Duyğuların zirvəsinə baş vurub,
Uca sözün ucasından gəlirəm.
Gör nələr var üçcə hərfin canında,
“Söz”ün bircə hecasından gəlirəm.
Ömür üzən, gün qocaldan, yaş yoran,
Dincəlməyə aman verə, kaş, yoran.
Sualların saç ağardan, baş yoran,
“Neyçün”ündən, “necə”sindən gəlirəm.
Danışdırdım hər pərdəni, hər simi,
Dərk eylədim avandımı, tərsimi.
Məktəb açdı, Tanrı verdi dərsimi,
Ustadından, xocasından gəlirəm.
Tilsim ömrün, qıfıl ömrün, sirr ömrün,
Hünərin var qapısından gir ömrün.
Yuxusuna haram qatmış bir ömrün,
Min yuxusuz gecəsindən gəlirəm.
Süzülmüşəm tarixlərin ruhundan,
Od almışam yananların ahından.
İnsanların Adəmindən, Nuhundan,
Cavanından, qocasından gəlirəm.
Qorxusu yox nə amanın, nə ahın,
Günəşi var hər açılan sabahın.
Qapısında xidmətçiyəm Allahın,
Qapısından, bacasından gəlirəm.
2000, 3 may