Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü
***
Neçə vaxtdı bir əlin, bir başındır,
Kimsən, məni bu fikirdən daşındır…
Həyat sanki ölüm adlı maşındır,
Həm gətirir, həm aparır adamı.
Qurtar, ürək bulandıran həsədi,
Qulaqlarım göydən düşən səsədi,
Quru-quru tabut tutmur cəsədi,
Əcəl hərdən nəm aparır adamı…
Göy hıçqırır, sanki bərk bir şey udub,
Dağın da ah-naləsini ney udub.
Əzrayıl da, elə bil ki, mey udub,
Ayıq görür, dəm aparır adamı.
Sən, ey, şeytan, xəbər elə xanına,
Yeri-göyü bulayacam qanına…
Təkcə, torpaq elçi düşmür canına,
Arada da qəm aparır adamı.
***
Ömür boş bir tənə, …ancaq…
Yadlar güldü mənə ancaq.
Qəm uddurdum sənə ancaq,
Nə vaxt dursam bəy, at məni,
Yaman yorub həyat məni.
Baxışların zəli olub,
Gözlərinmi dəli olub?
Qəm bu eşqin ləli olub,
Ürəyimə dəy, at məni,
Yaman yorub həyat məni.
Haqdan gələn türküdü bu, –
Qorxudu bu, ürküdü bu.
Allah, nə sərt bürküdü bu?
Yad kölgətək əy, at məni,
Yaman yorub həyat məni.