em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

AY GÖZƏL

Səndən başqa çiçəyim yox, gülüm yox,
Günüm yoxdu, ayım yoxdu, ilim yox,
Bir bülbüləm, vallah sənsiz dilim yox,
Canım, gözüm, ürəyimsən, ay gözəl,

Sən varsansa dünya, aləm mənimdi,
Sən varsansa kağız, qələm mənimdi,
Eşqimizə söz qoşuram mən indi,
Canım, gözüm, ürəyimsən, ay gözəl.

O baxışın ürəyimi oxşayır,
O camalın aya, günə oxşayır,
Ruhum sənin ürəyində yaşayır,
Canım, gözüm, ürəyimsən, ay gözəl.

Zülmət olar sənsiz ömür, gün mənə,
Sən olmasan bürünərəm mən çənə,
Neçə nəğmə, söz qoşuram mən sənə,
Canım, gözüm, ürəyimsən, ay gözəl.

Şükür sənə, yeri, göyü yaradan,
Yaratmısan belə gözəl, şirin can,
Əziz deyir, inan sənə hər zaman,
Canım, gözüm, ürəyimsən, ay gözəl.

HƏKİM

Müqəddəs sayılır işin, sənətin,
Yaılıb hər yana şanın- şöhrətin,
Hamıya məlumdu halal zəhmətin,
Şəfalı əllərin var olsun həkim,

Sevgiylə döyünür sinəndə ürək,
Sənə qanad verir hər arzu, istək,
Yoxdu yaxşı insan vallah sənin tək,
Şəfalı əllərin var olsun həkim.

Hamıya xoş sözlə ümid verirsən,
Ən çətin işləri özün görürsən,
Qəlbinin odunu çıraq edirsən,
Şəfalı əllərin var olsun həkim

Həyat bəxş edirsən neçə insana,
Can calaq edirsən sən xəstə cana,
İşıq paylayırsan sən yana-yana,
Şəfalı əllərin var olsun həkim.

İnamla üz tutur neçəsi sənə,
Ümidi üzülən qaçır üstünə,
Bir pirdi, ocaqdı o odlu sinə,
Şəfalı əllərin var olsun həkim,

Qocaya, cavana sən əl tutursan,
Ən çətin məqamda dada çatırsən,
Hamıdan tez yatıb, sən gec yatırsan
Şəfalı əllərin var olsun həkim.