* * *
Adam olun biraz, adam,
müvəqqəti də olsa
Qoyun bir kənara
bütün əllaməçilikləri.
Siz orda düşüklük,
gədəlik edirsiniz,
Mənim burda
ömrüm çiliklənir.
* * *
Paşayam, xanam özümə,
Kim gəlsə, ənamı məndən.
Bir kimsə ala bilməyib
Hələ ki, bu namı məndən.
Neçə açılmaz sirr varmış,
Sirri sirr edən BIR varmış.
Qəlbində, zalım, yer varmış,
Daha çox bunamı məndən?!
Göy mənəm, qurşağı odur,
Bir xeyli aşağı odur.
Bax, ana uşağı odur,
Keçibdi Sunami məndən.
* * *
Nəinki ayın neçəsi,
Heç hansı aydı, bilmirəm.
Payız ötüb, qış gəlibmi,
Yoxsa ki, yaydı, bilmirəm.
Gah axurda, gah da hində,
Sənintək bir olar mində.
Səni bu hikkədə, kində
Kim adam saydı, bilmirəm.