Category: Azərbaycan ədəbiyyatı

  • Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.Seçmə şeirlər

    KƏLBƏCƏR

    Xəstələrə dərman olan,
    Təbib bulaqlı Kəlbəcər
    İstisuyu səda salan,
    Səsli-soraqlı Kəlbəcər.

    Qədir bilən, yol saxlayan,
    Dostlar üçün gül saxlayan.
    Yayda ağır el saxlayan,
    Sərin yaylaqlı Kəlbəcər.

    Gözündə var əhdi-vəfa,
    Eyşi-işrət, zövqü-səfa.
    Gələn burda tapar şəfa,
    Boyük sınaqlı Kəlbəcər.

    Yaxşı keçir hər əhvalı,
    Yadındadı dost xəyalı.
    Çaylar kimi axır balı,
    Sarı qaymaqlı Kəlbəcər.

    Murov, Qonur, Dəlidağa,
    Xəstə gələn çıxır sağa.
    Tamam beş ay yaylanmağa
    Olur qonaqlı Kəlbəcər.

    Şəmşir üçün yandırdı şəm,
    Qoymadı ki, haldan düşəm.
    Döşlərindən süd əmmişəm,
    Ana qucaqlı Kəlbəcər.

    KİMİ

    Namərd sənin qulluğunda qul olar,
    öz işi düzəlib bitənə kimi.
    İrişə-irişə üzünə gülər,
    əli bir tərəfə çatana kimi.

    Dostunu tanımaz nadan sərsəri,
    Bu, elin sözüdür nə vaxtdan bəri.
    Qoy sellər aparsın nanəcibləri,
    Bax dalınca gözdən itənə kimi.

    Xoryatın ox sözü qəlbimə dəydi,
    Büküb qamətimi qəddimi əydi.
    Bildirçin də bir ay payızda bəydi,
    Darı sünbülündə yetənə kimi.

    Şəmşir gərək mərd ocağın qalasın,
    Hər kəs çəkər öz dilinin bəlasın.
    Qoy səni şir yesin, şir parçalasın,
    Tülkü kölgəsində yatana kimi.

    OĞLUYAM

    Qartal düşüncəli, şair xəyallı,
    Tərlan yuva salan dağlar oğluyam.
    Anam İstisudu, atam Dəlidağ,
    Murov, Lülpar, Qonur, Qoşqar oğluyam.

    Lalədi, nərgizdi evim, eşiyim,
    Köynəyim sıx meşə – qoymur üşüyüm.
    Qərənfildi, qızılgüldü beşiyim,
    Buz bulaqlı göy yaylaqlar oğluyam.

    Bədənim Ərgünəş, Gülüstan, Çilgəz,
    Vüqarım Şah dağı – əl çata bilməz.
    Məkanım Çalbayır, oylağım Kəpəz,
    Min çiçəkli bir laləzar oğluyam.

    Cəvahirdi Azərbaycan torpağı,
    Qızıl, gümüş – hər sərvətin yatağı.
    Uca zirvələrin lalə bayrağı,
    Şəmşirəm, nə gözəl diyar oğluyam.

    BEH MƏNƏ

    Bu gün çəmənzara qonaq gəlmişəm,
    Nərgiz verdi yarpağında şeh mənə.
    Yelpik çaldı dan yerinin qanadı,
    Sərin-sərin əsdi səhər meh mənə.

    Öpdüm yasəməni, sevdim lalanı,
    Göy meşəli, gül bulaqlı talanı.
    Dedim arılarım sizdən bal alı,
    Gülümsünüb süsən dedi: bəh mənə.

    Məni el yetirib, elə aşiqəm,
    Dərd bilənə, əhli-hala aşiqəm.
    Bilirsənmi niyə gülə aşiqəm,
    Bunlar çoxdan vermişdilər “beh” mənə.

    Bu səbəbdən vurulmuşam çiçəyə,
    Torpağının qəhrin unudum niyə?
    Bağça bəsləmişəm can deyə-deyə,
    Nə lazımdı ayaq basım lehmənə?!

    Təbim bülbül kimi bağa bağlıdı,
    Elin meyli yaz yaylağa bağlıdı.
    Şəmşirəm, çox sözüm dağa bağlıdı,
    Kim deyər ki, bu nə sözdü, eh, mənə.

    MƏNİ
    (təcnis)

    Olmadı qismətim ata-anadan,
    Gəzmədi ya bibi, ya xala məni.
    Ürəyimi yaralama, a nadan,
    Az yapış sinəmdən yaxala məni.

    Qoy işləsin, nə çərximi dayandır,
    Əlin saxla, insaf eylə, dayan, dur.
    Ya rəhmə gəl, yandırırsan da yandır,
    Alışdır odlara yax ala məni.

    Nə gözəldir bu dağlarda mənzərə,
    Ver naməni sizin mələk Mənzərə.
    Sərrafısan müştəri ol mən zərə,
    Sal qızıl teştinə, yaxala məni.

    Yollarında var uçurum yarğanım,
    Söylə nədir sənin meylin yar, qanım.
    Müjganınla az axıtsan, yar, qanım,
    Həna et ya ələ, ya xala məni.

    Şəmşirəm, sevirəm mərdi, mən əri,
    Gözləyirəm namus, qeyrət, mən arı.
    Sən çiçəkdə şirin balsan, mən arı,
    Qondur yanağına, ya xala məni…

  • Şair Bəhmən VƏTƏNOĞLU.Seçmə şeirlər

    BƏHMƏN VƏTƏNOĞLU (Bəhmən KalıĢ oğlu Abbasov – 1932 -2004)

    BƏHMƏN

    Bu mənəm, a qardaş, tanımadınmı?
    Könlü dərdli, dili nalalı Bəhmən.
    İndi yurdsuz qalıb, yuvasız qalıb,
    Gördüyün o yurdlu-yuvalı Bəhmən.

    Qəzalar, qədərlər əyibdi məni,
    Dərdim öz içimdən yeyibdi məni.
    Zaman zindanında döyübdü məni,
    Yoxdu o əzəlki havalı Bəhmən.

    Gələcək nəsilə şirin nağılam,
    Bir də bu dünyaya çətin doğulam.
    Daha nə vətən var, nə də oğulam,
    İndi mən olmuşam Bəlalı Bəhmən

    BİLƏR

    Nədir yar həsrəti, vüsal həsrəti,
    Həsrətdən titrəyən dodaqlar bilər.
    Ülvi məhəbbəti, nurlu isməti,
    Həyadan qızaran yanaqlar bilər.

    Bülbülsüz şöhrəti olmaz gülün də,
    Çəmənsiz bəzəyi yoxdu çölün də.
    Alışan, közərən şair əlində,
    Qələm nələr çəkir varaqlar bilər.

    Bəhmən, nə gəzirsən itən çağında,
    Min bir xatirə var ötən çağında.
    Ömrün yetmişinə yetən çağında,
    Sən niyə cavansan? – O dağlar bilər.

    ÇƏTİNDİ

    Allahın evinə yol tapıb iblis,
    İnsanların dolanmağı çətindi.
    Bir arxın başını yüz div kəsibdi,
    Bostanların sulanmağı çətindi.

    Daha rüşvət alır o fələk kişi,
    O da öz vaxtında görməyir işi.
    Qalıb qiyamatə yazın gəlişi,
    Axarların bulanmağı çətindi.

    Qışda qar tapılmır, yayda qış girir,
    Vaxtın qaş-qabağı yeri süpürür.
    Biz kibrit çəkirik şeytan üfürür,
    Ocaqların qalanmağı çətindi.

    Dəbə minib gədə-güdə peşəsi,
    Bu dərd olub qəlbimizi deşəsi.
    Arzuların, ümidlərin şüşəsi,
    Elə sınıb calanmağı çətindi.

    Dost aranı kəsdi getdi, a Bəhmən
    Xəzan yeli əsdi getdi, a Bəhmən.
    Şadlıq, sevinc küsdü getdi, a Bəhmən
    Qəm evinin talanmağı çətindi.

    DARIXDIM

    Axşam da qəribdi, mən də qəribəm,
    Nələr ürəyimdən keçdi, darıxdım.
    Zalım ayrılığın kamil ovçusu,
    Ox atdı sinəmi deşdi, darıxdım.

    Nə kövrək saatdı, nə kövrək andı,
    Nəfəsim təngidi, ürəyim yandı.
    Kəpəzdən bir çəngə bulud boylandı,
    Xəyal uzaqlara uçdu, darıxdım.

    Qoy yazım varağı qalmasın ağı,
    Kim çəkər həsrəti Bəhmən sayağı.
    Çox da müqəddəsdi Gəncə torpağı,
    Kəlbəcər yadıma düşdü, darıxdım.

    MƏN OLMALIYAM

    Qartal o zirvədən belə en, belə,
    İnsanam, zirvədə mən olmalıyam.
    Günəş yandıranda ana torpağı,
    Duman olmalıyam, çən olmalıyam.

    Zirvədən salıbdı yolu babalar,
    fikri kamal ilə dolu babalar.
    Müqəddəs yaşayıb ulu babalar,
    Mən də fitnələrdən gen olmalıyam.

    Kədər toy gətirməz, düyün gətirməz,
    Sükunət dünyaya bir ün gətirməz.
    Ağlamaq heç kimə ağ gün gətirməz,
    Nə qədər həyat var, şən olmalıyam.

    ***

    Zahirdə üzümə dost deyə-deyə,
    Yağı düşmən saldı məni nə qala.
    Dərdimi göylərə bülənd eylədi,
    Belə yüksək nə bürc olar, nə qala.

    Bu vətəndir torpağından el əmən,
    Mən elinəm, qurban olum elə mən.
    Öz-özümə od tutdum ki, elə mən,
    Ocağıma nə kösöv qoy, nə qala.

    Bəhmən, dərdi ürəyindən at, ayə,
    Kədərini ilə qoyma, at aya.
    Fərsiz övlad göz dağıdır ataya,
    Şüursuzdan nə qalıbdı, nə qala.!?

  • Şair ŞÜCAƏT.Seçmə şeirlər

    SÜCAƏT (Sücaət Yunus oğlu Əhmədov – 1946-2002)

    DAĞLAR

    Mən gedirəm qürbət elə,
    Sağ-salamat qal, a dağlar.
    Halallıq ver, qoy qalmasın
    Ürəyimdə xal, a dağlar.

    Hanı məndə dözüm sənsiz,
    Sönəcəkdir közüm sənsiz.
    Qan tökəcək gözüm sənsiz
    Olacağam lal, a dağlar.

    Dostum – yarım keçir gendən,
    Dərdim artır günü-gündən.
    Məni qəmdən, qəmi məndən,
    Al, a dağlar, al, a dağlar.

    Günəş gəzib yorulanda,
    Sazın simi qırılanda,
    Göydə qartal vurulanda,
    Məni yada sal, a dağlar.

    Qayaları ələ döndər,
    Cığırları telə döndər,
    Sücaəti külə döndər,
    Bir “Kərəmi” çal, a dağlar.

    KİMİ

    Kaş rəssam olaydım, elə rəssam ki,
    Çəkəydim bəxtimi olduğu kimi.
    Yazmaqla nə olsun, onda görəydim,
    Arzumu-eşqimi olduğu kimi.

    Eşqimin tufanın, boranın, yazın,
    Solmuş çiçəklərin, yox olmuş izin.
    Çəkəydim gözlərin sevdiyim qızın,
    Süzülüb xəyala daldığı kimi.

    Sücaət, mənalı yaşa, yarat, an,
    Vəfasıza ağrı gizlət, yara dan.
    Salmasın heç kəsi bir də yaradan,
    Məni nəzərindən saldığı kimi.

    ANAMIN

    Deyin, dustaqları buraxacaqlar,
    qoy qəm bozartmasın üzün anamın.
    Deyin, qırılacaq zülmün zənciri,
    birtəhər başını yozun anamın.

    Zəhər gizlənibmiş aşımın altda,
    Bir dərya var imiş qaşımın altda…
    Yastıq daşa dönür başımın altda,
    Burda hardan alım dizin anamın?

    Taleyi şil-şikəst, fikri sağ oldum,
    Sevinci bir zərrə, dərdi dağ oldum.
    Gah əsir, gah xəstə, gah dustaq oldum,
    Qoymadım quruya gözün anamın.

    Talanmış ömürdü, gündü, neyləyim,
    Baxtımın çırağı söndü neyləyim.
    Sevinci fəğana döndü, neyləyim,
    Söhbəti nəğmədən həzin anamın.

    Sücaət, etdilər talan ömrümü,
    Kor olsun daşlara çalan ömrümü.
    Talanan talanıb, qalan ömrümü
    Ömrünün üstünə yazın anamın.

  • Xalq şairi Məmməd ARAZ.”Əlvida, dağlar!”

    Bəlkə bu yerlərə bir də gəlmədim,
    Duman, salamat qal, dağ, salamat qal.
    Dalımca su səpir yoxsa buludlar? –
    Leysan, salamat qal, yağ, salamat qal!

    Qıy vuran qartallar yox oldu çəndə,
    Nərgizlər saraldı şehli çəməndə.
    Ey qaragöz pəri, dalımca sən də
    Boylan, salamat qal, bax, salamat qal!

    Gəldim, qarşıladı güllər-çiçəklər,
    Gedirəm, əl edir boz biçənəklər.
    Nidamı çaylara dedi küləklər:
    Bulan, salamat qal, ax, salamat qal!

    Dağların pələngi, şiri də sənsən,
    Şairi də sənsən, şeri də sənsən.
    Varı, bərəkəti, xeyri də sənsən,
    Çoban, salamat qal, sağ-salamat qal!

  • Xalq şairi Osman SARIVƏLLİ.Seçmə şeirlər

    SÖYLƏ

    Dərdim çoxdur, dərdin alım, ay aşıq,
    Al sazı, bu dərdi hər yana söylə.
    Əqildən kəm olan duymaz, anlamaz,
    Mənim sözlərimi qanana söylə.

    Adamı oynatmaq insanlıq deyil,
    Eşqi hiss etməmək cavanlıq deyil,
    Mənim şikayətim divanlıq deyil,
    Nə sultana söylə, nə xana söylə.

    Həmişə əlində saxla cilovu,
    Yalnız ovçu bilər oylağı, ovu.
    Kim oda düşməyib duymaz alovu,
    Məhəbbət oduna yanana söylə.

    Haqq olur… – mən hara, bu ilqar hara,
    Düşmüşəm nə edim, yoxdur bir çara.
    İşdir, yolun düşdü qarlı dağlara,
    Haray çək, ahımı dumana söylə.

    Tapılmaz eləsi bizim zamanda,
    O təkdir, heç misli yoxdur cahanda.
    Bəlkə bir gün gördüm toyda, nişanda
    Unutma ərzimi bir mana söylə.

    El ağzı fal olar, bunu sal yada,
    Sirri dosta vermə, söyləmə yada.
    Xeyir xəbər olsa eldə, obada,
    Qayıdıb gələndə Osmana söylə.

    DƏRDİN ALIM

    Çiçəklərdən səni könlüm,
    Dilər keçər, dərdin alım.
    Xəyalın tez-tez yanımdan
    Gülər keçər, dərdin alım.

    Dağ başını aldı duman,
    Körpə quzu anasından
    azıb ayrı düşsə, bir an
    Mələr keçər, dərdin alım.

    Demə: dünya bir qəfəsdir,
    Mahnılarım quru səsdir,
    Eşq, sevda bir həvəsdir,
    Gələr keçər, dərdin alım.

    Bahar çağı səhər erkən,
    Göy çəməndə gəzəndə sən,
    Bilirsənmi ürəyimdən
    Nələr keçər, dərdin alım?!.

  • Xalq şairi Hüseyn ARİF.Seçmə şeirlər

    VAR MƏNİM

    Yığılmır yollardan fikrim, xəyalım,
    Görən bu yollarda kimim var mənim?
    Sazda Kərəmiyə qoşulan səsim,
    Kamanda inləyən simim var mənim.

    Kəsilib qapıdan gedib-gələnim,
    Yox mətləb qananım, qədir bilənim.
    Dumanlar içində yorğun köhlənim,
    Tufanlar qoynunda gəmim var mənim.

    Hüseyn, nə oldu qönçə niyyətim?
    Daşlara toxundu ilk məhəbbətim.
    Özgəni güldürən sözüm-söhbətim,
    Özümü ağladan qəmim var mənim.

    YAş 60-A ÇATANDA

    Dağ başına qar gəlir,
    Yollar izlər dar gəlir.
    Dünən düşündüklərin
    Bu gün sənə dar gəlir,
    Yaş 60-a çatanda.

    Dərədən duman keçir,
    Keçir, nə yaman keçir.
    Dünən “gəl-gəl” deyənlər
    Bu gün səndən yan keçir –
    Yaş 60-a çatanda.

    Ağrılar cana keçir,
    Baхmayır, qana keçir.
    Хəyalından uşaqlıq,
    Könlündən ana keçir –
    Yaş 60-a çatanda…

    ANALAR

    Elə ki, balalar gəlir dünyaya,
    O gündən hey ölçüb-biçir analar.
    Mahnı da oxuyur, şeir də deyir,
    Bəstəkar analar, şair analar.

    Dözür hər əzaba o bilə -bilə.
    Yaşayır, sirrini salmadan dilə.
    Vaxt olur, qaldırıb ağını belə,
    Şərbət əvəzinə içir analar.

    Unudub illərin yorğunluğunu,
    Həyatda dincliyi, evdə yuxunu:
    Sevincin azını, qəmin çoxunu,
    Yükün ağırını seçir analar.

    Özüm də bilmirəm, Hüseyn, niyə?
    Başımın tüstüsü çəkilir göyə.
    Torpağım anasız qalmasın deyə
    Torpağın qoynuna köçür analar.

    SƏNİ UNUDA BİLMƏRƏM

    Ay dolanar, il dolanar
    Səni unuda bilmərəm.
    Könül yanar, can odlanar
    Səni unuda bilmərəm.

    Yaz üzülə, payız keçə,
    İstər gündüz, istər gecə,
    Neçə gözəl gəlib keçə,
    Səni unuda bilmərəm.

    Gözün saxladı sözümü,
    Gözün ovladı gözümü;
    Unutmayınca özümü,
    Səni unuda bilmərəm…

    ŞEİR DEYİLMİ?!

    Məndən təzə şer xəbər alan dost,
    Bəs yazın gəlməsi şer deyilmi?!
    Gəzməyə çıxanda – çölün, çəmənin
    Üzünə gülməsi şer deyilmi?!

    Yenə gözüm qalıb bağçada, bağda,
    Min-min gül açıldı aranda, dağda.
    Eyvana əyilən çarpaz budaqda
    Bülbülün nəğməsi şer deyilmi?!

    Seyr elə hüsnünü göydə durnanın.
    Qayada kəkliyin, göldə sonanın.
    Aynabənd otaqda gəlin anamın
    Şirin laylay səsi şer deyilmi?!

    Dərədə moruq dər, döşdə çiyələk.
    Gah yağış xoş gəlir, gah sərin külək.
    Yaş ötür, doymayır dünyadan ürək, –
    Yaşamaq həvəsi şer deyilmi?!

    Kim deyir şerin meydanı dardır?
    Sonu görünməyən bir ilk bahardır.
    Neçə ki, həyat var şer də vardır,-
    Həyatın nəfəsi şer deyilmi?!

  • Xalq şairi Səməd VURĞUN.”Yada sal məni”

    Aşıq Şəmşir, Dəlidağdan keçəndə,
    Kəklikli dağlardan xəbər al məni.
    Ceyran bulağından qızlar içəndə,
    Saz tutub, söz qoşub yada sal, məni.

    Hay vurub, qıy vurub, səs sal dağlara,
    Gözəllər oylağı göy yaylaqlara.
    Mənim bu dərdimi de oylaqlara –
    Sinəmdən oxladı bir maral məni.

    O ceyran baxışlı baxdı uzaqdan,
    Canımı odlara yaxdı nahaqdan.
    Yüz il də dolanıb keçsə o vaxtdan,
    Unutmaz aləmdə əhli-dil məni.

    Gəlmişəm gəzməyə sizin dağları,
    Baxım yaylaqlara doyunca barı…
    Bu yerə şairin düşdü güzarı,
    Gözəl qarşıladı xoş iqbal məni.

    Bəxt məni bu yerə qonaq göndərdi,
    Gedirəm, yamandır ayrılıq dərdi.
    Demə, Səməd Vurğun gəldi-gedərdi,
    Unutmaz bu oba, bu mahal məni…

  • Şəfa EYVAZ.Yeni şeirlər

    * * *

    Göz yaşını görə bilmir bu millət,
    bizim şüşüələrin iç üzü kirli,
    bizim şüşələrin üstü qapalı…
    silsək də iç üzünü…
    qoymayacaqlar görməyə
    dünyanın o üzünü…

    ..Bizim fərqimiz…

    Bilmirəm bəlkə də bir gün
    səni unudacağam,
    Ancaq içimdə ölən duyğularım bir də göyərməyəcək.
    Sən uzaqda – göylərin, lap dərinliyində
    parlayan bir ulduzsan
    Mənsə o ulduza həsrətlə baxan
    bir qızam.
    Sən göydən məhəbbətlə enən
    qar dənəciyi,
    Mən onu əlimdə saxlamağa çalışan uşaq.
    Sən məndən uzaqda yaşanmış keçmiş,
    Mən hələ yaşanacaq gələcəyəm.
    Bizi bir-birimizdən indi ayırır.
    Sevgilim,imkansız oldu sevgimiz,
    Ya çox uşaq olduq,
    ya da çox böyük,
    Doya-doya yaşamadıq onu biz
    Doya-doya yaşamadıq onu biz…

    _2007_

  • Gənc xanım yazar Şəfa Vəliyevanın şeiri “Dergizan” antologiyasında çap olunub

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyevanın şeiri “Dergizan” antologiyasında çap olunub.

  • Görkəmli Azərbaycanlı ədəbiyyatşünas Mir CƏLAL

    Paşayev Mir Cəlal Əli oğlu — yazıçı, ədəbiyyatşünas, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar Elm xadimi (1969), Lenin komsomolu mükafatının fəxri laureatı (1968), filologiya elmləri doktoru (1947), professor (1948).

    Mir Cəlal Paşayev 1908-ci ildə İranın Ərdəbil ostanının Əndəbil kəndində doğulmuşdur. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə atası vəfat etmiş, böyük qardaşının himayəsində yaşamışdır. 1918–1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur (1924–1928). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilmişdir (1926–1927).

    Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində (1930–1932), Azərbaycan Dövlət Elmi-Təqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmişdir (1932–1935). “Füzulinin poetikası” mövzusunda namizədlik dissertasiyası (1940), “Azərbaycanda ədəbi məktəblər” mövzusunda doktorluq dissertasiyası (1947) müdafiə etmişdir.

    Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur. Ədibin “Klassik irs və müasirləri”mizə dair məqalələri, monoqrafik tədqiqatları, “Azərbaycanda ədəbi məktəblər” mövzusunda yazdığı doktorluq dissertasiyası, “Füzuli sənətkarlığı”, “Cəlil Məmmədquluzadə realizmi haqqında” və sair bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır.

    1928-ci ildən ədəbi fəaliyyətə başlamışdır. “Kommunist” qəzetində şöbə müdiri, “Gənc işçi” qəzetində məsul katib, həm də Azərbaycan Elmlər Akademiyası Nizami ad. Ədəbiyyat İnstitutunda elmi işçi olmuşdur (1932–1935). Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyət göstərmişdir. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olmuşdur (1961-ci ildən).

    Sovet yazıçıları briqadası tərkibində Ağ dəniz – Baltik kanalında yaradıcılıq ezamiyyətində (1935), Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940, 1950, 1960), SSRİ yazıçılarının II, III, IV qurultaylarında (1954, 1959, 1967) olmuşdur.

    Mükafatları

    “Qafqazın müdafiəsinə görə”, “Əmək igidliyinə görə” (1944) medalları, “1941–45-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə” (1948), “Qırmızı əmək bayrağı” (1967), “Oktyabr inqilabı” (1978) və iki dəfə “Şərəf nişanı” (1950, 1958) ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və “Qabaqcıl maarif xadimi” nişanı ilə təltif olunmuşdur. 1978-ci il sentyabrın 28-də vəfat etmiş, ikinci Fəxri Xiyabanda dəfn edilmişdir. Bakı küçələrindən birinə onun adı verilmişdir.

    Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın babasıdır.

    Kitabları

    Sağlam yollarda (oçerklər). Bakı: Azərnəşr, 1932, 46 səh.
    Boy (novellalar və oçerklər). Bakı: Azərnəşr, 1935, 123 səh.
    Dirilən adam. Bakı: Azərnəşr, 1936, 204 səh.
    Bostan oğrusu. Bakı: Azərnəşr, 1937, 46səh.
    Axundun iştəhası. Bakı: Azərnəşr, 1938, 63səh.
    Gözünaydın. Bakı: Azərnəşr, 1939, 477 səh.
    Füzulinin poetik xüsusiyyətləri. Bakı: Azərb. SSR EA nəşri, 1940, 96 səh.
    Bir gəncin manifesti. Bakı: Uşaqgəncnəşr, 1940, 258 səh.
    Bir gəncin manifesti. Bakı: Azərbaycan LKGİM nəşri, 1940, 258 səh.
    Xalqın ürək sözü. Bakı: Azərnəşr, 1941, 18 səh.
    Vətən (hekayələr). Bakı: Azərnəşr, 1942, 38 səh.
    İlyas. Bakı: Uşaqgəncnəşr, 1942, 24 səh.
    İsrafil. Bakı: Uşaqgəncnəşr, 1942, 26 səh.
    Şərbət. Bakarı. Bakı: Azərnəşr, 1943, 12 səh.
    Vətən yaraları. Bakı: Azərnəşr, 1943, 12 səh.
    Həyat hekayələri. Bakı: Uşaqgəncnəşr, 1945, 156 səh.
    İki rəssam. Bakı: Uşaqgəncnəşr, 1947, 12 səh.
    Yeni kəndin adamları. Bakı: Azərnəşr, 1948, 44 səh.
    İlk vəsiqə. Bakı: Uşaqgəncnəşr, 1949, 24 səh.
    Söyüd kölgəsi. Bakı: Uşaqgəncnəşr, 1951, 20 səh.
    Təzə şəhər. Bakı: Azərnəşr, 1951, 264 səh.
    Bir gəncin manifesti. Bakı: Uşaqgəncnəşr, 1953, 201 səh.
    Sadə hekayələr. Bakı: Azərnəşr, 1955, 224 səh.
    Fitnə. Bakı: Uşaqgəncnəşr, 1955, təkrar nəşri: 1962, 1966.
    Yaşıdlarım. Bakı: Uşaqgəncnəşr, 1955, 226 səh.
    Yuxu və külək. Bakı: Uşaqgəncnəşr, 1956, 12 səh.
    Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1956, 500 səh.
    Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1957, 532 səh.
    Yolumuz hayanadır. Bakı: Uşaqgəncnəşr, 1957, 247 səh.
    İnsanlıq fəlsəfəsi. Bakı: Azərnəşr, 1961, 408 səh.
    Bir gəncin manifesti. Yaşıdlar. Bakı: Azərnəşr, 1964, 452 səh.
    Bir gəncin manifesti. Bakı: Azərnəşr, 1965, 452 səh.
    Söyüd kölgəsində. Bakı: Maarif, 1965, 42 səh.
    Gülbəsləyən qız. Bakı: Azərnəşr, 1965, 334 səh.
    C.Məmmədquluzadənin realizmi haqqında. Bakı: ADU nəşriyyatı, 1966, 70 səh.
    Seçilmiş əsərləri (dörd cilddə), I c. Bakı: Azərnəşr, 1967, 519 səh.
    Seçilmiş əsərləri (dörd cilddə), II c. Bakı: Azərnəşr, 1967, 499 səh.
    Seçilmiş əsərləri (dörd cilddə). III c. Bakı: Azərnəşr, 1968, 526 səh.
    Seçilmiş əsərləri (dörd cilddə). IV c. Bakı: Azərnəşr, 1968, 474 səh.
    Gülüş bədii silah kimi. Bakı: ADU nəşri, 1968, 40 səh.
    XX əsr Azərbaycan ədəbiyyatı (dərslik). Bakı: Maarif, 1969, 348 səh. (şərikli).
    Kərpickəsən. Bakı: Gənclik, 1969, 12 səh.
    Şəfəqdən qalxanlar. Bakı: Gənclik, 1972, 272 səh.
    Ədəbiyyatşünaslığın əsasları. Bakı: Maarif, 1972, 280 səh. (şərikli).
    Klassiklər və müasirləri. Bakı: Azərnəşr, 1973, 296 səh.
    Silah qardaşlan (hekayələr). Bakı: Gənclik, 1974, 293 səh.
    Xeyir və Şər. Bakı: Gənclik, 1976, 19 səh.
    Dağlardiləgəldi. Bakı: Gənclik, 1978, 176 səh.
    Dahi söz ustası. Bakı: Yazıçı, 1978, 90 səh.
    Dirilən adam. Bakı: Yazıçı, 1978, 414 səh.
    Bir gəncin manifesti. Bakı: Gənclik, 1980, 256 səh.
    XX əsr Azərbaycan ədəbiyyatı. Bakı: Maarif, 1982, 428 səh.(şərikli).
    Yaşıdlar (roman və hekayələr). Bakı: Azərnəşr, 1984, 374 səh.
    Bir gəncin manifesti. Bakı: Yazıçı, 1984, 224 səh.
    Ləyaqət (hekayələr və povest). Bakı: Yazıçı, 1984, 360 səh.
    Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1986, 463 səh.
    Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1987, 445 səh.
    Ədəbiyyatşünaslığın əsasiarı (dərs vəsaiti). Bakı: Maarif, 1988, 279 səh.

    Filmoqrafiya

    Bir ailə (film, 1943)
    Mətbuat fədaisi (film, 2007)
    Üç zirvənin fatehi (film, 2008)

  • Görkəmli ədəbiyyatşünas Pənah XƏLİLOV

    Pənah Xəlilov (tam adı: Pənah İmran oğlu Xəlilov; 1 iyul 1925) — ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), professor (1971).

    Həyatı

    Pənah Xəlilov 1925-ci il iyulun 1-də Gürcüstanın Borçalı rayonunun Sadaxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini kənddə almışdır. 1934-cü ildə ailəlikcə Gəncəyə köçdüklərindən M.Ə.Sabir adına 5 saylı şəhər orta məktəbində oxumuş, ADU-nun filologiya fakültəsini bitirib (1943-1948), orada Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı (1948-1951), sonra həmin kafedrada baş müəllim, dosent (1951-1969), SSRİ xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri (1969-1989) olmuşdur. 1948-ci ildən fəal ədəbi yaradıcılığa başlamışdır. Ədəbi tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə ilə məşğul olmuşdur. Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşmışdır. “Azərbaycan sovet ədəbiyyatı tarixi” (üç cilddə) və “Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri” (rusca) kitablarının müəlliflərindən biridir. Azərbaycan yazıçılarının VI qurultayında idarə heyətinə seçilmişdir.

    Əsərləri

    Sovet ədəbiyyatının son nailiyyətləri. Bakı: Azərtədrisnəşr, 1964, 156 səh.
    Azərbaycan sovet ədəbiyyatı. Bakı: Maarif, 1966, 436 səh. (şərikli)
    SSRİ xalqları ədəbiyyatı (iki cilddə). I c. Bakı: Maarif, 1966, 409 səh.
    SSRİ xalqları ədəbiyyatı (iki cilddə). II c. Bakı: Maarif, 1968, 401 səh.
    Sovet ədəbiyyatı (dərsliyə əlavə). Bakı: Maarif, 1970, 139 səh. (şərikli)
    Dostluğun gücü. Bakı: Gənclik, 1972, 34 səh.(şərikli)
    Ədəbiyyatşünaslığın əsasları. Bakı: Maarif, 1972, 280 səh. (şərikli)
    SSRİ xalqları ədəbiyyatı (iki cilddə, ikinci nəşri). I c. Bakı: Maarif, 1975, 416 səh.
    SSRİ xalqları ədəbiyyatı (iki cilddə, ikinci nəşri). II c. Bakı: Maarif, 1977, 360 səh.
    Nəsrimizin üfüqləri. Bakı: Yazıçı, 1982, 182 səh.
    Ədəbiyyat. Bakı: Maarif, 1983, 232 səh.(müştərək, bu (X sinif üçün) dərsliyin yenidən işlənmiş və təkmilləşdirilmiş 12-ci nəşridir).
    Sovet ədəbiyyatı. Bakı: Maarif, 1985, 232 səh.
    Ədəbiyyatşünaslığın əsasları. Bakı: Maarif, 1988, 279 səh. (şərikli)
    “Kitabi-Dədə Qorqud” – intibah abidəsi. Bakı: Gənclik, 1993, 172 səh.
    Türk xalqlarının və Şərqi slavyanların ədəbiyyatı. Bakı: Maarif, 1994, 429 səh.
    “Kitabi-Dədə Qorqud” – intibah abidəsi (II nəşri). Bakı: Universitet nəşri, 2001, 241 səh.
    Ukraynanın böyük kobzarı. Bakı: Azərnəşr, 1964, 45 səh.
    Ədəbiyyat dərslərində milli məfkurə təbliğinin imkan və üsulları (elmi-metodik vəsait). Bakı: Maarif, 1977, 30 səh.
    Əhməd Yəsəvi. Bakı: Azərnəşr, 1998, 43 səh.
    Əli və Nino problemləri. Bakı: Nurlan, 1999, 32 səh.
    “Kitabi-Dədə Qorqud”. Bakı: Elm, 1999, 166 səh.
    Nizami Gəncəvi və SSRİ xalqları ədəbiyyatı (məqalələr toplusu). Bakı: ADU nəşri, 1986, 75 səh.

    Tərcümələri
    (ruscadan)

    Üç qardaş. Bakı: Gənclik, 1972, 4 səh.
    Ağıllı qız. Bakı: Gənclik, 1972, 5 səh.
    Bir uşaq şəhəri necə xilas elədi. Bakı: Gənclik, 1972, 5 səh.
    Qızıl alma. Bakı: Gənclik, 1972, 6 səh.
    Dombra nə dedi? Bakı: Gənclik, 1972, 5 səh.
    Yarı qulağın nağılı. Bakı: Gənclik, 1972, 5 səh.
    Kəndlilər ağanı təbrik etdilər. Bakı: Gənclik, 1972, 6 səh.
    Çöl qazları. Bakı: Gənclik, 1972, 6 səh.
    Sehirli dəyirman. Bakı: Gənclik, 1972, 5 səh.
    Beş kökə. Bakı: Gənclik, 1982, 12 səh.
    Ərik çəyirdəyi. Bakı: Gənclik, 1982, 5 səh.
    İki Peters. Bakı: Gənclik, 1982, 13 səh.
    Kəndli və tamahkar pan. Bakı: Gənclik, 1982, 12 səh.
    Dabbağ Kiril. Bakı: Gənclik, 1983, 11 səh.
    Mikel de Servantes. Lamançlı Don Kixot (Dünya uşaq ədəbiyyatı kitabxanası, 50 cilddə) IV c. I kitab. Bakı: Gənclik, 1983, 518 səh.
    Mikel de Servantes. Lamançlı Don Kixot (II kitab). Bakı: Gənclik, 1985, 567 səh.
    Herodot. Tarix (I hissə). Bakı: Azərnəşr, 1986, 326 səh.
    Herodot. Tarix (9 kitabda). Bakı: Azərnəşr, 1994, 640 səh.

  • Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad MƏCİD

    resad_mecid

    Rəşad Məcid (tam adı Məcidov Rəşad Müseyib oğlu) — yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü.

    Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən “Elm və həyat” jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, sonra 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990-1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991-1992-ci illərdə əvvəlcə “Ədalət” qəzetində, sonra isə “Azərbaycan” qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə “525-ci qəzet”i təsis edib. 1993-cü ildə “Azərmətbuatyayımı” İstehsalat Birliyinin rəisi olub. 1994-1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən “525-ci qəzet”in baş redaktorudur.

    Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına mükafatına layiq görülüb.

    2004-cü ildə Azərbaycan Yazıçılarının XI qurultayında Birliyin gənclərlə iş üzrə katibi seçilib.

    Bakı Mətbuat Klubunun həmtəsisçisi, Dünya Qəzetçilər Assosiasiyasının (WAN) və Dünya Redaktorlar Forumunun (WEF) icraçı üzvüdür.

    Ölkə mətbuatında bədii və publisistik yazılarla çıxış edir. 1993-cü ildə “Hələ ki vaxt var” adlı şeirlər, 2004-cü ildə “10 sentyabr” adlı hekayələr kitabı çapdan çıxıb.

    Kitabları Redaktə
    “Hələ ki vaxt var” (şeirlər). 1993-cü il
    “10 sentyabr” (hekayələr). Bakı: Azərbaycan Tərcümə Mərkəzi, 2004-cü il, 408 səh.
    “Əlvida və salam”. 2009-cu il
    “Dəlicəsinə”. Bakı: Təhsil, 2014-cü il
    “Çiyələk qadın”. Bakı: Yazıçı, 2014-cü il
    “Bir də gəlməyəcək…”. Bakı: Təhsil, 2015-ci il
    “Cığıraçan”. Bakı: Vektor, 2015-ci il
    Filmoqrafiya Redaktə
    Ümid işığı (film, 2014) (əsərin müəllifi)
    İstinadlar

  • Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami CƏFƏROV

    Nizami Cəfərov (Nizami Qulu oğlu Cəfərov; d. 21 sentyabr, 1959) — Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru (1992), professor (1994), əməkdar elm xadimi (2000), AMEA-nın həqiqi üzvü (2017)[1], Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti, BDU-nun ümumi dilçilik kafedrasının müdiri (2001—2015)[2]

    Həyatı

    Nizami Cəfərov 1959-cu 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.

    1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən “Ədəbiyyat və incəsənət” qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı vəzifələrində çalışmışdır. 2000-ci ildən Bakı Dövlət Universitetinin kafedra müdiridir.

    Cəfərov Nizami Qulu oğlu elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür[3].

    Yeni Azərbaycan Partiyasının üzvüdür.

    Azərbaycan Respublikası (II (2000-ci il), III (2005-ci il) və IV çağırış (2010-cu il) Milli Məclisinin deputatıdır. Parlamentin Mədəniyyət Komitəsinin sədridir. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

    Evlidir, 2 övladı var.

    Yaradıcılığı Redaktə
    Tədqiqatları Azərbaycan dilində sadə cümlənin struktur-semantik inkişafı, XVIII əsr Azərbaycan ədəbi dili, Azərbaycan türkcəsinin milliləşməsi və Azərbaycanşünaslığın əsasları və inkişafı tarixinə, qədim türk və türk xalqları ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlı problemlərə həsr olunmuşdur.

    Çox sayda elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifidir. Əsərləri Türkiyə və İranda da nəşr edilmişdir.

    Rus, ingilis və fars dillərini bilir.

    Əsərləri Redaktə
    Füzulidən Vaqifə qədər (Monoqrafiya), Bakı, 1991
    Azərbaycan türkcəsinin milliləşməsi tarixi (Monoqrafiya), Bakı, 1995
    “Bəxtiyar Vahabzadə” Bakı, Azərnəşr-1996. 80 səh. şəkilli
    Eposdan Kitaba (Monoqrafiya), Bakı, 1999
    Azərbaycanşünaslıq məsələləri (Monoqrafiya), Bakı, 2001
    Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-ideoloji üfüqləri (Monoqrafiya), Bakı, 2001.
    “Professor Sadıq Tural”. Bakı, 2006. (Nazir Əhmədli ilə birlikdə)
    Türk xalqları ədəbiyyatı,4 cilddə: I cild (Qədim dövr), II cild (Orta dövr), III cild (Yeni dövr). Bakı: Çaşıoğlu, Azərbaycanda Atatürk Mərkəzi, 2007.
    Filmoqrafiya Redaktə
    Susmuş vicdan (film, 2010)
    İstinadlar Redaktə
    AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb
    VƏZİFƏLİ KAFEDRA MÜDİRLƏRİ (azərb.)
    “Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI” (azərb.). https://e-qanun.az.+11 fevral 2000. Arxivləşdirilib: [1] saytından 27 fevral 2016 tarixində. https://web.archive.org/web/20160227070958/http://e-qanun.az/framework/89. İstifadə tarixi: 27 fevral 2016.

  • Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm QASIMLI

    Məhərrəm Qasımlı (azərb. Qasımlı Məhərrəm Paşa oğlud. 1958, Tovuz rayonu, Alakol) — Filologiya elmləri doktoru, professor, AMEA Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri (03.03.2016-indi),[1] ədəbiyyatşünas, folklorşünas, şair.

    Məhərrəm Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya ixtisasını bitirmişdir.

    AMEA-nın Ədəbiyyat institutunda işləyir. İnstitutun folklor şöbəsinin müdiridir. 1992-ci ildən Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini təyin olunub.

    1994-cü ildən “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyi hazırlayanlardandır. 2003-cü ildən nəşr olunan “Folklor və etnoqrafiya” jurnalının baş redaktorudur.[2]

    2008-ci ildə “Novruz” ensiklopediyasını hazırlamışdır və onun baş elmi redaktorudur. 2010-cu ildə Türkiyədə “Ozan-aşık sanatı” adlı kitabı çap olunub.

    Orxan Paşa təxəllüsü ilə şeirlər də yazır. “Sənə sözüm var” (2004) adlı şeirlər kitabı çap olunub.

    “Ozan-Aşıq” ensiklopediyası üzərində işləyir.

    Azərbaycan Aşıqlar Birliyinin I katibidir.

    Azərbaycanda 250-dən çox elmi məqalələri və 2 monoqrafiyası çapdan çıxmışdır.

    Xaricdə isə 20 məqaləsi çıxmışdır.

    Azərbaycan Aşıqlar Birliyinin 1-ci katibi çalışmışdır.2016-cı ildə Birliyinin sədri seçilmişdi.

    Respublika Dövlət mükafatı laureatı

    “Əməkdar elm xadimi” fəxri adı — 03.11.2015[3]

    Kitabları

    “Aşıq sənəti”. Bakı, “Ozan”, 1996.
    “Sənə sözüm var” 2004,
    “Ozan-aşık sanatı” 2010, Türkiyə.

    Məqalələri

    Ozan-aşıq keçidi. Bakı, “Qobustan” jurnalı., 1991, №3
    “Ustad”, “Ədəbiyyat qəzeti”, 22 fevral 1991-cı il, №8.
    “Manas” dastanının anlatılış özəllikləri. Ankara, “Turk dünyası” dərgisi, 1995, №4
    Azərbaycan türklərində ad anlayışı. Azərbaycan interneyşel. dər. Vaşinqton, 1999, №11
    Aşıq sənətində informatik yük və repertuar problemləri. Bakı, 2001, Elmi əsərlər, №3-4
    Bayatılarımızın heyrət heykəli: Sarı Aşıq //Ədəbiyyat qəzeti.- 2015.- 5 sentyabr.- S.20-21.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Qadına məktub”

    Sizin qızınızla görüşürük biz,
    Gedirik gah yolla, gah kənar izlə.
    Bunu mən bilirəm, siz bilmirsiniz,
    O gəlir sizin öz icazənizlə.

    Tələbə yoldaşı, rəfiqəsi var,
    İşi də çox olur, bəzən dərsi də
    Mənəm qızınızın, necə deyərlər –
    “tələbə yoldaşı”, “rəfiqəsi” də

    Mən başa düşürəm siz anasınız
    Ürəyə sığışmır adi həyəcan
    O,evə dönüncə nigaransınız
    Evdə olanda da mənəm nigaran.

    Bir ömür mənzili uzun, ya qısa…
    Məhəbbət, doğmalıq – hansı qədimdir?
    O sızin adicə qızınızdısa,
    O mənim yeganə səadətimdir.

    Siz də heyransınız, mən də bir qıza
    Kimin qapısından o girməlidir?
    Dünya elədir ki, biri tapırsa,
    Biri… təbiidir itirməlidir.

    Duruluq rəmzidir sizin qızınız
    Gözündən oxunur qəlbi, istəyi
    Sizin bu sevdada uduzmağınız
    Sizin borcunuzdur, mənim qismətim.

    Sizin adınıza hörmət,ehtiram
    Qadın qarşısında baş əyir aləm
    Mən də baş əyirəm,vidalaşıram-
    Qızınız gələcək,mən getməliyəm.

  • Xalq şairi Zəlimxan YAQUB.Qəzəllər

    ÖLDÜRÜR

    Bu şeir Ağdaş rayonunda, böyük şairimiz Maqsud
    Şeyxzadənin anadan olmasının 85 illiyi ilə bağlı
    məclisdə xanəndə Ağaxan Abdullayevin ilahi dərəcədə
    gözəl çıxışından sonra yazılmışdır.

    Ellər, məni ürəyimdən axıb gedən qan öldürür,
    Muğam adlı bir sehrkar, səs adlı bir can öldürür.

    Nə dünənin həsrətində, nə sabahın eşqindəyəm,
    Məni bu gün yaşadığım müqəddəs bir an öldürür.

    Atəş kimi qarsaladı “Segah”ın fəryadı məni,
    Bu atəşdən yayınmağa yoxdu bir imkan, öldürür.

    Bu nə səsdi, bəlkə bu gün həzrəti Davud dirilib,
    Heyranların heyranıyam, məni bu heyran öldürür.

    Allah belə ölümləri duyanlara çox görməsin,
    “Şüştər” bu gün verib yenə qətlimə fərman, öldürür.

    Məni sevən dostuma bax, çevrilib cəlladım olub,
    Vallah, Zəlimxan ölməzdi, onu Ağaxan öldürür.

    GƏTİRƏ

    Bu şeir qarmonçalan Rəhmanın filarmoniyada
    keçirilən yaradıcılıq gecəsində oxunmuşdur.

    Çəkilə zülmət gecələr, vaxt üzümə dan gətirə,
    Azadlığın səhər yeli cansıza da can gətirə.

    Gözlədiyim o günləri öz vaxtında gətirməsə,
    Qorxum budur, həsrət mənim gözlərimə qan gətirə.

    Görüş yeri Təbriz ola, sevdamız bir dəniz ola,
    Bu görüşlər ömrümüzə ən istəkli an gətirə.

    Vurğun ilə Şəhriyarın səsi gələ qulaqlara,
    Bir millətin tarixinə şərəf verə, şan gətirə.

    Seyid, Cabbar şad xəbərə məzarından baş qaldıra
    Qarabağdan məclisimə şikəstəni Xan gətirə.

    Durna kimi səf-səf ola Azərbaycan gözəlləri,
    Elin bayram günlərinə gül dərə, reyhan gətirə.

    Kamil yenə qaboy çala, yandıra Habil kamanı,
    Uzaq yollar yaxın ola, qarmonu Rəhman gətirə.

    Ulu Tanrı, eşit məni, rəhm elə Rəhmanımıza
    Bəlkə, onun barmaqları dərdlərə dərman gətirə.

    Haqqın səsi bayraq ola, Bakı, Təbriz qucaqlaşa,
    Bu xoş günün müjdəsini xalqa Zəlimxan gətirə.

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.Qəzəllər

    * * *

    Yenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdur,
    Gülüm yoxdur, bu dünyada ayım yoxdur, ilim yoxdur.

    Zaman dönməz öz hökmündən… Biz ayrıldıq, tez ayrıldıq,
    Dilim bar verməz, ay dostlar, deyəm ki, sevgilim yoxdur.

    Çiçəklərdən, küləklərdən mən allam ətrini yarın,
    Dilək ölməz, ürək ölməz, sevənlərcin ölüm yoxdur.

    Gülüm əğyar qılıncıyla sevərkən ayrı düşdük biz,
    Bu həsrətdən, bu möhnətdən daha müdhiş zülüm yoxdur.

    Sevib yandım, külək qalxdı, külüm sovruldu əflakə,
    Məni gərmə bu dünyada odum söndü, külüm yoxdur.

    Ağac yansa, fəğan eylər, deyər öz dərdini aşkar,
    Deməkçün dərdimi yarə, bəmim varsa, zilim yoxdur.

    Səninlə Bəxtiyaram mən, ayım sənsən ilim sənsən,
    Bu dünyada mənim sənsiz ayım yoxdur, ilim yoxdur.

    Oktyabr, 1961

    ***

    Bu qədər saldı məni həsrət, amandan-amana
    Könlüm axırda mənim düşdü gümandan-gümana.

    Neçə alim yazıb öz dərdini izhar elədi,
    Aşiqin dərdi fəqət keçdi zamandan-zamana

    Dərdü-qəmdən usanıb düşdü könül hicr oduna,
    Eləyək indi şikayətmi yamandan-yamana?!

    Səni gördükdə mən ancaq belə dil-dil ötürəm,
    Boşalır göydə buludlar da dolandan-dolana…

    Demərəm görməmişəm mən səni çoxdandı, gülüm,
    Görürəm surətini yalqız olandan-olana…

    Könlümün üstə düşən kölgələr əlan silinir,
    Başımın üstünə sən kölgə salandan-salana.

    Neçə yol vədə verib əhdə vəfa qılmadı yar,
    Bəxtiyar! Qəlbin axır düşdü talandan-talana.

    Sentyabr, 1963

    ***

    Ağlar ürəyim, səs gələr, ah-azar görünməz.
    Gözdən yaş axar, qaynağı zinhar, görünməz.

    Ruzgar yenə tüğyan eləyir dalda, budaqda
    Toz-torpağı gördük, niyə ruzgar görünməz?

    Tonqal yanır, atəş görünür, atəşi yaxmış,
    Əl gizli səbəb, gizli səbəbkar görünməz.

    İllər üzərindən yön alıb yol gedirik biz
    İllər görünür, bəs niyə yollar görünməz.

    Qəmdən şad olursansa, könül mülkünə sən bax,
    Güllər açılıb, amma o gülzar görünməz.

    Bəxtin mənə yar olduğunu çoxları söylər,
    Bəxtim görünür, bəs niyə dildar görünməz?

    Avqust, 1970

    * * *

    Daş ürəklərdə yanıb daşları sındırdı muğam.
    Haqqa düşmən olanı haqqa tapındırdı muğam.

    Nə güman eyləmisən ondakı tilsimləri sən,
    “Kürü ahıyla qurutdu”, “salı yandırdı” muğam.

    Onun hər guşəsi bir xatirə, bir canlı kitab,
    Keçilən yolları hərdən bizə andırdı muğam.

    Su çilər kinli ürəklərdə qəzəb tonqalına,
    Neçə qəsdin önünü kəsdi, dayandırdı muğam.

    O – ürək yanğısı, göz yaşları, bir çəngə bulud,
    Oyadıb yaddaşı, vicdanı utandırdı muğam.

    Dəfn edin siz məni Zabul segahın mayəsinə,
    Deyirəm, bəlkə, məni bir gün oyandırdı muğam.

    Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,
    Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.

    1974

  • Rus şairlərindən çevirmələr – Xalq yazıçısı Anardan

    Aleksandr PUŞKİN
    QURANA BƏNZƏTMƏ

    Yer hərəkətsizdir yaranan andan,
    Göylərin tağını sən saxlayırsan
    Ey böyük Yaradan, ulu Yaradan!

    Sellər göylərdən axıb məhv edərdi həyatı
    Əgər sən olmasaydın,
    Günəş işıqlandırmazdı hər səhər kainatı
    Əgər sən olmasaydın.

    Yaradana dua qılaq,
    O möhtəşəmdi, güclüdü, mükərrəmdi,
    Küləklərə hökm edəndi O,
    Bürkü gündə buludları göndərəndi O,
    Mərhəmətlidi, fəzilətlidi.
    Həzrət Məhəmmədə
    Müqəddəs Quranı O nazil etdi.
    Onun yoluyla qoşub
    işığa yetdik.

    (Bu şeirinin altında Puşkin qeyd edir ki, yerin hərəkətsiz olması fiziki cəhətdən yanlışdısa, poetik obrazın özü əzəmətlidir)

    FAZİL XANA

    Bizim sərt Şimala düşübdü yolun,
    Bu yeni hünərin mübarək olsun.
    O yerlərdə çox qısadır bahar,
    Amma Hafizlə Sədini xatırlayırlar.

    Gecə diyarıdır yurdumuz bizim,
    Gecələri uzun, qaranlıq, gizlin.
    Əlvan Şərq əfsanələriylə
    Bəzə bizim diyarı,
    Şimal qarlarında qalsın qoy izin.

    (Puşkinlə yolda rastlaşan Azərbaycan şairi Fazil xan Şeyda)

    HAFİZDƏN

    (Fərhad bəyə)

    Döyüş şöhrətinə uyma, ey cavan,
    Qarabağlılarla savaşa girdiyin zaman.
    Bilirəm ki, əcəl qarşına çıxmaz,
    Əzrayıl da görüb yaraşığını
    canına qıymaz.
    Amma qorxuram ki, cənglər içində
    qeyb edəsən bir gün bu məlahəti,
    utancaq rəftarı, saf məhəbbəti.

    Mixail LERMONTOV

    Ayrıldıq, amma ürəyimdə
    Saxlamışam şəklini,
    Qəlbim yenə isinir
    Yada salanda səni.

    Bəlkə yenə sevdalarla başımı qatım,
    Qəlbimdəki o şəkli bəs hara atım?
    Tərk olunmuş məbəd də – məbəddir yenə,
    Yıxılan bütlər də bütdülər mənə.

    Darıxıb üzülürəm, əl verməyə kimsə yox,
    Qəlbim ümidsizliyə qapılan zaman
    Nəyi arzulayım? Nə olsun arzular hədsiz çoxdur çox,
    İllər ötüb gedir, ömrün gözəl illəri,
    Bir də geri gönməyən həftələri, günləri.
    Sevmək? Bəs kimi sevmək?
    Müvəqqəti sevgi kimə gərəkdi?
    Əbədi sevgi də olmur heç bir vaxt,
    Ən çılğın sevgi də keçib gedəndi.

    Öz içinə baxıb nə görəcəksən?
    Keçmişdən qalmayıb əsər-əlamət,
    Nə sevinc, nə əzab, nə dərd, nə möhnət.

    Ehtiraslar necə? Onlar da solacaq, itib ötəcək,
    Şüurun əmriylə çıxıb gedəcək.

    Soyuq-soyuq baxsan ətrafa hətta
    Çox boş və mənasız şeymiş həyat da…

    Nikolay NEKRASOV

    Dünən axşam altıda
    küçəyə çıxdığım vaxt
    gördüm qamçılayırlar
    cavan kəndli qadını,
    Çıqqırın çıxarmırdı
    Eşidilirdi yalnız amansız şallaq səsi,
    Qamçıların nəğməsi.
    – Bax – İlham Pərisinə bu zaman söylədim mən
    Sənin doğma bacındır, incidilən, döyülən.

    Afanasi FET

    Sənə heç nə demədim
    Niyə təlaşlanasan axı?
    Susduğum məsələyə işarə də vurmadım
    Onsuz da biləcəkdin bunları əvvəl-axır.

    Gecənin çiçəkləri bütün günü yatırlar,
    Amma meşənin üstə günəş qalxanda birdən
    Ləçəklərin açırlar,
    Mən də hiss eləyirəm ürəyimi beləcə
    Çiçəkləyir qəfildən.

    Xəstə, yorğun ürəyim hey əsir, hey titrəyir
    Əsib coşan mehlərdən,
    Sənə demədim bunu
    Gizli saxladım səndən.

    Pıçıltı, xəfif kədər,
    Bülbülün cəh-cəh səsi,
    Yuxulu bulaqların gümüşü titrəməsi.
    Gecə işıqları, sonsuz kölgələr
    Sevimli sifətin dəyişən zaman
    Nələr gəlir ağla, ah nələr, nələr..
    Göydə buludların dumanlı ağı
    Gözlədiyim sübhün ilk şəfəq çağı.

    Məndən aralanma, əzizim, heç vaxt
    Bircə an belə,
    Səninlə xoş keçir günlərim mənim
    Məndən uzaqlaşma heç zaman belə.

    Biri o birinə bu qədər yaxın
    Heç kim ola bilməz. Bir bunu düşün.
    Kədərlə başını əyib aşağı
    Məndən uzaqlaşma, bir saat, bir gün.

    Dağlara qızıl səpib
    Sakitcə sönür axşam,
    Hava da sərinləşdi,
    Uyu, uyu, balacam.

    Bülbüllər ötüb susdu,
    Toranlıq düşür müdam,
    Uyu, uyu, balacam.

    Simlər bir-bir titrədi,
    Ehtiras keçib gedir.
    Yalnız qəlbimdə səssiz,
    Xısın pıçıldayacam.
    Uyu, uyu, balacam.

    Yuxularından danış
    Söylə necəydi yuxu?
    Sözlərə sığmırlarsa
    Oxu yuxularını
    Nəğmə tək mənə oxu.

    Boris PASTERNAK

    HEFSİMAN BAĞI

    Uzaq ulduzların sayrışmasıyla
    Yolun dolayları işıqlanırdı.
    Dağın ətəyində Kedron axırdı
    Yollar Zeytun dağının başına dolanırdı.

    Çəmənlik yarıda parçalanırdı,
    Göydə Süd yoluna keçirdi ardı.
    Gümüşüyə çalan zeytunlar da ki
    Sanki bu boşluqda addımlayırdı.

    Kiminsə sahəsi, bağıyda bura,
    Tələbələrin qoyub üzü divara
    Söylədi: tək qaldım həsrət qəlbimlə,
    Siz də oyaq qalın, olun mənimlə.

    Birovuz şeylərdən əl çəkən təkin
    Artıq gərəyi yox müqavimətin,
    Ataraq qüdrəti və möcüzəni
    Adi bir insandı – hamımız kimi.

    Viranəlik yurdu, yoxluq diyarı,
    Kainat da boşdu bu gecə yarı
    Heçsizliyə təslim olmuş çağ idi,
    Həyat yeri yalnız bir bu bağ idi.

    Zülmət boşluğuna baxdığı zaman
    Əcəl piyaləsi yan keçsin deyə,
    Dualar edirdi Ataya hər an.

    Təsiri altında bu duaların
    Keçdi o tayına uca divarın
    Torpağın üstünə sərilmişdilər
    Oyaq qala bilməyən yuxulu tələbələr.

    Onları oyatdı: – Mənimlə birgə
    Həyat sürməyiniz – Tanrı qisməti,
    Yoxsa unutdunuz bu həqiqəti
    İnsan oğlunun da vaxtı bitməkdə,
    Özünü düşmənə təslim etməkdə.

    Bunu demişdi ki, hardansa birdən
    Qullar, sərsərilər çıxdı qəfildən,
    Məşəllər, qılınclar qabaqlarında
    Öndə də İuda – xəyanət öpüşü dodaqlarında.

    Pyotr qılıncla birinin qulağın kəsdi,
    Amma səs ucaldı: eləmə, bəsdi.
    Dəmirlə davanı həll etmək olmaz
    Heç vaxt heç zaman
    Qılıncı qınına sal, ey insan.

    Məgər ki, Atam mənim
    qanadlı mələkləri buraya göndərməzdi
    həm də – saysız-hesabsız.
    Başımdan bir tük də heç qoparmadan
    Düşmən qeyb olardı izsiz-soraqsız.

    Fəqət həyat kitabı gəlib o yerə çatdı,
    O yer müqəddəslərdən qat-qat daha qudsaldı.
    Yazılanlar artıq gələcək başa,
    Məqamı çatdı artıq əzəli Əmrin,
    Qoy, icra olunsun bu Hökm də. Amin!

    Görürsən əsirlər masal kimidir
    Yürüyə-yürüyə alışa bilər.
    Bu müdhiş əzəmət, qüdrət yolunda
    Könüllü sonluğa razısa əgər
    İnsan oğlu hər cür əzaba dözər,

    Çarmıxa çəkilib qəbrə gedəcəm,
    Üç gün sonra isə zühur edəcəm.
    Çaylarla bərələr üzüb gedən tək
    karvanlar sayağı yüzillər də ki,
    Mənim hüzuruma axıb gələcək.

    Tərcüməçinin qeydi: İncil əfsanəsinə görə, Hefsiman bağında Həzrət İsanı xəyanətkar İuda öpüşüylə düşmənlərə nişan verib, tanıdıb. Çarmıxa çəkilib məzara gömülən peyğəmbər üç gün sonra zühur etmişdir. Başqa şeirlərlə birlikdə “Doktor Jivaqa” romanında verilən “Hefsiman bağı” silsilənin son şeiridir.

    Mənbə: ayb.az

  • Qulu AĞSƏS.”Bir may səhəri…”

    zün dağ başına qoyan şəhərin
    ayağın xan kəndi yuyurdu
    kürəyinin təri
    cıdırda soyuyurdu.
    Girməzdi
    dumanına gün işığı
    havasına çay qaşığı.
    Qayaları sərxoş idi
    adamları tay-tuş idi
    küçələri taykeş idi.
    Qəbirüstü yazıları
    nəğmə kimi oxunurdu
    kolda-kosda tələf olan
    qurd-quşu gül qoxuyurdu.
    Kim idi qalxan o boyda dağı? –
    yağışdan sallanıb enirdi qonağı.
    …Dağın dizləri əsdi bir may səhəri
    gözünün yaşı ayağının suyuna qarışdı şəhərin…

    Mənbə: ayb.az

  • Mir Cəlalın xatirəsinə həsr olunan hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb

    Mayın 23-də İçərişəhərdəki “Ədibin Evi”ndə Mir Cəlalın xatirəsinə həsr olunan hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqə müasir Azərbaycan ədəbi prosesinin və hekayə janrının inkişafına təkan vermək məqsədilə keçirilib.
    AZƏRTAC xəbər verir ki, tədbirdə Xalq Yazıçısı, müsabiqənin münsiflər heyətinin sədri Elçin görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin zəngin yaradıcılığından, elmi və pedaqoji fəaliyyətindən və nəcib insani keyfiyyətlərindən söhbət açıb. Bildirib ki, böyük ədib və alim, görkəmli pedaqoq Mir Cəlal Paşayev müdrik insan, nəcib şəxsiyyət idi. Yazıçının müxtəlif janrlarda olan bədii əsərləri həm mövzu zənginliyi, həm də dil və üslub xüsusiyyətləri ilə diqqəti cəlb edir, böyük maraq doğurur.
    Elçin qeyd edib ki, ictimai fikrin formalaşmasında və inkişafında böyük xidmətləri olan Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindən biridir, böyük əsərlər, romanlar yazmasına baxmayaraq, hekayə janrı onun yaradıcılığında mühüm yer tutur. “Ədəbiyyatımızda hekayə janrının ötən əsrin ortalarında tam şəkildə formalaşmasında, aparıcı janrlarından birinə çevrilməsində görkəmli ədibin xüsusi rolu olub. Bu rol ikili səciyyə daşıyırdı. Mir Cəlal müəllim bir tərəfdən ədəbiyyatşünas alim kimi hekayə janrının mahiyyətini, xüsusiyyətlərini açıb göstərir, onun tədqiqi və təbliği ilə məşğul olurdusa, digər tərəfdən, özü hekayələr yazırdı. Bu mənada yazıçı hekayə janrının yüksək bədii-estetik səviyyəyə çatmasında mühüm rol oynayıb”, – deyə Elçin vurğulayıb.
    Ədəbi mühit barədə fikirlərini bölüşən münsiflər heyətinin sədri müsabiqəyə təqdim olunan hekayələrin ölkəmizdə bu janra olan maraqdan xəbər verdiyini qeyd edib, gənclərin dünyagörüşünün genişlənməsi və yaradıcılıq qabiliyyətinin püxtələşməsində mütaliənin böyük rolundan söz açıb.
    “Ədibin Evi”nin əməkdaşı Elnur İmanbəyli məlumat verib ki, bu müsabiqədə yaş fərqi qoyulmasa da, iştirak edənlərin əksəriyyətini gənclər təşkil edib. Səkkiz ay davam edən müsabiqəyə altı dildə 389 hekayə, o cümlədən bölgələrdən 15 hekayə təqdim olunub. Müsabiqə iştirakçıları arasında 165 məktəbli, habelə 20 əcnəbi vətəndaş var. Qaliblər Xalq Yazıçısı Elçinin sədrliyi ilə tanınmış yazıçı və tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.
    Sonra müsabiqənin qaliblərinə diplom və pul mükafatı təqdim olunub. İki nəfər ikinci, altı nəfər isə üçüncü yerə layiq görülüb. Qaliblər arasında ölkəmizin tanınmış qələm sahibləri ilə yanaşı, bu sahədə yeni addım atan gənclər, hətta məktəblilər də yer alıb.
    Tədbirdə “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Mədəniyyət” telekanalının direktor müavini, Əməkdar İncəsənət Xadimi İlham Rəhimli, Xalq Şairi Nəriman Həsənzadə, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid görkəmli yazıçı Mir Cəlalın alim və müəllim kimi şəxsi keyfiyyətlərindən, yaradıcılığının özünəməxsusluğundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Qeyd edilib ki, müsabiqəyə təqdim edilən 389 hekayənin hər biri böyük sevgi ilə yazılıb və gənclərin hekayə janrına müraciət etmələri onların ədəbiyyata, mütaliəyə olan marağından irəli gəlir.
    Alimin ailəsi adından oğlu, “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev çıxış edərək tədbirin təşkilində zəhməti olan hər kəsə təşəkkürünü bildirib. Bu cür tədbirlərin milli-mənəvi dəyərlərin qorunmasına, ədəbi mühitin formalaşmasına müsbət təsiri olduğunu vurğulayıb.
    Görkəmli yazıçının oğlu, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev belə müsabiqələrin mütəmadi keçirilməsini təklif edib.

    Mənbə: azertag.az

  • VIII Şairlər Günü Şabran Mədəniyyət Evində

    picture

    8 iyun 2018-ci il tarixində saat 15:00-da VIII Şairlər Günü ilə bağlı Şabran Mədəniyyət Evində Xaqani Şirvaninin əziz xatirəsinə həsr olunan tədbir keçiriləcək. Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin də iştirakı gözlənilir. İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Mənbə: ayb.az

  • VIII Şairlər Günü Beyləqan Mədəniyyət Evində

    picture

    7 iyun 2018-ci il tarixində saat 15:00-da VIII Şairlər Günü ilə bağlı Beyləqan Mədəniyyət Evində Mücirəddin Beyləqaninin əziz xatirəsinə həsr olunan tədbir keçiriləcək. Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin də iştirakı gözlənilir. İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Mənbə: ayb.az

  • Şair-publisist Xəyal RZA.Yeni şeirlər

    Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədr müavini

    APAR MƏNİ

    Ey ruhumun qibləgahı, mənim sevgi uman yerim,
    Ey əqidəm, dinim mənim, ən şərəfli iman yerim,
    Köməyinə sığınmışam, təkcə sənsən güman yerim,
    Bu həsrətdən, əziyyətdən, tənhaliqdan qopar məni.
    Ya məhəbbət nəsib eylə, ya yanına apar məni!

    Qapıları bağlamısan, pəncərəni açıq saxla,
    Hər sınaqdan keçirmisən, yenə sına, yenə yoxla,
    Az versən də qaneyəm mən, aram yoxdur elə çoxla,
    Mən bu dərddən çox qorxuram, köpək kimi qapar məni.
    Ya məhəbbət nəsib eylə, ya yanına apar məni!

    Gecə-gündüz yola baxdım, bu gözlərim yolda qaldı,
    Dua etdim hər an sənə, könlüm onu xəbər aldı,
    Denən səndən ötrü ölən, bir biçarə gənc Xəyaldı,
    Sən adımı söylə ona, necə olsa tapar məni.
    Ya məhəbbət nəsib eylə, ya yanına apar məni!

    AXI BELƏ DEMƏMİŞDİN?!

    Üz döndərib getməmişdin, sanırdım ki, dönəcəksən,
    Şirin, dadlı xatirəni anırdım ki, dönəcəksən,
    Uzun zaman keçdiyini danırdım ki, dönəcəksən,
    Bilirəm ki, son sözünü bilə-bilə deməmişdin,
    Qayıt daha, çox gec oldu, axı belə deməmişdin?!

    Zaman ötür, ötənlərsə, ömrümüzdən gedir, anla,
    Qayıt geri, mənim kimi bu zamanı qına, danla,
    Ürəyimsən söyləmişdin, ürək ayrı olmaz canla,
    Həyatın xoş anlarını verək yelə deməmişdin,
    Qayıt daha, çox gec oldu, axı belə deməmişdin?!

    Uşaq kimi alışmışam, sənsiz həyat nəyə lazım,
    Aparmısan ilhamımı, necə deyim, necə yazım,
    Yaşım keçir, qocalıram, çoxu gedib, qalıb azım,
    Istəməzdin bu Xəyalın nakam ölə, deməmişdin?
    Qayıt daha, çox gec oldu, axı belə deməmişdin?!

    AYRILIQ NƏĞMƏSİ

    Kədərin qucağında, sənə nəğmə qoşmuşam,
    Ayrılıq adlandırıb, dinlədirəm hər kəsə.
    Sən demə dəmirmişəm, sən demə bir daşmışam,
    Məhəl belə qoymuram hər çağrıya, hər səsə.

    Pəncərəmə çırpılan yağış damlalarından,
    Soyuq divarlarımdan bəhs eləyir bu bəstə.
    Gözlərimin bətnindən doğuş damlalarından,
    Bir şərab düzəldmışəm, bir qədəh də sən istə.

    Gecənin sükutunu nəqarətə salmşam,
    Ayrılıq mahnısının ən sevilən yeridir.
    Dan yeri sökülürmü, mat-məətdəl qalmışam,
    Mənmi çox dinləmişəm, yoxsa saat geridir?

    Indi yatmaq vaxtıdır, artıq səhər açılır,
    Gedim yıxılım yatım, gecə məni gözləyir.
    Dostum olmayan günəş, yavaş-yavaş saçılır,
    Ayrılıq nəğməsicün ay günəşi izləyir.

    DƏNİZ

    Qəm-qüssə solumda, kədər sağımda,
    Vüsalım görünmür həsrət bağımda,
    Bəxtə bax, kimsəsiz bu dərd dağında,
    Əllərim qoynumda qalmışam dəniz.

    Zamanı ötürüb, vaxtı ötürüb,
    Qəlbimdə dözülməz kədər bitirib,
    Nəyim var idisə, inan, itirib,
    Meylimi ölümə salmışam dəniz.

    Yarına xəyanət edənə baxıb,
    Arxaya dönmədən gedənə baxıb,
    İslanmış yaylığı gözümə sıxıb,
    Önündə xəyala dalmışam dəniz.

    Şeytana, caduya, şərər uymayıb,
    Yalanı hər zaman bilmişəm ayıb,
    Eşqdən, məhəbbətdən hələ doymayıb,
    Sevgidən min ilham almışam dəniz.

    Qəmimiz qoşadır, dərdimiz qoşa,
    Yaşa bu dünyada, barı sən yaşa,
    Bizi saymayanlar etsin tamaşa,
    Tək sənin həmdəmin olmuşam dəniz!

    KAŞ…

    Bu həyat ömrümdə yellər əsdirib,
    Dərdlərin qoynunda yaşamışam mən.
    Kədərlə ömürlük kəbin kəsdirib,
    Sən görən sevinci boşamışam mən.

    Bu fani dünyanın mənası nədir,
    Yıxıla-yıxıla öyrəndim şükr.
    Fələklə dostluğum bir bəhanədir,
    Günümü göy rəngli əsgiyə bükür.

    Hərdən zarafatla sözlər atardın,
    “Nədəndir insanlar belə tez ölür?”
    Sən ölüb, canını yaxşı qutardın,
    Mən nələr çəkirəm bir Allah bilir.

    Belə tez getməkdə bildiyin vardı,
    Bir ömür yaşadın mənimlə o vaxt.
    Indi çox deyirəm, axı nolardı,
    Kaş mən də öləydim səninlə o vaxt.

    SƏNİ SEVƏN ÜRƏYİMDƏN

    Qara qanlar axır yenə,
    Səni sevən ürəyimdən.
    Şər qüvvələr baxır yenə,
    Səni sevən ürəyimdən.

    Bəxtim gülən zaman, getdin,
    Bir vermədin aman, getdin,
    Yaman gəldin, yaman getdin,
    Səni sevən ürəyimdən.

    Kimi baxdı, gülüb keçdi,
    Kimi dərdi bilib keçdi,
    Tale isə silib keçdi,
    Səni sevən ürəyimdən.

    Bu nə həyat, bu nə gündü,
    Gözün aydın, üzüm döndü,
    Gücün çatır soruş indi,
    Səni, sevən ürəyimdən!

    De, kim idi çəkdi aldı,
    Ah-naləsin tökdü, aldı,
    Bir daşınmaz yükdü, aldı,
    Səni sevən, ürəyimdən!

    ÜMİD OĞRULARI

    Əsəcək insafsız payız küləyi,
    Səni budağımdan qoparacaqdır.
    Sürüyüb ardınca ümidlərimi,
    Qaranlıq dünyaya aparacaqdır!

    Sənə oxşayacaq səndən olanlar,
    Qoşulub küləyə qaçacaq hamı.
    Kimsəsiz görənlər, tənha görənlər,
    Yada salmayacaq bu bəxtikamı.

    Istidə kölgəmə sığınanlarım,
    Soyuqda qolumu sındıracaqlar..
    Donacam, onlarsa qızınmaq üçün,
    Məni acımadan yandıracaqlar.

    Qocalıb düşəcəm ədən-ayaqdan,
    Beləcə bir ömür ötüb keçecək.
    Yeni bir ümidim cücərən kimi,
    Ümid oğruları onu biçəcək

    ÜRƏYİMƏ DƏYMƏ

    Gülüm, ürəyimə dəymə bu axşam,
    Hər sözdən inciyib, qırıla bilər.
    Küsər, bağışlamaz birdən ömürlük,
    Çəkdiyi cəfadan yorula bilər.

    Axı daşdan deyil, dəmirdən deyil,
    Bilmirsən nə qədər çətindir ona.
    Kədərə, qüssəyə salarsa meyl,
    Ömrü əbədilik yetişər sona.

    Yumruğum boydadı, nələrə dözür,
    Dünyanın dərdi var içində vallah.
    Elə hər kəs onu incidir, əzir,
    Bu qədər əzabı götürməz Allah.

    Yamanca kövrəkdir bu son zamanlar,
    Eyhamlı kəlmələr xətrinə dəyir.
    Qanıma susayan pislər, yamanlar,
    Yüz qram qanımı sümürür, yeyir.

    Gülüm, ürəyimə dəymə bu axşam,
    Üzmə çox, incitmə, küsdürmə belə.
    Hər kəsdən xəbərsiz fala baxmışam,
    Yaşamaq istəyir bu yazıq hələ.

    Mənbə: azyb.az

  • Fidan ABABSOVA.”Ümid tükənəndə səndə bitirsən”

    Ümid tükənəndə səndə bitirsən
    dağılır iç düünyan qəlbin daş olur
    Nə acı çəkərsinən yaxşı bilirsən
    o xoşbəxt günlərin gözdə yaş olur.

    Ruhun incik düşür baxdıqca səndə
    ətrafda hər nə var yadlaşır bir an
    Bu qədər acıya tab gələn sinə
    ürək olsa belə o da bir insan..

    Bəl kə də, doğrunu yalnış sanarkən
    bir anlıq xoşbətlik dadmaq üçünmüş
    Sənin yaddaşında izi qalarkən
    onun gözlərində çoxdan kiçilmiş.

    Nə deyim taleyin yazısıdır bu
    mən poza bilmərəm qismət kədəri
    Ömrümdən çaldığın saf sevgidir o
    boşuna günahkar saydım illəri.

  • Şəfa VƏLİYEVA.”Ədəbiyyatın “adqoydusu”, yaxud zombilərin yaradılış resepti”

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Ədəbiyyat termin olmazdan öncə də vardı. O, hər insanla birgə doğulurdu. Amma adamlara ad qoyulurdu, o adsızlığıyla böyüyürdü. Hər yeni gün ayrı donda, ayrı formada həyatımızda boy verirdi.

    Bir gün adı “layla”ydı, səhərisi “oxşama”… Əkin tarlalarında “holavar”dı, yaylaqlarda “sayaçı sözləri”… Toyda “mahnı” olurdu, vayda “ağı”ya dönürdü. Hə, ədəbiyyat insan düşüncəsinin həyata nisbətində buqələmundu. İndi də elədi… Artıq adı olsa da yenə buqələmunluğuna sadiqdir. Axı, həyata adaptasiya olmağa məhkumdur.

    İnsanlara heç vaxt qara fondakı ağ nöqtə maraqlı olmayıb çünki. Bunun xüsusilik olduğunun fərqində olublar. Amma bu xüsusiliyi ya lənətləyiblər, ya da ondan qorxublar. Yalnız bəzi adamlar bu ağ nöqtəni anladan sözlər söylədikdən sonra yavaş-yavaş maraqlanmağa başlayıblar ki, “bu ağ nöqtə, görəsən, əslində nədir?” Elə bu sualla da o bəzi adamların arxasına düşüblər, başına toplaşıblar. Həmin adamların bəzisinin söylədikləri xoşlarına gəlib; başına sığal çəkib, adına hörmət ediblər. Bəzisinin söylədiklərisə xoşlarına gəlməyib; onu birliklərindən qovub, çöllərə salıblar, adını “dərviş” qoyublar, ya da daş-qalaq eləyib, insanın zülm eləmək qabiliyyətinin yaşatdığı dəruni ehtirasdan həzz alıblar.

    Xoşlarına gələn söylənənlər ağ nöqtəyə “ağ nöqtə” deməyib. Axı, ağ nöqtə olduğunu hamı onsuz da görürdü. Bəzi adamlar ağ nöqtəni “işıqlı gələcəyin müjdəçisi”, “zülmət saçlı gecənin qoynundakı sevgi ulduzu” kimi sözlərlə elə ahəngdarcasına anladırdılar ki… İnsanlar yavaş-yavaş beyinlərinin içində hansısa xoş, ülvi duyğunun tərpəndiyini, oyandığını hiss edirdilər. Bu, onlara xoş gəlirdi… Elə həmin xoşluqla da bəzi adamların söylədiklərinə həvəslə, maraqla qulaq asırdılar.

    Beləcə, ədəbiyyat terminoloji ünvanına doğru yol başlayırdı… Və bu yol minilliklər boyunca uzanırdı. İndi də uzanır…

    İkinci minilliyi tamamlamışıq, ədəbiyyatı öz adıyla tanıyırıq, sevib-sevməmək də əlimizdədir. Bizimlə birgə doğulan ədəbiyyata valideynlərimizin canının-qanının qarışdığını dərk edirik. Artıq ağ nöqtənin elmi, bədii, fəlsəfi, sosial, ictimai, informativ, primitiv, estetik, etik və sair və ilaxır aspektdən izahını verməyə qadirik. Lakin zülm eləmək qabiliyyətinin yaşatdığı dəruni ehtiras hələ bizim genlərimizdə özünü axtarışdadır. Elə buna görə də qəfildən, üçüncü minilliyin başlanğıcında ədəbiyyatda “zorlama” prosesi “bumm” elədi.

    Bu proses ədəbiyyata ad qoyulduğu gündən başlamışdı. Nə vaxt ki, ədəbiyyat elm kimi qəbul edildi, öyrədilməyə, öyrənilməyə başladı, ədəbiyyatın özülünü idrakında, ruhunda yaradan o bəzi adamlar anlamalıydı növbəti döngədə nələr olacağını…

    Demək, onlar anlamamışdılar. Yaxud anlamaq istəməmişdilər. Məsuliyyəti öz üzərlərinə götürmək istəməmişdilər. Ədəbiyyatın faciəvi aqibətini növbəti zaman döngəsinə – övladlarına ötürmüşdülər. Təbii, burda “özünüqoruma instinkti”ni müdafiə etmək labüddür. Lakin ədəbiyyatı çərçivələrə salıb, qanun-qaydalara bölüb, terminologiyanın məngənəsində sıxanlar “təbii” sözünü çoxdan quylamışdılar.

    Həmin quyunun kənarında da bir ağac vardı, bir də onun köklərini gəmirən iki siçan. Eynilə “Kəlilə və Dimnə”də anladılan kimi. O siçanlar ağacın kökünü gəmirdikcə, arı yuvasından süzülən baldan barmaq-barmaq dadmaq “həyat eşqi” adlanırdı.

    “Zorlama prosesi” ağ nöqtə haqqında bütün deyilmişləri inkarla təzahür etdi ilk dəfə. Çünki daha ağ nöqtə haqqında deyilməmiş xoş söz yoxuydu. İndi də başlandı, bəd sözlərin dilə gətirilməyinə. Bu da ədəbiyyatı çirkinləşdirməkdən başqa heç nəyə yaramadı. Beləcə, zövqsüzlük yarandı…

    Prosesin ikinci mərhələsi bir addım öndəkini aşağılamaqla davam etdi. Bir vaxtlar ağ nöqtə haqqında ən xoşagəlimli sözləri söyləmiş bəzi adamların nəvələri babalarının adının əvvəlində çirkin sözlər yazmaqdan çəkinmədilər. Bu, onların öz-özlərinə qarşı etdiyi mərhəmətsizlikdi…

    Üçüncü mərhələdə ədəbiyyat termininə sığınan kəlmələrin əksəriyyəti insan hisslərinin adını dəyişdirməyə meyilləndi. Bir vaxtlar insanların beynində oyanan xoş duyğulardan birinin adı “sevgi” idi… İndi ölüb-öldürməyin, asıb-kəsməyin, sevgidən məhrum olan hər şeyin adına “sevgi” deyilirdi. Bu da sevgisizliyin özüydü…

    Atalara sadiqliyin yeganə əlaməti onların hər şeyi “üçdən deməsi”nin lazımi məqamda “qızıl qayda” olmasıdı. Və üçüncü mərhələdə hər şey yenidən ilkə – birinci mərhələyə qayıtdı. Bu dövrilik üçüncü minilliyə başlayan insanın şüurundan yaşamına hopdu…

    Bu gün mən də yazıram… O da, o birisi də yazır… Yazılanları gün-gün, an-an müqayisə etdikcə zövqsüzlüyün, mərhəmətsizliyin, sevgisizliyin bir-birinə olan ədasından başqa heç nəyi tapa bilmirik. Ümumiyyətlə, heç axtarmırıq da…

    Əgər ağ nöqtə haqqında deyilən bütün “sizlik”lər bu günün insanının xoşuna gəlirsə, demək, yeni ictimai formasiyanın astanasındayıq. Demək, ədəbiyyatdakı ədəbsizliyimizlə zombiləri yaratmağa nail oluruq… Hətta, nail olmuşuq…

    Gəncə, 21 mart 2018

  • Şəfa VƏLİYEVA.”Keçən günün son kadrıdı”

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    keçən günün son kadrıdı
    islanmış balıncım…
    ovcumdakı göz yaşının
    rəngi bir az narıncı…

    igid adsız olmazdı…
    duyğularım qorxan oldu…
    eşq canımdan can almazdı…
    aldı..
    adı canan oldu…

    gün üzündə ay haləsi
    eşqdi, sevdam…
    burax,
    qoy ruhumdan
    bir mələk öpsün…
    bəlkə darıxmaq keçdi…
    keçdi…
    sevdam…

  • Şəfa EYVAZ.”Şuşam, bəyazlamış saçlarına qara bağlamış anam…”

    Şuşam, bəyazlamış saçlarına qara bağlamış anam…
    Ağlama… göz yaşını görə bilmir bu millət…
    Ağlama! Öz göz yaşlarında bərq vuran Şuşam,
    Bundan sonra da olacaq “sülh nağılları”,
    dəyişərmi bir günə…
    20 ilə dəyişməyən xislət?!

    Göz yaşını görə bilmir bu millət,
    bizim şüşüələrin iç üzü kirli,
    bizim şüşələrin üstü qapalı…
    silsək də iç üzünü…
    qoymayacaqlar görməyə
    dünyanın o üzünü…

    Ağlama Şuşam… lal olub oturmuşuq nə yazıq…
    sənin anım günün də gəlib keçir adi günlər kimi…
    mahnılı, çalğılı… hər gün kimi sıradan…
    Sülh deyib aldanmışıq iyrənc rəngli yalana…
    guya ki, “kiş deməklə donuz çıxacaqmış darıdan…”

  • Şəfa EYVAZ.”Səndən sonra”

    Səndən sonra
    tutunduğum sevgilər
    çürük ağac budağı çıxdılar,
    əl dəyməmiş
    sındılar, töküldülər…
    Səndən sonra
    yan aldığım limanlar
    bütün gəmilərə bağlı çıxdılar.
    Səndən sonra
    bir də üzü gülmədi
    qürub vaxtı günəşin.
    Səndən sonra
    daha əvvəlki olmadı
    yazdığım şeirlərim…
    Səndən sonra…
    Səndən əvvəl
    nə vardı ki?!
    nə olaydı səndən sonra???

  • Gənc yazar Kənan AYDINOĞLU Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub

    18 may 2018-ci il tarixində saat 12:00-da Azərbaycan Yazıçılar Birliyində AYB-yə yeni üzv qəbul edilən üzvlərə üzvlük vəsiqələrinin təqdimetmə mərasimi keçirilib. Tədbirdə Azərbaycan Yazıçılar Birliyin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza, Azərbaycan Yazıçılar Birliyinin Qəbul Komissiyasının sədri Məlahət xanım Qənbərqızı, KİV nümayəndələri, Azərbaycan Televiziyasının və İctimai Televiziyanın, “525-ci qəzet”in əməkdaşları iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan Xalq yazıçısı Anar ilk öncə tədbir iştirakçılarını salamlayıb. Gənc xanım yazarlara üzvlük vəsiqələrini təqdim edən Xalq yazıçısı Anarın bu addımı tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

    Azərbaycan Yazıçılar Birliyinə yeni üzv qəbul edilən gənc və orta nəslin mümayəndələrinə üzvlük vəsiqələrini Xalq yazıçısı Anar təqdim edib, hər birinə yeni-yeni uğurlar arzulayıb.

    Xalq yazıçısı Anar Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, gənc yazar Kənan Aydınoğluna da Azərbaycan Yazıçılar Birliyinə üzvlük vəsiqəsini təqdim edib.

    Qeyd edək ki, bundan öncə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, şair-jurnalist Kənan Aydınoğlu Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olunmuşdu.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü
    .

  • Şəfa VƏLİYEVA.”Söylənti”(Qaravəlli )

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Mən idim, bir də kompyuterim. Oturmuşduq üz-üzə… O, mənə baxırdı, mən də ona. Bilirdim ki, darıxıb mənimçün. Elə mən də istəyirdim, oturub bir şedevr əsər yazam. Çoxdandı yazmırdım. Yazmırdım da, deyəndə ki, bir az yekəxanalıq çıxır, yazırdım əslində, ağlıma nə gəldi-gəlmədidöşəyirdim ey… Kompyuterin ekranında barmaq boyda təmiz yer qalmamışdı yazılı faylların əlindən. Amma, di gəl ki, nə sirrdisə,bütün fayllarda cızma-qaralarım bir abzas boyundaydı. Ha qulağından tutub uzatmaq istəyirdim, uzamırdı boyları… “Qulağı uzatmaq” ifadəsi sizə elə-belə gəlməsin ha, bizim kənddə adət idi ataların oğullara deməsi:
    -Qulağını çəkib uzadaram eşşək qulağı kimi!

    Hə, bizim kənddə atalar oğullarını belə sevələyirdi…

    Sözüm-söhbətim bitdi… İndi nə yazım bax, bu əhvalatın arxasınca, mat qalmışam…

    -Dünya eşqi başa vurdu, hal qalmadı bədəndə,

    Dünya eşqi daşa vurdu, daş olmadı Asibəndə…

    Səs pəncərənin altından gəlirdi. Özümü təpdim pəncərəyə. Aralıqda gəzib ondan-bundan papiros dənəsi, yarım litrlik araq istəyən şair Asibəndə yenə bizim binanın həyətinə gəlmişdi. Harda yaşadığı, yeri-yurdu məlum deyildi.Əsl adıTanrıqulu idi.Özü demişdi, vallah. Kərim ağanın kəraməti haqqı, hə, düz deyirəm. Bu şairin adı Tanrıqulu, təxəllüsü Asibəndə idi. Bir də görürdün kimsə yazığı gəlib, ona yarım litrlik bir araq alıb verib. O da şüşəni qoltuğuna vurub dayanıb tində. Bar-bar bağırır:

    -Kimin könlü çəkir, bəri başdan gəlsin incilərimə, dürr-sədəflərimə qulaq assın. Bir azdan gedəcəyəm Tanrıyla haqq-hesab eləməyə!

    “İnci, dürr-sədəf” şeirlərinə deyirdi. “Tanrıyla haqq-hesab eləməyə!”-deyəndə də xüsusi bir ədaylaqoltuğundakı şüşəyə sığal çəkərdi… Basalağın kişisi-oğlanı, bekarı-avarası yığılardı onun başına. Bildiyi bütün dillərin sözlərini bir-birinə qatırdı söylədiklərində…

    -Ey bimar edən canımı, nöşş tökdün didəm yaşını?

    Şərabtəkaxıtdın qanımı, prosta ki, mən ləbinün əyyaşı…

    Yaman uzun olur Asibəndənin söyləntiləri. Mən yadımda qalanı yazıram. Axı, mən heç vaxt onun solo çıxışlarında tamaşaçı olmamışam. Elə arada-bərədə pəncərədən bir az boylanıb qaçmışam içəri ki, oturum kompyuterimin qabağında… Yazıçıyam axı.

    Qəfil ağlıma gələnə baxın ey… Kül mənim yazıçı başıma ki, Asibəndənin söyləntilərinə qulaq asanlardan heç biri məni tanımır bu şəhərdə. Tanıyırlar ey,“Minayənin kirəkeşi” kimi, day yazıçı kimi yox …

    Bir dəfə də Asibəndə qəfil pəncərəyə baxanda görmüşdü məni. Başını tezcə aşağı salıb susmuşdu bir az. Mən də pəncərədən çəkilmişdim. Deyəsən, şair tutmuşdu ki, mən onu dinləyirəm. Səsini elə ucaltmışdı ki, yuxarıdakı qonşu söyməyə başlamışdı:

    – Avara köpəkoğlu, avara! Qoymaz başımız-beynimiz dincəlsin! Yenə gəlib sülənir, ondan-bundan dilənir!

    Sonuncu qafiyələnməyə gülmüşdüm. Amma, Asibəndənin o gün mənimçün ucadan nə söylədiyini eşitməmişdim.

    Deyəsən, bu gün şairə heç kim araq almamışdı. Yaman bikef-bikef, asta səslə söylənə-söylənə eləcə həyəti dolaşırdı. Mən də dodaqlarımın ucunda kinayə, baxışlarımda dağdan ağır maraq ona baxırdım. Qəfil başını qaldıranda onunla göz-gözə gəldik. Bir şairin baxışlarında nə ola biləcəyini heç vaxt xəyal etməmişdim… Heç indi də bilmirəm şair baxışı necə olur. Amma Asibəndə ilə baxışlarımız toqquşanda gözlərim heç nə görmürdü. Təkcə qulaqlarımda güyültü vardı…

    – Biz axı günləri böyüdüb ay düzəltdik… Ayların qulağını dartışdıra-dartışdıra il də qondardıq… Amma insanıq nəhayətində… Bezirik hər şeydən… Elə bezdiyimiz üçün də ili başlı-başına buraxdıq. O da ki, sağ olsun, qohumbazlıqda bir dənəymiş ki… Bax, bax, yenə gəlib yığılıblar yaddaşımın xatirə qonaqlığına. Bir vur-çatlasındı ki, orda… Yeyib-içmək, rəqs etmək, gülmək… Hələ “fatihə” oxuyub ağlayanları demirəm. Qəribədi onlar…

    – Kimlər?
    – İllər də, sağ olmuş, illər. Yarım saatdı danışıram, ay Rasif, qulaq ver!

    Rasif qonşununon altı yaşlı oğlu idi. Hazırlıqdan gələndə dayanmışdı şairin yanında. Mən onun hazırlıqdan gəldiyini qoltuğundan az qala sürüşüb yerə düşən “Azərbaycan dili” test kitabçasından anladım.

    Pəncərədən çəkildim, gəlib sinə-sinə kompyuterimin qarşısında oturdum. Hiss edirdim ki, kompyuterim mənə bir az qəribə baxır. Sanki, soruşur:

    – Hə, noldu? Nəsə tapdın yazmağa?

    Başımı buladım… Tanrıqulu Asibəndənin Tanrıyla necə haqq-hesab çəkdiyini düşündüm. Görəsən, doğrudanmı,Tanrısına bəndəlik etmək istəməyən asi bir qulun da Tanrı yanında haqq-hesab çəkməyə haqqı vardı? Sözlər dilimdə dolaşıq düşmüşdü.

    Evdə bir məndim, bir də kompyuterim…Üz-üzə oturmuşduq… Sükut bizə hökm etdiyi an pəncərənin altından fısıltıya oxşar bir nəfəs eşidildi. Ardınca da şüşənin divara dəyən cingiltisi… Elə bil kimsə, qab sındırırdı. Və birdən ani qışqırıqdan səksənib pəncərəyə cumdum. Asibəndə içib boşaltdığı yarımlitrlik araq şüşəsini düz mənim pəncərəmin altında sındırmışdı. İki əlini göyə uzatsa da, başını sinəsinə əymişdi. Elə bilöz sinəsiylə, sinəsinin altındakı ürəklə danışırdı:

    – Tanrı, insafın olsun,

    Adam unudularmı?!

    ***

    Evdə bir məndim, bir də kompyuterim… Bir-birimizdən küsmüşdük… Çünki, onu insan yaratmışdı, mənim isə yaradanımdan hesab soracaqhaqqım günahlarımın altında qalmışdı…

    Şəfa Vəli.Gəncə-2018

    (AYB, DGTYB üzvü, AGİN-in “İlin gənci” mükafatı laureatı)
    Добавил ATILLA Сегодня, 08:00 Просмотров: 13

  • Şəfa EYVAZ.Yeni şeirlər

    Körpəm

    Oturub önümdə
    muncuq gözlərində həyat işığı
    Çiçəklərdən daha gözəl bir körpə.
    Baxır minbir sualla,
    Kədər çökmüş üzümə.
    Gizlətməyə çalışsam, alınarmı?!
    Bilmirəm…

    Baxıb üzündəki məsum suala,
    Çalışıram az da olsa gülməyə,
    İnanmadın bilirəm,
    inanma, körpəm…
    Ağrılar asanca yox olub getmir,
    Böyüyüncə sən də öyrənəcəksən…

    Gizlədə bilmirəm indi gözümü,
    Mənim kədərimə şahid olursan…
    Dilim susa bilər…
    ruhum kirimir.
    Tələsmə böyüməyə
    Uşaq qal, körpəm,
    Böyümək həmişə sevinc gətirmir…

    Tanrıdan bir dilək haqqım olsaydı əgər,
    Yəqin bu dünyadan qəmi alardım…
    Yığıb xoş anları, xoşbəxt günləri,
    Körpə əllərinə bağışlayardım…

    İndi ağrıları sıxıb dişimə,
    Üzünə dodaqla gülümsəyirəm.
    Gözlərim gülmədi bunu bilirsən,
    Bilirsən və qarşılıq vermirsən körpəm…
    Gül körpəm, qəhqəhələrin dünyaya dönsün,
    gül ki, gülüşlərin dərman kimidi…
    gül ki, mənim yorulmuş ruhum,
    bəlkə gözlərinə baxıb kiridi…

    11.05.2018

    ***

    Çoxmu maraqlıdır səndən sonra nəyim var?!
    Qarışıq yuxularım var,
    çılğın səksəkələrim.
    Yollarda ilişib qalan yorğun
    baxışlarım var,
    yerli-yersiz uşaqca ümidlərim.

    Çoxmu maraqlıdır səndən sonra necədi həyat?!
    Dumanlı səhərlər var, yağışlı günlər
    Şəhərin üstünü almış qara buludlar.
    Fikirli başlayan mənasız günlər,
    Birdə səni xəyal edən üzgün axşamlar.

    2015

    Çıxıb getmək var… bacarsan

    Çıxıb getmək var bir də
    Ətrin hopmuş bu şəhərdən.
    Həsrətli baxışları
    yığıb küncdən, bucaqdan
    kimsəsiz döngələrdən.
    Sıxmaq var susqunluğu
    Dişlərində qəhərdən.
    Çıxıb getmək var bir də
    bu şəhərdən,
    Gedə bilsən…

    Çıxıb getmək var
    səndən,
    Sənə bağlı xatirələrdən.
    Ömür dediyin uzun deyil,
    Düşüncənin bir yerində
    bütün bağlar qırılır…

    Yenidən sevmək üçün
    gücü yetmir ürəyin
    qopub səndən, özündən
    yeni liman axtarsın…

    Çıxıb getmək var,
    amma
    getməyin də növü var.
    Unudulmaq itkidir,
    Unutmaqsa intihar!
    Çıxıb getmək var,
    Çıxıb getmək… bacarsan.

    2015-2018

    Tənhalar

    Kimsəsiz bir adadır,
    Bu dünyada tənhalar.
    Sağı-solu sevgidi.

    Sevgiyə addım atmaq,
    Tənhalığa ölümdü.
    Mübarizə istəyir,
    Yeni ömrə başlamaq.

    Kimsəsiz bir adadır,
    Bu dünyada tənhalar.
    Sağı-solu sevgidi.
    Sevgi bəzən qazancdır,
    Sevgi bəzən itkidir…
    Bu dünyada sevginin
    Çoxluğu da qorxudu.
    İnsan bəzən lap elə
    Sevgidən də boğulur…

    04.05.2018

    Sən yağış deyilsən ki?!

    Yenə yağış yağır,
    Sən düşürsən yadıma.
    “Necəsən, əzizim?
    Bayırda deyilsən ki?!”

    Yenə yağış yağır,
    Bürünüb plaşıma,
    Səni düşünürəm…
    Görəsən, sənə soyuq deyil ki?

    Yenə yağış yağır,
    Yadıma, yaddaşıma.
    Yağışdan qoxun gəlir,
    Sən yağış deyilsən ki?!

    06.06.2016

  • İlahə İMANOVA.”Elçi zanbaqlar” (Povestinin davamı)

    *******
    İnsan təbiəti belədir. Bir neçə gün xoş sürprizlərə öyrəşəndə, sonra gözlərin qapıda qalır, yenə də nə isə gözləyir, ümid edirsən. Bu gözləntilər bəzən o qədər çox və sənin özündən güclü olur ki, hisslərin məngənəsində aciz, çarəsiz qalırsan.
    Bu gün həmişəki adi, sıradan günlərdən biri olaraq davam etməkdə idi. Hər gün təkrarlanan işlər canımı sıxmaqda idi. Əslində isə, canımı sıxan yeknəsəqlik deyil, gözlədiyim fərqliliyin baş verməməsi idi.
    Günortadan xeyli keçməsinə baxmayaraq, deyəsən, bu gün unudulmuşdum. Üç gün ardıcıl aldığım zanbaqlar məndə nastalji hissləri oyatmış, keçmişin xoş xatirələrini canlandırmışdı içimdə. Hər dəfə dəhlizdə addım səsləri eşidəndə, qapı açılanda qeyri-ixtiyari otağa daxil olan katibəmin əlinə baxırdım. Əllərini boş görəndə, etiraf edim ki, üzülürdüm.
    Özümü on doqquz–iyirmi yaşlı həmin tələbə qız kimi hiss etməkdə idim bu gün. Saysız-hesabsız qayğılarının içində özünü xoşbəxt hiss edən o qız üçün darıxırdım. Güzgüdən boylanan, gözlərimin içinə baxaraq gülümsəyən həmin şən, çılğın qıza, hətta bu gün paxıllığım belə tuturdu. Bir insanın digərlərinə olan həsədini anlaya bilərəm, amma bir insanın özünə, öz keçmişinə, xoşbəxt xatirələrinə özünü qısqanmaq hissini anlamayacaq qədər üzgün idim bu gün.

    …Rauf gələcəyi günü bilərəkdən xəbər etməmiş, mənə sürpriz etmək istəmiş və buna da nail olmuşdu.
    Həmin axşam narın yağış yağmasına baxmayaraq, yenə də dənizkənarı ilə gəzinir, içimdə gah dənizlə, gah da Raufla söhbətləşirdim. Dəfələrlə darıxdığımı pıçıldayır, öz-özümə təsəlli verib onun da mənim üçün darıxdığını söyləyirdim.
    ─Xanım qız! Deyirəm, bəlkə axşamın bu saatında, özü də belə havada tək gəzib dolanmayasız… Bəlkə sizə yoldaşlıq edim, tənhalığınızı bölüşüm…
    Təklifə bax! Cəsarətə bax! Əsəbi halda geri çevrilib payını verməyə hazırlaşırdım ki, yerimdə donub qaldım. Bir anlığa nə edəcəyimi, nə deyəcəyimi bilmədim. Təklifi edən bir başqası deyil, səsini dəyişən Raufun elə özü idi. Budur, qarşımda idi. İki aylıq ayrılıqdan sonra yenə də gözlərimin içinə baxıb gülümsəyirdi.
    ─Rauf!–deyərək boynuna sarıldım. Ayların həsrəti bu anın sevincinə qarışıb göz yaşlarımla yanaqlarımdan üzüaşağı süzüldü.
    ─Başımın bəlası! Bilsən ki sənin üçün nə qədər darıxmışam!–deyərək belimi qucaqladı, bir qədər fırlayıb yerə qoydu. Nəzərlərini üzümdən çəkmədən bir əli ilə saçlarımı, yanaqlarımı oxşayır, digər əli ilə ovcundakı əlimi sıxırdı.
    İllərin həsrətliləri kimi bir-birimizə sarılmışdıq. Yağan yağışı belə unutmuşduq. Hər kəsi unutmuşduq. Dəniz, səma, yağan yağış, mən və Rauf… Bütün dünyanın fövqündə idik.
    Zamanın dayanmasını, bu anın heç bitməməsini arzu edirdim. Raufun ürək döyüntülərini, isti nəfəsini hiss edirdim. Sevdiyim insanın qolları arasında olmaq xoşbəxtliyin ən son həddi idi mənim üçün. Sevirdim! Sevildiyimi də bilirdim. Sevginin nə olduğunu da, ayrılığın, həsrətin nə olduğunu da, acısı kimi, vüsalının da şirinliyini Rauf yaşatmışdı mənə. Əllərinin saçlarımdakı, yanaqlarımdakı tumarı, ovcumdakı hərarəti, üzümə toxunan isti nəfəsi ruhumun dilə gəlib “Səni sevirəm” deyə hayqırmaq istəyini artırırdı.
    Raufun hündürdən dediyi sözlərin kimlərinsə diqqətini çəkəcəyindən ehtiyat edirdim. O isə buna əhəmiyyət vermir, daha da səsini yüksəldirdi:
    ─Qoy hamı eşitsin: Bu qızı sevirəm! Başımın bəlası! Səni sevirəm! Səni çooox sevirəm!
    Sevinc göz yaşlarım yağan yağışın damlaları ilə yanağımdan çənəmə süzülürdü. Heç vaxt olmadığım qədər xoşbəxt idim.
    Əllərini islanmış saçlarımda gəzdirib gah belimi qucaqlayır, gah da əlimdən, üzümdən, alnımdan öpürdü. Yanımızdan ötüb keçənlərin diqqətini çəkdiyimizi gördükdə isə, üzünü onlara tutub “Başımın bəlasıdır! Sevirəm onu!” deyirdi. Utandığımdan, xəcalətdən gizlənməyə yerim də olmadığından tez başımı köksünə sıxır, üzümü gizlətməyə çalışırdım.
    İslanmışın yağışdan nə qorxusu, deyirlər. Bir kənara çəkilmək, daldalanmaq heç birimizin ağlına gəlməmişdi. O qədər xoşbəxt idik ki, bir-birimizdən başqa heç nə düşünə bilməmişdik. Raufun öz sevgi etirafları ilə diqqətini çəkə bildiyi orta yaşlarında bir rus qadın əlindəki çətiri bizə verib tələsik uzaqlaşdığı an tamamilə islandığımızın fərqinə varmışdıq.
    Çətir tutmağın elə də bir əhəmiyyəti qalmamışdı. Onsuz da islanmışdıq. Buna baxmayaraq, Rauf çətirdən imtina etmək fikrində deyildi.
    Şəhərin gecə mənzərəsi, tutqun səma, dənizdən əsən xəfif meh, yağan yağış və biz…
    Heç vaxt əlimi buraxmayacağına əmin olduğum insanın nəzərləri üzümdə gəzir, nəfəsi boynuma toxunurdu. Raufun pıçıltı ilə dediyi:
    ─Səni çox sevirəm!–sözlərini eşitdiyim an qeyri-ixtiyari gözlərimi yumdum. İlk dəfə dodaqlarıma toxunan dodaqların hərarəti bütün varlığımı titrətməkdə idi. İncə və zərif toxunuş qəlbimin dərinliklərinə qədər işləyirdi. Sanki bir yuxu idi. Bu yuxudan ayılmaq, bu yağmurlu gecənin bitməsini istəmirdim.

    *******
    Yenə də soyuq, tənha ev… Qapını açıb içəri girdiyim dəqiqədən divarlar məni sıxmağa başlamışdı. Xatirələrim, düşüncələrim də getdikcə artan pərişanlığımın əsl səbəbi idi. Mətbəxə keçib çaydanın altını yandırdım. Soyuducunu açıb dünən axşamdan bişirdiyim dolmadan bir neçəsini ağzıma atdım. Bu gün heç nə yeməsəm də, heç iştaham da yox idi.
    Özümə çay süzüb divanda oturdum. Bir az fikirlərimi dağıtmaq üçün televizoru yandırdım. Rəsmi xəbərlər, əyləncə verilişləri sevgidən bəhs edən melodram və seriallar kimi maraqsız idi. Televizoru söndürüb pultu bir kənara qoydum.
    Fincanı əlimdə tutub necə fikrə dalmışdımsa, az qala isti çayı üstümə dağıdacaqdım. Yerlə-göy arasında idim bu an. Düşünür, keçmiş xatirələri beynimdə canlandırır, gah özümü qınayır, gah da özümə haqq qazandırırdım.

    Həmin gün bir yerdə oturub şam etməyi Rauf özü mənə təklif etmişdi. Təklifini qəbul edərkən, çox ciddi bir mövzudan söz açacağını düşünmüşdüm. Hətta, fikrimdən mənə evlənmə təklifi edəcəyini keçirtmişdim. Restorandakı romantik ab-hava, həzin musiqi bu cür düşünməyimə əsas verirdi.
    Adətən danışıb-gülən, məzəli söhbətlərlə kefimi açan, zarafatından qalmayan Rauf bu gün çox sakit və susqun idi. Arabir gözlərimin içinə baxıb gülümsəyir, sonra yenə də nəzərlərini yayındırırdı. Üzündəki ifadə yorğunluq ifadəsindən daha çox gərgin olduğundan xəbər verirdi. Əlindəki çəngəli gah sağa, gah sola fırlayırdı. İş gününün sonu olmasına baxmayaraq, iştahası olana bənzəmirdi heç.
    ─Rauf! –dözməyib dilləndim.
    Başını qaldırıb üzümə baxdı, gülümsədi:
    ─Ay caan!
    ─Yaxşısan? –soruşdum.
    Özünü gülümsəməyə vadar etdiyi sönük baxışlarından hiss olunurdu. Bir anlıq üzümdə gəzən nəzərləri yenidən boşqaba yönəldi.
    Əlini tutub soruşdum:
    ─Rauf, nəsə olub? –Başını yellədi. –Evdə salamatçılıqdı?
    ─Şükür, –deyib susdu yenə.
    ─Bəs işdə? Hər şey qaydasındadır?
    Əlimi dodaqlarına yaxınlaşdırdı:
    ─Hər şey yaxşıdır, canım.
    ─Bəs niyə beləsən? –sualım deyəsən onu çətin vəziyyətə saldı. Cavabını gözləməyə səbrim çatmadığından sözümə davam etdim, –Cismin burdadır, ruhun isə başqa bir yerlərdə dolaşmaqdadır. Burda deyilsən, Rauf…
    Əlimi ovcunda sıxıb tumarladı, təkrar dodaqlarına yaxınlaşdırdı:
    ─Bağışla, canım, həqiqətən bir az yorğunam, çox gərgin bir gün yaşamışam. Sən narahat olma amma… Yaxşı?
    Gözlərinin içinə baxmağa çalışsam da, hər dəfə yayındırdığı nəzərləri deyə bilmədiyi, amma əslində çox ciddi bir problemi olduğunu üzündən oxumağım üçün kifayət edirdi.
    Başını qaldırıb üzümə, daha sonra qarşımdakı dolu boşqaba nəzər saldı.
    ─Xoşuna gəlmədisə, başqa nə isə sifariş verək.
    ─Yox, iştaham yoxdu, –dedim.
    Əli ilə öz boşqabını da geri itələyib:
    ─Düzü, elə mənim də iştaham yoxdu, –dedi və bir müddət yenə də gözlərini bir nöqtəyə zilləyib susdu.
    Mən də susurdum. Deyiləcək sözümüz yox idi bu gün. Gözlədiyim, xəyal etdiyim hər şeyin əksi ilə qarşılaşdığımdan həm pərt, həm də üzgün idim.
    ─Gedək səni evə ötürüm, gecdir, –deyib üzümə baxmadan ayağa qalxdı.
    Əlavə bir söz demədən ayağa qalxdım. Özlüyümdə işində bir problemi olduğunu düşünüb, mənimlə bölüşmək istəməməsinin səbəbini zabit xarakterindən irəli gələn susqunluqla izah etməyə çalışırdım. Bir anlıq təyinatının istəmədiyi bir yerə verilməsini, məndən ayrılacağını düşündüyü üçün üzgün olduğunu fikrimdən keçirtdim. Ürəyimdən keçən “Səninlə dünyanın ən ucqar nöqtəsinə də gedərəm, yetər ki sən əlimi buraxma” sözlərini dilimə gətirməyə çəkinirdim nədənsə.
    Məni evə ötürərkən də yolboyu susmuş, tək-tük ifadələri nəzərə almasaq, demək olar ki danışmamışdı.
    Həmişə ayrıldığımız ağacın altında ayaq saxladı. Qucaqlayıb başımı sinəsinə sıxdı. Saçlarımın qoxusunu içinə çəkib, yanaqlarımı barmaqları ilə sığalladı:
    ─Əslində bu gün sənə fərqli bir gün yaşatmaq, yadda qalan, xoş sürpriz etmək istəyirdim. Bağışla, düşündüyüm kimi olmadı.
    ─Eybi yox, narahat olma, hər şey yaxşıdır,–pərtliyimi hiss etdirməməyə çalışdım, –Yanımda olduğun hər saniyə mənim üçün yadda qalandır.
    Bir neçə dəfə əlini cibinə salıb geri çəkdiyini hiss etdim. Bəlkə də evlənmə təklifi etmək üçün aldığı nişan üzüyünü gizlətməkdə məqsədi bu münasibətlərə indi hazır olmaması idi. Bəlkə də haqlı idi, zamanı deyildi, tələsirdik.
    Əlimi ovcundan buraxmadan alnımdan öpdü:
    ─Nə olur, olsun, inan mənə! Güvən mənə! Heç vaxt hisslərimə şübhən olmasın! Əmin ol ki, sənə görə hər şeyi gözə ala bilərəm!
    Bu gün ilk dəfə idi ki, gözlərimin içinə baxırdı. Dediyi sözlərin səmimiliyinə, sevgisinə şübhəm yox idi.
    Beləcə, daha çox sükutdan ibarət olan gecəmizi başa vurduq…
    Hələ də yaddaşımdan silinməyən, xatirəmdə dərin iz buraxan həmin gün, Raufun gərgin, narahat halı, susqunluğu həyat hekayəmin ən kədərli bölümünün ilk səhifəsi idi.

    *******
    Bu gün anamın doğum günü idi. Səhər-səhər valideynlərimi ziyarət edib, məzarları üstünə gül qoydum. Ruhlarına fatihə oxuyub, bir qədər ürəyimdə dərdləşdim. Həm uğurlarımdan, həm də tənhalığımdan danışıb, darıxdığımı, onlara nə qədər ehtiyacım olduğunu pıçıldadım.
    Əvvəllər tez-tez onları ziyarət etsəm də, sonralar işlərimin çoxluğundan ayda bir dəfə gedə bilirdim. Doğrusu, son zamanlar tez-tez getmək də istəmirdim heç. Bilirdim ki, valideynlərimin ruhu mənə görə narahatdır. İşlərimin yaxşı olmasına baxmayaraq, şəxsi həyatımı qaydaya sala bilmədiyim üçün özümü günahkar hesab edirdim. Məzar daşından boylanan baxışlarının qarşısında belə davam gətirə bilmirdim. Elə bilirdim, indicə anam dil açıb məni danlayacaq, sözünün sonunda da “Sən düzəlmədin də!” deyib məzəmmətlə başını yelləyəcək. Darıxırdım onlar üçün.
    Qızlar atalarını daha çox sevir, deyirlər. Atamın münasibəti, məni daha çox sevib-əzizləməyi bacımın qısqanclığına səbəb olurdu. Mən isə atanın, həmçinin nənənin sevimlisi olmaqdan zövq alırdım, düzü. Diqqət mərkəzində olmağı uşaqlıqdan xoşlayırdım.
    Xeyir-duasını aldığım nənəmin vəfat etdiyini geri döndüyüm gün öyrənmişdim. Hələ Almaniyada olduğum zaman evə zəng edərkən bir neçə dəfə anamdan, bacımdan nənəmi soruşmuş, onunla danışmaq istədiyimi bildirsəm də, uzaqda olduğum üçün bilərəkdən məndən bu xəbəri gizlətmiş, üzülməyimi, dərslərimdən yayınmağımı istəməmişdilər. Hər nazımı çəkən, şıltaqlıqlarıma göz yuman, dəcəllik etdiyim zaman anamın qarşısına keçib məni onun əlindən alan nənəmin yoxluğu məni hədsiz sarsıtmışdı. Hər səhər, hər axşam üzündən öpdüyüm, qanım qara olanda başımı dizinin üstünə qoyduğum nənəmi gah mətbəxdə, gah öz otağında axtarırdım. Saatlarla oturduğu divanın küncünə qısılar, kürəyinə saldığı tirmə şalı burnuma tutar, hopub qalmış qoxusunu içimə çəkmək istəyirdim.
    Bir gecə yatıb bir səhər yuxudan oyanmayan anamı isə işlərimin yoluna düşməyə başladığı bir zamanda itirdim. Hər dəfə ailə qurmağımdan, nəvə sahibi olmaq istədiyindən söz açsa da, qulaqardına vurar, mövzunu dəyişərdim. Arzusunu gözündə qoyduğum anam, yəqin ki hələ də məndən incikdir.
    Gərgin və sıxıntılı bir günü dörd divar arasında başa vurmamaq üçün işə getməyə qərar verdim. Fikirlərimi dağıtmaq, keçmişin acı xatirələrindən xilas olmaq üçün iş ən gözəl vasitə idi.

    İşə qayıdarkən gün yarı olmuşdu.
    Katibəmə mənə qəhvə hazırlamağı tapşırıb qapının dəstəyini burdum. Ayağımı içəri qoyduğum an dörd bir tərəfə düzülmüş çiçəklər dərhal nəzərimi cəlb etdi. Bütün buketlərin sarı çiçəklərdən ibarət olması eyni ünvandan göndərildiyindən xəbər verirdi. Çiçəklərin kimdən olduğunu bilmək üçün üstündəki vizitkaya deyil, masamın üstündəki kiçik zanbaq dəstəsinə nəzər salmaq kifayət idi. Altı sarı zanbağın arasına yerləşdirilmiş tünd çəhrayı zanbaq sahibinin əvəzindən danışa, gizli mətləblərə aydınlıq gətirə bilərdi.

    Hər səhər, hər axşam dibçəkdəki zanbaqlarıma nəzər salar, səbirsizliklə sonuncu–yeddinci zanbağın açacağı günü gözlərdim. Bəzən isə onun heç vaxt açmayacağını da fikrimdən keçirirdim.
    Həmin səhər də yuxudan ayılan kimi çarpayıdan sıçrayıb pəncərənin qarşısına yaxınlaşdım. Budur, sonuncu zanbaq bu səhər açmışdı. Artıq solan digər zanbaqların yanında daha gözəl, təravətli, zərif görünən bu çiçək özünün sarı rəngi ilə könlümü oxşaya bilmişdi. Sarı rəng ayrılıq, bəzən nifrət anlamına gəlsə də, mənim üçün günəşin rəngi idi: şəfəq və nur idi. Sevindiyimdən zanbağın ləçəklərini, yarpaqlarımı sığallayıb, barmaqlarımla oxşayıb, hətta dodaqlarımı belə toxundurmuşdum. Ayın yeddisi, həftənin bazar günü açan bu yeddinci zanbağa rəmzi məna verməyə də çalışmışdım. Münasibətlərimizə xeyir-dua almış qədər xoşbəxt hiss edirdim özümü. Sevincimi bölüşmək üçün Raufa mesaj yazıb, sonuncu zanbağın açdığını bildirdim. “Gözün aydın! Nəhayət ki!” cavabını aldım.
    Elə həmin axşamkı görüşdə Rauf əlimi ovcunda sıxıb əzizləyərkən qəfil xatırlayıb soruşdu:
    ─Doğrudan, demədin, axı, sonuncu zanbağın nə rəng açdı…
    Tez dilləndim:
    ─Sarı rəngdədir. Elə gözəldir ki! Sanki günəşin özüdür!
    Təəccüblə üzümə baxdı:
    ─Sarı? Sarı rəngi xoşladığını bilmirdim.
    ─Sarı rəng ayrılıqdı deyirlər… Amma bu fərqlidir. Həftənin bazar günü, ayın yeddisi, yeddinci zanbağım…Görürsən, hamısı yeddidir.
    ─Rəmzlərə inanırsan? Simvolikaya çox da qapılma!
    ─Yeddi rəqəmi müqəddəsdir! Bilirsən, nə düşünürəm?
    ─…
    Ona ağzını açmağa imkan verməyib sözümü bitirdim:
    ─Bu yeddilərdə bir məna var! Allah özü münasibətlərimizə xeyir-dua verib. Günəşin bir parçasını bizə elçi olaraq göndərib.
    Başını bulayıb sözlərimə güldü. Dedi:
    ─Məncə bir qədər şişirtdin… Sənə elə gəlmir?
    Başımı yellədim:
    ─Yox! Əgər ürəkdən inansaq, belə də olacaq!
    Saçlarımı, yanaqlarımı sığalladı, üzümü əlləri arasına aldı:
    ─Sən deyən olsun! Sənə inanıram. Sən də mənə inan! Həmişə inan və zərrə qədər də şübhən olmasın!
    Artıq ikinci dəfə eşitdiyim bu söz mənə qəribə gəlməyə başlamışdı. Bu sözləri deməyi, həm də vurğulamağı səbəbsiz deyil, düşünürdüm. Soruşmağa çəkinir, həm də hər şeyi özündən eşitmək istədiyim üçün üstünə getmək, məcbur edib sıxışdırmaq istəmirdim. Özü isə, görünür, hər hansı bir söhbətə bu gün hazır deyildi. Ən doğru qərar zamana buraxmaq idi…

    Bir zamanlar sarı rəngə günəşin rəngi kimi dəyər vermişdim. Bu gün isə sarıya bürünən otağım məni qıcıqlandırır, üzdüyü qədər də əsəbləşdirirdi. Nifrət edirdim sarı rəngə. Kədərli xatirələrlə açdığım səhəri həyəcan və əsəblə başa vurmaq istəmirdim.
    Əsəbi halda katibəni səslədim:
    ─Elə bu dəqiqə bütün buketləri–hamısını rədd edin otağımdan! Üstündə vizitkası olmayan, kimdən olduğu bəlli olmayan heç bir gül dəstəsini də otağıma gətirməyin bundan sonra!
    Qızın təəccüb dolu nəzərlərini üzümdə hiss edərkən hövsələdən çıxdığımı, hisslərimə hakim ola bilmədiyimin fərqinə vardım. Katibə buketlərin hamısını qucağına alarkən masamın üstündəki kiçik zanbaq dəstəsi ilə sayının yeddi olduğu nəzərimdən qaçmadı. Qucaq dolu çiçəklə masama yaxınlaşıb əlini zanbaqlara uzatmaq istəyən qız bir anlıq ayaq saxladı, nə düşündüsə geri addım atdı. Sakitcə otaqdan çıxdı.
    Başımı masanın üstünə qoydum. Ürəyim boşalıncaya qədər ağlamaq istəyirdim. Qeyri-ixtiyari əlimi güldanın içindəki zanbaqlara toxundurdum. Onları ovcumun içində əzmək, qırmaq, ayağımın altında tapdamaqla hisslərimin, sevgimin heyfini almaq istəyirdim. Ovcumda sıxa, əzə bilmədikdə isə hönkürüb ağladım. Altı sarı zanbağın arasından mənə boylanan zərif çəhrayı zanbaq mənə mənim özümü xatırladırdı. Gözlərimdən axan göz yaşı yanaqlarımdan süzülüb şeh damcısı kimi əlimdə tutduğum çəhrayı zanbağın ləçəyində qaldı.
    Sarı çiçəklərdən ibarət hər böyük buket ayrılığımızın bir ilinə işarə idi. Yalnız zanbaqlardan ibarət olan kiçik gül dəstəsi də aradan yeddi ilə yaxın zaman ötdüyündən xəbər verirdi. İllər əvvəl rəngarəng altı zanbağın arasında bitən sarı gülün ayrılacağımıza işarə olduğunu anlamaq, qəbul etmək istəməmişdim. Bu gün isə altı sarı zanbağın arasındakı çəhrayı çiçək yoxsa bir sevgi etirafı idi?
    Bu axşam hava çox küləkli və soyuq idi. Dənizdən əsən yel, yağan leysan yağış belə məni çəkindirmirdi. Ağlayıb ürəyimi boşaltmaq üçün ən münasib zaman idi. Yanaqlarımdan süzülən yağış suları əslində göz yaşlarımı gizlədirdi. İçin-için ağlamaq üçün uzun zaman idi belə fürsətim olmamışdı.

    …Son bir həftədə Rauf çox fikirli və dalğın görünürdü. Üzündən oxunan gərginliyi ciddi problemlərlə üzləşdiyini bəlli edirdi. Əsəbiliyini, dilxorluğunu asan olmayan zabit həyatının qayğıları ilə əlaqələndirir, hər dəfə içindəkiləri mənimlə bölüşmək istəməməsinin səbəbini də buna bağlayırdım. Əslində isə, susqunluğu işinin məsuliyyət və öhdəliklərindən deyil, təbiətindən irəli gəlirdi. Nə gizlədim, bəzən inciyirdim. Amma sonra özümü danlayır, əksinə söz danışan olmadığına, bəziləri kimi sızlamağı xoşlamadığına, təkbaşına hər işin öhdəsindən gəlmək istəyi kimi əsl kişi xarakterinə xas cəhətlərinə görə daha çox heyran olurdum ona. Mümkün qədər anlayışlı davranmağa çalışarkən, ailəsində hər hansı bir narahatçılığın olduğunu çox az ehtimal edirdim.
    Bir axşam mənə dediyi:
    ─Səndən bir söz soruşacam, səmimi cavab ver: Əgər təyinatımı başqa bir şəhərə, rayona alsam, mənimlə gedərsən?–sözlərindən sonra gərginliyinin səbəbinin yalnız işi ilə bağlı olduğuna heç bir şübhəm qalmadı.
    Düşünmədən:
    ─Hə, gedərəm, –demişdim.
    Yaş fərqimiz, bəlkə də yaşadığı həyat tərzi ona görə bilmədiyim, görmək istəmədiyim gerçəkləri daha aydın göstərirdi. Məndən daha təcrübəli və dərin dünyagörüşünə sahib olan zabit asanlıqla vaz keçilməsi mümkün olmayan dəyərləri daha yaxşı anladığından sualının ciddiyyətini də dərk edirdi:
    ─Bəlkə sənə indi tələsik cavab vermək asan gəlir. Əslində çox ciddi sualdır. Seçim edərkən kimdənsə, nədənsə vaz keçməli olacaqsan. Bunu anlayırsan? Razılıq versən, daha “sən” və “mən” olmayacaq, “biz” olacaq. “Biz” uğruna təhsilini yarımçıq buraxıb, ailəndən ayrıla biləcəksən?
    Düşünmədən, tələsik dediyim sözlərin ciddiliyini, məsuliyyətini yalnız indi anlayıb başımı aşağı salıb susdum. Ən yüksək balla Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və tərcümə fakultəsinə qəbul olarkən çox böyük ümidlərim, xəyallarım vardı. İndi bir anın içində bir neçə ay tanıdığım insana görə bütün arzu və istəklərimdən imtina etməyə dəyərdimi?Həyatımda kiminsə olduğunu hiss etsə də, nədənsə üzümə vurmayan, hisslərimi, sirlərimi ona açıb danışacağım günü gözləyən anamı, az qala mənimlə nəfəs alan nənəmi qoyub gedə biləcəkdim?
    Arzu və istəklərimdən asanlıqla vaz keçmək çətin olduğu kimi sevdiyim insanı itirmək qorxusu ilə də qarşı-qarşıya idim. Həmin an içimə dolan şübhələr də məni narahat etməyə başlamışdı. Öz-özümə düşünürdüm:
    ─İllərin zəhməti, əziyyəti bahasına tələbə adı qazandın. Adından, soyadından başqa heç nə bilmədiyin yaraşıqlı bir zabitə görə bütün arzu və istəklərindən vaz keçməyə dəyərmi, Afət?! Bəlkə səni aldadır… Heç yeddi ay deyil tanışsız…Dünənə qədər qınadığın qızlar kimi toysuz, nikahsız tanımadığın, bilmədiyin bir insana qoşulub qaçacaqsan? Sən başını götürüb getdikdən sonra yaxınların qohum-əqrəbanın, qonum-qonşunun dilində qalacaq. Kiməsə görə ailənə, əzizlərinə rəzalət hissini yaşatmağa dəyərmi?
    Araya çökən sükutu Rauf pozdu. Sanki fikirlərimi oxuyurmuş kimi içimdəki narahatlıqları da hiss edib şübhələrimə, fikirlərimə aydınlıq gətirdi:
    ─Səndən nə istədiyimin fərqindəyəm. Həyatımda olmağını istərkən nələri qurban verəcəyini, hansı dəyərlərdən, arzu və istəklərindən imtina etməyə vadar etdiyimi də gözəl anlayıram. Əgər gələcəyini mənimlə görürsənsə, həmişə bir yerdə olmağımızı və heç vaxt ayrılmamağımızı istəyirsənsə, qərarını qətiləşdir, münasibətlərimizi rəsmiləşdirək. Hərbçi olduğum üçün ləngitməyəcəklər, ərizə ilə müraciət etdiyimiz günün səhəri nikahımızı kəsəcəklər.
    Bir qədər əvvəl haqqında yanlış düşündüyüm üçün gözlərinə baxmağa utandım, nəzərlərimi döşəməyə dikdim. Barəsində necə pis düşünə bilərdim, axı. Məgər, bir insanı tanımaq üçün illər lazımdır? Qarşındakı insanın dürüstlüyünə, səmimiyyətinə şübhən olmadıqdan sonra, sadəcə qəlbin, ruhunla onu hiss etmək kifayət idi. Həmin an içimdəki səs Raufa inanmağı, heç vaxt ona şübhə etməməyi pıçıldayırdı mənə.
    ─Razıyam, –dedim,– Səninlə dünyanın hər yerinə gedərəm, yetər ki, yanımda ol, inamımı, etibarımı qırma!
    Əlimi dodaqlarına yaxınlaşdırıb öpdü:
    ─Bizlərdə belə bir deyim var: Mən də zabit şərəfim üstünə and içirəm ki, heç vaxt ümidlərini, inamını qırmayacam! Etibarını, güvənini sındırmayacam! Sənə, sevgimə sadiq qalacam, xəyalımdan belə xəyanət keçməyəcək!
    Gülüb:
    ─Deyəsən axı, qərar verməyə tələsdim bir az,–dedim. Təəccüblə üzümə baxarkən bəlkə də fikrimdən vaz keçdiyimi düşünmüşdü. Həmin an bir az onu gərgin vəziyyətdə saxlamaq istəsəm də, qərarımdan daşındım, –Əsas məsələni unutdum… Demək ki, bütün həyatımı hərbi nizamnaməyə uyğun yaşamalı olacam…
    Ciddi və sərt təbiəti ilə seçilməsinə baxmayaraq, dəcəlliyimə, ərköyünlüyümə dözürdü, bəzən isə şıltaqlıqlarım kefini açırdı.
    ─Bax da! Nikah bağlamadan sözünü geri götürə bilərsən, hələ vaxt var…
    ─Yaxşı fikirdir! Bir daha təklifinizi düşünərəm, –deyib güldüm.
    ─Bütün yollar Romaya apardığı kimi, bütün fikir və düşüncələrin də onsuzda gec, ya tez səni mənimlə bərabər nikah masasına oturdacaq, xeyri yoxdur! –deyə göz vurdu.

    Həyatın qəribə təzadları var. Həyatda nəyisə əldə etmək üçün bəzən nə qədər səy etsən, arzuna çatmaq üçün nə qədər çox xəyal qursan, ümidsizliyə düçar olarsan, istədiyini əldə edə bilmərsən. Bəzən isə heç nə arzu etməz, xəyal da qurmazsan, ya da mübarizə aparmaqdan usanıb istəklərindən imtina edərsən ki, şans özü arxasıyca qaçıb yorulduğun həmin kəpənək kimi gəlib çiyninə qonar.
    Arzu və xəyallarımdan əl çəkməyə qərar verdiyim gecənin səhəri dekanlığa çağırıldım. Savadına görə dəyərləndirdiyim, tələbələrlə gözəl rəftarına görə sevdiyim, insanlığına heyran olduğum dekanımız məni gülərüzlə qarşılayıb oturmağa yer göstərdi. Çox uzatmadan dekanlığa çağırılmağımın səbəbini açıqladı:
    ─Bilirsən ki, Universitetimizin digər ölkələrin elm, təhsil, mədəniyyət müəssisələri ilə sıx münasibətləri var. Tələbələrimiz müntəzəm olaraq Avropanın, həmçinin MDB ölkələrinin ali məktəblərində təşkil olunan konfranslarda, seminarlarda iştirak edir, təcrübə keçir, təhsillərini davam etdirirlər. Hər il bir çox dövlətlərin ali təhsil müəssisələri ilə tələbə mübadiləsi edir, yetirmələrimizin təhsilini artırmaq məqsədi ilə başqa ölkələrdə dil təcrübəsi keçməyinə zəmin yaradırıq. Bu il də Universitetimizin ən savadlı gəncləri arasından bir neçəsini seçmişik. Sənin adını da öz siyahımıza əlavə etmişik. Polyak dilindən əlavə alman dilini də gözəl mənimsədiyin üçün qərara aldıq ki, təhsilini davam etdirmək üçün səni Almaniyanın Tübingen Universitetinə göndərək.
    Doğrusu həmin an nə deyəcəyimi bilmədim. Donub qalmışdım. Bu cür təklifi xəyal belə etməmişdim. Başqa vaxt olsa, sevindiyimdən dekanımızın boynuna sarılar, mənə göstərdiyi etimada, verdiyi dəyərə görə necə minnətdarlıq edəcəyimi bilməzdim. Nitqim qurumuşdu. Başımı aşağı salıb təşəkkür edib, yoxsa təklifdən imtina etməyi düşünürdüm. İki od arasında qalmış insanlar kimi hiss edirdim özümü. Dünən Raufa verdiyim sözü xatırlayaraq, bir neçə dəfə təklifdən imtina etmək istədim. Lakin nədənsə dekanımızın nurani, gülərüz simasına, ümid dolu gözlərinə baxınca onu qırmağa cəsarətim çatmadı bu an.
    ─Həftə sonu yola düşürsüz. Hazırlaşmaq üçün bir neçə gününüz var. İnanıram ki, sənə olan bütün ümidlərimizi doğruldub, böyük nailiyyətlər əldə edəcəksən.
    Mənə böyük ümidlər bəsləyən dekanımıza sadəcə gülümsəyə bildim.
    Həmin gün nə Raufa, nə də evdəkilərə bu xəbəri deyə bildim. Dalğın halda gəzib dolanır, taleyin ironiyasını–həyatımın ən vacib qərarını qəbul etməyə hazır olduğum bir anda Almaniyada təhsili davam etdirmək kimi qəfil təklifin gəlməsini düşündükcə fikirlərim daha da qarışırdı. Bu həyatımın ən böyük şansı idi. Və mən anlayışlı şəkildə bu şansımdan imtina edirdim.
    Həyatımda ən uzun və ən gərgin gecəm idi. Səhərə qədər gözümü yummadım. Hər şeyi ölçüb-biçir, bir daha heç vaxt qarşıma çıxmayacaq bu şansdan imtina edərkən hisslərimin ağlıma güc gəldiyini, hətta, nə vaxtsa peşman belə olacağımı da anlayırdım.
    İçimdə qəribə bir sıxıntı hiss edirdim…
    Həmin səhər mənə doğma olan bu məkana son dəfə imiş kimi baxır, əzizindən ayrılmağa hazırlaşırmış kimi gördüyüm, nəzər saldığım hər şeylə vidalaşırdım sanki. Baxdığım, toxunduğum hər şeyi xatirəmə yazmağa çalışırdım.
    Qapı üzümə açıldığı zaman dekanlığın qarşısında olduğumu fərq etdim. Dünəndən bəri fikir və düşüncələr varlığıma hakim kəsildiyindən ayaqlarımın məni nə zaman və necə bura çəkib gətirdiyini hiss etməmişdim.
    ─Afət! Qapıda dayanma, qızım, gəl içəri,–deyərək dekan məni içəri dəvət etdi. Başımı aşağı salıb susurdum. Mehriban və nurani üzlü yaşlı dekan gülümsəyərək sözünə davam etdi, –Artıq biletləriniz də sifariş verilib. Getdiyiniz gün sizə təqdim edəcəyik.
    ─Asəf müəllim, elə mən də sizinlə bu barədə danışmaq istəyirdim.
    ─Buyur,qızım, dinləyirəm səni.
    ─Əslində bu təklif mənim üçün o qədər gözlənilməz oldu ki! Xəyal belə edə bilməyəcəyim bir şansla üzləşməyin sevincini yaşamaqdan gözəl hiss ola bilməz…
    ─Savadına, bacarığına, mühakimə və nitq qabiliyyətinə bələd olduğum üçün ilk ağlıma gələn ad sən oldun…
    Mənə bu qədər dəyər verən insanın gözlərinin içinə baxa bilmirdim:
    ─Təşəkkür edirəm, professor. Sizin etimadınızı qazanmaq mənim üçün şərəfdir, həqiqətən. Mənə verdiyiniz dəyərə görə də Sizə hədsiz minnətdaram. Amma… çox üzgünəm… Mən bu təklifdən imtina etməli olacam.
    ─Anlayıram, –deyən dekan təəssüf hissi ilə köksünü ötürdü, –Bir çox Azərbaycan ailəsində qızlarımızın xaricdə təhsil almasına qarşı çıxırlar. Mən valideynlərinlə görüşüb bunun sənin, həmçinin dövlətimizin, təhsilimizin gələcəyi üçün nə qədər vacib olduğunu onlara izah edə, razı sala bilərəm. Elə bu gün atanla görüşümüzü təşkil et.
    Dekanın sözləri, diqqət və qayğısı məni kövrəltdi. Güclə eşidiləcək tərzdə:
    ─Atam hələ biz uşaq olanda rəhmətə gedib, –deyə bildim.
    ─Bacın, qardaşın?
    ─Bacım ərdədir. Anam və nənəm…
    ─Aydındır…
    Təklifdən imtina etdiyimə görə dekanımız mənim özüm qədər üzülmüşdü. Onun təəssüf dolu baxışları hələ də gözümün önündədir.
    ─Bax, qızım, həftə sonuna qədər vaxt var. Adını siyahıdan çıxarmıram. Düşün, bir daha ananla danış. Son günə qədər təklifim qüvvədə olacaq.
    Minnətdarlıq edib dekanlıqdan çıxdığım an qərarımın qəti və dəyişməz olduğuna əmin idim…

    Sanki içimdəki təlatümləri hiss edirmiş kimi dəniz də fırtına qopartmaqda idi. Küləyin vıyıltısı səsimi batırırdı:
    ─Mənə yaşatdıqların az idi? Yenə niyə gəldin? Nə istəyirsən məndən? Niyə həyatımı yaşamağa imkan vermirsən?! Nifrət edirəm sənə!!!
    ─Çünki səni sevirəm! –qəfil güclü bir əl qolumdan yapışdı, qarşıma keçib gözlərimin içinə baxdı, –Səni dəli kimi sevirəm! Sənsiz yaşaya bilmirəm…
    Bu bir həftə ərzində Raufun məni izlədiyinə əmin idim. Bu gün də heç şübhəsiz ki məni izləmişdi.
    Baxışlarımdakı nifrət, qəzəb, dartınıb əlindən xilas olmaq istəyim ona təsir etmirdi:
    ─Məni sevdiyinə əminəm! Etiraf et ki, hələ də məni sevirsən!
    ─Həddindən çox xəyallar qurursan! Sənə elə gəlmir?
    ─Bilirəm, dəli kimi sevirsən məni. Bilirəm ki, bütün bu illər ərzində məni bir an belə unutmamısan.
    İstehza ilə güldüm:
    ─Özündən müştəbeh olmusan! Belə deyildin, illər səni dəyişib.
    ─İstəməyərəkdən məni düşündüyünü öz dilinlə etiraf etdin,–deyib gülümsədi.
    ─Yadıma belə düşmürdün!
    ─Yalan! Zibilə atdırdığın günahsız sarı çiçəklər suallarıma cavabın idi: unuda bilmədiyin sevgindən doğan pərişanlığın idi.
    Özlüyümdə hər addımımdan xəbərdar olduğunu düşünüb anladım ki, bu izləmələr bəlkə də bir həftədən daha uzun müddət davam etmişdir.
    ─Sevgin kimi göndərdiyin çiçəklər də mənə gərəksizdir! Çəkil, get, bir daha da qarşıma çıxma! –deyərək əsəbi halda əlini itələdim.
    ─Heç vaxt dinləməyi bacarmadın! Qaçıb getmək daha asandır, elə? O vaxt da məni dinləmək istəmədin. Amma… bu gün məni dinləyəcəksən!
    Əsəblərimə hakim ola bilmirdim:
    ─Axı, nə deyəcəksən? Deməyə sözün də var? Ümumiyyətlə, nə üzlə qarşıma çıxmısan?
    ─Deyəcəyim və dinləməli olduğun çox söz var!
    ─Səni dinləmək istəmirəm! Deyəcəklərin mənə maraqsızdır!
    Dartınıb əlindən xilas olmağa çalışdıqca daha bərk qolumdan tutur, getməyimə icazə vermirdi. Hər zaman özümdən daha təmkinli hesab etdiyim zabit səsini yüksəldib bağırdı:
    ─İstəsən də, istəməsən də bu gün məni dinləməli olacaqsan, Afət xanım! İndi, elə burada hər şey aydınlaşmadan heç yerə getməyəcəksən!
    Küləyin səsinə qarışan bağırtısı, səsindəki hiddəti bir anlıq məni susmağa məcbur etdi.

    Axşamın bu saatında, özü də belə bir yağışlı havada dəniz kənarındakı bütün kafelər kimi burada da bir neçə işçidən başqa heç kim gözə dəymirdi. Zəif işıqlandırılmış zal, az qala eşidilməyən həzin musiqi, içəridəki sakitçilik həqiqətən insanın ruhuna dinclik gətirirdi.
    İllər sonra yenidən Raufla üzbəüz oturmuşdum. Gözlərinin içinə baxmamaq üçün nəzərlərimi yayındırır, pəncərədən çölə baxır, hələ də kəsmək bilməyən leysan yağışı izləyirdim.
    İradəmin ziddinə olaraq məcbur gətirmişdi məni bura. Özüm qədər tərs və inadkar birini, görünür, bu axşam dinləmək məcburiyyətində idim.
    Qarşısındakı isti qəhvədən bir neçə qurtum içdi. Fincanı qarşıma çəkib:
    ─Soyutma, isti-isti iç. Nə qədər soyuq canına təsir etməyib, iç, –dedi.
    Payızın soyuğu həqiqətən canıma hopmuşdu. Hələ tam qurumayan saçlarımın nəmini hiss etdikcə bir az da üşüdürdüm. Dəfələrlə yağışdan daldalandığımız kafelərdə isti çay, qəhvə sifariş verib saatlarla beləcə üz-üzə oturub şirin-şirin söhbət edərdik. Bu gün isə bayaqdan bəri bir kəlmə də kəsməmişdim.
    Raufun nəzərlərini üzümdə hiss etdikcə, eyni zamanda həm nostalji hisslər yaşayır, həm də əsəbləşirdim.
    ─Daha uşaq deyilsən! Odur ki, iki yetkin insan kimi söhbət edə bilərik. Ən azından bir-birimizi dinləyə bilərik.
    Fincanı əlimə aldım. Bir qurtum içdim:
    ─Yaxşı. Buyur, səni dinləyirəm.
    Rauf barmağını fincanın ağzında gəzdirib söhbətə necə başlayacağını düşünürdü bəlkə.
    ─Həmişə o günü xatırlayıram. Sənə “Məni dinlə! İcazə ver, hər şeyi izah edim…” deyərək nə qədər dil tökdüm. Dinləmədin. Məni dinləsəydin, mənə inanıb güvənsəydin, bu gün həyatımız tamamilə başqa cür olardı. Sən isə, nə məni dinlədin, nə də mənə inandın. Güvənmədin mənə…
    Gözlərim yol çəkirdi. Bu qədər yaxın ikən bu qədər uzaq olan insanın səsi uzaqlardan gəlirdi sanki. Pəncərədən süzülən yağış damlalarından nəzərlərimi ayırmırdım.

    …Bu gün olduğu kimi soyuq və yağışlı noyabr günü idi. Xəyallarımdakı sevgi dünyamın dəniz qumundan düzəldilən, elə dənizin göz yaşım tək şor suları ilə dağılan qəsr kimi ümidlərimin, arzularımın məhv olduğu soyuq noyabr günü… Ruhumu üşüdən həmin gün…
    Bir qız üçün sevgi xəyalları qurmaq daha asandır. Bütün varlığımızla sevərkən, qarşımızdakı insanı həddindən artıq ideallaşdırır, hər sözünə inanıb tamamilə etibar etməyə başlayırıq. Bəzən ruhumuzun bir parçası, elə özümüz hesab edirik. Sevir, sevildiyimizə də özümüzü inandırmağa çalışırıq, adi diqqəti,qayğını da ilahi eşq kimi qəbul edirik. Bir gün isə yuxudan ayılır, xəyalımızdan keçənlərin sadəcə bir ilğım olduğunu anlayırıq.
    O gün səhərdən bütün işlərim tərs gedirdi. Yuxudan durandan hər şeyi əlimdən saldığım, bir neçə tələbə yoldaşımla mübahisə etməyim azmış kimi, günün sonunda daha böyük sürprizlə qarşılaşacağımdan xəbərsiz idim.
    Universitetin qapısından çıxarkən bir qadın mənə yaxınlaşdı:
    ─Afət, sənsən?
    İlk dəfə gördüyüm qadına gülümsəyib:
    ─Bəli, mənəm.
    Qadın sınayıcı nəzərləri ilə məni başdan-ayağa süzdükdən sonra dilləndi:
    ─Mən Raufun anasıyam.
    Raufun anası ilə belə qəfil görüşəcəyimi düşünmədiyim üçün bir qədər özümü itirdim. Doğrusu, həmin an çaşqınlıqla bərabər içimdə sevinc hissi də yaşadım. Özlüyümdə, Raufun barəmdə ailəsi ilə danışdığını, fikrinin ciddi olduğunu xəyal edirdim. Əlbəttə, əgər belə olmasaydı, anası nə üçün bura qədər gəlib mənimlə görüşmək istəyəydi ki.
    ─Vaxtın varsa, səninlə bir az söhbət etmək istərdim, –qadın dedi.
    Qarşımda dayanan ağbənizli, ala gözlü qadına baxdıqca, Raufun gözəllik və yaraşığını anasından aldığını düşünürdüm öz-özümə. Son dərəcə gözəl, xanım-xatın qadında kübarlıq dərhal hiss olunurdu. Zövqlü bir xanım olduğu da geyim tərzindən bəlli idi.
    ─Əlbəttə, buyurun, –deyə cavab verərkən, yəqin ki bütün qızların keçirdiyi həyəcanı hiss etməkdə idim.
    Bir neçə addım atıb, bir qədər aralıda dayanmış avtomobilə yaxınlaşdı. Başının hərəkəti ilə mənə də keçib əyləşməyi işarə etdi. Cinayət işlərinə çox baxan anamdan və nənəmdən fərqli olaraq, ağlıma heç bir pis fikir gətirmədən, çəkinmədən avtomobilə əyləşdim. Görünür, əvvəlcədən təlimatlandırılmış sürücü, mən oturduqdan sonra qapını bağlayıb uzaqlaşdı.
    Raufun anası ilə üz-üzə idik. Baxışlarından mənə münasibətini anlaya bilmirdim. Üzündəki xəfif təbəssümün mənə olan xoş münasibətindən, yoxsa ki, sadəcə kübarlığından irəli gəldiyini ayırd etmək çətin idi. Ilk dəfə gördüyü qıza qarşı, bəlkə də elə belə olmalı idi münasibəti, nə bilim.
    ─Görürəm, ağıllı qıza bənzəyirsən. Odur ki, düşünürəm, bir-birimizi çox gözəl başa düşəcəyik. Barəndə də hər şeydən xəbərim var: Ailə vəziyyətindən tutmuş, getdiyin ünvanlara qədər hər şeydən məlumatlıyam. Raufla aranızdakı münasibətləri də bilirəm…
    Sözlərinə bilərəkdən fasilə verdi bəlkə də.
    Başımı aşağı salıb susur, həyəcandan əllərimin, ayaqlarımın əsdiyini hiss edirdim. Həmin an mənə elə gəldi ki, nəfəsim daralır. Bəlkə də avtomobilin pəncərələrinin bağlı olduğundan sıxılmağa başlayırdım. İçimdə qəribə hiss vardı. Və bu hiss mənə bu söhbətin düşündüyüm kimi davam etməyəcəyini söyləyirdi.
    ─Raufu qınamıram, gözəl qızsan, cazibənə uyub. Səninlə münasibətləri kəsmək istəmədiyindən də, görünür, sənə nişanlı olduğunu, hər iki ailənin artıq toy hazırlıqlarına başladığını bilərəkdən söyləməyib… Bəlkə də həqiqəti deməyə cəsarəti çatmayıb…
    Deməyə sözüm yox idi. Qulaqlarımın eşitdiyinə inanmaq istəmirdim hələ də. Mən nələr eşidirdim! Aylardan bəri görüşdüyüm, bütün varlığımla səmimiyyətinə inandığım insan inamımdan, etibarımdan necə istifadə edə, məni necə aldada bilərdi.
    Qadın çantasından çıxartdığı şəkli mənə uzatdı. Əlimə alıb gah şəklə, gah da qadının üzünə nəzər saldım. Heç vaxt Raufun hisslərinə, sevgisinə şübhə etmədiyimdən, ailəsi ilə bərabər bir masa arxasında yanaşı oturduğu incə və zərif üz cizgilərinə sahib son dərəcə gözəl qızın üzündəki xoşbəxt təbəssümünü görüncə, ilk dəfə qısqanclıq hissi keçirtdim.
    ─Keçən yay Raufun qaynının toyunda çəkilmiş şəkildir. Özünü həmin qızın yerinə qoy. Yəqin ki, sən də barmağında üzüyünü gəzdirdiyin nişanlının soyuq münasibəti ilə üzləşmək, özgə birisi ilə gün keçirtməyini istəməzdin. Başqa birisinin bədbəxtliyi üzərində xoşbəxtlik qurulmaz. Ağıllı, savadlı qızsan, Rauf kimi oğlanlar hələ qarşına çox çıxacaq.
    ─…
    ─Raufla münasibətlərinizə son qoy! Belə hər ikiniz üçün yaxşıdır. Rauf səninlə gün keçirə bilər, amma heç vaxt sənə evlənməyəcək! Nə mən, nə də atası ailəmizə soxulmaq istəyən bir qızı gəlin kimi qəbul etməyəcəyik!
    Hələ heç vaxt özümü bu qədər alçaldılmış, təhqir olunmuş hiss etməmişdim. Daha çox qadının son sözlərinə, yoxsa ki sarsılan inam və etibarıma üzüldüyümü bilmirdim.
    ─Narahat olmayın, xanım, Rauf bu gündən sonra bir daha heç vaxt üzümü görməyəcək! –deyib avtomobildən endim.
    Arxama baxmadan qaçmaq, uzaqlaşmaq istəyirdim. Keçdiyimiz yollardan, ayaqlarının izi qalan cığırlardan bir daha keçməmək üçün heç vaxt getmədiyim yollardan, küçələrdən addımlayırdım. Onu mənə xatırladan, bağlayan hər şeyi məhv etmək, dağıtmaq, ümidlərim kimi qırmaq, alçalmış qürurum kimi sındırmaq istəyirdim. Eyni səmaya, eyni dənizə baxmaq, eyni şəhərin havasını belə udmaq istəmirdim.
    Bütün günü yağan yağış kəsənə bənzəmirdi, arada daha da bərkiyirdi. Yalnız bu şəhərə deyil, ömrümə, xəyallarıma, arzularımın üstünə yağırdı leysan tək.
    ─Yaxşısız, xanım? –yaxınlaşan polis nümayəndəsi soruşdu. Görünür, axşamın bu saatında, yağışlı, küləkli belə bir havada bayaqdan bəri tək-tənha dəniz kənarında olmağım, nəzərlərimi eyni nöqtəyə zilləyib dayanmağım diqqətini çəkmişdi.
    Əvvəllər o qədər də diqqətimi çəkməyən bir məqam –sahildən aralanan gəminin fiti sanki bir işarə idi mənə. Nəzərlərimi uzaqlaşan gəmidən ayırıb polisin üzünə baxdım:
    ─Hər şey bundan sonra yaxşı olacaq! Hər şey dəyişəcək!
    Özlüyündə qəribə təsir bağışlayan qızın nədən bəhs etdiyini anlamayan polis başını yelləyib əlavə bir söz demədən aralandı. Hiss edirdim ki, özümə qəsd edə biləcəyimdən ehtiyat etdiyi üçün kənardan məni izləyir.
    Gec idi. Yəqin ki, anam da narahat qalmışdı məndən. Barmaqlarımın ucu ilə yanaqlarımdan yağış sularına qarışan göz yaşlarımı sildim:
    ─Dənizim! Gözəl, doğma olduğun qədər də amansız və qəddarsan! Hər gün neçə-neçə insan sənin sularında qərq olur. Kimilərini özün udursan, kimiləri isə cəmiyyətin amansız qanunlarına, sərt qaydalarına dözməyib ümidsizlik içərisində bilərəkdən özünü qərq edir. Heç vaxt intihar edənləri anlamasam da, bu gün anladım ki, insan ümidləri öldüyü gün ölür. Dənizim! Bu gün mən də arzularımı, ümid və xəyallarımı ruhumla bərabər sularında qərq edib gedirəm. Nə incilər, nə xəzinələr qoruyub saxladın dərinliklərində. Al, qoy ruhum göz yaşlarımla, nakam sevgimdən doğan xəyal və arzularımla bərabər qiymətli inci,mirvari kimi sənə əmanətim olsun, özündə saxla. Ruhsuz cismimi götürüb gedirəm bu şəhərdən. Əgər bir gün qayıtsam, özümü yenidən doğulmuş kimi hiss edib xoşbəxt ola biləcəyimə əmin olsam, hamısını səndən geri alacam.
    Qapıdan içəri ayağımı basar-basmaz anamın səsi eşidildi:
    ─De, gəldi əzizxələf nəvən!
    Əlində oxlov, unlu əlləri ilə dəhlizə çıxıb həmişəki kimi deyinməyə başladı:
    ─Saatdan xəbərin var? Hardasan bu saata qədər? Evin-eşiyin yoxdur sənin?!
    İki balaca otaqdan ibarət evimizin mətbəxi də olduqca darısqal olduğundan anamla nənəm çox zaman yerdən süfrə salar, elə oturaq vəziyyətdə qutab, düşbərə hazırlar, dolma bükər, küftə tutardılar.
    Havalar soyumağa başlayandan həm ətə qənaət etmək üçün, həm də xoşladığım üçün çox zaman anam düşbərə bükərdi. Necə deyərlər, həm canımız qızırdı, həm də gündə ət almağa imkanı olmayan kasıb ailə üçün bundan daha münasib, daha dadlı təam tapılmazdı.
    Qəfil boynuna sarılıb üzündən öpməyim, deyəsən, anamı çaşdırdı. Nə isə demək istədi. Susdu.
    Gəncliyində kəndin ən gözəl qızı hesab edilən nənəmin də əlindən, yanaqlarından öpüb birbaş yataq otağına getdim. Çarpayıma uzanıb yorğanı başıma çəkdim. İsti nəfəsim soyuq yatağımı qızdırsa da, üşüyürdüm. Üşüyən tərk edib gedən ruhumun boş qalmış cismi idi. Dörd səmtə əsən küləklərin dolaşıb tüğyan etdiyi tərk edilmiş bütün məbədlərə bənzəyən boş qalmış cismimi heç səhra günəşinin özü də isindirə bilməzdi indi.
    ─Nolub? Xəstələnmisən? Sənə diyəndə ki, day yay döyül, üzü qışa gedir, küləkli, yağışlı havalarda az gəz bu küçələri, qulaq asmırsan ki mənə!
    Anamın susmağını istəyirdim. Onun nəinki iradlarını, hətta xoş sözlərini belə dinləyəcək halda deyildim indi.
    ─Gözlə, indi isti bir zoğallı çay gətirim.
    Anam sinini dolabçanın üstünə qoyarkən nəzəri telefona sataşdı:
    ─Telefonun səsini almısan? Zəng gəlir sənə.
    Doqquz buraxılmış zəng, yeddi oxunmamış mesaj ekranda görünürdü. Telefonu əlimə aldım. Düyməsini sıxıb, söndürdüm. Bir kənara atıb yenidən yorğanı başıma çəkdim. Hərəkətlərim anama qəribə görünsə də, heç bir sual vermədi.

    Yaxşı deyirlər ki, heç vaxt “Heç vaxt!” demə. Bir neçə gün əvvəl qərarımın qəti olduğuna əmin olduğum qədər bu gün də fikrimdə qəti idim.
    ─Asəf müəllim, mən çox düşündüm və qəti qərara gəldim. Təhsilimi Almaniyada davam etdirmək, dövlətimə, xalqıma faydalı olmaq istəyirəm, –deyərkən ağsaçlı dekan sevindiyindən alnımdan öpdü.
    ─Bilirdim ki, fikrindən dönəcəksən. Hər bir savadlı, bacarıqlı, istedadlı gənc Azərbaycanın gələcəyi deməkdir! Hamımız üçün xeyirli olsun!

    Bir çoxlarının yerimdə olmaq istədiyi, bəlkə hətta ürəklərində həsəd aparıb, bəxtəvər belə adlandırdığı mən, əvvəlkindən daha artıq deyib-gülməyimə, şən görünməyimə, dodaqlarıma saxta təbəssüm taxmağıma baxmayaraq, çox gərgin və fikirli idim. Şəhərdən, ölkədən qaçmaq istərkən, özümdən heç yerə qaça bilməyəcəyimi anlasam da, artıq günləri, hətta saatları sayırdım.
    Ümidlərimi itirdiyim gün sanki güvən hissimi də itirmişdim. Dalğın olduğumdan arxamdan gələnin ayaq səslərini, hənirtisini eşitməmişdim. Odur ki, qəfil qolumdan birisi tutunca diksindim. İçimə dolan qorxu, qaranlıq küçənin xofu bütün varlığıma hakim kəsildi.
    ─Yenə qorxutdum səni? –deyə gülümsəyən Rauf əlimi ovcuna aldı.
    Kobud şəkildə əlimi çəkdim.
    ─Hə, qorxutdun.
    Güldü:
    ─Sən ki həmişə ürəkli qız olmusan! Nədən qorxdun?
    ─…
    ─Sən özün bir bəlasan! Səndən qorxmaq lazımdır! Düşünmürəm ki, məndən başqa kiminsə sənə yaxınlaşmağa hünəri çata, cürət edə bilə.
    Həmişə zarafatla dediyi sözlər indi məni qıcıqlandırırdı:
    ─Elədirsə, o zaman sən də məndən uzaq ol! Başına bəla olmayım!
    ─Gecdir, sən artıq başımın bəlasısan! –gülümsəyib təkrar əlimi tutdu.
    Özümdən asılı olmadan əsəbi şəkildə:
    ─Toxunma mənə! –dedim.
    Çox az hallarda adımı deyərdi. Üzündəki təbəssüm bir anın içində çəkildi. Ciddi görkəm aldı. Soruşdu:
    ─Afət! Nə olub? Nə baş verir?
    Nəzərlərimi yayındırır, üzünə baxmaq istəmirdim:
    ─Heç nə.
    ─O zaman bu nə soyuqluqdur? Dünəndən bəri də nə zənglərimə, nə mesajlarıma cavab vermisən. Bu gün də bütün günü telefonun sönülü olub. Narahat qaldım, növbəmi uşaqlarla dəyişib səni görməyə gəldim.
    Susurdum…Həqiqətləri üzünə çırpmaq, hər şeydən xəbərdar olduğumu bildirmək, ürəyimdən keçənləri demək istəsəm də, susurdum… Şikarını parçalamağa hazırlaşan, pusquda durmuş pələng kimi idim, məqamımı gözləyirdim. Gözlərimin içinə baxaraq mənə utanmadan yalan söyləyən zabitin əynindəki mundirə nəzər saldıqca zabit şərəfinə and içdiyini xatırlayaraq həm qəzəblənir, həm də içimdə istehza ilə gülürdüm. Mənim üçün müqəddəs olan dəyərlərə bu qədər dəyərsiz yanaşan bir insandan daha nələr gözləyə biləcəyimi düşünürdüm.
    ─Başımın bəlası, nə olub axı, sənə? Niyə susursan? Məni gördüyünə sevinmədin?
    Üzündəki günahsız ifadəni, mülayim təbəssümünü gördükcə, mehriban səsini eşitdikcə bir insanın nə qədər saxta ola biləcəyini, riyakarlığının son həddini ağlıma sığışdıra bilmirdim. Əllərinin toxunuşu belə məndə ikrah hissi yaradırdı.
    ─Yox! Bir daha qarşıma çıxma! Səni görmək istəmirəm! Bir dəfəlik həyatımdan yox ol!
    Sanki sözlərimdən diksindi. Heç nə anlamayaraq qeyri –ixtiyari:
    ─Nə? –dedi, –Nə dedin?
    ─Düz eşitdin. Qarşıma çıxdığın, səni tanıdığım günə lənət olsun! Sənə baxdıqca ikrah hissi duyuram.
    Qürurunu, mənliyini alçatdığıma baxmayaraq, əsəblərinə hakim olmağı bacaran zabit təmkinini pozmamağa çalışırdı:
    ─Bu nə sözlərdir dilə gətirirsən? Öz dediyini özün eşidirsən?Dediyin sözlərin fərqindəsən?
    ─Deyə biləcəyim ən yumşaq ifadələrdir. Riyakarlığına, şərəfsizliyinə layiq sözlər tapa bilmirəm.
    Üzünün ifadəsi kimi, səsi də dəyişildi həmin an:
    ─Afət! Həddini aşırsan!
    Fərqinə varmadan səsimi yüksəltmişdim:
    ─Həddimi aşsam, nə olacaq? İç üzünü göstərəcəksən? Göstər! İç üzünü tanıdım, daha betərləri ilə məni təəccübləndirə biləcəyini düşünürsənsə, buyur.
    ─Səni tanıya bilmirəm, Afət…
    ─Mən isə səni yaxşı tanıdım, Rauf!
    ─Anlaya bilmirəm… Bir gecədə necə bu qədər dəyişdin? Nə baş verdi? Mənə qarşı kəskin dəyişilən münasibətinin səbəbini izah et, mən də öz qəbahətimin, günahımın nə olduğunu bilim. Bilərəkdən, bilməyərəkdən etdiyim səhvlərimə görə də səndən üzr istəyim.
    Dözməyib əsəbimdən güldüm:
    ─Səhv? Qəbahət? İki qızın hissləriylə birdən oynamaq səhv adlanır?
    ─İki?–təəccüblə üzümə baxdı,–Həyatımda yalnız sən varsan! İkincisi yoxdur!
    ─İlahi! Səmimiliyinə inandığım, dəyər verdiyim insan gözlərimin içinə baxaraq həyasızcasına nə yalanlar söyləməyə qadirmiş! Sən necə insansan, Rauf?! Axı, mən səni necə tanıya bilmədim!
    ─Peşman olacağın sözləri dilinə gətirmə, Afət!
    Hisslərimə hakim ola bilməyib əsəbimdən ağladım. Hirslə bağırdım:
    ─Artıq peşmanam! Səni tanıdığıma, sənə inandığıma, səni sevdiyimə peşmanam!
    ─Afət!
    ─Mən hər şeyi bilirəm. Nişanlı olduğunu, hər iki evdə toy hazırlıqları getdiyini bilirəm! İki qızın hissləriylə oynayacaq qədər şərəfsiz birisən! Sənə nifrət edirəm!!!
    ─…
    Gözlərimin içinə baxmağa cəsarəti çatmadığı üçün baxışlarını yerə dikib susan Raufa hələ də inanmaq istəyirdim. Özümü nə qədər ələ almağa çalışsam da, bacarmadım. Hönkürüb ağladım. Göz yaşlarında boğulsam da, səsimi yüksəltməyə özümdə güc tapdım:
    ─Niyə susdun? Susma! İnkar et! Nişanlı olmadığını söylə! Bütün dediklərimi təkzib et, yalan olduğuna inandır məni!
    ─Sakitləş, mən sənə hər şeyi izah edəcəm,–deyərək əlimdən tutmağa çalışdı.
    ─Nəyi izah edəcəksən? Başqa bir qızın barmağında sənin üzüyünü gəzdirdiyini inkar edəcəksən?!
    Divara sıxışdırılmış müqəssirlər kimi həqiqətləri etiraf etməkdən savayı əlacı qalmadı.
    ─Yox, … etməyəcəm…
    Son ana qədər Raufa inanmaq istəyirdim. Özümü aldatmağa çalışırdım. Anasının bizi ayırmaq üçün bu yalanları uydurduğuna özümü inandırmaq istəyirdim. Sevdiyim insanın yalanlarını qəbul etmək, həqiqətləri görməkdən daha asan gəlirdi mənə. Məhv olan arzularımın, yıxılan xəyal dünyamın səsi üzünə vurduğum şillə ilə diksindirdi, silkələyib oyatdı məni.
    Geriyə baxmadan, hönkürüb ağlaya-ağlaya qaçarkən Raufdan deyil, əslində, elə özümdən qaçırdım. Mənim üçün bitmiş münasibətlərin son həddinə gəlib çıxmışdım. Yanağında buraxdığım əlimin izi ilə bu sevginin ayrılıq fərmanını verib, möhürünü də basmışdım.
    Arxamca qaçıb gələn Raufun məni tutub saxlamaq cəhdləri boş idi. Var gücümlə qaçmaqdan dizlərimdə taqət qalmamışdı. Təngnəfəs idim. Qolumdan yapışıb dartdı:
    ─Afət! Məni dinlə! Hər şey sənin düşündüyün kimi deyil! Bilmədiyin çox şey var… İcazə ver sənə hər şeyi izah edim… Qulaq as mənə! Mənə inan, mən hər şeyi yoluna qoymağa çalışacam. Sadəcə zaman ver! Səni çox sevirəm! Sənin də məni sevdiyini bilirəm. Bu şəkildə münasibətlərimizə son qoya bilməzsən! Evlənəcəyim qız varsa, o da sən olacaqsan!
    Yanaqlarıma süzülən göz yaşlarım, pıçıltı ilə dediyim sözlər vidamız oldu:
    ─Bir daha məni axtarma! Bir daha qarşıma çıxma! Bitdi…

    Hələ orta məktəbdə oxuyarkən “İnsan və cəmiyyət” dərsində müzakirəyə çıxarılan məhəbbət mövzusu ilə bağlı mənim də fikrimi bilmək istəyən tarix müəllimimizə “Ən böyük sevgilər həyatda olmur, yalnız bədii ədəbiyyatda, filmlərdə olur. Leyli və Məcnun, Romeo və Cülyetta aramızda yaşasaydılar, kim bilir, bir müddət sonra ayrılardılar bəlkə” –deyə cavab vermişdim. Və yekun olaraq, özüm üçün belə bir qənaətə gəlmişdim ki, eşq zirvəsinə yüksələn hər sevginin yolu ayrılıq və ölümdən keçir.
    Sevirdim… Həyatımda ilk dəfə sevirdim… Bütün varlığımı, ruhumu bu sevgiyə təslim etmişdim. Hər kəs sevməyi bacarmır, sevməyi bacarmaq fərqli ürək sahibi olmaqdır, deyirlər. Sevə bilmək bacarığımı özümdə kəşf etdiyimə görə, ən azından bu hissi anlamağıma, yaşamağıma, həmçinin həyata gözlərimi açıb, insanların xislətini aşkarlamağıma səbəbkar olan Raufa minnətdar idim. Sayəsində, həyatın şilləsini dadıb sadəlövh birindən bir daha insanlara inanmayacaq, güvənməyəcək bir insana çevrilməkdə idim.
    Yorğun olduğumu, başımın ağrıdığını bəhanə edərək, yatağıma uzanıb yorğanı başıma çəkmişdim. Anam, nənəm ağladığımdan xəbər tutmasınlar deyə, üzümü göz yaşlarımdan islanmış yastığımda gizlədirdim. Eh, kimi aldadırdım! Aldatmaq istəyən də, aldanan da elə özüm idim.

    Ertəsi günü Raufla qarşılaşmamaq üçün axırıncı dərsdən icazə alıb evə getdim. Yazıb- yazmayacağını maraq etdiyimdən telefonu yandırsam da, mesajları oxuyub heç birinə cavab yazmır, zənglərə isə cavab vermirdim; ikinci zəngdən sonra isə söndürüb sanki kiminsə görəcəyindən ehtiyat etdiyim üçün ya çantamda, ya da yastığımın altında gizlədirdim. Təsadüfən pəncərəyə yaxınlaşan zaman Raufun qonşu evin divarına söykənib nəzərlərini pəncərəmizdən ayırmadığının da şahidi olmuşdum. Bir anlıq beynimdən inad etdiyim üçün qapını döyüb evə gələ və anamın yanında belə məndən hesab sora biləcəyi fikri keçdiyindən ehtiyat etdim, lakin sonra heç vaxt buna cəsarəti çatmayacağına özümü inandırdım.

    Son bir neçə gündə mühazirələr mənə daha ağır gəlirdi, heç on dəqiqə keçməmiş yorulur, diqqətim yayınırdı. Nə qədər diqqətimi toplamağa çalışsam da, əlimdə deyildi. Hətta ən sevdiyim fənlər belə mənə maraqsız görünməyə başlamışdı. Dərs başlamadan onun bitməsini, günün sonunu gözləyirdim. Əsəblərim çox gərgin idi. Son günlər baş verənlər, dünən axşam anamla aramızdakı çətin söhbət, bir yandan da hələ ölkəni tərk etməmiş duymaqda olduğum həsrət qəlbimə təsirsiz keçməmişdi.
    Tənəffüs olsa da, çox zaman auditoriyadan çıxmazdım. Bufetə də nadir hallarda düşərdim.
    Tələbə yoldaşım otağa daxil olub dedi:
    ─Afət! Bu xanım deyəsən səni axtarır.
    Qapı ağzında dayanmış qızı heç vaxt həyatda görmədiyimə baxmayaraq, dərhal tanıdım. Bu həmin qız idi. Şəkildə gördüyüm, Raufa qısqandığım qızı nə vaxtsa qarşımda görəcəyimi ağlıma belə gətirməzdim.
    Səsi də özü qədər incə və lətafətli idi:
    ─Salam. Afət xanım sizsiz? Sizinlə söhbət etmək istərdim. Mən…
    Kim olduğunu söyləməsinə imkan verməyib sözünü kəsdim:
    ─Aşağı düşək.
    Rahat söhbət edə bilmək üçün pilləkənlərlə bufetə endik. Ən axırdakı masalardan birini seçdim. Çay və şokolad sifariş verib qızla üzbəüz keçib oturdum.
    Allahın əhvalının ən xoş vaxtında xəlq etdiyi bu qızın gözəl üz cizgilərinə, uzun və sıx kirpiklərinin arasından bir cüt ulduz kimi parlayan qara gözlərinə, uzun saçlarına nəzər saldıqca onun zərifliyinə, incəliyinə qızlığımla heyran qalırdım. Etiraf edim ki, hətta içimdə ona qarşı bir həsəd də baş qaldırdı. Özlüyümdə düşünür, özümlə onu müqayisə edir, vaz keçilməyəcək bu gözəllikdən Raufun imtina etməyəcək qədər ağılsız olmadığını anlayırdım. Başını aşağı salıb susan qıza, nədənsə birdən yazığım gəldi. Rəqibinin qarşısına çıxıb öz qürurunu, mənliyini alçaldan bir qızın mənə nə deyə biləcəklərini ehtimal edirdim.
    ─Sizi dinləyirəm.
    ─Mən…
    ─Kim olduğunuzu söyləməyə ehtiyac yoxdur. Bilirəm…
    Sözə necə başlayacağından çəkinən qızın qarşısında özümü ailə dağıdan biri kimi günahkar hiss etməyə başlayırdım. Qeyri-ixtiyari barmağına nəzər saldım. Üzük taxmamışdı.
    ─Sizinlə görüşmək öz qərarımdır. Raufun bundan xəbəri yoxdur.
    ─Aydındı…Arxayın olun.
    ─Raufla aranızdakı münasibətlər məni narahat etdiyi üçün görüşmək və hər şeyi aydınlaşdırmaq istədim.

  • Şəfaqət CAVANŞİRZADƏ.”Hakim əmi, azadlıq” (Hekayə)

    Gah birinci mərtəbədə yaşayan qonşusu – təxminən yaşı qırxı keçmiş qarınlı, üzü azca tüklü, qalın dodaqlı, burnu incə, uzunboylu yekəpər kişiyə, gah blokun çıxacağına, gah da bir az cəsarətini toplasa evinə; üçüncü mərtəbəyə aparacaq pilləkənlərə baxırdı. Anası onu çörək almağa göndərmişdi. Daha doğrusu, atası işə gecikdiyi günlər on yaşlı Nilufər onun əvəzinə yaşadığı beşmərtəbəli binanın altındakı marketdən çörək, artıq qalan pulla özünə şokolad, ya da saqqız alardı. Bir həftədən çoxdu çörək almağa könülsüz gedirdi. Hər səhər qorxduğu yekəpər qonşusu onu blokun ağzında qarşılayırdı. “Dayı” dediyi yekəpər o biri qonşular kimi baxmırdı ona…
    Qonşu binada cavan gəlin var, qaranlıq düşənəcən tək yaşayır. Gecənin bir vaxtından sonra yenidən tənha qalırdı. Hər gün otağının pəncərəsindən və ya həyətdə rəfiqələriylə oynayanda, o cavan gəlini kimsə bahalı maşınla evinə gətirəndə görürdü Nilufər. Həyətdəki kişilər bu yekəpər kişi kimi baxırdı o gəlinə. Bu baxışlar o baxışlara çox bənzəyirdi. Yaşıdlarından bir az hündür olan Nilufər günlərcə onu gözləyən yekəpərin yanından keçəndə, kobud əliylə onun hələ yetişməmiş sinəsini koftasının üstündən əlləməyə çalışması qızı iyrəndirmişdi. Yekəpərin bir əli şalvarının cibində, bir əli qız uşağının sinəsində, qarnında gəzirdi. Qolsuz köynəyinin yaxasının üç düyməsini əvvəlcədən açıb tüklü sinəsini qıza göstərir, təzə düzəltdirdiyi dişlərini ağardırdı.
    -Günorta gəl bizə, dayı sənə qonaqlıq versin. Xalidə xalan da evdə olacaq, qorxma…
    Yazıq qız özünü yekəpərin əlindən bacardığı qədər tez xilas edər, çörəyi alandan sonra küçədən kiminsə binaya girməsini gözləyərdi ki, o adamla daxil olub, tez evlərinə qaça bilsin.
    Nilufər iki daşın arasında qalmışdı. Anasına “Çörək almaq istəmirəm” desəydi, çox sual verəcəkdi. Atası neçə dəfə deyəndə eşitmişdi “Anası tərsdi”…
    Bu gün yenə atası işə gecikmiş, yenə çörəyi Nilufər almalıydı. Anasından pulu aldıqdan sonra evdən çıxdı, qapını astaca örtməyə çalışdı, alınmadı. Unutmuşdu, seyf qapıydı, avtomatik özü bağlanır, açarın yoxdursa, kimsə içəridən açmalıdır.
    Aşağı mərtəbədən qapının açılıb-örtüldüyünü eşidən qızcığaz qorxdu, pulu şalvarının cibinə qoyub qapını döydü. Elə bildi, yekəpər kişi gəlib qolundan dartacaq, evinəcən sürüyəcək. Uşaq yaddaşı güclü olur. Yekəpərin indiyəcən etdiklərini gözünün qabağına gətirəndə, qorxu vücudunu titrədirdi. Yasəmən qapını açdı, qızını əliboş gördü.
    -Hələ çörək almamısan?
    -Yadımdan çıxıb, pul içəridə qalıb.
    -Göyərti də alarsan. – Yasəmən mətbəxə keçdi.
    Hamamla mətbəx yanbayan olduğundan Nilufər üçün hamamda anasını gizlicə güdmək asanıydı. Anası eyvana paltarları sərməyə çıxanda mətbəx qapısını astaca örtdü, dovşan bəzəyi vurulmuş evdə geyindiyi şəpşəpinin birini götürüb evin qapısını açdı. Şəpşəpini qapıyla bağlanan yerin arasına qoydu. Asta addımlarla ikinci mərtəbəyəcən düşdü. Birinci mərtəbədən yenə açılıb-bağlanan qapı səsini eşitdi. Deyəsən, yekəpər onun aşağı düşməsindən əlini üzmüşdü. Nilufər yekəpəri yaşadıqları binaya yaraşdırmırdı. Bir gün qəfildən yekəpərin yoxa çıxması ən böyük diləyidir. Qızcığaz üç pilləkən də aşağı düşdü. Dili ağzında titrəyə-titrəyə ürəyində Allaha yalvarırdı. Əllərini iki döşünün arasında yumruq formasında birləşdirmişdi. Yekəpərin qapısı qonşu qapısıyla üz-üzəydi. Qapının yanına çatdı, nəfəs almağı saxladı. Dabanını qaldırıb pəncəsinin üstündə qapının yanından keçməyə çalışdı. Neçə il həbsdə yatmış, azadlığı həsrətlə gözləyən məhbus kimi hiss elədi özünü. Niyyəti baxışları qədər qorxulu olan yekəpərin ucbatından uşaq düşüncəsini də itirmişdi. Yaşıdlarıyla oynamaq da istəmirdi.
    Qapı açıldı, yekəpər qonşu qapı ağzında göründü.
    -Sabahın xeyir, gözəlim. – Kobud səsiylə getmək istəyən uşağın ayaqlarını dayandırmağa məcbur etdi.
    Qorxu elə hissdir ki, ya getmək istəyərsən, gedə bilmərsən, ya elə bilərsən ayaqların yerli-dibli yoxdur, ya da ürəyinin dayanmasını arzulayarsan.
    Nilufər yekəpərə baxdı. Qız onun gözlərində niyyətini, o, isə qızın gözlərində qorxunu oxudu.
    Nilufər ayaqlarını tərpədə bilmirdi. Göz bəbəkləri böyümüşdü. Əclaf yenə dişlərini ağartmış, yenə ağzında dili göbəyiylə birlikdə səssiz hərəkət edirdi. Bu dəfə yekəpər istəyini bir az da qabartdı. Astaca qıza yaxınlaşdı, kobud əlləriylə uşağın çanağını sığalladı.
    -Pambıqdır. Bu dəfə səni buraxmayacam. – deyib qəfildən qızın belini qucaqladı, hərəkətsiz ayaqlarını yerdən göyə qaldırdı.
    Qorxusu Nilufəri qışqırmağa sövq etdi. Necə qışqırdı, qızcığaz özü də anlamadı, yekəpər də… Hər dəfə qıza toxunanda hədələmək susması üçün birinci silahıydı. Bunu gözləmirdi, cəld qızı yerə atdı, evinə girib qapısını bağladı. Qızın iki qıçının arasından boz şalvarının islandığı açıqca bilinirdi. Hər səhər Nilufər anasının tapşırığıyla iki stəkan su içirdi. Rahatladıqca qız döşəməyə baxır, sidiyi beton pilləkəndən pilləkənə süzülürdü. Ayağa çətinliklə qalxdı, axsayırdı. Axsaya-axsaya pilləkənləri bir-bir yuxarı çıxdı. Evin qapısı bağlanmamışdı. Qapının ağzına gələndə dizləri büküldü, taqəti qalmamışdı, səsli ağladı. Yasəmən qızının səsinə mətbəxdən çıxdı. Şəpşəpini ayağıyla kənara çəkib qapını tam açdı. Qızını yerdə görəndə həyəcandan dili-dodağı əsdi.
    -Nili, sən niyə yerdəsən? Nə olub?
    Nilufər anasına cavab verəcək halda deyildi. Anası onu ayağa qaldırmaq üçün qolundan tutdu.
    -Hamama keç. Sakitləş, ağlama.
    Nilufər anasıyla hamama keçdi, qızının axsadığını görən ananın ağlına pis heç nə gəlmədi.
    -Harda yıxılmısan?
    Nilufər yenə cavab vermirdi. İslatdığı şalvarına baxırdı. Yasəmən hamamdan çıxdı, bir qədər keçdikdən sonra əlində iki dərman, bir stəkan suyla qayıtdı.
    -Bunu iç, özünə gəl. Rəngin-urfun da qaçıb.
    Nilufər anasının dediklərini edirdi. Onun istəyiylə şalvarını, güllü tumanını çıxartdı. Ana suyla qızını beldən aşağı yuduqdan sonra məhrəbanı belinə doladı. Mətbəxə keçdilər. Qız stulda oturana qədər ağlayırdı, danışa bilmirdi. Yasəmənin narahatçılığı artırdı. Qızı yıxıldığına görə ağlayana oxşamırdı.
    -Qızım, nə oldu axı? De görüm kim qorxudub səni?
    Qız susduqca ana təmkinini pozmamağa çalışırdı, suallarını təkrarladı.
    -Nili, mənə bax. Bax mənə… Nə olub? Kimdən qaçmısan?
    Qız anasının gözlərinə, sonra sağa əyilib evin qapısına baxdı. Bağlı olub-olmadığını dəqiqləşdirmək istəyirdi.
    -A-na…
    -Haycan
    Nilufər anasını qucaqlayıb başını qarnının üstünə qoydu, yenidən ağladı. Yasəmənin hövsələsi daralırdı.
    -Qızım, nə olub? Qorxma, danış. Atanı çağıracam, qorxma.
    Yasəmən qızının gözlərinə baxdı.
    -Anan qurban, de görüm nə olub?
    Nilufər içini çəkə-çəkə dedi:
    -Ana, aşağıdakı dayı məni …
    Anası gözlərini bərəltdi:
    -Hansı dayı? – Qızının cümləsini bitirməyinə hövsələsi çatmadı…
    Yasəmən ərinin axşam gəlməsini gözləyə bilmədi. Aşağı düşüb “Şərəfsiz” dediyi qonşusunun da payını verə bilməzdi. Qızının adına söz gələ bilərdi. Şəhərdə insanlar arasında baş verənlər tez unudulur, bilirdi. Yenə də olmaz. Heç kim qızının başına gələnlərdən xəbər tutmamalıdır. Adamı ikisi istəyəndə, üçü istəmir. Bax, o üçü heç vaxt heç nəyi unutmayacaq. Lap istəməyən üç adam da hər şeyi başa düşdü. Yasəmən qadınıydı, yekəpərə güc gələ bilməzdi.
    Ev telefonuyla ərini yığdı. Əvvəlcə sakit, sonra ağlayaraq danışır, üstəlik, yumruğuyla sağ budunu yüngülcə döyəcləyirdi.
    Nilufər başqa şalvarı əynində, yatağında əyləşmiş düşünürdü. Daha ağlamırdı. Atasının onu danlayıb-danlamayacağını fikirləşirdi. Anasına deməkdə düz hərəkətmi elədi? Bəs deməsəydi? Qonşudakı gəlini gözünün qabağına gətirdi… Xəyalında ancaq o canlanırdı.
    Bir saat keçməmişdi, Nilufərin atası binaya daxil oldu. Birinci mərtəbədə ayağını saxladı. Yekəpərin qapısının ağzındakı döşəməyə baxdı. Döşəmədən qızının sidiyi hələ də qurumamışdı Qan atanın başına vurdu. Pilləkənləri bir-bir qalxdı, evinin qapısını ara vermədən döyürdü. Yasəmən qapını açan kimi yalvarmağa başladı. .
    -Qurban olum, Turan…
    Turan qoluyla arvadını itələdi.
    -Çəkil.
    Mətbəxə keçib stolun üstündən bıçağı götürdü. Qapının ağzında Yasəmən qabağını kəsdi.
    -Qurban olum, Turan, qoy o bıçağı yerə. Sonra hamı biləcək, qızımızın adına söz gələcək.
    -Düzünü de, qıza toxunub eləməyib? Bax ha, Yasəmən, mənə yalan danışma. Düzünü de.
    Turan suallarına ürəyinəyatan cavab eşitmək istəyirdi. Qızı otağında ona baxırdı. Turanın gözü qızına sataşdı, susdu. Nilufər ağlayırdı. Atasından utanırdı, yenə də gözlərinə dik baxmaya bilmirdi. Yasəmən ərini sakitləşdirmək, bıçağı əlindən almaq üçün danışırdı.
    -Qurban olum, tutaq ki, onu öldürdün. Hə, nə olacaq? Sən türməyə düşəcəksən, hamı biləcək. Sonra bizi barmaqla göstərəcəklər. Mən sabah o vırılmışın arvadıyla danışaram. Ya onlar köçər, ya da biz. Qonşu binada yaşayan gəlini də deyirlər pis yola çəkiblər. Hamımız ona ağzımıza gələni demirikmi? İstəyirsən qızımız da onun kimi olsun?
    Turan qızına baxıb susurdu, gələcəkdə onu hansı fəlakətlərin gözləyəcəyini gözünün qabağına gətirdi. Qızını qonşuluqdakı gəzəyən gəlinin yerinə qoydu. Yekəpərin onun qolundan tutub evinə apardığını, qızının gülüşlərini təsəvvür elədi. Təsəvvür elədi və iyrəndi.
    -Nə danışırsan, az sən? Çəkil qabağımdan.
    -Yalvarıram əlini mundarın qanına bulama.
    -Öldürməyəcəm, başa salacam. Ya o, ya biz.
    -Onu başa salmaq olar? Ayı boydadır.
    Nilufər xəyalında yekəpərlə atasını müqayisə elədi. Atası ortaboy, qoldan elə də güclü kişi deyildi. Yekəpərin dərsini necə verəcəkdi? Atası anasının yalvarışlarına məhəl qoymadı, əlində bıçaq evdən çıxdı. Anası onun arxasınca qaçdı. Seyf qapının örtülməsiylə qızcığazın çömbəlib dizinin üstündə oturması bir oldu. Baş barmağının dırnağını yeyərək qapının o tərəfində baş verənlərin nəticəsini gözləməyə başladı.
    Turan qonşusunun qapısını yumruqlayırdı.
    -Aç qapını, ay oğraş. Aç… Şərəfsiz…
    Yasəmən onu sakitləşdirmək üçün əliylə ağzını yumurdu.
    -Ay Turannn…. Sus, camaatdan ayıbdı.
    Turan arvadının əlini itələdi
    -Səndə çəkil o tərəfə.
    Qapı açıldı, yekəpər qonşu evdən çıxdı. Arvadı da qapı ağzında dayandı.
    -Nə olub ə? Meşədəsən?
    Turan bıçağı yekəpərin qaraciyərinə vurdu. Bir zərbədən nəfəs almağı çətinləşdi. Turan üç-dörd iri addım geri, blokun qapısınacan getdi.
    -Nə iş gördün, Turan? – Yasəmən əlləri havada yekəpərə baxırdı, Yekəpərdən əvvəl onun siması meyid rəngi almışdı.
    Yekəpər bıçağın sapından yapışdı. Bıçağı çıxarmağa çalışırdı, bacarmadı, sağ böyrü üstə bağıraraq yerə sərildi. Ağzından axan qan qurumamış sidiyin üstünə axdı. Gözləri sidik izinə, axan qanına baxa-baxa qaldı, əbədi bir nöqtəyə zilləndi.
    Yekəpərin arvadı barmaqlarıyla çənəsini sıxıb qışqırmağa başladı. Gözlərini Turana zilləyib:
    -Qatil… Qatiiil… – qışqırırdı.
    İndiyəcən ona xoş gün göstərmədiyi ərinin yoxluğuna görə fəryadı onu eşidənləri yavaş-yavaş meyidin ətrafına yığdı. Turan qaçmamışdı. Hamı kimi polisin gəlməyini gözləyirdi…
    Nilufər otağında ədyalını başına çəkib üzünü gizlətməyi özünə çıxış yolu bilirdi. Yorulmuşdu, evlərinə gələn qonşular onu soruşur, qohum-əqrabalar üzünə yazıq-yazıq baxırdılar. Təsəlli etmək üçün deyilən xoş sözlərin, yekəpərin arxasınca oxunan lənətlərin heç birini səmimi qəbul eləmirdi. Axı birinci mərtəbədən onun qapısı ağzından keçən yeganə uşaq o olmamışdı. Bəlkə onların da qızları əlləşdirilib, oğlanlarına toxunulub?
    Kişilərin atasını “namus qəhrəmanı” adlandırması Nilufəri iyrəndirmişdi. Xəbərlərə baxa bilmirdi, kanallardakı aparıcılar atasından danışırdılar. Sosial şəbəkədə atasının şəkilləri paylaşılırdı. Qadınlar anasına atasının şəkillərini göstərirdi, elə bil hamısı anasının qatil əriylə fəxr etməsini bərk-bərk tapşırırdı. Ana-bala yaxşı bilirdi, söhbətlər hakimin atasına verdiyi cəzaya qədər davam edəcək, sonra başqa yerlərdə başqa hadisələr olacaq, atası o hadisələrin içində unudulacaqdı…
    Məhkəməyəcən Nilufər uşaq ola bilmədi, çünki uşaq kimi düşünə bilmirdi. Niyyəti həyata keçmişdi, yekəpər dünən torpağa tapşırılmışdı, qorxusu da qalmamışdı. Saçları dümağ olmuş yaşlı hakim onu səslədikdən sonra üzünə baxa bilmişdi. Hakim üzünə gülümsəyirdi.
    -Qızım, baş vermiş hadisəni bizə danışa biləcəksən?
    Hakim qarşısındakı qızcığaza qarşı həssasıydı. Qızın gələcəyi üçün jurnalistlərin məhkəmədə iştirak etməyinə qadağa qoymuşdu. Jurnalistlər yenə də məhkəmə binasının qarşısında gözləyirdilər.
    Nilufər susurdu. Hakim sualını təkrarladı.
    -Qızım, özünü yaxşı hiss edirsən?
    Nilufər kövrəldi.
    -Yaxşıyam, hakim əmi.
    “Hakim əmi” deməyi hakimin də xoşuna gəldi.
    Nilufər sağ tərəfdə əli qandallanmış atasına, sonra anasına baxdı. İkisinin də gözləri ağlamaqdan qızarmışdı. Neçə gündür anası yemək yeməyi yadından çıxartmışdı. Onsuz da incə xanımıydı, beli ərə getməyən qızın belindən seçilmirdi. İndi bir dəri, bir sümük qalmışdı.
    Nilufər hakimə baxdı.
    -Sizdən bir xahişim olacaq, hakim əmi.
    -Buyur, qızım.
    -Hakim əmi, icazə verin, jurnalistlər də burda olsunlar.
    Hər kəs təəccübləndi.
    -Mən jurnalistlərə sənə görə icazə vermədim.
    -Xahiş edirəm, hakim əmi.
    Hakim yanındakı köməkçilərə baxdı, sonra qapının ağzında dayanan nəzarətçiyə göstəriş verdi
    -Juranlistləri çağırın.
    -Çox sağ olun. – Nilufər neçə gündür az sonra danışacaqlarını əzbərləmişdi
    Jurnalistlər gəldi, televiziyadan gəlmiş iki operator kameranı qoşdu. Hər kəs balaca qızın nə danışacağını səbirsizliklə gözləyirdi. Nilufər hakimə baxdı.
    -Peşmanam, hakim əmi.
    Hakim maraqla qıza baxdı. Nilufər davam elədi.
    -Anama o adamın elədiklərini deməyə peşmanam. Hakim əmi, siz mənim atamı türməyə salsaz, anamla tək qalacam. Heç kim bizi axtarmayacaq, maraqlanmayacaq. Kaş, anama heç nə deməyəydim.
    -Sonra necə oldu dedin?
    -O adam hər gün qabağımı kəsirdi. O adamın baxışlarından qorxurdum. Məni hədələyirdi. O gün məni məcbur evinə aparmaq istəyirdi. Qışqırdım, Hakim əmi. Qorxdu, evinə girdi. Yenə də anama danışmaq istəmirdim. Qorxumdan danışdım. Anama danışmasaydım, nə olacaqdı, bilirsinizmi?
    -Nə olacaqdı? – hakim soruşdu.
    -Neçə gündür bizə gələnlərin hamısı atamı tərifləyir. Atam təriflənirsə, deməli, yaxşı adamdır, hə hakim əmi?
    -Atan səni çox istəyir, qızım.
    Nilufər sualını təkrarladı.
    -Atam yaxşı insandı, hakim əmi?
    -Atan səni çox istəyirsə, deməli, yaxşı insandı.
    Nilufər hakimin cavabını təsdiqlədi.
    -Mənim atam doğrudan yaxşı insandır, hakim əmi. Sinif yoldaşımın atası kimi oğlu olmadığına görə anamla dalaşmır.
    Nilufər bir qədər susduqdan sonra davam elədi.
    -Hakim əmi, bizim həyətdə bir qadın yaşayır. Anam deyir, o qadın uşaq olanda yoldan çıxardıblar. Qonşuların hamısı ona pozğun deyir.
    Zalda adamlar arasında pıçhapıç başladı. Hakim zaldakılara səsləndi.
    -Sakit… Davam elə, qızım.
    -Hakim əmi, anama deməsəydim, böyüyəndə mənə də pozğun deyəcəkdilər. Qonşular, bu gün atama qəhrəman deyənlər, sussaydım, gələcəkdə ona pozğunun atası deyəcəkdilər. Mən indi uşağam. Anam işləmir. Bizim evdə təkcə atam işləyirdi. Siz atamı türməyə salsaz, anamla mənim halım necə olacaq, hakim əmi?
    Hakim də kövrəlmişdi.
    -Belə danışmağı sənə kim öyrədib, qızım?
    -Bizə gələnlər pozğun qonşudan danışırlar, hakim əmi. Yalvarıram, hakim əmi, atamı azad eləyin.
    Nilufərin ayaqları əsirdi. Hiss edirdi danışa bilməyəcək. Onun titrəməsi hakimin nəzərindən qaçmadı.
    -Əyləşə bilərsən, qızım.
    -Mənə söz verin, hakim əmi, atamı tutmayacaqsız. Atam yaxşı insandır. Hamı atama “yaxşı insan” deyir.
    Zalda əyləşmiş mərhum yekəpərin arvadı da ağlayırdı. Uşağın dedikləri qəlbinə toxunmuşdu. Birdən kimisi təlaşla ayağa qalxdı, kimisi oturduğu yerdə boğazını uzadaraq “baaa” … “boooy” … “ədə qoymayın” … səs-səsə verdilər.
    Turanla arvadı “qızım” qışqırdılar. Yasəmən qızının yanına qaçdı. Hakimlə köməkçiləri də ürəyi getmiş Nilufərin yanına gəlmək üçün ayağa qalxdılar.
    Nilufər gözlərini açanda məhkəmə zalında deyildi. Hakimin otağındaydı, yanında ata-anası…
    Atasına sarılmaq üçün qollarını ona tərəf uzatdı. Turan qızını bağrına basdı, qızı boynuna qollarını sarıdı…
    İlk dəfə bu ölkədə möcüzə baş vermişdi… Rüşvətdən işıq surətiylə uzaq, ölünün günahkar, öldürənin günahsız olduğu sübut olunmuşdu.
    Nilufərlə yaşıd bir-neçə qonşu qızları da Yekəpərin baxışlarından valideyinlərinə, valideyinləri də növbəti məhkəmədə hakimə söyləmişdilər.
    Hakim əmi Turanın azadlığa çıxmasına qərar vermişdi. Mərhumun arvadı şikayətini geri götürmüş, əksinə, o kişidən yaxşı gün görmədiyini, əlinə çox pul keçəndə gecə evə özündən çox kiçik qadınları gətirdiyini etiraf eləmişdi.
    Gələn qadınların arasında xatırladığı təkcə on dörd yaşında qadın həyatı yaşamağa məhkum edilmiş uşağıydı.

  • Şəfa EYVAZ.Yeni şeirlər

    ***

    sən, küçə tinində
    boynunu buran qadın.
    elə gözəlsən ki…
    küçə işıqları belə
    çəkir paxıllığını.
    sənin işığındı bu yola düşən
    hər kəs dönüb baxır.
    küçə işığından parlaq təbəssümünə…
    sən, küçə tinində
    tənha ürəyini kiridən qadın
    baxma, bu insanlar
    heyran-heyran baxır
    gözəlliyinə…
    hər baxış təkliyinə
    tuşlanmış oxdu,
    boş ver, yaşa qəmini
    sənin gözlərini görən ki yoxdu…

    ***

    Mənə dözüm ver, qoca dünya, dözüm,
    Mən dözə bilmirəm dərdinə sənin.
    Kim dözüm itirib?
    axtarım, gəzim,
    Mən dözə bilmirəm dərdinə sənin.
    Hər adamın öz yükü var çiynində,
    Söz qananın söz yükü var çiynində,
    Mən qəribin duz yükü var çiynində,
    Mən dözə bilmirəm dərdinə sənin.
    Bu dərzinin iynəsi nə, sapı nə?
    Dərdi biçib tərs geydirib əynimə.
    Dar biçilib, boğuluram içində
    Mən dözə bilmirəm dərdinə sənin.
    Buz tutur getdikcə dodağım, gözüm,
    Öz tüstümə boğuluram mən özüm.
    Mənə dözüm ver, qoca dünya, dözüm…
    Dözmək istəyirəm dərdinə sənin!

    Mən

    Mənə ümid verib yarıda qoydun…
    İçimdə dağıldı arzularım da…
    Gözü yolda qaldı yetim ümidin…
    Bir də bu ümidə bələnmərəm mən.
    Qəlbimdə boy verən güllərim solub,
    Həsrətdən yük tutan gözlərim dolub..
    Bulud olub, yağış olub, qar olub
    Keçdiyin yollara çilənmərəm mən.
    Doğma gözdən yad baxışla gülümsə…
    Diri cana qənim gəlmiş ölümsən.
    Lap ac olsam, evsiz olsam, sürünsəm…
    Səndən eşq-məhəbbət dilənmərəm mən.

    ***

    Yağırsan, yağışım
    Damla-damla
    Göy üzündən,
    Gözlərimdən,
    Baxışımdan…
    Yağırsan, yağışım
    İsladırsan həzin-həzin
    Yer üzünü,
    Göy üzünü,
    Üst-başımı…
    Yağırsan, yağışım
    Silirsən pəncərəmdən
    Əl izimi,
    Ad yazımı,
    Naxışımı…
    Yağırsan, yağışım
    Gözləmirsən yığam gedəm
    Bu yağışlı yer üzündən
    Taleyimi,
    Ürəyimi,
    Ruhumu…

    ***

    Bütün şəhər Sənə bənzəyən insanlarla doludu…
    Və mən indi Sənə bənzəyən üzlər arasında
    tamamilə tənhayam,
    Bilirsənmi?
    Bir həsrətə dözə bilməzkən
    Hər saniyə Səninlə üz-üzə gəlmək…
    İntihar etmiş məsumiyyətin
    Göy üzündə asılı qalan
    Son iniltisini duymaq kimidi…

    ***

    Gülümsəyib keçmək lazımdı bəzən həyata,
    Sadəcə gülümsəmək.
    Tüpürüb ağrılarına,
    Səni ağrıdanlara da
    Qucaq-qucaq,
    buket-buket gülümsəmək.
    Əllərini tutmayan
    Soyuq əllərə inad,
    Ürəyindən gəlməyən
    Bir “salam”ı
    verməyə üşənən dillərə inad
    Gülümsə!
    Kədər səndən böyük ki deyil…
    Əslində yazdıqların
    Körpə ürəyinin iniltisidi.
    Yad qulağa xoş gələn
    hüznlü sətirlərin
    Yaralı hisslərin əsintisidi.
    Bütün bunları bilən varmı ki?!
    Gülümsə!
    Çəkdiyin acının tərənnümünə
    Bər-bəzək geydirib, “şeir” deyirlər.
    Bəlkə də sən başqaları –
    Elə lap yadlardan yad adamlarçün
    Şairsən.
    Sıyrılıb doğmalıq təbəssümündən
    Saxta təntənəylə
    Adının yanına "şair" deyirlər.
    Ya elə olsun, ya da ki belə
    Bütün cəbhələrdə sən hələ təksən,
    İndi nə anlamı var ki?
    Nə deyirlər, desinlər…
    Gülümsə,
    Şair, gülümsə!

    Qorxu…

    Qorxaq doğulduq bu həyata…
    qorxaq.
    daha gözümüz açılmadan
    üsyan etdik həyata, qorxularla
    səsimizlə…
    qorxduq həyatın bizə hazırladıqlarından…
    bəlkə daha doğular-doğulmaz,
    əl-ayağımıza vurulan buxovlar qorxutdu bizi…
    həyat bu olsa gərək…
    bizi azadlıqdan ayıran bələk.
    bəlkə də.
    Qorxaq doğulduq həyata…
    yetmədi, qorxaq böyüdük…
    uşaqkən əllərimizə vurdular
    öyrənmək istədiyimizə toxunduğumuzda,
    istiyə toxunduq… oddan qorxduq,
    yıxıldıq, yeriməkdən…
    həyata ilk addımlar atdığımızda.
    Qorxaq doğulduq həyata…
    qorxduq.
    qarşımıza çıxan təpələri dağ sandıq,
    kiçicik baryerləri yüksək divarlar…
    öyrəndik lazımsızları gözümüzdə böyütməyə
    beləcə aldandı gözlərimiz də…
    qorxaq böyüdük…
    Qorxmamaq lazımdı halbuki…
    qorxmamaq.
    barmağımızı çatdıra bildiyimizə həyatımızla tutunmaq
    savaşa bilmək əllərimizi yandıran odla,
    mübarizə aparmaq dizimizi sıyıran
    daşla-torpaqla…
    yenmək qorxularımızı
    irəliyə addımlamaq, ancaq irəli
    hətta bəlkə həyatımız bahasına…
    bacarmadıq…
    Biz həyata qorxaraq doğulduq…
    qorxaraq böyüdük…
    qorxaraq öləcəyik
    Əcəl adlı zəngin son sədasından…
    nə idi qorxu, qorxmaq?!
    Bəlkə də qorxmaq, qorunmaqdı yox olmaqdan…
    kim bilir???

  • Şəfa VƏLİYEVA.”Şimşək ana” (Hekayə)

    Göyə baxmaqdan qorxurdu. Qara buludların bir-birinin üstünə şığımasını, qılınclarını siyirib xartıltıyla bir-birinin ürəyinə saplamasını yağan palçıqlı leysandan, hər yarım dəqiqədən bir qulaqları titrədən gurultudan bilmək olurdu onsuz da… Addımını daha tez atmaq üçün sulu palçığın ortasından aradabir qabaran kiçik daşlar axtarırdı. Gah tapırdı, gah da qaloşunun içinə dolan zığlı suyun şappıltısını eşidirdi. Qarşısına çıxan adamlar üzü kəndə doğru qaçırdı. Hər kəs öz canını götürmüşdü çiyninə yük kimi. Eşikdə qalan mal-qoyun kiminsə eyninə gəlmirdi bu qaramtıl havanın qorxunc ağuşunda.

    Sonuncu evin damı bir daha ildırım işığında parlayıb yoxa çıxandan sonra bulağın yoluna döndü. Bədənindən axan yağış suyundan eymənmək yadına düşmürdü. Bircə saat bundan əvvəl, günlü-günəşli bir havada on üç yaşlı qızıyla səkkiz yaşlı oğlunu bulağa su gətirməyə göndərmişdi. Onlara söz vermişdi ki, yenicə cərrahi əməliyyatdan çıxmış on bir yaşlı qızının sarığını dəyişmək üçün gələn həkimi yola salıb arxalarınca bulağın yolunu tutacaq.

    Həkim gəlməmişdi. Xəstə qız əlini sarığın üstündən yarasına qoyub yenicə gözünü doldurmuşdu ki, göylər ondan qabaq hönkürməyə başlamışdı. Bu hönkürtü ana ürəyinin dörd yerə bölünmüş sevgisinin tarazlığını poza bilməmişdi. Beş yaşlı sonbeşik qızının papağını başına qoyub xəstənin yorğanının altına soxmuşdu. Qapının arxasından asdığı qolsuz nimtənəsini çiyninə atmış, bir tərəfi sökülməyə başlayan yaşıl yaylığının ucunu boğazının altında düyünləmişdi. Dünən şehli qımılıqda cücə axtaranda içi yaş olmuş qaloşunu gecədən pilləkənin böyrünə söykəmişdi ki, yel çəksin qurusun. Onu da tələsik ayağına keçirtmişdi. Üzünə çırpılan palçıqlı damlalardan yanağını da qırışdırmadan bulağın səmtinə yönəlmişdi…

    Ayağı hər sürüşdüyündə ana ürəyi bir daha mətinləşirdi. Balalarını getdikcə tündləşən qaranlığın qoynundan çəkib almaq üçün ana sevgisi insan acizliyini yenirdi. Qayalıq döngəyə çatanda buludların gurultusu arasında qulağına ulaq səsi də çatmışdı. Hansı tərəfdən gəldiyini anşırda bilməsə də dizlərini gərmişdi. Onun bulağa çatmağa can atdığı qədər damlalar torpaqda yayxanmağa həvəslənmirdi. Kürəyinin arasından üzüaşağı sellənən yağış ananın balalarını qorumaq eşqini söndürməyi düşünməyə də cəsarət etmirdi.

    Döngədən sonra yol üzüaşağı idi. Qaloşun içində ayağı, getdikcə lehməyə dönən palçıqda da qaloşu qərar tuta bilmirdi, sürüşürdü. Buludların toqquşan qılınclarından çıxan çınqıllar ətrafı bir anlıq işıldadanda döngənin aşağısından gələn ulağı gördü; belində bir cüt su bidonu çatılmış ulağın boğazındakı çatını tanıyanda sevindi. Bu çatını böyük qızı ot kəndirindən hörmüşdü. Kəndin bütün ulaqlarının boğaz çatısından tək fərqi arasına qəşəng görünsün deyə qatılmış birqat qırmızı ip idi. Məhz bu qırmızı ip onun canına can qatmış, üzüaşağı daha sürətlə yüyürmək istəməsinə səbəb olmuşdu. Heç beş-altı addım atmamışdı ki, eşşəyin arxasınca gələn, bir əlində qırmızı polimer vedrə tutmuş, o biri əliylə də qardaşının qolundan yapışmış qızını gördü. Bir-birinə ətcə sərçə balaları kimi sığınmışdılar sanki…

    Dayandı… Gözlərini balalarından çəkib göylərə baxdı qorxmadan. Sağ-salamat, islanmalarına, paltarları sırıl-sıxlam olmasına baxmayaraq, su bidonlarını doldurmadan evə gəlmək istəməyən bacı-qardaş ildırımın düşə biləcəyi ən qorxulu yerdən-hündür çinarla göy qayanın arasından çıxmışdılar. Daha buludların cəngi onu qorxutmurdu.

    İki balasının əlindən tutaraq bəzəkli çatılı ulağın arxasınca kəndə girəndə pəncərələrdən boylananların yadına çöldə qoyduqları mal-qoyun, toyuq-cücə düşmüşdüsə də, ani parlayıb yox olan işıqdan qorxduqlarından fikirlərindən bircə kəlmə “Heyf!” keçmişdi boynunu bükərək…

    Yalnız o…

    Yalnız o, qorxmurdu daha buludların döyüş cəngisindən… Çaxan şimşəkdən…

    Şimşək onun özü idi!

  • Kənan AYDINOĞLU.Nuryüzlüm, Aylinim, Çooook tatlım ilə ilgili şeirlər

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

    Güllərin nazını çəkən AYLİNİM!!!

    Nuryüzlüm, Aylinim, çoooook tatlım için

    Bu gözəl dünyanın rəsmin tabloya,
    Rəssamtək flrçayla çəkən AYLİNİM!!!
    Sevgi toxumunu həyatı boyu,
    Torpağa arpatək əkən AYLİNİM!!!
    Gül-çiçək nazını çəkməsin deyə,
    Güllərin nazını çəkən AYLİNİM!!!

    Bakı şəhəri. 16 aprel 2018-ci il.

    Güllərdən Sən çələng toxuyanımsan

    Nuryüzlüm, Aylinim, çoooook tatlım için

    Nuryüzlüm, Aylinim, Çok tatlım benim,
    Gülü, çiçəkləri qoxuyanımsan.
    İncə gülüşünlə şirin sözün var,-
    Yurdunda nəğmələr oxuyanımsan.
    Sən hələ körpəsən, körpə olsan da,
    Güllərdən Sən çələng toxuyanımsan.

    Bakı şəhəri. 16 aprel 2018-ci il.

    Güllü bağçalarda gül dərənimsən

    Nuryüzlüm, Aylinim, çoooook tatlım için

    Yazın ilk günündə Aylinim mənim,
    Güllü bağçalarda gül dərənimsən.
    Dərib çiçəkləri Sən dəstə-dəstə,
    Yaylığın üstünə Sən sərənimsən.
    Nigarım, Həcərim Sənə heyrandı,
    Çəblibel yurdunda Sən ərənimsən.

    Bakı şəhəri. 17 aprel 2018-ci il.

  • Kənan AYDINOĞLU.”Gərək Sumqayıta qayıdam bir də”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

    Yenə pəncərədən boylanıram mən,
    Şehli çəmənlərdi yadıma düşən.
    Hər günü açılmaz sirlərlə dolu,
    Doğru əməllərdi adıma düşən.

    Halal süfrələrdən şükürlər olsun,
    Yediyim çörək də olmayıb qənim.
    Gənclik çağlarımın ən xoşbəxt anı,
    Doğma Sumqayıtda yaşanıb mənim.

    Qəzetdə yazılar çıxanda mənim,
    Sevincim dünyaya sığışammadı.
    Bir vaxtlar ovuca sığışan sözlər,
    Ağac kölgəsinə yığışammadı.

    Bəndəyəm, günah və savab qazandım,
    Mən də Haqq yolunu azdım, İlahi!
    İlk sevgi şerimi mən öz ömrümdə,
    Doğmam Sumqayıtda yazdım, İlahi!

    Məscidə inandım, kilsəni gördüm,
    Çıxmadı qarşıma pələng də, şir də.
    Köhnə xatirəni təzələməkçün,
    Gərək Sumqayıta qayıdam bir də.

    Sumqayıt şəhəri. 28 aprel 2018-ci il.

  • Şəfa VƏLİYEVA.”Qapıların nağılı” (Esse)

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Biri vardı, biri yoxdu, bir qız vardı. O qız qapıları sevərdi. Özü də “Şərqin qapısı” Azərbaycanda dünyaya gəlmişdi… O, Gülnar Səmanın “Turanın qapıları” şeirini öz-özünə söyləməyi və qürrələnməyi də xoşlayırdı…

    Azərbaycan da “Şərqin qapısıdır”
    Hər gəlib-gedənin gedişi düşür…
    Şərqə girmək istəsən,
    Bu qapını açmalı…

    Qız hər qapıya ayrıca ad qoymuşdu… Hələ balacaydı, hələ əli qapının dəstəyinə çatmırdı açıb-örtməyə, amma hər gün nənəsindən eşidirdi bütün qapıların qırxıncı qapıya aparan yolun bələdçiləri olduğunu… Hər il bir yaş daha böyüyürdü, hər il də qapıları ayrı hisslə, ayrı maraqla sevirdi…
    Bir gün bu qız misraların arasıyla qırxıncı qapıya tərəf getməyə başladı. Getdikcə də hər qapıda bir ayrı şairin sirrinə-sehrinə düşdü…
    Gah eşitdi ki: “Döymə hər bağlı qapını, Keçmə hər açıq qapıdan”. Gah da kimsə qulağına pıçıldadı: “Sən də bir yol sına baxtı, Aç qapını,ört qapını.” Qız başladı ətrafına boylanmağa… Bu sehrli nəğməni kimin pıçıldadığını axtarırdı. Tapmaqda gecikmədi… Şair Saqif Qaratorpaq dərvişanə bir halda eşq qapısı ilə dua qapısı arasında get-gəldəydi… Dodaqlarından tökülən pıçıltılar hər iki qapıya ünvanlanırdı:

    Dərdin bacadan düşəndə
    Sən astaca çıx qapıdan.

    Qız elə burdaca dayanıb onun pıçıltılarına qulaq asmaq istəyirdi. Arxasını girdiyi qapının çərçivəsinə söykədi. Gözlərini bərk-bərk yumdu. Elə bu vaxt həzin bir meh açıq qapıdan içəri təpildi, onun saçlarını qarışdırdı. Qızın yadına Saqif Qaratorpağın nə vaxtsa yazdığı bir şeir düşdü: “Bir gözəl gecikib keçələ getsə, Yaylığı qapının arasındadır…” Yox! O, gecikməyəcəkdi! Gecikə bilməzdi!
    Qaçaraq özünü növbəti qapıya çatdırdı…
    Burda Tərlan Saleh adlı bir şairin ikicə misrası onu gözləyirdi: “Bağlar ağın açdığı Kitabı qara qapı.” Qız qorxdu… Bütün qorxusunu ürəyinə yük etdi, cəsarətini son damlasınacan qanına hopdurdu və özünü yenə irəliyə atdı…
    Qapını açar-açmaz bir güzgüylə üz-üzə gəldi. Güzgüdən ona baxan qızın baxışlarında qorxuyla bərabər küskünlük də vardı. Nədən və niyə küsdüyünü yadına salmaq istədi. Bütün xatirələrini fikrən bir-birinə qatdı-qarışdırdı. Qırış-qırış oldu xatirələri… Bu qırışıqlığın içində tək ütülü olan Safa Rashidin şeirinin alabəzək lentləri-misraları idi…

    Bir qadın tanıdım tək qalmış ada,
    Bir qadın tanıdım taledən küskün…

    Bu qadının da dərdlərini “hər gün güzgü danışır”… Səfa Rəşid onu müşahidə etdikcə ən gözəl şeirlərin ən dərdli qadınlara yazıldığını anlayır… Və qadınların qapını ümidlərinin səcdəgahına çevirdiyini şeiriyyətə “qonaq edir”:

    Getdikcə kiçilən gözlərini də
    Gecələr yatanda qapıda qoyur…

    Qız “yatanda gözlərini qapıda qoyan” qadının halına ağlayır… Göz yaşını kimdənsə gizlətməyə ehtiyac duymur. Elə ağlaya-ağlaya da növbəti qapını açır…
    Burda rastına Habil RzaNur Mustafayevun köhnə taxta qapıya yazılmış bir bənd şeiri çıxır. O, gah qapıya, gah da üstündə yazılmış şeirə baxır… Baxır… Ucadan oxuyur:

    Bu gecənin ağrısı,
    bu küçəyə sığışmaz.
    Kiriməz ayaqlarım,
    qapınızdan yığışmaz..

    Şeir bir aşiqin sevdiyinin qapısı ağzındakı sərxoş əzabını anladır… Anlatdıqca da nağılımızın qəhrəmanı olan qızı hüznün ənginliyindən eşqin ən dərinliyinə yuvarlayır…
    Bu köhnə taxta qapını açmaq üçün itələmək də lazım gəlmir. Cəftəsinin biri qırıq olduğundan hərdən-hərdən ahəstəcə açılıb örtülür… Qız aram-aram açıq qapıdan keçir. Rəngli donunun bir parçası ilişib qapının ətəyində qalır. Geri dönüb baxdığında qırıq taxtaya ilişmiş əlvan bir çərpələng görür sanki…
    Hüzünlə yellənən qapının özünə çərpələng oğurlamasını seyr etdikcə Ülvi Bahadırın səsi uzaqlardan əks-səda verir:

    Qaranlıqda çərpələng uçuran qız
    Yorma özünü…

    Qız da hüzünlənir…Hüznünü sevməyə başlayır… Sevdikcə də böyüməyin əslində nə olduğunu dərk edir… Ülvi Bahadurun səsinə səs verir…

    Bu çərpələngin gülüşü o ulduza çatan deyil
    Biz tanrının qapısının kar vaxtına tuş gəlmişik…
    Burax çərpələngi…
    Üzülsün üzü səmaya…
    Sənsə əyil…laap əyil…
    Qulağını tut yerə…
    Bəlkə Tanrının sarayının arxa qapısı açıqdı?..

    “Bəlkə Tanrı sarayının arxa qapısı açıqdı?..” Dilində əzbər edir bu sualı… Cavabını axtara-axtara geridə qoyur qırıq taxta qapını…
    Növbəti qapını itələyir… Aça bilmir. Hiss edir ki, daha qapı açmağa gücü qalmayıb. Acizanəliyini etiraf etməkçün geriyə dönmək var… Və bu geri dönüş qız üçün bütün arzuların qətlinə fərman vermək olacaq…Yox! O, geri dönə bilməz axı! Doğma arzuların qatili olmaqdansa üzü irəliyə-naməlumluğa qaçmaq daha yaxşı olardı…
    Qız bir də qapını açmağa cəhd edir. Yenə qapı açılmır. Əllərini səbr daşı edib Qoşqar Qaraçaylının misralarında qapı bağlayanın kim olduğunu axtarır:
    Bu qapını üzümə,
    Kim bağladı görəsən?
    Məni qapı dalında,
    Kim saxladı görəsən?

    Ağlına həyatın bütün rəngləri gəlir; gah yadlara gəlir gümanı, gah da doğmalar şübhə pərdəsi arxasından boylanır…Hiss edir ki, bu şübhələr beynində böyüyür, böyürür, az qalır bütün ruhunu sarsın. Daha qapını açmağa cürət eləmir. Boynunu bükür…

    Bu qapının dalında,
    Ölməyə can yox məndə…
    Bu qapıdan keçməyə,
    Daha güman yox məndə…

    Lakin Tanrı öz yazdığı qismətdən qaçmağa bəndəsinə imkan vermir. Osman Fermanoglunun misralarını qızın düşkün ruhuna “səmt ağacı” kimi “göndərir”…

    Nə yaxşı, Tanrı əlindən
    Keçir aləmin qapısı.

    Qız bütün qüvvəsiylə qapının dəstəyini bir də çəkir. “Tarraqqq…!-qapı açılır. Qızın ayağı suya toxunur. Sanki, yenidən cəsarətlənir. Anlayır ki, şair yalan demir…

    Ayaq altından nəm çəkir
    Dərdin, sitəmin qapısı.

    Açılmaq istəməyən qapını bağlamağı qərara alır qız. Qoy elə öz bəxtinə könül verərək yaşasın bu qapı. Axı, Rufat Axundlu deyir ki:

    Yola sal, arxamca su at,
    Sonra bağla qapını!

    Demək, bu qapı gedənləri yola salmaq üçünmüş…
    “Qoca dünya, sənə gəldim keçərək dar qapıdan…” Növbəti qapının açarı bu sehrli misra idi…Və qız Refail Agahın bu misrasına sığınaraq iki qapı arasındakı bir udumluq-bir ömürlük məsafəni gözüyumulu keçir. Qarşısındakı qapının sonuncu olmadığını da bilir. Əslində, “son” özü nədirsə, ona yaxın durmağa da ürək eləmir… Geriyə boylanır. Arxasında qalan bütün qapılara və bütün misralara ehtiramla baş əyir. Axı, Allahşükür Ağa “Ölməklə sağ olmağın arasında nazik bir qapı” olduğunu çoxdan “kəşf edib”…
    Olumla ölümün arasındakı bu kiçik qapıdan keçməyin də adı şairlikdi, əslində… Və qız ehtiramına layiq bildiyi bütün qapılara vəd edir:

    Dayanın, bir dəqiqə,
    Yenə gedirəm
    Sizə şeir gətirməyə
    Burda olun,
    Bir saata qayıdıram.

    Və gedir… Daha bir qapını açır. Bu qapını heç vaxt bağlamayacağını da yaxşı bilir. Axı, o, bura, məhz bura qayıtmalıdır. Söz verdiyi o şeiri gətirməlidir…
    Ay keçir, il dolanır… Nağıl dili yüyrək olur axı… Və bir gün həmin açıq qapının arxasından bulud-bulud bir səs yayılır səmalara… Nağılımızın qəhrəmanı əllərini qapıya uzatmış halda misra-misra öz əfvini diləyir açıq qapıdan…

    Səni döydüm yüz kərə,
    Şillə, yumruq…
    Təpiklə…
    Neynim ki, gedənlərə
    Baxan gözüm tətikdə…

    İndicə başlayacaq
    Yollara qəfil hücum…
    Gözlərimdən yağacaq
    Duzlu su udum-udum…

    Bilirəm ki, günahı
    Səndə axtarmaq günah…
    Gedişlərin son "ah"ı
    Məni ovutmayacaq…

    Başıbatmış ayrılıq
    Baltadı…
    Mən də sapı…
    Gəl, bu dərdli yalnızı
    Bağışla, açıq qapı…

    Şəfa Vəli (Gəncə-2018)

  • Şəfa EYVAZ.”Çağırış”

    Ay mənim ömrümün saat əqrəbi,
    Yaman tez keçirsən ömrümdən, yaman.
    Günlər əvəzləyir biri-birini
    Nə sən qayıdırsan, nə durur zaman.

    Ay mənim ömrümün yaralı yeri,
    Qaysaq tutmağına varmı bir güman?
    Kimsə söyləməsin unudum səni,
    Kimsə toxunmasın yarama, aman.

    Ay mənim ömrümün günəş sevgisi,
    Nə qədər sürəcək bu zülmət duman?
    Ay xəstə adamın son təsəllisi,
    Gəl, qayıt sevinsin bu tənha liman.

    20.04.2015

  • İlahə İMANOVA.”Elçi zanbaqlar” (Povestindən bir neçə səhifə)

    Nədənsə mənə elə gəlir ki, səhərlər dənizin rəngi kimi qoxusu da fərqli olur. Bu qoxunu içimə çəkmək üçün səhərlər dəniz kənarında bir qədər gəzişmək adət halını alıb. Dənizin ətrini içimə çəkmədən, onunla bir qədər dərdləşmədən yeni günə başlaya bilmirəm. Dəniz mənim sirdaşımdır. O həmişə məni sükutla dinlər, heç vaxt irad tutmaz, qınamaz. Ləpədöyəni izlədikcə düşünürəm ki, dəniz öz qəzəbini, hiddətini təlatümlü dalğaları ilə bildirir. Elə buna görə də çox zaman küləkli, çiskinli havalarda onunla dərdləşməyə gəlirəm. Elə bu gün olduğu kimi.
    Bəlkə də payızda doğulduğum üçündür ki, dumanlı çiskinli havanı, narın, hətta leysan yağışları belə sevirəm. Göz oxşadıqca uzanan dəniz, səma, hətta elə şəhərin özü də bu gün bomboz idi. Hava açılana, gün çıxana oxşamırdı heç deyəsən. Olsun! Belə daha gözəldir.
    Səhərin sərin xəfif mehi üşüdürdü məni, yoxsa ki içimdəki narahatlıqlar, təlatümlər, bilmirəm. Bütün dünyaya üsyan etmək istəyim şahə qalxan dalğalara bənzəyirdi. Ətrafımdakı insanların riyakarlığı, qeyri-səmimi münasibətlər, saxta təbəssümlərin arxasında gizlətmiş olduqları əsl simaları məndə o qədər ikrah hissi yaradırdı ki, hər kəsdən uzaqlaşmaq, dənizin sularında qərq olmaq istəyi keçirdi içimdən bəzən. Yalnız doğan günəşi, sakitləşən dənizi seyr edəndə bütün problemlərin də yaxında həll olunacağına əminlik hissim artırdı. Özümü dənizin bir parçası, bəzən də elə özü hiss edirdim.
    ─Afət!
    Adımın çəkildiyini zənn edib arxaya çevrildim. Yaxınlıqda heç kəs gözə dəymirdi. Bu saatda, özü də belə bir yağışlı, küləkli havada dənizkənarında heç kəs gəzib dolanmazdı. Küləyin uğultusunda, dənizin səsində belə öz adımı eşitmək istəyi idi içimdə bəlkə də.
    Deyirlər ki, körpəlikdə verilən ad insanın taleyinə, xarakterinə də təsir edir. Mən də bəzən düşünürdüm ki, adım başqa olsa, bəlkə də həyatımda hər şey fərqli olardı. Kimiləri üçün qısqanclıq və həsədlə süzdükləri biri, kimiləri üçün isə, sözün əsl mənasında, baş bəlası idim. Əslində isə, göz yaşlarını yağan yağışda gizlətməyə çalışan kövrək, həssas bir qəlb sahibi idim. Sərt təbiətin arxasında gizlənmiş, incə hisslərlə dolu olan zərif qəlbi isə hər kəs görməyə qadir deyildi.
    Dənizin qoxusunu içimə çəkib sahillə axşamadək vidalaşdım. Hər gün təkrarlanan yeknəsək həyata qayıtmaq zamanı idi. Rəhbərlik etdiyim böyük şirkətin hər dəqiqə üzləşdiyi sıxıntılı durumlar, gündəlik qayğılar işlərə daha məsuliyyətli olmağımı tələb edirdi. Həyatımdakı boşluğu işə olan sevgim doldurmuşdu. Hər bir uğurlu layihə həyatıma yeni bir rəng qatırdı. Amma zaman-zaman işlərdən də yorulub məzuniyyət götürmək, dağlar arasında, dəniz qırağında, yaxud da meşənin içində kiçik bir ev kirayələmək, şəhərin səs-küyündən uzaq, hüzur dolu bir həyat yaşamaq istəyirdim.
    Kabinetimdə gül-çiçək buketləri görmək mənim üçün adi hala çevrilmişdi. Bu səhər də otağa daxil olanda təəccüblənmədim heç. Əməkdaşlıq etdiyimiz şirkətlərin rəhbərliyindən tez-tez minnətdarlıq əlaməti olaraq gül-çiçək buketləri almaq, düzü, çiçəklərə hədsiz sevgisi olan xanım rəhbər kimi mənə xoş təəssürat bəxş edirdi.
    Bəzilərindən fərqli olaraq, bu gün sahibi olduğum şirkət valideynlərimdən mənə miras qalmamışdı. Atamdan mənə qalan yalnız anam və bacım idi, bir də onun məsləhətləri. Bu gün böyük bir şirkət sahibi olmağıma baxmayaraq, kasıb, həm də çox kasıb bir ailənin qızı idim. Anam ətə, yağa ayırdığı pulu çox zaman dərslərdən yayınmamaq və tələbə yoldaşlarımın yanında pərt olmamaq üçün paltarlarıma və kitab-dəftərlərimə xərclərdi. Belə vaxtlarda qəhərimi güclə boğar, hiss etdirməməyə çalışardım.
    Həmin gün… Həyatımı dəyişən həmin gün…
    ─Afət xanım!–Katibənin səsi məni fikirdən ayırdı. –Hüquqşünas sizinlə görüşmək istəyir.
    ─Dəvət edin, gəlsin,–deyib masa arxasına keçdim. Stolumun üstünə qoyulmuş sənədləri gözdən keçirib imzaladım.
    Şirkətimizin gənc hüquqşünasının savadına və iş bacarığına heç bir şübhəm yox idi. Ona etibar edirdim. Bu dəfə də yeni layihə barədə onun fikirlərini bilmək və imzalayacağımız sazişin hüquqi tərəflərini araşdırıb aydınlaşdırmaq istəyirdim. Gələcəkdə yarana biləcək hər cür xoşagəlməz hallardan uzaq olmaq və işimizin uğurlu olması üçün daha diqqətli olmaq, məsələyə incəliklə yanaşmaq vacib idi.
    Pəncərənin bir küncünə qoyulan kiçik gül dəstəsi qəfil diqqətimi çəkdi. Otağın ən gözəl guşələrində yerləşdirilən gül buketlərindən fərqli olaraq, bu kiçik zanbaq dəstəsi bir kənara atılmış, küncə qısılıb səsini çıxartmağa cürət etməyən yetim uşağı xatırlatdı mənə nədənsə. Bu balaca dəstənin kim tərəfindən hədiyyə edilə biləcəyinə olan marağım bütün diqqətimi yayındırdı. Artıq hüquqşünasın nə fikirlərini, nə də məsləhətlərini dinləyə bilmirdim. Getdikcə artan maraq məni pəncərənin qarşısına çəkir, bir neçə zanbaqdan ibarət olan dəstəyə toxunmağa vadar edirdi.
    ─Fərid bəy! Mən sizə tamamilə etibar edirəm. Bütün sənədləri hazırlayın.
    Öz sözlərimə gənc hüquqşünas kimi, özüm də təəccüb etdim. Zanbaqlara olan marağım məni müzakirəni dayandırmağa vadar etmişdi. Gənc sənədlərini toplayıb otaqdan çıxan kimi, dərhal özümü pəncərənin qarşısına atdım. Zanbaqların kimdən olduğunu bilmək üçün dəstəni araladım. Arasında kiçik də olsa bir kağız parçası, vizitka tapmaq istəyim hədər idi.
    Zanbaqları əlimə aldım, qeyri-ixtiyari əzizləyib dodaqlarıma yaxınlaşdırdım. Maraq üçün digər buketlərin üstündəki vizitkalara da nəzər saldım. Aralarındakı kiçik açıqçalarda minnətdarlıq, hətta sevgi etirafları da vardı. Şeirlə yazılmış açıqçaları oxumaq isə, nə deyim, doğrusu məni əyləndirirdi. Özlüyümdə gülürdüm saxta səmimiyyətə.
    Zanbaqları hədsiz sevirdim. Gözəl olduğu qədər sirli bir görünüşü vardı məncə. Fərqliliyi bəlkə görünüşündə idi, bilmirəm… Jalüzün arxasında gizlənmiş kiçik güldanı su ilə doldurub zanbaqları içinə qoydum. Masanın üstündə, gözümün qarşısında olmağını istəyirdim.
    Zanbaqlara gözümü zilləyib nə qədər düşüncələrə daldığım yadımda deyil. Katibə qız içəri girdiyi zaman fikrə getdiyimin fərqinə vardım.
    ─Bu kiçik dəstəni bəyənməzsiniz düşündüm… Düzü, atmağa heyfim gəldi. Ona görə də bir kənarda qoydum…
    Nəzərlərimi zanbaqlardan çəkmədən dalğın şəkildə soruşdum:
    ─Bu zanbaqları kim gətirib?
    ─Bilmirəm…–deyib qız çiyinlərini çəkdi,–qapıda nəzarətçiyə verib “Afət xanım üçündür” deyiblər.
    Bu kiçik zanbaq dəstəsi digər buketlərə bənzəmirdi və güman etdiyim heç bir kəs tərəfindən də bağışlana bilməzdi. İri və son dərəcə gözəl bağlanmış buketlərin qarşısında nəzərə çarpmayan bu fərqli çiçəklər gözümdə daha möhtəşəm idi. Zanbaqları qoxuladım.
    Qəribə idi. Bir anlıq mənə elə gəldi ki, məhz mənim üçün dərilmiş bu zanbaqların ləçəklərində, yarpaqlarında hopub qalmış qoxu mənə tanışdır. Sanki tanıdığım və məni çox yaxşı tanıyan, ruhuma bələd olan bir kəsin əlinin hərarəti, nəzərimi ayırmadığım çiçəyin üzərində nəzərləri ilişib qalmışdı.
    Eh…nələr düşünürəm… Bu zanbaqlar məni reallıqdan ayırıb çoxdan xəyal etmədiyim bir məkana, zamana çəkib aparmağa çalışırdı.
    Özümü ələ aldım. Reallıq hissini itirmək, romantikaya köklənmək olmazdı. Elə də ünsiyyətcil olmadığım üçün, özüm barədə danışmağı, maraq və düşüncələrimi bölüşməyi sevmədiyim üçün heç kəs bu zanbaqların mənim üçün nə qədər dəyərli olduğunu bilə bilməzdi. Yoxsa… Qəfil beynimdən keçən fikirdən özüm də diksindim. Özüm-özümlə danışırdım:
    ─Bu ola bilməz! Bu gün mənə nə olub?! Gah dənizkənarında öz adımı eşidirəm, indi də bir neçə zanbaqdan ibarət olan kiçik dəstəyə baxıb xəyallar qururam. Nənəm sağ olsaydı, əlbət ki, belə deyərdi: “Afət, kimsə hardasa səni düşünür, adını çəkir, səni səsləyir”. Eh, qoca arvad idi də! Telepatiyaya və buna bənzər heç nəyə inanmamaq üçün kifayət qədər oxunmuş və savadlı qızam. Kimdir məni düşünən?! Yox, niyə ki… Öz xeyrini güdən, mənimlə evlənməyə can atan nə qədər insan var. Bəs, görəsən… Unut! Unut, Afət, unut! Adını belə çəkmə! Xəyal belə etmə!
    Pəncərəyə yaxınlaşdım. Səhər yağan narın yağış daha da güclənmişdi. Leysan gedirdi. Pəncərədən süzülən damlalar bir vaxt yanaqlarımdan süzülən göz yaşlarım tək üzüaşağı axıb gedirdi.

    *******
    Sübh namazına qədər bir qədər yatmaq, gözümün acısını almaq istəsəm də, mümkün olmadı. Hec cür gözümə yuxu getmədi. Fikrim zanbaqların yanında qalmışdı. Qəlbimin dərinliklərində gizlətdiyim bütün duyğularımı, xatirələrimi canlandırmışdı. Unutmaq istədiyim, qəlbimin dərinliklərində dəfn etdiyimi zənn etdiyim hisslər yenidən içimdə dəniz fırtınası yaratmaqda idi. Hamının güclü hesab etdiyi –MƏN , öz hisslərimin, duyğularımın əlində aciz qalmışdım.
    Yenə Günəş doğmuş, yeni gün başlamışdı.
    Hər açılan sabah mənim üçün yeni başlanğıc, yeni uğur, yeni layihə demək idi. Almaniyada təhsilimi başa vurub öz doğma Bakıma qayıdarkən dövlətimə xidmət etmək kimi böyük ümidlərim var idi. Öz bacarığım, həmçinin Allahın qarşıma çıxardığı yaxşı insanların mənə olan etimadı sayəsində az bir zamanda gözlədiyimdən də böyük nailiyyətlər əldə etməyə müvəffəq olmuşdum. Əlbəttə ki, bunların heç biri anamın duaları olmadan mümkün olmazdı.

    Dünənkindən fərqli olaraq, bu gün hava gözəl idi. Bütün göz yaşlarını torpaqla bölüşən buludlar rahatlıq tapmış, səma da aydınlanmışdı. Doğan günəş dənizin sularında əks olunduqca gözoxşayan mənzərə alınırdı. Şair olmasam da, yarpaqların üzərindəki şeh damcıları diqqətimdən yayınmazdı heç vaxt. Səhər şəbnəmlərini yanaqlarımda donub qalan göz yaşlarıma bənzədirdim. Torpağın nəm qoxusunu, dənizin ətrini, təmiz havanı ciyərlərimə çəkib bir qədər də dənizi seyr etdikdən sonra gündəlik həyatıma davam etməyə hazır idim.
    Dənizlə xudahafizləşməzdən əvvəl ayaq saxlayıb qeyri-ixtiyari yenidən ətrafa nəzər saldım. Xeyli aralıda öz işləri ilə məşğul olan təmizlik briqasından başqa kimsə gözümə dəymədi. Bilmirəm niyə, amma dünən axşam da, elə bu səhər də dəniz kənarında gəzişərkən, nədənsə, özümü tək hiss etmirdim. İçimdə qəfil yaranmış duyğu məni bir neçə dəfə ətrafa boylanmağa vadar etmişdi. Üzərimdə kiminsə baxışlarını hiss edirdim sanki.
    Kabinetin qapısını aralı və katibəni yerində görməyincə bir qədər əsəbləşdim. Fikrimdən ona deyəcəyim sözləri keçirərkən əlində həmin kiçik güldan içəri daxil oldu. Məni görüb gülümsədi, salamlaşdı. Üzündəki zərif təbəssümü, əlindəki zanbaqlar fikrimi dağıtdı. Həmin an qəzəbimi də, soruşmaq istədiklərimi də unutdum.
    ─Suya qoydum ki, məhv olmasınlar!–deyib güldanı masamın üzərinə qoydu.
    Gözləri hər zaman sevinclə parlayan, özündə aşıb-daşan həyat enerjisini cəmləyən, şən və bir qədər də cingiltili səsli qıza təşəkkür etməkdən başqa deməyə sözüm qalmadı.
    Zanbaqlara indi diqqət edincə anladım ki, bunlar yeni dərilmiş çiçəklərə bənzəyir. Otağın dörd bir tərəfinə boylandım. Baxışlarım dünənki zanbaqları gəzirdi. Qız fikrimdən keçənləri hiss edib tez dilləndi:
    ─Dünənki zanbaqları bir qədər solğun hesab etdiyim üçün masanıza yenilərini qoymağı düşündüm. Atmamışam, əgər istəsəniz bunların yanına yerləşdirə bilərəm.
    Başımın işarəsi ilə istəyimi təsdiqlədim. Az keçməmiş əlində zanbaqlarla geri döndü. Gülümsədi.Onun hərəkətlərini izləyərək:
    ─Bu zanbaqlar hardandır? –deyə soruşdum.
    ─Dünən olduğu kimi, yenə də kimsə mühafizəçiyə verib, Sizə çatdırmağı xahiş edib.
    Dünənkindən fərqli olaraq, bu günki zanbaq dəstəsinin içərisinə bir çobanyastığı da əlavə edilmişdi.
    Katibəm qapını örtüb otaqdan çıxdıqdan sonra əyilib çiçəklərin qoxusunu içimə çəkdim. Nəzərlərim yeddi zanbağın arasına yerləşdirilmiş səkkizinci çiçəkdə –çobanyastığında idi. Cüt sayda çiçək hədiyyə etmək xoşagəlməz bir anlam daşıdığı üçün, demək ki, göndərən kəs mütləq onu oradan ayıracağımı da bilirdi. Çox düşünmədən əlimi çobanyastığına uzatdım. İndi güldanın içində yeddi zanbaq qalırdı. Qeyri-ixtiyari dodaqlarıma qonan təbəssümə görə az sonra özümə acığım tutdu. Pəncərəyə yaxınlaşdım, açdım. Barmaqlarım çiçəyin ləçəklərinə toxunmağa, onları qırıb atmağa hazır idi.
    Çobanyastığını uşaqlığımdan sevməzdim. Onunla bağlı xatirələrdən biri isə indi beynimdə dolaşmaqda idi. Deyəsən, axı, heç vaxt da unudulmamışdı:
    “─O gözəllikdə çiçəyə necə qıydın?
    Gülümsəyib daha bir ləçəyi qopararaq cavab vermişdim:
    ─“Sevir-sevmir” tapmacasından başqa çobanyastığılar nəyə yarayır ki?! Sevmirəm bu gülü!
    ─Niyə?–gözlərimin içinə baxıb soruşdu.
    ─Bilmirəm… Nə vaxt ləçəkləri qopartsam, həmişə “sevmir” kəlməsi dodaqlarımda qalar…
    Gülmüşdü sözümə:
    ─Bəlkə bu dəfə də cəhd edəsən. Mənim xətrimə. Yaxşı?
    Razılaşmışdım. Nəzərlərimlə sona qalmış bir neçə ləçəyə diqqət edib sayını müəyyən etməyə çalışdığım an, o, gülü əlimdən alıb özü “sevir-sevmir” kəlmələrini astadan pıçıldadı. Sonuncu kəlməni səsləndirənə qədər nəfəsimi belə çəkmədən dayanıb həyəcanla gözlərinin içinə baxmışdım. Sonuncu ləçəyi qopardığı zaman bərkdən “Sevir!” kəlməsini söyləyib düz gözlərimin içinə baxmışdı. Eşitmək istədiyim sözü eşitdiyim an özümü xoşbəxt sandığım qədər utanmışdım həm də. Gözlərinin içinə baxmağa cəsarətim çatmadığındandır bəlkə, nəzərlərimi yayındırmışdım.
    ─Sevir… Bax belə!–deyərək mənalı, ifadəli baxışları ilə gülümsəmişdi.
    ─Sənin əlində sənin qismətinə elə bitdi. Mənim əlimdə “sevir” kəlməsi ilə bitməyə də bilərdi…
    ─Bilmək olmaz… –deyib mənalı-mənalı gülümsəmişdi. Həmin an baxışlarından fikrini oxuya bilməmişdim.
    Sonrakı görüşlərimizdə mənə hədiyyə etdiyi müxtəlif çiçəklərin arasında hər dəfə mütləq bir çobanyastığı da olardı. Cüt olmasın deyə, dərhal dəstədən ayırar, ləçəklərini qoparmağa başlardım. Hər dəfəsində ləçəklərin “sevir” sözündə bitməsi məni xoşbəxt edirdi. Çobanyastığı ilə bu sevgi oyunu vərdiş halına keçmişdi. Bir gün, yenə bu oyunu oynadığım zaman sonuncu ləçəyi qoparıb “sevmir” deyə pıçıldayaraq kədərli baxışlarımı üzünə zillədim.
    ─Ola bilməz! Düz saymamısan!–deyib yerə səpələnmiş ləçəkləri saymaq istədi.–Özüm saymışam, sevmir sözündə bitə bilməzdi!
    Qəfil eşitdiyim bu kəlmə məni çox mətləblərdən agah etdi. Sən demə, hər dəfə görüşümüzdən əvvəl gül dəstəsinin arasına yerləşdirilmiş çobanyastığının ləçəklərini sayar, artıq olan ləçəyi isə qoparıb atardı. Öz dilindən qaçırdığı kəlmədən sonra hər ikimiz pərt olub xeyli müddət susmuş, nəticədə bir daha heç vaxt mənə çobanyastığı gətirməyəcəyinə söz vermişdi. Elə həmin gün bu oyun bitmişdi.”
    İllər sonra ilk dəfə idi əlimdə çobanyastığı tuturdum. Özüm də hiss etmədən bir-bir ləçəkləri qoparıb atır, dodaqaltı pıçıldayırdım. Budur, sonuncu ləçək: “Sevir”
    Daha uşaq deyildim. Nə bu oyuna marağım vardı, nə də sevgiyə inamım qalmışdı. Sevginin özü də, bir çobanyastığı ləçəklərindən ibarət oyun qədər boş və mənasız idi. Dərinliklərində qəlbimin kədərini gizlətməyi bacaran gözlərimdən fərqli olaraq, dodaqlarım öz sevincini xəfif təbəssümü ilə aşkar etdi.
    Bilərəkdən çobanyastığı ilə mənə öz kimliyini bəlli etməyə çalışan sirli zanbaqların sahibinin o olduğuna artıq heç bir şübhəm qalmadı. Hə, o idi, özü idi…

    *******

    Evinə tələsən xoşbəxt insanlardan fərqli olaraq, yorğun olmağıma və gərgin bir gün yaşadığıma baxmayaraq, evə tələsmirdim heç vaxt. Qapı ağzında məni qarşılayacaq, “Xoş gəldin!” deyəcək heç kəsim yox idi. Tənha idim. Mənzilim də uzaq və atılmış məbədlər kimi tamamilə tənha idi. Heç kəsə lazım olmayacaq qədər dəyərsiz və tənha hiss edirdim özümü tənha mənzilimdə… Soyuq divarlar arasında qalan anamın xatirələri belə məni ovutmur, əksinə ruhumu üşütməyə davam edirdi.
    Çox zaman evdə yemək yeməyə həvəsim olmazdı. Anamın öz əlləri ilə hazırladığı küftə bozbaş, plov, yarpaq dolmasının, dovğanın qoxusunu unutmamışdım hələ də. Hər dəfə həmin xörəkləri hazırlayanda, ya da yeyəndə qeyri-ixtiyari gözlərimdən süzülən göz yaşları axar, yeməyimə qarışardı. Yediyim, içdiyim də nuş olmurdu canıma.
    Uşaqlıq illərim geridə qalsa da, qaranlıqdan, bəlkə də təkliyimi hiss etməkdən qorxduğum üçün, ya dəhlizin, ya da yataq otağındakı elektrik lampasının işığını söndürməzdim. Yuxuya gedənə qədər gözlərimi bir nöqtəyə zillər, düşüncələrə dalardım. İnsanların rahatlıq tapdığı mənzildə tənha olmaq həyatda tənha olmaq qədər çox çətin idi. Tənhalığımı paylaşa biləcəyim insana, həyatıma bu gündən sonra rəng qata biləcək insana isə rast gəlməmişdim. Sevgi xəyallarımı, arzularımı onun adı ilə bağladığım üçün, onunla ayrıldığım gün bütün ümidlərim də sanki dənizin içindəki qayalıqlara çırpılmış kimi məhv olmuşdu. Sahilə can atan, çırpılan və elə ordaca məhv olan, ölən ləpələri izlərkən də onlarda özümü tapırdım. Dənizə bənzəyirdim, arzularım, istəklərim də həmin dalğalara,ləpələrə. Amma dəniz məndən xoşbəxt idi. Hər yeni yaranan dalğa, sahilə can atan hər yeni ləpə dənizin həyat eşqindən doğurdu. O, məndən daha israrlı, daha inadkar idi. Ondan fərqli olaraq, mənim qəlbim yeni sevgiyə, yeni münasibətlərə hazır deyildi.
    Adətən axşamlar yatmazdan əvvəl bir qədər kitab oxumaq yuxu gətirirdi mənə. Bu gün isə, əksinə, fikirlərimi cəmləyə bilmədiyim üçün sətirlərdə gözüm gəzsə də, heç nə dərk edə bilmirdim. Kitabı kənara qoyub işığı söndürdüm. Bəlkə qaranlıq daha tez yuxuya getməyimə səbəb olar, düşünmüşdüm özlüyümdə. Yanılmışdım…
    Pəncərədən içəri süzülən zərif ay işığı yataq otağımı aydınlatmışdı. Belə anlarda insan adətən romantik duyğulara köklənir. Ya sevdiyini xəyal edir, ya da sevəcəyi ağ atlı şahzadəsi ilə görüşəcəyi günün təfərrüatlarını xırdalıqlarına qədər düşünməyə çalışır.
    Düşüncələrim iradəmdən asılı olmadan qeyri-ixtiyari illər əvvələ qayıtmışdı.
    …Anamın danlaqlarına baxmayaraq, dərsdən çıxıb evə gəlməzdən əvvəl beş dəqiqəliyə də olsa, dəniz kənarında gəzər, qoxusunu ciyərlərimə çəkərək dənizə yaşadığım günün hesabatını verərdim. Gündüz gəzintilərimə narazı olub heç bir söz deməyən anam, dərsdən çıxıb dəniz kənarında gəzib dolaşdığıma görə məni danlar, demədiyi söz qalmaz, gah mülayim səslə öz fikirlərini izah etməyə çalışar, gah da səsini yüksəldib dayanmadan tənbeh edərdi. O zamanlar anamın sözlərinə ağız büzər, əlimi havada yelləyib qulaqardına vurardım hər şeyi. Əslində isə, anam haqlı idi, çünki ikinci növbənin dərsləri gec bitir, hava isə tez qaralırdı. Mənə görə narahat olmağına səbəb görmürdüm. Dənizi ən yaxınım bildiyimdən, sahildə olduğum zaman isə heç bir qorxu-hürküm qalmazdı. Ağacların başında gəzib-dolanan, nərmənazik qızlara yaxınlaşmadan, birbaşa oğlanlara yaxınlaşıb onlarla futbol oynamaq istədiyini, həm də hücumçu kimi komandaya qoşulmaq istədiyini bildirən, qızlar bir yana, oğlanların belə çəkinib ehtiyat etdiyi bir qız olaraq böyümüşdüm. Hər gün kiminləsə dalaşar, kiminsə payını verib yola salardım. Döyüb yola saldığım uşaqların anaları da anamın, nənəmin üstünə evimizə şikayətə gələrdilər. Nənəm dizlərinə döyüb “Vay, bu qızı kim alacaq!”–deyərdi. Belə vaxtlarda dodağının altında mızıldanardı:
    ─Mən, axı, buna niyə Afət adı qoydum! Qız deyil e, başa bəladır, bəla!
    Universitet həyatı məni tamamilə dəyişdirmişdi. Qrupun ən gözəl qızlarından biri olduğum üçün həmişə diqqət mərkəzində olmaq, daha çox xoşa gəlmək üçün, etiraf edim ki, çox zaman qrupumuzun özündən razı forslu qızlarını qıcıqlandırmaq üçün bunu edirdim, özümə, davranışlarıma daha çox diqqət edir, kitablarda oxuduğum, filmlərdə izlədiyim kübar xanımlar kimi görünməyə, davranmağa çalışırdım. Bu məndə çox gözəl alınırdı. Sonralar anladım ki, ağacların başında gəzməyi sevən qızcığazın əslində öz canında bir kübarlıq, xanım-xatınlıq varmış.
    Rəfiqəm yox idi. Tələbəliyimin hələ ilk illərində anlamışdım ki, oğlanlar dostluqda daha sədaqətli və möhkəm olmağı bacarsalar da, qızların əksəriyyətində özündən razılıq və digər həmcinsinə olan həsəd ən səmimi münasibətlərin də pozulmasına gətirib çıxarır. Hələ o illərdə insanların riyakarlığının, saxtalığının şahidi olub üzülmüşdüm. “Desəm öldürərlər, deməsəm ölləm” prinsipinə sadiq qalıb düşündüklərimi desəm də, hər dəfə qırılan və günahkar yerində qalan da mən olurdum.
    Çox üzgün və qanı qara idim həmin gün. Ağlamaq, ürəyimi boşaltmaq üçün dənizdən başqa pənah yerim yox idi. Yağan yağış ağlayıb ürəyimi boşaltmağa bir fürsət idi. Dənizə lap yaxın gəlib nəzərlərimi ayırmadan uzun-uzadı baxır, içimdə dərdləşirdim. Daha bir addım irəli atmaq, dənizə bir qədər də yaxın olmaq istərkən qolumdan tutub geri çəkdi kimsə.
    ─İntihar etməyi fikrindən də keçirtmə heç!
    Geri çevrildim. Qarşımda dənizçi qiyafəsində bir gənc dayanmışdı.
    Əlini hiddətlə geri itələdim. Üz-gözümü turşudub üstünə bozardım:
    ─İntihar edəcəyimi kim dedi?
    ─On dəqiqədir sizi izləyirəm, gəldiyim qənaət belə oldu, –deyib qolumu buraxdı.
    ─Səhv düşünmüsüz! Elə bir fikrim də yox idi heç!–Tanımadığım zabitin sözləri məni daha da əsəbləşdirmişdi.
    ─Lap yaxşı… –deyib gülümsədi.
    Onun məndən aralanmasını istəsəm də, bir addım belə kənara atmaq fikri yox idi, deyəsən. Təkliyimi pozduğu azmış kimi hələ imkan versəm, elə bu dəqiqə mənə moizə də oxumağa başlayacaqdı bəlkə.
    ─Bəs əgər birdən intihar etmək istəmiş olsaydım?– maraq mənə güc gəldi, qəfil soruşdum.
    ─Mən buna imkan verməzdim!–deyib gözlərimin içinə baxıb gülümsədi.
    ─Necə?–növbəti suallarım şıltaq bir qızın söz oyunu idi artıq.
    ─Özünü dənizə atsan, mən də səni xilas etməyə məcbur qalacaqdım.
    ─Nədən? –bu dəfə gözlərinin içinə baxaraq sualımı verdim.
    ─Gənc bir qızın gözlərim qarşısında intihar etməsini biganəliklə seyr etməyə vicdanım yol vermədiyi üçün.
    Zabit üçün xarakterik olan bu cavab, düzü, çox xoşuma gəlmişdi.
    ─Dedim, axı, intihar etmək fikrim yox idi!
    Başını bulayıb güldü:
    ─Adətən intihardan vaz keçənlərin hamısı belə deyir.
    ─Mən hamı deyiləm! –hirslə cavab verdim.
    Səsimin tonu, ya kobudluğum acığına gəldi, bilmirəm, səsini qaldırdı:
    ─Elə isə, cavab ver görüm, havanın qaraldığı bu saatda, özü də belə yağışlı havada sənin tək-tənha dəniz kənarında nə işin var? Bu saatda evdə olmağın daha məqsədə uyğun deyilmi?
    Başımı aşağı salıb susdum. Gənc zabitin üstümə qışqırmağı mənə yer eləmişdi, ya sözlərindəki gerçək, bilmirəm, çox pərt olmuşdum. Anamın qulaqardına vurduğum sözlərini yad birindən eşitmək mənə təsir etmişdi. Deyəsən, o da bunu hiss etmişdi.
    Əli ilə başımı qaldırıb üzümə baxdı. Saçlarımdan, yanaqlarımdan süzülən yağış damlalarının içində göz yaşlarımı ayırd etmək onun üçün çətin olmadı.
    ─Ağlayırsan sən?
    Nədənsə sözləri məni bir qədər də qəhərə boğdu. Başımı yelləyib dedim:
    ─Yox, ağlamıram. Niyə ağlayım ki?!
    Titrəyən səsimi hiss etməmək mümkün deyildi. Əli ilə çənəmi qaldırdı. Sərt səsi mülayimləşdi, bir qədər də qayğı hiss olundu səsində.
    ─Xətrinə dəydim? Bağışla, bunu istəmirdim. Uşaq deyilsən amma, özün də bunu anlayırsan yəqin ki.
    Başımı tərpətdim. Sözlərindəki gerçəkləri mən yalnız bu gün anlamışdım.
    Üzünü mənə tutub zabit rəsmiyyəti ilə dedi:
    ─Gəl, belə danışaq: indi birbaş evə gedirsən. Və bundan sonra da, nə qədər üzgün, kədərli olsan da, bir daha heç vaxt dənizə yaxınlaşmırsan! Söz?
    Mənə belə bir ağır şərt kəsən bir insanın sözlərinə həmin dəqiqə etiraz etdim:
    ─Dəniz mənim dostumdur! Mən hər gün bura gəlirəm, bir qədər gəzib dolanır, ürəyimdəkiləri boşaldıb, qoxusunu içimə çəkib sonra evə gedirəm.
    Sözlərimə inanmamışdı. Məni başdan ayağa süzdü:
    ─Belə havada və axşam saatlarında yox! Tərsliyinə salma, sözlərim həqiqət olduğu qədər, həm də faydalıdır sənin üçün.
    ─…
    Cavab verməyə sözüm yox idi, ya cəsarətim çatmırdı, bilmirəm, ona görə də susmağa məcbur olmuşdum. Sükutu özü pozdu:
    ─Dənizi mən də çox sevirəm. Gündüzlər bir başqa gözəldir, axşamlar bir başqa… Sənin kimi gözəl qıza gəldikdə isə,… məsləhət bilmirəm… Gedək, səni evə ötürüm.
    Zabitin sözlərindən duruxdum. Beynimdən min cür fikir keçdi:
    ─Narahat olmayın, evim yaxındadı, özüm gedəcəm.
    Fikrimdən keçənləri hiss etdiyi üçündür bəlkə gülümsəyib sözünə davam etdi:
    ─Bu gün sənin əmin-amanlığına özümü cavabdeh bilirəm. Odur ki, sus və leytenant Hüseynovun əmrinə tabe ol!
    ─Kimin? –təəccüblə soruşdum.
    Güldü:
    ─Doğrudan e, bayaqdan özümü təqdim etməmişəm, axı!–Əlini alnına doğru aparıb zabitlərə xas tərzdə özünü təqdim etdi, –Hərbi dəniz qüvvələrinin gənc zabiti, baş leytenant Rauf Hüseynov!
    Gəncin zabit təqdimatına kübar xanım tək yüngülcə başımı tərpətməklə cavab verdim:
    ─Bakı Slavyan Universitetinin ikinci kurs tələbəsi Afət.
    ─Afət?
    Bəlkə də zabit olduğu üçün daha dolğun təqdimat gözləyirdi. Gülümsəyib:
    ─Hə, sadəcə Afət! –dedim.
    ─Demək Afət! Deyirəm, axı, axşam saatında bu nə bəla idi üzləşdim, –deyib güldü.
    Onun sözlərinə qeyri-ixtiyari mən də güldüm. Yalnız həmin an qarşımda dayanmış uca boy, mütənasib bədən quruluşuna malik gənc zabitin qiyafəsinə, yaraşıqlı üzünə, tünd şabalıdı saçlarına, ala gözlərinə nəzər saldım. Özlüyümdə bu qədər yaraşıqlı gəncə filmlərdə belə rast gəlmədiyimi düşündüm. Bəlkə də, şişirdirdim bir az…
    Qarşıma özümdən də inadkar və tərs biri çıxmışdı. Məni evə qədər ötürmək israrından əl çəkmədi. Bu inadkarlığı xoşuma gəlsə də, narahat olurdum, düzü. Qarşımıza məni tanıyan kimsənin çıxacağından ehtiyat etdiyim üçün sıxılırdım. Məhəlləmizin qeybət etmək üçün hər dəqiqə yeni mövzu axtaran qadınlarının dilinə düşməkdən çəkindiyimi hiss etdim. İlk dəfə idi ki, özümdən daha çox anamı, ailəmi düşünürdüm. Amma ən çox nənəmi düşünürdüm: məni körpəlikdən böyüdüb, boya-başa çatdıran nənəmi… Anamdan çox nənəmin zəhməti vardı üzərimdə. Heç kəsin barəsində artıq-əskik söz deyə bilmədiyi, hökmlü bir qadına xəcalət, utanc hissi yaşatmaq, dəyərsiz insanların yanında pərt olmağını istəməzdim. Nənəm mənim üçün elə ana demək idi.
    Yağan narın yağış, sərin və təmiz hava, torpağın nəm qoxusu şəhərin axşam mənzərəsini daha gözəl edirdi. Dirəklərindən süzülən işıqlar sanki kölgələrlə birgə rəqs edir, dəcəl uşaqlar kimi agaclardan başlamış qarşısına çıxan hər şeyin üzərində öz imzasını atıb keçirdi.
    İçəri şəhərin çay daşları döşənmiş küçələri ilə bərabəq addımlayırdıq. Bilərəkdən gah iti yeriyir, gah da addımlarımı yavaşıdırdım. Hərbi nizam-intizama tabe olan, sırada olan digər yoldaşları ilə bərabər addımlamağa vərdiş edən zabit addımlarıma uyğunlaşmağa çalışırdı. Bu məni əyləndirirdi. Yol boyu oğrun-oğrun ona nəzər salırdım. Hərəkətlərini izləmək xoşuma gəlirdi.
    Qoşa qala qapısından bir qədər yuxarı qalxmışdıq ki, ayaq saxladı:
    ─Məncə burada sağollaşsaq yaxşıdır.
    Təəccüblə məni evə qədər ötürməyə israr edən gəncin üzünə baxdım. Başımı tərpədib onunla razılaşdım:
    ─Hə, düzdür. Hər şeyə görə çox sağ olun.
    Başını yüngülcə yellədi. Gözlərini açıb yumdu. Gülümsədi:
    ─Gecən xeyrə. Allaha əmanət ol!
    Bir neçə addım atıb geri çevrildim. Yerindən tərpənmədiyini, baxışları ilə məni izlədiyini görüncə gülümsədim. Cavab olaraq gülümsəyib əlini alnına apardı.
    Fikirlərim və hisslərim bir-birinə qarışmışdı. Sevinirdim, yoxsa ki üzülürdüm, bilmirəm. Anlamırdım. Yaraşıqlı gənc zabitlə xudahafizləşib ayrılsam da, ürəyimin onun yanında, həmin ağacın altında qaldığını hiss edirdim. Deyəsən, axı, mən elə ilk baxışdan aşiq olmuşdum.
    Yubandığıma görə anama hesabat vermək fikri də beynimdə dolaşdığı an addım səsləri duydum. Axşam saatlarında səssiz və qaranlıq dalanlarda daha aydın eşidilən bu səslər, doğrusu, bəzən insanın içinə vahimə salır. Əvvəlcə geriyə baxmamaq, daha iti addımlarla getmək qərarına gəldim. Bir neçə addımdan sonra dayandım. Geri döndüm. Addım səslərinin və kölgənin Raufa məxsus olduğunu anlayınca geri qayıtdım. Dayandığımı və geri qayıtdığımı görüb yaxınlaşdı.
    ─Noldu? Niyə dayandın?
    ─Bu sualı mən verməliyəm…
    Sakit səslə:
    ─Qorxutdum səni deyəsən…İçəri Şəhərin qaranlıq və dar dalanları ilə gedəcəyindən narahat olub, əmin-amanlıqla evə çatdığından arxayın olmaq istədim, –dedi.
    Yaraşıqlı üz cizgilərinə, ala gözlərinə nəzər saldım. Baxışlarındakı ifadə səmimiyyətinə şübhə etməyimə səbəb qoymurdu. Ömrümdə ilk dəfə idi ki, yad bir insanın mənim üçün bu qədər narahat olmasının şahidi olurdum. Nə gizlədim, bu qayğı, diqqət mənə xoş idi.
    ─Sənə yaxınlaşmadan, on beş-iyirmi addım aralıdan səni təqib edəcəm. Heç nədən və heç kəsdən qorxmadan düz evə! Yaxşı?
    Razılıq əlaməti olaraq gülümsədim. Raufun divarlarda, səkilərdə uzanan kölgəsi belə mənə arxayınçılıq, güvən hissi bəxş edirdi.

    *******
    Bu səhər işə hamıdan tez gəlmişdim. Mühafizəçi məni qarşısında görəndə əvvəlcə özünü itirdi. Sonra salamlayıb yerinə qayıtdı.
    Fəsildən, havanın isti və soyuq olmasından asılı olmayaraq, ilk işim otağın havasını dəyişdirmək olur. Masamın üzərindəki sənədləri səliqəyə salıb, qovluqları şkafa qoydum. Pəncərə qarşısında dayanıb ətrafa göz gəzdirməyə başladım. Şirkət binasının qarşısında bir-birlərini salamlayan işçilər üzərlərində olan nəzərlərimdən xəbərsiz idilər. Belə erkən gəldiyimə təəccüb edərdilər bəlkə. Adətən bilərəkdən işə yubanır, onlara özlərini, işlərini qaydaya salmaq üçün yarım saat vaxt verirdim. Gecikdikləri üçün uydurduqları yarıgerçək, yarıyalan bəhanələrini dinləməyi xoşlamırdım.
    Pəncərəni bağlamaq üçün əlimi dəstəyə uzatdım. Təxminən on-on iki yaşlarında bir uşağın əlində zanbaq dəstəsi binaya yaxınlaşdığını gördüm. Binaya daxil olmağı ilə tərk etməyi bir neçə dəqiqə çəkdi. Bir qədər təəccüblənsəm də, gülümsədim.
    Özümü qaydaya salıb masamın arxasına keçdim. Qəribə də olsa, səbirsizliklə katibəmi gözləməyə başladım. Özünü çox gözlətmədi. Əlində zanbaq dəstəsi ilə içəri daxil oldu. Gülümsəyərək:
    ─Afət xanım, bu zanbaqları sizə göndəriblər,–dedi.
    Çiçəkləri güldana qoymaq istərkən:
    ─Narahat olma, sən işinə davam et! –dedim.
    Qız özlüyündə nə düşünürdü bilmirəm, bu mənim üçün heç maraqlı da deyildi, bir anlıq nəzərlərini üzümdə gəzdirdikdən sonra otaqdan çıxdı. Qırmızı və açıq çəhrayı zanbaqların arasındakı bir sarı zanbağın da öz mənası vardı.

    …İlk tanışlığımızın gecəsi səhərə kimi onu düşünmüş, xəyalımda onunla söhbətləşmişdim. Səhəri qəsdən, bilərəkdən yenə yolumu dəniz kənara salarkən məqsədim bir daha onunla rastlaşa bilmək ehtimalı olsa da, bu görüş baş verməmişdi. Bir neçə gün nəzərlərim hər yerdə onu gəzsə də, sonunda mənasız yerə üzüldüyümü düşünüb, təəssüflənməkdən başqa çarəmin olmadığını anladım. Amma qəlbimin dərinliklərində bir ümid zərrəsi qalmaqda idi. Düşünür və özümü inandırmağa çalışırdım ki, “Bakı elə də böyük şəhər deyil! Dənizi çox sevdiyini deyirdi, demək ki, nə vaxtsa görüşmək ehtimalı mütləqdir!”
    Günlər keçdikcə ümidim getdikcə azalırdı. Bu aralar nənəmin adətən həmişə dediyi sözləri sanki əvvəllər olduğundan daha çox eşitməyə başlamışdım:
    ─Əgər qismətdə varsa, qismət özü gəlib səni tapacaq. Yoxdursa, arxasıyca nə qədər qaçsan da, xeyri yoxdur, sənin olmayacaq!
    ─Nə etməli? Demək ki, qismət deyilmiş!–sözlərini təkrarlamaqdan, özümə təsəlli verməkdən başqa əlimdən gələcək heç nə yox idi.
    İçimdəki ümid azalmaqda, tamamilə sönməkdə idi. Son vaxtlar dərsə getməzdən əvvəl yolumu dəniz kənarından salsam da, nədənsə çox ləngimirdim, axşamlar isə birbaş evə gedirdim. Anam, nənəm belə, dalğın olduğumun fərqinə varmışdılar. Nənəmin:
    ─Haran ağrıyır, ay bala? –sözlərinə cavab verməmək üçün dərslərin çoxluğunu və yorulduğumu bəhanə gətirərdim.
    Evdən bayıra çıxmağa da həvəsim olmurdu son vaxtlar. Eləcə özümə qapanıb dərslərimi oxumaqla, mütaliə etməklə günlərimi yola verirdim.
    ─Sənə nolub? Axır vaxtlar heç evdən bayıra da çıxmaq istəmirsən, –anam həmin gün dedi,–Bayırda yaxşı hava var, Aynuru da götür, get bir az gəz-dolan. Evdə oturmaqdan rəngin də saralıb.
    ─Aynur kimdi? –Nənəm tez dilləndi.
    ─Qonşunun qızıdır, –anam cavab verdi.
    ─Rəfiqəsidir? –nənəm soruşdu. Narazı halda başını yelləyib sözünə davam etdi, –Məndən sənə məsləhət: Afət, bu dünyada özündən başqa heç kimə inanma! Rəfiqə yoxdur indiki zamanda! Yaxşı qızın rəfiqəsi olmaz!
    Nənəmin bu sözləri demədiyi gün olmazdı. Onsuz da rəfiqəm yox idi. Tək-tənha gəzib dolanmağa vərdiş etmişdim.
    Bacım keçən yay ailə qurub öz evinə köçdükdən sonra özümü tənha hiss etməyə başlamışdım. Hər xırda şey üstündə mübahisə etməyimizə baxmayaraq, iki yaşlı qadından fərqli olaraq, onunla daha rahat söhbət edə, fikirlərimi, hisslərimi bölüşə bilirdim. Darıxırdım onunçün. Telefonla əlaqə saxlamağımıza baxmayaraq, gec-gec görüşərdik. Anamla nənəmin “Ərə gedən qız gündə ana evinə gəlməz; öz evində öz ocağının istisini qoruyar” sözləri bacımın düşüncələrinə, görünür, daha çox təsir etmişdi.
    Qadınların məişət qayğıları və evdarlıq söhbətləri məni sıxdığından anamın məsləhətinə əməl edib qapıdan çıxdım. Gedəcəyim yer məlum idi.
    Bir qədər sərin olmasına baxmayaraq, hava həqiqətən çox gözəl idi bu gün.
    Payızı yazdan daha çox sevirdim. Digər üç fəsildə bir-birinə bənzəyən təbiət, məhz payızda daha fərqli, daha əlvan, rəngarəng libaslara bürünür. Hər bitkinin, hər ağacın öz gözəlliyi olduğu kimi, payızda büründüyü don da fərqlidir, axı, bir-birilərinə bənzəməzlər.
    Dənizin soyuq havası, küləyi üzümə toxunduqca payızın nəfəsini açıq-aşkar hiss edirdim. Üşümürdüm, əksinə, xoşuma gəlirdi. Ayağım altında qalıb xışıldayan xəzəl, dənizin və xəfif küləyin səsi sanki mənə həzin hekayə danışmaqda idi. Yorulmadan dinləyə bilərdim. Xeyli vaxtdı dənizimlə belə yaxın olmadığım üçün özümü qınadım. Özümə, qismətimə olan küskünlüyüm, incikliyim dənizə olan sevgimə də təsirsiz ötüşməmişdi.
    Nəzərlərimi ayırmadan dənizə baxırdım. Son bir ayda dəyişildiyimin fərqində idim. Hətta dənizimlə də söhbət etmək, dərdləşmək istəmirdim.
    Bir anlıq beynimdən bir fikir gəlib keçdi:
    ─Görəsən, doğrudan intihar etmək istəsəm, məni xilas edərdi? Gələcəyinə əmin olsaydım, düşünmədən özümü dənizə atar, məni xilas etməsini istərdim. Amma yox…
    Qəlbimdə yaranan bu qəfil istək məni daha artıq dənizə yaxınlaşdırırdı.
    ─Hava soyuq olduğundan dənizin suyu da çox soyuqdur. Sətəlcəm olmaq istəməzdim…
    Cəmi bircə dəfə eşitdiyim bu səs necə də mənə tanış idi. Diksinib geri çevrildim. O idi! Özü idi! Mülki geyimdə qarşımda dayanmışdı. Gülümsəyib əlini alnına aparmaqla məni salamladı. Deməyə sözüm yox idi. Qəfil, heç gözləmədiyim bir anda yenidən peyda olmuşdu.
    ─Ümid edirəm ki, bu dəfə də intihar etmək fikrin yoxdur.
    Gülümsədim. Bu görüşə sevindiyim qədər heç nəyə sevinməmişdim ömrümdə bəlkə. Gözlərinin içinə baxmağa çəkinmirdim, deyiləcək o qədər sözüm var ikən, susurdum. Tanımadığım bir insana illərlə tanıdığım biri kimi sarılmaq, boynunu qucaqlamaq istəyirdim. Hardan idi məndə ona qarşı bu qədər doğmalıq…
    ─Düzünü deyim?
    ─Təbii ki! –deyərək gülümsədi.
    ─Bu gün həqiqətən, bir anlığa da olsa, özümü dənizə atmaq fikri keçdi beynimdən.
    ─Bəs niyə etmədin? –mülayim səslə soruşdu.
    Gözlərinin içinə baxıb bütün düşündüklərimi ona demək istəsəm də, susdum:
    ─…
    ─Hə, əlbəttə, gündüz vaxtı, hamının gözü qarşısında bunu etməyə cəsarətin çatmadı demək! Həqiqətən, qız deyilsən, baş bəlasısan!–deyib güldü.
    Gülümsədim. Gülüşü də özü kimi gözəl və fərqli idi.
    Fikrimdən keçən suallara özü cavab verdi:
    ─Neçə vaxtdı şəhərdə yox idim. İşlə əlaqədar ezam olunmuşdum. Dünən günortadan keçmiş gəlmişəm. Bir az rahatlanıb dincəldikdən sonra dəniz qırağına gəldim. Dənizin havası daha rahat yuxuya getməyimə səbəb olur. Bu gün də bazar günü olduğundan, düşündüm, bir az gəzib dolaşım. Sabah tezdən işdə olacam.
    Gülümsədim. Beynimdə günlərlə dolaşan suallarıma öz dilindən eşitdiyim cavab içimi rahatlamışdı.
    ─Səndən bir şey xahiş etsəm…
    Üzümdəki təbəssüm dərhal ciddi ifadə ilə əvəz olundu.
    ─Yanlış anlama… Əgər vaxtın varsa, səni mənimlə bir yerdə oturub bir stəkan çay içməyə dəvət etmək istəyirəm. Şəhərə yeni gəlmişəm, heç bir dostuma, tanışıma da qayıtdığımı xəbər etməmişəm.
    Nə deyəcəyimi, təklifi rədd edib, ya qəbul etməli olduğuma qərar verə bilmirdim. Özlüyümdə qəbul edərsəm, haqqımda nələri düşünə biləcəyi fikri, rədd edərsəm, bir daha onunla görüşməyə biləcəyim fikri ilə qarışmışdı.
    ─…
    ─Anlayıram… Narahat olma, israr etməyəcəm. Üzrlü bil! –deyib üzrxahlıq etdi.
    Günlərlə arzuladığım bu görüş idi. Təklifi qəbul etməyi ən doğru qərar hesab edirdim. Gülümsəyib:
    ─Təklifi qəbul edirəm. –dedim.
    Təklifini qəbul etdiyimə peşman deyildim. Düşündüyümdən, təxmin etdiyimdən də maraqlı, son dərəcə nəzakətli, mədəni, yüksək intellektual səviyyəsi olan bir insan idi. Maraqlı mövzular ətrafında söhbət və müzakirə o qədər xoş təsir bağışlamışdı ki mənə, zamanın necə keçdiyinin fərqinə belə varmamışdım. On beş-iyirmi dəqiqə zənn etdiyim görüş, əslində üç saatdan çox idi davam edirdi. Telefonuna gələn zəng söhbətimizi yarı böldü. Masadan qalxmadan üzr istəyib zəngə cavab verməli olduğunu bildirdi. Nə deyim, düzü, zəng gəldiyi an fikrimdən nələr gəlib keçdi,bir Allah bilir. Zəng edənin sevgilisi ola biləcəyini düşündüyüm an isə içimi qəribə qısqanclıq hissi bürüdü. Nə baş verirdi? Kənardan özümü görmək istərdim bu an. “Görəsən üzümdəki ifadədən nə düşündüyüm hiss olunmur ki” fikri məni narahat etməkdə idi. Gözlərimin içinə baxıb gülümsədi. Elə ilk sözdən, danışıq tərzindən zəngin işlə bağlı olduğunu anladım. Nəfəsimi çəkib dayandığımdan indi rahatladım.
    Baxışlarının üzümdə, saçlarımda, hətta əllərimdə gəzdiyini belə hiss etməkdə idim. Görəsən məndən xoşu gəlirdimi? Niyə də yox?! Qrupun ən gözəl qızı idim! Məni bəyənməməsi üçün səbəb görmürdüm!
    Telefonun ekranındakı saata, sonra gözümün içinə baxıb:
    ─Yəqin ki evdəkilər səndən nigaran qalıblar. Qalxsaq yaxşıdır,–deyib əli ilə yaxınlıqdakı ofisianta işarə etdi.–Zəhmət olmasa, hesabı gətirin.
    Yolumuzu dənizkənarından saldıq. Dəniz baxışlarımızın paylasdığı ümumi məkan idi. Əslində isə, fikrim dənizin mavi sularında, ağ köpüklü ləpələrində deyildi heç.
    Gündüz olmasına, havanın qaralmamasına baxmayaraq, ənənəsinə sadiq qalıb yenə də məni əvvəlki qayda ilə evə ötürdü. İlk görüşümüzdə dayandığımız ağacın yanında yenə də xudahafizləşdi:
    ─Gözəl və maraqlı gün üçün sənə minnətdarlığımı bildirmək istərdim.
    ─Mənə də çox xoş oldu,–deyə gülümsərkən qəsdən nəzərlərimi üzündən ayırmırdım.
    Bir qədər susdu. Nə isə demək istədiyini, son anda fikrindən vaz keçdiyini hiss etdim. Özlüyümdə nə deyə biləcəyini ehtimal edirdim.
    ─Yaxşı… Qorxub çəkinmədən birbaş evə!
    Evimizin qapısına yaxınlaşıb içəri keçməzdən əvvəl bir daha boylandım. Xeyli aralıda, lakin görə bildiyim bir yerdə dayanıb məni izləyirdi. Xoşbəxtlikdən qanad açıb uçmağa hazır idim, səmada süzən ağ göyərçin kimi hiss edirdim özümü.
    ─Sənə elə bəhanə lazım imiş ki evdən baş götürüb getməyə! Neçə saatdır hardasan? Get, gəz-dolan dedim. Day demədim ki, get, bir də axşam gəl, –anam deyinmək üçün yeni bir səbəb tapdı sayəmdə.
    Mənim üçün isə fərqi yox idi. İndi heç kəs, hətta anamın danlaqları, tənbehi belə kefimi poza bilməzdi. Xoşbəxt idim! Çox xoşbəxt idim.
    Xoşbəxtliyim uzun sürmədi amma. Ayrılarkən sadəcə xudahafizləşdiyimizi düşündüyüm an kefim pozuldu. Yoxsa yeni görüşümüz də təsadüfə bağlı olacaqdı? Bu təsadüf olmasa bəs? Öz-özümə “Atalar üçdən deyib” misalını təkrarladım. Əgər həyat bizi iki dəfə qarşılaşdırıbsa, demək üçüncü dəfə görüşmək ehtimalımız da vardı.
    Bu üçüncü görüş isə, nə az, nə çox, iyirmi bir gün sonra baş tutdu. Soyuq və şaxtalı günlərin birində.
    Universitetin qapısından çıxdığım an üzümə toxunan soyuq hava cismimlə bərabər ruhumu da titrətdi sanki. Gödəkçəmin papağını başıma keçirib əllərimi cibimə saldım, iti addımlarla evə tələsdim.
    Arxadan gələn ayaq səsləri diqqətimi çəksə də, heç nəyə, heç kimə fikir vermirdim, tək istəyim özümü evə yetirmək, isti çay içib nəsə yemək idi. Görəsən, anam nə hazırlamışdı indi?
    Hava qaraldığı üçün, düzü, içimə vahimə dolmağa başlayırdı. Qaranlıq və dar küçələrdən işıqlı, daha çox gediş-gəliş olan küçələrlə getmək daha münasib idi. Heç kəsdən qorxmamaq hünər deyil, ehtiyatı da əldən vermək olmaz, deyir nənəm. Onu qınamıram, anamla bərabər o qədər kriminal verilişlərə, cinayət işlərinə baxırlar ki, hər kəsdə, hər yerdə təhlükə görür, hər işin içində cinayət tərkibi axtarırlar.
    Səkilərdə uzanan kölgə və yaxınlaşmaqda olan ayaq səsləri birisinin mənə çatmaq istədiyinə olan şübhələrimi təsdiqlədi. Təqib edilirdim. Arxaya çevrilmədən daha iri addımlarla yeriməyə başladım. Çantamda kitablarımdan dəyərli onsuz da heç nə yox idi.
    Yaxınlaşdığı an qolumdan tutub saxladı:
    ─Arada bir nəfəsini dər! Belə iti addımlarla yerisən hərbçilər də sənə çətin yetişə bilə.
    Gözləmədiyim halda Rauf yenə də qarşıma çıxdı bu gün. Gülümsəyib onun salamını aldım.
    Bir himə bənd imiş kimi başını bulayıb gileyləndi:
    ─Bu cür soyuqda, açıq havada dayanıb kiminsə dərsdən çıxmağını gözləyəsən, o da sənə əhəmiyyət vermədən yanından ötüb keçə…
    ─Məni gözləmisən? Harada? Mən səni görmədim, axı, qapıdan çıxanda…
    ─Aralıda dayanmışdım. Qrup yoldaşlarının yanında sənə yaxınlaşmaq istəmədim. Daha münasib zamanı gözlədim. Yoxsa qorxutdum səni?
    ─Bir az…
    ─Üzrlü bil. İstəməzdim.
    ─Bu dəfə günahından keçdim!–deyib güldüm.
    İslanmış saçlarıma, üzümə nəzər salıb heç bir söz demədən gülümsəyirdi. Yenə də mən dilləndim:
    ─Çox gözlədin?
    Saatına baxıb başını tərpətdi:
    ─Hə, bir saat on səkkiz dəqiqə, –dedi.
    ─Necə tapdın məni? –sualı özümə də yersiz göründü. Axı, elə ilk görüşdə özümü təqdim etmişdim.
    Göz vurub dedi:
    ─Hərbi sirlər söylənilməz!
    ─Aydındı!
    Təkcə məni görmək üçün saatlarla soyuğun altında dayanıb gözləyən zabitin fədakarlığı ona olan rəğbətimi daha da artırmış oldu.
    Bu görüş münasibətlərimizin başlanğıcı oldu əslində. Qışın soyuğuna, şaxtasına, hətta qarlı havaya belə baxmadan vaxt tapıb istirahət günlərində, bəzən isə həftə içi görüşürdük. Küləkli və şaxtalı havalar bizi qorxutmurdu. Yanımda mənə biganə olmadığını hiss etdirən doğma bir insan, soyuq havada əlimi tutub ovcunda isidən bir əl var ikən, bütün dünya gözümdə deyildi.
    Rauf tanıdığım insanların heç birinə bənzəmirdi, tamamilə fərqli idi. Xasiyyəti, davranışı, mühakimələri, dünyagörüşü ilə hər kəsdən seçilə bilirdi. Mənə qarşı isə son dərəcə diqqətli idi. Hər zaman qayğı və diqqətini hiss edərdim. Hər dəfə görüşə gələndə mütləq mənə bir çiçək gətirərdi. Pis öyrətmişdi məni. Hər dəfə əlində çiçək gördüyümə adət etdiyimdən, işdən çıxıb görüşümə tələsdiyi bir yaz günündə əliboş görüb “Çiçəklərim hanı?” –deyə ağız büzmüşdüm.
    Əlini burnuma toxundurub gülmüş, sonra yarıciddi ifadə ilə demişdi:
    ─Bütün qadınlar belədir e! Bir dəfə əliboş gəldinsə, vəssalam…
    Zarafatla dediyini bilsəm də, həmin dəqiqə sözünə çox pərt olmuşdum. Əslində isə, onun varlığından dəyərli heç nə yox idi mənimçün. Özü bunu bilirdi, axı. İncikliyimi açıq-aşkar bəlli etməkdə idim. Nə düşündüsə qəfil ayağa qalxdı. Bayaqdan bəri gözünü zillədiyi çiçəklərə yaxınlaşıb, əlinə keçən zanbaqlardan birini qırıb yanıma qayıtdı. Çəhrayı rəngli zanbağı mənə nəzakətlə təqdim etdiyi an, gözlənilmədən bir polis bizə yaxınlaşdı. Mənə, əlimdəki zanbağa nəzər saldı. Bir neçə addım aralanıb işarə ilə Raufu öz yanına çağırdı.
    Mənim ucbatımdan Raufun bəlaya düşəcəyini görüb həyəcanlanmaya bilmirdim. Ayağa qalxdım. Polisə hər şeyi izah etmək, günahın məndə olduğunu bildirmək istəyirdim.
    İmkan vermədi:
    ─Narahat olma, otur, indi qayıdıram,–deyib aralıda dayanmış polisə yaxınlaşdı.
    Özümü günahkar hiss edirdim. Onu bu əmələ mən vadar etmişdim deyə, çox dilxor idim. Nə danışdıqlarını eşidə bilməsəm də, nəzərlərimi də ayırmırdım. Cibindən vəsiqəsini çıxarıb təqdim etdiyi an polisin üzündəki sərt ifadənin bir qədər yumşaldığını, daha sonra mənə nəzər salıb gülümsədiyini də hiss etdim. Vəsiqəsini geri alan Rauf gülümsəyib illərin tanışı kimi polislə əl sıxdı.
    Geri qayıdıb skamyada yanımda əyləşdi. Bir kənara atdığım zanbağı əlinə alıb fırladı.
    ─Polis sənə nə dedi? Nə danışırdız? –kimi suallarla Raufu bezdirməkdə idim.
    Nəzərlərini zanbaqdan ayırıb mənə baxdı, gülümsəyib:
    ─Polis mənə dedi ki, o qızdan sənə xeyir gəlməz. Ondan uzaqlaşmağın məsləhətdir, –dedi.
    Zarafatla deyilmiş bu sözlər uşaq vaxtı oxuduğumuz kiçik hekayədən olsa da, ciddiyə almışdım.
    ─Belə dedi? Həqiqətən belə dedi? Sən nə dedin, bəs?
    Nəzərlərini məndən ayırmadan ciddiyyətini saxlamaqla sözünə davam etdi:
    ─Nə deyəcəm… Adam haqlıdır.
    Daha çox üzgün və ya əsəbi olduğumu bilmirdim həmin an:
    ─Haqlıdır? Belə də dedin ona? Dedin ki, hə, haqlısan?
    Başını yellədi:
    ─Yox, elə demədim.
    ─Bəs nə dedin?–bəlkə heç vaxt bu günki kimi israrlı olmamışdım.
    ─Dedim ki, o gördüyün qız var ha, başımın bəlasıdır: özü də bəladır, adı da bəladır; tanıdığım gündən bu yana hər zaman onun ucbatından başıma bəlalar gəlir.
    Gözlərimi süzdürüb üzümü yana çevirdim. İncimişdim. Qırılmışdım. Belə ifadələri heç gözləmirdim Raufdan.
    Qəfil üzümü əlləri arasına alıb gözlərimin içinə baxaraq dedi:
    ─Bilmək istəyirsən, ona nə dedim?
    ─…
    ─Dedim ki, həmin baş bəlasını gördüyüm gündən sevirəm… dəli kimi sevirəm. Uğruna bir çiçək cəriməsi nədir ki, ölməyə belə hazıram!
    Susurdum. İlk sevgi etirafının bu şəkildə olması məni sevindirdiyi qədər də, kövrəltmişdi. Gözlərimdən hər an yanaqlarıma süzülməyə hazır olan iki damla yaş kirpiklərimdən asılıb qalmışdı. Astadan:
    ─O nə dedi? –soruşdum.
    Saçlarımı, yanaqlarımı oxşayıb gülümsədi:
    ─“Allah özü sənə böyük cərimə kəsib” deyərək məni sərbəst buraxdı.
    Incik halda dirsəyimi böyrünə toxundurdum.
    Əllərimi tutub gözlərimin içinə baxdı, söyüd ağacının altındakı skamyada ilk dəfə mənə hisslərini etiraf etdi:
    ─Başımın bəlası, səni sevirəm, həm də çox, lap çoooox sevirəm!
    Yanaqlarıma həmin an süzülən iki damla yaş ona olan hisslərimin, sevgimin, sevincimin cavabı idi. Başımı çiyninə qoyub köksünə qısıldım.
    Alnımdan öpüb saçlarımı tumarladı. Kənara qoyduğu zanbağı yenidən əlinə aldı:
    ─Bax, bu zanbaq sevgimizin şahidi olsun. Bundan sonra sənə yalnız zanbaq bağışlayacam. Fərqi yoxdur, nəyin bahasına başa gələcək bu zanbaqlar, ya pul, ya cərimə, ya həbs.
    Sözünə sadiq qaldı. O gündən mənə yalnız zanbaq bağışlardı. Bəzən müxtəlif rənglərin qarışığından, bəzən isə eyni rəngdə olanlardan dəstə bağlatdırardı. Əvvəllər qızılgülləri çox sevsəm də, həmin gündən zanbaqlar mənim üçün ən gözəl, ən dəyərli oldu.
    Görüşlərimizdən birində mənə kağız bağlama verib dedi:
    ─Bir müddət görüşməyəcəyik. İşlə əlaqədar bir neçə ay şəhərdə olmayacam. Amma ürəyim sənin yanında qalacaq.
    ─Niyə? Hara gedirsən ki? Nə vaxt qayıdacaqsan?
    ─Bilmirəm nə vaxt qayıdacam. Vəziyyətdən asılıdır.
    ─Hara getdiyini də deməyəcəksən?–bir zabitin bu sualıma cavab verməyəcəyini bilsəm də, üzgün halda soruşdum.
    ─Qayıdıb gəlim, inşallah, sənə hər şeyi danışacam. Hətta daha artığına da hazır ol! Necə deyərlər, dönüşüm möhtəşəm olacaq!–deyib əllərimi buraxmadan göz vurdu.
    Bu aylar ərzində ona o qədər öyrəşmişdim ki, indi uzun bir müddət ayrılığa necə tab gətirəcəyimi bilmirdim. Üzünü görmədən, səsini eşitmədən necə qalacaqdım…
    ─Yaxşı da, üzülmə! Ömürlük getmirəm ki! Təlimə gedirəm. Ən geci iki ay çəkər. Sonra yenə şəhərdəyəm.
    ─Zəng vuracaqsan?
    ─İlk fürsətdə!
    Zəng edəcəyinə, əlaqə saxlayacağına söz verməsinə baxmayaraq, yenə də üzgün idim. Həyatımda ilk dəfə idi kimisə sevirdim. Başımı sinəsinə sıxıb qoxusunu içimə çəkirdim. Saçlarımı oxşayan əllərinin tumarını, hərarətini də yaddaşıma yazmaq, səhraya çıxanların su ehtiyatı kimi görüşəcəyimiz günədək özümdə saxlamaq istəyirdim.
    Gecə yarısına qədər telefonda danışıb, sözlərimiz bitəndə isə yenə də dəstəyi asmamış, sükutu paylaşmışdıq. Bir neçə dəfə sağollaşmağımıza baxmayaraq, yenidən telefona əl atıb mesaj bölməsinə keçid etmişdik. Səhərə qədər gözümü yummayıb onu düşündüyüm kimi, əmin idim ki, Rauf da eyni hissləri keçirir. Səhər sübhdən aldığım ilk mesaj da fikirlərimi təsdiq etmişdi. Həmin səhər hava limanında yazdığı mesajı isə heç vaxt silmədim. Bu gün də telefonumun mesaj bölməsində qorunur. Hər darıxdığımda açıb oxuyar, təskinlik tapardım.
    Həmin səhər günəşi pəncərə önündə salamlamışdım. Gözlərimi səmaya dikərək sevdiyim insanı məndən alıb uzaqlara aparan təyyarənin izini axtarırdım buludların arasında sanki.
    İlk günlər Raufla ayrılıq daha çətin oldu. Hər gün dəniz kənarına enir, tək-tənha gəzib dolanır, ətrini, qoxusunu dənizdən almağa çalışırdım. Dalğaların səsində, küləyin pıçıltısında da onu tapmağa çalışırdım. Raufu tanıdığım gündən dəniz mənə daha doğma olmuşdu çünki.
    Vidalaşdığımız gün mənə verdiyi kağız bağlamanı isə çantamda unutmuşdum. İçində nə olduğundan belə xəbərsiz idim. Bir neçə gün sonra kağızı açdım. Vərəqdə bu sözlər yazılmışdı:
    “Yəqin ki indi təəccüblə baxır, bunların nə olduğunu düşünürsən. Çox düşünməyəsən deyə, özüm deyim: bunlar zanbaq soğanlarıdır. Gül mağazasının sahibi zanbaqlarla bağlı sirrimizdən agah olub, bir müddətə ayrılacağımızı biləndə bunları mənə verdi. Soğanları ək, onlara qulluq et. Yanında olmadığım müddətdə qoy həmin bu zanbaqlar sənə məni xatırlatsın. Onlara baxanda, toxunanda məni düşün. Səni çox sevdiyimi düşün və heç vaxt hisslərimin səmimiliyinə şübhə etmə! Başımın bəlası, səni çox sevirəm!”
    Rauf gül-çiçəklərə olan sevgimdən xəbərdar idi. Bir neçə dəfə məni evə ötürəndə pəncərəmizdəki dibçəklər nəzərini çəkmişdi. Dibçəklərimin çoxluğu onu təəccübləndirmiş, özünün də otaq güllərinə marağı olduğunu bildirmişdi.
    Əvvəlcə ayrı-ayrı qablara əkmək istəsəm də, sonra düşünüb soğanların hamısı eyni qaba əkməyə qərar verdim. Bu zanbaqlar sevgimizin şahidi olduqlarından, hissələrə ayırmaq istəmədim. Digər otaq güllərimdən fərqli olaraq, zanbaqları əkdiyim dibçəyə daha çox diqqət edirdim, nazını çəkir, bəzən söhbətləşir, saatbasaat, saniyəbəsaniyə onların boy atmasını görmək istəyirdim. Soğanların sayı doqquz olsa da, onlardan yalnız yeddisi cücərmişdi, digər ikisi isə torpaqda məhv olmuşdu. Üzülməmişdim, çünki yeddi rəqəmi mənim üçün müqəddəs idi və bunda bir hikmət görürdüm.
    İlk cücərti həm də mənə xoş xəbərin müjdəçisi oldu. Elə həmin gün Rauf zəng edib hər şeyin yaxşı olduğunu söylədi. Hər gün zəng edə bilməməsinə baxmayaraq, ilk fürsətdə mesaj yazır, meil atırdı. Ciddi hərbi nizam-intizam tez-tez əlaqə saxlamağımıza mane olurdu. Hər söhbətimizdə zanbaqları soruşmağı da unutmurdu. Bu müddət ərzində isə zanbaqlarım bir qədər boy atmış, yaşıllaşmışdı.
    Zanbaqlarımın açmağı Raufun şəhərə dönməyi ilə eyni vaxta təsadüf etdi. Açan zanbaqlardan üçü çəhrayı, ikisi qırmızı, biri bənövşəyi rəngdə idi. Yeddinci zanbaq isə inkişafda yoldaşlarından geri qalırdı. Səbirsizliklə həmin zanbağın açacağı günü gözləyirdim. Maraq mənə güc gəlir, onun nə rəng olacağını təxmin etməyə çalışır, çəhrayı, ya da qırmızı olacağını güman edir

  • İlahə İMANOVA.”Şəkərbura” (Hekayə)

    Evə tez gələcəyimə söz versəm də, həmişə olduğu kimi, bu gün də yubanmışdım. İşlərimi yekunlaşdırdığımı sandığım son anda ləngiməli olmuşdum. Xoşbəxtlikdən, həyat yoldaşım məni anlayışla qarşılayar, heç vaxt haqlı iradlarını üzümə vurmazdı. Amma hər dəfə şirin yuxuda olan oğlumuzun yanağından əyilib öpəndə baxışlarından qaça bilməzdim, ailəmə kifayət qədər zaman ayıra bilmədiyimə görə özümü qınayardım. O isə dodaqlarından təbəssümünü əskiltməz, diqqətsizliyimi işimin məsuliyyətinə bağışlardı. Bilirdi ki, ailəmlə bərabər keçirdiyim hər an mənim üçün nə qədər dəyərlidir. Özümü həyat yoldaşı və ata kimi xoşbəxt hiss etməyim üçün onların varlığı yetərli idi.
    Sönməkdə olan bayram şamları masanın çoxdan hazırlandığına sübut idi. Soyuq yeməklər də sanki üzümə baxıb dilinə bir tikə belə vurmadan yolumu gözləyən həyat yoldaşımın yerinə məni qınayırdı. Mətbəxdən otağa yayılan plovun ətri süfrə arxasına çəkirdi məni. Bayram süfrəsi arxasında toplaşmaqdan gözəl nə ola bilərdi ki!
    Elə yenicə süfrəsi arxasına oturmuşdum ki, qapımız bərkdən döyüldü. Ayağa qalxmağa fürsət tapmamış oğlum bir göz qırpımında yerindən sıçrayıb:
    ─Əmim gəldi,–deyə özünü dəhlizə atdı.
    ─Hara gedirsən?– yoldaşım dəcəl oğlumun qolundan tutub saxladı.
    ─Ana, eşitmədin, qapı döyüldü?–balaca əlini qapıya sarı uzadıb var gücüylə anasının əlindən dartınıb çıxmağa çalışırdı.
    ─Eşitdim, oğlum,–həyat yoldaşım həmişəki kimi son dərəcə səbrli idi,–Sən evə keç, qapını ata özü açar.
    Nənə və babalarının, həmçinin anasının ərköyün böyütdükləri beş yaşlı oğlum qarşısında məni görüncə susdu. Anasının böyrünə qısılıb sakit baxışlarıyla nə deyəcəyimi gözləyirdi sanki. Öz hökmünü yeritməyə çalışan,çox zaman da bu yolla öz istəyinə nail olan dəcəlim yalnız məndən çəkinər, mənim yanımda mümkün qədər az dəcəllik edərdi. Əslində, hər zaman oğlumla dost olmağa çalışmışam. Onun məndən qorxmasını deyil, inanıb etibar etməsini istəmişəm. Necə ki bir zamanlar atam mənim ən yaxın dostum idi…
    Hədiyyəsiz qapıdan içəri girməyən diqqətli əmisinin gəlişini toy-bayram bilən balaca bu dəfə gümanında yanılmışdı.
    ─Qonşunun uşaqlarıdır,çox güman. Bayaqdan bütün qapılara papaq atıb qaçırlar, –deyən yoldaşım isə haqlı çıxmışdı.Balaca dəcəllər qapımıza papaq atıb qaçmışdılar. Pıçıltı və ayaq səslərindən yaxında olduqları anlaşılırdı. Əyilib papağı qaldırdım. Dəhlizlə otaq arasında dayanmış yoldaşıma nəzər salıb gülümsədim və papağı adətə uyğun olaraq, xanıma uzatdım.
    Əmisinin yolunu gözləyən, amma qapı arxasında heç kəsi görməyib, əvəzində yerdən qaldırdığımız papağın içinə süfrədəki şirniyyatları, çərəzləri nədən doldurduğunu anlamayan dəcəlimiz heyrətlə gah mənə, gah da anasına nəzər salırdı. Həmin an uşağın fikirlərini oxumaq çətin deyildi. Yoldaşım təbəssümlə oğlumuza nəzər salıb “Kosanın payını” mənə uzatdı.
    Qapını örtüb yenidən masa arxasına oturduq. Oğlumun fikri hələ də anasının süfrədən yığışdırdığı konfetlərin yanında qalmışdı. Nəhayət, dözmədi:
    ─Ata!
    ─Ay can,–deyib oğlumun suallarına özümü hazırladım.
    Nəfəs almadan bir nəfəsə verilən sualları yoldaşım kimi təbəssümlə qarşıladım.
    ─Gələn kim idi? Axı, heç kəs yox idi. Bəs qapını kim döymüşdü? Papaq kimin idi? Niyə anam bütün konfetləri papağın içinə yığdı?
    Hüquq mühafizə orqanlarının işçisi kimi sorğu-sual etmək işimin əsas hissəsidir. Lakin etiraf edim ki, dəcəlim gün ərzində saysız-hesabsız sualları ilə bəzən, xüsusən də yorğun olduğum vaxtlarda mənim kimi təmkinli insanı belə hövsələdən çıxartmağı bacarır. Əlbəttə, bu yaşda uşaqlar daha çox məlumat əldə etməyə həvəsli olurlar. Hər şey onlara maraqlı görünür. Ona görə də balacalara anlaya biləcəkləri şəkildə hər şeyi izah etmək, həm də doğru-dürüst izah etmək lazımdır ki, bu da bir qədər çətin olur bəzən. Bəxtimdən, ata-bala biz bir-birimizi çətinlik çəkmədən anlaya bilirdik.
    Oğlumu dizimin üstündə oturdub əvvəlcə ona Novruz bayramından, adət-ənənələrimizdən bir qədər danışdım. Anasının papağın içinə yığdığı bayram sovqatının da bir el adəti olduğunu, insanlar arasında bayramlaşmağın, paylaşmanın vacib olduğunu izah etməyə çalışdım. Bir az əvvəl konfetləri üçün üzülən oğlum növbəti dəfə qapı döyüləndə “Mən özüm” deyərək həvəslə anasına qoşuldu. Bir uşaq üçün bu əlbəttə, əyləncədən başqa heç nə deyildi, lakin onun gözlərindəki sevinc və təşəbbüskarlığı məni sevindirirdi.
    Dizimin üstündə oturmağa vərdiş etmiş oğlum yenidən dilləndi. Düşüncəli baxışlarının arxasında, görəsən indi hansı sual var idi. Dərindən nəfəs alıb yoldaşımın üzünə baxıb başımı yellədim. O isə cavab olaraq çiyinlərini çəkib gülümsədi və məni oğlumun sualları ilə təkbətək buraxdı.
    ─Ata!
    ─Ay can! –deyib oğlumun yanağından öpdüm.
    Dəcəlim uşaq saflığı ilə soruşdu:
    ─Ata, hamı papaq ata bilər?
    ─Hə,–qısa cavab verdim.
    Əlini üzümə qoyub gözlərimin içinə baxdı:
    ─Biz də?
    ─Əlbəttə, oğlum, –dedim.
    Oğlum dizimin üstündən sıçrayıb yerə düşdü. Əlimi tutub bərk-bərk sıxdı:
    ─Ata, biz də papaq ataq da! Nolar, biz də ataq!
    Duruxdum. Bir uşaqdan belə təklif gözlənilən olsa da, nədənsə, həmin an çaşıb qaldım. Oğlum əlimi dartır, məni ayağa qalxmağa məcbur edirdi. Razılığa gəlmək çətin məsələ idi.
    ─Bax, oğlum, hava qaralıb. Bu vaxt papaq atmazlar. Gələn dəfə gedib atarıq. Yaxşı?
    ─Nolsun gecdir! Gedək biz də papaq ataq!
    Bayram günü oğlumu inadkarlığına, dəcəlliyinə görə danlamaq istəmirdim. Hər dəfə ona əsəbləşəndə, uşağı ərköyün və dəcəl böyütdüklərini vurğulayanda anam və yoldaşım bir ağızdan deyirdilər ki, eynən atasına bənzəyib. Bir zamanlar, atam “Ata olarsan, ata qədri bilərsən” deyərkən, görünür məndən nələr çəkdiyini dilə gətirirmiş. Yalnız indi atamı anlayıram…
    Fikrindən daşındıra biləcəyimə hələ də ümid edirdim:
    ─Qonşular yatıb. Bu vaxt, bu saatda kimin qapısını döyüb papaq ataq?
    Özüm kimi tərs və inadkar oğlumu heç cür dilə tutmaq mümkün deyildi. Nə düşündüsə, gözlərimin içinə baxıb güldü. Əlini üzümə qoyub qulağıma pıçıldadığı:
    ─Anaya demə! Biz də anaya papaq ataq! –sözlərinə gülməmək üçün özümü topladım. Oğlumun təklifi xoşuma gəldi. Bu yaşda, özü də hüquq mühafizə orqanlarının işçisi kimi kiminsə qapısına papaq atmağı özümə yaraşdırmırdım.
    Beş yaşlı uşağın nazı ilə oynayırdım. Qapımıza papaq atıb sevinə-sevinə yanıma qaçan və anasından gizlənməyə çalışan oğlumun sevinci məni uşaqlaşdırmışdı. Axırıncı dəfə nə vaxt uşaqlıq hisslərimi yaşadığımı xatırlamırdım. Indi isə oğlumla bərabər “Kosanın payını” istəyəcək qədər uşaqlaşmışdım.

    ********
    …Məhəllə uşaqlarına qoşulub tonqal qalayar, qonşuların qapısını döyüb papaq atıb qaçardıq. Yığdığımız sovqatları isə evə aparmaqdan çəkinib elə tonqal başındaca ləzzətlə yeyərdik. Axşam düşənə, daha doğrusu, valideynlərimiz bizi evə səsləyənə qədər deyib-gülüb əylənər, şənlik edərdik. Acdığımızı hiss edəndə təkrar qonşuların qapısına papaq atıb yığdığımız qəniməti sonradan bölüşdürərdik. Bəzi qonşularımız bir neçə konfet, bir az qoz-fındıq, bəxtimiz üzümüzə güləndə isə papağımıza meyvə və şəkərbura da qoyardılar. Yox, düşünməyin ki, evdə anamız-nənəmiz şəkərbura-paxlava, yaxud digər şirniyyatlar bişirmədiyindən gözümüz kiminsə qapısında qalardı. Nədənsə papağa qoyulmuş Novruz sovqatları bizə daha dadlı gələrdi.
    Yaşıdlarımızla bir yerə toplaşıb bu dəfə kimin qapısına papaq atacağımız üçün bölgü etdik. Hər kəs ona deyilmiş ünvana, mən isə qonşuluğumuza yeni köçən ailənin qapısına yönəldim. Qapını bərkdən döyüb papağımı atıb qaçdım. Bir xeyli gözlədim. Qapını açan kimsə olmadığından evdəkilərin səsi eşitmədiyini zənn etdim. Yavaşca qapıya yaxınlaşdım. Pəncərədən süzülən işığı görüb,içəridən gələn səsləri eşidincə ürəkləndim. Dostlarımın yanına əliboş qayıtmağı özümə sığışdırmırdım. Əlidolu qayıdan dostlarımın mənə “fərsiz” deyib lağa qoymalarını həzm edə bilməzdim. Təkrar qapını döydüm. Sanki qurbağa gölünə daş atıldı. Evdən gələn səslər kəsildi. Qapı isə hələ də açılmırdı. Pərtliyim inadkarlığımı bir az da artırırdı. Bu qapıdan əliboş geri qayıtmaq fikrində deyildim. Yenidən qapını döydüm, bu dəfə daha bərkdən. Və qaçıb gizləndim. Bəxtim üzümə güldü. Nəhayət ki, qapı üzümə açıldı. Səbirsizliklə qapının təkrar açılmasını gözləyirdim indi. Yeni qonşularımızın papağıma nə qoyacaqlarının marağında idim. Hiss edirdim ki acmışam. Təmiz hava, bir yandan da tonqal üstündən tullanıb məhəllələri üzüaşağı-üzüyuxarı gəzib dolanmağımız məni əldən salmışdı. Özlüyümdə papağıma qoyulan qoz-fındığı, konfetləri dostlarıma verəcəyimi, təkcə şəkərburanı özümə saxlayacağımı xəyal edirdim.
    Budur, qapı açıldı. Orta yaşlarında, başında örpək olan bir qadın qapını açıb ətrafa boylandı. Papağımı qapı ağzına qoyub içəri keçdi. Bir qədər gözlədim. Sonra “Onsuzda hava qaralıb, mənim kim olduğumu ayırd edə bilməz” düşünüb papağımı götürüb ildırım sürətiylə uzaqlaşdım. Bir küncə çəkilib maraqla papağın içinə nə qoyulduğunu bilmək istədim. Xəyalları dağılan uşağın üzünün ifadəsini yaxşı ki həmin an heç kəs görmədi. İki karamel idi mənim kosa payım? Çox pərt olmuşdum. Tonqal başında görüşməli idik. Dostlarımın yığdıqları bayram sovqatları ilə necə öyünəcəkləri artıq qulaqlarımda səslənirdi. Boynumu büküb iki karamellə onların qarşısına çıxmağa, onların sözlərini götürməyə çəkinirdim. Yerli-yersiz zarafatları ilə hər kəsi ələ salan, lağ etməyi xoşlayan sinif yoldaşımın üzünü isə indi heç görmək istəməzdim. Ayaqlarım getmirdi. Suyum süzülə-süzülə addımlayırdım. On bir yaşım olmasına baxmayaraq, qürurlu biri idim. Heç kəsdən də söz götürməyi xoşlamırdım.
    Atam evdə olanda, özü də bayram günlərində evə çox girib çıxdığımızdan anam qapını bağlamazdı. Qapını açıb sakitcə evə girdim. Anamın mətbəxdə başı qarışıq idi. Atam isə telefonla kiminsə bayramını təbrik edirdi. Atama gülümsəyib masaya yaxınlaşdım. Hiss etdirmədən qoz-fındıqları, konfetləri ciblərimə doldurmağa başladım. Xonçadan götürdüyüm şəkərbura və paxlavanı isə tələsik köynəyimin içində gizlətdim. Baş qarışıq ikən aradan çıxmaq fikrində idim. İşin tərsliyindən anamla dəhlizdə üz-üzə gəldik.
    ─Hara gedirsən? Keç içəri, paltarlarını dəyiş, əllərini də yu! Hiss iyi verirsən!
    Anamın əlindən dartınıb özümü qapıdan çölə atdım. Arxadan dalımca deyinən anama isə tez gələcəyimi söyləyib tonqal başına qaçdım. Dostlarım papağımın içini dolu görüb heyrətləndilər. Kimisi papağın içindən konfetləri, kimisi qoz-fındığı ovuclayıb götürürdü. Meyvə və şirniləri də dostlarımla bölüşdürüb təkcə şəkərburanı “qənimət” kimi özümə götürdüm.
    Sinif yoldaşım almanı dişinə çəkərək:
    ─Bilsəydim təzə qonşu yaxşı pay qoyacaq, səni göndərməzdim, özüm o qapıya papaq atardım,–dedi.
    Bir anlıq duruxdum. Gülən gözlərinin ifadəsinə tab gətirməyib nəzərlərimi yayındırdım. Həmin an mənə elə gəldi ki, sinif yoldaşım indicə hər şeyi olduğu kimi danışacaq, bu qədər sovqatı evdən gətirdiyimi söyləyib məni yaşıdlarımın arasında pərt edəcək. Özümü ələ alıb gülümsədim. Hər kəsi nəzərdən keçirib səsimi yüksəltdim:
    ─O qapı mənlikdir! Bundan sonra o qapıya həmişə özüm papaq atacam! Eşitdiz?
    Yoldaşlarım sözlərimə güldü.
    Həmin gün kimin nə düşündüyü, nə fikirləşdiyi marağımda deyildi. Tonqalda ətəyini yandırdığım təzə şalvarım üçün də üzülmürdüm. Hiss qoxusu verən paltarlarımı yerdən yığan anamın da danlaqları mənə təsir etmirdi. Bayram süfrəsinin bir kənarında oturub bayaq “qənimət” kimi özümə götürdüyüm şəkərburadan nəzərlərimi ayırmırdım. Çox sevdiyim şəkərbura belə boğazımdan keçmirdi indi.
    ─Bəlkə bir az söhbət edək, –atam əlini çiynimə toxundurub keçib divanda yanımda oturdu.
    Atamla kişi-kişiyə söhbət etməyi xoşlasam da, indi onu belə, dinləyəcək halda deyildim. Bir zabitin nəzərindən yayındığımı düşünsəm də, sən demə atam hər şeyi görübmüş. Bu gün artıq ikinci dəfə pərt olurdum. Əgər əvvəlki pərtliyimə xəsis qonşum səbəbkar idisə, indi öz süfrəsindən oğurluq edən biri kimi özümə bəraət qazandırmağa sözüm yox idi. Hələ də oğluna güvənən atamın gözlərinə isə baxmağa xəcalət çəkirdim. Əlacsız qalıb hər şeyi olduğu kimi atama danışdıqdan sonra bir qədər rahatlıq hiss edirdim.
    Bəlkə də həmin gün bu hadisəni də, pərtliyimi də unudar, bir daha heç vaxt xatırlamazdım,yatdığımı düşünüb qonaq otağında öz aralarında söhbət edən valideynlərimin sözlərini eşitməsəydim. Atam məhəlləmizə yeni köçən ailənin kimliyi ilə maraqlanırdı. Anamın pıçıltılı səsi hələ də qulaqlarımdadır:
    ─Tənha qadındır, iki qızı var. Vəziyyətləri elə də yaxşı deyil. Yoldaşı Ağdamda şəhid olub. Könüllülərdəndir. Həkim idi. Həm döyüşçü, həm də həkim kimi vuruşub, neçə insanın həyatını xilas edib. Ağdam-Şuşa istiqamətində hərəkət edərkən maşınları partladılıb. Özü və daha neçə nəfər həmin gün həlak olub.
    Bütün gecəni yata bilmədim. Arxasıyca deyindiyim, xəsis adlandırdığım ailənin bəlkə də həmin gün olanı elə həmin iki karamel imiş. Gözlərim doldu. Yorğanı başıma çəkib için-için ağladım. Yataq otağımın qapısı arxasında ayaq saxlayan atam, deyəsən, səsimi eşitmişdi. Ya da söhbətlərini eşidib eşitmədiyimə əmin olmaq istəyirdi. Bilmirəm… Keçib çarpayımın kənarında oturub saçlarımı sığalladı, üzümdən öpüb dedi:
    ─Bilirəm ki, oyaqsan, söhbətimizi də eşitmisən…
    Atamı qucaqlayıb başımı köksünə sıxdım. Demək istədiyimiz kəlmələri sükutumuzla söyləmişdik bir-birimizə. İndi əvvəlkindən daha üzgün idim. Nə yaxşı ki qaranlıq idi, atam gözlərimdəki xəcaləti görmürdü.

    Atam çox mərhəmətli və səxavətli insan idi. Həmişə deyərdi ki, bayramlar öz ruzunu, sevincini başqaları ilə paylaşmaq deməkdir. Anam üçün həmin qadınla ünsiyyət yaratmaq elə də çətin olmadı. Atamın aldığı bayram çərəzlərindən, hazırladığı şirniyyatlardan xonça tutub, yeməklərdən də qonşumuz üçün pay çəkmişdi. Öz əli ilə cücərtdiyi Səməni və bayram şamlarını da unutmadı hətta. Həmin il bayram axşamı süfrə arxasında ailəmlə bərabər oturarkən, fikirlərim qonşumuzun yanında idi. Onların da belə bir bayram süfrəsi arxasında oturduğunu düşündükcə sevinir, lakin atama baxdıqca sevincim yox olurdu. Atam zabit idi. Aylarla evə gəlməyib döyüş bölgəsində olardı. Bəzən günlərlə anam ondan xəbər tutmazdı. Özlüyümdə atamın da döyüşlərdən birində həlak ola biləcəyini düşündükcə dəhşətə gəlirdim. Nə yaxşı ki sağdır, yanımızdadır, düşünüb ona sarılırdım.
    Bilmirəm niyə, amma sonrakı çərşənbələrdə, bayram axşamları və bayram günlərində də qonşunun qapısına gözətçi olmuşdum. Heç kəsi həmin qapıya yaxınlaşmağa qoymur, başqa qapıya göndərirdim. Işıq süzülən pəncərəyə saatlarla baxar və fikrimdə dəfələrlə onlardan öz düşüncələrimə görə üzr istərdim. O çərşənbə gecəsi böyüdüm. Və həmin gündən sonra bir daha heç vaxt heç bir qapıya papaq atmadım…

    *******
    ─Ata,bax! –oğlum içi dolu papağını sevincək mənə uzatdı.
    ─Baxaq, görək, nə var içində, –uşaqlıqda olduğu kimi marağımı boğa bilmədim.
    Oğlum şəkərburanı götürüb papağı mənə uzatdı:
    ─Şəkərbura mənim! Qalanı sənin olsun!
    Dəcəlimin sözlərinə güldüm. Başını konfetlə aldadıb şəkərburanı özümə götürəcəyimi xəyal etmişdim, axı…

    27-28.02.2018-ci il. 03:48

  • Astan QASIMOV.”Çernili-qələmi bir az yaşladım”

    Çernili-qələmi bir az yaşladım,
    Bu qısa məktubu belə başladım.
    Sorağını aldım güldən, çiçəkdən.
    Salam göndərirəm sizə ürəkdən.

    Salam təbidir göndərirəm Sizə,
    Salam yetişəcəkdir öz qardaşıma.
    Qardaşım, o gündən görmüşəm Səni,
    Səmimi qəlb ilə sevmişəm Səni.

    Ey mənim qəlbimi ovlayan qardaş,
    Bəlkə də, mən Sizə layiq deyiləm.
    Min dəfə də artıq olsa sevdiyin qız,
    İnan, onu sənin tək sevməyəcəkdir.

    10 aprel 1963-cü il. Orta məktəb.

  • Astan QASIMOV.”Həyat bir bağçadı söz onun barı”

    Həyat bir bağçadı söz onun barı,
    Heç unudarmı insan insanı?!
    İnsan unutsa da, qəlbi unutmur,
    Budur insanlığın son yadigarı.

    Əziziyəm, yaz göndər,
    Payız göndər, yaz göndər.
    Əgər kağız toplasan,
    Yarpaq üstə yaz göndər.

    Sən bilirsənmi kimi sevirəm,
    Əlbəttə, gizli deyil, açıq sevirəm.
    Nəhayət, oxusan, baş hərifləri,
    İndi bilirsənmi kimi sevirəm?!

    Məktubu yazıram iki tamamdır,
    Cavab gözləyirəm axır zamandır.
    Xəstəyəm, yatıram çəmənli bağda,
    Ölümə gedirəm, dalımca ağla.
    Tabutum açıqdı, Sən özün bağla,
    Asdan can xətimi yadigar saxla.

    22 aprel 1963-cü il. Orta məktəb.

  • Astan QASIMOV.”Sabirdən xatirə”

    Salamlar qəlbimdən hörmətlə Sizə,
    Tezliklə cavabın qaytarın bizə.
    Saçlarım ağarıb, tor görür gözüm,
    Yazdıqca qələmim qurtarmaz sözüm.

    Məndən söyləməkdir, sizdən eşitmək,
    Dünyada gözəldir danışıb-gülmək.
    Dünya beş günlükdür, beşi də qara,
    Alimlər deyiblər, olmayıb çarə.

    Qəribəm, uzaqda ucalır səsim.
    Bu qısa şeiri mən belə kəsim.
    Əgər axtarsanız, mənim yerimi,
    Qocaman Sibirdən soruş sirrimi.

    Asdanam, ürəkdən yazıram bunu,
    Heyif ki, şeirin yığışıb sonuş
    Əgər düz gəlmirsə, şeirin tonu,
    İnkar eyləyib, düzəldin onu.

    14 iyun 1963-cü il. Orta məktəb.

  • Astan QASIMOV.”Sevgilim”

    Ey nazənin, xatirinə dəyməsin,
    İcazə ver, açım yaxan düyməsin.
    Şux məmələr əllərində oynasın,
    Nə gül bilsin, nə də bülbül, sevgilim.

    Gülşan bağda qönçələnib gül qoşa,
    Bu gənc qəlbim kədərlənibən coşa,
    Arzum budur, seyrə çıxaq biz qoşa,
    Gözlər ola sarı sünbül, sevgilim.

    Hər aşiqin öz arzusu, öz qəlbi,
    Eşqin oxu bu sinəmi dəldi.
    Könül verdim bütün aləm bildi,
    Asdan deyər Sənə gül, sevgilim.

  • Astan QASIMOV.”Ay etibarsız”

    Bir yaman can deyib, can eşidərdin,
    Budurmu ilqarın, ay etibarsız?!
    Kimə ağız açıb, verdin busələr,
    Budurmu ilqarın, ay etibarsız?!

    Mən səni bəslərdim güllər içində,
    Zülflərə bənd oldum tellər içində.
    Sən məni xar etdin ellər içində,
    Budurmu ilqarın, ay etibarsız?!

    Daşqının sözlərin çıxartma yaddan,
    Geymisən köynəyi alovdan, oddan.
    Gedər gözəlliyin, düşərsən moddan,
    Budurmu ilqarın, ay etibarsız?!

    7 sentyabr 1963-cü il. Orta məktəb.

  • Astan QASIMOV.”Xatirə”

    Dünya, səndə heç etibar görmədim,
    Söylə görüm, kəhər-kanı neylədin?!
    Neylədin, ay zalım, Fərhad Şirini
    Neylədin, Fərhadın sevgi gülünü?!

    Fərhad dağ başında qayalar çaldı,
    Şirinin əksini dağlara yapdı.
    Əks ölümü Fərhad Şirindən qapdı,
    Neylədin, Fərhadın sevgi gülünü?!

    Mərdin qarşısında qazdın quyunu,
    Qurutdun quyunun şirin suyunu.
    Kərəmdə görmədin Əsli toyunu,
    Neylədin, Fərhadın sevgi gülünü?!

    Onlarda ad qoydu dünya üzünə,
    Görüm, iynə batsın düşmən gözünə.
    Fərhad da inandı qarı sözünə,
    Neylədin, Fərhadın sevgi gülünü?!

    Məcnunun kölgəsi dünyadan itdi,
    Leylinin üstündə qızıl gül bitdi.
    Güllərin birisi-birinə yetdi,
    Neylədin, Fərhadın sevgi gülünü?!

    Gülzar geyinmişdi maral donunu,
    Gözlərdi İsmayıl maral yolunu,
    Ərəbzəngi gəldi onun yolunu,
    Neylədin, Fərhadın sevgi gülünü?!

    Məcnun Leyli deyib, düşdü çöllərə,
    Onların dastanı düşdü dillərə.
    Qərib Sənəm deyib, düşdü yollara,
    Neylədin, Fərhadın sevgi gülünü?!

    Asdanam, yazdıqca od tutur dilim,
    Şahsənəm dərdini mən necə bilim?!
    Aşıq Qərib olum dünyada gülüm,
    Neylədin, Fərhadın sevgi gülünü?!

    15 iyun 1963-cü il. Orta məktəb.

  • Astan QASIMOV.”Deyə bilmədim”

    Yaz vaxtı açılıb nərgiz çiçəyi,
    Eşidir çöllərdə çoban tütəyi
    O qıza eşqini necə deməyi,
    İstərdim mən deyəm, deyə bilmədim.

    Hər zaman onunla gəzirdim çöldə,
    Yaşılbaş sontək üzərdik göldə.
    Sevgimiz gəzirdi dünyada dildə,
    İstərdim mən deyəm, deyə bilmədim.

    Məktəbə gedərdik həmişə birgə,
    Tarlada gəzərdik daim ön cərgə.
    Tutmadım özümə bircə düşərgə,
    İstərdim mən deyəm, deyə bilmədim.

    Asdanam, arzumdur böyük diləklər,
    Başına dolansın pəri, mələklər.
    Mərdə tələ qurub, deyir fələklər,
    İstərdim mən deyəm, deyə bilmədim.

    29 iyun 1963-cü il. Orta məktəb.

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    * * *

    eh…
    eşqə bürünəndə
    ömür bir damcı qalır…
    adam eşqdən öləndə
    Tanrı göydə sancılanır…
    doğduğu yenə eşq olur…
    adını qoymasa da…
    adamlar…
    və həyatlar
    oyun olur, püşk olur…
    vallah ədəbdən deyil,
    Tanrıya asi çıxmaq…
    sadiq olmaq dəbdə deyil,
    məğrurluqdu xain çıxmaq…

    eh…
    Tanrı, gün başladı…
    hələ bir boy da qalxdı…
    barmaqlarım çatlayır,
    dualarım oyaqdı…
    göndər gəlsin,
    alnımda nə yazdınsa.
    Yar da, mən də tamarzıyıq…

    İlin-günün bu vaxtı,
    evimizdə tapılmır
    iki cərgə qabırğa,
    bircə alma şirəsi…
    ya bir kişi həvəsi,
    ya bir qadın hikkəsi
    ömrə bəzəkdi axı…
    Tanrı, eşqdən ölməkçün
    yaratdığın darıxır…

    ***

    Hərdən yuxum sürgün olur,
    Üz tutur sənin qoynuna.
    Gah da qəfil yolu düşür,
    “Səninlə mənim toyuma”.

    Yeyir, içir, sağlıq deyir,
    Utanmayıb oynayır da.
    Hamını özütək bilir,
    “Sən”li, “mən”li bu dünyada.

    Eh…bezdirir çoxunu,
    Arzumu gizləməliyəm.
    İnsaf et, qaytar yuxumu,
    Səhər işə getməliyəm.

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    ***

    bir də qayıt… bir də gəl…
    bir də ölüm-itim mən…
    sonra yenə çıxıb get,
    kol dibində bitim mən…

    arada qırpım gözümü…
    döyüm kirpiklərimi…
    dilim qıymaz özümə,
    söyüm sevdiklərimi…

    aylar keçsin, öyrənim,
    çayı sənsiz içməyi…
    qaranquşa söyləyim
    qəlbdən-qəlbə köçməyi…

    gülmək taxım üzümə…
    axı “güclü qadın”am…
    öpüb yatım şəklini,
    yolun düşsün yuxuma…

    Nolur… bir də qayıt gəl…
    bir də ayrılaq… bir də…
    sən boylanan sözlərə
    şeirlərdi…-deyirlər…

    ***
    Dərdi yanına sal gətir,
    Yeni görüşə gələndə…
    Özünə eynək al gətir…
    Böyütsün məni gözündə…

    Bəxtimin kiçik qızıyam…
    Falçı deyib gəlişini…
    Qəlbində ağrı, sızıyam,
    Qoru üzdə gülüşünü…

    Mənə “Qırmızıpapaq” al,
    Öz içimdədi canavar…
    Nağıl dünyandaca qal…
    Ölsəm bundan sənə nə var?

    Unutmuşdum…Bu görüşdə
    Sevgini gətirmə, yaxşı?
    Nolsun söylənirik dərddən,
    Nə sən aşıq, nə mən baxşı…

    İkimiz də uduzmuşuq…
    Sən sevgini…Mən də səni…
    Arsızmışıq…Huşsuzmuşuq…
    Görüşə səslədim səni?

    Ehh…Qırmızı şal gətir,
    Tamamlansın bəzəyim də…
    Özünə eynək al gətir…
    Böyütsün məni gözündə…

    2013

  • Şəms ABBASOVA.”Gələcəkdən keçmişə məktub” (Esse)

    Bakı şəhər 82 nömrəli məktəbin VI sinif şagirdi

    “Əziz atam, salam! Yəqin təəccüb edirsən atam sözünə. Mən sənin hələ anadan olmamış qızınam. Mən sənə bu məktubu gələcəkdən yazıram. Bilirəm, çox qəribə səslənir. Ancaq biz yaşadığımız dövrdə artıq bu mümkündür. Bizim oxuduğumuz məktəbdə hər uşağa bir şans verildi ki, keçmişə məktub yazsın. Mən də səni seçdim.
    Mən sən bu dünyadan köçəndən, sən şəhid olandan sonra doğulmuşam. Sənin evində çox böyük bir şənlik var. Ağlım kəsəndən anam- atana bax, bu sənin atandır,- deyir.
    Əzizim, sənə deməyə o qədər sözüm var ki…
    Bilmirəm hansından başlayım. Məni görənlər deyir ki, mən sənə oxşayıram. Bilirsən, mən 2 dəfə Qarabağa getmişəm. Təəccüblənmə, axı biz torpaqlarımızı qaytarmışıq. Ərazimiz bərpa olunub, xarici turistlərin ardı-arası kəsilmir. Bütün dünyaya Qarabağın gözəlliyindən danışırlar. Şuşada Qarabağ uğrunda şəhid olan əsgərlərimizin şərəfinə əzəmətli bir abidə ucaldılıb.
    Mənim əziz atam, bu məktuba ürəyimi qoya bilsəydim, sənə göndərərdim. Mən səni çox istəyirəm. Fəxr edirəm ki, şəhid övladıyam. Sənə söz verirəm ki, sən də göylərdən baxıb mənimlə fəxr edəcəksən.
    Əlvida, mənim qəhrəman atam!”
    Məni dönə-dönə oxudu. Sonra qatlayıb döş cibinə qoydu. Sanki sığal çəkirmiş kimi əlini bir neçə dəfə cibinə sürtdü. Anamın əlinin istisini üzümdə hiss etdim. Yatmışdım. Bunlar yuxu imiş. Nə qəribə yuxu idi. Gələcəkdən keçmişə yazılmış bir məktub idim.
    Bir anlıq fikirləşdim. Görəsən, mənə belə bir şans verilsəydi, mən kimə məktub yazardım?! Aprel şəhidlərinin xatirəsinə…

  • Şair-filosof Əlişad QARAQASIMLI.Viktor Bokovdan tərcümə

    Kəsmə ağcaqayını

    Kəsmə ağcaqayını,
    Meşələr küsə bilər.
    Bahar ayaqlarını,
    Vətəndən kəsə bilər.

    Ağcaqayınla qardaş,
    İnsan tək rəftar eylə.
    Çiləyər göz yaşını,
    Yanıb dönərsən külə.

    Darasın ağcaqayın,
    Saçlarını gəlintək.
    Ağcaqayın odda yox,
    Meşədə bitsin gərək.

  • Astan QASIMOV.” Bəlalı başım”

    Başına döndüyüm, qurban olduğum,
    Bilirsən, nə çəkir bəlalı başım.
    Hicran dəryasında pünhan olduğum,
    Bilirsən, nə çəkir bəlalı başım.

    Məhəbbət oduna yandım əzəldən,
    Əmanət yaylıqdır-mənə gözəldən.
    Nə deyim, mənə sənə sevgi düzəldən,
    Bilirsən, nə çəkir bəlalı başım.

    Sevdim, yatişmədim əhdi-diləyə,
    Çoxu namran olub çərxi-fələyə.
    Məhəbbət odu da yetdi ürəyə,
    Bilirsən, nə çəkir bəlalı başım.

    Asdanam, gəzirəm qərib ellərdə,
    Hazıram sözlərim düşsün dillərdə.
    Gözümün yaşı da dönüb sellərə,
    Bilirsən, nə çəkir bəlalı başım.

  • Şair-filosof Əlişad QARAQASIMLI.”Ön söz”

    Bu sonsuz üfüqlər əngin olunca,
    Əngin fikirlərim olsun həmişə.
    Üst-başım geyimim zəngin olunca
    Zəngin fikirlərim olsun həmişə.

    Yüz ölçüb-biçirəm kəlməni, sözü,
    Hər dəfə. Özümü öyə bilmərəm.
    Yamaqlı şalvar da geyərəm, düzü,
    Yamaqlı fikirlər deyə bilmərəm.

  • Xalq şairi Səməd VURĞUN.”Şair, nə tez qocaldın sən! “

    Nemətsə də gözəl şer,
    Şair olan qəm də yeyir.
    Ömrü keçir bu adətlə,
    Uğurlu bir səadətlə.
    Görən məni nədir deyir:
    Saçlarına düşən bu dən?
    Şair, nə tez qocaldın sən!

    Dünən mənə öz əlində
    Gül gətirən bir gəlin də
    Gözlərində min bir sual
    Heykəl kimi dayandı lal…
    O bəxtəvər gözəlin də
    Mən oxudum gözlərindən:
    Şair, nə tez qocaldın sən!

    Ovçuluğa meyil saldım,
    Gecə – gündüz çöldə qaldım,
    Dağ başından enib düzə
    Bir ox kimi süzə – süzə
    Neçə ceyran nişan aldım;
    Cavab gəldi güllələrdən:
    Şair, nə tez qocaldın sən?

    Bəzən uca, bəzən asta,
    Ötür sazım min sim üstə.
    Andı yalan, eşqi yalan,
    Dostluğu da rüşvət olan,
    Ürək yıxan bir iblis də
    Üzəvari deyir hərdən:
    Şair, nə tez qocaldın sən!

    Saç ağardı, ancaq ürək
    Alovludur əvvəlki tək.
    Saç ağardı, ancaq nə qəm!
    Əlimdədir hələ qələm…
    Bilirəm ki, deməyəcək
    Bir sevgilim , bir də Vətən:
    -Şair, nə tez qocaldın sən!

    1953

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Daşı sevməliyik biz indən belə”

    Gül gətirdim, çiçək qoydum üstünə,
    Gül sənindi, yer sənindi, sən mənim.
    Sara

    Yenə qəbristana düşübdü yolum,
    Daş yonur, qum tökür burda ustalar.
    Anana baş daşı qoyurlar oğlum,
    Səndən xatirədi
    məndən yadigar

    Oğlundan,ərindən…
    Son borcumuzdu,
    Qalan borclarımız bir yan qalsın.
    O, həyat aşiqi, o, yer qızıydı,
    Qoy ondan yer üstə nişanə qalsın.

    Həyatda bir sirr var, inan, ay oğul,
    Bu sirr açılmayıb qədimdən belə.
    Daşdan yonulubdu anan, ay oğul,
    Daşı sevməliyik biz indən belə.

    Nə deyim, sağ olsun heykəltəraşı,
    Gör necədüz verib o gözü, qaşı.
    Saçları örpəyin altından çıxıb,
    Tək nəfəs verməyi yadından çıxıb.

    Bu sirdi, gör necə dəyişir insan,
    tanınır, tanınmır…
    yaxşı bax, oğlum.
    Mənim daş qadınım, sənin daş anan
    Bizi qoymayacaq daşlaşaq, oğlum.

  • Xalq şairi Zəlimxan YAQUB.”Gəl, şəklini çəkim, dünya!”

    Şəkil çəkmək istəyirəm,
    Gəl, şəklini çəkim, dünya!
    Rəssam olmaq təbim gəlib,
    Gəl, şəklini çəkim, dünya!

    Ruhum gəzsin ahəng ilə,
    Əlim oynasın rəng ilə,
    Çirkin ilə, qəşəng ilə,
    Gəl, şəklini çəkim, dünya!

    Pəncərə sən, baxan mənəm,
    Sularında axan mənəm.
    Rəngi rəngə yaxan mənəm,
    Gəl, şəklini çəkim, dünya!

    Gözündəki nəmi çəkim,
    Qəlbindəki qəmi çəkim.
    Tufan çəkim, gəmi çəkim,
    Gəl, şəklini çəkim, dünya!

    Can əriyib, taxta qalıb,
    Papağa bax, mıxda qalıb.
    Gönə bax, dabbağda qalıb,
    Gəl, şəklini çəkim, dünya!

    Quzğun kimi leş alansan,
    Yeki verib, şeş alansan,
    Beş verib, on beş alansan,
    Gəl, şəklini çəkim, dünya!

    Dəhnən ilə, arxın ilə,
    Tez-tez dönən çarxın ilə,
    Sevgin ilə, qorxun ilə,
    Gəl, şəklini çəkim, dünya!

    İblis-mələk, hüri-qilman,
    Yarı insan, yarı heyvan.
    Gah kafərsən, gah müsəlman,
    Gəl, şəklini çəkim, dünya!

    Bircə bəndə sevirmisən,
    Çox saraylar devirmisən.
    Məni şəklə çevirmisən,
    Gəl, şəklini çəkim, dünya!

    Namərd, yoxsa, mərd göstərim,
    Yumşaq, yoxsa, sərt göstərim?
    Özün boyda dərd göstərim,
    Gəl, şəklini çəkim, dünya!

    Səninlə əkə bilmirəm,
    Bir könül tikə bilmirəm.
    Dərdini çəkə bilmirəm,
    Gəl, şəklini çəkim, dünya!

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Ana dili”

    Dil açanda ilk dəfə ana söyləyərik biz,
    “Ana dili” adlanır bizim ilk dərsliyimiz.
    İlk mahnımız laylanı anamız öz südüylə
    İçirir ruhumuza bu dildə gilə-gilə.

    Bu dil, – bizim ruhumuz, eşqimiz, canımızdır,
    Bu dil, – bir-birimizlə əhdi-peymanımızdır.
    Bu dil, – tanıtmış bizə bu dünyada hər şeyi.
    Bu dil, – əcdadımızın bizə qoyub getdiyi
    Ən qiymətli mirasdır, onu gözlərimiz tək
    Qoruyub, nəsillərə biz də hədiyyə verək.

    Bizim uca dağların sonsuz əzəmətindən,
    Yatağına sığmayan çayların hiddətindən,
    Bu torpaqdan, bu yerdən,
    Elin bağrından qopan yanıqlı nəğmələrdən,
    Güllərin rənglərindən, çiçəklərin iyindən,
    Mil düzünün, Muğanın sonsuz genişliyindən,
    Ağ saçlı babaların əqlindən, kamalından,
    Düşmən üstünə cuman o Qıratın nalından
    Qopan səsdən yarandın.
    Sən xalqıının aldığı ilk nəfəsdən yarandın.

    Ana dilim, səndədir xalqın əqli, hikməti,
    Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
    Ürəklərə yol açan Füzulinin sənəti,
    Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
    Səndə mənim xalqımın qəhrəmanlıqla dolu
    Tarixi varaqlanır,
    Səndə neçə min illik mənim mədəniyyətim,
    Şan-şöhrətim saxlanır.
    Mənim adım, sanımsan,
    Namusum, vicdanımsan.

    Millətlərə, xalqlara xalqımızın adından
    Məhəbbət dastanları yaradıldı bu dildə.
    Moskvada Puşkinə heykəl qoyulan zaman,
    Ona abidə qoydu bu dildə Şirvani də.

    Bu dil, – tanıtmış bizə bu dünyada hər şeyi,
    Bu dil, – əcdadımızın bizə qoyub getdiyi
    Ən qiymətli mirasdır, onu gözlərimiz tək
    Qoruyub nəsillərə biz də hədiyyə verək.

    Ey öz doğma dilində danışmağı ar bilən,
    Bunu iftixar bilən
    Modalı ədəbazlar
    Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
    Qoy bunlar mənim olsun.
    Ancaq Vətən çörəyi,
    Bir də ana ürəyi
    Sizlərə qənim olsun.

    Noyabr 1954

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Son gecədir bu gün yenə”

    ***

    Son gecədir bu gün yenə,
    Sabah yenə son səhər.
    Son yel dolur son yelkənə,
    Qayıq üzür birtəhər…

    Axırıncı ağacdır bu,
    Əsir sonuncu külək.
    Bağlayıb sonuncu yolu
    Yenə sonuncu fələk…

    İndi son küçə üstünə
    Yağacaq son addımlar.
    Yenə dönəcəklər tinə
    Sapsarı son adamlar…

    Doğulur sonuncu insan,
    Sonuncu insan ölür.
    Yenə son dəfə ağlayan
    Son dəfə gülən olur…

    1963

  • İlahə İMANOVA.”Peşman” (Hekayə)

    Düz otuz səkkiz il bundan əvvəl ata olmaq sevincini yaşamışdım. Bəlkə o zamanlar gənc olduğumdan atalıq hissinin nə olduğunu, məsuliyyətini belə dərk etmirdim. Valideynlərim, dostlarım məni oğul atası olmağım münasibəti ilə təbrik edəndə, orta məktəbi bitirərkən qırmızı diplomu əlimə aldığım və daha sonra ali məktəbə qəbul olduğum həmin günlərdə olduğu kimi böyük sevinc hissi keçirtmişdim. Hisslərin sözlərlə ifadə oluna bilmədiyi həmin an “xoşbəxtlik nədir?” sualının cavabı gözlərimdəki parıltı, dodaqlarımdakı təbəssüm idi. Sevdiyim və uğruna çox cəfalara dözdüyüm həyat yoldaşımın sevgisinin hədiyyəsi kimi dəyərləndirmişdim Allahın lütfünü.
    İllər necə də tez keçir! Dünən idi sanki… Otuz səkkiz il əvvəl həyəcanla qucağıma alıb, balaca əlindən öpdüyüm körpəm böyümüşdü. Bir zaman dizlərimə sığınan, hər gün işdən gələndə “Mənə nə almısan?” deyərək qarşıma qaçan Faiq indi özü ata idi. Mühəndis işləyirdi: nəvəmin dili ilə desək, bütün şəhəri işıqlandırırdı.
    Nəvəm demişkən, bu gün balaca Faiqimi-nəvəm Ruslanı da görə biləcəkdim. Hər həftə olmasa da, ayda bir neçə dəfə nəvəmi görə, bağrıma basa bilirdim. Anası uşağın atası ilə, nənə-babası ilə görüşlərinə etiraz etməsə də, Faiqin işləri çox olduğundan onu bizə gətirməyə vaxtı olmurdu. Qınamıram, necə də olsa, iş adamıdır, axı.
    Keçən ay aldığım təqaüdü xərcləməyə, daha doğrusu, özümə yeni eynək almağa qıymayıb həm oğluma, həm də nəvəmə hədiyyə almışdım. Faiqə nə alacağıma uzun-uzadı qərar verə bilməmişdim. Bir neçə gün əvvəl işdən qayıdıb əl-üzünü yumaq üçün hamam otağına keçməzdən öncə qolundan açıb masanın üzərinə qoyarkən saatın şüşəsinin qırıldığı diqqətimi çəkdi. Uşaq vaxtı həmişə saatımı oğurlayıb qoluna taxan oğluma bundan gözəl nə hədiyyə edə bilərdim ki! Yalnız illər keçdikcə insan zamanın, hətta ötüb keçən hər dəqiqənin belə nə qədər qiymətli və dəyərli olduğunu anlayır…
    Faiq ad gününü əvvəlcə dostları ilə qeyd etmək istəsə də, sonradan nəvəmin “Bazar günüdür” deyərək bizimlə görüşmək üçün israr etdiyini görüb dostlarını evə dəvət etməkdən başqa çarəsi qalmamışdı. Dostları deyəndə ki, onun elə də çox dostu yox idi. Öz həmyaşıdları olan Ramin və Əhmədlə illərin dostu idilər. Bir yerdə çox oturub-durduqlarındandır, ya da sırf təsadüf, bilmirəm, hər üçü demək olar ki, eyni xasiyyətdə idi, eyni də dünyagörüşünə sahib idilər.
    Faiqin telefonda dostlarını evə dəvət edəcəyindən xəbərdar olan kimi yoldaşım Tamara vaxt itirmədən bir neçə salat hazırlayıb, kartofla göbələk də qızartdı. Süfrəni bəzəyib nəvəsinin və qonaqların yolunu gözlərkən özünü də unutmadı, saçlarını qaydaya salıb tələsik dırnaqlarına boya çəkdi. Tamara cavanlıqdan belədir: özünə qulluq etməyi, baxımlı olmağı sevir. “Hər bir xanım hər yaşda gözəl və baxımlı olmalıdır”-sözləri dilindən düşmür.

    Hələ həyət qapısından səsi eşidilən nəvəm tələsik içəri daxil olub boynuma sarıldı. Doyunca üzündən-gözündən öpməyə imkan verməyib, atasının Ramin əmisi ilə onu evdən götürdüyündən, bir az da şəhərdə necə əyləndiklərindən şövqlə danışmağa başladı. Uşaq ki uşaq! Əyləncə mərkəzlərində keçirdiyi gün deyil, atası ilə bərabər olduğu hər dəqiqə onun üçün önəmli idi. Necə də sevinirdi! Hər görüşümüzdə dəfələrlə qulağıma “Baba, nolar, elə et ki, anam atamla barışsın. Biz hamımız bir yerdə, bir ailə olaraq yaşayaq!”-deyə pıçıldayıb üzümə baxar, yalvarış dolu baxışlarıyla məndən kömək umardı. Ona baxdıqca üzülər, dərindən köks ötürərdim.
    Faiqlə dəfələrlə bu mövzuda söhbət açmaq istəsəm də, həmişə söhbətimiz yarımçıq qalardı. Hər dəfə tələsdiyini, işlərinin çox olduğunu deyərək söhbətdən yayınardı. Bəlkə də, bu şəkildə qərarlarına, şəxsi həyatına müdaxilə etməməyimə eyham vurardı. Bilmirəm… Amma hiss edirdim ki, keçmişdə buraxdığı səhvlərə görə özü də çox peşmandır. Bəlkə də, səhvlərini etiraf etməyə qüruru yol vermirdi… Hərdən isə mənə elə gəlirdi ki, səhvlərindən nəticə çıxarıb və ailəsi ilə barışmaq qərarına gəlib. Amma nədənsə bir zamanlar seçib-sevdiyi qızla aralarındakı soyuq münasibətlərə son verilmirdi.
    Ehh… İndiki gənclərin fikirlərindən baş açmaq olmur ki! Gah ciddi qərar qəbul edir, gah da asanlıqla hər şeydən vaz keçirlər.
    Yeganə oğlumun sevgisinə və seçiminə hörmətlə yanaşmışdım. El adətiylə elçi gedib, nişan-toy etmişdim oğluma. O vaxtlar Bakı Dövlət Universitetində Nəzəri Fizika kafedrasının müdiri vəzifəsində işləyirdim. AMEA-nın müxbir üzvi, Universitetin ən hörmətli müəllimlərindən biri idim. Professor Rafiq Kərimov adı bu gün də əfsanədir müəllim və tələbələrin dilində. Kvant mexanikasına dair yazı və məqalələrim maraqla oxunar, kitablarım dərc olunardı. Bax, bu rəfdəki kitablar var ha, onların böyük hissəsi mənim müəllifi olduğum əsərlərdir. Bəziləri bu gün də dərs vəsaiti kimi istifadə olunur.
    Nəvəm nənəsinin başını qatır, Faiq isə dostu Raminlə bir kənarda oturub astadan söhbət edirdilər. Üzlərinin ifadəsindən aralarındakı söhbətin ciddi olduğu hiss olunurdu. Bu aralar Faiqin iş həyatında sıxıntıları olduğundan xəbərim var idi. Öz işləri, şəxsi həyatı barədə mənimlə danışmasa da, amma anasından heç nə gizlədə bilmirdi. Gizlətmirdi… Uşaqlıqdan anasına bağlı idi Faiq.
    Tamara deyəsən sıxılırdı, tez-tez yeməklərin soyuduğunu söyləyib, Faiqdən Əhmədi xəbər alırdı. Əhməd isə gecikirdi.
    Ramin telefonu kənara qoyub:
    ─Gəlirlər, yoldadırlar, –dedi.
    Faiqdən fərqli olaraq, Ramin hündürboy, iricüssəli bir gənc idi. İdman Akademiyasını bitirmişdi. İndi də məşqçi işləyirdi. Otuz beş yaşı tamam olmasına baxmayaraq, hələ də subay idi. Evlənməmişdi. Faiq maddi vəziyyətinin yaxşı olmadığını, ögey anasının da ona gün ağlamaq istəmədiyini desə də, gəncin “subaylıq-sultanlıqdır” sevdası başında olduğunu hiss etməmək mümkün deyildi.
    Əhmədə gəlincə isə, dostların arasında ən yaraşıqlısı, deyəsən, elə ən şanslısı da o idi. İş həyatı uğurlu olduğu kimi, geniş dünyagörüşü və savadı, kübar ədaları ilə qızların, qadınların hər zaman diqqətini çəkməyi bacarardı. İfadəli baxışları, mənalı təbəssümü ilə bu günədək neçə-neçə qızın, qadının qəlbini fəth edə bilsə də, sındırıb arxada gözüyaşlı buraxdığı gözəllərin arasından əsl sevgisini isə hələ də tapa bilməmişdi.
    Ramin “Gəlirlər, yoldadırlar” deyəndə Faiq Əhmədi nişanlısı ilə bərabər evə dəvət etdiyini söylədi. Əhmədin nişanlanması xəbərinə, düzü, bir qədər təəccübləndim. Bəzi insanlar hər gün yeni bir paltar geyinməyi xoşladığı kimi, Əhməd də hər yeni həftəyə, yeni aya yeni bir eşq macərası ilə başlardı. Bir sözlə, ürəkləri fəth etmək üçün gəncliyindən, gözəlliyindən, cazibəsindən bacardığı qədər istifadə edərdi. Amma bu cəhətinə baxmayaraq, onun gözəl xasiyyəti var idi.

    Nəhayət ki!
    Həyət qapısının cırıltısı eşidilən kimi, Ruslan sevincək özünü çölə atdı. Əhmədin qarşısına qaçıb, böyük kişilər kimi əl verib görüşdü. Əyilib üzündən öpmək istəyən nişanlısına isə ötəri nəzər salıb geri çəkildi, öpməyə icazə vermədi. Əhmədin sevgisini sanki ondan oğurlamağa çalışan qızı uşaq qısqanclığı ilə süzür, açıq-aşkar diqqəti özünə çəkməyə çalışırdı. İlk gündən qıza qarşı qərəzli mövqe tutmuşdu nəvəm. Görünür, Əhməd üçün nişanlısı ilə balaca dostu arasındakı münasibətləri yoluna qoymaq elə də asan olmayacaqdı.
    Ruslan Əhmədi özünün ən yaxın dostu bilirdi. Xətrini çox istəyirdi. Hətta atasını dilə tuta bilməyəndə, həmişə Əhmədin qılığına girir, öz istəyinə nail olurdu. Düzünü desəm, Ruslanın ərköyünlük və şıltaqlıqlarının səbəbkarı elə Əhmədin özü idi.
    Əhməd hər kəslə salamlaşıb görüşdükdən sonra:
    ─Bağışlayın, bir az gecikdik. Nişanlım Aylin! –deyərək qızı bizə təqdim etdi.
    Aylinin dodaqlarından qopan kəlmələri eşitməsəm də, xəfif təbəssümündən və gülümsəyən gözlərindən süzülən ehtiram dolu salamını qəbul etdim. Faiq və Raminin davranışlarından onların əvvəldən tanış olduqlarını hiss etdim. Baxışları və təbəssümü ilə ürəyindəki sözləri dilə gətirməyi bacaran Tamara əvvəlcə Əhmədə, sonra qıza yaxınlaşdı. Həmişə olduğu kimi bu dəfə də üzünü qarşısındakı insanın yanağına toxundurub havanı öpdü.
    Öz ömür-gün yoldaşını kim tanımaz ki! Xasiyyətinə yaxşı bələd olduğum həyat yoldaşımın baxışlarından Aylinə qarşı münasibətini duydum. Düzü, ilk baxışdan mən də, sadə, baxımsız, o qədər də cazibədar olmayan Aylini hər zaman digər gənclərdən öz boy-buxunu, yaraşıq və cazibəsi ilə fərqlənən Əhmədə yaraşdırmadım. Nə bilim… Məhəbbətin gözü kordur, deyirlər. Əhmədin zövqünə bələd olduğumu düşünsəm də, deyəsən yanılmışdım, axı.
    Aylin! Hə, o Əhmədin gözəllik idealından çox uzaq idi. Əynindəki ağ köynəyi və qara şalvarı onu az qala məktəbliyə oxşadırdı. Azərbaycan qızlarına məxsus zərif və incə üz cizgiləri, hərəkət etdikcə dalğalanan uzun qara saçları, hər dəfə nişanlısına nəzər salanda işıldayan parlaq qara gözləri, həyadan qızaran yanaqları, çəhrayı dodaqlarındakı xəfif təbəssümü belə, onu gözəllik ilahəsi adlandırmaq olmazdı. Nəzərəçarpmayan, sadə görünüşünü baxışlarındakı sadəlövh ifadə tamamlayırdı. Qəribə də olsa, sonradan hər dəfə Aylinin gözlərinə baxanda dərinliklərində fərqli bir ruh hiss edirdim. Bəlkə də onun özəlliyi də elə bu idi. Təmiz ilahi sevgisi, məsum baxışları idi onun Əhmədin gözündə fərqləndirən. Bəlkə də… Bəlkə də yanılıram…
    Deyib-gülən, şən və zarafatcıl Əhməddən fərqli olaraq, Aylin çox sakit və susqun idi. Gələndən bəri də demək olar ki, heç kəslə bir kəlmə belə danışmamışdı. Arada bir başını qaldırıb otağa, süfrə arxasında müzakirələr aparan dostlara və mənə nəzər salır, Ruslanın şıltaq davranışlarını təbəssümlə izlədikdən sonra yenidən nəzərlərini döşəməyə zilləyirdi. Darıxdığı, sıxıldığı dərhal hiss olunurdu. İlk baxışdan yeni mühitə, yeni insanlara uyğunlaşmağı bacarmayan bir insan təsirini bağışlayrdı. Çox güman ki, balaca qəlbinin öz böyük dünyası var idi. Və bizim evin abü-havası onun dünyasından çox uzaq və fərqli idi. Əlindəki salfetın kənarlarını qatlamaqla vaxtını öldürməyə çalışırdı. Ruslan da Əhmədin yanında özünə yer etdikdən sonra, demək olar ki, tamamilə kənarda qaldı. Süfrə arxasında iştahla yeyib-içən dostlardan və yoldaşımdan fərqli olaraq, bayaqdan bəri dilinə də heç nə vurmamışdı.
    Televizorun səsini alıb pultu bir kənara qoydum. Ayağa qalxıb masaya yaxınlaşdım, üzümü Əhmədə tutub:
    ─Əhməd, nişanlına qulluq et,–dedim.
    Yalnız indi, mənim səsimi eşidəndə hər kəs sanki Aylinin varlığını xatırladı. Bir anlıq diqqət mərkəzində olmaqdan sıxılan qız isə baxışlara tab gətirə bilməyib nəzərlərini hər kəsdən yayındırdı. Sıxıldığı, bir az da utandığı lalətək qızaran yanaqlarından hiss olunurdu. Gözlərindəki ifadəyə gəldikdə isə, darıxmaqdan daha çox bir boşluq və tənhalığı, bəlkə də qəm-qüssəni əks etdirirdi. Nədənsə, əmin idim ki, onun bizə gəlməyinə də Əhməd israr etmişdi.
    Başı dostlarına və Ruslana qarışan Əhməd tez səhvini düzəltdi, gülümsəyib nişanlısına meyvə şirəsi süzdü, boşqabına bir neçə qaşıq paytaxt salatı qoydu.
    Bəlkə də bizlərdən utanıb çəkindiyindən, əlini süfrəyə uzatmaq istəmirdi.
    ─Utanma, qızım, öz evin bil, –deyib yenə də qayıdıb öz kresloma əyləşdim. Evdə qonaqlar olduğundan, televizorun səsini də çox artıra bilmirdim.
    Nəzərlərim isə Aylində idi. Gözlərini açıb yumdu. Əlini süfrəyə uzadarkən mənə baxıb gülümsəməyindən bunu məni qırmamaq üçün etdiyini anladım. Hörmət və ehtiramına cavab olaraq mən də gülümsədim.
    Əhməd isə iradımdan nəticə çıxartmışdı. Böyük məmnuniyyətlə nişanlısına qulluq edirdi. Ona göbələk və kartof qızartması çəkmək istəyəndə qız nişanlısının əlini saxladı, qulağına nə isə pıçıldadı. Əhməd başını tərpədərək buludu masanın üzərinə qoydu.
    Tamara tez dilləndi:
    ─Noldu, Əhməd? Nişanlın hazırladığım yeməkləri bəyənmədi?
    Aylin bu sözlərdən diksinib əvvəlcə yoldaşıma, sonra mənə bir anlıq nəzər saldı, başını aşağı əydi. Pərt olmuşdu. Həmin an Aylinlə bərabər yalnız Əhməd deyil, elə mən özüm də pərt oldum.
    ─ Yox, o nə sözdür, Tamara xanım! Çox dadlıdır, əlinizə sağlıq.
    Qızın cavabı Tamaranı razı salmadı, üzünü Əhmədə tutub başını buladı:
    ─Fikir verirəm, demək olar ki dilinə heç nə vurmayıb.
    Pərtliyi aradan qaldırmağa çalışan Əhməd öz şirin dilini işə saldı:
    ─Siz onu üzrlü bilin! Əslində, Aylin elə də çox yeyən deyil. Amma salat xoşlayandır, imtina etmədi. Salat isə çox dadlı idi. Düz deyil, Aylin? –Aylinin cavabını gözləməyib, sözünə davam etdi, –Bilirsiz, Tamara xanım, sözün düzü, nişanlım göbələk xoşlamır.
    Əhməd həmişə olduğu kimi indi də öz sözləri və təbəssümü ilə Tamaranın könlünü almağı bacardı. Üzü güldü. Qarşısındakı qızı süzüb:
    ─Sən ye! Ye, bir dəfə dadına bax hələ! Çox xoşuna gələcək! –dedi və mənə tərəf çevrilib, –Rafiq mənim hazırladığım bütün yeməkləri xoşlayır və həmişə də deyir ki, hələ indiyə kimi heç kəs onun üçün mənim kimi dadlı göbələk qovurmayıb.
    Aylinin nəzərləri mənə yönəldi, gülümsəyərək:
    ─Rafiq dayı, gəlin, siz də bizimlə oturun da!–deyib əliylə boş stula dəvət etdi.
    Qızın səsindəki səmimiyyət və qayğı həmin an məni çox duyğulandırdı. Aylinin təklifinə cavab vermək istəyirdim ki, həmişəki kimi Tamara məni qabaqladı:
    ─O yeyib… Sizdən əvvəl mən ona yemək də, çay da vermişəm!
    Aylin gözlərimin içinə baxıb susdu. Onun susqunluğundakı sözlər, baxışlarından süzülən kəlmələr qarşısında özümü itirdim bir anlıq. Həmin an mənə elə gəldi ki, bu gənc qız qəlbimin dərinliklərinə boylanmağı bacardı. Fikrimdən, qəlbimdən keçənləri, hətta heç kəslə bölüşə bilmədiyim hisslərdən belə bircə baxışıyla agah oldu sanki. Gözlərimin içinə, daha doğrusu, qəlbimin dərinliklərinə yönəltdiyi nəzərlərinə tab gətirməyib başımı çevirsəm də, onun baxışlarını öz üzərimdə hiss etməkdə idim. Nə gizlədim, baxışları altında sıxıldığımı, əzildiyimi hiss etdikcə uzaqlaşmaq istəyirdim. Qəfil öskürək məni vəziyyətdən çıxartdı. Mətbəxə keçdim. Bacardıqca daha çox orada ləngimək, hətta öz otağıma çəkilmək fikrinə düşdüm. Soyuq və şaxtalı yanvar günü olmasaydı, parka gəzməyə gedər, ya da təqaüdçü qonşumla bir az nərd oynardım. Amma yox e… İndilərdə “Xəbərlər” başlayacaqdı. Otağa qayıdıb, kresloya-öz yerimə keçdim.
    Nəvəmin məktəb macəralarını dinləsəm də, gözaltından yenə də Aylini izləyirdim. Qoçaq qıza bənzəyirdi. Tamara danışa-danışa bir neçə bulaşıq boşqabı götürənə qədər, bütün masanın üstünü yığışdırıb səliqəyə saldı. Pəncərənin qırağına qoyulan şirniyyatları və özləri ilə gətirdiyi tortu süfrəyə qoyub yenidən mətbəxə keçdi. Mətbəxin yolunu əzbərləmişdi.
    Əhməd:
    ─Aylin, bir çay hazırla, tortu da kəsək, –deyəndə artıq dəmə qoyduğunu söylədi.
    Gülümsədim. Əhmədin gözlərindəki məmnunluq da nəzərimdən qaçmadı. Həmin an ilk baxışdan xoşlamadığım bu qızın Əhmədin qəlbinə necə yol tapa bilməsi barədə düşündüm: sadəliyi, səmimiliyi, bir də fədakarlığı onu Əhmədin gözlərində hər kəsdən fərqli etmişdi. Bir anlıq Faiqin Ruslanın anası ilə münasibətlərini xatırladım. Oğlum nə qədər diqqətsiz və evdən kənar əyləncələrə meyl etməsi ilə nikahının pozulmasında günahkar idisə, yoldaşı da bir o qədər şöhrətpərəstliyi, lovğalığı ilə münasibətlərin gərginləşməsinə təkan vermişdi. İndi Aylinə baxdıqca, ürəyimdə Əhməd kimi daha bir oğlum olmasını istəyir, kaş ki gözəl və cazibədar gəlinim də bu qıztək sadə və mehriban olaydı, deyə düşünürdüm.
    Həmişəki kimi bu dəfə də təşəbbüskarlığı Əhməd öz üzərinə götürdü. Tortun üzərindəki şamı yandırıb Faiqə ürəyində arzu tutmasını deyən kimi, Ruslan atasından cəld tərpənib şamı üfürdü.
    ─Ruslan! Neynədin? –Əhməd narazı halda başını yellədi, –Bu gün atanın ad günüdür! Sənin ad günün deyil, axı! Şamı atan üfürüb arzu tutmalı idi…
    Ruslan hər şıltaqlığına göz yuman dostunun iradına dodaqlarını büzdü, atasına qısılıb incik səslə:
    ─Mən atamın yerinə arzu tutdum… –dedi.
    Ruslanın hərəkətini sıradan bir nadinclik kimi qəbul edən Əhməd:
    ─Yaxşı, gəl belə edək, Ruslan, indi şamı yandırırıq, amma bu dəfə atan arzu tutacaq, –dedi.
    Əhmədin təklifi Ruslanın ürəyindən olmadı. Narazı halda başını yelləyib, əlini tutub saxladı, alışqanı yandırmağa qoymadı. Səsi titrəyə-titrəyə:
    ─İstəyirəm ki, atam yenə də bizimlə bərabər yaşasın! Hamımız bir evdə yaşayaq…
    Qeyri-ixtiyari Əhməd əlini aşağı saldı. Fərqinə belə varmadan alışqanı cibinə qoydu. Balaca dostunun könlünü qırmağa qıymadı. Ərköyün dostunun hisslərini, arzusunu hörmət və anlayışla qarşılamaq uşağa böyüklərin səhvlərini izah etməkdən, “niyə” və “nədən” suallarına cavab verməkdən daha asan idi.
    Uşağın sözləri hər kəsi duyğulandırsa da, amma ən çox Faiqin qəlbinə təsir etmişdi. Oğlunu özünə sıxıb saçlarını tumarlayıb öpdü.
    Şən əhval-ruhiyyə bir anın içində sükutla əvəzlənmişdi.
    Sükutu Aylinə müraciət etməklə Əhməd pozdu:
    ─Aylin, çay dəm alıbsa, zəhmət olmasa…
    Evin xanımı olduğunu xatırlayan Tamara, deyəsən, qıza əziyyət verməmək üçün təşəbbüsü öz üzərinə götürdü. Aylinin əlindən sinini alıb çayları payladı. İlk fincanı səbirsiz nəvəmin qarşısına qoyduğu zaman Aylin geri çəkildi, əvvəlki kimi səssizcə süfrə arxasında əyləşdi. Evin xanımının təşəbbüskarlığından sonra daha heç nəyə cəsarət etməyən qızın nəzərləri sinidəki sonuncu, çox güman ki, mənim üçün tökdüyü həmin fincanda ilişib qalmışdı.
    Ruslanın davranışları, sözləri hamımızın əhvalını alt-üst etmişdi. Elə Tamaranın da. Yazıq qadın üzgün halı ilə çayımı sinidə unutmuşdu… Son illər o da mənim kimi unutqan olmuşdu…

    *******
    Soyuq olmasına baxmayaraq, hava çox təmiz idi. M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alarkən, həmçinin Xarkovda hərbi xidmət keçərkən də soyuq torpaqların havasına öyrəşmişdim. Ona görə də Bakının küləkli, şaxtalı havası məni qorxutmurdu. Havadan asılı olmayaraq, səhər və axşam gəzintisi mənim kimi təqaüddə olan yaşlı insanlar üçün əslində çox faydalıdır.
    Həyət qapısından içəri girəndə qarajın yanılı işığı diqqətimi çəkdi. İçəri boylandım. Ruslan fürsətdən istifadə edib dostlara velosipedini təmir etdirirdi. Yəqin ki, yoldaşım da indi içəridə Aylinlə söhbət edir, maraqla ondan Əhmədlə necə və harada tanış olduqlarını soruşurdu. Özlüyümdə, ən yaxşısı birbaşa öz otağıma keçməyi düşündüm. Həm xanımların söhbətinə mane olmaz, həm də bir az uzanıb dincələrdim.
    Ayaq saxladım. Qulağıma gələn səs gerçək idi? Həyəcanla qonaq otağına tərəf addımladım. Bəli, gerçək idi… İllər sonra ilk dəfə evimizdə piano səsləri eşidilirdi. Qızım ailə qurub həyat yoldaşı ilə Leninqrada köçdükdən sonra eləcə divarın dibinə qısılıb qalan, yeddi-səkkiz ildən çox istifadə olunmayan bu piano da mənim kimi tənha qalmışdı. Bir neçə dəfə yoldaşımın fikrindən pianonu kiməsə bağışlamaq, ya da satmaq fikri keçsə də, etiraz etmişdim: bir gün, bəlkə də ömrümün son günlərində olsa belə, yenə də qızımın ifasını dinləməyi xəyal etmişdim… Faiqdən fərqli olaraq, qızım məni çox istəyirdi, hətta anasından da çox.
    Qapı arasında dayanıb Aylinin ifasını dinlədim. Dinlədikcə də kövrəlir, duyğulanırdım. Xatirələrimi canlandırmışdı bu ifa. Gözümün qarşısında gənclik vaxtlarım, qızımın şıltaqlıqları gəlib dururdu. Bir anlıq qızım üçün o qədər darıxdım ki! Aylinə necə yaxınlaşdığımı belə hiss etmədim.
    Səsimin titrədiyini hiss etdim:
    ─Çox sağ ol, qızım!
    Otaqda heç kəsin olmadığını zənn edən Aylin diksindi. Özünü itirdi:
    ─Üzrlü bilin, icazəsiz…
    ─Yox, yox! Bilsən ki nə qədər sevindirdin məni!, –deyib fərqinə varmadan qızın əlindən tutdum, –Qızım, xahiş edirəm, yenə nəsə çal!
    Səsimdəki yalvarışı hiss edən gənc qız məni qırmadı. Aylinin pianonun ağ-qara dilləri üzərində gəzən incə barmaqları qəlbimin sarı siminə toxunmuşdu. Gözəl ifası ruhumun dərinliklərinə enir, məni də öz dünyasına çəkib aparırdı. Aylində qızımı görür, qızımı hiss edirdim. Onu qucaqlamaq, bağrıma basmaq istəyimi güclə boğdum.
    İfasını bitirib əlini saxladı. Üzümə baxıb gülümsədi.
    ─Mənim qızım da…–susdum. Sözümə fasilə verib, fikrimi tamamlamağa çalışdım, –İndi ailəsi ilə Leninqradda yaşayır. İldə yalnız bir dəfə Bakıya gələ bilirlər. Yeni ildə gələcəklərini gözləyirdim, amma gələ bilmədilər. Yoldaşına işdən məzuniyyət vermədilər. Heç olmasa, Faiqin ad gününə gələr, düşündüm, …
    Aylin susaraq məni dinləyirdi. Danışdıqca gözlərimin içinə baxır, qocanın sözünü kəsməyə qıymırdı. Sözsüz, kəlməsiz, lal sükutumla belə, qarşımdakı bu qız məni anlaya bilirdi. Hisslərimi, duyğularımı daha ondan gizləyə bilmir, hətta gizlətmək belə istəmirdim daha.
    ─Qızım on bir il musiqi təhsili alıb, indi də fortepianodan musiqi dərsləri verir. Görürəm, sənin də musiqi təhsilin var…
    Aylin gülümsədi:
    ─Necə deyim… Cəmi üç il musiqi təhsili aldım, sonra getmədim.
    ─Hə…Təəssüf…
    Aylinlə söhbət etməkdən, fikirlərini, insanlara, dünyaya baxışını dinləməkdən, düzü, zövq alırdım. Bu qədər sadə, lakin bu qədər dərin. İlk təəssüratımda yanılmışdım. Savadlı bir qız imiş! Mənim həvəslə danışdığım elmi mövzulara maraqla göstərməsə də, kvant nəzəriyyəsindən, kvant mexanikasından anlayışı olmasa belə, tarix və ədəbiyyatdan maraqlı faktlar danışaraq məni təəccübləndirə bildi. Bəzən hətta professorun özünün belə bilmədiyi nələrsə olurmuş!
    Ailədə hamımız rusdilli olduğumuzdan bu gün ilk dəfə öz evimdə öz doğma dilimdə danışırdım. Necə də xoş bir hiss idi! Təəssüf ki, velosiped təmirini bitirən dostların gəlişi Aylinlə söhbətimizə son qoydu.
    Əhməd əllərini bir-birinə sürtüb qızınmağa çalışırdı:
    ─Aylin, zəhmət olmasa, bir çay qoy. Üşüdük.
    Əlində sini otağa daxil olan Aylin ilk fincanı kreslomun yanındakı jurnal stolunun üstünə qoydu. Gülümsəyən gözləri ilə təqdim etdiyi bu bir fincan çayla evin bir küncünə sıxılmış piano kimi hər kəs tərəfindən unudulan yaşlı professora öz hörmət və ehtiramını bildirmək istəyirdi.

    ******
    Pəncərədən yollara zillənən gözlərim yenə kimisə axtarır, özünə həmsöhbət gəzirdi. Tənha evdə keçən günlərimi divardakı, ya da pianonun üstündəki saatın tıqqıltısı tamamlayırdı. Tamara həmişə olduğu kimi rəfiqələri ilə telefonda danışar, evdə darıxanda isə alış-verişə gedərdi. Faiqi də səhər işə gedəndə, bir də gecə işdən qayıdanda görürdüm. Nə yaxşı ki, televizor vardı. Arada onunla dərdləşir, mənə cavab verməsə də, hisslərimi bölüşürdüm.
    Pianoya yaxınlaşdım. Qızımın saçlarını sığallayırmış kimi dillərini tumarladım. Xoşbəxtliyim, gəncliyim pianonun dilləri kimi qaranlığa qapanmışdı.
    Tıq-tıq…
    Faiqə ad gününə aldığım həmin saatın səsidir. Görüşdüyü xanım məndən qabağa düşüb ona gözəl bir qol saatı hədiyyə etmişdi. Oğlum hədiyyəmə çox sevinsə də, unutduğundan, bəlkə də xanıma qarşı diqqətsizlik etmək istəmədiyindən pianonun üstündə qoyub çıxmışdı evdən.
    Saatı qulağıma yaxınlaşdırdım. Yatmamışdı, hələ də işləyirdi. Zamanı qovan əqrəblər, əslində, gəncliyimizi, xoşbəxtliyimizi əlimizdən alıb aparırdı. Nə qədər dayandırmaq, bəzən geri dönmək, yaxud yenidən başlamaq istəsək də, barmaqlarımızın arasından süzülən suya bənzəyirdi zaman.
    Pianonun üstündəki dəvətnaməni əlimə aldım. Görünür, axşam Faiq qoyub. Açdım. Əhmədin toy dəvətnaməsi idi. Subaylıq həyatı ilə vidalaşan Əhməd bəlkə dostlarına da nümunə olardı. Onlar da subaylığın daşını atar, ev-eşiyə yığışardılar bəlkə. Gülümsədim. Ürəyimdən “Allah xoşbəxt etsin!” kəlmələrini keçirtdim.
    Faiqin səsini eşidib dəhlizə çıxdım. Həmişə olduğu kimi əynini dəyişib yenə də harasa tələsirdi. Əlimdəki dəvətnaməni göstərərək:
    ─Əhmədin toyu da amma yaman yubandıye… –dedim. –Yaddaşım yaman korlanıb. Huşum gedir day. Mühazirlərimi konspektsiz oxuyardım. İndi isə adları belə unuduram… Eh, qocalıq! Əhmədin nişanlısını deyirəm e, sən demə adı Nigar imiş. Yadımda başqa ad qalıb nəsə… Ad gününə gətirmişdi. Çox yaxşı, səmimi qızdır. Əsl azərbaycanlı qızıdır! Sözünün, hərəkətinin yerini bilən, böyüklərə hörmət edən… Çox diqqətli və anlayışlı qızdır. Allah xoşbəxt etsin!
    Faiq ayaq saxlayıb təəccüblə üzümə baxdı:
    ─Kimdən danışırsan?
    ─Nişanlısını deyirəm də: Sənin ad günündə bizə gətirdiyi qız
    ─Aylin? –Faiq başını yellədi, –Əhməd ondan gör nə vaxtdır ayrılıb!
    Faiqin sözlərinə üzüldüm. Doğrudur, Əhmədin həyatından çox qız, qadın gəlib keçmişdi. Amma həmin gün mən, nəhayət, onun öz sevgisini, xoşbəxtliyini tapdığına inanmışdım.
    ─Niyə ayrıldılar?-sualıma
    Faiqin cavabı gözlənilməz oldu:
    ─Özün görmədin? O qız Əhmədə yaraşan qız idi ki, papa? Nigar başqa məsələ! Nigarla Aylinin arasında yerlə-göy qədər fərq var e! Sığorta şirkətində şöbə müdiri işləyir, bir neçə dil bilir. Üstəlik də çöx gözəl və zövqlü xanımdır. Gəlməz ki, bir yanına kimisə salıb aparanda özünə yaraşan biri olsun, utanmayasan!
    Nitqim qurudu. Nə deyəcəyimi bilmədim.
    Əlbəttə, ürəyə hökm etmək olmaz. Xoşbəxtliyə gedən yol sevgidən keçir, deyirlər… Bəzən isə… Bəzən isə əsl sevgi axtarışında olarkən gerçək hisslərimizi, xoşbəxtliyimizi öz səhvimiz üzündən qurban veririk… Və bunu özümüz də anlamırıq…
    Əhmədi qınamağa haqqım çatırdımı? Ehtirasının qurbanı olub, slavyan gözəlinin mavi gözlərinin cazibəsindən kor olub, işvələrinə uyub cavanlıq səhvimə qurban etmədimmi öz qaragözlü, mələk üzlü nişanlımın sevgisini… Evin küncünə qısılan piano kimi atılmış, diqqət və qayğıya hər zaman möhtac bu qoca, əslində özünü nişanlısı xəyanətini ona bağışlamayıb həyatından birdəfəlik getdiyi gün özü özünü tənhalığa məhkum etmişdi.
    Köksümü ötürdüm. Deyə biləcəyim tək söz bu idi:
    ─Düzdür! Heç Əhmədə yaraşan qız deyildi!

    26-29 yanvar 2018-ci il. Bakı şəhəri.