Rafiq ODAY.”Nə ola bir çoxunun ruhunu ibrət bürüyə” (Qəzəl)

***

Nə ola bir çoxunun ruhunu ibrət bürüyə,
Dola vicdan yükünə, aləmi heyrət bürüyə.

Yaraşarmı kişiyə üzdə girə min qılığa,
Arxada arvad ola, ləfzini qeybət bürüyə.

Rəvamı insan olan dərd ola insanlıq üçün,
Söyələr cəmdəyinə, hər kəsi nifrət bürüyə.

Kişi ağır oturub, batmana tən gəlməlidi
Ki, onun dövrəsini vəzn ilə siqlət bürüyə.

Haqqa baqi olanın istəyi, əlbəttə, budur:
Kürreyi-ərzi müdam xəlq ilə xilqət bürüyə.

O ürək bilməz isə mərhəmətin ləzzətini,
Dəxi olmaz səməri dörd yanı sərvət bürüyə.

Oday, vaxtında dəyər ver zamanın gərdişinə,
Qoyma hər “kaş ki…” üçün qəlbini xiffət bürüyə.