TƏRCÜMEYİ-HAL

İlham Mikayıl (Mikayılov İlham Hamlet oğlu) 1989-cu il sentyabr ayının 5-də Kəlbəcər rayonunu Böyük İstisu qəsəbəsində anadan olub.1996-cu ildə Yevlax şəhər 9 saylı orta məktəbin birinci sinfinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib.Həmin il Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub.2011-ci ildə həmin Universitetini bitirib.
Ədəbiyyata, poeziyaya dərindən maraq göstərir.İlk poeziya örnəklərini tələbəlik illərində qələmə alıb.Azərbaycanın adət-ənənələrini dərindən bildiyi üçün daha çox xalq şeiri üslubunda ədəbi-bədii nümunələr ərsəyə gətirir.Şeirləri Şaman”, “Möhtəşəm Azərbaycan”, “Sumqayıt Universiteti”, “Yeganə yol”,“Sancaq”, “Sözün sehri”, “Elimiz, günümüz”, “Yenilik Press”, “Respublika Gəncləri” qəzetlərində, “Ziyalı Ocağı” jurnalında, müxtəlif ədəbiyyat, o cümlədən Mədəniyyət və Ədəbiyat Portallarında dərc olunub.Haqqında yazılan səmimi duyğular və düşüncələr Mədəniyyət və Ədəbiyyat portalında yerləşdirilib. Hal-hazırda “Gənc Yazarlar” Ədəbi Birliyinin üzvüdür.”Sumqayıt Universiteti” qəzeti ilə sıx əlaqə saxlamaqdadır.
Gənc ədib İlham Mikayıl haqqında qələm dostu Kənan Aydınoğlu “Kim sənə dedi ki?!”, “Kəlbəcər həsrətli şairim mənim” şeirlərini yazmış, müəllif haqqında ürək dolusu danışmışdır.
2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” ctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü və Baş redaktoru seçilmişdir.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

ALA YURDUMU

Gülü dərilməyib təzə tər qalıb,
Ürəkdə nisgil var dərdi sər qalıb.
Düşmən tapdağında Kəlbəcər qalıb,
Bir oğul gəzirəm ala yurdumu,
Səliqə səhmana sala yurdumu .

Lənət o anlara, lənət günlərə,
Dilə gəldi o gün o dağ, o dərə .
Əldən getdi Ağdam, Laçın, Ağdərə,
Bir oğul gəzirəm ala yurdumu,
Səliqə səhmana sala yurdumu.

Dərbənd rus əlində, Şuşa dığada,
Füzuli, Cəbrayıl qalıb yağıda.
Gör kimlər oynadır at Qubadlıda?!
Bir oğul gəzirəm ala yurdumu,
Səliqə səhmana sala yurdumu.

Ruhumu incidir Qazan Bayandur,
Deyir oğuz oğlu qalx ayağa dur.
Çağırır Xocalı, Göyçə, Zəngəzur.
Bir oğul gəzirəm ala yurdumu.
Səliqə səhmana sala yurdumu.

Hər şeyin öz adı var öz adında.
Xocavənd, Xankəndi qalsın yadında.
Silinməz iz qoysun qoy yaddaşında.
Bir oğul gəzirəm ala yurdumu,
Səliqə səhmana sala yurdumu.

QOCALIR

Zaman tələsdirir qovur insanı,
Baxıb bu həyata dövran qocalır.
Duyub düşündükcə ömrün sonunu,
Saçları ağarır, insan qocalır.

Həyat insanların üstünə cumur,
Əl əli yuyanda əlüzü yumur.
Görən bu həyatda insan nə umur,
Baxıb min arzuya güman qocalır?!

Əyrini düz sayır, düzü də əyri,
Allah cüt yaradıb”Şəri və xeyri”.
Bircə bu dünyada yalandan qeyri,
İnsana baş əyən zaman qocalır.

Bəşər yox olubdu qandal qolunda,
İblislər əyləşib sağı-solunda,
Həyatın çıxılmaz çətin yolunda,
İnsanı dərk edib qanan qocalır.