Səxavət ƏNVƏROĞLU.Yeni şeirlər

TAPARSAN MƏNİ

Dağların başına duman çökəndə,
Ağaran saçlara sığal çəkəndə,
Ömrünün xəzanı vaxtsız gələndə,
Arzular içində taparsan məni.

Xəyallar əlində susub qalmısan,
Yağmurlu bulud tək dolub qalmısan.
Nakam eşq əlindən fikrə dalmısan,
Durnanın köçündə taparsan məni.

Qəlbin ötənlərçin gileylənəcək,
Dərdli ürəyində eşq kövrələcək.
Bir gün ayrılığa dözməsə ürək,
Laləzar içində taparsan məni.

Adınla yaşadım səndən xəbərsiz,
Günlərim ötüşməz dumansız,çənsiz.
Demə ki, virandır cahanım sənsiz,
Duyğular içində taparsan məni.

Adını yaşatdım xəstə ürəkdə,
Eşqini Tanrıdan istə ürəkdən…
Xəzan vuran güləm solan ləçəkdə,
Bəyaz qar içində taparsan məni.

Konstansiya.Rumıniya.
29.03.2009.

SƏN NİYƏ YUXUMA GİRDİN BU GECƏ?

Qismətin acısı baxtına düşüb,
Cibiboş,əliboş vaxtına düşüb.
Bir dəli sevdanın taxtına düşüb
Sən niyə yuxuma girdin bu gecə?

Günahkar gəzirsən-günahkar özün,
Bilmədim nə oldu,kor oldu gözün.
Getmir qulağımdan “sevmirəm” sözün,
Sən niyə yuxuma girdin bu gecə?

Nəfsin nəfəsini boğdu sinəndə,
Arxaya çönməyib getdin sən öndə.
Qaldı fikrim səndə,ürəyim səndə,
Sən niyə yuxuma girdin bu gecə?

Bəzən uzaqlarda bilirəm xoşam,
Ağlına gəlməsin mən başı boşam.
Sənli fikirlərlə yaman sərxoşam,
Sən niyə yuxuma girdin bu gecə?

Kövrəltmə könlümü sən bu yaşında,
Getmirsə şübhəli fikir başından,
Axşam üfüqləri dağlar aşanda,
Sən niyə yuxuma girdin bu gecə?!

Qara dəniz.2011.