Category: Azərbaycan ədəbiyyatı

  • Xalq şairi Zəlimxan YAQUB.”Ağrı”

    Üstümə gələn şikayətçilərə
    Ürək ndir, zərif tel, incələrin incəsi,
    Sən qarışqa, dərd dəvə, qəm ayının pəncəsi.
    Hər gün üzünə durur həyatın işgəncəsi,
    Səni necə qurtarım ağrıların əlindən?

    Fikrində ümid yeri, gözündə yaş gəlirsən,
    Ürəyində qəm yükü, bağrında daş gəlirsən.
    Bir az ürkək yeriyir, bir az yavaş gəlirsən,
    Səni necə qurtarım ağrıların əlindən?

    Yol dolaşıq, cığır dar, zaman çətin, vaxt ağır,
    Əngəllərin əlində qalmısan mağmın, fağır.
    Baxışından üstümə qalaq-qalaq qar yağır,
    Səni necə qurtarım ağrıların əlindən?

    Torpağın yad əlində, özün çadırda əsir,
    Ayaz vurur, qar döyür, şaxta vurur, qar kəsir.
    Hər kəs öz ocağına, öz evinə tələsir,
    Səni necə qurtarım ağrıların əlindən?

    Üzün payız yarpağı, alnın qırış-qırışdır,
    Qəlbin qəmlər əlində gah küsdü, gah barışdı.
    Ağladın, göz yaşların göz yaşıma qarışdı,
    Səni necə qurtarım ağrıların əlindən?

    Dodağım yandıran haraydımı, ündümü?
    Kərpic-kərpic sökülən ömürdümü, gündümü?
    Bu bulanlıq suları durultmaq mümkündümü?
    Səni necə qurtarım ağrıların əlindən?

    Allahı çağırırsan, eşqin Allaha çatmır,
    Eşitmir vəzir, vəkil, əllərin şaha çatmır,
    Mənim gücüm çəkdiyin aha, ağrıya çatmır,
    Səni necə qurtarım ağrıların əlindən?

    Nə şaham, nə Allaham, nə peyğəmbər, nə sultan,
    Qəlbindən keçənləri yaratmağa yox imkan.
    Təbiətdə qasırğa, cəmiyyətdə sərt tufan,
    Səni necə qurtarım ağrıların əlindən?

    Sən millətin övladı, mən millətin vəkili,
    Ürəyim cadar-cadar, yuxum ərşə çəkili.
    Əlim göyə uzalı, gözüm göyə dikili,
    Səni necə qurtarım ağrıların əlindən?

    26 noyabr 2000

  • Xalq şairi Süleyman RÜSTƏM.”Bilmədin sən qədrimi”

    Bilmədin sən qədrimi, ey nazli canan, bilmədin
    Çəkdi min dərd, min cəfa hicrində bu can bilmədin.

    Bilmədin sənsizliyindir qəlbimə odlar salan,
    Bağrıma dağlar çəkən hicranı hicran bilmədin,

    Sevgi dünyasında mən heç vaxt vəfasız olmadım,
    Ömrümü verdim sənin uğrunda qurban, bilmədin.

    Eşqimin təxtində fərman verdi hər gün ayrılıq,
    Can evimdə əsdi yellər, qopdu tufan, bilmədin.

    Od tutub yandım Kərəmtək, yanmadın heç halıma,
    Bilmədin, sənsiz deyib-gülməz Süleyman, bilmədin.

  • Xalq şairi Süleyman RÜSTƏM.”Gözəllər gözəlinə”

    Eşqini qəlbinə bəxtim kimi yazmış öz əlim, –
    Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!

    Üzünü görmədiyim hər günümə gün demirəm,
    Küsmə, ünvanına bu sözləri küskün demirəm.
    Sənə Leyla, özümə yaxşı ki, Məcnun demirəm.
    Gəl gülüm, gəl çiçəyim, gəl ki mən ilhama gəlim,
    Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!

    Səndən öyrəndi bahar nəğmələrin nəğməsini,
    Yaydı dünyamıza xoş nəğmənin hər kəlməsini.
    Doymaram min kərə, hər gün mən eşitsəm səsini,
    Çəkirəm car, bunu bilsin vətənim, bilsin elim,
    Son gözəllər gözəlindon də gözəlsən, gözəlim!

    Dikirəm gözlərimi hər zaman, hər an yoluna,
    De görüm, kim ötürübdür səni hicran yoluna,
    Hardasan, gəl bu vüsal adlı Süleyman yoluna,
    Gəl, gəl, etsin yenə pərvaz gözəl arzum, əməlim,
    Sən gözəllər gözəlindan də gözəlsən, gözəlim!

  • Xalq şairi Süleyman RÜSTƏM.”Bəlkə də…”

    Zəhmət eşqindən gələn namuslu ad-san yaxşıdır.
    Min kərə “mən-mən” deyəndən sadə insan yaxşıdır.

    Bərbəzəkdən başqa bir şey bilməyən nazəndədən
    Qəmsiz, rəngsiz gözəl, ismətli canan yaxşıdır.

    Eşqdir mənası bu ağ günlərin, xoş günlərin,
    Sevgiyə yad bir vüsaldan məncə hicran yaxşıdır.

    Bir əsr mənasız ömr etməkdən, ey dil, şübhəsiz,
    Millətə xidmətdə ən mənalı bir an yaxşıdır.

    Kim bilir, eşq aləmində, doğruluqda, sevgilim,
    Çoxlarından bəlkə də şair Süleyman yaxşıdır!

  • Xalq şairi Süleyman RÜSTƏM.”Rəqs edir”

    Qoy bütün aləm gəlib görsün, nigarım rəqs edir.
    Rəqs edir dünya gözümdı, iftixarım rəqs edir.

    Söylıyin bülbüllərə sussun, bir anlıq ötməsin,
    Hüsnü dülbər əzbəri, şux nəğməkarım rəqs edir.

    Seyr edir qəmsiz, xəzansız ömrümün gülzarını,
    Könlümün mülkündə solmaz ilk baharım rəqs edir.

    Gəlməmək ilhama, pərvaz etməmək mümkün deyil.
    Nazəninim, dilbərim, eşqim, vüqarım rəqs edir.

    Görməyib ellər məni onsuz, onu mənsiz bir an,
    Ağ günümdə, şad günümdə etibarım rəqs edir.

    Mən Süleyman Rüstəməm, xoşbəxtlərin xoşbəxtiyəm,
    Sərvərim, peyğəmbərim, “pərvərdigarım” rəqs edir.

  • Xalq şairi Süleyman RÜSTƏM.”Çağır”

    Sənə üz versə kədər, məclisə cananı çağır,
    Dodağı qönçəli, ol gözləri ceyranı çağır.

    Eşqdir, hicridir, aləmdə vüsaldır məna,
    Varsa şübhən, bunun isbatina dünyanı çağır.

    Söndürə bilməyəcəksən yenə eşqin adını,
    İstəyirsən köməyə çayları, dəryanı çağır.

    Sağalar məncə, vüsal ilə bu hicran yarası.
    Zəhmət çəkmə, nə təbibi, nə də loğmanı çağır.

    Səni qəmlər dənizi boğmağa eylərsə hücum,
    Özgə bir kimsəni yox, təkcə Süleymanı çağır!

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Qoymaram”

    Gedin deyin Xançobana,
    Gəlməsin bu il Muğana.
    Muğan batıb nahaq qana
    apardı sellər Saranı.
    bir gülər üzlü balanı..
    Nəbati

    Gedin deyin Nərimana,
    Sıxır məni xəstəxan,.
    Xəstəxana batıb qana.
    aparır sellər Saranı.
    eşitsin ellər Saranı.
    Sara

    Dözmün azalıb, nə olub yenə,
    Belə görməmişdim, ay Sara, səni.
    Oxuma yanımda qəm mahnısını,
    Qoymaram bu ellər apara səni,
    Özüm aparacam gör hara, səni.

    Yenə bir çəməndə süfrə açarıq,
    Yemlik yığa-yığa arxı aşarıq.
    Bir az qocalmışıq, cavanlaşarıq.
    Bir az dincələrik bulaqlar üstə,
    Quşlar mahnı deyər budaqlar üstə.

    Biz ömür sürümüşük ləyaqət ilə,
    Biz həyat görmüşük nə minnət ilə.
    Ev-eşik qurumuşuq əziyyət ilə,
    Bir-bir daş üstünə biz daş qoymuşuq,
    Bir halal yastığa biz baş qoymuşuq.

    Axşam teatrda qoşa oturaq,
    Gündüz artistlərə şən məclis quraq,
    Hələ “Pompey” durur, biz də bərk duraq,
    Onu bu səhnədə görək, ay Sara,
    Bir az səbrin olsun gərək, ay Sara.

    Hələ nə görmüşük biz bu dünyada,
    Quş havada yaşar, balıq dəryada.
    Yağışlar, küləklər döyüb səhrada,
    Dünya düzəngahmış, heç bilməmşəm,
    Sənə sıığınmışam, Sara dümişəm.

    Dözmün azalıb, həyatım mənim,
    Belə görməmişdim, ay Sara, səni.
    Oxuma yanımda qəm mahnısını,
    Qoymaram bu ellər apara səni,
    Özüm aparac dağlara, səni.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Mənə düşməyir”

    Məni sevindirməyin,
    Gülmək mənə düşməyir.
    Nədir arzum, diləyim,
    Dilək mənə düşməyir.

    Sıxır amansız həyat,
    Tale sərt, can amant.
    Can de, köməyimə çat,-
    Kömək mənə düşməyir.

    Nədir məni söylədən?-
    Başa düşməz hər yetən.
    Nə deyim əvvəlcədən,
    Demək mənə düşməyir.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ay Həkim”

    Ağzın bəd xəbərə açıldı sənin,
    Sonra necə güldün, necə, ay həkim.
    Səsin ürəyimə sancıldı sənin,
    Həkimlik buydumu səncə, ay həkim.

    Sən güldün, yanında ssusub ağladım,
    Yenə ümidimi sənə bağladım.
    Sağ ikən insana mən yas saxladım,
    Verdin əməyimi heçə, ay həkim.

    Bir qapı bağladın, yüz qapı açdım,
    Qızışn soyuğunda ölkə dolaşdım.
    Həkimin əlindən həkimə qaçdım,
    Hanı diplomuyun gücü, ay həkim.

    Xəstənin yaleyi ilgəkdi pünhan,
    Həkimin əlləri düymə bağlayan.
    Sən bir qəbristanlıq insan qırmısan,
    Bir elmi dərəcə üçün, ay həkim.

    Qəbula gələndə bivaxt düşmüşəm,
    Bu evdən-eşikdən uzaq düşmüşəm.
    Mən sənin əlindən qaçaq düşmüşəm,
    Həkimləri seçə-seçə, ay həkim,
    Şəhər-şəhər, küçə-küçə, ay həkim.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Mən”

    Kimsə salam verdi mənə rəhm ilə,
    Allahın nə yazıq bəndəsiyəm mən.
    Tüstüsüz yandım mən odlar içində,
    təndirin küt gedən kündəsiyəm mən.

    Məndən inciməsin dostlar, tanışlar,
    daha yadlaşıbdı doğma baxışlar.
    Ey əsən küləklər, yağan yağışlar,
    tökülün üstümə dözəsiyəm mən.

    Yatır süfrəmizə çörək gətirən,
    ailə yükünü təkcə götürən,
    Mən boynu büküyəm, o köks ötürən,
    Yeganə arxası, kimsəsiəym mən.

    Qadındır hər evin isti nəfəsi,
    qadın anadırsa-yoxdur əvəzi.
    Ağırdı ananın ağır xəstəsi.
    atayam, ananın xəstəsiəym mən.
    Bəlkə bədbəxtlərin təzəsiəym mən.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ürəyim ananı istəyir, qızım”

    Ürəyim ananı istəyir, qızım,
    sən yaşa dünyada qəmsiz, kədərsiz.
    Bir səs qulağıma döz deyir, qızım,
    Mən dözdüm,
    yaş ötdü məndən xəbərsiz.

    Qaşlarım qaradı, saçlarım ağdı,
    təbiət şəklimi çəkir yenidən.
    Hamı bu dünyada qocalacaqdı
    amma tək qocalmaq dərd verir hərdən.

    “Dağlar” deyə-deyə mən dağ şamışam,
    Hanı tale dostum,
    ürəkdən gülən?!
    Dünyada yaşayıb dünyalaşmışam,
    dünyayla düz gəlmir daha mən deyən.

    Daddım acısını şirin həyatın,
    Hələ bu acıdan doyan olmayıb.
    Qızım, qardaşınla sən olmasayadın,-
    deyərdim, dünyada ana olmayıb.

    Mən işdən çıxanda eybi yox,-dedim,-
    dəyirman dünyadı, çarxa düşmüşəm.
    Özümünkü bilib fəxr elədiyim,
    arxadan vuranda arxa düşmüşm.

    Mən qisas almadım yaşadı düşmən,
    ilhamda, sənətdə axırdaydılar.
    Qisası aldım mən yalnız özümdən,-
    böyüklər də gördüm, çox xırdaydılar,
    ilhamda, sənətdə axırdaydılar.

    Daha yaş artdıqca, səbrim azalır,
    yaş yaşdı…
    neyləsən yaş əyir, qızım.
    Qadınsız-ata da anasız qalır,
    ürəyim ananı istəyir, qızım,

  • Əhməd CAVAD.”Azərbaycan bayrağına” (Şeir)

    Türküstan yelləri öpüb alnını
    Söyləyir dərdini sana, bayrağım!
    Üçrəngin əksini Quzğun dənizdən
    Ərməğan yollasın yara, bayrağım!

    Gedərkən Turana çıxdın qarşıma,
    Kölgən dövlət quşu, qondu başıma!
    İzn ver gözümdə coşan yaşıma –
    Dinlətsin dərdini aha, bayrağım!

    Qayı Xan soyundan aldığın rəngi,
    Qucamış Elxanla, müsəlman bəgi.
    Elxanın övladı, dinin dirəgi,
    Gətirdin könlümə səfa, bayrağım!

    Köksümdə tufanlar gəldim irəli,
    Öpüm kölgən düşən mübarək yeri!
    Allahın yıldızı, o gözəl pəri,
    Sığınmış qoynunda Aya, bayrağım!

  • Rahilə xanım DÖVRAN.Seçmə şeirlər

    Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

    YADA DÜŞÜR
    /”Düşüncələrim” – silsiləsindən/

    Vaxt çatanda ağ libası geyinməyə,
    Hacət qalmır təkəbbürə, öyünməyə.
    Başlayırlar əldə təsbeh deyinməyə
    Sanki varmış bu günədək öndə duran,
    Yada düşür oruc, namaz, həm də Quran.

    Sığışmayır ziyarətlər günə, aya,
    “Canıdişdə” qatlaşırlar hər bəlaya.
    Güzar düşür- Məşhəd, Həccə, Kərbəlaya
    Hamı olur minbərlərə alın vuran,
    Yada düşür oruc, namaz, həm də Quran.

    Açarını qazanmaqçün axirətin,
    Inkar edir vəbalların, qəbahətin.
    Namazlarda on cərgədə durur,- mətin
    Dönüb olur molla, mömün –yüz-yüz vuran,
    Yada düşür oruc, namaz, həm də Quran.

    “Küpü süzür” zorbaların, harınların,
    Anlayırlar faniliyin varın- karın.
    Toplamaqçün əkdikləri “əməl barın”
    Mələk olur qəlb sındıran, könül qıran,
    Yada düşür oruc, namaz, həm də Quran.

    Nə ziyarət, nə nəzirlər çatmaz dada,
    Axirəti qazanarlar bu dünyada.
    Çiyindəki mələkləri salıb yada
    Nöqtə qöyür misrasına şair Dövran,
    Yada düşür oruc, namaz, həm də Quran.

    USTAD VƏLİNİN QIZI
    /”Düşüncələrim” – silsiləsindən/

    Təbi hər zaman rəvan,
    Vaxtı, zamanı qovan.
    Heyrandır, həm Natəvan,
    Ustad Vəlinin qızı.

    Mütəvazi görkəmi,
    Sevincindən çox qəmi.
    Qələminin həmdəmi,
    Ustad Vəlinin qızı.

    Ilhamından zər geyir,
    Yaratdığı hər şeir.
    Sevənlər – əhsən deyir,
    Ustad Vəlinin qızı.

    Heyranların sevinci,
    Hər kəlməsi dürr, inci.
    Hey öndədir- birinci,
    Ustad Vəlinin qızı.

    Oyar əyrinin gözün,
    Qələmlə söylər sözün.
    Heç zaman öyməz özün,
    Ustad Vəlinin qızı.

    Söz karvandır, O, sərban,
    Qəlbi hər zaman cavan.
    Mənəm,- Rahilə Dövran,
    Ustad Vəlinin qızı…

    MÜƏLLİF : RAHİLƏ DÖVRAN

  • Şəfa VƏLİYEVA.”Mən səni Şamxat kimi”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Mən səni Şamxat kimi-
    Min fitnəylə sevirəm…
    Sonra da
    Öpüşünlə
    Ruhuma qüsul tökürəm…

    Mən səni Lalə kimi-
    Düzlərdə gözləyirəm…
    Bağrıyanıq,
    Dilimdə “ah”…
    Ləçək-ləçək közərirəm…

    Mən…-ilan məkrinə vurğun,
    Yaradılışdan yorğun…
    Sən aldadılan Adəm,
    Hər günahıma həmdəm…
    Mən səni dua kimi
    Tanrı xətrinə sevirəm..

  • Gülnar SƏMA.Seçmə şeirlər

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Var

    Sənsiz gecələrə vərdiş etmişəm
    Həsrətə, hicrana məndə dözüm var.
    Nazıyla oynadım ayrılıqların
    Vüsala tamarzı iki gözüm var.

    Mənli-mənsiz, onlu-onsuz arzular
    Qanıma susadı qansız arzular
    Qar üstə yazdığım sonsuz arzular
    Od üstə can verən neçə buzum var.

    Sən nədən biləsən, nədənlər nədən?
    Özün cavab çıxar “a”dan ya “be”dən
    Gözümdə kölgəli o nurlu didən
    Məni sınaq etmə, məndə əzim var.

    Bir qız

    Bir qız vardı bizim kənddə
    Mənim kimi gözü qara.
    Sənə olan sevgisindən
    Bənzəyirdi üzü qara.

    Bir qız vardı qarabəniz
    Üzündə xal düzümləri.
    Yetişməmiş kim dərmişdi
    Tənəkdə kal üzümləri?!

    O qız bircə addımıyla
    Ürəyini tərk elədi.
    Qovuşmağa gücü çatmaz,
    Ayrılığa ərk elədi.

    Sən gələndə həmin qızın
    Sevgisi sevgiyə döndü.
    O dinə gəlməyən qızın
    Dilində sən oldun andı.

    Bir qız vardı bizim kənddə
    Reyhan kimi gözü qara.
    Gülü, narı yığıb getdi
    Sizin kənddən səmalara.

    Yuxuda…

    Sən yuxuya gedəndə
    Mən yuxudan gəlirdim.
    Gözün məni güdəndə
    Özüm bunu bilirdim.

    Yuxu mənə gələndə
    Mən də səndən gedirdim.
    Sən mənimçün öləndə
    Mən də gendən gedirdim.

    Mənə o təsir edir
    Sən axı dan gəlirsən.
    Hamı yuxuya gedir
    Sən yuxudan gəlirsən.

    Hamı xeyrini güdür
    Sən də mənə zərərsən.
    Məni könlünə müdir
    Yat, yuxuda görərsən.

  • Xatirə FƏRƏCLİ.Seçmə şeirlər

    AĞ ÇİÇƏK

    Ay ağ çiçək, ağ çiçək,
    allar düşüb gözümdən.
    İçimdə bir qallıq var,
    gəl, al məni özümdən.

    Ürəyim ağ kəlağay,
    yer tapammıram sərim.
    Belə ürəklə bəlkə
    çiçək olub əzəlim.

    Götür, hara istəsən
    apar məni, at məni.
    O Bəy bəyazlığına
    bələ məni, qat məni.

    Gedim bir ağ yuxuya,
    gedim ağ mələk kimi.
    Qayıdıb bu dünyaya
    gəlim ağ çiçək kimi.

    BU NƏDİ?

    Sən niyə baxırsan yollara, niyə
    Kimi gözləyirsən, gözüm, bu nədi?
    Ürəyim, köksümü dağıtma, toxta
    Yoxsa tükənibdi dözüm, bu nədi?

    Nədir bu intizar, bu qüssə, ələm?
    Könlümü uçurur boğulan naləm
    Çökübdü çöhrəmə qəlbimdəki qəm
    Solub yanaqlarım, üzüm, bu nədi?

    Köçüm uzaqlarda … ömür də yarı,
    Yağır, çalın-çarpaz taleyin qarı.
    Yeriyir üstümə qəm karvanları,
    Bəs hanı təpərin, dizim, bu nədi?

    ***

    Bu darıxmaq, aman tanrım,
    Buraxmır yaxamı nədən?
    Darıxıram, darıxıram
    Dar gəlir ruhuma bədən.

    Qara qarışqalar kimi
    Yol gedirik yön fələyin
    Yolumuz bir mənzilədir
    Kimi asta, kimi yeyin.

    İçimizdən alışırıq
    Kül olub sönənə qədər
    Heçdən gələn darıxacaq
    Heçliyə dönənə qədər.

    QATAR GÖZLƏYİRƏM

    Bu qatar da ötüb getdi
    Ünüm yetmədi, yetmədi.
    Gedib, gedib gözdən itdi
    Güman itmədi, itmədi.

    Bir dəli inada qulam,
    Könlümdə dağıntı, savaş.
    Nagüman qatar gözləyib,
    Nə çəkirəm biləydin kaş.

    Söykənib tənha söyüdə
    Budaqdan bar gözləyirəm.
    Qatarlanıb illər gedir
    Mənsə qatar gözləyirəm.

    QALDI

    Gözümdən oxundu qəlbimin qəmi
    Bəxtəvər görünmək üzümə qaldı.
    Qismət deyə-deyə, bəxt deyə-deyə
    Gəzib dolanmağım özümə qaldı.

    Sığındım payıza, qışa gözlədim,
    Baxmadım ömürə, yaşa gözlədim
    Gözlədim hədərə, boşa gözlədim
    Yollara dikilmək gözümə qaldı.

    Həsrətin özüymüş sapsarı dünya,
    Qıymadı könlümə baharı dünya,
    Gülmədi üzümə bu qarı dünya
    Mənimki yenə də dözümə qaldı.

  • İradə AYTEL.Seçmə şeirlər

    Qadın
    İstəkdən yoğrulsan da,
    İstəklə doğulmadın.
    O qədər çox idi arzun
    Arzundaca boğuldun!
    Yum! Yum gözlərini, qadın!

    Sevdin!
    Ruhun uzaqda
    Cismin doğma yataqda,
    Ananın naxış-naxış,
    Həvəs-həvəs tikdiyi
    Yastığı cırmaqlayan
    Dırnaqların şişəmi?
    Məhrəminə satdığın
    Cismin dözür şişəmi?
    Bu dünya çox kiçikdir.
    Bir qadın içindəki
    Sevgini basdırmağa
    Yer acizdi torpaqda,
    Torpaq bəyaz bayraqdı!
    Sən azad olamadın!
    Yum! Yum gözlərini, qadın!

    Alisən!
    Ulusan!
    Anasan!
    Dözümün sinən üstə
    Dağ olsun kişilərə,
    Nə fərqi
    O dağın təkindəki
    Qaranlıqda inləyən
    Saçlarından asılan,
    Qara divə qısılan ürək
    Alimi?
    Ulumu?
    Anamı?!.
    Təki o dağ dağların
    Bağ olsun kişilərə…
    Əmsin dünya dərdini,
    Dönsün dünya dərdinə!

    Qapqara saçlarından
    Bir tel ayır…
    Dolaşdır bəmbəyaz buxağına…
    – Ana!
    Yenə…
    Bala səsinə çevril,
    Bala nəfəsinə səril…
    Səril!
    Səril!
    Təkcə öz ayağına sərilmə!
    Ayaqlama cənnəti!

    Anama
    Bir dəli sevdaya düşmüşəm, ana,
    İntihar sevdasına!
    Amma
    Qıymıram sənin ürəyinin bir parçasına,
    Qıymıram sənə!
    Bax, ana,
    Bircə canımnan başqa
    heç nəyim yoxdu.
    Onu da borcluyam Sən Tanrıma!
    Bilirəm, onsuz da qatiləm!
    Mənli arzularının,
    İstəklərinin,
    Sənə verəmədiyim nəvələrinin “qatili”!
    İndi də
    balanın qatili olmaqdan qorxuram!
    Ana!
    Sənin ölümünü gözləyirəm!
    Başımdakı bu sevdanın xatirinə!
    Bağışla!!!

    Yığış gedək
    Ay, köksümdə döyünənim,
    Mərdim, mərdim, yığış gedək.
    Səni, səni sevməyənə
    Verdim… verdim, yığış gedək.

    Gül açmadı yenə bu yaz,
    Ümid düşdü çənə bu yaz…
    Qara saçım, səni bəyaz
    Hördüm… hördüm, yığış gedək.

    Nədən saldın mənə meyil,
    Di içimdə söyül, döyül.
    Bu dünya bizimki deyil,
    Dərdim, dərdim, yığış gedək!

  • Ceyhunə MEHMAN.”Nə biləsən, ayrılığın səhəri”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar Bürosunun Rəhbəri

    Nə biləsən, ayrılığın səhəri,
    Gizli-gizli pıçıldaşır yağışlar.
    Nə biləsən,əgər geri qayıtsan,
    Tanrı səni göz yaşıma bağışlar.

    Nə biləsən,soyuyubdur göz yaşım
    Yanağıma kədər yağır,qar düşür.
    Gözlərimdə iki dünya qovuşur,
    Dodağımda ölüm necə öpüşür.

    Nə biləsən,səndən sonra hamının
    Mənim ilə davası var,dərdi var.
    Çoxdandir ki, taleyimin yükünü,
    Daşıyammır ömür adlı nərdivan.

    Nə biləsən, bu bitməyən əzablar
    Ürəyimi ac qurd kimi yeyirlər.
    Bənizimdə həsrətindi saralan,
    Həkimlərim “qanazlığı” deyirlər.

    Nə biləsən, mənəm səni unudan,
    Sənsən məni hər gün bir az itirən.
    Nə biləsən, gözlərimdən tökülüb,
    Yavaş-yavaş külə dönür xatirən.

  • Kənan AYDINOĞLU.”Şair olmağıma bir ömür qalıb”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Bilmirəm,nə üçün doğulmuşam mən,
    Əldə kündə olub yoğrulmuşam mən.
    Çox çətin günlərdən yorulmuşam mən,
    Şair olmağıma bir ömür qalıb.

    Kədəri sevinclə görəndə birgə,
    Bəxtimin üstünə düşəndə kölgə,
    Gülüb şadlananda böyük bir ölkə,
    Şair olmağıma bir ömür qalıb

    Dünyanın sirrini aça bilmədim,
    Dərdlərin əlindən qaça bilmədim.
    Nə qol-qanad açıb uça bilmədim,
    Şair olmağıma bir ömür qalıb.

  • Kənan AYDINOĞLU.”Vurğun”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Xalq şairi Səməd Vurğuna

    Başın ağrısa da, durmadı əlin,
    Yazdığın hər sözün qalandı, Vurğun.
    Vətənə sən dedin həmişə ana,
    Vətənin şairi balandı, Vurğun.

    Xalqına həmişə hörmət bəslədin,
    Hamını sənətə, şerə səslədin.
    Bu elə-obaya sən nur çilədin,
    Sənsiz hər bir vətən yalandı, Vurğun.

    Dirçəltdin şeiri torpağın kimi,
    Qoruyub saxladın ocağın kimi.
    Qədrini bilimisən bayrağın kimi,
    Adına tonqallar qalandı, Vurğun.

  • Ədəbiyyat İnstitutunda “Cəlil Məmmədquluzadə 150 il” kitabının təqdimat mərasimi keçirilib

    https://a.radikal.ru/a02/1911/56/a5111e5192af.jpg

    https://b.radikal.ru/b22/1911/7a/9397b43c27ef.jpg

    https://c.radikal.ru/c00/1911/0b/5ba8a6a1fe0c.jpg

    https://c.radikal.ru/c18/1911/47/f0687ea67fd7.jpg

    https://c.radikal.ru/c24/1911/2a/ca81b2460e8c.jpg

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Cəlil Məmmədquluzadə 150 il – məqalələr, esselər, müsahibələr, şeirlər ” kitabının təqdimat mərasimi keçirilib.
    Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında 17 yanvar 2019-cu il Sərəncamı və bu istiqamətdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görülən işlər barəsində danışıb. Akademik kitabın böyük Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə Ədəbiyyat İnstitutunun dissertantı Elxan Nəcəfov tərəfindən tərtib olunaraq nəşrə hazırlandığını söyləyib. Bu kitabı Abbas Zamanov kimi alimlərin böyük işinin davamı adlandırıb. Bildirib ki, nəşrdə ötən əsrin 60-70-ci illərindən bəri müəyyən kitablarda, qəzetlərdə, jurnallarda, saytlarda və digər elektron resurslarda Cəlil Məmmədquluzadə haqqında yazılmış məqalələr, esselər, müsahibələr və şeirlər toplanıb. Həmçinin əlavə edib ki, Cəlil Məmmədquluzadənin ingilis dilinə tərcümə olunmuş əsərlərinin toplanıb nəşr edilməsi də nəzərdə tutulub. Bunlardan başqa yazıçının əsərlərinin yapon dilinə tərcümə olunaraq Yaponiyada da yayımlanmasının planlaşdırıldığını deyib.
    Sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı, kitabın tərtibçisi Elxan Nəcəfov “Cəlil Məmmədquluzadə 150 il – məqalələr, esselər, müsahibələr, şeirlər” kitabı haqqında məruzə ilə çıxış edib. O bildirib ki, kitabda Azərbaycan Respublikası Prezidentinin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı, ümummilli lider Heydər Əliyevin böyük ədibin 125 illik yubiley tədbirindəki nitqi, 93 məqalə, 13 esse, 8 müsahibə, 8 şairin yaradıcılığına aid 30 şeir yer alıb. 52 müəllifdən 78 məqalə Azərbaycan dilində, 14 məqalə isə xarici dillərdədir. Kitab Bakıdakı əsas kitabxanalarla yanaşı Naxçıvanda Nehrəm kəndində Cəlil Məmmədquluzadənin Ev və Xatirə muzeyinə də hədiyyə olunub. Kitab haqqında müxtəlif informasiya vasitələrində, eyni zamanda AzTV radio 105 FM-də “Kamil Məhərrəmoldu ilə həmsöhbət” verilişində söz açıldığını xatırladıb.
    Əlavə edib ki, kitabın baş redaktoru akademik İsa Həbibbəyli, elmi redaktoru professor Asif Rüstəmli, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov, rəyçiləri AMEA-nın müxbir üzvü Tehran Mustafayev və dosent Şəmil Sadiqdir.
    Təqdimatda Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək Prezidentin Sərəncamından irəli gələn tapşırıqların həyata keçirilməsindəki xüsusi roluna görə Ədəbiyyat İnstitutunun işlərini yüksək dəyərləndirib. Bildirib ki, mədəniyyət adamlarının Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə təklif etmişdim ki, Bakıda Cəlil Məmmədquluzadəyə heykəl ucaldılsın. Heykəlin ucaldılması prosesində Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyi ilə yanaşı, AYB və AMEA-nın da yaxından iştirak etməli olduğunu vurğulayıb.
    Tədbirdə çıxış edənlərdən akademik Muxtar İmanov, Təyyar Salamoğlu, Tehran Mustafayev, Cahangir Məmmədli, Allahverdi Məmmədli, Mehman Qaraxanoğlu, Rüstəm Behrudi və Şəhla Əhmədova “Cəlil Məmmədquluzadə 150 il: məqalələr, esselər, müsahibələr, şeirlər” kitabı və Mirzə Cəlilin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.
    Təqdimat mərasimində akademik Möhsün Nağısoylu, Kamil Məhərrəmoğlu, yazıçı Pərvin, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov və digər ziyalılar da iştirak edirdilər.

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi

  • Rahilə xanım DÖVRAN.Seçmə şeirlər

    Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

    MƏNİ SƏSLƏYİN
    /”Vətənimdir” – silsiləsindən/

    Sorsalar ki, kiməm mən?
    Cavaba tələsməyin.
    Dost olsun, ya da düşmən.
    Həmən məni səsləyin.

    Səsim gələcək yerdən,
    Od olub püskürəcəm.
    Səsim gələcək Kürdən,
    Xəzərə töküləcəm.
    Qarsdan Bakıya kimi,
    Araz olub axacam.
    Olub dövrün hakimi,
    Təbrizəcən baxacam.

    Olacağam Çuxuryurd,
    Naxçıvanın qardaşı.
    Olacağam mən Boz Qurd,
    Titrədəcəm dağ, daşı.

    Olacağam mən Ağrı,
    Sancılacam göylərə.
    Düşmənlərə göz dağı,
    Yaşıl orman, gur dərə.

    Baxmayacam su dərin,
    Gərib qanadlarımı,
    Olacam Xudafərin,
    Qaytaracam varımı.

    Olacam Xoy, Ərdəbil,
    Əl edəcəm Dərbəndə.
    Nə söyləsəm gerçək bil,
    Bunu bilir hər bəndə.

    Qucacam İrəvanı,
    Tiflisəcən gedəcəm.
    Gözəl Borçalım hanı?
    Deyə:-sual edəcəm.

    Hönkürdükcə Qarabağ,
    Basacağam bağrıma.
    Sağalınca çarpaz dağ,
    Dözəcəyəm ağrıma.

    Qoymayacam qisası,
    Qalsın son qiyamətə.
    Həzrət Musa əsası ,
    Minəcəkdir hörmətə.

    Sorsalar ki, kiməm mən,
    Cavaba tələsməyin.
    Dost olsun ya da düşmən,
    Siz,- Dövranı səsləyin …

    İNGİLİS
    /”Düşüncələrim” – silsiləsindən/

    Dünya aləm qan ağlayır ingilisin əlindən,
    Heç fələk də baş açammaz fitnəsindən, felindən.
    Duyulmayıb bu kafirin haqlı kəlmə dilindən,
    Dəniz kimi çalxalayır millətləri bu iblis-
    Açılmayan kilidlərin açarıdır ingilis.
    ***
    Məmləkət yox toxunmasın ona qanlı barmağı,
    Beş qitənin təpəsində rəqs eyləyir çomağı.
    Lal vulkandır onun sakit, səs-səmirsiz durmağı,
    Lənətlənmiş kor şeytanın oxşarıdır o xalis-
    Açılmayan kilidlərin açarıdır ingilis.
    ***
    Bu boz qarğa bülbüllərə bəlağətdən dərs deyir,
    Məzlumları tora salır, fırıldaqla haqq yeyir.
    Atası da bu misterdən görməyibdir bir xeyir,
    Doldurmağa çalışsan da dolmayacaq boş təlis-
    Açılmayan kilidlərin açarıdır ingilis.
    ***
    Əməllərin görməyənlər söyləyər ki,- mələkdir,
    Qəbir üstə uzadılmış qan ağlayan çələngdir.
    Ölkələri tar mar edən fırtınadır, küləkdir,
    O-gözləri kor eyləyən tufan, çovğun, duman, sis-
    Açılmayan kilidlərin açarıdır ingilis.
    ***
    Qafqaza da dəfələrlə, hey batırıb caynağın,
    İstəyib ki, fəth eyləyə hiylə ilə Qaf dağın.
    Taladıqca od- alovun “Atəşgah”tək ocağın,
    Cəhd eyləyib bu torpağa sahib ola, ya varis-
    Açılmayan kilidlərin açarıdır ingilis.
    ***
    Təpəgöztək dadanıbdır insanların ətinə,
    Bəşəriyyət çox görübdür bu cəlladdan qan, fitnə.
    Tülkü təkin “Həccə gedər”- əgər düşsə çətinə,
    Mədaxilin, məxaricin hesablayar düz, səlis-
    Açılmayan kilidlərin açarıdır ingilis.
    ***
    Üzərində vəbalı var min dirinin, ölünün,
    Qarlı qışı, şaxtasıdır kürreyi-ərz çölünün.
    Törədəni, səbəbkarı xəyanətin, nisgilin,
    Bogulacaq öz tökdüyü qan gölündə bu həris-
    Açılmayan kilidlərin açarıdır ingilis.

  • Şairə-publisist Nəcibə İLKİN.”Vüsal nəğməsi”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Bir gün məni alıb qolların üstə,
    Aparıb gedəydin lap uzaqlara.
    Bəxtimin qar basmış yolları üstə,
    Əyninə vüsaldan geyəydin xara.

    Nə yağış biləydik, nə qar, nə boran,
    Donaydıq vüsalın isti donunda.
    Eşqin havasına nə dağ, nə aran,
    Bir vüsal nəğməsi olsa sonunda.

  • Şairə-publisist Nəcibə İLKİN.”Bir məclisdə…”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Birməclisdə salam verdim birinə,
    “Xoşuma gəlirsən, dost olaq”, dedi.
    Nə dərdin, nə qəmin olsa çəkinmə,
    “Dərdinə əlacı bir qılaq”, dedi.

    Zəng eləyib hal-əhvalımı sordu,
    Min cürə dil töküb özünü yordu,
    Könlündə bir sevgi yuvası qurdu,
    “Olma bu sevgidən gəl qıraq”, dedi.

    Çox dinlədim bu dostumun səsini,
    Könlümə tac olan xoş nəğməsini,
    Dedim qoy vaxt çatıb verim dərsini,
    “Vur sinəm üstünə bir oraq”, dedi.

    Tale çox oynadı, vaxt da fırlandı,
    Gördüm ki, hay çəkib göydə dayandı,
    Dedim düş aşağı, ölmə amandı,
    “Olum yollarına bir çıraq”, dedi.

    Çox keçdi sınaqdan, yüz imtahandan,
    Gördüm ki, canında qalmayıbdı can,
    Hər gün şərbət içib eşqin qanından,
    “Gəl bu məhəbbəti bir anaq”, dedi.

    Axır dilə gəlib dedim ki, bəsdi,
    Bu yalan vədlərin səbrimi kəsdi,
    Sənin dediklərin bir quru səsdi,
    “Qəflət yuxusundan oyanaq”, dedi.

    Gördüm öhdəsindən gələ bilmirəm,
    Bu eşqdən gəlibdir dilə, bilmirəm,
    Vur öldür, neylim ki, ölə bilmirəm,
    “Gəl eşqin oduna bir yanaq” –dedi.

    Bağışla, yuxuna gələ bilməyib,
    Yuxudan oyatdım səni bir təhər.
    Yuxuda könlünü ala bilməyib,
    Oxşamaq istədim səni bu səhər.

    Bəlkə də yuxuna gəlsəydim səni,
    Özünə ömürlük həsrət olardım.
    Könlümə ən uzaq bilsəydim səni,
    Özümə əbədi həsrət qalardım.

  • Gənc xanım yazar Şəfa Vəliyevanı şeirləri “Vatan Konulu Şiirler” antologiyasındaişıq üzü görüb

    https://b.radikal.ru/b42/1911/17/d1ce4cabb320.jpg

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı, gənc xanım yazar Şəfa Vəliyevanın şeirləri

    İLESAM və Azərbaycan Yazıçılar Birliyindən gözəl bir layihə. 50 Azərbaycan şairinin, 50 Türkiyə şairinin Vətən mövzusunda antologiyası. Kitabda 100 şeirin ingilis dilinə tərcüməsi də yer allıb. Kitab Türkiyədə işıq üzü görüb. Eyni zamanda yaxın günlərdə Azərbaycanda da çap ediləcək.

    Kitabda şeirləri yer almış Azərbaycan şairləri:
    Abbas Abdulla, Adil Cəmil, Afaq Şıxlı, Əlizadə Nuri, Anar, Barat Vüsal, Dayandur Sevgin, Əbülfət Mədətoğlu, Əjdər Ol, Elçin Mirzəbəyli, Ələmdar Cabbarlı, Əlir Rza Xələfli, Elnaz Eyvaz, Elxa Yurdoğlu, Emin Piri, Fərid Hüseyn, Fikrət Qoca, Firuzə Məmmədli, Gülşən Behbud, Hikmət Məmmədzadə,İbrahim İlyaslı, İntiqam Yaşar, Mina Rəşid, Musa Yaqub, Nazim Əhmədli, Nəriman Həsənzadə, Nəzakət Məmmədli, Oqtay Rza, Qəşəm Nəcəfzadə, Qulu Ağsəs, Ramiz Qusarçaylı, Rəşad Məcid, Rizvan Nəsiboğlu, Ruslan Dost Əli, Rüstəm Behrudi, Sabir Rüstəmxanlı, Səyavuş Məmmədzadə, Sona Vəliyeva, Şahanə Müşfiq, Şahin Musaoğlu, Şəfa Vəli, Ülkər Dəniz, Vahid Əziz, Vaqif Bəhmənli, Vaqif Bayatlı Odər, Vüsal Nurur, Xanım Aydın, Xəyal Rza, Xosrov Natil

    Təşəkkürlər İLESAM, təşəkkürlər AYB
    P.S. Digər şairlərimizin şeirləri, qismət olsa, ikinci cilddə işıq üzü görərəcək inşaallah.

  • Şəfa EYVAZ.”Sevgi”

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    Sevgi elə belə olmur ki?!
    Sevginin gülən gözləri olur.
    Sevgi sən görən deyil ki?!
    Sevginin bapbalaca əlləri olur.

    Sevgi elə belə olmur ki?!
    Sevginin dadı var, şirin bal kimi.
    Sevgi sən görən deyil ki?!
    Sevginin qəlbi olur körpə quş kimi.

    Sevgi elə belə olmur ki?!
    Sevgi ayaq tutub evdə də gəzir.
    Sevgi sən görən deyil ki?!
    Sevgi hərdən şıltaqlıq edir.

    Sevgi elə belə olmur ki?!
    Sevginin dili var, danışa bilir.
    Sevgi sən görən deyil ki?!
    Sevgi ata deyir, ana söyləyir…
    Sevgi elə belə olmur ki!

    P.S bütün sevgilərə

  • İradə AYTEL.“Vida nəğməsi”nin bitməyən ömrü”

    “Vida nəğməsi” adlı roman, povest, hekayələrdən ibarət kitab barədə düşündüklərim və Nüşabə Məmmədlinin bədii portreti…

    Aynanın qarşısına keçirəm, saçlarımı onun saçları kimi yığıram: ortadan tağ edib arxada dəstələyirəm. Yox, bənzəmirəm ona. Yenidən saçlarımı dağıdıram, daraqla sığal çəkirəm, bölürəm və arxada toplayıram. Bu, bir neçə dəfə təkrar edilir, nəhayət, saçlarım eynən onun saçlarına bənzəyir. Sonra gözlərimə sürmə çəkirəm, bu dəfə də onun gözlərindəki işığa, nura, ucalığa, dərinliyə sahib ola bilmirəm. Və yenidən onun əksinə dəqiqələrlə baxıram, əmin oluram ki, Nüşabə xanıma bənzəmək qeyri-mümkündür. O, gözəlliyi, danışıq tərzi, saçdüzümü, geyim mədəniyyəti, istedadı, hörməti, ucalığı, qadın məlahətinin cilası olan işvəsi ilə əvəzedilməz, təkraragəlməz birisidir, bütün bunlara sahib olmaq üçün elə Nüşabə Məmmədli olmaq lazımdır…

    Nüşabə Əsəd Məmmədlini ilk nə zaman, harada gördüyümü xatırlamıram. Bircə onu bilirəm ki, ağlım kəsəndən, oxumağı bacarandan, oxuduğum əsərin müəllifini tanımaq cəhdim yaranandan bu böyük, nurlu xanımın ziyası üzərimdədir. Və onu da dəqiq bilirəm ki, Nüşabə xanımı ilk olaraq onun “Cavad xan” romanından tanıyıram.

    Nüşabə Məmmədlinin əsərləri rus, ingilis, polyak, türk, gürcü, fars dillərinə tərcümə edilib.

    “Vida nəğməsi” (roman, povest və hekayələr. “Nurlar” Nəşriyyatı və Poliqrafiya Mərkəzində çap olunub. Kitabda yer alan roman, povest və hekayələr ayrı-ayrı illərdə kitab halında çap olunsa da, yenidən müəllif qələminin süzgəcindən keçmişdir.

    “Cavad xan” romanında müəllif elimizin mərd, qəhrəman oğlu, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın və onunla bərabər, Gəncə əhalisinin bədii portretini çox məharətlə çizmişdir.

    Sovet ideologiyası ilə yetişdirilən, lakin Sovet Azərbaycanı ziyalılarının çoxusunun düşündüklərinin tam əksini düşünən, doğruluq, rəşadət, yenilməzlik, müstəqillik, azadlıq, torpaq heysiyyatlı, az qala unudulan türkçülük ideyalarını təbliğ edən, yolunu tapmaqda çətinlik çəkən xalqı kökünə qaytarmaq uğrunda heç nədən barınmayan bu xanımdakı iç dünyanın inikasını məhz “Cavad xan” romanında görürük. Bu gün görürük, təəssüf ki, bu gün… Dünən göz yumurduq, görməkdən qorxurduq, bəzən də işimizə gəlirdi görməmək. Amma bu gün tam çılpaqlığı ilə görür və bu böyük ziyalının bütün bunları dünən necə yazdığına heyran qalırıq.

  • Əziz MUSA.”Bənövşə”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    İstədim ki, görəm səni,
    Məhəbbətlə dərəm səni,
    Əsli bildi Kərəm səni,
    Bu bahar, bu yaz, bənövşə.

    Şeir yazdım sətir-sətir,
    Bihuş etdi məni ətir,
    Qucaq dolu sevgi gətir,
    Dincəlim bir az, bənövşə.

    Görüb, bəyənmişəm səni,
    İncitməz sevən, sevəni,
    Həsrətin öldürər məni,
    Gəl eyləmə naz, bənövşə.

    Ölürəm sənin qərdindən,
    Gözəl yaranmır hər yetən,
    Vallah sənin həsrətindən,
    Ürək olub saz, bənövşə.

  • Əziz MUSA.”Sənsiz”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Getmisən, açılmır göylərin üzü,
    Dəyişik salmışam gecə gündüzü,
    Ağlaya-ağlaya qoymusan gözü,
    Sənsiz yalan imiş, yalan bu dünya.

    Sənsiz nə fərqi var odunan, buzun,
    Ay ilə ulduzun, qışınan, yazın,
    Tay fərqi bilinmir şəkərlə, duzun,
    Sənsiz yalan imiş, yalan bu dünya.

    Ürəkdə nə arzu, nə istək qalıb,
    Çəməndə nə çiçək ,nə bəzək qalıb,
    Nə fələk fələkdi, nə mələk qalıb,
    Sənsiz yalan imiş, yalan bu dünya.

    Günəşin nuru yox, güllərin ətri,
    Bülbül cəh-cəh vurmr çiçəkdən ötrü,
    Tay yaza bilmirəm mən bircə sətri,
    Sənsiz yalan imiş, yalan bu dünya.

  • Əziz MUSA.”Ayırma”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Allah, xoşbəxt olsun dünyada hamı,
    Bir xoş təbəssümü üzdən ayırma,
    Sən vaxtsız söndürmə yanan bir şamı,
    Düz yolu , cığırı, izdən ayırma.

    Bəzə məhəbbətlə hər bir ürəyi,
    Boynu bükük qoyma gülü, çiçəyi,
    Gül açsın hər kəsin arzu, diləyi,
    Sən nuru, işığı, gözdən ayırma,

    Sevinc qanad açsın , gəzsin hər yanı,
    Xoş sözlər bəzəsin bütün dünyanı,
    Nəğmələr bəzəsin eli, obanı,
    Qələmi, kağızı, sözdən ayırma.

    Sevib, sevilirik əzəldən bəri,
    Bizdən uzaq eylə hər dərdi, səri,
    Dağın dağ yeri var, düzün düz yeri,
    Ceyranı, cüyürü, düzdən ayırma.

    Söylə Əziz Musa, gülsün hər sabah,
    Nə göz yaşı olsun, nə qəm, nə də ah,
    Sülh olsun dünyada ey böyük Allah,
    Qohumu, qardaşı, bizdən ayırma.

  • Əziz MUSA.”Qızlar gəlin köçəndə”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Dünya, aləm çiçək olur,
    Hər yan gözəl, göyçək olur,
    Analar ağbirçək olur,
    Qızlar gəlin köçən zaman.

    Baxışlardan nur tökülür,
    Hicranın bağrı sökülür,
    El -oba sevinib gülür,
    Qızlar gəlin köçən zaman.

    Sözlər dönür bir ipəyə,
    Bir tac olur gəlin bəyə,
    Dönür müqəddəs mələyə,
    Qızlar gəlin köçən zaman.

    Hər gözəl bir ay parası,
    Calınır gəlin havası,
    Qürurlanır qız atası,
    Qızlar gəlin köçən zaman,

    Hər gözəl bir evin varı,
    Hər igidin var bir yarı,
    Tanrı açır qapıları,
    Qızlar gəlin köçən zaman.

  • Hikmət MƏLİKZADƏ.”Arzular çəp görünür”

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Arzular çəp görünür

    Ömür yanımdan ötür

    Bir kölgə, bir fon kimi.

    Arzular çəp görünür,

    Sonuncu vaqon kimi.

    Deyən, dərdə xoş gəlir

    Sifətimin ağlığı.

    Nə qədər gözləyəcəm,

    Burax bu uşaqlığı.

    Ürəyin ağ varaqdı,

    Bir kəlmə yaz, uzat, qız.

    Mən gəlməyən yollara,

    Gözünü az uzat, qız.

  • Hikmət MƏLİKZADƏ.”Sevmək əzab deyil, əzab verməkdir”

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Sevmək əzab deyil, əzab verməkdir,
    Getmə o küçəyə, tin cadu, kələk…
    Başımın üstündə durna səsi var,
    Başımın altında min cadu, kələk.

    Həsrət saflığı var hər adi gözdə,
    Mən indi bilirəm, qada ki, şeytan…
    Kimin ki, Allaha duası çatmır,
    O, ya adam olur, ya da ki, şeytan.

    Hicran topa tutur könül dağını,
    Quru ola-ola, yaş olmaq zülüm.
    Səninlə yağışda yerimək xoşdur,
    Bir çətir altında daş olmaq zülüm.

  • Xəyalə SEVİL.”“Əllərim üşüyür””

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Mən özüm “ayrılaq” demişdim onda,
    Mən özüm bilirdim belə olacaq.
    Uçuq daxma kimi damır gözlərim,
    Hələ nə olub ki, hələ olacaq.

    Ağladım, gözümü dəniz etdim ki,
    Mən sənin sevgini boğum, boğulmur.
    Hər axşam gözümə düşən gecəyə
    Həsrətin doğulur, yuxum doğulmur.

    Soyunum gözümdən göz yaşlarımı,
    Göndər ümidini geyim, barışaq.
    Axı nə bəhanə tapım görəsən,
    “Əllərim üşüyür” deyim, barışaq?

  • Xəyalə SEVİL.”Yenə söykənməyə ürək tapmadım”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Yenə söykənməyə ürək tapmadım,
    Yenə əllərimə qucaqdı dizim.
    Yolumuz nə zaman, necə kəsişdi?
    Yolumuz nə zaman ayrıldı bizim?
    Kimsən?
    Səninləyəm!
    Eheey! Kimsən sən?
    Bu qədər doğmalıq içində ögey,
    Bu qədər yaxınlıq içində uzaq.
    Yad adam.
    Ömrün divar qonşusu…
    Ömrün küçə tanışı…
    Evimdə nə işin var?!…

  • Xalq şairi Zəlimxan YAQUB.”Gözlərimi özün qapa”

    Dedim: – Gəl, bir seyrə çıxaq.
    Yox, gələ bilmərəm, – dedi.
    Dedim: – Nazı bir yana qoy.
    Yox, gələ bilmərəm, – dedi.

    – Qapım açıq, baxtım açıq,
    Sevmir mənim baxtım acıq,
    İşıq kimi baxtıma çıx!
    – Yox, gələ bilmərəm, – dedi.

    – Dağları en, dərəyə gəl,
    Ovçun mənəm, bərəyə gəl,
    Yaşıl bir mənzərəyə gəl.
    – Yox, gələ bilmərəm, – dedi.

    – Budaqlardan dərim gülü,
    Qədəminə sərim tülü,
    Gəl, sevindir bir könülü.
    – Yox, gələ bilmərəm, – dedi.

    – Əcəl yatmır ipə-sapa,
    Kim itirə, kimlər tapa,
    Gözlərimi özün qapa.
    – Yox, gələ bilmərəm, – dedi.

    – Dözümüm, səbrim üstə gəl,
    Zəhmətim, cəbrim üstə gəl,
    Ölürəm, qəbrim üstə gəl,
    – Yox, gələ bilmərəm, – dedi.

  • Xalq şairi Zəlimxan YAQUB.”İlahi, min şükür yaratdığına!”

    Bir gündə min dəfə şükür deyirəm,
    İlahi, min şükür yaratdığına!
    Göylərin payıdı enib torpağa,
    İlahi, min şükür yaratdığına!

    Pətəyi çəməndən, balı çiçəkdən,
    Sevgisi beşikdən, eşqi bələkdən,
    Payı gözəllikdən, nuru mələkdən,
    İlahi, min şükür yaratdığına!

    Baxışı ulduzdan, işığı Aydan,
    Axarı çeşmədən, ləngəri çaydan.
    Günəşi bahardan, alovu yaydan,
    İlahi, min şükür yaratdığına!

    Arayan narahat, aranan gözəl,
    Darayan bəxtəvər, daranan gözəl.
    Yaradan müqəddəs, yaranan gözəl,
    İlahi, min şükür yaratdığına!

    Gözüm gözəlliyin həsrəti, acı,
    Gözəllər başımın cığası, tacı.
    Sən Allah, o bəndə, mən tamaşaçı,
    İlahi, min şükür yaratdığına!

  • Xalq şairi Zəlimxan YAQUB.”Sevgi yağışlarına tutacağam dünyanı”

    Təpiklər tapdağında əzildi, əzdi dünya,
    Xilası, xilaskarı axtardı, gəzdi dünya.
    Ədavətdən yoruldu, nifrətdən bezdi dünya,
    Sevgi yağışlarına tutacağam dünyanı.

    Neçə ki kin-küdurət bir-birinə calaqdı,
    İnsan hey çarmıxdadı, həmişə daşqalaqdı.
    Anamızı ağladan böhtandı, badalaqdı,
    Sevgi yağışlarına tutacağam dünyanı.

    Sevib cavanlıq etmək, sevib qocalmaq gərək,
    Saf duyğular içində xəyala dalmaq gərək.
    Sevgini xəyanətin əlindən almaq gərək,
    Sevgi yağışlarına tutacağam dünyanı.

    Rəqib savaşlarında qırğın görüb, qan görüb,
    Gül canlar, gül sevgilər nə qədər tikan görüb.
    Mən bütün insanları şirin, mehriban görüb,
    Sevgi yağışlarına tutacağam dünyanı.

    Nəyinə vurulmuşam mən, dünyanın nəyinə,
    Nuruna, işığına, gözəlinə, bəyinə.
    Sığınıb Yaradan, Allahın köməyinə,
    Sevgi yağışlarına tutacağam dünyanı.

    Sarı-sarı səhralar yaşıl tül bitirəcək,
    Qara-qara qayalar qızılgül bitirəcək.
    Hər sevilən, hər sevən bir könül bitirəcək,
    Sevgi yağışlarına tutacağam dünyanı.

    Can səpdim, can əritdim, yenə can bitirəcək,
    Sağlam toxumlar düşüb din-iman bitirəcək.
    Eşqi, məhəbbətiylə Zəlimxan bitirəcək,
    Sevgi yağışlarına tutacağam dünyanı.

  • Xalq şairi Zəlimxan YAQUB.”Mənim bu kölgədə bir xatirəm var”

    Saxlaya bilirdim vaxtı, saatı,
    Yaşaya bilirdim ömrü, həyatı.
    Şirin bir oxşama, kövrək bayatı,
    Bütün ömrüm boyu unutmadığım
    Vaxtın əllərimə keçdiyi çəm var,
    Mənim bu kölgədə bir xatirəm var.

    Başımın üstündə barlı bir budaq,
    Budağın altında odlu bir dodaq,
    İllərdi ağlayır orda bir bulaq,
    Yarpaqlar üstündə hələ də nəm var,
    Mənim bu kölgədə bir xatirəm var.

    Üz közə dönmüşdü, yanaqlar zərə,
    Arxada uçurum, qarşıda dərə.
    Hər insan ömrünün xatirələrə
    Yetdiyi məqam var, çatdığı dəm var,
    Mənim bu kölgədə bir xatirəm var.

    Bürünüb, qərq olub yaşıl tüllərə,
    Nəğmətək axardı saf könüllərə.
    Heyif, tez qarışdı solan güllərə,
    İndi uzaqlarda bir bəxti kəm var,
    Mənim bu kölgədə bir xatirəm var.

    Tutur bildiyini Yaradan, Xalıq,
    Elə bil dəryadan ayrılır balıq.
    Yaş kədər gətirir, zaman qocalıq,
    Gözümdə həsrət var, könlümdə nəm var,
    Ağac kölgəsində bir xatirəm var!
    Mənim bu kölgədə bir xatirəm var.

  • Xalq şairi Zəlimxan YAQUB.”Mən sənin qəlbinə necə yol tapım?”

    Gəl, mənim ömrümün şirin dünyası,
    Məhəbbət adlanan pirin dünyası,
    Fərhad əfsanəsi, Şirin dünyası,
    Qalamı uçurum, qayamı çapım,
    Mən sənin qəlbinə necə yol tapım?

    Ömrüm sənə sarı düşən güzardı,
    Əvvəli beşikdi, sonu məzardı,
    Ay Allah, bu azar nə xoş azardı,
    Ürək ağrılarım, könül əzabım,
    Mən sənin qəlbinə necə yol tapım?

    Ürəkdon-ürəyə dil körpüsü var,
    Görüşdən-görüşə gül körpüsü var,
    Gizli sevdaların qıl körpüsü var,
    Çatarmı keçməyə dözümüm, tabım,
    Mən sənin qəlbinə necə yol tapım?

    Keşikçi ayıqdı, gözətçi mətin,
    İzləmək qorxulu, boylanmaq çətin,
    Hasarı hündürdü bu imarətin,
    Tilsimli pəncərəm, qıfıllı qapım,
    Mən sənin qəlbinə necə yol tapım?

    Gecələr şam kimi əritdin məni,
    Gündüzlər yol üstə qurutdun məni,
    Gözlədə-gözlədə çürütdün məni,
    Örtülü dəftərim, bağlı kitabım,
    Mən sənin qəlbinə necə yol tapım?

    Tufanmı qaldırım, mehəmi dönüm?
    Yağışmı yağdırım, şehəmi dönüm?
    Qulamı çevrilim, şahamı dönüm?
    Çəmənim, çiçəyim, gülüm, gülabım,
    Mən sənin qəlbinə necə yol tapım?

    Tanrı sovqatımsan, din işığımsan,
    Səhər şəfəqimsən, dan işığımsan,
    Ən şirin ləhcəmsən, danışığımsan,
    Bütün suallara sənsən cavabım,
    Mən sənin qəlbinə necə yol tapım?
    Mənim ilk sevincim, son iztirabım,
    Mən sənin qəlbinə necə yol tapım?

  • Xəyalə SEVİL.”Yenə darıxdım”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Uzaqdan…
    Uzaqdan baxıb keçənlər,
    Bir addım yaxına kim gələ bilər?
    Lap uşaq olanda dediyim kimi:
    “Gözümü yumuram, axarın məni”
    Harda gizlənmişəm, kim bilə bilər?

    Ucadan…
    Ən qalın səslə susuram.
    İçimdə bir yığın
    Kəslə susuram.
    Dilimə, dişimə dəyən sözləri
    Demirəm,
    Lap elə qəsdlə susuram.

    Diksindim içimdə ayaq səsindən,
    Çıxardım könlümü hədəqəsindən.
    Nəyimə lazımdı pay umdum, axı
    Onun ürəyinin sədəqəsindən?

    Yığdım,
    Ağlımı da başıma yığdım.
    Yıxdım,
    Ürəyimi qarşıma yıxdım.
    Nə ki vardanladım sevməsin deyə.
    Sonra…
    Sonra nə olsun ki?
    Yenə darıxdım.

  • Xəyalə SEVİL.”Ömrüm-günüm”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Ağladım, göz yaşım son sözüm oldu,
    Bu tale nə yaman tərs düzüm oldu.
    Sənin məndən sonra bir qızın oldu,
    Mənim səndən sonra heç… Ömrüm-günüm

    Ötdü yığın-yığın dərd ürəyimdən,
    Bu sənsiz, bu yalqız, pərt ürəyimdən.
    Kimlər keçmədi ki, yurd ürəyimdən
    Tək sən qalan oldun, keç, ömrüm- günüm.

    Bu eşqin ağrıyan yeriyəm, nəyəm?
    Mən sənsiz dəlinin biriyəm, nəyəm?
    Bilmirəm ölüyəm, diriyəm, nəyəm?
    Məni görən olsan, seç, ömrüm-günüm.

  • Afət VİLƏŞSOY.”Qadın”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü

    Gedənlərin arxasınca göz yaşının hədər axan sükutunu
    Üstündəki toz-toz olan yalnızlığı ələyəndə
    bilər qadın.
    Gözlərindən düşənləri silər qadın.
    Əllərini buraxanı həyatından ələr qadın.
    Qismət boyda,tale boyda,yazı boyda
    Yaşantının özü boyda olar qadın.
    Qadın,qadın…
    Tək qaş üzük kimidir o-
    Bəzəyini itirdisə,nazı itir,
    Sığalını itirdisə,üzü itir,
    Öpüşünü itirəndə dodaqları,
    Saçlarını saraltdımı,son baharı,
    İstisini itirəndə yazı itir.
    Fəsil qadın,nəsil qadın…
    Həqiqətin qan-qan deyən caynağını
    ovucunda sıxıb yaşar əsl qadın.
    Daha kimlər, nələr qadın…
    Gedənlərin arxasınca göz yaşının hədər axan sükutunu
    Üstündəki toz-toz olan yalnızlığı ələyəndə bilər QADIN…

  • Şəfa VƏLİYEVA.”Təbəssümü xatırladan yazılar “

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Bir fransız filmi var; “8 qadın” (“8 femmes”)… Orda “qadın” adlı varlığın ilahiləşdirilməsi və şeytaniləşdirilməsi 111 dəqiqə boyunca tamaşaçını təzadlı duyğuların qoynuna atır…

    Təsadüf dediyimiz qanunauyğunluq nədirsə, bu filmlə Şahanənin sevimli “525-ci qəzet”dəki “Rifah istəyi, yoxsa nəfsin əsarəti…” adlı yazısı sentyabrın əvvəlində ard-arda gözlərim önündə təzahür etdi. Şahanə qadın təzadına, hər zaman göz önündə olsa da, təfəkkürü dumanlandıran qadın həqiqətinə bir cümlə həsr etmişdi öz yazısında: “Niyə uzun müddətli xaqanlığımızı (söhbət 40 min il bundan öncə başlamış e.ə IV minilliyin sonlarınadək (təqribən, 37 min il) mövcud olmuş ana xaqanlığından, matriarxatdan gedir) kişilərə inanıb həvalə etmişik?” İlahi sualdır, məncə… Çünki, cavabı sonsuzluqda gizlidir. Heç eynimə də gəlmir ki, Şahanə öz sualına “məhz güclərindən, qüvvətlərindən, dözümlülüklərindən dolayı” cavabını verib. Mənimçün cavab bu gün üçün sevgidir… Sabahkı gün bu cavab “xəyanət”, “cəza”, “sitayiş”, hətta daha irəli gedib “qurban etmək istəyi” də ola bilər…

    lll

    Uşaqlığım ən təlatümlü illərin qoynuna atılmış məktub parçası olub; gah illərin altında qalıb, əzilib, gah anamın göz yaşıyla islanıb, rəngləri, yazıları bir-birinə qarışıb, gah da əldən-ələ gəzərək qırıq-qırıq oxunub… Amma mənim varlığıma şükür edən az olub, çox az. Heç kim üzümə məhəbbətlə, yaxud nəvazişlə baxıb “yaxşı ki varsan!” deməyib. Şikayət etmirəm, əsla! Bu da bir tale payıdır, qoyulub ovcumuza. Məşhur deyimdəki kimi, Tanrı məni yaradanda artıq qalan gili ovcuma qoyub: “Nə istəsən düzəlt!” – deyib. Mən hələ o bir ovuc gillə oynamaqdayam…

    Şahanə isə ürəklə “Yaxşı ki var gül balalar…” deyir. Yazı “3 ALMA”nın yeni layihəsi: “Göyərçinim, gəl görüm” şeirli, şəkilli “əlifba” kitabı haqqında qeydlərdən ibarətdir. Amma Şahanə özünün uşaqlıq həsrətini də yazısına hopdura bilib. Elə səmimi etiraf edir ki: “Uşaqlar üçün nəzərdə tutulmuş hər şeyi sevirəm, xüsusən də kitabları”. Və bu sevginin, bu incəliyin arxasınca günümüzün uşaqlarının ruhundakı boşluqların səbəbini, qaynağını da hayqırır: “Etiraf etməliyik ki, ölkəmizdə yaxın illərə qədər uşaq ədəbiyyatı sahəsində ciddi problemlər var idi. Nəşriyyatlar belə kitablara maraq göstərmir, yazıçılar isə nəşriyyatın maraq göstərmədiyi bu sahəyə çox da enerji sərf etmək istəmirdilər. Buna görə də uzun müddət bu sahədə böhran dövrü yaşandı…”

    lll

    “Tənhalığın simfoniyası” da Şahanənin “525-ci qəzet”in oxucularına hədiyyə etdiyi yazılardandır. “Çətinliyə baş vurmaq” serialının baş qəhrəmanı haqqında yazılan bu yazıda hamıdan gizlətdiyimiz və sadiqliyimizə görə bizə heç bir xoş gün vəd etməyən tənhalığımız var.

    Şahanə yazır: “Hərdən ürküdücü olur tənhalıq. İnsan özü özünü dinləməkdən o qədər bezir, o qədər yorulur ki, yanında başqa bir səs, başqa bir nəfəs istəyir. Həmin an hər şeyini verməyə hazır olursan bəlkə də. Təki öz beynimin içərisindən çıxım, ağzımdan çıxan kəlməni eşidə bilən biri olsun, o da mənə cavab versin istəyirsən”.

    lll

    Bütün bu narahatlıqların fonunda Şahanə sevincdən kövrəlməyə də vaxt tapır. Valideynlərinin 50 illik yubileyi ərəfəsində sevdiyim peçenyelərdən danışır. Yox, siz “Əlli il deyildi, əllicə gündü…” adlı yazıda peçenye haqqında bir cümlə də oxumamısınız, bilirəm. Sadəcə, mən, yataqxana pilləkənində oturub bir qutu peçenyeni göylərin hədiyyəsi kimi qəbul edən gənc ananın yanındaydım bu yazını oxuyanda. Onun əllərindən peçenye alıb yeyirdim… Və o peçenye limonlu idi!

    lll

    “525-ci qəzet”in mən tanıdığım təbəssümüdür Şahanə Müşfiqin yazıları. Siz heç bir kitabın ağlamağını, bir jurnalın xatirə danışdığını, bir qəzetin gülümsədiyini görməmisiniz ki?! Görməmisinizsə, özünüzü oxucu saymayın…

    “Səhnənin gülən üzü – Afaq Bəşirqızı”, “Sirli təbiətin yazıçı və rəssam oğlu Ernest Seton-Tompson”, “İtkin səsin möhtəşəmliyi: Akif İslamzadə” kimi sənədli esselərində Şahanə özü də gülümsəyir… Bu təbəssümün yaz gürşadı kimi anidən şıdırğılanması da var, payız leysanı kimi qəfildən titrəyəni də…

    “İtkin səsin möhtəşəmliyi: Akif İslamzadə” adlı sənədli essesində Şahanə yazır: “Arzu! Bir insan övladının heç zaman bitib tükənmək bilməyən istəkləri! Əslində, insanı həyata bağlayan da məhz budur: arzu və ümid. Keçmiş nə qədər cah-cəlallı, nə qədər rahat, nə qədər hüzurlu olsa da, insan gələcək istəyir, çünki gözləntiləri var, arzuları var. O gözləntiləri, coşğun dağ şəlaləsi kimi qəlbində aşıb daşan, beynini dumanlandıran, gözlərini alovlu günəştək parıldadan o arzuları bircə anın içərisində daha öncə artıq yaşadığın, gördüyün, nə olacağını əzbər bildiyin keçmişin üçün qurban vermək mümkünmü ki?! Verərikmi? Yəqin ki, yox”. Mən bu cavabla razılaşıram!

    Amma “Ruh sən özün deyilmisən, özündən vaz keçə bilərmi insan?” sualına veriləsi bir düjün cavabım var…Bu cavabların hər birində məndən bir parça, keçmişimdən, bu günümdən, gələcəklə bağlı gözləntilərimdən bir incə ştrix var… Yox, deməyim, bu cavabları hələ yazmayım. Qoy, bu da mənim qadın sirrim olsun!

    “Səhnə və ekran sənətimizin ulu korifeyi: Məmmədrza Şeyxzamanov” adlı yazıya kiçik bir əlavə etmək istəyirəm. Hazırda Gəncədə, Mərkəzi Univermaq Mağazasının sol tərəfindən dolanıb keçən küçədə Şeyxzamanovların (Şeyxzamanlıların) mülkündə avtomobil yuma məntəqəsi fəaliyyət göstərir. Bu, bizim tariximiz üçün acınacaqlı faktdır… Çox istərdim ki, üstündən insan talelərinin qara yelləri əsən bu mülk ev muzeyi kimi yaşasın, öz tarixini elə özü danışsın…

    lll

    Şahanə “525-ci qəzet”də oxuduğu kitablar haqqındakı qeydlərini də oxucularla bölüşür. Beləcə, mənim kimi kitabsevərlərə zövqlü oxu saatlarından əlavə düşünmək üçün də zaman tanıyır. Məsələn, mən hələ İlqar Kamilin “Yerlə göy arasında” romanını oxumamışam. Amma Şahanənin “Yerlə Göy arasında qalanların romanı” adlı yazısını oxuduqca bu roman haqqında düşünə bildim… Bu, Şahanənin öz publisist qələmiylə oxucuya təsir etmək bacarığıdır.

    “Mustafa Məsturun romana çevrilmiş pıçıltıları” adlı yazısında isə Şahanə özü də əsərlərini oxumadığı bir müəlliflə söhbətin avantaj olduğunu qeyd edir. Çünki bu məqam yazıçı-oxucu münasibətlərində tamam başqa əhval yaradır. Tanıdığın bir adamın yazılarını daha rahatlıqla həzm edə bilirsən…

    “Ağrılı mətləblərin uğurlu bədii ifadəsi” adlı yazısında Şahanə yazıçı Aqşin Babayevin yeni hekayələrindən danışır. Qeyd edir ki, “Çağdaş ədəbiyyatımızın problemlərindən biri də uzunçuluqdur”. Nə yalan deyim, Şahanənin bu iradından özümə də pay götürdüm. Və çoxdandır yazdığım nəsr əsərlərini gizlətməyimə daha bir haqlı səbəb tapdım. Məni qane etməyən bir əsəri oxucuya sırımaq kimi niyyətim yoxdur…

    Şahanə isə Aqşin Babayevin “Ağrı” və “Divardakı portret” hekayələrində “geniş təsvirçilik, tez-tez mövzudan yayınmaq, haşiyəyə çıxmaq” kimi lazımsız nüansların olmamasını qeyd edir. Və oxucu üçün hekayələrin qısa anonsunu da verir.

    Bir də Şahanənin “Məmməd Araz yaradıcılığının rənglər dünyasındakı əksi” adlı yazısı var. “Qoçaq qız” deyə xitab etdiyim Şahanə Müşfiq rəssam Kirman Abdinin “Məmməd Araz qrafik albomu”ndan elə qəribə maraqla söz açır ki… Əslində, bu maraq özü də məni sevindirdi. Hardasa özümlə, üzvü olduğum Dünya Gənc Türk Yazarlar Birliyi ilə qürur duydum. Axı bu Birliyin həyata keçirdiyi “Ədəbiyyat, musiqi, təsviri sənət və gənclik” layihəsinin yekunlarına dair nəşr olunan “Səs… Söz… Rəng” adlı toplunun tərtibçilərindən biri də mən idim… Və səsin sözə, sözün də rəngə çevrildiyinin şahidi olmuşdum.

    Şahanə isə məhz bu yazısında Məmməd Araz poeziyasının rənglərdəki təzühürünü “oxşayır”, “sevir”: “Hazırda qarşımda olan və günlərdir vərəqlədiyim “Məmməd Araz qrafik albomu” da bir rəssamın şairin poeziyasına və şəxsiyyətinə sonsuz sevgisinin təcəssümüdür. Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Jurnalistlər və Azərbaycan Karikaturaçı Rəssamlar Birliklərinin üzvü Kirman Abdinin bədii təxəyyülünün və yüksək sənətkarlığının əksi olan tabloların hər birində başqa, tamamilə yeni Məmməd Araz “doğulur” sanki”.

    lll

    İllər əvvəl televiziyada redaktor işləyəndə Norma Cinlə – Merilin Monro ilə tanış olmuşdum. O gündən bu qadın haqqında qeyri-adi düşüncələrim vardı. Gah ən çətin zamanda düşünürdüm: “Norma Cin olsaydı, bu çətinliyin üzünə necə gülərdi?” Gah da özüm gülürdüm… Gülüşümün onun gülüşünə oxşamadığını bilə-bilə…

    Bu gün Şahanə Merilindən – Norma Cindən “gözəllik ikonu” deyə bəhs edir. Haqsız da deyil. Axı, o, doğrudan da, gözəlliyin çox şeyə bədəl olduğunu sübut edən bir həyat yaşayıb…

    Bütün zamanların seks-simvolu, azad sevginin etalonu sayılır Norma Cin… Amma o, qadınları nikah masasına oturdacaq bir cümlə də miras qoyub dünyada: “Özünün də dediyi kimi, karyera mükəmməl bir şeydir, amma siz soyuq qış gecələrində karyeranızı qucaqlayıb yata bilməzsiniz”.

    Mənsə… Etiraf edim ki, bir zamanlar Norma Cinin ən çox bu sözlərini sevirdim: “Həyatın əsl üzü xəyallarınızdan fərqlidir. Uzun müddətdən bəri ilk dəfə tək-tənha bədbəxt olmaq, kiminləsə bədbəxt olmaqdan daha yaxşı görünür gözümə”.

    İndi isə Edit Piafın sözlərini sevirəm, artıq bədbəxtliklərin gözünə arzu adlı kül üfürə bilirəm… O “Sərçəcik” deyirdi ki: “Ən böyük arzular heç vaxt gerçək olmur”.

    Yaxşısı budur, daha susum. Səhər açılır…

  • Şəfa VƏLİYEVA.”Günəş məktəbə gəlir” (Hekayə)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Rüstəm müəllim məktəbin darvazasına çatanda dayandı. Heç vaxt bağlanmayan bu ağır, dəmir darvazaların kilid yeri çoxdan pas atmışdı. Hərdən yaz səhərlərində bu kilidin üstündə kimsə ağ tulça çiçəkləri taxırdı… Rüstəm müəllim bu çiçəkləri görəndə çox kövrəlirdi… Ümumiyyətlə, o, kövrək adam idi. Gözünün ağı-qarası bircə oğlunu – Zöhrabını da özü kimi müəllim görmək istəyirdi. Onun oxuması üçün çalışırdı. İnsafən, hələ dördüncü sinifdə oxumasına baxmayaraq, Zöhrab da sinif əlaçısı idi.

    Rüstəm müəllimin sinfində yaxşı oxumayan uşaq az idi. Onlardan biri də toppuş yanaqlı, həmişə gülümsər, alagözlü, sarı hörüklü Hicran idi. Olduqca sakit uşaq idi, amma oxumağı heç xoşlamırdı. Sinifdə hamıdan səliqəli kitablar, ən təmiz dəftərlər də onunku olardı. Dediyinə görə, ev tapşırıqlarını birinci qaralamaya yazır, sonra ağartmaya köçürürdü. Və bu ev tapşırıqlarını eləyəndə anası həmişə ona kömək edirdi. Odur ki, təkbaşına misal-məsələ həll etməkdə çətinlik çəkməyini anlamaq olurdu.

    Yenə də Rüstəm müəllim Hicranın xətrini çox istəyirdi. Nizam-intizama ciddi riayət edən, paltarı daim təmiz, səliqəli, ağ bantları yerində, çantasında heç nəyi əskik olmayan bir şagirdin əlaçı olmamasını dərd eləmək istəmirdi. Hamı mütləq yaxşı oxuya bilməzdi ki?! Keçən dəfə əmək təlimi müəllimi Zəkiyyə müəllim Hicranın yaxşı tikiş qabiliyyəti olduğunu deyəndən bəri Rüstəm müəllimin bu sevimli şagirdi ilə bağlı təskinliyi artmışdı. Eybi yox, heç olmasa böyüyəndə dərzi olacaq, bir tikə çörəyini qazana biləcəkdi. Necə deyərlər, “sənətkar günortaya qədər ac qalar”…

    Rüstəm müəllimi məktəb darvazasının qabağında ayaq saxlamağa məcbur edən, ona Hicranı xatırladan isə yerdəki tək bant idi. Əmin idi ki, bu tək bant Hicranındı. Amma onu da bilirdi ki, Hicran heç vaxt bantının birini yolda salmaz… Yox, burda nəsə bir iş var…

    Fikirli-fikirli bantı götürüb cibinə qoydu. Müəllimlər otağına keçib həmkarlarıyla salamlaşdı. Sinif jurnalını qovluğuna sığışdırıb əllərini kömür peçinə tərəf tutdu. Peç hələ isinməmişdi. “Yəqin, Narıngül xala bu gün peçləri gec qalayıb”, – deyə fikrindən keçirdi. Saatına baxdı. Zəngin vurulmasına iki dəqiqə vardı. Asta-asta sinfə tərəf addımladı…

    O, sinfin qapısına çatanda zəng içəri vuruldu. Açıq qapıdan içəri keçib qovluğunu masasına qoydu. Uşaqlar hamısı ayaqüstə idi. Gülümsəyərək üzünü sinfə tutdu:

    – Salam, uşaqlar!

    – Salam, müəllim!

    Elə bil qulağına daha incə bir səs dəydi. Anşırdammadı. Stulunu çəkib oturdu, jurnalı açıb davamiyyəti yoxlamağa başladı:

    – Abdullayeva Gülanə!

    – Burda.

    – Alıyev Rasif!

    – Burda!

    – Namazov Emin!

    – Burda!

    – Məmmədov Zöhrab!

    – Burda.

    Ona həmişə elə gəlirdi ki, Zöhrabın səsi o biri uşaqlara nisbətən daha ürəkli gəlir. Həmin anlarda sanki gözəgörünməz bir əl qüruruna tumar çəkirdi… Təmkinini qoruyub davamiyyəti yoxlamağa davam etdi:

    – Vəliyev Səxavət!

    – Burda.

    – Vəliyeva Hicran!

    – Hici həstələnib. Yeyinə mən cəlmisəm, ay Yüstəm məllim.

    Başını jurnaldan qaldırdı. Hicranın partasının arxasından balaca, yumru, elə Hicrana oxşayan bir üz görünürdü. Ayağa qalxıb yavaş-yavaş ona yaxınlaşdı. Bapbalaca, qalxıb partada otura bilməyən, əynində bənövşəyi sviter olan qızcığaz bir əlində Hicranın ağ bantının tayını, o biri əlində də yaşıl üzlü nazik dəftər tutmuşdu. Üzündəki təbəssüm, yanağındakı batıq Hicranınkı ilə eyni idi. Təkcə gözləri ala deyildi; qəhvəyi idi.

    – Sən kimsən? – deyə maraqla soruşdu Rüstəm müəllim.

    – Mən Hicinin bacısıyam.

    – Neçə yaşın var?

    – Üç.

    – Adın nədi?

    – Cünəs.

    Təxmin elədi ki, qızcığazın adı Günəşdi.

    – Günəş… Nə gözəl addı… – deyə o da gülümsədi.

    – Safa qoyub.

    – Kim?

    – Safa… O da mənim bacımdı.

    – Hə… Şəfa… Tanıyıram, üçüncü sinifdə oxuyur. Deməli, sən də onların bacısısan.

    – Qaydasım da vay. Muyad.

    – Bəs o, məktəbə gəlmir?

    – Yox. Bayacadı axı.

    – Sən də balacasan. Amma məktəbə gəlmisən.

    – Mən Hicinin yeyinə cəlmisəm. Hici həstələnib.

    – Hə… Yaxşı eləmisən… Bəs dərsi də oxumusanmı?

    Rüstəm müəllim özünü gülməkdən güclə saxlayırdı. Amma bu balaca qızcığazın böyük bacısının əvəzinə məktəbə gəlməsini, özü də onun məktəb bantlarını əlinə götürüb gəlməsini möcüzə kimi qarşılayırdı. Neçə illik müəllim fəaliyyətində ilk dəfə idi ki, belə şeylə rastlaşırdı.

    – Mən “Hoyuz” seyiyini biliyəm, ay Yüstəm məllim.

    – Nə şeirini?

    – “Xoruz” şeirini deyir, ay müəllim! – artıq bu məzəli söhbətə uşaqlar da qoşulmuşdular.

    – Hə… Çıx lövhənin qabağına, şeiri de görüm.

    Qızcığaz əlindəki bantı və dəftəri partanın üstünə qoydu. Asta-asta lövhəyə tərəf getməyə başladı. Rüstəm müəllim arxadan ona baxır, özünü gülməkdən güclə saxlayırdı. Ayağındakı çəhrayı rezin çəkməsi, üstündə ayı şəkli olan şalvarı, sviterinin qoluna sancaqla bərkidilmiş əl dəsmalı ilə bu balaca qızcığaz əsl cizgi filmi qəhrəmanına oxşayırdı.

    Qızcığaz lövhənin qabağına çatıb dayandı. Üzünə sinfə çevirdi və incə səsiylə şeir deməyə başladı:

    – Ay pipiyi qan hoyuz,
    Cözləyi məycan hoyuz.
    Sən nə tezdən duyuysan,
    Qısqıyıb bannıyıysan.
    Heç qoymuysan yatmaya,
    Ay canı məstan hoyuz…

    Rüstəm müəllim astaca əl çaldı. Uşaqlar da ona qoşulub əl çalmağa başladılar. Günəş lövhənin qabağında elə məğrur-məğrur dayanmışdı ki… Ona elə gəlirdi ki, dünyanın ən hünərli, ən yaxşı işini görüb.

    Uşaqlar əl çalmağı dayandırdı. Günəş hələ də lövhənin qabağında dayanmışdı. Birdən qaça-qaça partaya tərəf gəldi. Hicranın ağ bantını əlinə götürüb müəllimə tərəf uzatdı:

    – Ay Yüstəm məllim, bantlayını da cətiymisəm Hicinin. Amma mənim saçlayım balacadı, bantla bağlayammıy anam.

    Rüstəm müəllim cibindən ağ bantın o biri tayını çıxardıb Günəşə verdi.

    – Bunu da məktəbin darvazasının yanında salmısan – dedi.

    Qızcığaz tələsik onu da alıb əlində bərk-bərk tutdu. Sevinclə dilləndi:

    – Anam deyiy, Hiciyə deyiy, ağ bantlayı saçına bağlayım, məytəbə cet.

    – Hə… Düz deyir. Sən də yekəl, saçların da uzansın, bu bantları saçına bağlayıb gələrsən. Yaxşımı?

    – Yahsı…

    – İndi evinizə getməlisən.

    – Hiciyə bes veydiniz? – bunu deyib qızcığaz iki bantı da sağ əliylə bərk-bərk tutdu, sol əlinin beş barmağını yuxarı qaldırdı.

    Rüstəm müəllim daha gülməyini saxlaya bilmirdi, ucadan qəhqəhə çəkdi. Sinfin bütün uşaqları müəllimlərinə qoşulub gülürdü. Günəşin gülümsəyən çöhrəsi bu gün sinfə bir ayrı şənlik gətirmişdi. Handan-hana toxtayan Rüstəm müəllim aşağı əyilib düz qzcığazın gözlərinin içinə baxdı və dedi:

    – Mən bu gün Hicrana bütün dərslərdən “beş” yazacağam. Axı onun belə göyçək və ağıllı bacısı var. İndi isə, əmin oğlu Səxavətlə birgə evinizə get. Hicrana da de ki, haçan xəstələnsə, narahat olmasın. Evdə qalıb sağalsın. Sənə də söz verirəm, heç vaxt Hicrana “iki” yazmayacağam. Sən də söz ver ki, bir də evdə heç kimə deməmiş qaçıb məktəbə gəlməyəcəksən. Yaxşımı?

    – Yahsı.

    Rüstəm müəllim yaşıl üzlü dəftəri partanın üstündən götürüb Səxavətə uzatdı. Səxavət də dəftəri ehmalca çantasına qoydu və qapıya tərəf yönəldi. Qızcığaz əlində ağ bantlar Səxavətin ardınca qapıdan çıxanda dönüb hamıya əl elədi, üzündəki təbəssümlə dedi:

    – Acmısam ey… Cediyəm yeməy yeməyə…

    Rüstəm müəllim yenə güldü, uşaqlar yenə ona qoşuldu…

    ***

    İlin sonunadək uşaqlar bu hadisəni heç unutmadılar. Dördüncü sinfin sonunda Rüstəm müəllimin yolu bu siniflə də ayrıldı. Növbəti dörd ili o, yeni şagirdlərinə bu əhvalatı dönə-dönə danışdı, onlarla birlikdə xeyli güldü. Sonra onlarla da sağollaşdı… Daha bir sentyabrda – yeni dərs ilinin ilk günündə elə Hicranın oturduğu partada başında ağ bantları, əynində qara ətəyi, ağ köynəyi olan bir qız əyləşmişdi. Qızın çöhrəsindən sinif otağına işıq saçılırdı, Hicran kimi onun da gülümsəyəndə yanaqları batırdı, çantası nizamla yığılmışdı, kitabları təzə, dəftərləri yerində idi. Rüstəm müəllim onu görəndə adətinə xilaf çıxdı, davamiyyəti yoxlamağa “V” hərfindən başladı:

    – Vəliyeva Günəş!

    – Burda.

  • Xəyalə SEVİL.Yeni şeirlər

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Külək əsir

    Külək əsir.
    Buludları qova-qova,
    Pəncərəmi döyə-döyə,
    Evimdəki sənsizliyə
    Külək əsir.
    Yolu uzanır yolların,
    Gedir, gedir, sənə çatmır.
    Ömrüm ürəyimdən keçən
    Günə çatmır…
    Kim qoydu günəşin altda
    Bu yolları, küçələri?
    İlahi, bir yağış yağdır,
    Yu qaralmış gecələri.

    Hərə bir yerdən tutur yaşamaq üçün.
    Mən də bir az oğlumdan,
    Bir az da qızımdan tutdum…

    Yanağımın nəm tərəfindən keçdi
    Bütün gedənlər.
    Bəlkə elə ona görə “soyuqladılar”,
    Soyudular belə…

    Sonra hisslərimə azadlıq vermədim,
    Bütün duyğularımı
    Ürəyimin çərçivəsində kiçiltdim…

    Ömrümün qum saatından
    Kimlər boşalmadı ki.
    Və dönüb tanrıya baxdım:
    “İlahi, olmadı ki!”

  • Xəyalə SEVİL.Yeni şeirlər

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Bu başqa cür uzaqlıqdı

    Onda
    Ürəyim çərpələng idi,
    Hər səni görəndə uçurdu havada.
    İndi
    Gözlərim yaş yuvası,
    Yaş da qalmır yuvada.

    Bu başqa cür uzaqlıqdı.
    Anlaya bilirsənmi?
    Mən əzbər bilirəm darıxdığını,
    Sən özünü uşaq kimi
    Danlaya bilirsənmi?

    Ürəyim sevən qızcığaz,
    Ağlım dəlisov qardaşı.
    Bu da təsəlli özümə-
    Unudaram uzaq başı.

    Yoxsan

    Biri vardı, biri yoxdu,
    Var olan da yoxa çıxdı.
    Dönüb ürəyimə baxdım,
    Gördüm yoxsan.

    Daha məni şamla ara
    Ki, qaranlığın ağara.
    Hörüklərimi ağ, qara
    Hördüm, yoxsan.

    İki yola ayrılırıq,
    Sağa, sola ayrılırıq.
    Ömrümüz axar çay idi,
    Ayrı qola ayrılırıq,
    Dərdim, yoxsan.

  • Əziz MUSA.”İndi”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    (təcnis)

    Yenə də bürünüb çöl, çəmən sarı,
    Tökülür meyvələr budaqdan indi,
    Sürülər baş alıb arana sarı,
    Köçür ei, obalar bu dağdan indi.

    Gözlərim hey baxır burdan o yana,
    Düşmən çox quduzdu, görüm o yana,
    Bu susan vicdanlar bəlkə oyana,
    Göynəyir ürəyim, bu dağdan indi.

    Ay Əziz, bu dünya çətin düzələ,
    Fikrini , sözünü bir az düz ələ,
    Haqqı tapşırasan gərək düz ələ,
    Vallah bizmkidir bu dağ, dan indi!

  • Əziz MUSA.”Xəbərin olsun”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Ağlımı başımdan alan nazənin,
    Sən Allah incitmə məni bu qədər,
    Nazına tay dözə bilmirəm sənin,
    Ömrümü, günümü eyləmə hədər.

    Oynadıb qaşını, qıyğacı baxma,
    Qorxuram bu canım əriyə şam tək,
    Bu sevən könlümü yandırıb, yaxma,
    Sənin eşqin ilə döyünür ürək,

    A ceyran baxışlı, gözəl mələyim,
    Bir kəlmə söz ilə ovut qəlbimi.
    Ətirli bənövşəm, incə çiçəyim,
    Məcnundan da betər, dəli say məni.

    İnan ki sözlərin düşmür dilimdən,
    Gözlərim yoluna dikilib qalır,
    Gör nələr çəkirəm, eşqin əlindən,
    Həsrətin qəlbimi dərd, qəmə salır.

    Səni çox sevirəm xəbəin olsun,
    Məndən uzaq gəzmə, bir insafa gəl.
    Qoyma əllərimdə çiçəklər solsun,
    Gəl tut əllərimdən, gəlməmiş əcəl.

  • Əziz MUSA.”Nəğmə”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Mələyim, ay mələyim,
    Sənsən Gün, Ay, mələyim,
    Gül ol, mən bülbül olum,
    Qoy dərdindən mələyim.

    O yanaq-o gül səndə,
    Günəş gülür, gül sən də.
    Dünya öz işindədi,
    Ağlasan da, gülsən də.

    Gəl ömrümü budama,
    Görüşə gəl bu dama.
    Axı sevgidən özgə,
    Nə qalacaq adama.

    Tanrı gözəl yaratdı,
    Mən piyada, o atdı,
    Mən yarıma gül atdım,
    Daşı mənə o atdı.

    Əzizim ay yarıdı,
    Səmada Ay yarıdı,
    Gəl görüşə mələyim,
    Hamı sevdi, yarıdı.

  • Əziz MUSA.”Anamın uşağı”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Varlığın əlçatmaz şirin bir yuxu,
    Bir şirin xatirən, sözlərin durur.
    Səninlə bağlıdı ömrümün çoxu,
    Haraya baxıram izlərin durur.

    Bilirəm yanımdan çəkilmir ruhun,
    Məni hər bəladan qoruyur yenə,
    Ən böyük dərdimdi indi yoxluğun
    Qoymazdın yanımda dərd, kədər dinə.

    Nurlu Günəş idin,mənalı həyat,
    Adınla bağlıydı sevinc, səadət.
    Mənə səma idin,mənə qol qanad,
    İndi bu həsrətə dözürəm fəqət.

    Sənsiz nəğmələrim qəmlidi ana,
    Tamarzı qalmışam can kəlməsinə,
    Gözlərim yaşlıdı, nəmlidi ana,
    Bir nəğmə çatarmı ana səsinə.

    Həsrətdən sızlayır sinəmdə yaram,
    Səni unutmaram, bunu biləsən,
    Gecələr qapımı açıq qoyuram,
    Yuxuma gələndə rahat gələsən.

  • Əziz MUSA.”Gözümün nuru”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Sən mənim qismətim, tale yazımsan,
    Mən səni sevirəm dəlicəsinə.
    Ömrümün baharı, nurlu yazısan.
    Heyranam o incə, şirin səsinə.

    Xəyalım, düşüncəm bağlıdır sənə,
    Ürəyim döyünməz inan ki sənsiz,
    Eşqin ilham verir sevgilim mənə,
    Məhəbbət olarmı dumansız, çənsiz.

    Eşqinlə yazıram şeirlərimi,
    Sənsən hər nəğməmin sözü, bəstəsi,
    Sevqiylə qovuram həsrəti, qəmi,
    Olmuşam nə vaxtı sevda xəstəsi.

    Mən səni dünyanın xoşbəxti billəm,
    Ölüncə pozulmaz ilqarım, andım.
    Səninlə sevinib, səninlə gülləm,
    Adınla bağlıdır inan ki, adım.

    Qəlbimin odusan, gözümün nuru,
    Sən huri, mələksən, bir dürdanəsən,
    Sən aydan arısan, sən sudan duru,
    Qəlbimi titrədən bir təranəsən.

  • Vaqif Yusiflinin “Qanadlandıq uçmağa” kitabının imza günü keçirilib

    https://c.radikal.ru/c02/1910/a4/d64c2e5fad7c.jpg

    https://b.radikal.ru/b35/1910/99/ea270120988f.jpg

    https://b.radikal.ru/b42/1910/6c/2dc3cfcddc0b.jpg

    https://a.radikal.ru/a19/1910/83/63c023094107.jpg

    https://a.radikal.ru/a25/1910/af/7ccfff681d31.jpg

    https://c.radikal.ru/c28/1910/df/ddd70fa87780.jpg

    Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin “aybKitab” layihəsi çərçivəsində çap olunmuş “Qanadlandıq uçmağa” adlı yeni bədii-publisistik məqalələr toplusunun imza günü keçirilib.

    Əsəd Cahangirin aparıcılığı ilə keçən təqdimat mərasimində AYB-nin sədri Anar, xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı, professor Qəzənfər Paşayev, şair Səyyad Aran çıxışlarında Vaqif Yusiflinin təmənnasız tənqidçi mövqeyini yüksək qiymətləndiriblər. Sonra “aybKitab” layihəsinin rəhbəri Xəyal Rza çıxış edərək bildirib ki, müəllifin bu kitabında məhz həmin layihədə çap olunan digər kitablar haqqında olan məqalələr yer almışdır.
    Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli çıxış edərək Vaqif Yusiflinin zəhmətkeşliyi ilə yanaşı, Ədəbi tənqid şöbəsinin müdiri kimi də sanballı işlərin öhtəsindən əzmkarlıqla gəldiyini vurğulayıb. Həmin şöbənin digər əməkdaşlarının da iştirak etdiyi imza günündə şöbənin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadə müəllifin həm elmi fəaliyyəti, həm də tənqidçi kimi özünəməxsusluğu haqqında fikirlərini bölüşüb.

    Şairlərdən Firuzə Məmmədli, Musa Ələkbərli, Balayar Sadiq, Güləmail Murad çıxışlarında Vaqif Yusiflinin onların da yaradıcılığına ürək genişliyi ilə yer ayırmasını təqdir ediblər. Tənqidçilərdən İradə Musayeva, Cavanşir Yusifli də öz növbəsində müəllifin bənzərsiz, orijinal ədəbi tənqidlə məşğul olmasını yüksək qiymətləndiriblər. Gənc yazarlardan Arzu Hüseyn, Gülnar Səma, Qoşqar Qaraçaylı çıxışlarında Vaqif Yusiflinin ədəbi gəncliyə həmişə xüsusi diqqət ayırmasından məmnunluqla söz açıblar.

    Bölgələri təmsil edən şairlərdən Sabirabaddan Şahnaz Şahin, Gəncədən İradə Aytel, Lənkərandan Sevda Əlibəyli, Cəlilabaddan Gülbala Teymur isə çıxışlarında müəllifin bölgələrdə yaranan ədəbi nümunələri də diqqətdə saxlamağından minnətdarlıq hissi ilə danışıblar. Elmira Aslanxanlı Turan və digər tədbir iştirakçıları da müəllifi təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

    Sonda Vaqif Yusifli çıxış edərək hər kəsə təşəkkürlərini bildirib. Ustadı saydığı böyük tənqidçilərin adlarını çəkərək onları da ehtiramla xatırlayıb.

    Gülnar SƏMA.

  • Ədəbiyyat İnstitutu növbəti tədbirlərini müəyyənləşdirib

    Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoryanı müşavirəsinin növbəti iclası keçirilib.
    İnstitutdan AZƏRTAC-a bildirilib ki, ilk olaraq böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi konfransa xaricdən dəvət olunan qonaqlarla bağlı müzakirə aparılıb. Tədbirin dekabrın 8-10-da keçirilməsi qərara alınıb.
    İkinci məsələ Azərbaycan 60-cıları ədəbi nəslinə həsr olunan monoqrafiya ilə bağlı olub. İnstitutun direktoru, akademik İsa Həbibbəyli monoqrafiyada yer alacaq müəlliflərin siyahısı ilə tanış olub, lazımi tövsiyələr verib.
    Sonra akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyinin keçirilməsi tarixi dəqiqləşdirilib. Hazırlıq və çap olunmuş kitablar haqqında məlumat verən İsa Həbibbəyli tədbirin 15-20 dekabr aralığında keçirilməsini tövsiyə edib.
    İclasda, həmçinin Ədəbiyyat İnstitutunun 2019-cu il üçün elmi hesabatlarının ilkin nəticələrinə dair müzakirələr aparılıb.

    Mənbə: azertag.az

  • Rahilə xanım DÖVRAN.Seçmə şeirlər

    Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

    N AX Ç I V A N I M
    /”Vətənimdir” – silsiləsindən/

    Əfsanəmdir, tariximdir, həm varlığım,
    Yenilməyən, od bayraqlı sərdarlığım.
    Əshabül-kəhf, Nuh yaddaşlı, daş yarlığım,
    Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!

    Daş dövründən bu günümə iz salmısan,
    Hünərinlə, qeyrətinlə, ucalmısan.
    Zəmanənin tufanından ad almısan,
    Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!

    Hər qarışı savaşlardan söhbət açan,
    Zirvəsində şahinləri yüksək uçan.
    Ata-Ana Odlar Yurdu,-Azərbaycan,
    Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!

    Bir kimsənin torpağında tamahı yox,
    Tarix boyu gözü, könlü olubdur tox.
    Bol sərvəti yad gözlərə tuşlanmış ox,
    Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!

    Dağlarında bənd olubdur göyün tağı,
    Sipəridir,səngəridir hər bir dağı.
    Kəmki, Darı, Əlincəsi, Haçadağı,
    Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!

    Döyüşlərdə oğulları öndə gedər,
    Alimləri, dahiləri,-bax nə qədər.
    Məmməd Səid, Cəlil, Cavid- xalqa öndər,
    Nəqşicahan, Nuhçıxanım, Naxçıvanım!

    MUĞAM
    /”Düşüncələrim” – silsiləsindən/

    Muğam- türkün haqq səsi,
    Təmiz ruhu, nəfəsi.
    Oğuz, Qorqud töhfəsi,
    Qaval, kaman, həm tarım,
    Milli sərvətim, varım.

    Muğam-ana laylası,
    “Muğam-ruhun qidası”.
    Muğam-qəlbin sədası,
    Segah, şüştər, qatarım,
    Milli sərvətim, varım.

    Muğam-xalqın güzgüsü,
    Sevinci, üzüntüsü.
    Ocağımın tüstüsü,
    Muğam-bülbülüm, xarım,
    Milli sərvətim, varım.

    Muğam- xalqın varlığı,
    Özünə oxşarlığı.
    Dövranın cənnət bağı,
    Sevincim, intizarım,
    Milli sərvətim, varım.

  • Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    MƏNƏ BİR NAĞIL DEYİN

    Könlüm nağıl istəyir
    Bir məhəbbət nağılı,
    Mənə bir nağıl deyin.
    Lap nənəmin nağlı tək
    O nağıl ki,
    içində qalım yarla təkbətək…
    Kaş nənəm sağ olaydı…
    Başımı dizi üstə
    qoyaydım sübhə qədər.

    Nağıllaşan dünyamda
    əriyəydi gecələr.
    Dinləyəydim nənəmin
    şirin nağıllarını,
    Onun nağıllarında tapır
    yar öz yarını.
    Mənə sevmək öyrətdi,
    Nənəm nağıllarıyla,
    qalıbdı yaddaşımda
    nənəm nağılları tək,
    düz əhdi-ilqarıyla.
    Mənə bir nağıl deyin.
    O nağıl ki, orada
    görüm özüm – özümü
    deyə bilim sözümü.
    Gəlsin Ağ Atlı oğlan
    Məni alsın tərkinə,
    Dözsün bu məhəbbətin
    əzabına, ərkinə.
    Bağrını yara-yara
    qalxsın ağ buludlara,

    Aparsın bu dünyadan
    məni çox uzaqlara.
    Keçək ağ buludlardan
    olaq ayrı aləmdə.
    Bax, ayılam bu dəmdə.
    Göydən üç alma düşə,
    Biri mənim, biri nənəmin
    Biri də mənim kimi
    sevib-sevilənlərin.

    ÇOX BAXACAQSAN

    Küsmüşəm barışan deyiləm daha,
    Çıxıb gedəcəyəm bir qərib yerə.
    Sənsiz gözlərimdə doğan sabaha,
    Baxıb hönkürəcəm gülüm min kərə.

    Boylanıb qəlbimin pəncərəsindən,
    Dikəcəm yoluna həsrət gözümü.
    Diksinib qalxacam qəfil səsindən,
    Yenə axtaracam özüm – özümü

    Gecələr bürünüb hicran donuna
    Vüsal yuxumuza lay-lay çalacam.
    Yenə yuxularda qaçıb yanına.
    Yenə də bir anlıq sənin olacam.

    Ayılıb həsrətin qəm yuxusundan,
    Eh… məni o qədər axtaracaqsan.
    Yapışıb könlümün lal yaxasından,
    Mən gedən yollara çox baxacaqsan.
    Mən gedən yollara çox baxacaqsan.

    SƏN GETDİN

    Sən getdin göynədi sinəmdə ürək,
    Yox olub əridi ömrün illəri.
    Soldu qucağımda arzularım tək,
    Dərib gətirdiyin sevda gülləri.

    Sən getdin… arxanca baxan gözlərim –
    Su səpdi yoluna aydınlıq üçün.
    Dilimdə ilişib qalan sözlərin,
    Bir haray salmadı, bilmədim neyçün?

    Sən getdin… eşqinin bahar naxışı,
    Min ilmə toxudu payız ömrümə.
    Gözümdən süzülən sevda yağışı.
    Sanki qılıncını çəkdi könlümə.

    Get gülüm, – qınama sənsiz səbrimə,
    Küləklər yan alar, sellər yan alar.
    Get barı, tez qayıt, mənim xətrimə,
    «Sənsizlik» dərd olub məndən can alar.

    EŞQİMİN QIŞ HARAYI

    Payız elə getdi, qış belə gəldi,
    Ayrılıq küləyi əsdi bir ucdan.
    Görüşə bilmədik, bu necə dərddi?
    Qar da yolumuzu kəsdi bir yandan.

    Sanki acıq çıxır təbiət bizdən,
    Görüşmək vədəmiz uzanır yaman.
    Həsrət də qar kimi gözlərimizdən,
    Yağıb sinəmizdə qoparır tufan.

    Bölündük sevginin fəsillərinə,
    Eşqimiz, baharkən, özümüz qışıq.
    Bəlkə ömrümüzün son illərindən,
    Bəxtin yollarına atılmış daşıq?!

    Eh… yenə səbrimin üstünə əsir,
    Sənin göndərdiyin şaxta, qar, boran.
    İnan ki, yolumu eşqimiz kəsir,
    Yoxsa, bu yollarda kimdi ki, duran?!

    DÖZMÜRƏM SOYUQLUĞUNA

    Nədəndi bu qədər soyuqsan mənə.
    Yoxsa eşqimizi kədərmi uddu?
    Dedin: «hər kəlmənlə dayaqsan mənə»,
    Yoxsa sözlərin də sənə yad oldu?

    Bəlkə günahkaram, bəlkə suçunam?
    Düşmüşəm ömrünün sevgi payına.
    Mən həsrət qoxulu vüsal acınam,
    Nə zaman çağırsan gəlləm hayına.

    Sənli yuxular da şaxtaya düşüb,
    Taleyin boranlı yolları kimi.
    Bəxtimin əlindən qismət şürüşüb,
    Həsrətin bəmbəyaz ilqarı kimi.

    Payız libasında çiçəkli yazam.
    Nağıla dönmüşəm qış gecəsində.
    Bu eşqin önündə qəm dolu nazam,
    Qalmışam taleyin bilməcəsində.

    Yenə qəm gecəsi, yenə gileylər,
    Yenə ümidimə kəmənd atmışam.
    Qınama, məni də yorub bəlkələr,
    Özümlə-özümü çox aldatmışam.

    Məni hey isladır ümid yağışı,
    Qorxuram bu eşqin buz nəfəsindən.
    Üstümə zillənən soyuq baxışı,
    Bir anda duyuram isti səsindən.

    Ərköyün sevginəm, götür ərkimi,
    Sevgi dəlisiyəm, inan sən buna.
    Sən yalan bir sözə dözməyən kimi
    Mən də ki, dözmürəm soyuqluğuna.

  • Gülnar SƏMA.Yeni şeirlər

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Kimi

    Mənə çəkdiyin dağa gəl,
    Gəl, qorxma, dumanı yoxdu.
    E.Əzim

    O hansı dağdı ki, dumanı yoxdu,
    Mənim ilk sevgimin göz dağı kimi?
    O hansı yazardı romanı yoxdu,
    Şair ürəyimin söz dağı kimi.

    Elə sancır sanki key iynələyir,
    Bir işə yaramaz şey iynələyir
    Tikməyi bir yana hey iynələyir
    Cumubdur üstümə biz dağı kimi.

    Göybəgöy axtardım, Səma, özümü
    Yerbəyer yerlərdə bitdi əzimim.
    Gönüqalın bilib üzsüz üzümü
    Dərimi hey soyur xəz dağı kimi.

    Var

    Sənsiz gecələrə vərdiş etmişəm
    Həsrətə, hicrana məndə dözüm var.
    Nazıyla oynadım ayrılıqların
    Vüsala tamarzı iki gözüm var.

    Mənli-mənsiz, onlu-onsuz arzular
    Qanıma susadı qansız arzular
    Qar üstə yazdığım sonsuz arzular
    Od üstə can verən neçə buzum var.

    Sən nədən biləsən, nədənlər nədən?
    Özün cavab çıxar “a”dan ya “be”dən
    Gözümdə kölgəli o nurlu didən
    Məni sınaq etmə, məndə əzim var.

    Bir qız

    Bir qız vardı bizim kənddə
    Mənim kimi gözü qara.
    Sənə olan sevgisindən
    Bənzəyirdi üzü qara.

    Bir qız vardı qarabəniz
    Üzündə xal düzümləri.
    Yetişməmiş kim dərmişdi
    Tənəkdə kal üzümləri?!

    O qız bircə addımıyla
    Ürəyini tərk elədi.
    Qovuşmağa gücü çatmaz,
    Ayrılığa ərk elədi.

    Sən gələndə həmin qızın
    Sevgisi sevgiyə döndü.
    O dinə gəlməyən qızın
    Dilində sən oldun andı.

    Bir qız vardı bizim kənddə
    Reyhan kimi gözü qara.
    Gülü, narı yığıb getdi
    Sizin kənddən səmalara.

    Yuxuda…

    Sən yuxuya gedəndə
    Mən yuxudan gəlirdim.
    Gözün məni güdəndə
    Özüm bunu bilirdim.

    Yuxu mənə gələndə
    Mən də səndən gedirdim.
    Sən mənimçün öləndə
    Mən də gendən gedirdim.

    Mənə o təsir edir
    Sən axı dan gəlirsən.
    Hamı yuxuya gedir
    Sən yuxudan gəlirsən.

    Hamı xeyrini güdür
    Sən də mənə zərərsən.
    Məni könlünə müdir
    Yat, yuxuda görərsən.

    Taxta divan

    Vaxtla oynama, gülüm,
    Vaxtında oyna bir az.
    Özünə divan tutma
    Taxtında oyna bir az.

    Oturtmaqçün yerində
    Taxta divan qurular.
    Sənin alın tərində
    Taxta divan qurular.

    Boş sözdü ki, deyirlər
    Quruca baxtın olsun.
    Baxtın quruyanacan
    Qızıldan taxtın olsun.

  • Şəfa VƏLİYEVA.”27-ci günün təəssüratları” (Esse)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    “Beşgünlük dünya”… Bu fəlsəfənin açarı elə yaşamın özündədir axı…

    Qədim Şərq fəlsəfəsində dünyanın beşgünlük olması onun faniliyinə, heçliyinə işarə edirdisə, günümüzdə dünyanı dərk edərək “beşgünlük fəlsəfə” ilə yaşayanlara heç də yaxşı nəzərlərlə baxılmır. Bu yerdə bir sual yaranır: Əcəba, biz fəlsəfənin o qədərmi ötəsinə adlamışıq ki, dünyanı dərk etməyi lazımsız hesab edirik? Bax, bu sual adamı o qədər düşündürür ki…

    “Ömür dediyin beşcə gün, Bu sonsuz arzular nəydi?” – deyə söylənmişdim bir zamanlar. Dünyanın faniliyini bilərək yenə türlü-türlü istəklərlə onun ətəyindən yapışmağı özümə yaraşdırmamışdım, guya. Həqiqətdə isə hər nə qədər həqiqiliyin fövqünə ucalsa da, bəşər övladı, özünü bilərək, gözünü yumaraq yalan uçurumlarının dibinə atmağı hünər sayır. Unudur ki, əsl hünər məhz altıncı günü də yaşamaqdır…

    2017-ci ilin iyul ayında gənc və istedadlı yazar Gülnarə Sadiqin “26 gün” romanı işıq üzü görəndə də məni fəlsəfədəki yaşam ölçüsü düşünməyə vadar etmişdi. Niyə məhz 26 gün? Bəs, bir ayın tamamlanması üçün yerdə qalan beş gün? Elə burdaca “beşgünlük fəlsəfə”nin heçliyini Gülnarə Sadiq anladığı kimi izah edir: heçliyi unudaraq gerisayıma 26-cı gündən başlayır.

    Romanı oxuduqca Xatirə ananın Fərmanla birgə doğulan iztirabları daim oxucunun təhtəlşüurunda yolçuluq edir. Yazıçı bu iztirabları taleyin mistikası ilə əlaqələndirir. Burda isə qarşımıza tam fərqli bir fəlsəfə çıxır. Buddanın “dörd xeyirxah həqiqət”indən biri budur ki: “İnsan iztirablarının səbəbləri vardır”. Bu səbəb Gülnarənin romanında əbədiliyə və sonsuzluğa qovuşan aliliyin-şəhidliyin addım səsləri kimi oxucuya təqdim olunur.

    Mən indiyədək Gülnarənin poetizmi güclü olan hekayələrini oxumuşdum, hətta, yeri gələndə fikirlərimi bölüşmüşdüm, qeydlərimi özü ilə paylaşmışdım. Lakin onun bütöv bir romanın poetikasını açacaq gücə malik olduğunu anlamamışdım. Ta ki, romanı oxuyanadək. Burada Fərmanın uşaq dəcəlliyi, onun böyüyərkən insanlara qarşı münasibətindəki həssaslıq, “Qırmızı körpü” yaxınlığındakı yaşlı adamla söhbəti – bədii nəsrdə poetizmin ən gözəl təsvir imkanlarından istifadə olunmaqla yaradılıb. Bu məqamda ərəb şairi Tərəfə ibn əl-Əbd haqqında oxuduğum bir cümlə yadıma düşdü: “Tərəfənin təsvirlərindən təsvir doğur”. Gülnarənin nəsri haqqında da eyni fikirləri cəsarətlə söyləməkdən heç vaxt çəkinmərəm.

    Nəhayət, romanın oxucunun hisslərini tarım çəkən hissəsi-sonluğu… Lələtəpəyə sancılan bayraq! Şəhid Fərmanın bu bayrağa baxaraq gülümsəyən ruhu!

    Sözsüz və şübhəsiz, bədii boyalarla əks edilmiş hər iki tablonun qarşısında baş əymək bir Azərbaycan övladı olaraq bizim qürurumuzdur! Və mən bu qüruru harda “Gülnarə Sadiqin “26 gün” romanı” kəlmələrini oxuyuramsa, yaşayıram…

    Və bu gün-məhz 27-ci gündə:

    -“26 gün”ü oxumaq üçün heç vaxt gec deyil! – deyirəm…

    Gəncə
    26.08.2017

  • Şəfa EYVAZ.Seçmə şeirlər

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    Payızdı içimdə bu gün

    Payızdı içimdə bu gün
    hər kəs çəkdi getdi,
    hər kəs…
    daha isti ürəklərə.
    bir sən qaldın
    ürəyimdə…
    saralmış son yarpağım.
    ya sən mənə tutundun
    axırıncı pənahındım…
    ya mən səni buraxmırdım
    səninlə daha cox
    oxşayırdım ağaca.
    bilmirəm…
    bildiyim nə var ki?!
    anlamadım payızını bu ömrün
    məndən köçən dostlarımın
    isti fəsil axtarışını anlamadım…
    bir sən qaldın
    ürəyimdə…
    yalan-yanlış naxışlarda,
    küskün, nəmli baxışlarda
    nə mən səndən ayrılıram,
    nə sən getmək istəyirsən…
    payızdı içimdə bu gün
    hələ sənə gümanlıyam,
    çıxıb getmə son yarpağım
    keçirək bu qışı…
    çünki mən
    səninlə daha çox oxşayıram ağaca..

    Payız eşqi

    Mən payızam, sevmə məni.
    Dumanım var, çiskinim var
    üşüyərsən…
    Günəşli günlər ardından
    Nisgil dolu küsməyim var,
    payızam mən…

    Mən payızam, məni sevən
    Üç-beş sarı yarpaqdı
    ölümünə hazır olan…
    Sərt bir qışın sonrasında
    bahar görmək ümidilə
    Boz sərçələr sevər məni…
    Payız olmaq
    tənha-tənha sevilməkdi…

    Mən payızam, küləklərim
    Günü-gündən adam kəsir.
    Sevmə məni, bu sevginin
    sonu birgə üşüməkdi…

    Mən payızam, anlamazsan..,
    məhəbbətim hissə-hissə
    Göy üzündən yerə enər.
    Hər yağışın islatdığı
    Evsizlərin əliyəm mən,
    buz kəsmişəm, sevmə məni…

    Sevmə məni, mən payızam
    Payız sevmək cəsarətdir.
    Sevə bilsən bu payızı,
    Qışdan sonra səadətdir.
    Sevə bilsən… sevmə məni!

    Mən payızam, sevmə məni,
    Cəsaərtin yoxsa əgər,
    Bu payızı sevməyin
    Üzü qışa getməyi var.
    Göy üzündən al günəşin
    birdən-birə itməyi var,
    payızam mən…

    Mən payızam,
    Hər kəs sevə bilməz məni.
    Cəsarətin varsa əgər
    Sevə bilsən…
    Qışdan sonra səadətdir.

    31.08.2018

  • İradə AYTEL,”Taleh” (Hekayə)

    Qaranlıq, tənha bir qış gecəsi… Qatarın dəmir ayaqlarının taqqıltısı və arabir eşidilən fit səsi olmasaydı, o özünü bu dünyanın adamı bilməz, hansısa kimsəsiz, qərib bir çöllükdə hiss edərdi.

    O tələsirdi… Səhərə tələsirdi… Açılacaq səhər onu bir il yarımlıq ayrılıqdan sonra anasına, doğmalarına qovuşduracaqdı.

    Bayaqdan bəri vaqonun kupeləri arasında vargəl edən bələdçi artıq yuxuya getmişdi. Kupedəki hər şeyə deyinən qarı, iri gövdəli, buxara papaqlı qoca, daraqlı güzgüsünü əlindən yerə qoymayan qarayanız qız da yuxulamışdı. Deyəsən ondan başqa tələsən yox idi. Çünki, hamı şirin-şirin yatır, səhərin nə vaxt açılacağı haqda heç fikirləşmirdi də. Təkcə ondan başqa…

    O yerində bir neçə dəfə o yan, bu yana qurcalandı. Deyingən qarının səsi eşidildi:

    – Eh… a bala, cavan oğlansan, niyə yatmırsan? Nə özün yatmırsan, nə də bizləri qoymursan yataq. Zamana yaman dəyişib, axı indi sənin şirin yuxu vaxtındı…

    O fikirləşdi ki, deyingən qarı danışdısa qurtarmayacaq. Hələ qatara minik başlamamışdan bələdçi ilə yer davası edən bu qarı biletinin yuxarı çarpayıya düşməsindən tutmuş, pəncərədən gələn soyuğa, o biri kupelərdən eşidilən səs-küyə deyinirdi. Bunu eşidən qoca öz yerini qarıya verdi ki, bəlkə qarı susa. Sonra qarı başladı yenə də deyinməyə, bu yer narahatdı, hanı buranın əl dəsmalı və ilaxır və sair. Qarının deyingənliyi qocanı əməllicə əsəbiləşdirirdi. Hərdən qarıya acıqlı halda baxan qoca ona cavab qaytarmaqdan da geri qalmırdı. Onun öz aləmində «güzgü-daraq» adlandırdığı qız isə hərdən gözünün altı ilə ona baxır, qocaların mübahisəsinə işarə edərək gülümsünürdü.

    O fikirləşdi ki, bir də yerində qurcalansa qarının deyinməyi kəsməyəcək. Cansıxıcı kupedən çıxmaq qərarına gəldi. Başını aşağı əyib, gözucu aşağı yerlərdə yatan qarıya və qıza baxdı. Qarının üzünə hərdən işıq düşürdü və o daha da eybəcərləşir, sifətinin hər cizgisindən deyingənlik yağırdı. Qızın isə saçları balışının üstünə tökülmüşdü. Telləri də özü kimi nazlı, ədalı idi, üzünü gözünü tutmuşdu. Birdən onun gözü qızın əlindəki güzgülü darağa sataşdı. Öz-özünə gülümsündü ki, «bu qız yatanda da güzgü ilə yatır». Sakitcə çarpayıdan düşmək istəyəndə qarının xorultusu kəsdi…

    – Nə olub, a bala…

    O tez-tələsik kupedən dəhlizə çıxdı. Qarı yenə deyinirdi…

    Dəhliz də qaranlıq idi. Təkcə bələdçinin kupesinin qabağında işıq yanırdı. Qatar isə sürətlə irəliləyirdi. Amma, ona elə gəlirdi ki, bu sürət irəli yox geriyə tələsir. Pəncərədən çölə boylandı. Qaranlıq, boşluqdan başqa heç nə gözə dəymirdi. Hərdən isə qabaqdan gələn qatarla onun sərnişini olduğu qatar ucadan fit verir, sanki salamlaşırdılar.

    O tələsirdi… Qatarsa onun tələsdiyinə əhəmiyyət vermədən yoluna davam edirdi. Pəncərənin qabağından kənara çəkilməyərək, əlini gödəkcəsinin döş cibinə atdı və oradakı papiros qutusunu çıxardı. Papiros dənəsini qutudan götürmək istəyəndə, bir anlıq dayandı və öz-özünə dedi, «gərək anama bildirməyim papiros çəkdiyimi», elə bu fikirlərlə bir azdan acılı-şirinli xatirələr onu öz qoynuna aldı.

    … – Ata, gündəliyimə qol çəkməlisən.

    – Gətir görüm, igidim neçə alıb… Afərin sənə, yenə beş almısan. Kişisən!

    Yan otaqdan səs gəldi:

    – Elmar, bilirsən oğlun bu gün nə edib?

    – Neynəyib mənim igidim? Taleh, nə etmisən ki, anan səndən şikayət edir?

    Taleh bir söz demədən başını aşağı dikdi. Yenə yan otaqdan səs gəldi:

    – Sənin igidin bu gün qonşunun oğlu ilə dalaşıb.

    – Düz deyir anan, Taleh?

    – Ata, o mənə qorxaq erməni dedi.

    – Yox, ola bilməz, o sənə nəyə görə elə dedi?

    – Ata, biz dava-dava oynayırdıq, mən onu əsir tutdum, əlindəki aftomatı vermək istəmirdi. Biz dalaşdıq, o isə mənə qorxaq erməni dedi…

    – Adam oyunda dava eləməz. Bir də belə şeylər eşitməyim.

    … Xoşbəxt, qayğısız uşaqlıq illərini müharibə deyilən amansız bir olay qara çadraya bürümüşdü… İnsanların üzündə bir hüzn hökm sürürdü. Doğma vətənin torpaqları zəbt olunur, hər gün bir evin qapısına qara bağlanırdı. Talehin atası Elmar da Murovdağ ətrafında gedən döyüşlərə yollanmışdı. Evə çox gec-gec gəlirdi. Sonuncu dəfə gələndə isə çox kədərli idi. Amma yenə də Talehə ümid verirdi: “Hər şey yaxşı olacaq. Anana yaxşı bax. Axı indi evin kişisi sənsən. Dərslərini də yaxşı oxu. Mən olmayan vaxtlarda bir çətinliyiniz olsa Nurəddin əmiyə deyərsən, çəkinmə, o mənim dostumdur” – deyirdi.

    Nurəddin uzun müddət Rusiyada yaşamışdı. Orada ailə də qurubmuş, hətta rus qadınından övladları da olmuşdu. Sonralar Azərbaycana gəldi və bir də qayıtmadı. Deyilənə görə oradan qaçıb bura gəlib. Döyüşə də getməmişdi. Elmarla uşaqlıq dostu olublar, bir kənddə böyüyüb, bir məktəbə gediblər. Sonralar Elmar ali təhsil alıb, ailə qurub, uzaq düşüblər. Artıq bir neçə il idi ki, bir yerdə olan dostlar yenə də bir-birləri ilə yaxınlıq, dostluq edirdilər. Elmar döyüşə yollanandan sonra Talehgilə tez-tez gələn Nurəddin bu evə daha yaxından qayğı göstərir, Talehin dərsləri ilə maraqlanırdı. Və bir gün… onların həyətlərinə hərbi geyimdə bir nəfər gəldi. Onda Talehin təxminən on dörd-on beş yaşı olardı. Qapıya Taleh yaxınlaşdı, anası da ev işləri ilə məşğul idi. Hərbi geyimdəki kişi soruşdu:

    – Məmmədov Elmar İsmayıl oğlunun evi buradırmı?

    Taleh kişinin zabitəsindən qorxaraq, çəkinə-çəkinə dedi:

    – Bəli, kim lazımdır?

    – Evinizdə böyüklərdən kim var?

    – Anam…

    – Başqa heç kəs yoxdur?

    – Yox, atam döyüşdədir.

    – Əmin, dayın, kimin var?

    Səsə həyətə gələn Həbibə, hərbiçini görüb, titrək səslə dedi:

    – Elmara nə olub?

    Hərbiçi:

    – Bilirsiniz, xanım… sözünün arxasını gətirməyərək, əlindəki kağız parçasını Həbibəyə uzatdı… Birazdan həyət qonum-qonşu ilə dolmuşdu. Həbibənin qışqırığı, hönkürtüsü bütün kəndi başına götürmüşdü. Bir tərəfdə büzüşən Taleh isə olanları dərk etmirmiş kimi ətrafdakılara baxırdı. Nurəddin hamıdan çox əl-ayayğa düşmüşdü. Ona xəbər verdilər ki, sabah Şəhid Elmar Məmmədovun tabutunu evinə gətirəcəklər. Yas mərasiminin bütün işlərini boynuna götürən Nurəddin, hətta mərhumun qohumlarına da əl-ayaq etməyə imkan vermirdi.

    … İllər keçdi. Orta məktəbi əla qiymətlərlə bitirən Taleh ali məktəbə qəbul olmazdan əvvəl hərbi xidmətə yola düşməyi qərara aldı. Artıq döyüş səngimişdi. Hərdən sərhədlərdə atəşkəs pozulsa da sakitçilik idi. Lakin, hərbiçilərimiz, hərbiçi olmaq arzusunda olanlar, ümumiyyətlə, bütün xalq hər an, hər dəqiqə döyüşə hazır vəziyyətdə dayanır, düşmənin nə vaxt susdurulacağını gözləyirdi. Taleh də hərbiyə ilk-əzəl atasının və şəhidlərimizin, qanını almaq, torpaqlarımızı geri qaytarmaq üçün can atırdı. Atası Şəhid olandan sonra o, anası ilə birgə şəhərdə yaşayırdı. Şəhərdə böyüyən Həbibə əri Elmarın ölümündən sonra kənddə qala bilməyib, öz doğmaları ilə birgə yaşamaq üçün şəhərdən ev almışdı. Elmarın valideynlərinin, qardaş-bacılarının təkidinə baxmayaraq kənddəki evlərini də satmışdı. Taleh də atalı böyüdüyü evdən getməyi üstün tutmuş, anası ilə şəhərə köçmüşdü. Həm də şəhər mühiti başqa idi. Yeni dostlar, təhsildə irəliləyiş, müxtəlif tədbirlər, dərnəklər və s.

    Hərbidən tez-tez anasına məktub yazırdı. Yazırdı ki, «Darıxma, ana, Vətənin keşiyində layiqincə dururam. Axı, mən Şəhid Elmar Məmmədovun oğluyam. Hələ ki, sərhədlərdə sakitlikdir. Amma atamın qanını o azğınlardan alacam, mütləq alacam…» Beləliklə, hərbi həyatını başa vuran Taleh doğma evlərinə, anasının yanına tələsirdi.

    … Yavaş-yavaş gecə öz qara köynəyini soyunmağa başlayırdı. Qatar isə dayanmadan irəliləyirdi. Növbəti dayanacaqda Taleh düşməli idi. Hazırlaşmaq üçün kupeyə daxil oldu. Qarı yenə deyinməyə başladı:

    – A bala, sən gecəni harada keçirdin…

    – Taleh onun sözünü yarıda kəsdi:

    – Düşürəm, nənə.

    – Hə, uğur olsun, bala, düş, sağ-salamat gedəsən…

    Səsə qoca yerində qurcalandı. Qız isə güzgülü darağını əllərində bərk-bərk tutaraq, yenə də mışıl-mışıl yatırdı. Taleh hərbi çantasını əlinə alıb kupedən çıxdı. Bələdçi də oyanmışdı.

    – Hə… əsgər sən indi düşürsən.

    Arıq, cılız sifətli bələdçini lopa bığları çox gülməli göstərirdi. Taleh ona gülümsünərək başı ilə “ hə” dedi. Qatar ucadan fit verdi və dayandı. Dayanacaq sərnişinlərlə dolu idi. Deyəsən növbəti qatarın vaxtına az qalmışdı. Səhər isə açılmışdı. Səhər gecənin soyuğunu, kədərini, əzginliyini elə gecədə qoymuşdu. İnsanların üzündə sevinc, xoş ovqat var idi. Hamı sevincə tələsirdi…

    Artıq şəhərarası avtobuslar da işə başlamışdı. Avtobusa əyləşən Taleh yol boyunca şəhərin necə dəyişdiyinə, gözəlləşdiyinə baxır, bu dəyişikliyə çox sevinirdi. Evlərinin yanındakı dayanacaqda düşdü və qaça-qaça binalarına yaxınlaşdı. Çoxmərtəbəli binanın giriş qapısından içəri keçib, birnəfəsə üçüncü mərtəbəyə qalxdı və evlərinin qapı zəngini çaldı. O, tələsirdi – anasını bağrına basmağa, oğlun gəldi, ana, daha heç bir çətinliyin olmayacaq, deməyə tələsirdi…

    Qapı çox gec açıldı. Qapının kandarında Talehi görən Nurəddinin dili söz tutmadı. İçəri otaqdan isə Həbibənin səsi eşidildi:

    – Kimdir, ay Nurəddin, bu vaxt, xeyir ola…