Xalq şairi Ramiz RÖVŞƏN.”Gəlin, açın yumruğumu!”

Sıxılmaqdan əlim şişib,
Dırnağım ovcumu deşib,
Barmaqlarım düyün düşüb,
Gəlin, açın yumruğumu!

Nə qedib yata bilirəm,
Nə qələm tuta bilirəm,
Nə bir daş ata bilirəm,
Gəlin açın yumruğumu!

Mən ki bir fağır oğuldum,
Birdən yay kimi yığıldım,
Boğuldum, Allah, boğuldum,
Gəlin açın yumruğumu!

Uçdu mən quran qalalar…
Yaxşı ki var gül balalar,
Dedilər: “Ovcunda nə var,
Gələk açaq yumruğunu?!”