Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı
AĞLA KASIBIM, AĞLA
/”Ömürdən – gündən” – silsiləsindən/
Dərdi tumtək əkirsən,
Hər bəlanı çəkirsən.
Möhnət qəsri tikirsən,
Ağla kasıbım, ağla.
Boşalıb un çuvalın,
Sabaha yox gümanın.
Fənadan- fəna halın,
Ağla kasıbım, ağla.
Ələk, xəlbir bucaqda,
Boş qazanın ocaqda.
Əl- ayağın tuzaqda,
Ağla kasıbım, ağla.
Iş tutmur qol- biləyin,
Boşa çıxır hər səyin.
Daşdan çıxır çörəyin,
Ağla kasıbım, ağla.
Üz tut şair Dövrana,
Hər vaxt Haqqdan yazana,
Ün çatmasa heç yana,
Ağla kasıbım, ağla…
HARDAN ALMISAN
/”Könül dəftərim” – silsiləsindən/
Aləm sevir səni, bəyənir səni,
Yuxa könülləri oda salmısan.
Ay zalım özümdən etmisən məni,
De, bu gözəlliyi, hardan almısan?
Hüsnünü hər görən, mələkdir sanar,
Qəlbinə od düşər, alışar, yanar.
Səninçün tərsalar, oz dinin danar,
De, bu gözəlliyi, hardan almısan?
Kipriyin, qaş- gözün incədən- incə,
Insan valeh olur üzün görüncə.
Sən bəşər deyilsən, hurusən məncə,
De, bu gözəlliyi, hardan almısan?
Al yanaq, tər əndam, sərvi boy- buxun,
Gördüyüm ilk andan qeyb olub yuxum.
Sənin “yox” kəlməndir, yeganə qorxum,
De, bu gözəlliyi, hardan almısan?
Dövran səni seçib, sən də Dövranı,
Gül çöhrə, gül üzə qaynayır qanı.
Tapılmaz bənzərin, gəzsə dünyanı,
De, bu gözəlliyi, hardan almısan?