Year: 2016

  • Qiymət MƏHƏRRƏMLİ.”İndi”

    1836816_10200683320604901_1150158201_o

    Bayırda qar yağır… bayır üşüyür,
    Çəmən soyuqlayır, çayır üşüyür.
    Qar altda sərçənin payı üşüyür,
    Qar üstdə iz salır ləpirlər indi.

    Bacanın tüstüsü donur havada,
    Lopa qar qar üstə qonur havada.
    Dəni bir-birindən qapıb havada,
    Qarğalar gözünə təpirlər indi.

    İtlər dayaq gəzir bir cüt, bir təkə,
    Qayanın burnunda silkinir təkə.
    Nənələr böyrünə yığıb mütəkkə,
    Nağılı noğultək səpirlər indi.

    Ocaqda çırthaçırt odun alışır,
    “Ruhlardır, yəqin ki, bizdən danışır”.
    Müqəddəs göylərdə gəzib-dolaşır
    O ulular indi, o pirlər indi…
    26.01.2005

  • Rahilə DÖVRAN.”Yüksəlsin adın”

    12091354_1653537131524991_3860076084131834097_o

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    İstedadli qələm sahibi, görkəmli jurnalist, şair-publisist-Kənan Aydınoğluna Yeni il hədiyyəsi

    Nə vaxtdı ürəkdən, qəlbdən keçirdi,
    Səninçün qardaşım, bir şeir yazım.
    Qismət bu günəymiş, təbb izin verdi,
    Çağladı ilhamım, coşdu avazım.

    Bilmədim əziz dost,nədən başlayım?
    Haradan başlayım, harda qurtarım?
    Necə tərif edim,ya alqışlayım?
    Ram oldu qələmə tam ixtiyarım.

    Əqidən, əməlin hamıya bəlli,
    Bir anın keçməyib yurdsuz, vətənsiz.
    Özü düz, sözü düz, saleh əməlli,
    Çox şey itirərdik, olsaydıq sənsiz.

    Qələmindən axan dürlər, incilər,
    Olub könüllərin bəzəyi, zəri.
    Zər qədrin əziz dost,zərgərlər bilər,
    Iti qələminin yoxdur bənzəri.

    Bütün yazdıqların dillər əzbəri,
    Yeddidən- yetmişə, künül həmdəmin.
    Hikmət sərrafısan, illərdən bəri,
    Ümmanlar fəth edir poetik gəmin.

    Ədəbi aləmin mətin dərvişi,
    Geydin dəmir çarıq, dəmirdən əsa.
    Sevmədin bitməmiş, yarımçıq işi,
    Tutduğun yolundan, dönmədin əsla.

    İllərlə dinlədin qəlbinin səsin,
    Könülsüz bir cümlə, kəlmə yazmadın.
    Bu xalqa sən yetir zəfər müjdəsin,
    Parlasın “Portal”ın, yüksəlsin adın.

    O1.01.2016-cı il.Naxçıvan Muxtar Respublikası.

  • Saqif QARATORPAQ.”Sən ey payız çiçəyi”

    saqif muellim

    Sən ey payız çiçəyi,
    Gör nə düşüb bəxtinə.
    Içimdə bir sevgi var,
    Necə oxşayır sənə.

    Durnalar köçdü getdi,
    Yoxsa yoxdu xəbərin?
    Ömrü gödək olurmuş
    Payızda sevgilərin…

    Mən bilmədim bu sevda
    Hardan düşdü könlümə.
    Indi gizli dərdimi
    Deyəmmirəm heç kimə.

    Külək əsir,tökülür
    Ağacların yarpağı.
    Məni həsrət üşüdər,
    Səni payız sazağı.

    Səhərdi…günəş çıxıb…
    Gəl sevinmə bu başdan.
    İndi hələ payızdı,
    Xəbərin yoxdu qışdan.

  • Saqif QARATORPAQ.”Yollarına boylanıb”

    saqif muellim

    Yollarına boylanıb
    səni gözləmək gözəl…
    Gözümü yolda qoyma,
    nolar, bir azca tez gəl.

    Qısılıb bir bucağa
    boynumu bükmüşəm bax.
    Gedib sənə çatdımı
    gizlicə çəkdiyim ah?

    Kipriyimlə gecənin
    Pərdəsini sökmüşəm.
    Həsrətin kölgəsində
    özümə ev tikmişəm…

    Axı, girov qoymuşam
    eşq yolunda bu canı.
    Yaxşıca tanıyırsan
    sən bu qərib ünvanı.

    Sən ki yaxşı bilirsən
    nələr çəkib bu ürək…
    Yadından çıxmasın ha,
    dönəndə mənə baş çək.

  • Aysel ABDULLAZADƏ.”Bu gecə qayğılar da yatıb”

    Bu gecə qayğılar da yatıb
    Dərdlər də yorğanını üstünə çəkib
    Səssizcə yuxuya dalıb…

    Bu gecə sabaha hamilədir
    Səhərin yeddisində doğulacaq günəş
    Xəfif rüzgar qığıltısı ilə gülümsəyəcək…
    Bu gecə unudulub keçmiş sevgilər
    Keçilən küçələr,
    Yaşanılan evlər
    Və bütün şəhərlər.

    Bu gecə dabanına tüpürüb qaçıb
    Mənalı və mənasız ayrılıqlar…

    Yatsa da bütün dünya
    Azan səsinə oyanan şəhərlər
    Qapısı açıq məscidlərdə dua edən ürəklər
    Göyə açılan əllər
    Və dodaq altında deyilən sözlər –
    “Sən – var oluşumuzun səbəbi!”
    Bütün çıxışların istiqamətdir.
    Bu gecə sabahı dünyaya gətirdi…

  • Azad olmayan cəmiyyətin azad qadını

    Təhminə fahişə idi, yoxsa ona fahişə damğası vuran cəmiyyət?

    Çoxlarınız oxumuş olarsınız demirəm, baxmış olarsınız deyirəm. Çünki kitab oxuyanı bu qədər çox olmuş olsaydı, zatən, bu cəmiyyət Təhminəni potensial fahişə kimi görməzdi.

    “Təhminə və Zaur” filmi çoxlarımıza məlumdur. Yazıçı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərinin sujeti əsasında çəkilmiş bu film Azərbaycan mentalitetinə bir o qədər də sığmır. Axı, biz mental dəyərlərə, milli-mənəvi məsələlərə qarşı çox həssasıq. Bu film də çoxlarının gizlində izlədiyi, ailəsinin yanında baxa bilmədiyi filmlərdən hesab olunur, Azərbaycan üçün…

    Əsəri oxuyanlar üçün məsələ daha aydındır. Məlumdur ki, kinoda dəyişiklik olması qaçınılmazdır.

    Dünən sosial şəbəkədə 12min insanın (qadının) toplaşdığı bir qrupda bu filmdən bir sitat paylaşılmışdı. Eynilə olduğu kimi sizlərə də çatdırıram: “Hər bir kişinin həyatında bir “Təhminə” mütləq olub. Cəsarətli olanlar sahib çıxıb, cəsarətsizlərə isə xatirələr qalıb!

    Rəyləri izlədim, Təhminə obrazını normal məntiqlə təhlil edənləri də oldu, məsələni bakirəliyə qədər sürüyüb gətirənləri də, hətta belində qırmızı lenti olmasa, o qızı almaq olmaz deyənləri də.

    Məsələ burada bir neçə istiqamətdə inkişaf edir. Əvvəla qeyd edim ki, bu rəylərdən bir şeyi anladım, cəmiyyətdə qadınları “baltalayan” elə qadınlardır. Təhminə obrazına elə yanğı ilə “hücum” etdilər ki, bir anlıq elə bildim ki, Meral Konrat gəlib bunların əri ilə sevişib. Polemika anlayışımız, müzakirə qabiliyyətimiz çox-çox aşağılardadır. Bu mövzunu qadın nöqteyi-nəzərindən də müzakirə edənlər oldu, ədəbiyyata dəxli olmayan, hətta bir kitab qapağı qaldırmayanlar da, əsəri oxuyub normal məntiqli əsaslarla yanaşanlar da. Bir şeyi də qeyd edim ki, qadınlarımız çox aqressiv olublar, əllərində qılınc ərlərinin ətrafında dolaşan qadınları öldürəcəkmiş kimi hazır dayananlar vardı. Anam-bacım, səni kimi “paranoyak” bir qadını kişi neynəsin axı? Sənin özünə güvənin yoxdur, bir fikri normal qəbul edib, əsaslandıra bilmirsən, Təhminəni monitor arxasından yıxıb-sürüyürsən, elə, sənin evdə yemək bişirib, “ərim mənə xəyanət etmir” deyə-deyə yaşamağın daha labüddür.

    Keçək Təhminəyə. Əsərdə Təhminə obrazı fahişə kimi verilməyib. Evli olduğu halda Zauru sevir. Elə Zaur da onu sevir. Və Təhminə üçün yalnızca şaiyələr gəzir. Bu şaiyələrə görə cəmiyyət Təhminəni fahişə olaraq görür. Səbəbi çox aydındır. Bir az qadın eqoistliyi və ər itirmə qorxusu.

    Təhminə evlidir, amma onun ərini niyə bu qınaqlardan, yıxıb-sürümələrdən kənarda saxlayırıq? İkinci bir tərəfdən, evli olduğunu bilə-bilə Təhminəni sevən, sevişən Zaurun adı nədir? Öz anasının təhqirlərindən belə (sadəcə küçədə qadın sözlərindən eşitdiyi) Təhminəni qoruya bilmir. Hansı sevgidən, kişilikdən söhbət gedir? Yaxşı, Təhminənin həyatı gətirməyib, mutsuz, mənasız bir evliliyi var, Zaurla rastlaşıb. Evli bir qadınla sevgi adı altında sevişən Zaur bu cəmiyyət üçün kişi olduğuna görə mi süddən çıxmış ağ qaşıq olur? Anasının aldığı qızla evlənəcək qədər aciz, sevgisini bu qədər cılızlaşdıran bir obraz niyə bu cəmiyyəti narahat etmir?

    Yazıçı özü də əsərində Təhminə obrazını fahişə kimi göstərmədiyini bildirib. Spartakla və başqa kişilərlə heç bir münasibəti olmadığı halda şaiyələrə əsasən mi Təhminəni fahişə edirik? Yoxsa evli olduğu halda subay bir insanla – Zaurla sevgi yaşadığına görə mi? Hər iki situasiyanın səbəbkarı kişidir, niyə bunu görə bilmirik? Zaur və Təhminənin əri… Məsələ başdan-başa kişi obrazların alçaqlığı üzərində qurulub. Bunu anlamırıqsa, başqa nəyi deməyə ehtiyac qalır ki?
    Təhminəni fahişə edən bizim toplumdur. Fahişə sözünün etimologiyasını belə bilməyən toplum!

    Və bu qaçınılmazdır ki, Zaur gücü, cəsarəti çatsaydı, Təhminəni özünün də dediyi kimi məlaikə edə bilərdi. Çünki Təhminənin evliliyi möhtəşəm bir yaşantı üzərində qurulmamışdı. Zaurun acizliyi, qorxaqlığı buna imkan vermədi.

    Bu gün toplumda Zaurlar da var, Təhminələr də. Məsələ də eynilə qalır. Bu cəmiyyət nə qədər ki, Təhminələri fahişə olaraq görəcək, Zaurlar Təhminələrdən sadəcə “kamını alıb” qorxaqcasına öz köşəsinə, ana qucağına çəkiləcək, bu problem həmişə olacaq.
    Təhminə azad olmayan cəmiyyətin azad qadını idi. Fahişə damğasını da bunu dərk etməkdə aciz olan beyinlər yapışdırmışdı.

    Sevgi bu qədər cılız, bəsit şeylər üzərindən yox ola bilməz. Zaurun sevgisi vardı, amma qorxaqlığı, acizliyi onu çəkilməyə məcbur etdi. Təhminənin ölümündən sonra bunu daha dərindən anladı.

    Və sonda, əziz xanımlar, Təhminənin həmcinsləri, qorxmayın, Təhminə gəlib sizin ərinizi sevməyəcək, sevişməyəcək. Gedin, əsərin özünü oxuyun, həyata bir az açıq gözlə, daxili vicdanla, ürəyinizin səsi ilə baxın. Dünyanı dördbucaqlı zənn edib, 90 dərəcəlik bucağın küncündə dayanmayın, dünya dairəvidir.

    Və bir qadının fahişə olmağı üçün mütləq bir kişi rolu gərəkdir. Qadın tək başına fahişəlik edə bilməz.

    Təhminəni fahişə edən cəmiyyətin “əxlaqlı” insanları, dünyaya xoş gəldiniz!

    Sayğılarla!

    Aysel ABDULLAZADƏ

  • Zeynəb DƏRBƏNDLİ.”Vəfalı dostum”

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Murquzov Kənan Aydınoğluna

    Mənim Dərbəndimə dəyər verdiniz,
    Təşəkkür edirəm vəfalı dostum.
    Sözə, weyriyata hörmət etdiniz,
    Təşəkkür edirəm vəfalı dostum

    Hər zaman mənimlə olduz bərabər,
    Igid el oglu tək, göstərdiz hünər.
    Sizin bu qayğınız milyona dəyər,
    Təşəkkürr edirəm vəfalı dostum.

    Zeynəbəm, hər zaman sizinləyəm mən,
    Mənim vüqarımdır, bu dogma Vətən.
    Belə ogullara, deyərək əhsən,
    Təşəkkürr edirəm vəfalı dostum.

  • Rafiq ODAY.”Kimi”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Yenə gözüm buludlardan nəm aldı,
    İstəyini həm almadı, həm aldı.
    Ağrılarım ürəyimə cəm oldu,
    Vay görmədim hələ belə vay kimi.

    Dəli sevdam xəzan gərir, – bar deyil,
    Bu sevgidə etirafım ar deyil.
    Küllü-aləm daha mənə dar deyil,
    Yığılıram öz içimə yay kimi.

    Dərd yolçusu qəm atına süvarsa,
    Selə dönər gözlərində su varsa.
    Göz yaşıyla boz səhranı suvarsa,
    Qəbul olar bu Tanrıdan pay kimi.

    Hava deyil, «Göyçəgülü» havardı,
    Bir ahımla Göyçə gölü qabardı.
    Neçə-neçə qönçə gülü apardı,
    Fələk, yenə saydığını say, kimi.

    Adım adlar sırasından silgidə,
    Mən baş oldum, yenə bu nəhs bölgüdə.
    Kərəm, Məcnun, Fərhad qaldı kölgədə,
    İndi tutum mən özümə tay kimi?!

  • Rafiq ODAY.”Oynayırdı”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Bir qolundakı qüsuruna görə ömrü boyu oynamayan və ilk dəfə meydana çəkilərək oynamağa məcbur edilən gözəl-göyçək bir xanımın oynamağını müşahidə edərkən

    Elə bil duz yüküydü çiynində gəzdirirdi,
    Bir iman, minbir güman beynində gəzdirirdi,
    Sanki yad libasıydı əynində gəzdirirdi,
    Bir əlindən xəbərsiz bir əli oynayırdı.

    Əsmər gördüyüm qızın bənizi ağarmışdı,
    Dünyanın Qara adlı dənizi ağarmışdı,
    Saçlarında yox idi dən izi – ağarmışdı,
    Bir çiynini vermişdi irəli oynayırdı.

    Ürkək-ürkək sağına, soluna boylanırdı,
    Hərdən dönüb gəldiyi yoluna boylanırdı,
    Hərdən də oğrun-oğrun qoluna boylanırdı,
    Seçməzdin ağıllımı, ya dəli oynayırdı.

    Neçə dərdi, sitəmi düzür cana tərpədir,
    Baxan deyir özünü ağayana tərpədir,
    Bilmirdi ki, əlini hansı yana tərpədir,
    Sanki öz əli deyil yad əli oynadırdı.

  • Kənan AYDINOĞLU.”Günəş boylanmasa, səhər sübh çağı”

    Photo Kenan

    Günəş boylanmasa, səhər sübh çağı,
    Görünməz, inan ki, divarda kölgə.
    Çoxdandı gəlmirik üz-üzə yenə,
    Bölərdim dərdimi səninlə birgə.

    Görəydin dərdindən illər uzunu,
    Şair qələmimlə nələr çəkmişəm.
    Əridib həsrətdən yerin üzünü,
    Kim bilir bəlkə də başa çəkmişəm?!

    Leylini gözləyən bir Məcnun kimi,
    Səni düşünmüşəm, səni anmışam.
    Sevgini yollarda axtaran gündən,
    Yenə də eşqinlə alovlanmışam.

    Dolsa da, qəlbimə qəribəliklər,
    Güc tapıb yanından mən düz keçmişəm.
    Gör neçə döyünən qəlbin içində,
    Həsrətli gözündə səni seçmişəm.

  • Kənan AYDINOĞLU.”Dərbənddən yol gələn şairim mənim”

    Photo Kenan

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şairə Zeynəb xanım Dərbəndliyə sevgi və sayqılarla!

    Həsrətin göz yaşı gözləyir Bizi,
    Dərbənddən yol gələn şairim mənim.
    Nisgil addım-addım izləyir Bizi,
    Dərbənddən yol gələn şairim mənim.

    Kədər var, həsrət var gözündə sənin,
    Könlünün səsi var sözündə sənin,
    Sevgi var, ülfət var üzündə sənin,
    Dərbənddən yol gələn şairim mənim

    Bu ulu torpağı yadına salan,
    Küsüb, inciyənin könlünü alan,
    Cənubi Qafqazdan yadigar qalan,
    Dərbənddən yol gələn şairim mənim.

    Ömrün xoşbəxt günü torpağındadı,
    Körpəlik çağların ocağındadı.
    Şeirin torpağın qucağındadı,
    Dərbənddən yol gələn şairim mənim.

    Sevincli günlərin hələ bitməyib,
    Şeirin, sənətin şükür itməyib,
    Xoş sözün, nur üzün gözdən getməyib,
    Dərbənddən yol gələn şairim mənim.

    2 yanvar 2016-cı il.Bakı şəhəri.

  • Qalib ŞAMXALOĞLU.”Tükənmiş”

    qsm

    Qarabağı aldı xəzan qoynuna ,
    Bağlarının tamam barı tükənmiş !
    Köçkünlükdə xəstə düşən ellərin ,
    Yarı qalıbsa da , yarı tükənmiş !

    Başa çıxanlar da pozdu ilqarın ,
    Söküb dağıtdılar ölkənin varın !
    Yağı baltasına sap olanların ,
    Namusu , qeyrəti , arı tükənmiş !

    Bir kərə üzünə gülmədi baxtı ,
    Hər gələn xəncəri köksünə taxdı !
    Yazıq millət aclıq çəkir nə vaxtdı ,
    Arpa , buğda nədi , darı tükənmiş !

    Gözləsək də xeyir gəlmir nöyütdən ,
    Qalib deyir , bəhər umduq söyüddən !
    Bizim üçün keçib daha öyüddən ,
    Xalqın təpəriylə karı tükənmiş !

  • Qalib ŞAMXALOĞLU.”Bir dost sual verdi : – Məhəbbət nədi?”

    qsm

    Bir dost sual verdi : – Məhəbbət nədi?
    Dedim : – Damarımda qandı məhəbbət.
    Bunu dərk etməyən kəs divanədi,
    Həm ruhdu, həm də ki, candı məhəbbət.
    Bostanda bəhərdi, ağacda bardı,
    Qəzəldi, muğamdı, kamandı, tardı .
    Fərhadla birlikdə dağları yardı,
    Kərəmlə birlikdə yandı məhəbbət.
    Qalib deyir, bir toy, büsat eşqidi,
    Mətanət, dəyanət, səbat eşqidi.
    Kiminə ömürlük həyat eşqidi,
    Kiminə ötəri andı məhəbbət.

  • Müzəffər MƏZAHİM.”Yaşamaq”

    mm

    Var olmaq yaşamaq deyil ki, hələ,
    Buna mənəviyyat, ləyaqət gərək.
    İnsan öz nəfsinə oldusa kölə,
    Yaşamaq haqqını itirdi demək.

    Əmanət veribdir insafı Allah,
    Xəyanət elədik əmanətinə.
    Təmizə çıxarmı bu qədər günah?
    Güvəndik tanrının ədalətinə.

    İtirib Allahın verdiyi nuru,
    Düşübdür zülmətə, dumana insan.
    Mərhəmət yerinə götürüb zoru,
    Qənim kəsilibdir insana insan.

    Yaxşılıq bəndənin insanlıq borcu,
    Yaxşılıq ürəyin rahatlığıdır.
    Hər kəsin qayğıya var ehtiyacı.
    Yaxşı əməl qəlbin abadlığıdır.

    Çıxar içindəki kini, nifrəti,
    Qoyma ürəyinin işığı sönsün.
    Allah bəxş eləyən nuru, şəfqəti,
    Artır zərrə-zərrə günəşə dönsün.

    Yamanlıq, paxıllıq, həsəd, xəbislik,
    Şeytanın, iblisin vəsvəsəsidir.
    Mərhəmət, sədaqət, halallıq, düzlük,
    İnsanın birinci vəzifəsidir.

  • Müzəffər MƏZAHİM.”Sözün”

    mm

    Kül altında qoyma sönə,
    Odunu qaçırma sözün.
    Yoğur, vəzlə dönö-dönə,
    Zatını qaçırma sözün.

    Boşa atma tilovunu,
    Vermə yelə alovunu,
    Möhkəm saxla cilovunu,
    Atını qaçırma sözün.

    Varlığına odur xoca,
    Qoy əbədi dönsün taca,
    Gün kimi, ay kimi uca
    Adını qaçırma sözün.

    Dur amadə yedəyində,
    Yerin olsun ətəyində,
    Yığ, ballansın pətəyində,
    Dadını qaçırma sözün.

  • Aqil SABİROĞLU.”İmtahan”

    asm

    Bu yaxınlarda dost paylaşmalarının birində çox maraqlı bir yazı oxudum.Düzü onu insanları doğru yola çağıran bir rəvayət zənn etmişdim.İndicə vaxt tapıb o yazını axtardım,tapa bilmədim.Səbəb isə onun rəvayət olmadığı üçün idi.O yazıda olmuş əhvalat nəql edilirdi,bu da Azərbaycan üçün sensasiya sayıla bilərdi.Bu gün isə onu təsadüfən xırda təfərrüatı ilə öyrəndim.
    Salyan şəhər sakini Hacı Mahir bir yas məclisində bu əhvalatı belə nəql etdi: “Mədrəsədə oxuyan zaman Gəncədən bir oğlan da bizimlə oxuyurdu.Deyim ki bu gün də onunla hal-əhval tuturuq.Adı Həsənbala,atasının adı Hüseyndir.Həmişə də zəngləşən zaman o şirin Gəncə ləhcəsi ilə “qadan alım” deyə şux səslə müraciət edirdi.Bir gün yenə zəng edib hal-əhval tutan zaman Həsən məni çox soyuq dindirdi.”Necəsiniz?” sualına çox soyuq tərzdə cavab verdi.Dedim ay Həsən,məndən küsmüsən,nədir?Dedi yox,qardaş,atam bizi qoyub “böyrü üstündə”.Dedim axı Hüseyn dayı ipək kimi adamdır.”Elə onun ipək kimi olması evimizi yıxıb da”,-dedi.Sonra isə əhvalatı olduğu kimi danışdı.Deməli Həsən bir ərzaq dükanı açır.Atası deyir ki bala,təqaüdçü adamam,satıcı elə özüm işlərəm.Razılaşırlar.Həsən işləri ilə əlaqədar evə bir də altı aydan sonra gəlir.Və…onu dəhşət bürüyür;Hüseyn dayı malları nisyə paylamışdı və bunun da miqdarı 4850 (xırdaları ilə işim yox) manat idi.Oğul atasına nə qədər təkid edir ki gedək borc pulları yığaq,ata deyir gedə bilmərəm.İndi də Hacı Mahirin dostunun qanı ona görə qara imiş.Həsən dostu Hacıya “sən Allah,siz də bizə dua edin,bu müşkül həll olunsun”-deyə xahiş edir.Səhəri gün saat on bir radələrində Həsən Mahirə sevinclə zəng edir və deyir Allah bir möcüzə yaradıb.
    …Səhər tezdən Hüseyn kişi dükana gedərkən oğlu Həsən deyir:”Hara gedirsən,qalan malları da paylamağamı?”-deyə kinayə ilə soruşur.Ata pərişan olur,əlini Allaha açıb yalvarır ki məni öz balama belə möhtac eləmə!Həsənə isə deyir ki,bu gün pulları gətirəcəm.Əgər pul tapmasam,evə gəlməyəcəm.
    Dükanda vəziyyət ürəkaçan olmur.Bir azdan dükana çox kasıb geyimli qırx yaşlarında bir kişi daxil olur.Hüseyn dayıdan ona nisyə çörək verməsini xahiş edir.Kişi fikirli-fikirli “götür,get”-deyir.Gözü isə qarşısındakı borc siyahısında olur.”Qonaq” çörəyi götürüb çıxır,sonra geri dönüb soruşur ki o dəftərdən niyə gözünü çəkmirsən,nə olub?
    Hüseyn kişi bir az əsəbi halda cavab verir:
    -Bu görkəmlə mənə köməkmi edəcəksən?Sənə çörək lazım idi,onu da verdim.Gedə bilərsən.
    Qonaq əl çəkmir,əlacsız qalan dükançı hər şeyi olduğu kimi danışır.
    Qısası,”kasıb” qonaq pulun hamısını ödəyir və dəftəri alır.Dükançıya isə deyir:
    -Ağsaqqal,mən bu işdən ötrü düz 28 dükan gəzmişəm,heç kim nisyə çörək vermədi.Belə ki bilərəkdən belə geyinib yoxlayıram,Allah xatirinə bu işi görürəm.Sənə halaldır,sağlıqla qal.
    Hüseyn kişinin yadından özü belə çıxdığı halda çox kasıb bir qonşunun qızı gəlir nisyə bir neçə ərzaq (çörək,yumurta…) istəyir və deyir ki dayım gəlib verəcək pulunu.Hüseyn dayı iki zənbil ərzaq hazırlayıb özü (uşağın gücü çatmırmış) onların darvazasına aparır və deyir ki,qızım,anana de dayı gəldi də,getdi də…

  • Aqil SABİROĞLU.”Elə sənsən”

    asm

    Bir sabunun iki üzü,
    Elə sənsən,elə sən.
    Bir şampunun qabı,özü,
    Elə sənsən,elə sən.
    Bir quyruğun iki başı,
    Elə sənsən,elə sən.
    Dünyanın ən yekəbaşı,
    Elə sənsən,elə sən.
    Yaltaqlıqla əhdə çatmış,
    Elə sənsən,elə sən.
    Yerə girmiş başıbatmış,
    Elə sənsən,elə sən.
    Axmaqların boş qafası,
    Elə sənsən,elə sən.
    Zalımların avtafası,
    Elə sənsən,elə sən.
    Milli bitim,parazitim,
    Elə sənsən,elə sən.
    Qapılarda sümsük itim,
    Elə sənsən,elə sən…

  • Bəstəkar-jurnalist Elmir Mədətoğlunu doğum günü münasibətilə təbrik edirik! (2 yanvar 1984-cü il)

    Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, istedadlı qəlmə sahibini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını, “Şərqi Slavyan Xalqları üzrə xüsusi müxbir”ini, “Cəsarətli qələm” mükafatı laureatını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!

    Mətbuat xidməti

  • Əlirza HƏSRƏT.”Dünyanın düzəlmək təhlükəsi var!”

    ehe

    Şimşək işığına düşdü gözlərim,
    Buludlar dərdimə məlhəm aradı.
    Sabahı ürəklə qarşılamağa,-
    Ümidim sevdiyim adamlaradı.

    Kölgəm də haçandır düşüb dalımca,
    İstidən çəkinmir, soyuqdan qaçmır.
    Yaxşı ki, dilənmir kölgəm adamtək,
    Yaxşı ki, heç kimə əlini açmır.

    Gəlmir xoşunuza divanəliyim,
    Ruhumu çarmıxa çəkən adamlar!
    Atın özünüzü Yer kürəsindən,-
    Dünyanın düzəlmək təhlükəsi var!.

  • Əlirza HƏSRƏT.”ŞUŞAdan o yana VƏTƏN yeri yox!”

    ehe

    Belə harasından girim qoluna,
    İlahi,bu başın bədən yeri yox.
    Qəhrindən saçıma düşən bu dənin,-
    Göyərən yeri yox,bitən yeri yox.

    Kim vurub yollara bu dayaq izi?
    Yolların tacıdır hər ayaq izi.
    Belə bircə-bircə ha sayaq izi,-
    Qərib beşiyidir,gedən yeri yox.

    Baxmaz ki gözünün yaşına qürbət,
    Ad olar hər ömrün qışına qürbət.
    Dünyanı götürüb başına qürbət,-
    ŞUŞAdan o yana VƏTƏN yeri yox!

  • Əli HEYDƏR.” Sordular bir aşiqdən eşq var isə cəfa nədir?”

    12345410_1564808760446753_1490662037752422167_n

    Sordular bir aşiqdən eşq var isə cəfa nədir?
    Soylədi aşiq ona bilirsənmi səfa nədir?

    Sən əgər öz eşqində cəfa çəkmək istəməsən,
    Haradan biləcəksən ki,dərdivə dəva nədir?

    Məhəbbət bir bəladır,bir əzabdır bənzəri yox,
    Düşməsən sən bu eşqə nə bilərsən bəla nədir?

    Cananın gül camalı çəkilmirsə göz önündən,
    Indi sən özün anla ki,eşqə mübtüla nədir?

    Əliyə çox da qüsür tutma eşqi, ey binəva,
    Onuntək sevmək öyrən, bil ki,eşqi nəva nədir?

  • Əli HEYDƏR.”Ürəyim dönüb qana, ey dildarım,hardasan,gəl,”

    12345410_1564808760446753_1490662037752422167_n

    Ürəyim dönüb qana, ey dildarım,hardasan,gəl,
    Çoxalır günü-gündən intizarım, hardasan, gəl.

    Gəlginən,gəlişinlə sevinc,fərəh gətir mənə,
    Ömrümə ey gecikən son baharım, hardasan gəl.

    Bu hicran, bu ayrılıq, bax bu möhnət üzdü bizi,
    Usandım gözləməkdən,vəfadarım,hardasan,gəl.

    Surətin xəyalımdan silinmədi gecə-gündüz,
    Həsrətin qubar etdi,ey nigarım,hardasan,gəl.

    Çöhrəndə tapmış idim,surətini,görmədinmi?
    Gizlətmə gül üzünü sən ey yarım,hardasan,gəl.

    Gəl sənlə bu hicrana bir əbədi vida deyək,
    Qalmayıb ta dözməyə ixtiyarım,hardasan,gəl.

  • Zeynəb DƏRBƏNDLİ.”Azərbaycan”

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Azərbaycan məgrur dayan,
    Vardır igid əsgərlərin.
    Qaytararığ Qarabağı.
    And içibdir igidlərin.

    Sən sönməyən bir çıraqsan,
    Səninlə fəxr edirəm mən.
    Ulu Bayrağın daima,
    Zirvədədir gözəl Vətən.

    Igidlərin ayıq, sayıq,
    Qoruyurlar səni hər an.
    Hər yerdə imza atmısan,
    Odlar yurdum Azərbaycan.

    Zeynəbəm, fərx edirəm ki,
    Mən də, bu elin qızıyam.
    Sənin bütövlüyün üçün,
    Candan kecməyə hazıram.

  • Zeynəb DƏRBƏNDLİ.”Qaytar sevdiyimi”

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Gözlərim axtarır, onu hər yerdə,
    Sankı gözlərimə çəkulib pərdə.
    Düşmüşəm çarəsiz kədərə, dərdə,
    Qaytar sevdiyimi, qaytar Allahım.

    Gözüm yol gözləyir, qolağım səsdə,
    Olmuşam mən onun, dərdəndən xəstə.
    Durub dayanmışam yolların üstə,
    Qaytar sevdiyimu, qaytar Allahım.

    Divanə olmuşam, dözə bilmirəm,
    Həsrəti qəlbimdən, üzə bilmirəm.
    Əsir əlim, qolum gəzə bilmirəm,
    Qaytar sevdiyimi, qaytar Allahım.

    Zeynəbəm, hey onu axtarır gözüm,
    Bilmirəm bu dərdə, mən necə dözüm.
    Vallah, dilim üstə titrəyir sözüm,
    Qaytar sevdiyimi, qaytar Allahım.

  • Zeynəb DƏRBƏNDLİ.”Qarabağın yolu”

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Necə də ağırdır, necə dözülməz,
    Qarabağın yolu bağlanıb Allah.
    Bunu dasdanlara yazsan çözülməz,
    Qarabağın yolu bağlanıb Allah..

    Bu dözülməz dərddir, ağırsır bizə,
    Odlar yurdum, yaman gəlibdir gözə.
    Qanlı yaş damıbdır gözlərimizə,
    Qarabagın yolu bağlanıb Allah.

    Yazıram, qələmim qan sızır mənim,
    Bu fikrim, xeyalım hey azır mənim.
    Qəlbim öz özümə, gor qazır mənim,
    Qarabağın yolu bağlanıb Allah.

    Zeynəbəm, bu dərddən dəli olmuşam,
    Küsgün bulud kimi, yaman dolmuşam.
    Öz gözəl yurduma həsrət qalmışam,
    Qarabağın yolu bağlanıb Allah.

  • Rahilə DÖVRAN.”Xoş xatirələr”

    12091354_1653537131524991_3860076084131834097_o

    Yenə qanadlandı xatirələrim,
    Xəyalım dördnalla o kəndə çapdı.
    Aybəniz,şirindil,vəfalı pərim,
    Nərbənd dibindəki O,gənci tapdı.

    Sınayıb nərbəndin iradəsini,
    Gövdədə qazmışdıq öz adımızı.
    Cahilcə oyaraq nər sinəsini,
    Ona tapşırmışdıq pak sevdamızı.

    Sevdalı günlərdən titrək xatirə…
    -Baxışdan,cilvədən oynardı ağıl.
    Kaş xəyal hər zaman ora götürə,
    Hər anı,məqamı sehirli nağıl.

    Tutardıq əl-ələ,donardı zaman,
    Baxışlar deyərdi ürək sözlərin.
    Kipriklər ox idi,qaşlarsa kaman,
    Keşiyin çəkərdi xumar gözlərin…

    Xəyallar kövrəltdi,göynətdi məni,
    Gözümdən incilər,dürrlər ələndi.
    Üşütdü qəlbimi saçımın dəni,
    Ruhum da,canım da qəmə bələndi.

    Beləcə keçmişdi saysız görüşlər,
    Qoca nərbənd şahid o əhd, ilqara.
    Fələyin hökmüylə tərs döndü işlər,
    Atıldıq zər kimi gör hardan-hara…

    Yenə qanadlandı xatirələrim,
    Xəyalım dördnalla o kəndə çapdı.
    Aybəniz,şirindil,vəfalı pərim.
    Nərbənd dibindəki O,gənci tapdı…

  • Rahilə DÖVRAN.”Yeni iliniz mübarək!!!”

    12091354_1653537131524991_3860076084131834097_o

    Qara büründü düzlər,
    Güldü bənizlər, üzlər,
    Qoşduq nəğmələr, sözlər,
    Şən avazlar yüksəldi:
    Gəldi, yeni il gəldi.

    Qar qızla, Şaxta baba,
    Gəzdilər oba-oba,
    Əllərdə dolu torba,
    Qardan heykəl düzəldi,
    Gəldi, yeni il gəldi.

    Sehirli şən tamaşa,
    Sevincdir başdan-başa,
    Bayramlar qoşa-qoşa,
    Ömrü, günü bəzədi,
    Gəldi, yeni il gəldi.

    Qüdrətli dövlətimiz,
    Həmrəydi millətimiz,
    İstiqlal nemətimiz,
    Dövran, zaman gözəldi,
    Gəldi, yeni il gəldi.

    01.01.2016.

  • Şəfa VƏLİYEVA.”Yenəmi yeni ildi?”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Yenəmi yeni ildi?
    Yenəmi sənsiz gəlib?
    Adın olan ümidim
    Köhnələn ildə qalıb…

    Unutmuşam, incimə,
    Aylara doğmalığı…
    Iyulda gözlərimə
    Düşübdü gün işığı…

    Oktyabr sevdiyim…
    Aprel küsdüyüm aydı…
    Bu aylar bir-birindən
    Gör nə qədər uzaqdı…

    Səndəmi qaldın orda?
    O keçib gedən ildə?
    Hansı gün, hansı ayda?
    Bəlkə ötən həftədə?

    Indi bu yeni ili
    Özümə həsr edəcəm.
    Təqvimdə rəqəmləri
    Qar rəngiylə örtəcəm…

    Özün qayıdıb gəlsən…
    Gəlsən əgər bir zaman…
    Ağartdığım təqvimə
    Günəş rəngi taxarsan…

    Sevirdim ötənlərdə
    Rəngarəng təqvimləri…
    Gizlətdim ürəyimdə
    Qırmızı rəqəmləri…

    Yeni il… yeni-yeni…
    Mən səni istəyirəm…
    Həmişə tər sevgimi-
    Köhnəni istəyirəm…

  • Xaliq MƏMMƏDOV.”Bu Şeir”

    12079336_155372158146741_6186934002319206725_n

    Axıb qanla qəlbə dolan.
    Bir nəğmədir bu şeir.
    Ruhumuza sözlər ilə.
    Bir döymədir bu şeir.

    Ürək dərdi bölür onla.
    Gah dirilir, ölür onla.
    Sevgisini öyür onla.
    Bir aləmdir bu şeir.

    Məhəbbətin tövhəsidir.
    Qəlbimizin lövhəsidir.
    O, sevginin zirvəsidir.
    Bir gövhərdir bu şeir.

    Sevgi qanad salıb onda.
    Ayrılmayıb qalıb onda.
    Qəlb xəyala dalıb onda.
    Bir qəhərdir bu şeir.

    Ağ vərəqin tək bəzəyi.
    Sevənlərdi dərdi-səyi.
    Vurur sevgiylə ürəyi.
    Bir qələmdir bu şeir.

    Güc verir yazan biləyə.
    Sanki arxadır kürəyə.
    Kədər dolu hər gecəyə.
    Bir səhərdir bu şeir.

  • Sərvər KAMRANLI.”Bağışlanan işıq pulu”

    se

    …Bu gün hər şey başqa idi, bambaşqa… Hər tərəfdə çal-çağır idi. Hər kəsin üzünü sevinc bürümüşdü. Zəfər mahnıları qulaqları batırırdı. İllərdir həsrətində qaldığımız torpaqlarımız geri alınmışdı. Təkcə Qarabağ deyil, indiki Yerevan, Borçalı, Təbriz və tarix boyu parçalanmış bütün şəhər, rayon və kəndlərimiz də… Binaların balkonlarında bir dənə də olsun yuyulmuş paltar asıldığını görməzdin. Bina başdan ayağa üçrəngli bayraqlarla bəzidilmişdi. Şəhərdə əsgər geyimindəki adamlar daha çox gözə dəyirdi. İlahi, bir ölkə bu qədərmi xoşbext ola bilərmiş?.. Küçələrdə, tinlərdə, gediş-gəliş çox olan yerlərdə hər addımbaşı qarşına çıxan, dilənçilərdən əsər-əlamət yox idi. Getdikcə teeccüblenirdim, gözlərimə inana bilmirdim. Birdən nəzərim yaxınlıqdakı bir marketə sataşdı. Böyük marketin girişindəki elanda belə yazılmışdı – Bu gündən çörək, yağ, un, şəkər müştərilərimizə pulsuz veriləcək! Siz hələ o marketdən çıxan insanları görəydiniz. Əlləri dolu olan ağbirçək nənənin üzündəki qırışlar belə gülürdü. Bəlkə də pensiya kartındakı pulundan xərcləməməsi onu daha çox sevindirirdi. Hələ bu harasıydı. Bankların birinin qarşısındakı elan məni daha çox heyrətləndirdi. Yazılanlara, ya da gözlərimə inanmaq üçün elanıüç-dörd dəfə oxumalı oldum: “Banklara borcu olan vətəndaşların nəzərinə! Bu günə kimi olan borclarınız, bank rəhbərlərinin qərarına əsasən silinmişdir!” -Yox! Bu qədəri ancaq yuxu ola bilər-deyə-deyə gözlərimi ovxalayırdım. Birdən kimsə əliylə ehmalca çiynimə vurub: – Nə yuxu? Bunlar həqiqətdir!- deyib, gülümsünərək, avtobusun pəncərisindən bir binanı göstərdi. Görünür həyəcandan özümü itirmişdim. Yanımdakı sərnişin dillənməsəydi avtobusda olduğumu belə xatırlamazdım. Sərnişin göstərdiyi bina “AZƏRENERJİ”nin binası idi. Ordakı elan da əvvəl gördüyüm elanlar kimi məni təəcübləndirdi: ,, Əziz abunəçilər! Bu günə qədər olan bütün elektrik borclarınız silinmişdir. Bu gündən etibarn elektrik pulsuz veriləcəkdir!” Sevindiyimdən bilmirdim nə edim. Demək hər şeyə səbəb müharibə imiş… …Birdən səsə oyandım. Əvvəl nə olduğunu bilmədim. Bir neçə dəqiqə donub yerimdə qaldım. İkinci dəfə yenə həmin səsi eşitdim. Kimsə qapını döyürdü. Yatağımdan qalxıb qapıya tərəf getdim. Qapını açanda bir kağız yerə düşdü. Kağızda yenə elan var idi: “XƏBƏRDARLIQ!!! Hörmətli abunəçi! Elektrik borcunuzu iki gün ərzində ödəməsiniz, elektrik verilişi xəbərdarlıq edilmədən kəsiləcəkdir. Ümumi borc 70 azn, məsulliyətli şəxs: E. İMANOV” 30.12.2015″ …Otağa qayıtdım. Axşamdan açıq qalan televizorun səsini ucaltdım. Valyuta xəbərləri gedirdi. Ötən gün qara bazarda bir dollar bir manat yetmiş qəpik imiş…

  • Şəhanə Müşfiqin “525-ci qəzet” də dərc olunan məqaləsi

    10991500_412390748927178_5095940301571747132_o

    Dünən – dekabrın 25-i sevimli şairimiz Ramiz Qusarçaylının doğum günü idi. Şəxsiyyətini və yaradıcılığını çox sevdiyim, şeirlərini hər zaman sevərək, böyük zövqlə oxuduğum Ramiz müəllimi təbrik edir, ona mənalı ömür, daha böyük yaradıcılıq uğurları arzulayıram! Sözünüz heç tükənməsin, Ramiz müəllim! Çoxlarının hiss etməyini, deyə bilmədiyini, yazmağı bacarmadığını duyan ürəyiniz, deyən diliniz, yazan qələminiz var olsun!
    Gözündən ölməyə başladı atam,
    Gözündən düşməyə başladı dünya.
    Saraldı gözünün ağ çiçəkləri,
    Gəlib gözlərində qışladı dünya…

    Şeir elə ilk misrasından cəlb edir məni… Qulaq kəsilirəm… Getdikcə sözlərin, misraların ahənginə qarışır nəfəsim…

    …Gözüylə dünyanın arasındakı,
    İşıqlı nə varsa uçuracaqdı.
    Elə yapışmışdı gözü ölümdən,
    Elə bil əlindən qaçıracaqdı…

    Bir-birinin ardınca düzülən sözlər yalnızca misra, bənd yox, bir ölüm mənzərəsi yaradırdı gözlərimin qarşısında… Artıq yanımda dayanıb bu şeiri mənə dinlədən insanın varlığını belə unutmuşdum. Gözlərim hər an yağmağa hazır bahar buludu kimi dolmuşdu…
    Bir az sonra şeiri dinlədən dostumun səsi çəkib aldı məni xəyalların soyuq ağuşundan:
    – Bəyəndin?
    – Çoooox…
    Bu an qulaqlarımda səslənən ölüm melodiyası susdu, qarşımda gözlərini süzdürə-süzdürə nazlanan ölüm bir göz qırpımında yoxluğa qarışdı…
    – Müəllifi kimdi bu şeirin?
    – Ramiz Qusarçaylı.
    Düzünü deyim ki, bu adı birinci dəfə idi eşidirdim. O vaxta qədər heç bir şeirini oxumamışdım. Bəlkə öz səhvim idi, bəlkə də tale qarşılaşdırmamışdı. Ancaq tanışlığımız çox gözəl bir şeirin vasitəsiylə oldu.
    Sonradan Ramiz Qusarçaylının yaradıcılığı ilə daha yaxından maraqlanmağa başladım. Sonra bir tədbirdə bu böyük şairlə görüşmək şərəfinə nail oldum…
    Ramiz Qusarçaylı qələmi iki əsri bir-birinə bağlayan bir körpünü xatırladır. Hansı ki, istənilən an körpünün bizim əsrə aid başından boylanıb ötən əsri rahatca görmək, onun haqqında təsəvvür əldə etmək mümkündür.
    Ramiz Qusarçaylı səfalı təbiəti, zəngin tarixi, şirin dili, mehriban və istiqanlı əhalisi ilə məşhur olan Qubada yaşayır. Ancaq onu məşğul edən, ürəyinə dərd salan, gecəsini gündüzünə qatan problemlər bir əyaləti, bir şəhəri, bir ölkəni əhatə etmir. Onun fikir-xəyalları dağlar, dərələr aşır, sərhədləri adlayır, ölkələr dolaşır, gecə-gündüz yorulmadan, usanmadan yol gedir. Şairi incidən dünyanın dərdləridir, bəşəriyyəti bürüyən ağrı-acılardır:

    Adam – adam aşınır Yer,
    Qiyamətə daşınır Yer,
    Daha Göydən boşanır Yer,
    Talağına şükür, Dünya!

    Şair bu yaşına kimi çox adamlarla qarşılaşıb, demək olar ki, hər cür insan görüb. Onların arasında “qapıb bir-birini tutanlar” da var, “iliyinə, sümüyünə qədər ac olanı” da var, “adamdan asılanı” da var, bir yetim payına göz dikən də var, özü içində min cür şeytan bəsləyə-bəsləyə bir şeytanı daşlamaq üçün gedəni də var… Şair insanların bu qədər böyük sürətlə cılızlaşmasından təəssüf hissi keçirir. Ona görə də son çarə kimi üzünü Allaha tutan müəllif ondan adamları nə quşdan, nə heyvandan deyil, elə adamdan qorumasını istəyir.
    “Hərənin bir cür zurnaçı” olduğu dünyada şair “züy tuta bilməməsi” ilə bir növ fəxr edir. O, başqaları kimi öz mənafeyini güdmür, öz mənfəətinin arxasıyca qaçmır. Özü də dediyi kimi onun davası safdır, təmizdir:

    Davam nə can davasıdı,
    Nə də yorğan davasıdı,
    Azərbaycan davasıdı –
    Ayrı dava mənlik deyil.

    Uzun müddət idi Ramiz müəllimin yaradıcılığını araşdırırdım. Onun müxtəlif şeirlərini oxuduqca arada şeirlərdə vəsf olunan dağlardan əsən xəfif meh dalğalandırırdı saçlarımı. Sonra o meh dolaşıb gəldiyi çəmənin ətrini yayırdı otağa. Elə bu an hardansa uzaqlardan, lap uzaqlardan quşların civiltisi bir oynaq nəğmə kimi oxşayırdı qulaqlarımı. Bir az keçmiş dağların nazlı gəlini Afurca çağlayıb – coşur, elə misraların arasındanca atırdı özünü, şəlalənin saf suyu ilə islanırdı üst-başım. Hər sətir yenicə şumlanmış torpaq, hər misra yenicə biçilmiş otun xoş rayihəsi ilə oxşayırdı könlümü:

    Elə bil çəməndə toy-düyün olub,
    Heyrətim güllərin gözündən öpür.
    Arılar o qədər ərköyün olub,
    Qönçə açılmamış üzündən öpür.

    Və ya:

    Gül elə soyundu ləçəklərini,
    Arılar üzünü yana çevirdi,
    Bu çiçək axşamı, bu gül axşamı…

    “Dünya kökdən düşüb” deyən şair dünyanın faniliyini dərk edir, özünü dünya nemətləri üçün öldürən insanların halına baxıb elə dünyanın özüylə birgə gülür:

    Nə daş, nə tüldü dünya,
    Daş əldə güldü dünya…
    Dünya mənim deyənin,
    Yasında güldü dünya…

    Ali məktəbdə ədəbiyyat nəzəriyyəsi fənnində belə bir mövzu var idi: yazıçının yaradıcılığı araşdırılarkən şəxsiyyəti, yaşadığı mühit, mənsub olduğu cəmiyyət də öyrənilməlidirmi? Bu mövzu ətrafında ədəbiyyatşünaslar üç qismə bölünüb, üç fikri müdafiə edirdilər. Birinci qisim ədəbiyyatçılar yazıçının şəxsiyyətini, yaşadığı mühitin öyrənilməsini vacib sayır, hətta əsərlərindən belə üstün tuturdular. Onlar öz fikirlərini belə əsaslandırırdılar ki, ədəbiyyat həyatı əks etdirir, yazıçı da əsərlərini həyatdan alırsa, demək ki, öz ətrafından, yaşadığı cəmiyyətdən, öz dövründən bəhrələnmiş olma ehtimalı daha yüksəkdir. Buna görə də bir yazarın əsərlərini daha yaxşı mənimsəmək üçün öncə onun şəxsiyyəti araşdırılmalıdır.
    İkinci qisim isə yazıçının şəxsiyyətinin, yaşadığı mühitin öyrənilməsini heç də önəmli hesab etmir, heç buna gərək də görmürlər. Onların fikrincə, qələmə alınan ədəbiyyat nümunəsi yazıçının təxəyyülünün məhsulu da ola bilər. Bu cür əsərlərə ətrafın təsirini düşünmək yersizdir.

    Üçüncü qisim tənqidçilər isə hər ikisinə eyni cür yanaşmağın tərəfdarıdırlar. Belə ki, əgər bir yazarın yaradıcılığı araşdırılırsa, həmin yazar bütünlüklə öyrənilməlidir. Həm əsərləri, həm şəxsiyyəti, həm də yaşadığı mühit ümumi halda araşdırılmalı və yalnız bundan sonra onun yaradıcılığı haqqında söz deyilməlidir.
    Əslində, mənim fikrimcə də əgər bir şairin, bir yazıçının əsərləri haqqında danışırıqsa, o yalnız yazar kimi yox, həm də insan kimi öyrənilməlidir. Çünki istər – istəməz hər bir insanın yaşadığı cəmiyyət, dövr, şəxsi həyatında baş verən hadisələr, özünün daxili xarakteri də qələmə aldığı əsərə və ya ən yaxşı halda hansısa obraza təsirini göstərir.

    Məhz bunun nəticəsidir ki, Ramiz Qusarçaylı haqqında olan bu yazını yazmağa tələsmədim, şeirlərində gördüyüm Ramiz müəllimi həyatda da axtardım və çox sevindirici haldır ki, tapdım. Gördüm ki, Ramiz müəllim yalnız qələm arxasında vətənpərvər olan, yalnız kağızın üstündə insanlıq nümayiş etdirən, tribuna qarşısında pəhləvana dönən şairlərdən deyil. Onun əlində qələm olsa da, olmasa da o, yenə də eyni insandır. Buna görə də onun hər misrasında ucalan haqq səsi insanın qulaqlarını yağır eləmir:

    Dizimin üstünə gələnlər artır,
    Dizlər gözdən salır düz adamları.
    Dizimdən aşağı ölənlər artır,
    Artır bu dünyanın diz adamları.

    Yuxarıda qeyd etdiyim kimi, şairin şəxsiyyəti ilə sözləri bir-birini tamamlamalıdır. Bunu Ramiz müəllim də gözəl anlayır. Elə onun ürəyini bulandıran da ətrafındakı şair həmkarlarının bəzilərinin saxtakarlığıdır. “Kəs, bu şairin də dadına baxaq” deyən müəllif başqa bir şeirində şairlərin iki dövrünü müqayisə edir. Bu müqayisə satirik dillə elə qələmə alınıb ki, insan şairlərin halına gülmək, yoxsa ağlamaq lazım olduğunu anlaya bilmir:

    …Nizama düşübsüz, səfə düşübsüz,
    Cild-cild, kitab-kitab rəfə düşübsüz,
    O qədər çoxalıb yazmalı dərdlər,
    Deyən dərd əlindən kefə düşübsüz,
    Axşamınız xeyir, şair dostlarım.

    İndi nə sevincdən göz yaşları var,
    Nə qəmin üzünə gülür şairlər.
    Bir zaman öləndə doğulardılar,
    İndi sağlığında ölür şairlər,
    Ramiz Qusarçaylı, axşamın xeyir.

    Ramiz Qusarçaylı yaradıcılığından danışıb onun vətənə, Azərbaycana, Qarabağa həsr olunmuş şeirlərini xatırlamamaq ən azından günah olar. Ümumiyyətlə, Ramiz müəllimin bütün yaradıcılığında bir nisgil, bir intizar, bir üsyan, bir hayqırış var. “Gecələr dağlara baxa bilməyən” şairin bu həsrəti bir dağ olub asılıb ürəyindən.

    Ramiz müəllimin şeirlərində Şuşa həsrəti bir başqa cür göstərir özünü. Onun dillər əzbəri olan “Azərbaycan bayrağı” şeirinin bir yerində şair deyir:

    …Şuşada sən qonduğun daşa
    pir deyəcəyəm,
    Çəkəcəyəm gözümə
    kölgən düşən torpağı,
    Azərbaycan bayrağı…

    Şairi bütöv Azərbaycan dərdi göyüm-göyüm göynədir. Vətəninin getdikcə daralan sərhədlərini görən bu vətən həsrətli insanın sinəsindən bir ah qalxır ki, bu ah bir alova dönüb- dağları, daşları, o taylı, bu taylı Azərbaycanı bir-birindən ayrı salan tikanlı məftilləri yaxıb, yandırır, yox edir. Şair Vətəninin başına gətirilən müsibətlərin günahını onun-bunun üstünə atmır, hamı kimi özünü də günahkar bilir, özünü də bağışlamır:

    Ürək dindi ağla, söz dindi ağla,
    Ağla hər misranı, hər bəndi ağla.
    Təbrizi, Şuşanı, Dərbəndi… ağla,
    Mənim ölmüşümə rəhmət düşürmü?

    Şairi hər yerdə olduğu kimi məhəbbət şeirlərində də cəsarətli görürük. Onun sevən aşiqi sevgisi uğrunda hər cür əzab-əziyyətə, hətta ölümə belə hazırdır:

    …Çox ayrılıq əsdi bizdən,
    Üşüdülər istimizdən…
    Dağ yeriyə üstümüzdən,
    Keçə… səni sevəcəyəm…

    Və ya:

    Sığışmırdım yerə-göyə,
    Bəlkə quru səsdim sənə,
    Şeirim, sözüm azdı deyə
    Ürəyimi kəsdim sənə…

    Ramiz müəllimin şeirlərini oxunaqlı, təsirli edən bir sıra səbəblər var. Ən başlıcası odur ki, şair şeirlərini Azərbaycan ədəbiyyatının “ana vəzni” hesab olunan, laylalarımızın, bayatılarımızın, nəğmələrimizin söyləndiyi heca vəznində qələmə alır. Bütün çətinliklərinə baxmayaraq, heca vəzninin Azərbaycan xalqına, oxucusuna olan doğmalığını, onun ruhuna yaxınlığını kimsə inkar edə bilməz. Başqa bir cəhət isə şairin dil sadəliyi, şeirlərində bədii təsvir və ifadə vasitələrinin zənginliyidir. Şair oxucusu ilə elə onun öz sadə, şirin ana dilində, el ləhcəsi ilə danışır. O, yeri gələndə “ev”ə “öy” deyir, ya da xalq arasında “çobanaldadan” kimi tanınan bir bitkini şeirinə obraz olaraq seçə bilir:

    Bir ot bitir
    bu yerlərin dərəsində,
    dərələrin tirəsində…
    …yaşıl otun bir adı var,
    ada bax,
    Çobanaldadan…

    Şair epitet, metafora, metonimiya, litota, mübaliğə, inversiya kimi bədii təsvir və ifadə vasitələrindən də böyük ustalıqla istifadə edir:

    Dağlar bir-birinin xətrinə dəyir,
    Daşlar bir-birini yeyir, baxsana-

    – misralarında metaforanın gözəl bir nümunəsi ilə qarşılaşırıq. Belə ki, burada insana aid xüsusiyyətlər dağların, daşların üzərinə köçürülür. Və ya şairin “Gileyli” şeiri başdan-sona metaforaların üzərində qurulub:

    Bu yaz gec gəlmişəm doğma yerlərə,
    Gəzdiyim yamaclar, yallar gileyli.
    Başımın üstündə buludlar küskün, –
    Ayağım altında yollar gileyli.

    Ramiz Qusarçaylının şeirlərində mübaliğə (şişirtmə) və onun əksi olan litotanın (kiçiltmə) da gözəl nümunələrinə rast gəlirik. Məsələn:

    Baxma nə yazılıb daşımın üstə,
    Qəbrim çiçəkləyər ahımdan, gözəl.
    Bir bulud ağlasa başının üstə,
    Mənəm, muğayat ol ruhumdan, gözəl-

    -misralarıyla müəllif dərdinin, sevgisinin nə qədər böyük olduğunu göstərməyə çalışırsa,

    Gül gülə ötürər,
    Sünbül sünbülə,
    Yaşıl heydən salar, al vurar məni,
    Elə durulmuşam, elə yüngüləm,
    Bir quş dimdiyində qaldırar məni-

    – sözləriylə isə özünün cismini o qədər kiçildir ki, hətta bir quşun belə onu qaldıra biləcəyini söyləyir…
    Fikrimcə, müasir ədəbiyyatımızda Ramiz Qusarçaylı kimi sözün qədrini, dəyərini anlayan, sözə sahib çıxan vicdanlı bir şairin varlığı XXI əsr Azərbaycan ədəbiyyatının önəmli qazancıdır, desəm, əsla mübaliğə etmiş olmaram.

  • Şəhanə Müşfiqin “Azərbaycan” jurnalında dərc olunan şeirləri

    10991500_412390748927178_5095940301571747132_o

    MƏNİM SƏNSİZLİYİM YAMAN PAXILDI

    Gözümdən dünyanı elə salmısan
    Heç daha gözümə ala bilmirəm.
    Ömürdə günlərim qarışıb yaman,
    Əl atıb sahmana sala bilmirəm.

    Həsrətin əynimə elə yaraşıb
    Özgə bər-bəzəyi, düzü, götürmür.
    Mənim sənsizliyim yaman paxıldı,
    Sənli günlərimi gözü götürmür.

    Yığıb yığışdırdım qalan günləri
    Eləcə ölümü gözləmək üçün,
    Bir ovuc sən olan xatirələri
    Sənsiz həyatımdan gizləmək üçün…

    BAŞ ALIB GEDİRƏM ÖZÜMƏ SARI

    Baş alıb gedirəm özümə sarı
    Hər addım atdıqca o uzaqlaşır
    Görəsən,hayana tələsir belə
    Görəsən,hayana ürəyi daşır

    Çata bilmirəm ki,özüm-özümə
    Məni də bu yerdən aparsın deyim
    Əllərim ovcunda it-bata düşsün
    Qalmasın özümdə daha heç nəyim

    Başı alıb gedirəm özümə sarı
    Necə də çatmıram,çatmıram əcəb
    Deyəsən,bir məktub sözlər dilimdə
    Sevgim ürəyimdə yoxa dönəcəm

    İTHÜRƏN TƏRƏF

    Daha günümüzün sabahı açmır,
    Daha ürəyimiz gözlərə yükdür.
    İşıq gələn tərəf aldatdı bizi,
    İt hürən tərəfə getmək gərəkdir.

    Bir az da can atdıq göylərə doğru,
    Bu göy başqa göyün yeri deməkmiş.
    Həyatı asmışıq gözlərimizdən,
    Bir qırpım hər şeyin sonu deməkmiş.

    Nə bilim çırağı yandıran kimdi,
    Bəlkə də bir divin tələsi deyil.
    Hələ gəzdiyimiz işıqlı günlər,
    Bəlkə yuxumuza gələsi deyil?

    EVƏ GEDİRƏM…

    Yoruldum bu səs – küydən,
    Daha Evə gedirəm.
    Saxta gülüşdən,
    Yalançı vəddən,
    Çoxluq içərisindəki yalqızlıqdan
    təngə gəlib gedirəm,
    Evə gedirəm.
    Məni mənə unutduran problemlər
    yordu məni,
    Sözümü dilimdə yandıranlar
    usandırdı məni,
    Gedirəm.
    Danışmaq üçün,
    Susmaq üçün,
    Savaşmaq üçün,
    Təkliyimi tək yaşamaq üçün gedirəm,
    Evə gedirəm.
    Məni təmənnasız sevənlərə gedirəm,
    Haqqımla, nahaqqımla,
    Səhvimlə, günahımla gedirəm.
    Evə gedirəm.
    Göylərdən yağış əvəzi göz yaşının töküldüyü
    küçələrdən keçirəm,
    İnsan əvəzi ağzınacan dərd dolmuş
    avtobusla gedirəm,
    Evə gedirəm.
    Hər dayanacaqda dərddən keçmiş xoşbəxtliyi endirir,
    Hər dayanacaqda yeni dərdi götürür özüylə.
    Cavan dərdlər qoca dərdlərə yer verir
    oturmaq üçün…
    Qocalmış dərdlər hüznlə baxır cavanlara,
    Axı avtobus bir dayanacaqdan
    digərinə çatana qədər onlar da qocalacaq,
    yaşlanacaq
    Onlara yer verən tapılacaqmı?
    Bilmirəm.
    Budağından kədər sallanan ağacların arasıyla
    gedirəm,
    Evə gedirəm.
    Ayağım altda əzilən yarpaqların xışıltısını
    dinləyirəm,
    Başımdakı dumanları qova – qova gedirəm,
    Evə gedirəm.
    Ora – bura qaçışan,
    Yoluma çıxan,
    Önümü kəsən,
    Sözümü kəsən
    İnsanlardan keçirəm,
    Evə gedirəm.
    Bu dünyadan pillə – pillə qalxıram,
    Bu dünyanı arxamda qoyub gedirəm,
    Bu dünyadan gedirəm,
    EVƏ GEDİRƏM!!!

  • Kənan AYDINOĞLU.”Nə tez körpəliyim geridə qaldı”

    Photo Kenan

    Fəxri Xiyabanda Ulu öndərin,
    Əklil qoyudmuşdu məzarı üstdə.
    Bizim Ağstafada dəmir yolunda,
    qatarlar keçərdi relslərin üstdə.

    Bakı-Ağstafa qatarı idi,
    Əslində gözümün önündən keçən.
    Körpəlik çağımın xoşbəxt anını,
    Yenə Allah oldu yolumu seçən,

    Gəncə də doğmadı qardaşım kimi,
    Ustad Nizamini unutmaq olmaz .
    Köhnə xatirələr düşməsə yada,
    Sevincli göz yaşın qurutmaq olmaz.

    Tovuzdan bir parça yadigar qalıb,
    Rasim Kərimlinin könül sözləri.
    Axı kim unudar denən, qardaşım,
    Hər sözdə Allahı sevən gözləri?!

    Körpəlik çağlarım yada düşəndə,
    Köhnə xatirələr uşaq tək dindi.
    Ağstafa elində keçən günlərin,
    Hər anı tarixə dönübdü indi.

    Dastana çevrilib, ruhuma hopub,
    Ömrümün yurduma bağlı günləri.
    Kədərdən ayrılıb sevincə dönüb,
    Ömrümün qaralı, ağlı günləri.

    Bizim Xalq şairi Hüseyn Arifi,
    Şeirini, sözünü yaxından tanı.
    Dünən addımbaşı şeir söyləyən,
    “Ay oğul!”- söyləyən nənələr hanı?!

    Güzarım düşəndə Ana torpağa,
    Bir az doluxusunub, ağlayırdım da.
    Qorqud yadigarı müqəddəs sazı,
    Gözümün önündə saxlayırdım da.

    Sənə minnətdar da olacam, düzü,
    Ağstafa yurdunda ayağa qalxsan.
    Özüm də bilməzdim bu qədər xoşbəxt,
    Olmuşam əslində geriyə baxsan.

    31 dekabr 2015-1 yanvar 2016