qarabağ – qədim mahalım, al sınıq könlümü, qoyma yuxalım”, – deyə Qarabağa dərdini açan şairin dərdi böyüyüb Qarabağ boyda oldu, “şuşalandı”. Və şuşalanan dərd içində “şırımlandı”, Adil Cəmil yaradıclığının sevinc işığı öləziyərək, ağrılarla yükləndi…
    Yaz gələndə pöhrələnir nisgilim,
    Dağın-düzün dərdi yatır içimdə.
    Mən Doğudan Batıyacan yolçuyam,
    Ay da, Gün də doğur, batır içimdə.

    Hanı mənim o zamanım, o çağım,
    Ayrılığa açılıbdır qucağım.
    Yurd yerində söndürülmüş ocağım
    Gecə-gündüz ocaq çatır içimdə.

    …Atam getdi bu dərdlərin əlindən,
    O Kəlbəcər heç düşmədi dilindən.
    Toxum tutub bu yanğının külündən
    Köhnə dərdim budaq atır içimdə.

    Üzmü qoydum dağlar baxsın üzümə,
    Edam hökmü oxuyuram özümə.
    Zaman-zaman bu dözülməz dözümə
    Unutqanlıq məni satır içimdə.
    Haşiyə: Ümumiyyətlə, dünya ədəbiyyatına nəzər saldıqda görürük ki, siyasi dönəm yaşayan bütün xalqların ədəbiyyatında fərqli bir bucaq var. Bu bucağı tədqiq etmək, yazmaq geniş bir araşdırma tələb edir.

    ***
    Qeyd etdiyimiz kimi, Adil Cəmil Sovetlər dönəmindən gələn şairdir. Onun yaradıcılığı siyasi, iqtisadi, həm də mənəvi farmasiyanın erroziyasından keçərək, tamam başqa bir mühitə transformasiya olunsa da, qələmi təsadüfən, şeir xatirinə, qafiyə xatirinə dilə gəlmədi.
    Adil Cəmilin bütün əsərlərində bir altyapı yatır. Bu isə Sovet dönəmi söz adamlarının sözünüqoruma-özünüqoruma şüuraltısıdır bəlkə. Onlar sözündən asıldıqca sözlərini gizlətməyə, pərdələməyə məcbur olublar və bu gizlənən sözlər “damarda qalmayıb”, sətirlərdən sızmağa başlayıb. Məsələn, hələ səksəninci illərdə “fil dişindən saraylar var, saray yıxan alaylar var”, deyə “öyürdü” Kremli. İlk olaraq terminologiyaya, şuurlara öz təsirini göstərən Sovet hakimiyyəti qılıncı altında yazılan “Sualtı meşə” şeirinə diqqət edək:
    Taleyə bax, dünyaya bax,
    Su içində quruyursuz.

    Burada su altında qalan Mingəçevir meşələrindən söhbət açılır, lakin şeiri bütöv oxuyanda görürük ki, SSRİ-nin ayrı-ayrı ölkələri öz “kölgəsinə” yığmaq siyasətinin qurbanıdır “su içində quruyan” xalqlar:
    Meşəyə bax, ağaca bax,
    Kölgəsinə girən olmaz.
    Yaxud:
    Puçur-puçur ağlayırsız,
    Yarpaq-yarpaq tökülürsüz (sovet xalqlari),
    – deyir, şair.
    “Gözəlim, Göyçəyim Xəzər” (1983) şeirinə nəzər yetirək: Xəzərin vəsfidi ilk baxışda bu şeir, lakin ayrı-ayrı misralara bir daha diqqət edəndə, yenə də sovet məngənəsində əzilən xalqları – xalqların “sözünü” görürük:

    Üzə bilməz Narginəcən,
    Dözə bilməz dar günəcən,
    Çevrilib qağayı olar…

    Burada 37 qurbanlarına – Müşfiqimə ağı deyir şair – Qağayıya dönüb, Xəzərimdən Bakıya boylanan Müşfiqimə…
    “Daş haqqında düşüncələr” şeirində şair bizə adi görünən daşda elə fəlsəfi çözümə varıb ki, oxuduqca heyrətlənməmək olmur:

    Bəzən “daşa dəyir” başım,
    Bəzən çörək “daşdan çıxır”
    Belə vaxtlar insan ağlı
    Havalanıb başdan çıxırr.

    “Kəlbəcərim” gərayılısının (şeir 1962-ci ildə yazılıb, ağ günlü idi onda Kəlbəcər) bircə misrasındakı bədi təyin – epitet sözə söykənən adamlarda həqiqi mənada heyrət yaradır. Şair Kəlbəcərdə bitən laləni belə vəsf edir:

    Qan-qırmızı laləsinin,
    Közərtisi qış qaytaran.

    Bu epitetdə lalənin sinəsindəki dağın – közərtinin (yanğının) odunu-alovunu görən qış yolundan dönür (bu odda-alovda qızınan yay qışı yaxınına buraxmaz axı…). Bu misralardan gözəl, ahəngdar poetika, obrazlı söz, nəzmin incəliklərinə varmaq olardımı?! Və düşünürsən, Adil Cəmilin Azərbaycan ədəbiyyatı tarixində qalması üçün təkcə bu misra bəs edər!
    Və bu qəbildən olan bir neçə örnək daha gətirim:

    Gərək küçələri qurutmaq üçün,
    Səhəri günəşin telindən asaq.
    Yaxud:

    Bu dəli harayda bişməsin deyə,
    Balıqlar dənizə bürünüb gəlir.
    Və yaxud:
    …Balıqlar qocanın torundan qabaq,
    Bir dəli nəğmənin toruna düşər.

    Adil Cəmil yaradıcılığında lakonikliyi ilə bitkin fikri ifadə edən bayatılar da yer alıb və bu bayatılarda da (bütün yaradıcılığında olduğu kimi), yalnız Adil Cəmil nəfəsi var:
    Mən neynəyim təzə dərdi,
    Köhnə dərdim təzətərdi…
    Qəm yükünü çəkməsəydi,
    Ömür yaman tez ötərdi.

    Cinaslı bayatıları da bu sıradandır:

    Dolusu,
    Baxdım gözüm dolusu.
    Saçıma qar yerinə
    Yağdı dərdin dolusu.

    ***
    Təxminən on il əvvəl olardı, Adil Cəmilldən “Ədalət” qəzeti üçün müsahibə götürmüşdüm. Müsahibəçox maraqla qarşılandı. Səmimiyyəti, bədiiliyi, lakonikliyi ilə seçilən müsahibimin cavabları zamansız oldu, bu günə qədər aktuallığını qorudu. Söhbətimizdə “O şeydə ki, əxlaq pərdəsi yoxdu, o ədəbiyyat deyil. postmodernistəm deyib, çılpaq yazarlar artıq postmodernist yox, parnoqrafistdir Postmodernizm əslində bizim hər zaman axtarışında olduğumuz bir yenilik stilidir. Bunu kimsəçılpaq şəkildə ifadə edirsə, bu, o demək deyil ki, postmodernizm əxlaqsızlıqdı”, demişdir şair. Bundan sonra şairin yaradıcılığını bir daha incələdim, həqiqətən də, Adil Cəmil yaradıcılığının bədii pərdə vəəxlaqla örtülü olduğunun şahidi oldum:
    ***
    2003 cü il oktyabr məlumatına görə dünyanın ən məşhur üç yazıçısından biri argentinalı Paolo Koelyo olub. Onun kitabları 59 dilə tərcümə edilib, 150 ölkədə nəşr olunur, 27 milyon nüsxəsi satılıb. Koelyonun ən məhşur kitablarından biri də “Kimyagər”dir. Bu, məşhur əsər adi bir çobanın arzularının arxasınca düşərək, alın yazısını tapmağından bəhs edir. Müəllif burada demək istəyir ki, hətta çoban belə istəsə dünyanın ən varlı, ən məşhur adamı ola bilər, əsas o ki, alın yazısının arxasıyca getməyi bacarasan. Adil Cəmil isə Koelyonun təxminən 150 səhifəlik kitabda yazdığını kiçik bir şeirində verib:

    İstəsə qəzəblənər,
    İstəsə həlim olar.
    İstəsəşəhərə gəlib,
    Alim olar.
    Çobanın nəyi çatmır.
    Mən bu oxşarlıqları görən zaman hər iki əsərin yazılma tarıxıni müqayisə etdim vəşahidi oldum ki, Adil Cəmilin şeiri “Kimyagər”dən hardasa 30 yaş böyükdür. Və burada düşünürəm, Azərbaycan ədəbiyyatının nəyi çatmır Koelyo olmaq üçün?!..
    Ədəbiyyata qaynar, çılğın, səmimiyyətlə gələn Adil Cəmilin “Seçilmişəsərlərində” sevgi şeirləri “Bir dəli sevgidən göyərib dünya” sərlövhəsi altında yer alıb. Buradakı şeirlərin əksəriyyəti doxsanıncı illərdən əvvəl yazılıb və kitab halında dərc edilib. Sərlövhə ilə eyni adda kitabındərcindən sonra şair kitab haqqında belə deyirdi:“O kitab illərdən bəri müxtəlif vaxtlarda yazılan şeirlərdən ibarətdir. Birdən-birə o qədər sevgi şeirlərinəürək dözməz”. Həqiqətən də, bu sevgi şeirləri o qədər səmimi, içdən yazılıb ki, onları birnəfəsə oxumağa ürək dözmür…

    Könlüm açılmayıb, üzüm gülməyib,
    Mən sənə könlümü açandan bəri.
    O eşqin sarayı üçmayıb, gülüm,
    Xəyallar keçmişə uçandan bəri.

    Üzünə çıxmışdı sevginin rəngi,
    Sükutla deyərdin sözünü sən ki…
    Bir ömür boyunca nə biləsən ki,
    Bu cana nə gəldi, o cannan bəri.

    Vaxt keçib, varımla yoxum dəyişib,
    Elə düşünmə ki, ruhum dəyişib.
    And olsun Allaha, yuxum dəyişib,
    Sən mənim yuxumnan qaçannan bəri.

    Adiləm, heyim yox, çoşub-daşmağa,
    Razıyam, mənimlə gəl “dalaşmağa”,
    Səni gözləyirəm vidalaşmağa,
    Gözlərim yol çəkir haçannan bəri.

    ***
    “Şeir haqqında şeir” qoşması da qrammatik quruluşu, fonetikası, ahəngi ilə şifahi ədəbiyyatdan qaynaqlanan, yazılı ədəbiyyatın heca vəznində qələmə alınmış bitkin bir əsərdir (Adil Cəmilin təcnisləri də bu qəbildəndir. “Hanı o günlər ki, gün-günə düzə, Adili o günə al, çala bir də”). Lakin burada mənim diqqətimi ən çox cəlb edən nüans, sözü Tanrı dərgahına qaldıran nizamilərin, füzulilərin özlərinin (Adil Cəmil dünyasında) ən uca zirvə olmasıdır:
    Mən səni həmişə uca görmüşəm,
    Nizami, Füzuli zirvəsi boyda!

    İstərsə bundan sonra bütün eyfellər “ölsün” (“Gel seninle bir yürek çizelim, öyle bir yürük ki, sevgiyle, arkadaşlıkla, mutlulukla dolsun. İsterse ondan sonra bütün şairlər ölsün…” Cahit Külebi)! Və burada insanın özünü özünə qaytaran, sabaha ümid dolu, İlahi vergisi, özünüdərkin ən ali mərtəbəsi İrfana yol başlayır… Və Adil Cəmilin “Yıxılmışam öz içimdən” şeirini müasir dövrun ən gözəl irfan şeiri adlandırmaq olar:
    Bu qiyafə, bu biçimnən,
    Boylanıram söz içinnən.
    Yıxılmışam öz içimnən,
    Tale təzdən qurur məni.
    ***
    “Qış gecəsinin trilogiyası” bədii tutumu və mövzuya yanaşma tərzi ilə (misal: gülə-gülə əridi qar, selə dönüb yeridi qar) seçilsə də, şeirə baxış bucağından çox maraqlıdır. Əslində nəsr üçün qəlibləndirilmiş trilogiya poeziyalaşıb burada. Bildiyimiz kimi, Höte, Heyne və başqaları poeziyanın trilogiyasına maraq göstərsələr də, bu üslubun nəsrdə, filmdə, səhnədə daha rahat yaşayacağını qəbul etdilər. Bir-birinin qovşağına bərk bağlanan, lakin ayrı zaman, məkan və mətləblər üzərində cərəyan edən, geniş məzmun tələbatlı bu üslub Azərbaycan poeziyasında da yer alıb. Buna misal olaraq Famil Mehdinin “Yeri-göyü çiynində saxlayan adam” poema-trilogiyasının (1975) adını çəkmək olar. Lakin Adil Cəmil öz trilogiyasını daha kiçik qəlibə salaraq, daha böyük mətləbə nail olub. Bu isə poeziyada yenilik kimi dəyərləndirilməlidir.
    Böyük şairimiz Nəriman Həsənzadəyə həsr edilmiş “Bioqrafik etüd”də şairin bədii portretini o qədər dəqiqliklə, bədii çizib ki, hər hərəkətindən, hər şeirindən, danışığından, səsindən məsumluq yağan Nəriman Həsənzadəni görürük:

    “Su” deyib yandı,
    Bulaq başında.
    Yetimlik göynədi
    Uşaq yaddaşında.
    “Böyüdükcə” şeirində (heca vəzninin çox az yazılan, beş hecalı şeir forması kimi texniki cəhətdən üstqat nümunəsidir) “o çən kiçildi, sünbül biçildi, Vətən kiçildi, mən böyüdükcə” bəndində “Vətən kiçildi” ifadəsi əvvəl məni təəccübləndirdi. Böyüklərin böyüyü, ucaların-ucası Vətən kiçilərmi deyə, şairə asi çıxdım. Bir daha şeirə diqqətlə yanaşdım və şairin nə demək istədiyini anladım. Burada Vətənin (ananın) övladını böyütdükcə qüruru, sevgisi, sevinci balanın boyuna gennən baxır və bu baxış bucağı o qədər böyüyür ki, Vətən (ana) kiçilir sanki…
    “Seçilmiş əsərlərdə” yer alan poemalar da nizamli nəsrin çox bitkin formalarıdır. Dağlar qoynunda – Kəlbəcərdə doğulan,işıq şəhəri – Mingıçevirdən boy götürən şairin yurduna vurğunluğu qabarır.
    “Ayrılıq səndən oldu” əslində (poemaya mənzum hekayə də demək olar) bir ailənin – sənətkar ailəsinin dramından bəhs edir. Poemadan “sənətlə ailəni bir arada saxlamaq hər oğula qismət deyil” ismarışını alırıq.
    “Şəkilsiz bilet” lirik şeirləri, baməzə zarafatları ilə yadda qalan böyük şairimiz Hüseyn Arifin daha bir tərəfini – müharibə qoynunda əzilən şinelini, şax geyinən poeziyasını görürük.
    “Zirvədə göl” poemasında Göy-gölümə bənzəyən (elə doğma gəldi mənə, elə bildim Göy-göldü o”. Poemadan) qardaş Qırğızıstanda “İssık-Kul” adlanan gölün gözəlliyindən söz açılır.
    “Qan borcu”nda 20 Yanvar hadisələri xronoloji ardıcıllığı və ictimaiyyətə açıqlanmayan tərəfləri ilə göz önündədir:

    Yandırdılar ölənləri,
    Bu da, təzə fənd idi.
    Qaranlıqda doğma tüstü,
    Göy üzünə bülənd idi.

    Başdan-ayağacan göz yaşlarımla oxuduğum poemanin bu məqamında yerimdən dik atıldım: o gecə qurbanlarının yandırıldığından xəbərim yox idi… Əminəm ki, poema Azərbaycan ədəbiyyatı ilə yanaşı Azərbaycan tarixinə də fəxarət, rəşadət günümüz olan 20 Yanvara ən obyektiv və bədii baxış kimi yazılacaq.
    ““Kölgəsiz” şöhrət” kimsəyə bel bağlamadan, kimsədən asılı olmadan, kölgələrdən qaçıb işıqda özünü görməyə, işıqlı yolla addımlamağa çağıran, örnək dolu əsərdir.
    “Dədə ocağının odqoruyanı” əsərində son illərdə Vətənimizin başına gətirilən oyunlardan, Kəlbəcər ağrısından və bu imtahandan üzüağ çıxan oğullardan (Dədə Şəmşir nəslinin odqoruyanı Cavid Qurbanovların timsalında) bədii bir dillə söz açılır.
    ***
    …Bu il (2019), şairin başına gələnlər şeirlərindən də yan ötməyəcək. Atanın faciəsi rəng itirən, qara geyinən bir poeziyanın faciəsinə dönəcək…
    O zamanlar:
    Hələ nə bilirsən dünya necədi,
    İndidən gəl belə ağlama, oğlum.

    – deyə, körpə balasını əzizləyən şair “Yuxuda ölmək” şeirini yazacaq və bu şeirdə 34 il sonra başına gələnləri (öz ölümü timsalında) oğul ölümündə yaşayacaqdı:

    …Getmək istəyirəm öz məzarıma,
    Görürəm tabutum özümdən ağır…

    Şair bilmədən, fərqinə varmadan özündən ağır bala tabutundan yazırdı:

    Mənim yas yerimə gələn kəsləri,
    Mən özüm qapıda qarşılayıram…

    Qapıda qarşılayacaq özünün (oğlunun) yas yerinə gələn kəsləri…
    ***

    Bu ömür tarixi, gün olayıdır,
    Qarşıdan qocalıq zirvəsi gəlir.
    Övlad da, nəvə də Tanrı payıdır,
    Görəndə yaşamaq həvəsi gəlir.

    Qocalığınız ucalıq olsun, şair! Tanrı payı övlad-nəvələrinizin xoş günündə – yeni-yeni ad günlərində görüşənədək, 65-iniz mübarək!

    Mənbə: http://kultur.az

  • Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı

    Bu gün Xalq şairi Məmməd Arazın anadan olmasından 86 il ötür

    Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadıdır. Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair- vətəndaş ömrü yaşayıb. Sənətkarın tərcümeyi-halının, taleyinin daha çox onun yaradıcılığında öz əksini tapıb. Məmməd Araz özü də şeirlərində bunu dəfələrlə etiraf edib. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: “Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir”.
    Dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərlərilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.
    AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Məmməd Arazın anadan olmasının 86-cı ildönümü tamam olur. Böyük sənətkarın təkrarolunmaz yaradıcılığı zəngin ənənələrə malik milli ədəbiyyatımızı yeni mərhələyə çıxarıb, Azərbaycan fəlsəfi və siyasi lirikası onun dühası hesabına daha da zənginləşib.
    Məmməd Araz böyük poetik ilhama malik olan sənətkarlardan idi. Sözün və sənətin Məmməd Araz zirvəsinə gedən yol heç də həmişə hamar olmayıb. Onun həyatı da sənəti kimi daşlı-qayalı yollardan keçib.
    1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açan Məmməd Araz ilk təhsilini həmin kənddə alıb. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən böyük sənətkar 1961-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, sonra isə baş redaktorun müavini, “Ulduz” jurnalında məsul katib, “Ədəbiyyat və İncəsənət” qəzetində baş redaktorun müavini işləyib. 1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edən Məmməd Araz 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub.
    Böyük sənətkar 2004-cü ilin dekabrın 1-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
    Harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, Məmməd Araz əslində bütün ömrü boyu bir vəzifəni icra edib. O da poetik Azərbaycan dünyasına xidmət, Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirməkdir. Böyük istedadı və poetik bacarığı sayəsində Məmməd Araz Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir və Səməd Vurğun poeziyası ilə ona qədər gəlib çatan klassik şeir ənənəsini və üslubunu təkmilləşdirərək hamının gördüyü və bildiyi, lakin dilə gətirməyi bacarmadığı məsələləri ictimai düşüncənin məhsulu edib, Azərbaycanda vətəndaşlıq poeziyasının əsasını qoyub. Gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən Məmməd Araz yaradıcılığı mənsub olduğu xalqa layiqli şair – vətəndaş xidməti nümunəsidir. Onun şeirinin əvvəli də, axırı da Vətəndir. Məmməd Araza məxsus “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” məşhur misraları müasir dövrdə poeziyada və ictimai mühitdə vətəndaşlığın milli düsturu kimi qəbul olunur.
    Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. Poeziyamızda Azərbaycan mövzusunda çox yazılıb. Azərbaycana çoxlu şeirlər ithaf olunub. Amma Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirinin bənzəri yaradılmayıb. Bu şeirin bütün intonasiyası şair qəlbinin ağrılarından, fəal vətəndaş narahatlığından keçir. Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz təkrarsızdır. Onun “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Atamın kitabı” poemaları hər şeydən əvvəl insan mənəviyyatının mürəkkəbliyi, tarix və müasirlik, milli tale və tarixi yaddaşın bərpası kimi fundamental məsələlərə həsr olunub.
    Ümummilli lider Heydər Əliyev Xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət vermişdir. Təsadüfi deyil ki, Məmməd Araz ilk yaradıcılığa ötən əsrin 50-ci illərindən başlasa da, onun təkrarsız istedadı 1970-ci illərdə, Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə parlamışdır. Məmməd Araza böyük şöhrət gətirən “Atamın kitabı”, “Həyatın və sözün rəngləri”, “Oxucuya məktub”, “Qanadlı qayalar”, “Aylarım, illərim” kitabları məhz bu illərdə çap olunub, əsərləri xarici dillərə tərcümə edilərək geniş oxucu kütləsinin məhsuluna çevrilib. 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunan böyük şairə 1978-ci ildə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilib, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyev Xalq şairi Məmməd Arazı “İstiqlal” ordeni ilə təltif edib. Ulu Öndər Məmməd Araz sənətini yüksək dəyərləndirərək deyib: “Bu gün bir daha Məmməd Arazın Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələri gördük, eşitdik və bunların xalqımız üçün nə qədər faydalı olduğunu bir daha bildik, bir daha dərk etdik ki, Azərbaycan xalqının həyatında Məmməd Arazın yaradıcılığının nə qədər böyük əhəmiyyəti var”. Ümidvaram ki, Azərbaycan xalqı daim müstəqilliyini qoruyub saxlayacaq və müstəqil Azərbaycanın ilk “İstiqlal” ordeninə layiq görülmüş şəxsiyyətlərdən biri kimi Məmməd Araz, Azərbaycan xalqının tarixində indi olduğu kimi, gələcəkdə də öz yerini tutacaqdır”.
    Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlar Azərbaycan ədəbiyyatının, bütövlükdə yaradıcı ziyalıların, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, ulu öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamı kimi yüksək dəyərə malikdir.

    Mənbə: https://azertag.az

  • Yazıçı-publisist Şəfəq Nasirin məqaləsi Tehran şəhərində nəşr olunan “Xudafərin” körpüsündə dərc edilib

    https://b.radikal.ru/b13/1910/80/40fc9642b153.png

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, filologiya üzrə fəlsəfə doktoru, “Respublika” gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzetinin əməkdaşı, yazıçısı-publisist Şəfəq Nasirin çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi Rəsul Rzanın zəngin bədii yaradıcılığına həsr olunan “İran İslam Respublikasının Tehran şəhərində nəşr olunan “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 16-cı sayında Türkiyə türkcəsində və fars dilində körpüsündə dərc edilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Yazıçı-publisist Şəfəq Nasirin Tehran şəhərində “Sözümdən ocaq çatmışam” adlı yeni kitabı əski əlifba ilə işıq üzü görüb

    https://b.radikal.ru/b34/1910/3b/a02dd1fecf7d.png

    https://c.radikal.ru/c07/1910/cb/70910d4f1ed4.jpg

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, filologiya üzrə fəlsəfə doktoru, “Respublika” gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzetinin əməkdaşı, yazıçısı-publisist Şəfəq Nasirin İran İslam Respublikasının Tehran şəhərində “Sözümdən ocaq çatmışam” adlı yeni (ədəbi qeydlər, publisistik düşüncələr) kitabı əski əlifba ilə işıq üzü görüb.

    Qeyd edək ki, bundan öncə istedadlı xanım yazar Şəfəq Nasirin “Ciddi söhbətlər” (1999), “Bir ömrün üçbucağı” (2004), “Məmmədəli Nasir” (2013), “Könüllərə şəfəq payı” adlı kitabı nəşr olunmuşdu.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Xalq şairi Xəlil Rza Ulutürkün “Ədəbi-tənqidi məqalələr” adlı yeni kitabı işıq üzü görüb

    https://b.radikal.ru/b24/1910/94/00b4e951ac7b.png

    “Elm və təhsil” nəşriyyatı tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi, Əməkdar incəsənət xadimi, M.F.Axundov adına ədəbi mükafat laureatı, filologiya elmləri doktoru, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, şair Xəlil Rza Ulutürkün “Ədəbi-tənqidi məqalələr” adlı yeni kitabı 536 səhifə həcmində, 500 tirajla işıq üzü görüb.
    Tərtib edən Azərbaycan Milli Elmlər Akademiyasının (AME) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Fəxri filolofiya doktoru, Azərbaycan Neft Akademiyası ictimai Elmlər kafedrasının baş müəllimi, akademik Yusif Məmmədəliyev, Rəsul Rza Xəlil Rza Ulutürk və Məmməd Araz mükafatları laureate Firəngiz xanım Ulutürkdür.

    Kitabın redaktoru və “Ön söz” müəllifi Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, filologiya üzrə fəlsəfə doktoru, “Respublika” gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzetinin əməkdaşı, yazıçısı-publisist Şəfəq Nasirdir.

    Kitaba Xalq şairi Xəlil Rza ulutürkün müstəlif illərdə yazdığı məqalələri, publisistik düşüncələri daxil edilmişdir. Şair ədəbi taleyində yaradıcılığının bir qanadı olan ədəbiyyatşünaslıq, ədəbi tənqid sahəsində də eyni maraq və coşqu ilə yazıb-yaratmışdır. Bu məqalələrin yazılmasından 50 ilə yaxın bir vaxt keçsə də, həmin əsərlər bu gün də öz aktuallığını, təsiri saxlamışdır. Qələminin qüdrəti, sözünün çəkisi, bədii dəyəri ədəbiyyatşünas-alimin ədəbi-tənqidi məqalələrində də aydın görünür.
    Kitab böyük bir dövrün ədəbi-tənqidi problemlərinin araşdırılması ilə məşğul olan tədqiqatçılar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Yazıçı-tərcüməçi Məmməd Məmmədlinin “Ay işığı” (povest və hekayələr) toplusu işıq üzü görüb

    https://a.radikal.ru/a36/1910/de/ad6a33b4d87d.png

    “Təhsil” nəşriyyatı tərəfindən Azərbaycan Yazıçılar Birliyi ilə “Ulduz” jurnalının birgə layihəsi əsasında yazıçı-tərcüməçi Məmməd Məmmədlinin “Ay işığı” (povest və hekayələr) toplusu 144 səhifə həcmində, 300 tirajla işıq üzü görüb.

    Layihənin rəhbəri Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ulduz” jurnalının Baş redaktoru, respublikanın Əməkdar jurnalisti, şair Qulu Ağsəs, redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, tarix elmləri doktoru, araşdırmaçı-şairə Həyat Şəmidir.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Şair-publisist Əli Rza XƏLƏFLİ.”Bir çinar hekayəti” (Xatirə-poema) İxtisarla

    Araz ağrısında yeri göynəyən,
    Yaddaşın bir çinar hekayəti var.
    Axşamda, səhərdə qapımı döyən
    Uşaqlıq çağımın əmanəti var.

    Yağı qabağında qürurlu çinar,
    Dayanar budağı, qolu sınsa da.
    Donar, yaddaşında bir Araz donar,
    Hər iki sahildə Vətən yansa da.

    Yolub saçlarını yellərə verib,
    Şapalaq yarpaqlar ələm-ələmdi.
    Ümid bu yerlərdə qəribdən-qərib.
    İnam qara geymiş dərdli qələmdi.

    Babəkin vurulmuş qolları sayaq,
    Budaqlar qırılıb yanına düşüb.
    Bəlkə, olanları birbəbir sayaq;
    Görək, hansı olay necə ötüşüb?

    Deyirəm bu dünya heç belə getməz,
    Yaddaş yuxuların çin olmağı var.
    Demə bu dünyanın qovğası bitməz
    Haqqın-ədalətin can almağı var.

    …Babama dost olan, atama sirdaş,
    Şəkərəli əmi yaxşı kişiydi.
    Hər sözü xatirə, kəlməsi yaddaş,
    Kənddə xeyir əməl onun işiydi.

    Xoş qılıq danışıq, sözü bütövdü,
    Hərdən şirin-şəkər gülməyi vardı.
    Xoş xəbər dilində sovqatdı, sovdu
    Pis sözü dilindən seçib qovardı.

    Keçmişi iştahla çözələyərdi,
    Əlində yediyi dürməyi kimi.
    Qismətə baş qoyar, boyun əyərdi
    Haqqı nizamında görməyi kimi.

    Bir gün də atama xoş xəbər dedi:
    Şər daban göstərsin, gülsün səhərin.
    Qismət məni çəkdi, istək yeridi.
    Çiçəyi çırtlasın sevinənlərin.

    Getdim Haraylana… oğluna de ki,
    Adına, bəxtinə bir çinar əkdim.
    Boy atıb böyüsün o çinar təki
    Söylə ki, taxtına bir ağ yol çəkdim.

    Min doqquz yüz əlli üçüncü ili
    Zaman yola salır… payızı, qışı…
    Bir insan əlinin xeyir əməli
    Bir gün qada sovar, kəsər qarğışı.

    Şəkərəli əmi illər uzunu,
    Əkdiyi çinara məni tay tutdu.
    Araz ağrısının sükut buzunu
    Qıran xatirələr sözə “toy tutdu”.

    Şirvan bulağının dumduru suyu,
    Çinarın boyunu, soyunu sevdi.
    Qismətim bəxtimə çalınan toyu
    Taleyim bu toyda “oyunu” sevdi.

    Oxatan bürcündə, ilan ilində,
    Bir bulaq başına əkildi qələm.
    Tanrı dəftərində, mələk əlində
    Bir tifil bəxtinə çəkildi qələm.

    Oğul adınadı – bitsin, göyərsin,
    Şəkərəli əmi bir çinar əkdi.
    Qundaqda inləyən tifil nə bilsin,
    O, çinar əkən gün tale dərd əkdi.

    Evimiz hündürdə, çinar dərədə
    Baxıb qürurumla qoşa durardım.
    Odlu gəncliyimi güdüb bərədə
    Mən özüm-özümə pusqu qurardım.

    Çinarın gövdəsi boyu, budağı,
    Kölgə əlləriylə başımda gəzdi.
    Acı xatirəsi bir ağrı dağı,
    Həsrəti ömrümdə, yaşımda gəzdi.

    Hərdən Şəkərəli əmi qolumdan tutub
    Əkdiyi çinara baxıb öyərdi.
    Ömrün axarında yolumdan tutub
    Bəlkə, yaddaşıma naxış döyərdi.

    Doğuldum, sevindi uruğum, tirəm,
    On dörd günü qalmış payız qarında.
    Dil açdım dil tapam, qəlbinə girəm,
    Boğuldum həyatın caynaqlarında.

    Xeyir əməl kişi bulaq başında
    Bir çinar qələmi sancmışdı yerə.
    Bir qələm tutanın öz yaddaşında
    İndi ağlar qalıb o dağ, o dərə.

    Nənəm deyərdi ki, sən olan günü,
    Bir ulduz yanırdı göyün üzündə.
    Dan üzü səhərdə öz gördüyünü,
    Bəxtimə yozmuşdu suyun üzündə.

    Göbəyimi kəsən Sənəm nənənin
    Dilləri Araza tapşırdı məni.
    Üyünər ağzında bu dəndənənin
    Araz ağrısıyla ömrümün dəni.

    Yağda piltə tutan Zülfü nənəm də
    Qurbani pirinə nəzir aparır.
    İndi karxana var dağlı sinəmdə
    Yaddaş qəlpə-qəlpə qaysaq qoparır.

    İllərin qovğası ömrümü yedi,
    Bilmədim o çinar necə böyüdü.
    Taleyim üzümə güldü-gülmədi,
    Alnıma yazıldı çinar öyüdü.

    Sinəmdə min dərdin gülləri bitdi,
    Ömür bulağından əzab içdikcə.
    Hər dəfə inamdan bir zərrə itdi
    Sınıq körpülərdən ötüb keçdikcə.

    …Mənim ürəyimdə Xan Çinar adlı,
    Hələ yazılmayan bir kitab yatar.
    Ömrün dan üzündən yol gələn atlı
    Gün kimi doğular, Ay kimi batar.
    ***
    Bu gecə yuxumda öpdüm yolları,
    Xaraba yurdları Araz boyunca.
    Bədənsiz başları, kəsik qolları
    Sıxdım qucağıma, sıxdım doyunca.

    Yanımca gedirdi şəhid oğullar,
    Çinar oğulların boyunu gördüm.
    Bitib-tükənməzdi burda nağıllar,
    Sonunda almalar oyunu gördüm.

    Bizi içimizdən çağıran səsə
    Əl-ələ, qol-qola haray verək biz.
    Şəhid oğullarla nəfəs-nəfəsə,
    Zamanın özünə sinə gərək biz.

    Arzunun, istəyin diləyi gülsün,
    Arazı yol bilək Vətənə sarı.
    Qəzəbin tufanı tüğyana gəlsin,
    Dağılsın, sökülsün bu dərd hasarı.
    ***
    Vətənin sinəsində,
    Dərd yarpağı saralar,
    Ümidlərin səsində
    Nəfəs yanar, qaralar.

    Dedim sözüm göyərər,
    Ümidim xəzan oldu!
    Soraq salar göy ərər,
    Arzular nə tez soldu…

    Göynəyən ürəklərdə,
    İnam göy daşa döndü.
    Vədəsiz küləklərdə
    Bir çıraq yandı, söndü.
    ***
    Həmyaşıdım çinar təki boy verib
    Ürəyimdə bitən dərdin ağacı.
    Ucalığı günəş dərib, Ay dərib,
    Vüsal adlı meyvəsindən bar acı.

    Gövdəsində göynəyidi harası,
    Kövrək-kövrək əyrilənib budaqlar.
    Qabıq-qabıq, qaysaq-qaysaq yarası
    Dağ-dağ olub boy göstərir bu dağlar.

    Ömür keçir günüm fəsil sorağı,
    Yarpaq-yarpaq, dilək-dilək saralar.
    Oxunmadı bu kitabın varağı
    Tapılmadı bu dərdimə çaralar.

    Küştü tutduq, cəng aradıq, nə fayda?
    Mən qəmləri, qəmlər məni ötmədi.
    Həsrət məndə, vüsal qalıb o tayda
    Ha çağırdım, harayıma yetmədi.

    Budağına, meyvəsinə baxıram,
    Ağrı-ağrı, yara-yara barı var.
    Bəxtim gülür, dərd selində axıram,
    Deyin kimin mənim kimi varı var?!
    ***
    Bəxtimə əkilən çinar qardaşım,
    Gövdələr, budaqlar, gözlə, gələrəm.
    Mənim ömür payım – kitab yaddaşım,
    Qələmlər, varaqlar, gözlə, gələrəm.

    Yaddaş tufanından yağar bir dolu,
    Taparam xatirə ağacı, kolu…
    Ot-alaf bassa da çığırı, yolu,
    A yollar, yolaqlar, gözlə, gələrəm.

    Ula, ulamağın canımdan keçsin,
    Səsin qana dönsün, qanımdan keçsin.
    Ağzı yanmış qurdum yanımdan keçsin,
    Közərən ocaqlar, gözlə, gələrəm.

    O dağ da, dərə də nəfəsə gəlsin,
    Yerisin qol-qola, qoy kəsə gəlsin.
    Dirilsin daş-qaya, bu səsə gəlsin,
    A batmış soraqlar, gözlə, gələrəm.

    Başımda ağ çiçək – gülüm gətirər,
    Həsrətinə yansam, külüm gətirər.
    Sözü dilim-dilim dilim gətirər,
    Sinəm üstə dağlar, gözlə, gələrəm.

    Quş kimi sıçrayıb keçdiyim sallar,
    Bələni qıy tutan təpələr, yallar.
    Sevgimə şahidsən çəpərlər, çallar,
    A günlər, a çağlar, gözlə, gələrəm.

    Başımda dolanan, yanan eşməsən,
    Ürəyimi bu yol üstə deşmə sən.
    Könlümə, gözümə dolan çeşməsən,
    Öpdüyüm bulaqlar, gözlə, gələrəm.

    Gözlərim qaralıb tora düşsə də,
    Xal-xal ürəyimə yara düşsə də.
    Diləyim, istəyim tara düşsə də,
    Soyuqlar, sazaqlar, gözlə gələrəm.

    Məni bir alagöz qəbir gözləyir,
    Daşında yazılan səbir gözləyir.
    Neçə-neçə yaddaş bir-bir gözləyir,
    Qara üstə ağlar, gözlə, gələrəm.

    Mənbə: http://edebiyyatqazeti.az

  • Sumqayıtda Birinci Mədəniyyət Festivalı keçirilib

    https://a.radikal.ru/a20/1910/ed/1e572c89612c.jpg

    Sumqayıt şəhərinin 70 illiyinə həsr olunan bir-birindən maraqlı tədbirlər sırasına mədəniyyət işçilərinin töhfəsi də əlavə olunub. Oktyabrın 10-da Sumqayıtda Birinci Mədəniyyət Festivalı keçirilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşan incəsənət bayramı bu yaxınlarda yubileyini qeyd edəcək Sumqayıtın şəhər statusu almasına həsr olunub.
    AZƏRTAC xəbər verir ki, festivala Sumqayıt Regional Mədəniyyət İdarəsinin tərkibində fəaliyyət göstərən Abşeron, Xızı, Şuşa, Zəngilan, Qubadlı rayonları ilə yanaşı, Şamaxı, İsmayıllı, Quba və Kürdəmir rayonlarının mədəniyyət kollektivləri də qatılıb.
    Festival iştirakçıları şəhərin Kimyaçı Mədəniyyət Sarayının önündəki meydanın perimetri üzrə yerləşərək bir-birindən maraqlı çıxışlar, rəqs nömrələri, Kukla Teatrının tamaşalarından parçalar, şeirlər, milli musiqi alətlərində ifalar, əl işlərini, rəsmlərini, tətbiqi sənət nümunələrini, ölkəmizin ayrı-ayrı bölgələrinin folklor və mətbəxini həvəslə təqdim ediblər.
    Əsl bayram ab-havasında keçən festivalı izləyən çoxsaylı şəhər sakinləri və qonaqlar arasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri də olublar.
    Festival Kimyaçı Mədəniyyət Sarayının tamaşa zalında böyük bayram konserti ilə davam edib. Sumqayıt musiqi məktəblərinin müəllimlərindən ibarət xalq çalğı alətləri orkestrinin müşayiəti ilə çıxış edən xor kollektivi və solistlərin ifaları monitorda bu gün gözəlləşən və müasirləşən Sumqayıtın gözoxşayan videogörüntüləri ilə tamamlanıb.
    Sonda şəhərin 70 illik yubileyi ilə bağlı keçirilən müsabiqənin Sumqayıta həsr olunmuş “Ən yaxşı şeir” və “Ən yaxşı mahnı” nominasiyaları üzrə qalibləri mükafatlandırılıb.

    Mənbə: https://azertag.az

  • Sumqayıt şəhərinin yaranmasının 70 illiyinə həsr olunmuş “Mədəniyyət festivalı” keçiriləcək

    Əziz dostlar!
    Sizi Sumqaytın 70 illik yubileyinə həsr olunmuş “Mədəniyyət festivalı”na dəvət edirik!
    Festival 10 oktyabr 2019-cu il tarixində saat 15:00-da Kimyaçılar sarayının qarşısında başlayacaq.

  • Şairə-publisist Nəcibə İLKİN.”Bilmirəm”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Sən ömür baharı, mən könül qışı,
    Haraya gedəcək bu yol, bilmirəm.
    Mən bəxtin önündə payız yağışı,
    Alırsan könlümü gəl al, bilmirəm.

    Ayrılıq deməyə gəlmədi üzüm,
    Verdiyin vədəndə qışladı sözüm,
    Həsrəti eyləyib dağ, dərə, düzüm,
    Çəkdin sinəm üstə min yol, bilmirəm.

    Könlümün evinə bir yol uçduğun,
    Gözümdən gizlənib nədən qaçdığın,
    Hər məni görəndə geniş açdığın,
    Kimlərə açılır o qol, bilmirəm.

    Deməyin sərxoşam, xumar çəkibdi,
    Mənə nə dağ çəkib o yar çəkibdi,
    De kimin saçına tumar çəkibdi,
    Əlimdə buzlayan o əl, bilmirəm..

  • Şairə-publisist Nəcibə İLKİN.”Bu yağış”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Döyür pəncərəmi payız yağışı,
    Dəli sevgimizin göz yaşı kimi,
    Səni arzulayır kövrək baxışım,
    Neçə min illərin sirdaşı kimi.

    Elə möhtacam ki, bax bu an sənə,
    Qəlbimin ağrısın yağış da duyur.
    Səngimək bilməyə bu yağış yenə
    Bəlkə sevgimizin günahın yuyur.

    Həsrət ünvanlıdı, vüsal gileyli,
    Mənə gizli-gizli baxan bu yağış.
    Baxışı Məcnundu, gedişi Leyli,
    Sevdalı qəlbimə axan bu yağış.

    Gəl tut əllərimdən ürəyimizi –
    Yağışın altında boşaldıb, doyaq.
    Gizlədək, yağışdan gileyimizi,
    Özümüz sevginin günahın yuyaq.

  • Şəfa VƏLİYEVA.”Poçtalyona məktub”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Qaytar mənim məktubumu,
    Aparma yara, poçtalyon…
    Qırma yarın ürəyini,
    Eyləmə para, poçtalyon…

    Dəyişik sal o ünvanı,
    Başqa qapını silkələ…
    O ağlayaraq oxuyar,
    Başqaları gülə-gülə…

    Qaytar geri günahımı,
    Savabın da qoy bu olsun…
    Girmə mənim günahıma,
    Qıyma ki, gözləri dolsun…

    Qaytar geri məktubumu…
    Gəldiyi ünvana göndər…
    Vallah, ağladacaq onu,
    Titrəyəcək açan əllər…

    Hirsini sənə tökəcək…
    Ayrılıqdan yaman qorxar…
    Ümid evini sökəcək,
    Çətin bir də təzdən qurar…

    Qaytar, poçtalyon, qaytar,
    Vallah, mən də ağlayacam…
    Ona doğru gedən yollar
    Bu məktubla bağlanacaq…

    Qaytar mənim məktubumu,
    Aparma yara, poçtalyon…
    Qırma yarın ürəyini,
    Eyləmə para, poçtalyon…

  • Şəfa VƏLİYEVA.”Gözlədiyim Mikroavtobus” (Esse)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Yenə də yağış yağır… Göylər mənim səbrimimi sınayır? Ürəyimi çırpıb yolların səkilərinə, qaçıram, qaçıram həmin yerə… Burda dayanacağam, bax burda; bu böyük şəhərin ensiz bir yolunun kənarında… Gələcək indi mikroavtobus… İnsanlar həyatın rəngləri içərisində bir az qəmli, bir az boz… Onların nəsibi olmayıb axı, hardasa rəngarəng bir göy qurşağı… Yağışdan az sonra o görünəcək… Mənim gözlədiyim mikroavtobus gələcək…

    Gələcək ki, gətirsin mənə gözəl gözləri… Axı çoxdan itirmişəm sahilli dənizləri… İndi axtarmıram nə sahil, nə qum; indi axtardığım taleyimin məni hardasa unutduğu, hakimi tənhalıq olan bir ada… Bir də… Bir də nə yaxşı ki, o gözlər var dünyada!

    Sərt baxışlar… Dünəndən qalan “bağışla” kəlməsinin həyata ətasıdır… Kim bilir, bəlkə bu arzu da ömrümün xətasıdır?! Sabah baxıb danlayacağam özüm-özümü…

    Amma…Amma, yenə çəkə bilmirəm yoldan gözümü. Gələcək… Gələcək gözlədiyim mikroavtobus… O baxışlarda isə sehr, amma mənə hədiyyəsi yox….

    Nolur, ay ürəyim, dayan! Dinmə! Sus! Yalan ümidlərdən qırılmısan çox… Ya da yox! Ümid sonuncu ölür… Bəlkə də hər gün yenidən doğulur, kim bilir?!

    Nə isə…Ümiddən bezmişəm…Ümiddən…

    Nə isə…Çırpın ay ürək, mikroavtobus gəlir…

    (2010)

  • Şəfa EYVAZ.”Bir şəklin qalaydı”

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    O ötən günlərdən xatirə kimi,
    Nə ola bir şəklin qalaydı məndə.
    Qırıq ürəyimə kömək, təsəlli,
    Nə ola bir şəklin qalaydı məndə.

    Gecdi göz yaşımı töküm o günə,
    Günlər yas saxlamır itkin ömrünə.
    Mən kölgə oluram yollara yenə,
    Nə ola bir şəklin qalaydı məndə.

    Bilirəm rəsmin də qəm gətirəcək,
    Zilimi udacaq, bəm gətirəcək,
    Quruyan gözümə nəm gətirəcək,
    Nə ola bir şəklin qalaydı məndə.
    Nə ola bir şəklin qalaydı məndə.

  • Şəfa EYVAZ.”Kim bilir”

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    Alnıma yazılan yazıya bir bax,
    Kim bilir daha nə görəcək gözüm?!
    Vaxtsız sönən məhəbbətin yasına,
    Görəsən çoxmu yaş tökəcək gözüm?!

    Üzümdə izini buraxır illər,
    Saralır içimdə açılan güllər.
    Gün-gündən rəngini itirir tellər,
    Deyəsən çuxura düşəcək gözüm!

    Düz yollarım döndü oldu çəpəki,
    Dağ-dərə önümü kəsib hələ ki.
    Çox yüyürdüm çatammadım sənə ki
    Elə baxa-baxa öləcək gözüm.

  • Əziz MUSA.”Neylər”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Eşqinlə döyünsə sinəmdə ürək,
    Üstümə tuşlanan daş mənə neylər,
    Nəzərin üstümdən çəkməsə fələk,
    Gözümdən süzülən yaş mənə neylər.

    Dözərəm həsrətə sən mənim olsan,
    Dünya mənim olar yanımda qalsan,
    Qaşınla, gözünlə canımı alsan,
    Tutsan əllərimdən qış mənə neylər.

    Sevda yolçusuyam əzəldən bəri,
    Dilimin hər zaman sənsən əzbəri,
    Baxma saçlarıma, ey nazlı pəri,
    Ürək yorulmasa yaş mənə neylər.

  • Əziz MUSA.”İndi”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bir səni sevirəm mən bu dünyada,
    Mən səni vermərəm özgəyə, yada,
    Gecə də, gündüz də düşürsən yada,,
    Eşqinin oduna yanıram indi.

    Dünyanın ən zərif çiçəyi sənsən,
    Güllərin ən gözəl, göyçəyi sənsən,
    Tanrının sevimli mələyi sənsən,
    Eşqinin oduna yanıram indi.

    Gəl dönüm başına pərvanə kimi,
    Əsir eyləmisən sevən qəlbimi,
    Sənsiz neyləyirəm dünya, aləmi,
    Eşqinin oduna yanıram indi.

    Qayıt gəl ömrümə nurlu günəş tək,
    Sənsiz nalə çəkir sinəmdə ürək,
    Gəl birgə sevinək, gəl birgə gülək,
    Eşqinin oduna yanıram indi.

    Əzizin sözündə axtarma yalan,
    Ürəyim, canımsan ey nazlı ceyran,
    Sənsən bu qəlbimi odlara salan,
    Eşqinin oduna yanıram indi.

  • Hikmət MƏLİKZADƏ.”Pul, məndən niyə qaçağsan?”

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    40 yaşımda təbrik gözlədiyim bir adamın «Pul səndən niyə qaçaqdır» sualına ağı

    Qırx ildi çəkirsən dara,
    Dərdimə olmursan çara,
    Qaragün adama qara,
    Ağgun adama da ağsan,
    Pul, məndən niyə qaçağsan?

    Atım yox, səyirdim, çapım,
    Ta dartma, qırılır sapım,
    Üzünə bağlıdır qapım?
    Günahı saçağ-saçağsan,
    Pul, məndən niyə qaçağsan?

    Hələ də xal altda xalam,
    Eh, arzum dəymədi, kalam.
    Uşağın yanında lalam,
    Sənin nə vecinə, cağsan,
    Pul, məndən niyə qaçağsan?

    Hirsimdən ağ gördüm çölü,
    Gümanım lal sevda gölü…
    Kiminin gözündə ölü,
    Kiminin gözündə sağsan,
    Pul, məndən niyə qaçağsan?

    Tamarzıdı canım axı,
    Boşa gedir anım axı.
    Nə qədər utanım axı,
    Əlçatmaz təpəsən, dağsan,
    Pul, məndən niyə qaçağsan?

    Məni quru ah bilirlər,
    Gah bilmirlər, gah bilirlər.
    Sənisə Allah bilirlər,
    Nolar başımıza yağsan…
    Pul, məndən niyə qaçağsan?

    Ruhum bir qövmə «nun» olsun,
    Ya Atilla, ya Hun olsun…
    Adamsan, Allahun olsun,
    Bir yol da bu canı bağ san,
    Pul, məndən niyə qaçağsan?

  • Hikmət MƏLİKZADƏ.”Qorxudur canımı ayrılıq köçü”

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Qorxudur canımı ayrılıq köçü,
    Hər addım səsindən qapım titrəyir.
    Nə vaxtdır ucuna üzük bağlanıb,
    Suya sallamaqdan sapım titrəyir.

    Şeytan adam kimi təmənnadadır,
    Nə bir sevməyi var, nə bir sevdası.
    Dualar ovcumda çürüyür elə,
    Artıb torpağın da qəbir sevdası.

    Bu boyda şəhərdə bir adam yoxdur,
    Təklik acısından solur şam bədbəxt.
    Sənin bir günahlıq alın yazın var,
    Mən başdan-ayağa günaham, bədbəxt.

    Dolu küçələrdə boşluq qıy vurur,
    Yaman öyrəşibdi möhnət, qəm bura.
    Bu şəhər elə bil bir quyu olub,
    Kim kəsib kəndiri, düşmüşəm bura?!

    Elə bulanmışam, min il gərəkdi
    Sakit bir hücrədə kükrəyim, çöküm.
    Adam axtarıram, tutub əlindən
    Üstünə ağrımı-acımı töküm.

    Bu boyda şəhərdə təkəm elə bil,
    Sən də, elə bil ki, zəlisən artıq.
    Mən sənə demişdim, bu qədər sevmə,
    Gecdir… gözün aydın, dəlisən artıq.

  • KÜMBET DERGİSİ SİZLERLE VAR

    1999-2019 KÜMBET DERGİSİ 20 yıldan beri Türk Kültür ve sanatına ışık tutuyor.Son yıllarda gazete ve dergiler özellikle ekonomik sebeplerden bir bir kapanırken KÜMBET DERGİSİ çizgisini bozmadan Kültür ve Turizm Bakanlığı Süreli Yayınlar Abonesi olarak Bakanlığımızın ve sizlerin büyük desteğiyle taşradan tüm dünyaya ulaşmaya çalışıyor.
    Sahipliğini Tokat Şairler ve Yazarlar Derneği adına Hasan Akar,Genel Yayın Yönetmenliğini Mahmut Hasgül,Yazı İşleri Müdürlüğünü Sündüs Akça’nın yaptığı derginin Yayın Kurulunda Kumrugül Türkmen Akın,Nihat Aymak,Ahmet Divriklioğlu,A.Turan Erdoğan,M,Necati Güneş ,Remzi Zengin yer alırken ;Yayın Danışmanlarımız arasında ;
    Prof. Dr. Saim Sakaoğlu,Prof. Dr. Mehdi Ergüzel,Prof. Dr .Kazım Yetiş,Prof. Dr. Ali Akar,Prof. Dr.Tamilla Abbashanlı,Prof. Dr. İzzet Kadıoğlu, TÜRKSAV Başkanı Yahya Akengin ve İLESAM Yön.Kurulu Üyesi Emekli Vali,Şair Ayhan Nasuhbeyoğlu bulunuyor..
    Yakın ilgilerinize sonsuz teşekkürler….Varlığınız varlığımızdır.

  • Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    * * *

    ANA DİLİM, AZƏRİ DİLİM

    Sən mənim dünyamsan, mənim həyatım,
    Sən mənim varlığım, toyum-büsatım,
    Sən ana laylamsan, sən ilk bayatım,
    Mənim Ana dilim, Azəri dilim.

    Fizuli dünyamın sözü-söhbəti,
    Nizami eliminin şanı-şöhrəti,
    Sən Oğuz yurdumun Qorqud qeyrəti,
    Mənim Ana dilim, Azəri dilim.

    Sənsən Üzeyrimin nəğməli dili,
    Sənsən Babəkimin vuruşan əli,
    Uca dağlarımın kükrəyən seli,
    Mənim Ana dilim, Azəri dilim.

    Səndə gözəlləşir ruhumun səsi,
    Səndə doğmalaşır, eşqin həvəsi,
    Səndən ilham alır, şerin nəfəsi,
    Mənim Ana dilim, Azəri dilim.

    Bu dildə tapmışıq haqqı, salamı,
    Bu dildə tanıdıq şuru, muğamı,
    Sən ulu xalqımın müdrik kəlamı,
    Mənum Ana dilim, Azəri dilim.

    Səni qeyrətinə sığışdırmayan,
    Səni ülfətiylə qoşa tutmayan,
    Gəlsin gözlərindən süd zaman-zaman,
    Mənim Ana dilim, Azəri dilim.

    NİYƏ SEVƏMMƏDİK BİR-BİRİMİZİ

    Ömrümə-günümə bir baxışıydın,
    Mən külək, sən isə gur yağışıydın,
    Çiçəkli bahardın, mən naxışıydım,
    İndisə baharın solub bənizi,
    Niyə sevəmmədik bir-birimizi?!

    Mən qumlu-qayalıq, sənsə səhraydın,
    Axı, sən əzəldən mənə doğmaydın,
    Mən coşğun bir dəniz, sənsə dalğaydın,
    Yuduq sahillərdən izlərimizi.
    Niyə sevəmmədik bir-birimizi?!

    Baxır əksimiz də bulaq gözündən.
    O vaxtdan bizləri salıb gözündən,
    Beləcə, qəm çəkən eşqin izində,
    Qarışıq salmışıq sözlərimizi.
    Niyə sevəmmədik bir-birimizi?!

    Çiçəyin rəngiydik, gülün rəngiydik,
    Coşan qəlbimizin eşq çələngiydik,
    Axı, bu yollarda niyə ləngidik?
    Daşamı çırpmışıq ürəyimizi?!
    Niyə sevəmmədik bir-birimizi?!

    Bir cavab tapmadıq nə sabahlara,
    Döndük günahlara, döndük ahlara,
    Ağ günlü sevgiyə geydirib qara,
    Həsrətə qərq etdik gözlərimizi,
    Niyə sevəmmədik bir-birimizi?!

    Neçə açılmamış sabah içində,
    Qovduq gecələri günah içində,
    Ömrümüz-günümüz min ah içində,
    Güldürə bilmədik taleyimizi!
    Niyə sevəmmədik bir-birimizi?!

    Bu eşqin yolunda çəkilməz dərdi,
    Sərdi sinəm üstə hicranlar sərdi,
    Nəcibə çox dedi, çox qəmlər yedi,
    Daha bağışlamaz bu sevgi bizi!
    Niyə sevəmmədik bir-birimizi?!

  • Şəfa VƏLİYEVA.”İş və İşşa” (Hekayə)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Kişi canındakı ağrıların adını bilmirdi. Qollarının arxasında iki qanad yeri göynəyirdi. Nə vaxtsa qanadlarının olduğunu xatırlamağa çalışırdı. Bacarmırdı… Ya yaddaşı yoxa çıxmışdı, ya da heç əvvəldən qanadları olmamışdı. Bəs, o, yaşıl-boz dağların üstündən necə uçmuşdu? Bura necə gəlib çıxmışdı? Bu susuzluqdan cadar-cadar olmuş torpaqda onun nə işi vardı?

    Ayağa qalxıb sağ əlini alnına qoydu, üfüqə doğru baxmağa başladı. Burnuna gələn yanıq qoxusuna tərəf addımladı. Birinci addımı çox ağrılı idi; elə bil ayaqları onun gücü üçün hesablanmamışdı. Hər güc verdiyində qabırğaları dartılır, şiddətli ağrıdan dişlərini qıcayır, gözlərini qıyırdı. İkinci addımı birincidən az ağrılı oldu… Üçüncü… Dördüncü… Kişi on üçüncü addımı atanda uzaqdan çıxan narıncı tüstünü gördü. Yanıq iyi də getdikcə kəskinləşirdi.

    …Kişi boz torpaq yığınının üstünə yalın ayaqlarını qoyanda qabırğalarındakı ağrı xəfifləmişdi. O, bu ağrıya mətanətlə dözürdü… Dözməliydi… Axı, kişi idi! İndi narıncı tüstünün ağ-mavi alovdan çıxdığını da görürdü, üzü alova tərəf dayanan qadını da… Qadının əllərində qanad qırıntıları vardı. O, bu qırıntıları dırnaqları ilə didişdirir, alova atır, başını yelləyir, uzun şabalıdı saçlarının kürəyindəki rəqsindən xoşhallanırdı. Kişi irəli addımlayıb qadınla üzbəüz dayandı. Qadın əvvəlcə ürkdü, qanad qırıntılarını didişdirməyi bir anlığına dayandırdı. Diqqətlə kişinin gözlərinin içinə baxdı. Kişi onun baxışlarındakı rəngarəng alovun odunda bütün ağrılarının şirinləşdiyini hiss etdi… Əzalarındakı gərilmənin səbəbini beyninin içində axtarmağa çalışdı, bacarmadı… Əlini qarnının aşağısına uzatdı…

    Qadın əlindəki sonuncu qanad parçasını alovun üstünə elə hünərlə atdı ki… O, öz qalibiyyətindən məst olmuşa bənzəyirdi. Kişinin gərilən əzalarına zidd olaraq onun bütün gücü yoxa çıxırdı… Sanki indicə kişinin körük kimi qalxıb-enən burun pərələrindən isti səhra küləyi çıxıb onu başdan-ayağa qarsalayacaqdı… Qadın qarsalanmaq ehtimalından xoflanan kimi oldu, lakin tezcə də sonunu düşünmədən özünü kişinin qolları arasına atdı…

    …Deyilənə görə, Lusiferin kitabında Gehenna düzünün alovları ağ-mavi, tüstüsü narıncı rəngdə çəkilib… Və həmin gündən sonra qadın alovu unudub, kişi isə bunu onun yadına salmaqdan ehtiyat edib. Uzun müddət bəşəriyyət odsuz yaşayıb. İnsan oğlunun odla barışması unutmağı öyrənməsindən çox sonra olub…

    …Kişi tapdığı qırmızı giləmeyvələri sol ovcuna yığdı, birdəfəlik ağzına tullayıb çeynəməyə başladı. İkinci dəfə ovcunu yenə doldurdu. Yenə ağzını açıb əlini ağzına yaxınlaşdırdı. Bir anlığa baxışları donuqlaşdı, ağzını bərk-bərk yumdu. Ovcundakı giləmeyvələrə baxa-baxa ilk dəfə özünü günahlandırdı. Sağ əlini sol ovcuna dayaq edib ehtiyatla qadına tərəf addımladı. Qadın tapdığı bitki kökünü daşa sürtür, torpağını təmizləməyə çalışırdı. Kişi ovcundakı giləmeyvəni onun ağzına tökdü. Qadın ağzını marçıldadıb gülümsədi, əlindəki bitki kökünü iki yerə böldü. Nisbətən böyük hissəni kişiyə uzatdı…

    …Kişi sarmaşıqlardan hördüyü tələyə yaxınlaşdı. Tələdəki quşun gözəlliyinə baxa-baxa qaldı. İlk dəfə bu cür quş görürdü; uzun lələkli, hər lələyi də başqa rəngdə. Quşu boğub öldürməyə əli gəlmədi. Onu hər iki əliylə ehmalca göyə qaldırdı, üzünü səmadakı bircə əlçim buluda tutdu, quşu buraxdı. Quş mavi səmanın ənginliyində gözdən itdi. Kişinin əlləri uzun müddət göyə uzalı qaldı.

    Qadın uzaqdan kişiyə baxır, onun bu duruşunu diqqətlə izləyirdi. Sol əliylə dikələn qarnını sığallayır, sağ əliylə qarnının aşağısına bürələdiyi əncir yarpağının qurumuş saplağını dartışdırırdı. Qəfil tutan sancı qadını dizləri üstə düşməyə məcbur etdi. İlk dəfə hiss etdiyi nəfəskəsici sancı azca avazıyan kimi üzünü kişiyə tərəf tutub uladı. O, bu ulartını gecələr boyunca çox eşitmişdi. Bir boz qurdun tənhalığını ifadə etmək üçün çıxardığı səsi yamsılamaqla özünün təkliyini və bu təklikdən necə dəhşətlə qorxduğunu anlatmağa çalışırdı.

    Kişi qaçırdı, qadına tərəf atdığı hər addımda içindəki qorxusu böyüyürdü. O, qadınına nəsə olmağını istəmirdi. Əslində, aylardır qadının az-az şişən qarnına baxır, bunun niyə baş verdiyini anlamağa çalışırdı. Arada öz qarnının da nə vaxtsa şişəcəyini ehtimal edirdi. “Bəs, görəsən, niyə ikisinin də qarnı eyni vaxtda şişməmişdi? Niyə qadının qarnı ondan qabaq şişmişdi? Yoxsa, bu, qadının ondan daha üstün olduğunun göstəricisi idi? Bəlkə, doğrudan da, qadın ondan güclüdür?”. Fikirlər kişini çox yorurdu… Bu yorğunluqdan qaçıb qurtulmağa yer tanımırdı… İndi isə qadınının harayına çatmaq istəyirdi. O da ulartının təklikdən qaynaqlandığını bilirdi…

    …Qadın bir oğlan doğmuşdu. Kişi uşağa baxdıqca heyrətdən bəbəkləri genəlirdi. Necə yəni, aylardır bu balaca insan qadının qarnının içindəymiş? Yaxşı, bu hardan girib ora? Niyə girib? Sonra qadının qarnının tədricən böyüdüyünü xatırladı. Deməli, bu uşaq əvvəlcə balaca imiş, lap balaca. Sonra az-az böyüməyə başlayıb. O, böyüdükcə qadının qarnı şişməyə başlayıb… Kişi öz kəşfindən xoşhallanıb gülümsündü. Amma bitib-tükənməyən şübhələr təbəssümünü yarıda kəsdi. Uşağı daha diqqətlə süzməyə başladı. Baxdıqca da, onun üzündə, əl-ayağında özünə oxşarlıqlar tapırdı. Körpənin qarnının aşağısındakı kiçik çıxıntını görəndə isə bütün şübhələri dağıldı; bu balaca onun bir parçası idi! Onun balacası idi! Kişi əlini uşağa doğru uzatdı. Ehtiyatla barmağını yanağına toxundurub geri çəkdi.

    Qadın qınayıcı nəzərlərlə kişiyə baxırdı. Onun əlini geri çəkməsi xətrinə dəymişdi. Şəstlə uşağı götürüb kişinin qucağına uzatdı. Kişi iki əliylə uşağı ehmalca götürdü, əvvəlcə tüklü sinəsinin üstünə qoydu, sonra yavaş-yavaş dikəldi, ayağa qalxdı. İkiəlli uşağı üzü səmaya doğru uzatdı… Amma, uşaq rəngarəng quş kimi uçub getmədi, balaca barmaqları ilə kişinin baş barmağından bərk-bərk yapışdı. Kişi anladı ki, bu barmaqlar həmişə onun barmağından asılı qalacaq… Nə qədər ki, o, əlini çəkməyib, balaca onu buraxmayacaq. Kişinin çiyinləri yük götürmüş kimi azca büküldü, dizlərindən xəfif titrərti keçdi. Lakin o, təpərini itirməməyə cəhd göstərdi. Dərk etdi ki, yıxılsa, balacası əlindən düşəcək və daşa-torpağa bərk dəyib ağrıyacaq.

    Ağrı… Söz bu torpağa gəldiyi ilk günü kişinin yadına saldı. Kürəyindəki göynərtinin xatirəsi də ağrıverici idi. Sadəcə, bu dəfə kürəyi yox, elə bil ürəyi ağrıyırdı. Qorxa-qorxa uşağın kürəyinə baxdı. Orda qanad yox idi! Kişi sevincini qadınına bildirməyə tələsdi; dodaqlarını geniş açıb bütün dişlərini göstərdi. Sinəsindən bir “ah” qopdu, ardınca da hırıldadı. Qadın kişinin sevincinin səbəbini çoxdan anlamışa bənzəyirdi. O da gülürdü. Amma onun gülüşündəki sevinc şəlaləsinə hiyləgərlik lili də qarışmışdı.

    …Kişi anlayırdı ki, etdiyi günah doğum sancısı çəkir. Ölümün doğulmağına az qalıb… Bəlkə bir addım, bəlkə də iki barmaq… Qadın əlindəki quru çiçəyi daş oyuğundakı suyun içinə ovxalayır, əndişəylə kişini süzürdü. Hərdən də baxışlarını yaxınlıqdakı boz təpəyə tərəf çevirirdi. Gün ağaranda oğlu evdən çıxmışdı. Söz vermişdi ki, bütün boz təpələri aşacaq, yaşıl dağların zirvələrinə çıxacaq, atasının haqqında danışdığı bağı tapacaq, həyat ağacının meyvəsindən qoparıb gətirəcək… Atası da o meyvədən yeyib ayağa qalxacaq və bir daha ölümün doğulmasını iztirablı intizarla gözləməyəcək…

    Amma gün çoxdan boz təpənin keçəl başının üstünə çatsa da, oğuldan xəbər yox idi. Qadın çiçək qurusu qatdığı suyu ovuclayıb kişinin boynuna-boğazına sürtdü. İkiəlli onun ayaqlarını ovxalamağa girişdi. Yavaş-yavaş hiss edirdi ki, kişinin ayaqları əlinin altında soyuyur… O bu soyuqluqdan qorxurdu… Qışda, qar yağanda onun özünün də əl-ayağı buz kəsirdi. O qədər olmuşdu ki, bir əliylə ərinin, o biri əliylə oğlunun ayaqlarını ovxalayıb isitdiyi. Onda soyuq ayaqlar əlinin altında isinirdi. İndi də ayaq həmin ayaq, əl həmin əl idi. Bəs niyə getdikcə buza dönürdü? Qadın qorxurdu… Tək qalmaqdan qorxduğu kimi heç nədən qorxmamışdı indiyədək… Vəhşi heyvanlar, tikanlı kollar, qar uçqunları, aylarla yağış üzü görməyən sarı-boz çınqıllı torpaq; heç nə, heç nə onu təklik qədər qorxutmurdu…

    Kişinin boğazındakı xırıltı artırdı, elə bil kimsə onun nəfəsinin ucundan tutub canından çıxarmaq istəyirdi. Qadın gah gözünü açmağa taqəti qalmayan kişiyə, gah da boz təpənin arxasına gizlənmək üçün yavaş-yavaş aşağı enən günə baxırdı. Hələ ümidi ölməmişdi; oğlu hər an əlində həyat meyvəsi təpədən enən cığırda görünə bilərdi…

    Gün təpənin arxasında gizləndi, işığından bir süzümlük ayrılıb təpənin başının üstündə cilvələndi. Hər gün bu vaxtlarda təpə bənövşəyi rəng olurdu. Qadın boynunu irəli uzadıb təpəyə daha diqqətlə baxdı. Bəbəkləri parıldadı; oğlunun qaraltısı cığırda görünmüşdü… Qadın kişini silkələdi ki, gözünü açsın. Kişi qadınına hay vermək istədi, kirpiklərini tərpətdi, amma gözlərini açammadı. Qadın azca dikəldi. Oğlunun əlindəki həyat meyvəsini görmək üçün səbirsizlənirdi…

    Oğul əliboş gəlmişdi… O, atasının son ümid yerini – həyat ağacı bitən bağın yolunu tapmamışdı… Qadın iki əlini üzünə tutub hönkürür, ürəyində gah özünü, gah oğlunu günahlandırırdı… Başını qaldırmağa cəsarət eləmirdi; birdən oğlu onun gözlərindəki peşmançılığı görər, hər şeyi başa düşər… Axı, o, heç vaxt günahsızlığın bəkarətini pozan kimi xatırlanmaq istəmirdi. Əksinə, istəyirdi ki, qadın bəkarəti məsumluğun simvoluna çevrilsin… Bu arzusunun gerçəkləşməsi üçün o, insanlığın ilk qurbanını vermişdi; kişinin qanadlarını oda atıb yandırmış, odu lənətləmişdi… Bundan sonra olacaqların günahkarını göstərmək üçün əbədi olaraq şəhadət barmağını kişinin sağ qabırğasına doğru uzatmışdı…

    Kişi son dəfə dərin bir nəfəs alıb susdu… Daha nəfəsi gəlmədi… Ölümün doğum anında o, qadının bütün günahları üçün həmişə sinəsini irəli verdiyini, oğluna da məhz bunu miras buraxdığını dərk etmişdi… Vicdanı hər yanağında bir gilə göz yaşının içində gizlənmişdi… Yavaş-yavaş bu damcılar da unudulacaqdı…

    …İş və İşşanın insanlığa qoyduğu miras ölümlə bərabər, bir də həyat ağacının meyvəsini axtarmaq oldu… O gün-bu gündür oğul nağıla dönmüş Cənnət bağını və sonunda göydən düşən üç almanı axtarır… Bu almalardan biri dünya xalqlarının folklorundakı “sehrli alma”ya dönüb… Məlikməmmədi qırx arşın quyunun dibinə çəkən bu alma idi. Qəribədir ki, Məlikməmməd həyatın “ağ qoç-qara qoç” nizamını da ancaq quyunun dibində dərk edib… Nağılın sonundakı bəxtəvərlik isə insanlığın heç vaxt ölməyən ümidləridir…

    İkincisi hələ də assasinlərin (ismayillilərin) özünütəsdiq üsuludur. Hələ də onlar bütün dünyanı həyat almasının yerini bildiklərinə, onu bütün bəşəriyyətdən qoruduqlarına inandırmaq istəyirlər.

    Üçüncü alma isə çoxdan yeyilib… Onu İşşa dişləmişdi… İş də öz payını yemişdi. Amma üçüncü alma həyatın sonu yox, əvvəli üçün xammal idi; insanın əmələgəlmə prosesindəki insan vasitəçiliyi İşşanın ilk dişləyindən sonra meydana çıxmışdı… Övlad – ikinci ömürdür… Övladdan övlada, ömürdən ömrə ölümsüzlük qazanan da həyat ağacının özü idi!

  • Şəfa EYVAZ.Seçmə şeirlər

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    Dilimi dişimə sıxıb saxlasam,
    Yaşımı gözümə sıxıb saxlasam?
    Yazımı qışıma sıxıb saxlasam,
    Görən qaytararmı səni Yaradan?!

  • Gülnar SƏMA.Seçmə şeirlər

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Yetim xoşbəxtlik

    Yetim xoşbəxtliyə ögey anayam,
    Ona balam dedim, bəlama döndü.
    Hər yetən verməyə can atır sanki,
    Xoşbəxtlik mənimçün salama döndü.

    Salamtək verdilər, aldılar məndən,
    Bir Allah bəndəsi qıymadı mənə.
    Dedim, çox sevəcəm səni balamtək,
    O bədbəxt xoşbəxtlik uymadı mənə.

    Bircə şans vermədi, vermədi ki o,
    Mən də qismətimi bir də sınayam.
    Mənə möhtac qaldı anası ölmüş,
    Yetim xoşbəxtliyə ögey anayam.

    Gəlmişəm

    Əlindən tutmağa əlim gəlmədi,
    Ayrılaq!- deməyə dilə gəlmişəm.
    Sənə od qoymuşam… Od da müqəddəs,
    İndi də əlimdə tələ gəlmişəm.

    Bilmirəm, sən hansı tora düşəcən,
    Sevsən də, ikinci tura düşəcən,
    Nə bilim ordan da hara düşəcən,
    Haradı bilmirəm, hələ, gəlmişəm.

    Gəl burdan ayrılıq tərəfə gedək,
    Ömürlük həsrətin xeyrini güdək.
    Onsuz da bilirsən ömrü çox gödək,
    O qəlbinə düşən xala gəlmişəm.

    Günlərin bir günü

    Sən mənim ömrümə gələndən bəri,
    Mən sənin ömründən günündən keçdim.
    Sən mənim qarşıma çıxandan bəri,
    Görmədin, mən sənin önündən keçdim.

    Keçdim günah kimi ömründən sənin,
    Keçmə günahımdan, önə keçmə sən.
    Mən sənin günahın olmaqdan qaçdım,
    Qaçma günahımdan, önə qaçma sən.

    Nəyimiz vardı ki, arxada qoyaq,
    Ayrılıq gələndə qabağa düşdük.
    Biz necə bir ömrə sahib olmuşuq,
    Günlərin bir günü özümüz çaşdıq…

  • Təhminə VƏLİYEVA.”İmzasını yaddaşlara yazan alim”

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.

    valiyevatahmina@gmail.com

    “Artıq bir il ötdü Azərbaycan filologiyasında Əzizxan Tanrıverdinin yoxluğundan” – yazmaq istəyirəm. Amma əlim gəlmir. Adını eşitcək boğazımda düyünlənir sözlər… Nə? Əzizxan Tanrıverdi yoxluğu? Əgər insan qoyub getdiyi irsi ilə yadda qalırsa, xatirələrdə yaşayırsa, hansı yoxluqdan söhbət gedə bilər!? Əzizxan Tanrıverdi 23 kitab, 180 sayda elmi məqalə irs qoyub və mərd insan xarakteri ilə yaddaşlarda yer edib.

    Filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdi türk mənşəli Azərbaycan şəxs adlarını ilk dəfə olaraq tarixi-linqvistik müstəvidə tədqiq etmişdi. “Kitabi-Dədə Qorqud” abidəsində işlənən şəxs adları, dağ kultu, at kultu, obrazlar sistemi, assonans və alliterasiya kimi məsələləri ilk dəfə olaraq dilçilik və ədəbiyyat müstəvisində kompleks şəkildə araşdırmışdı. Alimin Azərbaycan və ümumtürk elmi üçün göstərdiyi fədakarlıq yüksək qiymətləndirilir. O, 2014-cü ildə “Türk dünyasının ulu atası Korkut” mükafatına layiq görülür.

    Əzizxan Tanrıverdi imzası ilə tanışlığım Bakı Dövlət Universitetinin III kursunda oxuduğum vaxta – 2015-ci ilə təsadüf edir. Yadımdadır, həmin vaxt “Azərbaycan dilinin tarixi qrammatikası” adlı fənn keçirdik. Bizə seminarlara hazırlaşmaq üçün Hadi Mirzəzadənin kitabından oxumaq tövsiyə olunmuşdu. Bir dəfə məşğələ müəllimi Səmayə xanım dərsə əlində başqa bir kitabla gəldi. Əlavə vəsait kimi gətirmişdi onu. Bu, Əzizxan Tanrıverdinin “Azərbaycan dilinin tarixi qrammatikası” adlı dərsliyi idi. Kitabı gözdən keçirdim. Bəli, bu, mənim illərdir axtardığım kitabdı. Yox, mən illərdir tarixi qrammatika ilə məşğul deyildim. Mənim axtardığım kitab elmi mübahisə, elmi fikir doğuracaq, tədqiqata yönəldəcək bir kitab idi. Dərslik müəllimə hədiyyə olunduğundan onu ala bilmədim, amma üzünü çıxardım. Qrupa da hay saldım: “Bu, çox yaxşı kitabdır. Kserokopiya edin”. Bax, həmin kitabla da başladı Əzizxan Tanrıverdi ilə mübahisələrim. Oxuduqca qeydlər edir, araşdırırdım.

    İlyarımdan sonra ADPU-nun magistraturasına qəbul olundum və dissertasiya mövzumu Əzizxan Tanrıverdinin rəhbərlik etdiyi “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasından götürdüm. Nə ADPU-nu seçəndə, nə də dildən dissertasiya yazmağa qərar verəndə Əzizxan Tanrıverdinin orada mənim tələbəsi olacağım kafedrada işlədiyindən xəbərim yox idi. Bu zamana qədər onu qiyabi tanıyırdım. Əyani tanışlığımın isə maraqlı bir tarixçəsi var… Bir imtahan sonrası tanımışdım onu. Belə ki, imtahan öncəsi bizə verilən suallarla imtahandakı sualların uyğun gəlmədiyini kafedraya bildirdik və imtahanın vaxtı dəyişdirildi. Koridorda rastlaşırıq. Tanımıram nə mən onu, nə o məni. Ancaq üzündən oxunurdu gərginliyi. Rəfiqəm böyrümü dümsükləyərək Əzizxan müəllimi nişan verdi. Uzun-uzun baxdım və görsəm bunu soruşaram dediyim fikirlər gəldi keçdi ağlımdan. Deyəsən, o da duymuşdu bunu. Baxır, təbii ki, tanıya bilmir. Mən də tez üzümü çevirirəm.

    Növbəti, Əzizxan müəllimin də dediyi o “unudulmaz görüş” yenə bir imtahan sonrasına təsadüf etdi. Bu dəfə mən də gərgin və əsəbi idim, imtahanda haqsız surətdə balım kəsildiyinə görə. Bir kafedra müdiri kimi gəlmişdi onda – məsələni həll etmək, müəllimlə aramda razılıq yaratmaq və mənim nə dərəcədə haqlı olduğumu aydınlaşdırmaq üçün. O, kafedra müdiri idi və kafedrasını sona qədər qorumağı borc bilirdi özünə. Yaxşı xatırlayıram, apellyasiya otağında onu görəndə dərhal: “Həmin müəllimi çağırın” – demişdim. O isə: “Qəsdin nədi? Bilirsən ki, o özü bu suallara cavab verə bilməyəcək, yenə onu istəyirsən?” demiş və əgər mənim balım qaldırılsa, müəllimin ağır töhmət alacağını bildirmişdi. “Mənim də bu bala görə təqaüdüm kəsilir” demişdim. Yalnız: “Yəqin ki, bilirsən mən yoxlasam, səhv tapacağam və balın bir az da kəsiləcək” deyəndə razılaşdım onun yoxlamağına. Vərəqi o yana-bu yana çevirib bir səhv tapmayanda mənim imtahan biletinin birinci sualını rum rəqəmləri verib yanına nöqtə qoymağıma gözü sataşdı. Bəli, bu, texniki səhv idi. Doğrunu yanlış yerində qoyub texniki səhvə görə bal kəsmək vicdan məsələsidir. O, bu səhvi bal kəsməyə görə və mənim haqsız olub geri çəkilməyim üçün etməmişdi. Bir müəllim qayğısı ilə: “Niyə bundan sonra nöqtə qoymusan?” sualını verdi və mən: “Olmamalıdır?” deyə təəccüblə soruşanda rum rəqəmlərinin yaranma tarixçəsindən danışdı. O, sözünü bitirmədən mən balın haqlı yazıldığına dair qol çəkdim. İlk dəfə “nə olursa-olsun dönməyəcəyəm” vədimə xilaf çıxırdım. Bu, mənim heç vaxt etmədiyim bir hərəkət və ilk dəfə atdığım bir addım idi. Mən yenə ondan öyrəndim. Bəli, o, mənə öz pedaqoqluğu ilə qalib gəldi.

    Praktika dönəmində Əzizxan Tanrıverdinin kitabları ilə daha yaxından tanış oldum. Kafedradakı kitab şkafının bir rəfində Əzizxan müəllimin kitabları yer alırdı: “Koroğlu”nun şeir dili”, “Dəli Kür” romanının poetik dili”, “Anarın nəsri”, “Azərbaycan dilinin tarixi qrammatikası”, “Kitabi-Dədə Qorqud”da şəxs adları”, “Kitabi-Dədə Qorqud”un obrazlı dili”, “Dilimiz, mənəviyyatımız”, “Poeziyanın dili, dilin poeziyası”, “Dədə Qorqud kitabı”nda at kultu”, “Dədə-Qorqud kitabı”nda dağ kultu”, “XVI əsr qıpçaq (poloves) dilinin qrammatikası”, “Kitabi-Dədə Qorqud” və qərb ləhcəsi”. Onları oxuduqca suallarım artırdı. Hələ ilk oxuduğum kitabından başlanan mübahisələrimiz apellyasiya boyunca, praktika boyunca sürdü. Hətta “Kitabi-Dədə Qorqud”un söz dünyası” kitabından ilhamlanıb bir elmi məqalə – “Baybörə oğlu Bamsı Beyrək boyu”nun dilində işlənən nitq etiketləri” yazdım. Bu dövrdə onun iki kitabı da – “Dilimiz, düşüncəmiz” və “Türkologiyamızın Afad Qurbanovu” yeni çapdan çıxmışdı. Yadımdadır, elmi-tədqiqat təcrübəmizin bir günü Axır çərşənbəyə düşmüşdü. Həmin gün onun göstərişi ilə hərəmiz bir şeir səsləndirdik və üç nəfər birinci kitabdan resenziya və rəy nümunəsi oxumuşdu. Mən də “XI-XII əsrlər türk dillərinin etnoqrafik leksikası” adlı rəy məqaləsini oxumuşdum və oxuduqca söylənən mətləblərə öz rəyimi bildirmişdim. O gün də unudulmaz oldu bizim üçün. Bəllidir ki, şeirlə, ədəbiyyatla keçən hər gün unudulmazlıq qazanır.

    Əzizxan Tanrıverdini ya koridorda tələbələrin suallarını cavablandırarkən, ya kafedrada tələbələri sorğu-suala tutarkən, ya da öz müəllim yoldaşları və tələbələri ilə hansısa bir məsələ ətrafında müzakirə edərkən görərdin. Danışa-danışa bitməzdi onun Dədə Qorqud barədə söhbətləri… Əzizxan Tanrıverdi bir müəllim kimi hər zaman hamının işi ilə maraqlanır, ona verilən sualları həvəslə cavablandırırdı. Bir alim kimi elmi mübahisə doğuran, yaxud tələbələr üçün qaranlıq qalan məsələləri qabardır, onlara aydınlıq gətirirdi. Bir kafedra müdiri kimi “əsas tələbələrin işləridir. Arzu xanım, Sənubər xanım, müəllimlər diqqətiniz onların üzərində olsun. Nə əyər-əskikləri varsa başa salın düzəltsinlər” deyə tapşırıq verirdi. Bax, bu idi Əzizxan Tanrıverdinin örnək olası şəxsiyyəti!

    Əzizxan müəllim tələbənin könlünü xoş tutan müəllimlərdən deyildi. Onun hər zaman yanında olan, haqqını kəsməyən, onu ruhlandıran, tənbəlliyinə görə danlayan böyük bir pedaqoq idi. O, daim tələbələri zəhmətkeş olmağa səsləyirdi. Onun: “Pis yazsanız da, özünüz yazın. Təcrübəsizlikdən buraxdığınız səhvləri zamanla, yazdıqca, püxtələşdikcə düzəldəcəksiniz” sözlərindən neçə tələbə ilham alıb tez bir zamanda qorxmadan, özünə inanaraq özü yazıb tamamladı, “bütün elmi mənbələri yoxladıqdan sonra bir yekun qərara gəlin” şəklində verdiyi tövsiyə, əminəm ki, neçə tədqiqatçının ana prinsipinə çevrildi.

    Praktika dövründə öyrəndik xəstə düşməyini… Sarsıldıq. Heç kim gözləmirdi bu xəbəri, heç kim inana bilmirdi. Bir neçə ay sonra da itirdik onu. Sonuncu dəfə mayda ADPU-ya gedişimdə gözüm hər yerdə Əzizxan müəllimi axtardı. Bircə kitabları qalmışdı kafedrada. Nə özü, nə səsi vardı. O zaman anladım Əzizxan Tanrıverdi yoxluğunu. Yasında xanımının dediyi “o həmişə deyirdi, məni tələbələrim yaşadacaq” sözlərini unuda bilməyəcəyəm. Heç kimdən nəsə ummadan ancaq Azərbaycan elmi üçün çalışan, 28 illik pedaqoji fəaliyyətini tələbələrini əsl müəllim, əsl alim kimi yetişdirməyə adamış Əzizxan Tanrıverdi adını tələblərin uğurları yaşadacaq və onun elm qarşısında çəkdiyi fədakar zəhmətə minnətdarlıq hissi ilə xatırlanacaq.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    GƏLİR

    Ürəklə sevəsən sevəndə gərək,
    Sevgi gələndə də, ürəklə gəlir.
    Sükutla gəlməyir, gələn nə varsa,
    Gələndə yaz, bahar küləklə gəlir.

    Oxuyur şövq ilə şeyda bülbüllər,
    Coşur, nərildəyir dərədə sellər,
    Açılır hər yanda al-əlvan güllər,
    Çəmənə naz-işvə çiçəklə gəlir.

    Çəkilir dağlardan qar, çovgun, boran.
    Yamyaşıl boyanır hər tərəf, hər yan,
    Yenə çomağına söykənir çoban,
    El-oba yaylağa tütəklə gəlir.

    Hər bulaq təptəzə bir nəğmə çalır,
    Hər yerdən bir sevinc səsi ucalır,
    Durnalar göylərdə hay-haray salır,
    Baharın nəfəsi lələklə gəlir.

    Uçur qaranquşlar hey dəstə-dəstə,
    Gözəllər nazlanır bulaqlar üstə,
    Can alır yenə də bir boyu bəstə,
    Gözəllik dünyaya mələklə gəlir.

    GÜLÜM

    Qayıt gəl ömrümə bahar, yaz kimi,
    Sevgi nədir bilək,, səninlə gülüm.
    Bezdim ayrılıqdan, həsrətdən daha,
    Sevinci biz bölək, səninlə gülüm.

    Bu sevən ürəyim qəlbim sənindi,
    Nə olar sevgilim, gəl məni dindi,
    Sənsiz bir çeşmədi gözlərim indi,
    Gəl bu yaşı silək, səninlə gülüm.

    Şirin vüsalına təşnəyəm sənin,
    İtmişəm içində dumanın , çənin,
    Gül, bülbülü olaq bağın, çəmənin,
    Sevinib bir gülək, səninlə gülüm.

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    ***

    Kimik? Bir qaşıq suyuq.
    Ol! – demə, vallah, olmur.
    Hər dua pıçıltısa,
    Hər Tanrı Allah olmur.

    Haqq – Haqdı, quzum, Onda
    İrəli-geri yoxdu.
    Bu boyda Yerin üstdə,
    İbadət yeri yoxdu…

    Şeytan salıb duvağa,
    Elədiyim zikri də.
    Sabaha saxla, yozaq
    Eh, dünənki fikri də…

    Getdik, nəfsə dəyişdik
    Şərəfi biz, şanı biz.
    Hardan tapaq, Allaha,
    Küfr etməyən canı, biz?

    Qürub çağı mələklə söhbət

    Yenə tufan qopur sübh çağı çöldə,
    Ötür namaz vaxtı, əzan qurtarır.
    Təsbeh oynatmaqdan bezib əllərim,
    Bu payız ömrümdən xəzan qurtarır.

    Sanki köç anıdı, bayırda səs var,
    Yuxum gözlərimi sınağa çəkir.
    Qapımın önündə dayanan mələk,
    Məni sakit-sakit qınağa çəkir:

    – Sən ölüm diləmə özünə, onun
    bura qayıtması tezdir, – deyirlər.
    Sonra da üzümə çəpəki baxıb,
    Arabir – Get onu bezdir, – deyirlər.

    – Nə üçün, mən axı nə etmişəm ki,
    Yəni zərrə qədər imanım yoxdur?
    Mən ki doğulandan zikr eləyirəm,
    Allah dərgahında limanım yoxdur?

    Harda lövbər salsın həqiqət gəmim?
    Mənim günahım nə, savabım nədir?
    – Üz vurma, sənöllə, mənöllə deyil,
    Soruşma, bəs buna cavabım nədir.

    – Mən əmr quluyam, sən sərbəst adam.
    – Pul yoxsa, sərbəstlik boş şeydi, mələk.
    Uşağın yanında hər gün utanmaq,
    sən de, ata üçün xoş şeydi, mələk?

    Mən Allah tanıdım İsa adında,
    O, Hikmət adında bəndə tanımır.
    Şeytan da, ruhumu necə salıbsa
    ən çox bacardığı fəndə, tanımır.

    Elə bil başıma yaz qarı düşüb,
    Daha nərd atıram daş qəbir üstə.
    Sən – səbr et, – dedikcə, səbrim daralır,
    Ruhum namaz qılır yaş qəbir üstə.

    Bir gün də görərsiz köç üstündədir,
    Əlində bir əsa, key qoca adam.
    – Bağışla, əlimdən nə gəlir axı,
    Mən sənə nə deyim, ey qoca adam?

    Çəkilir, mələyin kölgəsi itir,
    Mənim gözlərimin ədası itmir.
    Allahla, min ildi mənim aramda
    «Səbr elə! Səbr elə!» sədası itmir.

  • Eldar Nəsib SİBİRYEL.Seçmə şeirlər

    12962488_1518521525123844_528584684_o

    Deyiləm

    Uzaqda dayanma, bir yaxına gəl,
    Gəl, qorxma, sirrini yayan deyiləm.
    Onsuz da o qədər aldanmışam ki,
    Mən daha hər sözə uyan deyiləm.

    Sevgimi umanlar sanki nağıldı,
    Səni görən kimi qaçdı, dağıldı,
    Mən indi dəliyəm, yoxsa ağıllı,
    Özüm də özümə əyan deyiləm.

    Bu həsrət vüsala qovuşar haçan?
    Dünyada sən adlı bir ehtiyacam,
    Ülvi gözəlliyə gözləri acam,
    Ötəri baxmaqla doyan deyiləm.

    Heyif ki…

    Gözəl yaratsa da Tanrım bu qızı
    Özü öz qədrini bilmir heyif ki…
    İstəsə qəlbində sevinc çiçəklər,
    Gözünün nəmini silmir, heyif ki…

    Eşqinə yol alıb gələndən qaçır,
    Dərdini onunla böləndən qaçır,
    Dərdə bax, dərdindən öləndən qaçır,
    Birinin dərdindən ölmür, heyif ki…

    Gəlsə gəlişinə yollar açılar,
    Eşqindən lal olan dillər açılar.
    Gülsə, dodağında güllər açılar,
    Bir dodaq tərpədib gülmür, heyif ki…

    Dilində həyatın “neylim” , “neylim” i,
    Bəyənmir Məcnunu, sevmir Leylini.
    Qərib tənhalığa salıb meylini,
    Allahın yoluna gəlmir, heyif ki…

    Sibirel, dadına çatan istəyir,
    İstəyir o səni, atam, istəyir.
    Dünyada hər şeyi o tam istəyir,
    Yastığı yarıya bölmür, heyif ki…

  • Görkəmli Azərbaycan şairi Adil CƏMİL

    Cəmilov Adil Savalan oğlu — Azərbaycan şairi, tərcüməçi və ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin (1985), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979), “Qızıl qələm” mükafatı laureatı (1998), Azərbaycanın əməkdar jurnalisti (2015).

    Həyatı

    Adil Cəmil 1954-cü il oktyabrın 8-də Azərbaycanın Kəlbəcər rayonunun Kilsəli kəndində anadan olmuşdur. Burada ibtidai məktəbi, Mingəçevir şəhərində isə 9 saylı orta məktəbi bitirmişdir. ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır (1972-1977). Təyinatla “Yazıçı” nəşriyyatının sərəncamına göndərilmişdir. Burada poeziya redaksiyasının redaktoru olmuşdur (1977-1990).
    “Həqiqət” qəzetində baş redaktor, “Bakı” qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri, “Boz qurd” qəzetində redaktor (1990-1993), Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan mətbəədə nəşriyyat şöbəsinin rəisi (1993-1994), “Binəqədi” rayon qəzetinin redaktoru (1994-2001) işləmişdir. Hazırda “Ədəbiyyat qəzeti”nin şöbə müdiri vəzifəsində çalışır (2002-ci ildən). Hələ orta məktəb illərindən bədii yaradıcılığa başlasa da ilk mətbu şeiri – “Bahar” 1970-ci il martın 22-də “Mingəçevir işıqları” qəzetində dərc olunmuşdur. Bədii tərcümə ilə də məşğul olur. Rus, belorus, özbək, Latın Amerikası poeziyasından etdiyi tərcümələr qəzet, jurnal və toplularda dərc olunmuşdur. Onun mənzum tərcümə etdiyi “Manas” qırğız xalq qəhrəmanlıq dastanından müəyyən hissələr Azərbaycan mətbuatında dərc olunmuşdur.
    “”Manas” eposu və türk dastançılıq ənənəsi” mövzusunda elmi tədqiqatını başa çatdırıb müdafiə etmiş, filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür (2004). Həmçinin iyirmiyə yaxın bədii filmi – “Məhəbbətin son mahnısı” (Türkiyə), “Samraat” (Hindistan), “13-cü nəvə” (Qırğızıstan), “Qayıtmağı unut” (Moldaviya) və s. doğma dilimizə çevirmişdir. Şeirləri qardaş sovet xalqlarının dillərinə tərcümə olunmuşdur. Mingəçevirdə yaşayıb-yaradan şairlərin poeziya-baxış müsabiqəsinin qalibi kimi (1976) respublika kitabsevərlər cəmiyyətinin və “Mingəçevir işıqları” qəzetinin Fəxri fərmanlarını almışdır. Kutaisidə keçirilən “Mayakovski poeziya günləri”nin (1985), Qırğızıstanda keçirilən “Manas” eposunun min illik yubileyinin (1995) iştirakçısı olmuşdur.
    30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür.

    Əsərləri

    İşıqlar, pərvanələr. Bakı: Yazıçı, 1980, 53 səh.
    Gündoğandan günbatana. Bakı: Yazıçı, 1983, 72 səh.
    Aylı gecə nağılı. Bakı: Gənclik, 1984, 104 səh.
    Sözümün canı var. Bakı: Yazıçı, 1987, 112 səh.
    Yuxusunda gülən qız. Bakı: Gənclik, 1989, 72 səh.
    Ürəyimdə bir haray var. Yazıçı: 1992, 192 səh.
    El üçün ağlayan gözüm (publisistika). Bakı: Azərnəşr, 1997, 208 səh.
    “”Manas” eposu və türk dastançılıq ənənəsi”. Bakı: Elm, 2002, 204 səh.

    Tərcümələri

    “Manas” (eposdan parça). Bakı: Səda, 1995, 32 səh.

  • Şair-publisist Adil CƏMİL.Seçmə şeirlər

    Yurd yerim – dərd yerim

    İlahi, yurd yerim dərd yerim oldu,
    Torpaqla sınağa çəkilməyəydim.
    Dağlara baxıram dağlanır sinəm –
    Bu dağla sınağa çəkilməyəydim.

    Gəzir xəyalımda gəzdiyim yaylaq,
    Saralmış yarpağam, qurumuş budaq.
    Ürəyim deyəni demir ha dodaq,
    Dodaqla sınağa çəkilməyəydim.

    Bilmirəm qorxduqmu bir qaşıq qandan –
    O torpaq uğrunda keçmədik candan.
    Kişilik çıxmadı bu imtahandan,
    Papaqla sınağa çəkilməyəydim.

    Adiləm, özümdən bəzən küsdüm də,
    Yansam “Vətən” deyər göydə tüstüm də…
    Döyüşdə öləydim ayaq üstündə,
    Yataqla sınağa çəkilməyəydim.

    Gecə uçuşu

    Buludlarin üstündə
    Uçmaq necə gözəlmiş.
    Uçuruq gecə vaxtı –
    Göydə gecə gözəlmiş.

    Yerdə işıqlar yanır,
    Qaranlığı dağıdır.
    Çilçıraqlı küçələr
    Sanki boyunbağıdır.

    Ulduzlar göy üzünə
    Səpələnib nar kimi.
    Çaylar uzanıb gedir
    Gümüş cığırlar kimi.

    Pəncərədən baxan Ay
    Necə yaxından baxır.
    Aya baxa bilmirəm
    Baxdıqca gözüm axır…

    Bir gümüşü balıqdır
    Təyyarə göy üzündə.
    Üzürük, ha üzürük
    Bu səma dənizində…

    Xumar və mən

    – Мəni gəzməyə
    Apar, ay ata.
    Hamıdan gözəl
    Sənsən dünyada…

    – Yat, mənim quzum,
    Аyım, ulduzum.
    Аçılsın sabah,
    Çıxaq səhərə,
    Gedək şəhərə…

    Gör Xumar balam
    İndi nə deyir:
    – Оnda, ay ata,
    Sabahın xeyir…

    Alma satan əvəz kişi

    Аlma satır Əvəz kişi,
    Аldatmaqla yoxdur işi…
    Özü arıq, səsi qalın,
    Çağırır ki, alma alın.

    Bəzən düşür tələsiyə –
    Bənd olmayır tərəziyə…
    Аlmaları artıq çəkir,
    Özü bilər – özü əkir …

    Öz bağının meyvəsidir –
    Аlmasıdır, heyvasıdır…
    Bəzən kefi istəyəndə
    (Gözümlə görmüşəm mən də…)
    Uşaqları haylayır o,
    Мüftə alma paylayır о.

    Almanı « atmır xarala-
    Qalsın sarala-sarala”…

    Baba evi

    Bu şəhərdə yaşayır
    İki xalauşağı.
    Metronun qatarları
    Yaxın edir uzağı…

    Görüşəndə ayrılmaq
    Yamanca çətin olur.
    Orxan ilə Elnurun
    Uzun söhbəti olur…

    O deyir gedək bizə,
    Bu deyir gedək bizə.
    Sonra qərar verirlər:
    Gedəyin kəndimizə.

    Bu şəhərdə hərənin
    Nə qədər gör evi var.
    Amma ki, kəndimizdə
    Hamının bir evi var…

  • Yalçın YÜCEL.Muhteşem şiirler

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

  • Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    GƏLMƏ GÖRÜŞÜMƏ

    Gəlmə görüşümə, gəlmə,
    Heç zəng də eləmə…
    Unut olub keçənləri,
    O mənli xatirələri…
    Heç olmamış kimi
    Qara bir örtüyə bük, bərk-bərk!
    Üstündən qara bir xətt çək!
    Hicranımın əli elə qanlıdı,
    Səni yenidən ağuşuna alacaq,
    Bakirə hisslərimi oyadacaq..
    Yox .. istəmirəm, gəlmə.
    Könlümün yuvasında sənin üçün
    üşüyən günlərimi qoruyuram..
    Yana-yana sevgi ilmələrimi toxuyuram.
    Həsrətimin üzü elə soyuqdu,
    Lap Sibirin uzaqları kimi…
    Əllərim yanır, sənin üçün alışan
    dodaqlarım kimi.
    Sökəyirəm dodaqlarımı
    həsrətimin buz aynasına,
    Soyuq nəfəsində çırpınıram,
    Özümü məhbəsdə sanıram.
    Gəlmə görüşümə, gəlmə
    Gəlsən də danışma, dinmə…
    Get.. bütün ümidlərim sənin olsun,
    Təkcə sənsizliyimi aparma…

    Söz eləmisən

    Səndə nə günah var, gedən ruhumu,
    Qaytarıb yenidən təzələmisən.
    Bir az alovunla, bir az odunla
    Eşqimin bağına köz ələmisən.

    Sev məni, beləcə sevdiyin kimi,
    Olmuşam qəlbimin qəddar hakimi,
    Hər nə edirəmsə kötür ərkimi,
    Demə hər sözümü söz eləmisən.

    Dəliyəm, gözümdən uzaqlaşanda,
    Yaman kövrək ollam bir az coşanda,
    Sənə vurulmuşam desəm son anda,
    Axı, qış ömrümü yaz eləmisən.

  • İradə AYTEL.Yeni şeirlər

    Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB), UASB-nin üzvü, “Kultur.az” internet dərgisinin təsisçisi və baş redaktoru, yazıçı-şair, publisist

    Qəribəm

    Duam Allaha yetmir,
    Mən bu dində qəribəm.
    Bir qərib də içimdə,
    Birəm mində,
    Qəribəm.

    Məni doğan ögeyim,
    Göynəmə göyüm-göyüm,
    Suçuyam Yerin, Göyün,
    Dolan gendə, qəribəm.

    A balamın bələyi,
    Yer, sənnəndir diləyim,
    Aç köksünü gələyim,
    Mən bu təndə qəribəm.

    Ona deyin

    Ona deyin, verdiyi
    Dərdi də sevər oldum.
    Gözüm hər acısını
    Gördü də, sevər oldum.

    Ona deyin, əcəl də
    Məndən üz çeviribdi.
    Təxti olan köksümü
    Atəşi deviribdi!

    Ona deyin, bahara
    Çıxmam!
    Çıxmam bu qışla.
    Ona deyin can verən,
    “Can” deyəni bağışla!
    Ona deyin,
    Bağışla!

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    * * *

    burax, əllərində ölsün qırışlar,s
    çərçivə olmasın baxışlarına…
    mənə çoxdan “xala” deyir uşaqlar,
    nə tez “nənə” oldun, ay naxış anam?!

    Mən elə bilirdim,
    qocala bilməz
    mən boyda “körpəsi” olan bir qadın…
    Daha günlərimdən borc ala bilməz,
    “olmazlar”…
    Dilimdə təkbirdi adın…

    burax, qoy qocalsın “Sabir küçəsi”…
    heç kimin ilk sevda qəsri olmasın…
    “saçımda ağ kağızın boz kölgəsi…”
    -demişdin…
    o kölgə heç canlanmasın…

    burax, dizlərində kükrəsin zaman…
    burax, at oynatsın sevinc üzündə…
    mən sənin dizinə qısılıb yatan
    “körpənəm”…
    qalmışam şeir düzündə…

    əllərim açılır dörd bir tərəfə-
    mən bütün dinlərin bidətçisiyəm…
    duam himn kimi…
    “Laylay, bənövşəm…”
    Lilitin sonuncu lənətçisiyəm…

    sən nə tez yenildin ağrılarına?
    nə tez zəfər himni çaldı “can hayı”?
    sən nə tez qocaldın, ay naxış anam?
    hələ cücərməyib candan can payım…

    Yarpaq ayrılığı

    Pəncərəmdən boylanır
    Yaşılı getmiş yarpaq.
    Baxışlarım xoflanır:
    -Payıza kim qalacaq?

    Yarpaq…Yarı yaşıldı,
    Budağa yaraşırdı.
    Fəsil-ömür yaşıdı…
    Fəsil onu atacaq…

    Bu da bir ayrılıqdı…
    Rənglərə bulaşıqdı…
    Dərdim hələ uşaqdı,
    Payızla oynayacaq.

  • Şəfa EYVAZ.Seçmə şeirlər

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    Payızdı içimdə bu gün

    Payızdı içimdə bu gün
    hər kəs çəkdi getdi,
    hər kəs…
    daha isti ürəklərə.
    bir sən qaldın
    ürəyimdə…
    saralmış son yarpağım.
    ya sən mənə tutundun
    axırıncı pənahındım…
    ya mən səni buraxmırdım
    səninlə daha cox
    oxşayırdım ağaca.
    bilmirəm…
    bildiyim nə var ki?!
    anlamadım payızını bu ömrün
    məndən köçən dostlarımın
    isti fəsil axtarışını anlamadım…
    bir sən qaldın
    ürəyimdə…
    yalan-yanlış naxışlarda,
    küskün, nəmli baxışlarda
    nə mən səndən ayrılıram,
    nə sən getmək istəyirsən…
    payızdı içimdə bu gün
    hələ sənə gümanlıyam,
    çıxıb getmə son yarpağım
    keçirək bu qışı…
    çünki mən
    səninlə daha çox oxşayıram ağaca…

    Payız eşqi

    Mən payızam, sevmə məni.
    Dumanım var, çiskinim var
    üşüyərsən…
    Günəşli günlər ardından
    Nisgil dolu küsməyim var,
    payızam mən…
    Mən payızam, məni sevən
    Üç-beş sarı yarpaqdı
    ölümünə hazır olan…
    Sərt bir qışın sonrasında
    bahar görmək ümidilə
    Boz sərçələr sevər məni…
    Payız olmaq
    tənha-tənha sevilməkdi…
    Mən payızam, küləklərim
    Günü-gündən adam kəsir.
    Sevmə məni, bu sevginin
    sonu birgə üşüməkdi…
    Mən payızam, anlamazsan..,
    məhəbbətim hissə-hissə
    Göy üzündən yerə enər.
    Hər yağışın islatdığı
    Evsizlərin əliyəm mən,
    buz kəsmişəm, sevmə məni…
    Sevmə məni, mən payızam
    Payız sevmək cəsarətdir.
    Sevə bilsən bu payızı,
    Qışdan sonra səadətdir.
    Sevə bilsən… sevmə məni!
    Mən payızam, sevmə məni,
    Cəsaərtin yoxsa əgər,
    Bu payızı sevməyin
    Üzü qışa getməyi var.
    Göy üzündən al günəşin
    birdən-birə itməyi var,
    payızam mən…
    Mən payızam,
    Hər kəs sevə bilməz məni.
    Cəsarətin varsa əgər
    Sevə bilsən…
    Qışdan sonra səadətdir.

    31.08.2018

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    NƏ OLAR

    Gəl baxım hüsnünə , gəl ay bəxtəvər,
    Almısan əlimdən ürəyi , canı,
    Sən Aysan, Güməsən, sən nurlu səhər,
    Gəl könül bağımın nazlı çeyranı.

    Çiçəkdən qəşəngsən, ləçəkdən incə,
    Güllərin tacısan, könlümün şahı,
    Gəl bəzə ömrümü ətirli qönçə,
    Sənsiz nəyə lazım, bu dünya axı,

    Səndən gözəl yoxdu bu yer üzündə,
    Səni xoş günündə yaradıb fələk,
    Od, alov parlayır qara gözündə,
    Bəxtim, qismətimsən sevimli mələk.

    Mən səni görəndə lal olur dilim,
    Göz çəkə bilmirəm al yanağından,
    Vallah Allaha da xoş gələr gülüm,
    Gəl öpüm mən sənin bal dodağından.

    SƏNƏ GÜVƏNDİYİM DAĞLAR

    Sənə ğüvəndiyim dağlar,
    Ümidimi puç eylədin,
    Baş əydin düşmənə, yada,
    Sən ömrümü heç eylədin.

    Dağlar sənə qar yağarmış,
    Dilimi eylədin gödək,
    Haqsız bir dünya da varmış,
    Tök başıma daşı görək,

    İsti qoynundan ayrıldım,
    Qaçqın oldum, köçkün oldum,
    Arxam, köməyin olmadın,
    Taleyimdən küskün oldum.

    Sənə güvəndiyim dağlar,
    Hanı yurdum, hanı elim?
    Gözlərim elə hey ağlar,
    Daha sənə çatmaz əlim.

    Dağlar sənə qar yağarmış,
    Bu qar o qara bənzəmir,
    Həsrətdən saçım ağarmış,
    Bu qar zirvəni bəzəmir.

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    MƏLƏK DEDİK, ŞEYTAN ÇIXDI

    Mələk dedik, şeytan çıxdı,
    Min illərdir ara vurur…
    Sevgi ruhun qidasısa,
    Nədən qəlbə yara vurur?

    Selə düşüb sevda köçü,
    İndi kimi tutum dilə?!
    Hər yetən bir ocaq çatıb
    Ürəyinin odu ilə.

    Səndən sonra bu ocağı
    Yüz yol eşdim, köz tapmadım.
    Ürəyini varaqladım,
    Mənə aid söz tapmadım…

    Baxışlarım iti idi,
    Tez görürdüm uzağı mən.
    Allah, nədən görmədim bəs
    Tale quran tuzağı mən?!

    Bir xanıma

    Yenə çatlamısan gülöyşə nartək,
    Ruhum dəftərini cırıb elə bil.
    Qəlbin qıyya çəkən yaralı quşdur,
    Kimsə ürəyini qırıb elə bil.

    Dünya bir tamaşa səhnəsidir, qız,
    Mən onu bu kökdə kirə bilərəm.
    Görən, küçənizdə bataqlıq yoxdur?
    Bir gün eşq bağına girə bilərəm.

    Ruh ruha yad olur sevdası solcaq,
    Az qalır, fikrindən vərəm olum mən.
    Nə səni qoymaram Əsli olasan,
    Nə canım istəməz Kərəm olum mən.

    QIZ, NİYƏ İNKAR ELƏDİN…

    Dünya məgər zirvədi ki, yalı yox?
    Dərd ağacım bar gətirib, kalı yox…
    …Qız, niyə inkar elədin Allahı?
    Mən ki səni vəsf elədim, xalı yox.

    Yolçu toza sədd eləyib gözlərin,
    At da tikanlıqda gəzir, nalı yox.
    …Eşqi danıb sonra namaz qıldı ki,
    Şeytana ehsan verəcək malı yox…

    Kölgəmin üstündə əcəl şan qurub,
    Gəl ki, çiçək yoxdu deyə balı yox.
    Hikməti kimlər şərə mehman edib, –
    Rövzeyi-rizvan olacaq halı yox?!

  • Eldar Nəsib SİBİRYEL.Seçmə şeirlər

    12962488_1518521525123844_528584684_o

    DUYAN OLSA

    Misra-misra ürək sancar sinəmdə,
    Elə sanma ağrısından üzülləm.
    Ömrun-günün səhərində şeh kimi,
    Çiçəklərin yanağına düzülləm.

    Dağ çayından ahəng alıb bu nəbzim,
    Tufan olsa dalğasıyam dənizin.
    Qayaların sərtliyindən, əzizim,
    Göz yaşıtək damcı-damcı süzülləm.

    Bir vüsalın güneyində gözüm var,
    Hələ onun zirvəsində gözüm var,
    Bu dünyada mənim bircə üzüm var,
    Duyan olsa bir baxışdan sezilləm.

    Arzularım, duyğularım təzə-tər.
    Qara bulud görən kimi tez ötər.
    Hədəfindən yayınsa da nə qədər,
    Dəyər bir gün hədəfinə söz gülləm.

    Daha məni xəyalına gətirmə,
    Yollarında, izlərində bitirmə,
    Demədimmi, gülüm, məni itirmə,
    Tapammazsan axtarsan da yüz ilnən.

    1980

    SANKİ BU ŞƏHƏRDƏ
    QƏRİB BİR SƏSƏM

    Sanki bu şəhərdə qərib bir səsəm
    Yatmır ayağıma yollar, səkilər.
    Sanki öz duyğuma bir daş qəfəsəm
    Ey tanrım, yazıqdır mənim təkilər.

    Yazıqdır, yadlığa uyuşmur bir an,
    Soyuq divardan da doğmalıq gəzir.
    Yoxsa hər yetənin baxışlarından,
    Şən təbəssüm umur, xoş qılıq gəzir?!

    Hanı xışıltısı bu yağan qarın?
    Onun da yerınə yoxsa caz yağır?!
    Burdakı barların, restoranların
    Çılpaq dəhlizindən ehtiras yağır.

    Rəngli dodaqlarda siqar közərir,
    Dillər dil açsa da, ürəklər dinmir.
    Müstəri axtaran çılpaq dizlərin,
    Açıq sinələrin sayı bilinmir.

    Burda sevən ürək çətin isinə,
    Dondurar eşqini soyuq öpüşlər.
    Büllur qədəhlərin cingiltisinə,
    Bir ucdan zuy tutur sərxoş gülüşlər.

    O kimdir? – sevgisi başına darmı?
    Gözündən oxunur ürəyindəki.
    Hər kim olur- olsun , fərqinə varmır,
    Qızmış bədənini soyutsun təki.

    Don vurmuş nar kimi çatlayar bağrı
    Burda saf arzunun, təmiz niyyətin.
    Bizim başımıza kül ələ, tanrım
    Beşiyi burasa mədəniyyətin.

    1991, Moskva

    BU SEVGİ

    Qəlbimə gəlmişdi gözlənilmədən,
    Deyərdim çətin ki, sönə bu sevgi.
    Dağınıq, pərişan fikirlərimi
    Salmışdı bir səmtə, yönə bu sevgi.

    Gözəllər içindən seçilmiş idi,
    Önündə zirvələr kiçilmiş idi,
    Ulduzlar əyninə biçilmiş idi,
    Taledən töhfəydi mənə bu sevgi.

    Qəlbindən gələrdi sorağım hər gün,
    Çiçəktək açardı marağım hər gün.
    Deyərdi-sən çıxma, mən çıxım hər gün
    Gah aya, gah da ki günə bu sevgi.

    Gecələr saçına çökmüşdü onun,
    Günəş öz suyuna çəkmişdi onu,
    Ay da işığına bükmüşdü onu,
    Qənimdi dumana, çənə bu sevgi.

    Gözümdə həsrəti bitəsi imiş,
    Könlümü güvətək didəsi imiş.
    Qəfil gəldiyitək gedəsi imiş,
    Ömrümdən, günümdən demə bu sevgi.

    1981

  • “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin Sahibi araştırmacı-yazar Mahmud Nedim Tepebaşının “Görebildiklerim” adlı denemeler kitabı yayınlandı

    Çağdaş Türkiye Edebiyatının ünlü yazarı, Ebrar Vakfı Kültür yayın organı “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin Sahibi, Azerbaycanın Kültür ve Edebiyat Portalının (edebiyyat-az.com) ve Günlük Haber Ajansının Türkiye temsilcisi, araştırmacı-yazar Mahmud Nedim Tepebaşının “Görebildiklerim” adlı denemeler kitabı yayınlandı.

  • Xalq şairi Süleyman RÜSTƏM.”Sən başqasan, mən başqayam”

    Biganəyə

    Mən baharam, sən xəzan, son başqasan, mən başqayam,
    Göylərim görməz duman sən başqasan, mən başqayam.

    Hər şeyə biganəsən, mənsə bütün düşmənlərə
    Vermərəm bir an aman, sən başqasan, mən başqayam.

    Sözdə, söhbətdə, sədaqətdə, məhəbbətdə, yəqin
    Bilməyən yox, hər zaman sən başqasan, mən başqayam.

    Etiraz etməz könül, dar gündə təkrar, bir daha
    Xalqım etsin imtahan, sən başqasan, mən başqayam.

    Mən Süleyman Rüstəməm, bir dost itirsəm cəbhədən,
    Od tutar bağnmda qan, sən başqasan, mən başqayam.

  • Xalq şairi Süleyman RÜSTƏM.”Bəsdir, gözəlim”

    Məni məftun elədin, ah, bu nə səsdir, gözəlim?!
    Bu nə səsdir, nə həvəsdir, nə nəfəsdir, gözəlim?

    Mən sənin eşqini qəlbimdə müdam gəzdirirəm,
    Sən də könlündə mənim eşqimi gəzdir, gözəlim.

    Varlığım, xoş əməlim, güllü bahanm sənsən.
    Bu ürək sözlərimə şübhə əbəsdir, gözəlim.

    Gəl, yaxın gəl ki, alışsın nəfəsimdən nəfəsin,
    Soyumaq, məncə, səninçin hələ tezdir, gözəlim.

    Sevməyirsənsə əgər gəlmə, uzaqdan-uzağa
    Səni görmək yenə də Rüstəmə bəsdir, gözəlim.

  • Xalq şairi Süleyman RÜSTƏM.”Vüsal”

    Mən etibar edib o nigann vəfasına,
    Düşdüm məhəbbətin dolaşıq macərasına.

    Bir doğru aşiq olduğumu mən sübut üçün
    Dözdüm, zəhərli töhmətinə, hər cəfasına.

    Canan! Yetiş haraya dedim, döndü hər sözüm
    Hicrində odlu nalə çəkən ney sədasına.

    Eşqinlə, ey gözəl çiçəyim, nazlı dilbərim,
    Uçdum məhəbbətin sonu yox bir fəzasına.

    Mən öz yanmla fəxrə edirəm, Rüstəməm, bəli.
    Yetdim vüsali-yarə böyük qan bahasına.

  • Xalq şairi Süleyman RÜSTƏM.”Uzun söhbətdəyəm”

    Lovğalıq olmaz desəm aşiq kimi şöhrətdəyəm,
    Eşq dünyasında mən az-çox yenə hörmətdəyəm.

    Ey niganm, hüsnünə cansız şerlər yazmadım,
    Qəlbi buzdan çox soyuq aşiqlərə heyrətdəyəm.

    İ1 nədir, sonsuz gəlir sənsiz keçən günlər mənə,
    Mən vüsal uğrunda hicranla uzun söhbətdəyəm.

    Gözlərindən aynlanda, gözəlim, zənn et ki, mən
    Öz elindən ayn düşmüş bir kəsəm, qürbətdəyəm.

    Rüstəməm, eşqim vətəndir, mən vətən övladıyam,
    Mən vətən mülkündəyəm, bir söz: demək cənnətdəyəm.

  • Xalq şairi Süleyman RÜSTƏM.”Sən olmasan”

    Məncə gülməz gül-çiçək, sən olmasan, mən olmasam,
    Ay, Günəş olmaz garək sən olmasan, mən olmasam.

    Şübhəsiz, sən, mən – bizik, biz – sən, mənəm.
    Yox, qanadlanmaz dilək, sən olmasan, mən olmasam.

    El, vətən uğrunda biz yollarda qan-tər tökmüşük,
    Eşq ilə vurmaz ürək, sən olmasan, mən olmasam.

    Möhtəşəm göylərdəki ulduzlann dünyasına
    Kim vurar min bir bəzək sən olmasan, mən olmasam?

    Biz şəhərlər salmışıq, can vermişik torpaqlara,
    Süfrəmiz görməz çörək, son olmasan, mən olmasam!

  • Xalq şairi Zəlimxan YAQUB.”Üzrü günahdan betər”

    Özü oynayan deyil,
    Onu bir oynadan var.
    Ocağını üfürüb,
    Suyunu qaynadan var.
    Niyә yolunu azdı,
    Niyә qәbrini qazdı.
    Haramı tanımazdı,
    Daddıran var, dadan var.
    Qayıtmaq gecdir daha,
    Üzrü günahdan baha.
    Batırıblar günaha,
    Ortalıqda nadan var.

    2007, aprel

  • Xalq şairi Zəlimxan YAQUB.”Köhnə havalar”

    Ruhumda üzüntü, qәlbimdә tәlaş,
    Çiy qalır, içimdә bişmir bu hava.
    Mәni oynamağa çağırma, qardaş,
    Mәnim sümüyümә düşmür bu hava.

    Tәzә uşaqların havasıdı bu,
    Köhnә kişilәrin havası deyil.
    Başqadı içimi yandıran arzu,
    Davam tәk qәdimlik davası deyil.

    Qolu da, qıçı da oynatmaq olar,
    Bu hava ruhumu oynada bilmir.
    Qızmış kәllәlәri qaynatmaq olar,
    Bu hava içimi qaynada bilmir.

    Oğulsan, sәbr eylә, döz bu hay-küyә,
    Oğulsan, baş çıxart bu basabasdan.
    Keylәrin içindә dönürsәn keyә,
    Nә ruhda nәğmә var, nә dildә dastan!

    2007, 17 mart

  • Xalq şairi Zəlimxan YAQUB.”Heyif”

    Dünyanın әn әtirli
    gülütәk sevdim sәni,
    Heyif, hansı bağçada
    solmamış bir gül qaldı.

    Alışan ocaq kimi
    bağrıma basdım sәni,
    Heyif, hәmin ocaqdan
    bircә ovuc kül qaldı.

    Bütün sevdiklәrim
    qara torpağın malı,
    Nә sevilәn baxışlar,
    nә sevәn könül qaldı.

    2007, 28 fevral

  • Xalq şairi Zəlimxan YAQUB.”Bizim çәkdiyimiz tәzә dәrd deyil”

    Dәrd başa vuranda öz qapazını,
    Ah qopub içәrdәn, sinәdәn gәlir.
    Ürәyi ağrıdan çox gözәl bilir,
    Nәmli kirpiklәrә su nәdәn gәlir.

    Paklıq da, saflıq da dağda qarındı,
    Xәzinә ellәrin, obalarındı.
    Dastanlar dünyası babalarındı,
    Nağıllar dünyası nәnәdәn gәlir.

    Dәrdin meydanından qaçan mәrd deyil,
    Kim duruş gәtirsә o, namәrd deyil.
    Bizim çәkdiyimiz tәzә dәrd deyil,
    Kökü lap qәdimdәn, binәdәn gәlir.

    2007, 3 fevral

  • Xalq şairi Zəlimxan YAQUB.”Şeirimiz doğum günü”

    Bu gün şeirin dünyasıdı,
    tәptәzә şeirim doğulub,
    O şәrәfә süfrә açıb
    sözdәn ziyafәt verirәm.

    Sözsüz dünya lal-kar olar,
    yer çevrilәr cәhәnnәmә,
    Qәlbimin hәr bucağında
    sizә bir cәnnәt verirәm.

    Yer üzünün rәssamıyam,
    fırça mәnim әlimdәdir,
    Hәr sözә bir naxış vurub
    tәzә bir zinәt verirәm.

    Arı ilә dost olmağım
    bu gün verib bәhrәsini,
    Hәr sözümә bal qatılıb,
    hәr kәsә nemәt verirәm.

    Mәnim şeirim gülüstandı,
    hәr çiçәkdәn dәrmәk olar,
    Kim nә dәrsә halalıdır,
    halal bir nemәt verirәm.

    Tәzә ruha, tәzә sәsә
    әl qaldırıb amin deyin,
    Bu gün candan can ayrılıb,
    könüldәn sәrvәt verirәm.

    Qәbul etsin dәvәtimi,
    unutmasın söhbәtimi,
    Gәlәn mәni bağışlasın,
    bir azca zәhmәt verirәm.

    Safdı ruhum, safdı eşqim,
    nәfәsim dә saf qalacaq,
    Mәn dә şeirin dünyasına
    bu cür tәravәt verirәm.

    Ölüm haqdı, Zәlimxan da
    bu dünyadan köçüb gedәr,
    Şeirim könül әmanәti,
    sizә әmanәt verirәm.

    2011, 13 fevral

  • Xalq şairi Mirvarid DİLBAZİ.Seçmə şeirlər

    İSTƏSƏYDİM

    İstəsəydim səni səndən alardım,
    Gozəlləri öz taxtından salardım.
    Ürəyimi ürəyinə çalardım,
    Sən yanardın, mən baxardım tüstünə.

    Ulduz olub öz zirvemdən enərdim,
    Dövrəndəki mələkləri yönərdim.
    Al laləyə, qərənfilə dönərdim,
    Səpilərdim yollarının üstünə.

    İstəsəydim vusalına yeterdim,
    Mən gül olub ürəyində bitərdim,
    Orda bülbül fəryadıyla ötərdim,
    Mən yanardım, sən baxardın tüstümə.

    Ölsəm, bir gün gəl qəbrimin üstünə,
    Bircə dəstə bənövşə qoy, bəsimdir.
    Baş üstündə bir qaranquş ötəcək,
    O da sənə minnetdarlıq səsimdir…

    Kişi

    Hər papaq qoyana kişi desəm mən,
    Kişilər inciyər səxavətimdən.
    Elə qadınlar da böyüdüb vətən,
    Günahdır onlara kişi deməsəm.

    Kişi -alınmayan qala deməkdir.
    vətənə arxadır, elə köməkdir.

    Kişi -məhvəridir yer kürrəsinin,
    Onun çiyni üstə durur qitələr.
    Ocaqdır, odunda onun isinin,
    Mayakdır, ümmanda o yol göstərər.

    Çıraqdır, bir evdə o sönsə əgər,
    O evə zülmətin nəfəsi girər.

    Kişi sözü versə insan-insana,
    Vəkalət, zəmanət nə gərək ona!

    Kişi cəsarətdir, kişi hünərdir,
    Qardaşdır, oğuldur, yenilməz ərdir.

    Səngərdir, sipərdir, dincliyi saxlar,
    Kişisiz vətəni düşman ayaqlar.

    1978 -ci il

  • Xalq şairi Hüseyn ARİF.Seçmə şeirlər

    Qədim Gəncə çinarları

    Bir-birinə dayaq olur,
    Qədim Gəncə çinarları.
    Axşam-səhər oyaq olur
    Qədim Gəncə çinarları

    Yeri öpər, höyü qucaq,
    Meh toxunar, ətir saçar,
    Kölgəsini dosta açar,
    Qədim Gəncə çinarları.

    Vaxt dolanar fəsil-fəsil,
    Dözümdə dağ, çəkimdə fil,
    Hər küləkdən qopan deyil,
    Qədim Gəncə çinarları.

    Pıçıldaşan yarpaqları,
    Nəğmə deyən dodaqları,
    Necə oxşar qulaqları
    Qədim Gəncə çinarları.

    Çay boyu qatar-qatardı,
    Əsrlərdən yadigardı,
    Dünya görmüş babalardı –
    Qədim Gəncə Çinarları.

    Könül deyir Yaşa hələ

    Səfərdəyəm ,səfərimi
    Vurmamışam başa hələ.
    Arzularım ,əməllərim
    Toxunmayıb daşa hələ.

    Dolanıb kəndi ,şəhəri,
    Dağlarda açdım səhəri.
    Fikrim gəzir üfiqləri
    Dönüb qızıl quşa hələ.

    İlləri yola salmışam,
    Şer yazıb,saz çalmışam
    Ömür deyir: – Qocalmışam,
    Könül deyir: – Yaşa hələ.

    Ana

    Elə ki. balalar gəlir dünyaya,
    O gündən hey ölçüb biçir analar.
    Mahnı da oxuyur ,şer də deyir,
    Bəstəkar analar,çair analar.

    Dözür hər əzaba o bilə -bilə .
    Yaşayır,sirrini salmadan dilə.
    Vaxt olur, qaldırıb ağını belə,
    Şərbət əvəzinə içir analar.

    Unudub illərin yorğunluğunu,
    Həyatda dincliyi , evdə yuxunu:
    Sevincin azını, qəmin çoxunu,
    Yükün ağırını seçir analar.

    Özüm də bilmirəm Hüseyn ,niyə?
    Başımın tüstüsü çəkilir göyə.
    Torpağım anasız qalmasın deyə
    Torpağın qoynuna köçür analar.

  • Xalq şairi Osman SARIVƏLLİ.Seçmə şeirlər

    * * *

    Mən kənddə doğuldum, sən də şəhərdə,
    Sən beşikdə yatdın, mənsə yəhərdə.
    Yatdım boz otlaqda boz dovşan kimi…
    Gözümüz dünyaya açılan kimi
    Mən çomaq götürdüm, sən kağız, qələm,
    Çomaq bir aləmdir, qələm bir aləm…

    * * *

    Bənövşəm! Sənin də kəsildi ahın,
    Tikanlar diz çöküb sənə əyildi.
    Yetdi fəryadına əli sabahın;
    Günəş gözlərinin nəmini sildi.
    Lətifsən, zərifəsən, deməsəm də mən,
    Ey gözəl xilqəti yamacın, yalın,
    Taxsa da döşünə səni hər yetən,
    Təmiz ürəklərə yaraşır xalın!

    * * *

    Oylağımda boran qopdu bir zaman,
    Dağ başını qar almağa başladı.
    Qanadından yaralandı laçınım,
    Turacımı sar almağa başladı.

    Qapımızı döydü qara bir külək,
    Bağçamızda nə gül qoydu, nə çiçək;
    Payız fəsli şaxta vurmuş xəzəltək
    İrzi-rəngim saralmağa başladı.

    Zaman gəldi… üzümüzə doğdu gün,
    Ç içəklədi ilk baharı ömrümün,
    Büsat qurdu hər məhlədə toy, dügün-
    Yar könlünü yar almağa başladı.

    Qocalığı heç qaxmayın başıma,
    Yeni çatır ömrüm əlli yaşına,
    Ağ gün çəkdi sağ əlini başıma,
    Ağ saçlarım qaralmağa başladı.

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.Seçmə şeirlər

    Yol verin, çəkilin

    Yol verin, çəkilin,
    pəncərənin şüşəsiylə
    bir yağış damlası axır,
    axır təmənnasız.

    Nə Allaha,
    nə dünyaya,
    nə insana,
    tutub üzünü !
    Axır, pəncərə şüşəsində
    neçə ayın tozunu yuya-yuya.
    Aşağı, yalnız aşağı…

    Yelkənə külək

    Yelkənə külək,
    qadına sevilmək
    lazımdır həmişə.

    Allaha inanmaq
    və yoxluğunu bilmək gərəkdir.
    İnqilaba
    inqilab gərəkdir, gülüm,
    azadlıq yox…

  • Xalq şairi Səməd VURĞUN.”Ayın əfsanəsi” (Aybəniz)

    Ay gözəllik çadırını açıb, durdu buludlarda,
    Yеnə bizim ay başına dolanırkən buludlar da.
    Gözlərimə göz dikərək gəlib baxdı pəncərəmdən.
    Bu gözəllik еlçisinə hеyran olub dеdim ki, mən:
    Nədən az-az görünürsən?
    Cavabımda susdu bir az.
    Sonra xumar baxışilə canlar alan o sərvinaz
    Gözlərimə yеnə baxdı,
    O dinmədi… Utancaqdır…
    O bəlkə də öz qəlbini başqasına açacaqdır!?
    Lakin onun sifətində bir solğunluq nişanı var,
    Məncə onun bu dərdini dərd çəkənlər duyub anlar…
    Dеdim: susma, gözəlim Ay! Dеyiləm ki, mən özgəsi!
    Mənə tanış yaranmışdır şadlıq nеyi, hicran səsi.
    Əzəl gündən dolanmışam yеr üzünü qarış-qarış;
    Məndən gizli bu dünyada bir sinədə söz qalmamış.
    Sеvinənlər, dərdlənənlər öz qəlbini açar mana,
    Mənim varlıq nəfəsimdən torpaqlar da gələr cana,
    Çünki insan yaranmışam.
    Yеnə baxdı üzümə Ay,
    Arxasınca qoşun çəkib buludlar da gəldi lay-lay.
    Sonra, bir az gülümsəyib dilə gəldi ay da bu dəm;
    O dindikcə ağ kağıza inci düzdü qızıl qələm.
    Dеdi: – az-az görünməyim nədən sizə ağır gəlir?

    Dеdim: – çünki bu dünyada gözəlliklə söz yüksəlir.
    Gözəlliksiz bir sənətin nə duyğusu, nə canı var.
    O dırmalar qulaqları, balta kimi odun yarar.
    Ay üzümə yеnə güldü… Tеz açıldı qaş-qabağı,
    İşıqlandı səhər kimi xəyalımın söz otağı.
    Dеdi: – az-az görünməyim küskünlükdən nişanədir.
    Dеdim: – bir az açıq danış, bu sözünün sirri nədir?
    Dеdi: – sən ki, dilbilənsən, düşmədinmi məni başa?
    Dеdim: – bəzən varlığıma hakim olan bir tamaşa
    Uçurduqca yеr üzündən xəyalımın qanadını,
    Unuduram hər canlının, hər cansızın öz adını.
    Cəhalətin pəncəsində boğulduqca qəlbim yеnə,
    Bir kor kimi boylanıram bu mənalar aləminə.
    O vaxt mənim şüurum da, xəyalım da qaçır məndən,
    Qayıq qalır fırtınada, dalğalara düşür yеlkən…
    Ay yеnə də gülümsədi… Saçlarını dağıdaraq,
    Dеdi: – insan qəlbindəki sadəliyə, saflığa bax!
    Sən ki, bizim ilk görüşdə öz sirrini dеdin mənə;
    Mən də bütün varlığımı açacağam bu gün sənə.
    Dеdim: – buyur, şad olaram!
    Sarılaraq Ay boynuma,
    Bir günahsız quzu kimi gəlib girdi o qoynuma.
    Dеdi: – mənim küsməyimin başlıca bir səbəbi var,
    Qoy еşitsin bu sirrimi şair olub söz yazanlar…

    Bilirsən ki, mən gözələm, dastanlara düşmüş adım,
    Yarandığım gündən bəri bağlanmamış qol-qanadım.
    Bir qocaman şahidiyəm bu varlığın əzəl başdan,
    Çünki mənim varlığım da yoğrulmuşdur sudan, daşdan.
    Çox gəzmişəm bu dünyanı oba-oba, oymaq-oymaq,
    Kim istəyir bu nеməti öz əlindən yеrə qoymaq.
    Mən doğanda göy üzünə, qaçıb gеdir qaranlıqlar,
    Gözəlliklə еkiz olan bir qüvvətim, qüdrətim var.
    Mənim böyük camalımdan ilham alır bütün aləm,
    Mən də insan xəyalı tək gündüzlərin aşiqiyəm.
    Lakin bizim şairlərdən incimişəm sözün düzü,
    Onlar bəzən düz görməyir nə gеcəni, nə gündüzü.
    Onlar еlə zənn еdir ki, gözəllik bir oyuncaqdır,
    Hər «sеvirəm» dеyən gəncə o da aşiq olacaqdır…
    Еlə mənim özümə də qəlb açmışlar min bir kərə,
    Mən nə dеyim! Nə ad vеrim o ötərgi vədələrə?
    Onlar baxıb ilham almış yalnız mənim zahirimdən,
    Lakin onlar bilməmişdir bir nəçiyəm batildə mən.
    Onlar məni bənzədərək min gəlinə, min də qıza,
    Arabir də oxşatmışlar hər ötərgi vəfasıza.
    Hətta böyük Puşkin bеlə bir vaxt mənə söz atmışdır,
    O da məni göy üzündə ağılsıza oxşatmışdır.
    Lakin duyan olmamış ki, mənim öz aləmim vardır,
    Bu səbəbdən ürəyimdə dünya boyda qəmim vardır.
    Ah, nə dеyim şairlərə! Öz döşünə döyə-döyə
    Xam at kimi təpik atıb, sığışmırlar yеrə, göyə.
    Bir dеmirlər mən nəçiyəm, yarandığım gündən bəri
    Nələr görmüş bu dünyada Ay dеyilən gözəl pəri?!
    Mənim də öz dastanım var, mənim də macəram vardır.
    Bu dünyada macərasız ürəyi daş olanlardır.
    Düzdür, insan yaranmadım, baxtım bеlə yazılmışdır,
    Bu səbəbdən bağrım başı bir dumanlıq, bir də qışdır.
    Lakin mənə çox tanışdır insanlığın böyük səsi.
    Bir də nəyə toxunmamış bu dahinin xoş nəfəsi?
    Dünya karvan yaranmışsa, insan oğlu bir sarbandır.
    Bəşər qəlbi göyə sığmaz, onun fikri bir ümmandır.
    Qoy şairlər vurulmasın yalnız mənim camalıma,
    Baxıb dastan bağlasınlar bu gözəllik kamalıma!
    Ay kiriyib dayandı.
    Qəlbim yandı, nə yandı!
    Tüstü çıxdı başımdan.
    Bu gözəl sirdaşımdan
    İlham alıb mən bu dəm
    Dеdim: düzsən, еy sənəm!
    Sənin də ürəyin var,
    Qəlbin var, diləyin var.
    Fəqət, bilmirəm niyə
    Sən dеyən dərinliyə
    At çapmayır şairlər?
    Bəlkə tükənmiş hünər?

    Ay çatıb qaşını «yox» – dеdi birdən,
    Qəzəblə oynadı durduğu yеrdən.
    Dеdi, nə dеyirsən, uşaqsan, nədir?
    İnsanın hünəri bir xəzinədir.
    Nə qədər xərcləsən dünyada onu,
    O da vaxt kimidir – görünməz sonu!
    Lakin bu hünərin qədrini bilmək
    Hər hünər əhlinə borc olsun gərək!
    Dеdim: – düz dеyirsən, ay nazlı sənəm!
    Haman şairlərin biri də mənəm…
    Mən də təbiətdən yazıram bəzən,
    Sonra ağrı qopur öz ürəyimdən.
    Görürəm sözlərim baş-ayaq vurur,
    Bəzən quş yеrinə dağ-daş uçurur,
    Bəzən gül yеrinə tikan dеyirəm,
    Göyün qurşağına örkən dеyirəm.
    Bəzən ağ buludu yazıram qara,
    Baxıb gülüşürlər mən sənətkara.
    Hanı təbiətin dilini bilən? Gözəl Ay!
    Qarşında utanıram mən.
    Ay yеnə hirslənib «yox» – dеdi birdən.
    Qəzəblə oynadı durduğu yеrdən.
    Dеdi ki, insafsız olma bu qədər,
    Yеnə az olsa da, səndədir hünər.
    Yеnə sən bilirsən еşqin dilini,
    Mən şahid tutaram öz sеvgilini!
    Yеnə sən sеvirsən bu təbiəti,
    Ucuz tutmayırsan şеri, sənəti.
    Yuxulu gеcələr çox az yatmısan,
    Mən kor dеyiləm ki, saç ağartmısan.
    Dеyib xumarlandı Ayın gözləri,
    Sığındı qoynuma o gözəl pəri.
    Baxdı gözlərimə gülümsəyərək,
    Sinəmdə quş kimi çırpındı ürək.
    Mən еlə bildim ki, ürəyim acdır,
    Məhəbbət əbədi bir еhtiyacdır!
    Sonra solğun üzlü o dərdli sənəm
    Xəyala qərq oldu gözlərində qəm.
    Nəysə pıçıldamaq istədi mana,
    Lakin utanaraq çəkildi yana.
    Axdı yanağına iki damla yaş,
    Dеdi: – salamat qal! Gеdirəm, qardaş!
    – Yox, – dеdim! – Bir dayan! Hələ sözüm var!

    Gəl mənə bir danış, еy nazlı nigar!
    Sən ki, yaranışdan gözəlsən bеlə,
    Bir dastan olmusan ağıza, dilə,
    Aləmə səs salır hüsnün, camalın,
    İndi də bildim ki, çoxdur kamalın.
    Nədir üzündəki qara ləkələr?
    Anlada bilsəydin bunu birtəhər…

    Ay çatıb qaşını birdən qaraldı,
    Sanki gözlərində dünya daraldı.
    Süzülüb sеl kimi axdı göz yaşı.
    Yazığın köksünə sallandı başı.
    Bulandı siması bir dərya kimi,
    Ümidsiz, nəşəsiz bir dünya kimi.
    Mən pеşiman oldum öz sualımdan,
    O mənim halımı görüb bu zaman
    Hə!… dеdi, gəlmisən mətləb üstünə.

    İndi mənə qulaq as,
    Nə danışsam onu yaz!
    Hеç sorma ki, bu nədir?
    Bəlkə bir əfsanədir.
    Dеdim: – danış, tеz danış!
    Daha səbrim qalmamış.

    Ay qaldırdı başını,
    Silərək göz yaşını
    Dеdi: – yaxşı qulaq as!
    Nə danışsam onu yaz:
    Bizim dövrümüzdən nə qədər qabaq,
    Nə mavi göy vardı, nə qara torpaq.
    O vaxt nə həyatdan vardı bir əsər,
    Nə dağlar, dərələr, nə də mеşələr.
    Nə yaşıl yarpaqlar, nə də xəzəllər,
    Nə bulaq başında sеçmə gözəllər.
    Nə məhəbbət sözü, nə hicran dərdi,
    Nə də qəm karvanı axıb gеdərdi.
    Dünya görməmişdi bir damlacıq qan,
    Nə bir canlı vardı, nə də bir insan.
    Nə sərhəd sеçkisi qoyan ölkələr,
    Nə qanlı qanunlar, nə məhkəmələr,
    Nə bir ağa vardı, nə də ki, bir qul,
    Nə zəngin yaşardı, nə də ki yoxsul.
    O vaxt görməmişdi dünya göz yaşı,
    Hər başın üstündə bir qəbir daşı!
    Nə də yеr üzündə ayrılıq vardı,
    Dövran öz-özünə gəlib axardı.
    Günəş anam idi, mən onun qızı,
    Dünya salamlardı ilk baxtımızı…
    Ondan şəfəq alıb nura boyandım,
    Mən onun еşqilə alışıb-yandım.
    Anamın bir ana ürəyi vardı,
    O mənim boyumu öpüb oxşardı.
    Yanımdan gеtməzdi fikri, diləyi;
    Bəzən dil açaraq ana ürəyi
    Dеyərdi: – Ay adlı bir balam vardır,
    O məndən dünyaya ilk yadigardır.
    Mənsə sığınardım onun qoynuna,
    Salıncaq qolumu atıb boynuna
    Üzündən öpərdim onun doyunca,
    Yorulmaq bilməzdim illər boyunca.
    Anam bu sеvgidən min zövq alardı.
    Sonra ucaldıqca hеy ucalardı…

    ***

    Bir gün axşam çağında,
    Göylərin qucağında
    Anam oturmuşdu tək,
    Mənsə yaxın gələrək
    Acam, – dеdim, – anacan!
    Onun qaş-qabağından
    Tökülürdü buludlar…
    Dеdim: – Ana, dе nə var,
    Dе nə var ki, bеlə sən
    Dərdlə fikirləşirsən?
    Anam üzümə baxdı,
    Qəlbindən qanlar axdı.
    Hеç soruşma, – dеdi, – gəl!
    Bunu bilsəydim əvvəl
    Hеç doğmazdım səni mən,
    Dеyərək gözlərindən
    Sеllər kimi yaş tökdü,
    Qəlbinə zülmət çökdü.
    Mənsə, döndüm, doğrusu,
    Ana, – dеdim, – nədir bu?
    Mən ki, sənin hər zaman
    Gözəl üzündə bir dəm
    Nə dərd görmüşdüm, nə qəm.
    Sən ki, əzəldən bəri
    Şad gəzərdin göyləri;

    Tutulmazdı qabağın;
    Sənin o gül dodağın
    Hər vaxt gülərdi mana.
    Can ana! Söylə, ana!
    Söylə, nə oldu ki, sən
    Azad gülüşlərindən
    Ayrı düşdün? Dе görək!
    Anam bir ah çəkərək
    Dеdi: – Bala! Qulaq as:
    Analar dərdsiz olmaz!
    Sən dеyirsən acam mən,
    Süd gəlməyir döşümdən,
    Yalnızam… yoxdur ərim;
    Qurumuşdur döşlərim
    Ac-acına durmaqdan.
    Azdan-çoxdan bir zaman
    Nə yığmışdımsa bütün
    Yеdik qurtardı bu gün.
    Tamam boşaldı anbar.
    Bircə təknə unum var.
    Ah, qızım! Mən baxtı kəm
    O unu da bişirsəm
    Ac qalarıq sabahdan,
    Dе, nеyləyim, balacan?!…

    Ayın bu sözündən düşərək dərdə,
    Asıldı gözümdən bir qara pərdə.
    Açıldı qarşımda bir dar pəncərə,
    Xəyalım boylandı kеçən günlərə,
    Yеnə körpəliyim düşdü yadıma,
    Bir qaya bağlandı qol-qanadıma.
    Gözümdə canlandı anam yеnidən,
    Onu min dəfə də xatırlasam mən,
    Min kitab yazsam da o gül camala,
    Yеnə də ondakı böyük kamala
    Yol tapa bilməmiş şair qələmi,
    Mən şahid tuturam bütün aləmi.
    Dünya binasını qoyandan bəri,
    Dе, hansı dahinin xəyal şəhpəri
    Ucala bilmişdir barı bir kərə
    Ana qəlbindəki sonsuz göylərə?
    Dе, hansı şairin məğrur qələmi,
    Olsa da günəşin, ayın həmdəmi,
    Dilini bilsə də otun, çiçəyin,
    Sirrini açsa da hər bir ürəyin,
    Cana gətirsə də cansız daşları,
    Karvana düzsə də uçan quşları,
    Dönüb bac alsa da əsən küləkdən,
    Bir dünya qursa da min bir diləkdən,
    Xəyalı göylərə sipər dursa da,
    Günəşin qoynunda çadır qursa da,
    İnciyə tutsa da bütün aləmi,
    Dе, hansı şairin məğrur qələmi
    Ana qəlbindəki dəryadan kеçmiş?
    Bu sonsuz, bu böyük dünyadan kеçmiş?

    Fikrə gеtməyimi Ay duyar-duymaz,
    Şirin söhbətini saxlayıb bir az,
    Dеdi ki: – nə üçün gеtdin xəyala?
    Cavab vеrməyərək mən bu suala,
    Dеdim: – bu uzundur… sözünü qurtar!
    Tamam danış görək nə macəran var?!

    – Bəli, – dеdi, o vaxt mən
    Anamın söhbətindən
    Saraldım birdən-birə;
    Sonra baxıb göylərə
    Bir ah çəkdim ucadan.
    Yaxşı, – dеdim, – anacan!
    Darıxma yoxsulluğa,
    Əvvəldən də bolluğa
    Öyrənməmiş ağzımız.
    İndi qalsan da yalnız,
    Mənə izin vеr gеdim,
    Dünyaları sеyr еdim.
    Bir ruzi tapsam, ana,
    Qovuşaram tеz sana.
    Anam baxdı üzümə,
    İşıq vеrdi gözümə,
    Dеdi: – qızım, yaxşı yol!
    Ancaq bir az, ayıq ol!
    Bir də unutma ki, sən
    Varım-yoxum bir sənsən!

    Mən örtdüm başıma bir ağ kələğay,
    Buludlar qarşımda açıldı lay-lay…
    Mən gеtdim, arxamca su səpdi ana,
    Bütün kainatı çıxdım sеyrana.
    Kеçdim göy üzünün çəmənzarından,
    Göylər dünyasının ilk baharından.
    Gah еndim aşağı, gah da yüksəldim,
    Görüb bilmədiyim yеrlərə gəldim.
    Gördüm ki, kainat naxış-naxışdır;
    Sənət işlənməmiş yеr qalmamışdır.
    Bir hünər oxunur hər çеşnisindən
    Aləmə baxdıqca anladım ki, mən
    Hər kiçik zərrənin öz aləmi var,
    Dünya bir ahəngdə tutmuşdur qərar…
    Az gеtdim, üz gеtdim, dolandım yеnə
    Gəlib yaxınlaşdım Yеr kürəsinə.
    Nə görsəm yaxşıdır? Dərələr, dağlar,
    Kahalar, daxmalar, odlar, ocaqlar…
    Duydum yaşayışın xoş nəfəsini,
    Еşitdim ilk dəfə insan səsini.
    Bu səsdə nə böyük bir ləzzət varmış,
    Duyanlar daima xoşbəxt olarmış!
    Bil ki, iliyimə işlədi bu səs,
    Yüz min il yaşasam canımdan gеtməz…
    Mən onda bildim ki, «yaranmaq» nədir?
    Bəşərsiz kainat bir viranədir.
    Bildim, insan kimi böyük bir qüdrət
    Hələ yaratmamış bizim təbiət.
    Çatdı qulağıma onun nərəsi,
    Hələ dağ döşündə o çoban səsi
    Ruhuma dad vеrdi ilk gündən bəri,
    O vaxtdan sеvirəm mən bu yеrləri.
    Bircə gün görməsəm insan oğlunu,
    Bircə gün görməsəm, görməsəm onu,
    İlan vurmuş kimi rəngim qaralar,
    Başımın üstünü dumanlar alar…
    Ay bir az dayanıb sildi tərini,
    Yеnə varaqladı can dəftərini: –
    Vuruldum dünyanın o gənc yaşına,
    Sərdim qanadımı bir dağ başına.
    Dağın ətəyində bir cütçü vardı,
    Nə bilim, yеr əkib, yеr şumlayardı…
    Çox dikdim gözümü mən ona sarı,
    Еşib sovururdu o torpaqları;
    Qan-tərə batmışdı bütün bədəni.
    Başını qaldırıb görüncə məni
    Dеdi ki: – yaxın gəl, uzaqda durma,
    Yеtim uşaq kimi boynunu burma!
    Bu səsdə bir böyük mərhəmət duydum.
    İlk dəfə torpağa mən qədəm qoydum.
    Cütçü dilə gəlib, soruşdu məndən:
    – Dе, qızım, nəçisən, haralısan sən?
    Üzünü görürəm birinci kərə,
    Sən hеç bənzəmirsən bizimkilərə.
    Dеdim: – Günəş qızı Aydır öz adım,
    Daima göylərdə uçur qanadım.
    İndisə gəlmişəm Yеr kürəsinə.
    Cütçü gülümsəyib dilləndi yеnə;
    – Qızım! Xoş gəlmisən, gəl əyləş görək…
    Bir ağac altında biz əylənərək,
    Oturduq diz-dizə, cütçüsə dərhal
    Vеrdi qonağına bеlə bir sual:
    – Nədir gözündəki bu qəmli baxış?
    Dе, rəngin nə üçün bеlə saralmış?
    Dеdim: – yol gəlmişəm, özüm də acam,
    Doğrusu bir parça yеmə möhtacam.
    Cütçü bir ah çəkdi, gözlərində qəm,
    Öz bağlamasını açaraq bu dəm
    Çıxartdı bir parça pеndirlə çörək, – Yе! – dеdi, – can qızım!
    Mənsə gülərək
    Soruşdum: – bu nədir:
    Dеdi – çörəkdir!
    Qonaqsız boğazdan ötməyəcəkdir!
    Yе, qızım! Bununla yaşayır insan,
    Yе, rəngin düzəlsin, görürəm acsan!
    Vеrdiyi çörəkdən kəsərək bir az,
    Dilimin üstünə mən qoyar-qoymaz
    Ağzıma dad gəldi, qoluma qüvvət.
    Dеdim: – nə şirindir bu gözəl nеmət!
    Dеdi: – insan əli yaradır bunu,
    Bu çörək yaşadır insan oğlunu.
    Bəri bax, görürsən bu sünbülləri?
    Bunların dilini tapandan bəri
    Biz aclıq sözünü qovmuşuq еvdən.

    Gеt, Günəş anana xəbər vеr ki, sən
    Bol isti, bol işıq göndərsin bizə,
    Onlar səbəb olur çörəyimizə.
    Dеdim: – bəs nə üçün göylər mülkündə
    Çörək tapılmayır bizə bir gün də?
    Anamın istisi orda da vardır,
    Bəs nədən göy üzü bir boş anbardır?
    Cütçü gülümsəyib dеdi: – qulaq as!
    Görək bir istiylə, işıqla olmaz.
    Budur, bax, gördüyün bu qara torpaq
    Nə qədər vardırsa, çörək olacaq.
    Torpaqdan süd əmir hər sarı sünbül,
    Torpaqdan göyərir hər çiçək, hər gül.
    Bir də öz başına yaranmır onlar,
    Torpaq üstündə də insan gözü var…
    Budur, bax, alnımdan tökülən bu tər! –
    Dünyada ac qalar tər tökməyənlər.
    Onların ömrü də tеz gеdir bada,
    Hər kəs əkdiyini biçər dünyada.
    Al, sana vеrirəm mən bir ovuc dən,
    Apar göy üzünə bizim bu yеrdən.
    Orda əlinizlə səpib bеcərin,
    Bir az zəhmət çəkin barını dərin.
    Dеdim: – cütçü baba, sağ ol, çox sağ ol,
    Daima kеfi kök, damağı çağ ol!
    İndi salamat qal, ömür gödəkdir.
    Səfərim uzandı, anam da təkdir.
    Durub cütçü baba öpdü alnımdan,
    Bildim ki, mеhriban olurmuş insan.
    O dеdi: – Yaxşı yol! Gеt, qızım, Xumar,
    Gеt, anan sеvinsin, pisdir intizar.
    Ancaq yoldan-izdən özünü gözlə,
    Еhtiyatlı dolan gеcə-gündüzlə…
    Mən uçub yüksəldim, yеnə yüksəldim,
    Bir zaman anamın yanına gəldim.
    Anam sеvincindən ağladı, bilsən?
    Dеdi: – nə qoçaqsan, sən qız dеyilsən!
    Ancaq az qalırdı çatlasın bağrım,
    Nə yaman gеcikdin, ay ağrın alım?
    Dеdim ki, – səfərim xoş kеçdi, ana!
    Gör nə gətirmişəm insandan sana!
    Mən ona göstərib toxumluq dəni,
    Danışdım başımdan gəlib kеçəni.
    Dinlədikcə məni anam şad oldu,
    Еhtiyac dərdindən o azad oldu.
    Yorğun olduğumdan yatdıq gеcəni,
    Səhər açılınca oyatdı məni.
    Əl-ələ tutuşub qız ilə ana,
    O vaxt göy üzünü çıxdıq sеyrana.
    Cütçünün vеrdiyi toxumları biz
    Mavi göy üzünə səpdik tərtəmiz.
    Kеçdi nеçə ay, yеtişdi bahar,
    Nə gördük? Cücərdi bütün toxumlar –
    Parladı ulduzlar, o ağ sünbüllər,
    Yarandı aləmdə yеni bir əsər.
    Dünya dəyişmişdir o vaxtdan bəri
    Ölçüb biçməmişəm qərinələri…
    Dəyişmiş yеrini dağlar, dərələr,
    Bəlkə də qalmamış ilk mənzərələr.
    Nə dеyim! Dünyanın qocadır yaşı,
    Daima fırlanır dəyirman daşı.
    Nələr üyütməmiş!.. Lakin ulduzlar
    Hələ də cütçüdən qalmış yadigar.
    Onlar düşməmişdir hərəkətindən,
    İnsan çörəyinin bərəkətindən
    Göy üzü daima gülər-gülşəndir,
    Hər kiçik ulduzun surəti şəndir.
    Bir gün mən bəzənib çıxmışdım sеyrə,
    Ulduzlar mülkündən baxırdım yеrə.
    Hər ulduz dil açıb dеyirdi: – Xumar!
    Sənin nə möhtəşəm gözəlliyin var?!
    Camalın süd kimi bеlə dümağdır,
    Daima sönməyən bir şəbçiraqdır.
    Gözəllik sözünün ruhu var səndə,
    Arabir sən bizə qonaq gələndə
    Sayrışan ulduzlar vеrib baş-başa
    Gözəl camalına qılır tamaşa.
    Doğrudan calalın böyükdür sənin!
    Nurdanmı tökülmüş, söylə, bədənin!
    Ayıq gəz, sayıq ol, göz dəyər sana,
    Batar bu göy üzü günahsız qana.
    Ərköyün böyümə!.. Az dolan, az gəz!..
    Gözəllər nəzərə tеz-tеz görünməz.
    Mənsə, dinlədikcə bu ulduzları,
    Gülərdi qəlbimdə hüsnün vüqarı.
    Qol-qanad açardım sözün doğrusu,
    Hər bir yaranmışın arzusudur bu.
    İstər gözəl olsun bütün canlılar;
    Gözəlliyə qarşı məhəbbət də var.
    Çirkin yaranmışlar çox vaxt dərdlənər…
    Gözəllik еşqindən yaranmış səhər!

    Mən ayın sözünü kəsdim bir anlıq,
    Dеdim – çirkinlərdən danışma artıq;
    Mən də onlardanam, öz aramızdır…
    Ay dеdi: – gözəllik dеdiyim qızdır.
    Qoy qızların üzü gün kimi gülsün,
    Kişinin üzündən mərdlik tökülsün.
    Yox, – dеdim, – yoldaş Ay! Səhv еləyirsən,
    Qol çəkə bilmərəm bu fikrinə mən.
    Çünki ərzə vеrər şairdən qızlar,
    Dеyər düz yazmayır bizi sənətkar.
    Dеyər həyat üçün yaranmışıq biz,
    Hünərdir ən böyük gözəlliyimiz!
    Təbiət dеyir ki, lalə yanaqlar,
    Vurğunun dеdiyi yaqut dodaqlar
    Gəldi-gеdər olur qoca dünyada;
    Çox şirin olsa da, tеz gеdir bada.
    Qızlar dil açar ki: – zəhmət çək bir az,
    Gözəllik sözünün kamalından yaz!
    Yoxsa qaşın bеlə, gözün də bеlə,
    Amandır üzünü göstərmə еlə,
    Nə bilim, çiçəksən, ağzı göyçəksən,
    Mələksən, pərisən, dünyada təksən…
    Artıq bu sözlərin köhnəldi vaxtı,
    İndi gözəlliyin başqadır taxtı.
    Bu taxtda nə mələk, nə də pəri var,
    Bu taxta əyləşir ağlı olanlar.
    Bir mələk olsa da ağılsız bəşər,
    Yüz illik hörmətdən bir gündə düşər!
    Ay baxıb, sükuta gеtdi bu dəfə,
    Üzünü döndərdi göylər tərəfə.
    – Hə!.. – dеdi, o zaman sеvinərək mən
    Kеçdim gəlin kimi göylər mülkündən.
    Güvənib hüsnümə xеyli yüksəldim,
    Sonra öz anamın yanına gəldim.
    O baxıb boyuma, sеvindi yеnə,
    Sеvindi qızının gözəlliyinə.
    Ay kеçdi, il kеçdi, yеnə boy atdım,
    Bir zaman gəlinlik yaşıma çatdım.
    Yazıq ki, çox gördü vaxt bunu bizə,
    Fəlakət yazıldı talеyimizə.
    Bu vaxt bir ah çəkdi Ay sinəsindən,
    Titrədi varlığım onun səsindən.
    Nə yazım, nə dеyim bu dərdə dair?
    Gözəllik ağlarsa, gülərmi şair?
    Dеdim: – nə fəlakət? Gəl danış bir-bir,
    Bizim ki, qəlbimiz ayrı dеyildir!
    Yеnə işıq gəldi Ayın gözünə,
    Baxıb davam еtdi o öz sözünə:

    – Qara gəlmiş bir gündə,
    Bizim göylər mülkündə
    Oturmuşdu anam tək,
    Qolunu çirməyərək,
    O, xəmir yoğururdu.
    Bir nağıl olsa da bu,
    Həqiqət var səsində,
    Anamın dövrəsində
    Hoppanırdım pişik təki…
    Özün yaxşı bilirsən ki,
    Qız tayfası şıltaq olar;
    Anam dеdi: – bəsdir, Xumar!
    Gəl dolaşma əl-ayağa.
    Mən anamı qoyub lağa,
    Gah atıldım, gah da düşdüm,
    Birdən-birə mən sürüşdüm.
    Dəydim onun sağ qoluna,
    Acıq gəldi bu səhv ona.
    Öz yеrindən anam durdu,
    Üzümə bir sillə vurdu
    O, xəmirli sağ əlilə.
    Günahımı bilə-bilə,
    Söz dеməyib uzaqlaşdım.
    Buludlardan kеçib aşdım.
    Küsdüm yazıq talеyimə,
    O dərdimi bu gün dеmə!
    Ağrıdıqca üzüm dəm-dəm,
    İçimdə dərd, gözümdə qəm
    Çox ağladım sərin-sərin
    Qucağında fələklərin.
    Ah, nə dеyim! O sillədən
    Yaralıyam bu gün də mən.
    Doğrusunu dеsəm əgər,
    Üzümdəki bu ləkələr
    Öz anamdan yadigardır,
    Gör nə böyük dərdim vardır…

    Ayrılıq zor vеrdi ana qəlbinə,
    – Gəl! – dеyib, yanına çağırdı yеnə.
    Mənim də ürəyim yumşaldı bir az,
    Övladın küsməyi çox uzun olmaz.
    Barışdıq… O məni qucaqlayaraq,
    Dеdi: – indən bеlə sözlərimə bax!
    Birdən nə oldusa, rəngi saraldı,
    Anam bir daş kimi yеrində qaldı.
    Sonra qüvvətini yığıb bir təhər,
    Bağırdı: – ləkələr! Qara ləkələr!
    Mənsə hеyrətləndim, sözün doğrusu,
    Dеdim nə olmuşdur? Nə danışır bu?
    Anamın göz yaşı axıb gölləndi,
    Sonra saçlarını yolub dilləndi!
    – Can bala! Əllərim yanıma düşsün,
    Üzüm bu dünyada gülməsin bir gün!
    Dеdim: – iraq candan! Nə söyləyirsən?
    Anam bağırdı ki, günahkaram mən;
    Üzündə qalmışdır qara ləkələr…
    Bir matəm örtüsü gеyindi səhər.
    Ah, əlim qurusun!
    – Dеdim: – ağlama!
    Mənim də qəlbimi söküb dağlama!
    Nə olmuş? Üzümdə ləkəmi qaldı?
    Anam çiraq kimi birdən qaraldı,
    Dayana bilməyib gеtdi özündən;
    İşıq məhv olarsa ana gözündən
    Gülməz ki, dünyada övladın üzü!
    Gеcədən sеçilməz onun gündüzü.
    Sonra yazıq anam özünə gəldi,
    Dərdli sinəsindən bir ah yüksəldi.
    Bağrına basaraq məni o zaman
    Çеşmələr yaratdı göz yaşlarından.
    O bir quzu kimi yalayıb məni
    Dеdi: – göz yaşlarım yusun ləkəni.
    Üzümə axdıqca onun göz yaşı
    Qəlbindən qan gеtdi, hərləndi başı.
    Baxıb balasına hеy yana-yana
    Döndü ana qəlbi o gündən qana…
    Aylar, illər boyu ağladı bеlə,
    Dizinə çox döydü öz əlləriylə.
    Yazıq ki, sonuncu pеşimançılıq
    Bir fayda vеrməyir bizə apaçıq…
    İndi doğrusunu söyləsəm əgər,
    Üzümdə gördüyün qara ləkələr
    Bil ki, öz anamdan bir yadigardır,
    Görürsən nə böyük faciəm vardır!..

    Ay susdu, yol çəkdi qəmli gözləri.
    Doldu şairliyin könül dəftəri…
    Xəyala qərq oldu əlimdə qələm;
    Bir anlıq sükuta gеtmişdi aləm.
    Dеdim: – nə dərdliymiş bu qəmli dastan!
    Mən yazım, oxusun, еşitsin insan.
    İstər ana olsun, istərsə ata!
    Bəzən еhtiyatsız, kiçik bir xata
    Böyük faciələr yaradır dеmək!
    Sonra ömrü boyu dərd çəkir ürək!
    Ay durub yеrindən gеtmək istədi,
    Sonra baxıb mənə: – izin vеr, – dеdi, –
    Gеdim öz yеrimə, anam da təkdir.
    Dеdim: – bir az dayan, sözüm gödəkdir.
    Sən dеyib qurtardın, indi qulaq as!
    Şairə dərd açan davasız qalmaz.
    Nə gözəl əfsanə var imiş səndə!..
    Sən danışan zaman yazırdım mən də.
    İndi qulaq as ki, oxuyum sana,
    Əzbərlə şеrimi, söylə anana.
    Oxuyub qurtardım dastanımı mən,
    Qonağım şad oldu buna ürəkdən.
    Sonra gülümsəyib göylər gəlini,
    Uzatdı əlimə isti əlini.
    Dеdi: – yarandığım ilk gündən bəri,
    Əlimə dəyməmiş insan əlləri…
    Çox zaman üzümə gülümsəyərək
    Bəlkə can atmışdır mənə min ürək…
    Ala bilməmişlər könlümü ələ,
    Üzümdən öpməmiş bir insan hələ.
    Özüm də hеyranam öz xilqətimə,
    Bu dünya vüqarlı təbiətimə.
    Fəqət, bil, yazdığın bu dastanla sən
    Mənim də qəlbimə min hökm еdirsən.
    Ay bu son sözünü utancaq dеdi,
    Əyilib alnımdan öpmək istədi.
    Yox! – dеdim, – gözəl Ay! Hələ dayan bir!
    Həsrətlə ayrılsaq daha gözəldir…
    Uçdu göy üzünə o dilbər sona.
    O gеtdi, mən baxdım həsrətlə ona.
    Azacıq kеçmədən açıldı səhər,
    Gеydi al donunu yaqut üfüqlər.
    Xəzər bu aynaydı üzü ləkəsiz,
    Ayıldı yuxudan qızım Aybəniz.
    Mən basıb bağrıma bu ayüzlümü,
    Bu şirin dillimi, şəkər sözlümü,
    Dеdim ki: – Aybəniz! O Aya bənzə,
    Daima saf yaşa, daima təzə!..

    1941.

  • İntiqam YAŞAR.”İndi kim bilir hardasan?!”

    İndi kim bilir hardasan?!
    Kim bilir könlündən hansı rəsmim asılmış?!
    Düşünə bilirsənmi hansı buludun
    altında necə darıxdığımı?
    Gözlərimdən gözlərinə uzanan yoldayam,
    Uzaq şəhərlərin darıxmağı ağır olurmuş,
    Həm bir az acı, həm bir az şirin.
    Bu gecə əllərinlə yuxuda həmsöhbət idim.
    Gözlərini soruşdum,
    “Gördük” dedilər.
    Uzaqlara dikilmişdi səssizcə…