Ağzın bəd xəbərə açıldı sənin,
Sonra necə güldün, necə, ay həkim.
Səsin ürəyimə sancıldı sənin,
Həkimlik buydumu səncə, ay həkim.

Sən güldün, yanında ssusub ağladım,
Yenə ümidimi sənə bağladım.
Sağ ikən insana mən yas saxladım,
Verdin əməyimi heçə, ay həkim.

Bir qapı bağladın, yüz qapı açdım,
Qızışn soyuğunda ölkə dolaşdım.
Həkimin əlindən həkimə qaçdım,
Hanı diplomuyun gücü, ay həkim.

Xəstənin yaleyi ilgəkdi pünhan,
Həkimin əlləri düymə bağlayan.
Sən bir qəbristanlıq insan qırmısan,
Bir elmi dərəcə üçün, ay həkim.

Qəbula gələndə bivaxt düşmüşəm,
Bu evdən-eşikdən uzaq düşmüşəm.
Mən sənin əlindən qaçaq düşmüşəm,
Həkimləri seçə-seçə, ay həkim,
Şəhər-şəhər, küçə-küçə, ay həkim.