Söhrab Tahirə

II

Uca dağlar, yol verin
Uzaqdan ana gəlir.
Ovxarlı xəncərini
Çəkib hicrana, gəlir.

Daşa dönmüş ümidlər,
Duyğular cana gəlir.
Yola çıxın, igidlər,
Uzaqdan ana gəlir.

Bir nəfərin anası,
Milyonların istəyi.
Bir oğul təmənnası,
Bir torpağın diləyi.

Uzaq düşmüş yaxından
Çıxıb bu yana gəlir.
Ay Bakı, ay Naxçıvan,
Yola çıx, ana gəlir.

Ay Qarabağ, Muğan, Mil
Yola, izə çiçək sər,
Vüqarlı Qoşqar, əyil,
Ana gəlir, ay ellər!

Şair oğlu demişkən
Gözündə qətrə gəlir.
Saçındakı gümüşdən
O yerin ətri gəlir.

Sözündə, ləhcəsində
O yeri duzu gəlir.
Ananın nəfəsində
O yerin özü gəlir.

Daşa dönmüş ümidlər,
Arzular cana gəlir.
Yola çıxın, igidlər,
Uzaqdan ana gəlir!

1971

Dağlarda

Mirzə İbrahimova

Haçalandı dağ yolları
Biri sağa, biri sola.
Qalxdım yaşıl zirvələrə
Nəfəsimi ala-ala.

Yüz illikdir, palıda bax,
Uca başı göyə dayaq.
Min qol atıb, min bir budaq
Kölgəsini sala-sala.

Duman çöküb qaşdan-qaşa,
Örtüb dağı başdan-başa.
Kəklik uçur daşdan-daşa
Qanadını çala-çala.

O qartaldır zirvələrdə,
O cüyürdür qaçır yerdə.
Valeh oldum bir də, bir də
Bunlar mənim ola-ola.

Fəqət birdən ürək yandı,
Şölə çəkdi alovlandı –
O görünən Savalandı,
Baxdım, gözüm dola-dola.

Bir ürəkdir o yan, bu yan,
Aralığı kəsdi hicran.
Dillən könül, nə baxırsan
Xəyallara dala-dala?’

1958

Turac

Çıxdı Kürün qırağında
Qarşıma bir bala turac.
Yada düşdü keçən günlər,
Kaş o dəmlər ola, turac!

Ürkək gözəl təkdi, keçdi,
Kolluqlarda səkdi keçdi.
Sinəmə dağ çəkdi keçdi,
Getmə bir an, qal, a turac!

A Muğanın gözəl qızı,
Unutdunmu andımızı?
At işvəni, burax nazı,
Qon yamaca, yala, turac!

Gəl səninlə səhər-səhər
Seyrə çıxaq biz bir qədər.
Ömrümüzdən keçən günlər
Bir də dönmür dala, turac.

Çöllər yanar Kür olmasa,
Qəlb boş qalar sirr olmasa,
İki ürək bir olmasa
Dostlar getməz yola, turac.

Kürçaylı adlanan kəsin
Dərmanıdır sənin səsin.
Sən oxu, o şeir desin,
Qıyma əhli-hala, turac!

1956

Bülbüllər

Oxuyurlar,
Nəğmələri
Nəşə verir insanlara.
Qışda belə oxusalar
Xəyal gedir ilk bahara.
Hər zəngulə
Gilə-gilə
Hopur qalır ürəklərdə.
Hər bir cəh-cəh
Deyir: bəh-bəh!
Ucaldıqca pərdə-pərdə.
Qovuşuruq ilk bahara.
Bahar görür gözlərimiz.
Əbədilik saxlamaqçün
Əlimizdə baharı biz,
Əbədilik yaz ətriylə
Dolsun deyə otağımız,
Lalə-nərgiz əbədilik
Olsun deyə qonağımız –
Bülbülləri budaqlardan
Otaqlara keçiririk.
Azadlıqçün doğulanı
Qəfəslərə köçürürük.

1970