Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü
KÖNÜL SARAYIMA DOĞRU GƏLƏRSƏN?
Eşitsən möhtacam sevginə sənin,
Könül sarayıma doğru gələrsən?
Olarsam qəlbində ikinci qəlbin,
Dərdini – sərini mənlə bölərsən?
*****
Yağışa çevrilib üstünə yağsam,
Qorxub ağlayarsan, yoxsa gülərsən?
Gözündə yaş olub, gözündən axsam,
Gözünün yaşını necə, silərsən?
*****
Qızıl balıq sənin toruna düşsə,
Dil töküb sən ondan məni dilərsən?
Həsrətim ömrünə yükləsə qüssə,
Acı bu həsrəti vüsal bilərsən?
*****
Vaxtsız əcəl mənə zəngini çalsa,
Məni görmək üçün sən də ölərsən?
Cismim torpaq altda soyuqda qalsa,
Ruhundan ruhuma büküb – bələrsən?
Sərvər KAMRANLI 11 yanvar 2014 saat: 02:10
BİR GÜN ÜRƏYİMDƏN QOVACAM SƏNİ
Dilimdən düşməyən sözümsən sözüm,
Girmisən qəlbimə, olmusan özüm.
Nə gecəm bilinir, nə də gündüzüm
Yuxusuz qalıram bütün gecəni,
Bir gün ürəyimdən qovacam səni!
***
Eşqin aləminə düşəndən bəri,
Sanırdım, unudam bəlkə kədəri.
Əksinə çoxaldı dərdin qədəri
Saçlara bəxş etdin bəmbəyaz dəni,
Bir gün ürəyimdən qovacam səni!
***
Dözürəm hələ ki, hər bir zillətə,
Təki çevrilməsin sevgim nifrətə.
Bu esqim dönərsə, əgər həsrətə
Alıb qoparacam, səndəki “məni”,
Bir gün ürəyimdən qovacam səni!
Sərvər KAMRANLI 18 noyabr 2013