O SEVDALI ÇAĞLAR YADINDADIRMI?
O sevdalı çağlar yadındadırmı?-
Bir mən igidiydim, bir də sən gözəl.
Dünyada mənə tay dəli yoxuydu,
Yoxuydu dünyada sənə tən gözəl.
Bə heç demirsənmi hardadı görən
İpək tellərinə nərgizlər hörən?
Səniydin onlara yaraşıq verən,
Nə çiçək gözəldi, nə çəmən gözəl.
Sevgi bir yol gələr adama haqdan,-
Sənin divanənəm elə o vaxtdan.
Gözümə ağ gəlib yola baxmaqdan,
Ürəyə xal düşüb, saça dən, gözəl.
Mən ömür sürmədim – vaxtı uzatdım,
Qırx il sənsizliklə başımı qatdım.
Göynəyə-göynəyə əlliyə çatdım,-
Gülə-gülə ölləm “öl” desən, gözəl.
YUSIF SƏMƏDOĞLUYA
Dadıb ləzzətini isti al qanın,
Qarğalar da leşə yığışmaz daha.
Bürkülü günləri gəlib dünyanın,
Bir baş bir dərəyə sığışmaz daha.
Həyat bir qarışıq yuxudur, yuxu
Dünyadan dünyaya irişənlərə.
İndi adamların yarıdan çoxu
Boğaz ortağıdı goreşənlərə.
Gərək orlmayan da, gərək olan da
Dünyadan zəli tək yapışır elə.
İrəli gedən də, geri qalan da
Hərə öz ağlıyla çarpışır hələ.
Ruzusu torpaqda, əli göydədi,
Yurda yarayırmı yurdda qalanlar?
Torpağı titrədir, ərzi göynədir
Gorunda dəm tutub zurna çalanlar.
Kimi «yarımallah», kimi asidi,
Dərddi dərdlilərin dərk etdiyi də.
Daha bundan artıq nə olasıdı
Tanrının bəndəyə görk etdiyi də?!
Yomrulub yolları lütün, üryanın –
Nallı ayaqların mıxı tökülür.
Mürgülü günləri gəlib dünyanın,-
Hamının gözündən yuxu tökülür.
Gör mən nə saymışam fələk nə sayıb
Dönüb sənə baxmaq sayılar ayıb…
Aradan qırx igid ömrü addayıb,-
Mən həmən dəliyəm, sən həmən gözəl.