539

GETSİN

Gəl sənə bir yalan uydurum, könül,
Adına aldanıb yaşa da, getsin.
Ən böyük yalanmış doğru deyilən,
Doğruçu olmağı boşla da getsin.

Dosta yalan danış, yara yalan de,
Dağa dərə söylə, quşa ilan de.
Baxıb olmazlara: budu olan, – de,
Oxunu daşlara tuşla da, getsin.

Təpil yarğanlara, çəkil çallara…
Boylan məzə kimi qeylü-qallara.
Çürük matahını bürü şallara,
Bəh-bəhnən alınsın, xoşa da getsin.

Nə gözəl toxunub fələyin toru? –
Adam özü qaçır ağzına doğru.
İçində quldurdu, çölündə oğru,
İçini-çölünü xışla da getsin.

Ömür deyiləni qılıqla, yanla,
Fanidə oyun qur cisimlə, canla.
Bir zaman qapına gerçək yalanla
Qoşamı gəlmişdi? – Qoşa da getsin!

BİLİRƏM

Olur bil də “olmaz”ı,
Olmaz bil də “olur”u.
N.Fazil Qısakürək

Başıma olmazın oyunlar gəlir,
Daha “olmaz”ları “olar” bilirəm.
Mən nələr çəkirəm bir Allah bilir,
Elə ki, gecənin bağrını yarıb,
Oxuyan quşları “Qu”lar bilirəm.

Dərd bilib özümü atıram oda,
Məni bu alovlar yandırar çətin.
Udduğum havada, içdiyim suda
Düşmən məhəbbəti, dost xəyanəti,
Axır məqsədini bular, bilirəm.

Gördüm bir səhranın yüz çuxurunu,
Görək çuxurunu, söz çuxurunu.
Allaha aşikar, bəndədən gizlin,
Axıb tapmayanda öz çuxurunu,
Harda veyillənir sular, bilirəm.

Adamlar ağzına su alıb susur,
Qaraca daşları dinən görürəm.
Beş dərə bir dağın dibini pusur,
Havalı başımdan çəkilir duman;
Uca zirvələri enən görürəm,
Dibsiz quyuları “dolar” bilirəm.

Təbrizim döyülür, Şuşam talanır,
Sabahım göynəyir güman içində.
Gecələr yuxuma xəncər saplanır,
Səhərlər dururam al-qan içində…

Bal kimi uduram bu təsəllini,
Palıd koğuşunda nolar, bilirəm.
Başıma olmazın oyunlar gəlir,
Daha “olmaz”ları “olar” bilirəm.

ÇOX DA Kİ,DİNMİRƏM

Çox da ki, dinmirəm, Allahın olsun,
Bu yalan-yanlışı sırı az mənə.
Mənim də dünyadan qandıqlarım var;
Sirmi var açmasın qara saz mənə?!

Mənim də dünyadan qandıqlarım var,
Yaxşı bax gözümün içinə, düz bax.
Sənə bu baxışlar heç nə demirmi?
Demirsə, vay mənim halıma – yüz bax.

Sənə bu baxışlar heç nə demirmi,
Demirmi sən necə zalım adamsan?
Tutaq ki, mən fağır üzüyumşağam,
Sən niyə bu qədər qalın adamsan?

Tutaq ki, mən fağır üzüyumşağam,
Bə sənin mürvətin-zadın yoxdumu?
Qohumun, əqrəban, dostun, tanışın,
Düşmənin, yaxının-yadın yoxdumu?

Qohumun, əqrəban, dostun, tanışın,
– Varsa bu xislətə necə dözürlər?
Çərləyibmi sənə salam verənlər,
Ya səni almayıb vecə, dözürlər.

Çərləyibmi sənə salam verənlər,
Varmı salamını alan – deyirəm.
Bezdirib dilimdən tərif qapırsan,
Ayə, Allah haqqı yalan deyirəm

Bezdirib dilimdən tərif qapırsan,
Əcəb bazarın var – bazar olmasın.
Heç bir məmləkətdə, heç bir millətdə,
Yazıqdı, sənintək yazar olmasın.

Çox da ki, dinmirəm, Allahın olsun,
Bu yalan-yanlışı sırı az mənə.
Mənim bu dünyadan qandıqlarım var;
Sirmi var açmasın qara saz mənə?!

TORUNU SUDAN ÇƏK, BALIQÇI BABA

Torunu sudan çək, balıqçı baba
Mənim nə ölümüm torunda sənin?
Məni yem etdiyin harınlar ki, var –
Çıraq tutmayacaq gorunda sənin.

Açıb qucağını bu dünya üzü,
Dağlar da dərəymiş, dərə, bir cürə.
Ümmana bənzəyir bu dünya özü,
Hamı avar çəkir, hərə bir cürə.

Heç nə görməyəndə heçə göz baxır,
Heçliyə varmağın yüz qanunu var.
Bir saman çöpünə neçə göz baxır –
Dəryada davanın öz qanunu var!

Ömrə qayıdırmış ömürdən gedən,
Ölümdən qorxuruq ölənə kimi.
Kimdi Tanrısına bəndəlik edən,
Özüylə üz-üzə gələnə kimi?

Bədən qayığıma əllərim avar,
Qolum qoltaq oldu sənə çatınca.
Mənə bir tədbir tök, balıqçı baba,
Sualtı qayıqlar düşüb dalımca.

O SEVDALI ÇAĞLAR YADINDADIMI?

O sevdalı çağlar yadındadımı? –
Bir mən igidiydim, bir də sən gözəl.
Dünyada mənə tay dəli yoxuydu,
Yoxuydu dünyada sənə tən gözəl.

Bə heç demirsənmi hardadı görən
İpək tellərinə nərgizlər hörən?..
Səniydin onlara yaraşıq verən,
Nə çiçək gözəldi, nə çəmən gözəl.

Sevgi bir yol gələr adama haqdan,-
Sənin divanənəm elə o vaxtdan.
Gözümə ağ gəlib yola baxmaqdan,
Ürəyə xal düşüb, saça dən, gözəl.

Mən ömür sürmədim – vaxtdı, uzatdım,
Sənsizlik adınnan başımı qatdım.
Göynəyə-göynəyə əlliyə çatdım, –
Gülə-gülə ölləm “öl” desən, gözəl.

Gör mən nə saymışam, fələk nə sayıb –
Dönüb sənə baxmaq sayılar ayıb…
Aradan qırx igid ömrü adlayıb, –
Mən həmin dəliyəm, sən həmin gözəl!

SƏNİN HƏSRƏTİNDƏN ÖZGƏ

Bundan gözəl ömür olmaz, –
Sən olan dünyada varam.
Göy məni Yerə qısqanar,
Bilsə necə bəxtiyaram.

Nolsun adın Günəş deyil,
Sənə bənddi axşam-səhər.
Sənə nisbət dövr eləyir
Kainatda səyyarələr.

Bir kirpiyinə minnətdi
Yerin, Göyün yeddi qatı.
Cəhənnəm olsa cənnətdi
Sən olan göylərin altı.

Bir arılar bilər nədi –
Gül dalının gerçəkləri.
Kimin ətridi süsləyən
Çəmənlərdə çiçəkləri.

Bundan gözəl ömür olmaz, –
Sən olan dünyada varam…
Sənin həsrətindən özgə
Nəyim var haramdı, haram!

ADAMI BUNCA SEVMƏZLƏR

Adamı bunca sevməzlər,
Bu qədər sevilməz adam.
Mən də bir nəfsin quluyam,
Övliya deyiləm, qadam.

Hər dinəndə haqq desəm də,
Bir olanda bir də olmur.
Səni necə inandırım?-
Göydə olan, yerdə olmur.

Gah aydan arı oluram,
Gah da zinrik bir gecəyəm.
Bu nə sözdü soruşursan,-
Mən hardan bilim necəyəm?

Qaratikan görübsənmi
Yazağzı çiçək açanda.
Sarı-sarı bənövşələr
Dibində ətir saçanda.
Mən sevə bilirəm ancaq,
Sevilmək… O, mənlik deyil.
Dön mənə yaxşı-yaxşı bax,
Gördünmü? – Görmədin, xeyir!

GƏLİR

Mən gözəl deyiləm…

Sən gözəl olmaya bilməzsən, xanım,
Sözlərindən çəmən, çöl ətri gəlir.
Bircə yol tel vurub səsini duydum,-
Bir ildi ovcumdan gül ətri gəlir.

O mənəm – adına düşkün, havalı,
Qıyğacı baxışın dindirər lalı…
Sənin həsrətinə urcah olalı,
Gözlərimdən Maral-Göl ətri gəlir.

Xəyalımda əsmər bənizin durur,
Unutmam – çalına İsrafil Suru…
Bu qara sevdadan, gözümün nuru,
İbrahim qoxuyan kül ətri gəlir.

CAN

Mənə nə desən de, xanım əfəndim,
Amma mənə bircə “can” demə, nolar!
Mənə “can” deyənə can borcum qalır,
Qıyıb da gəl “qana-qan” demə, nolar.

Mən çoxdan halıyam can əzabından,
Bilirəm can alıb, can vermək nədi.
Təzə yaraları qaysaq tutanda,
Köhnə yaraları qan vermək nədi…

Daha buz dağıdır mənim can payım,
Xəbəri də olmaz – “ət kəs ətindən”.
Virandı can evim, könül sarayım,
Virandı eşq adlı səltənətim də.

Şan-şöhrət deyirsən… Nə bilim, varsa
Şöhrət sənə qurban, şan sənə qurban.
Ömrünə bir anlıq ömür qatarsa,
Apar, sənin olsun, can sənə qurban.

Dilindən çıxınca bir himə bəndəm,-
Mənə alış demə, yan demə, nolar…
Mənə nə desən de, xanım əfəndim,
Amma mənə bir də “can” demə, nolar.

BAŞINI QALDIR GÖYƏ BAX

Halım hal deyil, soruşma
Sən gedəli necə varam.
Əlim ovcundan qopalı
Eləcənə tar-maram.

Qəm qoxuyur üstüm-başım,
Çölə həsrət divanəyəm.
Gölü quruyan balığam,
Bayquş ötən viranəyəm.

Günüm “sən” deyib başlanır,
Axşamım “sən” deyib bitir.
Alışıram dilim-dilim,
Əriyirəm sətir-sətir.

Nur çeşməsi – səsin ki, var
Hər yandan bürüyür məni.
Ürəyimdən bir ah qopur:
“Qız, səni sevirəm, səni!”

Bu qədər zülmün içində
Məni bir ümid yaşadır.
Başını qaldır, göyə bax,
İki ulduz baş-başadır.