Ulduzdan danışaq, Aydan danışaq,
Çeşmədən, dənizdən, çaydan danışaq,
Sevgidən, sevincdən, toydan danışaq.
Palıd qətiyyətli oğullar görüb,
Çinartək ucalan boydan danışaq,
Sən allah, dilinə qeybət gətirmə!

İşığam, sən məni zülmətə çəkmə,
Aşkaram, sən məni xəlvətə çəkmə.
Ayna ürəyimi, duru könlümü
Kinə, küdurətə, nifrətə çəkmə,
Sən allah, dilinə qeybət gətirmə!

Əlvan çiçəklərin baxışına bax,
Çəməndə güllərin naxışına bax.
Günəşin tərtəmiz şəfəqlərinə,
Buludun dumduru yağışına bax.
Yağışdan təmizlən, Günəşdən durul,
Sən allah, dilinə qeybət gətirmə!

Məğrur sarayları yıxdı, dağıtdı,
Yurdun axırına çıxdı, dağıtdı.
Qeybət ürəkləri sıxdı, dağıtdı,
Sən allah, dilinə qeybət gətirmə!

Hər könül mülkündən bir sərvət gətir,
Ruzu, qismət gətir, bərəkət gətir.
Yerdən genişlik al, göydən ucalıq,
Dinəndə, dilinə təravət gətir,
Amandı, dilinə qeybət gətirmə.

21 mart 2000