Hər çiyin tab gətirməz,
Ağır yükdü dərd daşı.
Daşıyırsan həyatda
Kişi kimi dərd daşı.

Enər gözə çən kimi,
Düşər saça dən kimi.
Damla daş dələn kimi,
Dəlib deşər dərd daşı.

Əzər-tikər, qum eylər,
Kotan çəkər, şum eylər.
Dərd əridər, mum eylər
Sərt qayanı, sərt daşı.

Mərd yaşamaq gərəkdi.
Sərt yaşamaq gərəkdi.
Dərd daşımaq gərəkdi,
Möhkəm dayan, mərd daşı.