Özünü dərk edib duyduğu gündən
İnsan taleyini “daşa bağlayıb”.
Təşnə dodaq üçün axıb dərindən,
Bulağın gözüylə daşlar ağlayıb.
Hələ ömr edəndə mağaralarda
İnsana daş balta silah sayılıb.
Deyirlər, nə qədər eldə, diyarda,
Daşa yaman demək günah sayılıb.
İnsan özü qurub daş zindanları,
İnsan özü yıxıb daş məhbəsləri.
İnsan daş bütləri, hökmranları
Ucaldıb, uçurub illərdən bəri.
Daş var-bu torpaqda sərhəddə dönüb,
Baisi olubdur qəm-kədərin də.
Daşlar Qobustanda şöhrətə dönüb,
Daşlar yetim qalıb Xudafərində.
Daş insan oğlunun evi, otağı,
Öləndə buz rəngli məzarı olub.
Daşlar dəyirmanda elin dayağı,
Heykəldə bir xalqın vüqarı olub.
Daşlar bünövrədə olaydı möhkəm,
Pıtılı, kövrəyi kaş olmayaydı.
İnsan sinəsində ancaq deyirəm:
Ürəyin yerində daş olmayaydı.