AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Yenəmi yeni ildi?
Yenəmi sənsiz gəlib?
Adın olan ümidim
Köhnələn ildə qalıb…
Unutmuşam, incimə,
Aylara doğmalığı…
Iyulda gözlərimə
Düşübdü gün işığı…
Oktyabr sevdiyim…
Aprel küsdüyüm aydı…
Bu aylar bir-birindən
Gör nə qədər uzaqdı…
Səndəmi qaldın orda?
O keçib gedən ildə?
Hansı gün, hansı ayda?
Bəlkə ötən həftədə?
Indi bu yeni ili
Özümə həsr edəcəm.
Təqvimdə rəqəmləri
Qar rəngiylə örtəcəm…
Özün qayıdıb gəlsən…
Gəlsən əgər bir zaman…
Ağartdığım təqvimə
Günəş rəngi taxarsan…
Sevirdim ötənlərdə
Rəngarəng təqvimləri…
Gizlətdim ürəyimdə
Qırmızı rəqəmləri…
Yeni il… yeni-yeni…
Mən səni istəyirəm…
Həmişə tər sevgimi-
Köhnəni istəyirəm…