Məktəbin direktoru çıxışda, pilləkən başında dayanıb gözünü darvazaya dikmişdi. Siniflər boşdu, yaxın evlərdən beş-on şagird gəlmişdi, onlar da eləcə dəhlizdə, həyətdə girlənib harasa itdilər.
İçəridə bir neçə müəllim vardı, budur, ikisi də gəldi. Rəng ruhları qaçmışdı. Orası aydındır, niyə. Hər iki müəllim üst qapıdan gəldi. On-on beş dəqiqə qabaq orada, Şərifzadə küçəsinin Kiyev prospekti ilə kəsişdiyi yerdən avtomat atəşi qopmuşdu. Nəqliyyat işləmirdi, avtobus yox idi, deməli, piyada gəliblər.
— Nə atışma idi? — direktor soruşdu.
Müəllimin dilli-dilavəri söylədi:
— Tankdan atırdılar, tankın üstündə soldatlar vardı. Yerdə də atırdılar. Kimə atırdılar, nə üçün atırdılar, bilmək olur ki?! Bir «Jiquli» ötdü, onu vururdular, yoxsa küçədə kimisə…
— Hara gəldi, atırlar, — dedi, — bu biri müəllim dedi.
— Heç ağlımıza gəlməzdi. Gündüzün günortasında bu qudurmuşlar… belə iş tutarlar. Bir də gördük, lap yaxınlığımızdaca şilədilər. Qaçıb birtəhər yaxındakı evin blokuna girmişik, neçəsi dükana, mağazaya soxuldu.
— Xətər yetirmədi?
— Vallah, bilmədik. Ötüb getdilər, biz də evlərin arası ilə qorxa-qorxa gəlmişik… Lap quduzlaşıblar. Ağına-bozuna baxmadan atəş açırlar. Qurtarmadı, qırdılar, ürəkləri soyumadı?
Direktor çönüb getdi və sifariş göndərib məktəbə gətirdiyi müəllimlərin bu hala düşməyində özünü təqsirkar bilsə də, üstünü vurmadı.
Müəllimlər direktorun ardınca içəri keçdilər.
Direktor «dərsə davamiyyət» adı altında bir ayaqüstü yığıncaq keçirəndə, iki rəfiqədən biri dilləndi:
— Nəqliyyat işləmir. Yollar qarışıqdır. Belə halda körpə uşaqların məktəbə gəlməyi təhlükəlidir.
— Hələ atışma da gedir bəzi yerlərdə.
— Alatavada bərk atışma olub. Elə ev yoxdur ki, ona bir xətər çatmasın. Neçəsini Şəhidlər Xiyabanında dəfn ediblər…
— Məktəb işləməli, dərs keçilməlidir. Məsələ belə qoyulmuşdur. Xalqımızın başına müsibət gəlmişdir. Haqsız yerə qan tökülmüşdür. Evlərdə yasdır. Lakin bu bizim ruhumuzu öldürməməlidir.
Hamı bilirdi: komendant kəskin şərt qoymuşdu. Bütün maarif müəssisələri, uşaq bağçaları, körpələr evi işə başlamalıdır. Uşaqlar məktəbə gəlməli, bağçaya, körpələr evinə verilməliydi ki, valideynlər zavodlara, dəzgah arxasına getsinlər. Xəbərdarlıq edilmişdi: kim, hansı məktəb işləməsə, Bakı komendantlığı bunu itaətsizlik təki qiymətləndirəcək və həmin məktəb, həmin maarif şöbəsi barədə ölçü götürüləcək.
Direktor müəllimlərdən rica etdi, yalvardı. Qorxurdu; vəzifədən çıxarılar, partbiletini alarlar.
— Ay yoldaş direktor, sən niyə əsirsən? Partbiletlərdən Mərkəzi Komitənin qabağında tonqal qalamışdılar.
Haradasa atışma olur, avtomat şaqqıldayırdı. Kimi isə ötdüyü yerdəcə gülləyə qurban edirdilər… Hər gün Şənbə gecəsinin bir-birindən müdhiş sorağı söylənirdi. İkinci növbənin uşaqlarının gəlişi daha çətindi, axırıncı dərs qaranlığa düşürdü. Gülzar müəllimənin sinfi ikinci növbə idi.
— Sənin uşaqların gəliblər! — dedi direktor, ürəyində müəlliməyə minnətdarlıq oyandı. Tapşırıq belə idi: söhbət aparın, uşaqları sakitləşdirin. Qaranlığa saxlamayın.
Guya, uşaqlar hamısı birdən itirilərdi, guya, onların bəstəboy, istəkli müəllimələri bir yayğın güllədən ölər, yaralanardı. Bəs niyə soraq tutmayıblar bu neçə gündə? Nə onlar bundan, nə bu onlardan.
Otuz iki uşaqdan on səkkizi gəlmişdi. Gəlməyənlərin yeri boşdu, sinif, boş qalmış partalar ah çəkirdi elə bil.
— Necə gəldiniz, uşaqlar? — soruşdu müəllimə. Elə bil nə qanlı atışmalar olmuşdu, nə bir həftə məktəbə gəlməmişdilər. Müəllimə həminki geyimində, sual da həmin ahənglə. Ona görə də uşaqlar çaşdılar.
Müəllimə sinfin ən danışqan oğlanına göz qoydu. Hə, bu başlasa, qatıb-qarışdıracaqdı. Amma hamı bilirdi ki, müəllimə onu çox istəyir, həm də sinifdə haçan nə baş versə, Gülzar müəlliməyə hamanca çatdıran bax bu cıbıldız Məqsəd olurdu.
— Mən, Aydın, Sənubər bir gəlmişik, müəllimə.
— Sakitlikdirmi sizin məhlədə?
— Müəllimə, müəllimə! Bizim qapının lap ağzında… bir tank dayanıb.
— Bəs Sona niyə gəlməyib? — müəllimə Məqsədlə bir partada oturan qızı soruşdu.
Kimsə dilləndi, qəhərdənmi, qorxudanmı sinfə göz dolandırdı. Məqsəd dil-dodağı təpimiş halda tezcə dedi:
— Onun… müəllimə, Sonanın qardaşı ölüb!
İlk partada təkcə əyləşmiş Zivər soruşdu:
— Siz Şəhidlər Xiyabanına getməmisiniz, müəllimə? Sonanın qardaşını orada dəfn ediblər. Şəkli də qəbrinin üstündə.
Bundan sonra hamı susdu. Müəllimənin indi ağlına gəldi; onun uşaqlarının əgər yaxın bir kəsi həlak olmuşdusa, bir dəqiqə sükutla ayağa qalxıb dayana idilər. Bax bu düz olardı.
İndi müəllimə başqa boş partalara baxmaqdan çəkinir, soruşmaqdan yayınırdı.
— Qədirin də əmisi Tiflis prospektində tankın altında qalıb, — dedi Məqsəd. — Geri qanrılıb arxasındakı boş partaya vurdu əlini.
Uşaqlar baxdılar müəlliməyə, müəllimə qaldı nə desin. Balacaların ürəkləri dolu idi, gözləri uşaq qəlbinin çəkə bilməyəcəyi ağrıdan, qorxudan böyüyüb, eləcə donuqlaşmışdı.
— Müəllimə! — dedi, — qəzetlər düz məlumat vermir. Yalnız Bakıda ölənlərin sayı üç yüzdən çoxdur! Komendant gizlədir.
Atam deyir, əgər toqquşmada ölənlərin sayı yüzdən artıq olsa, gərək bu işə BMT-də baxılsın.
Məqsəd tezcənə yerindən atıldı:
— Mən öz gözümlə görmüşəm, müəllimə, atam canı, and olsun Allaha, öz gözümlə gördüm! Yalan demirəm. Niyə yalan deyirəm? Budur… — deyib çantasını dartışdırdı. Əlini soxub oradan qəzetə bükülmüş bir şey çıxartdı. Bir əlin gücü çatmadı, iki əliylə yapışdı; çantaqarışıq, birlikdə götürüb partadan çıxdı. İcazəsiz cumdu müəllimənin masasına. Əllərini soxub bürməni çıxartdı, taqqıltı ilə qoydu sinif jurnalının üstünə.
Hamı boylandı, müəllimə ehmalca qəzet bükülüsünü araladı, açdı.
— Bu nədir, Məqsəd?
— Bunları tankdan atırdılar! Hə, bizim küçədə çoxdur. Eləsi vardı, qana bulanmışdı. Onu gətirmədim. Evdə neçəsi var. Məhlədən yığmışıq.
Doğrusu, tankların daş atmağı müəlliməyə də uydurma təki gəldi.
Bir qarış uzunu, biləkdən yoğun lülə-daşdı. İki başdan mişarla kəsilmişdi. Müəllimə onu tərpətdi, qaldırmaq istədi, ağırdı. Bir daş parçasını tək əllə qaldıra bilməyəcəyindən utanıb, ikiəlli də qaldırmadı. Hamar daş lüləsi təkər təki masa üstə dığırlananda, Məqsəd yenidən atılıb daşı saxladı. Düşsə, bircə adamın ayağına toxunsa, sındıracaqdı. Çox ağırdı, elə bil içinə qurşun doldurmuşlar.
— Müəllimə! Onu mən gətirmişəm… — bilirdi, müəllimə nigarandı. Məqsədin bu ağırlıqda daşı çantasına qoyub, uzun yolu piyadaca gətirməkdə məqsədini soruşacaqdı. Bu uşaq soruşmazdan cavab verdi — … sərgimizə qoyacağıq!
Hə, məktəbdə hər sinfin sərgi guşəsi vardı. Tapdıqları, düzəltdikləri maraqlı əşyaları oraya qoyur, saxlayırdılar.
— Bir də müəllimə, mən bir bayatı yazmışam.
— Get əyləş, — dedi müəllimə. Məqsəd daşmərmisini masanın üstə qoyub qayıtdı yerinə.
— Uçastkovumuzu da öldürüblər, müəllimə!
Müəllimə istədi desin bilirəm. Bayaq kimdənsə eşitmişdi.
Uşaq elə bil qəsdən, bir də söylədi:
— Bizim məktəbə gəlirdi, ha! Kök kişi idi. Buraya baxırdı, bizim məktəb onun sahəsi idi.
— Müəllimə, bilirsiniz, necə olub?.. Bir oğlan keçirmiş. Soldat yaxınlaşıb qabağını kəsib. Avtomatın qundağı ilə elə vurub ki, oradaca yıxılıb yerə. Sahə müvəkkili öz maşınında ötürmüş oradan. Saxlayıb maşını, düşüb gəlib. Görüb… soldata deyib, niyə vurdun onu?! Soldat avtomatı çevirib, uçastkovunun da ortasından… iki güllə vurub. Dünən olub, müəllimə.
Axırıncı dərsləri keçmədilər ki, uşaqlar qaranlığa düşməsin. Belə dərsin bircəsi də bəsdi.
Çən-çiskinli havada müəllimə öz sinfi ilə birgə çıxdı. Düşdülər, müəllimə onları böyük işlək yolun o tayına keçirdi, dönə-dönə tapşırdı.
Alatavada uşaqlar keçmiş daş karxanasının yerində törənmiş Qanlıgölün yaxınından keçən torpaq cığırla uzaqlaşdılar. Tez getdilər. Yüngülləşmişdilər. Həm ürəkləri boşalmış, həm də çantalarında gətirdikləri gilizləri, qəlpə qırıqlarını, daş mərmiləri buradaca töküb vermişdilər məktəbə. Direktorun göstərişi vardı: atışmadan nə düşüb, nə qalıbsa, gətirsinlər.
Bir neçə də maşın gəlmişdi məktəbin qapısına. «Moskviç», «Jiquli»lərin qanadı əzilmiş, burnu ovulmuşdu. Salamat olanı da vardı, amma onların da elə içi düşmüşdü. Zədələnmiş qol-qanada, qapıya astar taxılmışdı. Gün ötəcək, quruyacaqdı. Üstdən öz rəngi çəkiləndə sezilməyəcəkdi.