Təzələndi

Gəldim Kür sahilinə,
Sahillər təzələndi,
Söyüdlər saç dağıtdı,
Xəzəllər təzələndi.

İllər gerimi döndü?
Üzü bərimi döndü?
Gəncliyimi gətirdi,
O illər təzələndi.

Mənim Arazlı Kürüm,
Sizi müdam cüt görüm!
Sularınız qovuşdu,
Gur sellər təzələndi.

Yarpağı dinar-dinar
Ağcaqovaq, göy çinar
Əl çaldı küləklərə,
Könüllər təzələndi.

Sahil boyu Muğan, Mil
Yandırdı neçə qəndil.
Gecələr ulduz olub,
Qəndillər təzələndi.

Duyğular yurdu sinə,
İlhama gəldi yenə.
Təzələndi arzular,
Əməllər təzələndi.

1978

İlk baharda

Novruzgülü gözlərini
Körpə kimi açdı yenə.
Güneylərə, quzeylərə
Öz ətrini saçdı yenə.

Keçdi bulud qalaqları,
Güldü Vətən torpaqları,
İlk baharın dodaqları
Təbəssümlə qaçdı yenə.

Bulaqların dindi sazı,
Salamladı gələn yazı.
Kür üstünün gözəl qızı
Söyüd yaşılsaçdı yenə.

Yurdu el-el gəzirəm mən
Bahar bu il gəlib erkən,
Qızıl lalə, yaşıl çəmən
Çöllərimə tacdı yenə.

Al geyinir, el baharda,
Şirvan, Muğan, Mil baharda,
Gözəl olur il baharda,
Nəğmələrim coşdu yenə.

1971

Buludlar

Nə sərhəd bilirsiniz,
Nə qış, nə yay, buludlar!
Uçursunuz hər yerə,
Uzaq kəndə, şəhərə
Halay-halay, buludlar!

Fəqət qalmayırsınız
Bir görkəmdə, bir üzdə.
Səfləriniz pozulur,
Dönüb tanınmaz olur
Dağda, dərədə, düzdə.

Neçə şəklə düşdünüz
Yetincə bir mənzilə.
Ey buludlar, çünki siz
Məqsədimdə, sözümdə
Daim belədən-belə.

Mən sizintək qanadlı,
Səyyar olmaq istərəm.
Lakin hər vaxt özüm də
Məqsədimə, sözümdə
Sabit qalmaq istərəm!

1958

Dəniz

Sən o qədər genişsən ki,
Yerləşər bir cahan sənə.
Bu ulduzlu kainat da
İnan, sığır gen sinənə.

Sən o qədər dərinsən ki,
Bu dərinlik içində sən
Göz görməyən, əl çatmayan
Min xəzinə gizləyirsən.

Sən o qədər təmizsən ki,
Sularına baş vuranda
Elə bil ki, uçuram mən
Bir buludsuz asimanda.

Gah durğunsan ayna kimi,
Gah coşğunsan, narahatsan.
Çırpınanda şir kimisən,
Bir quzusan susub yatsan.

Mənim ola dərinliyin,
Genişliyin, qüdsiyyətin.
Gah çalxanan, gah durulan
Bu dəlisov təbiətin.

1958