Ömür-gün səhrasında,
Səfil olan canımız.
Qəzası, müsibəti
Qəfil olan canımız,

Həyat bir udum nəfəs,
Dünya beş günlük həvəs.
Hər yanı zindan, qəfəs,
Qıfıl olan canımız.

Enib dərdin şəhrinə,
Düşüb qəmin qəhrinə.
Sehrbazlar sehrinə
Tifil olan canımız.

Ölüm ahıl, biz çağa,
Boğaz yemdi bıçağa.
Axır beş arşın ağa
Təhvil olan canımız.