Qafqaz Əvəzoğlu

Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri,
”Sözün Sehri” qəzetinin təsisçisi,
”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı

YADIMA DÜŞÜBDÜ

Yurd-yuvamda keçirtdiyim hər günüm,
Ötüşən il, ay yadıma düşübdü!
Bir səs olcaq ayağından başacan,
Kəndə düşən hay yadıma düşübdü!

İşdən-gücdən yorğun-arğın qayıdıb,
Dincələrdik körpələri oynadıb.
Qapımızda samavarı qaynadıb,
Dəmlədiyim çay yadıma düşübdü!

Neçə vaxtdı bir dərd əyib qəddimi,
Bölə bilmir köhnə qonşum dərdimi.
Düşünürəm viran qalan kəndimi,
Başdan-başa tey yadıma düşübdü!

Demə orda yaşamışıq bəy kimi,
İndi burda dolaşırıq səy kimi…
El yığışıb götürdüyü toy kimi,
Qapımdakı vay yadıma düşübdü!

Ütdü bizi bu şoranlıq, bu aran,
Ölsün bizi o dağlardan qoparan!..
Zirvələrdən şığayıban qıy vuran,
Şahin, şonqar, ley yadıma düşübdü!

Ov etdiyim dərələrdə hənirti,
Kol dibindən qopartdığım göyərti,
Hərlədiyim yeddi nömür kərənti,
Qatladığım lay yadıma düşübdü!

Kəndimizdə “toybaşı”ydı üç nəfər,
Həsənalı, Həsənqara, Qəzənfər…
Qara zurna nazlanardı bəxtəvər,
O “Yallı”lı toy yadıma düşübdü!

Yad dolanır ta “Hərtiz”i, “Səngər”i,
Hardan alım Qoç Nəbini, Həcəri?!
Göz yaşımdı Bərgüşadla Həkəri,
Baş vurduğum çay yadıma düşübdü!

Gül açmadı ta Qafqazın dediyi,
Zəhər oldu neçə vaxtdı yediyi…
Qonşuların qonşulara verdiyi,
Göndərdiyi pay yadıma düşübdü!!

ŞUŞAM

Nadan gözlərində qiymətsiz oldun,
Dönüb oyuncağa satılan Şuşam!
Alışdın bir anda, yandın bir anda,
Ocaqtək qalanıb çatılan Şuşam,
Dönüb oyuncağa satılan Şuşam!

Şuşa alınarsa bir paslı güllə,
Vurmayıb başına söz verən hələ…
Dönüb ümidlərim tamam müşkülə,
Düşən yuvasından pərən bir quşam,
Dönüb oyuncağa satılan Şuşam!

O güllü qucağın, çiçəkli çölün,
Qanına bələndi neçə oğulun.
Didəmdə yurd salıb sovrulan külün,
Qəlbindən gözünə süzülən yaşam,
Dönüb oyuncağa satılan Şuşam!

Hələ bir kimsəyə çatmayır ünün,
Hələ bir zülmətdi hər gələn günün.
Sinəsi gülləli neçə büstünün,
Ümid qığılcımı sönür hər axşam,
Dönüb oyuncağa satılan Şuşam!

Olmasa bu qədər qeyrət çəkənin,
Qoynuna qayıtmaq gümandı sənin!
İnanıb vədinə yadın, özgənin,
Hələ xəyallarla qucaqlaşmışam,
Dönüb oyuncağa satılan Şuşam!

1994.