Nisə QƏDİROVA.Yeni şeirlər

11153468_731421923638953_1561011028_o

Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“Qızıl Qələm” Media Mükafatı laureatı,
“Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

Gətirmisən

Söylə, nə etmişəm, a zalım fələk,
Ömrümə nisgildən bar gətirmisən.
Çırpına-çırpına qalmışam naçar,
Əcəl köynəyimi dar gətirmisən.

Torpaq acısından gözüm sapsarı,
Könlümdə yurd salıb dağların qarı.
Bənövşə qoxulu gözəl çağları
Alıb aparmısan, qar gətirmisən.

Hayana üz tutub durna qatarım,
Harda soraqlayım, necə qaytarım.
Anasız uşaqtək kamanım, tarım,
Ovunmur edirəm ar, gətirmisən.

Tüstüsüz yanıram, yaman yanıram,
Etmirsən bir çarə, aman, yanıram.
Gəzir yollarımda güman, yanıram,
Qəlbi daş səbirdən var gətirmisən.

Sındırdın könlümü, kəsdin sözümü,
Öyrətdin ən ağır dərdə dözümü.
Barı qoy aldadım özüm- özümü,
Ona ümüd adlı yar gətirmisən.

* * *

Kaş oda ataydın külüm qalaydı,
Kaş ölüb gedəydim zülüm qalaydı.
Əlimdə saralmış gülüm qalaydı,
Sinəmdə viranə könül qalınca.

Mən səni de, hansı sözlə ağlayım,
Kamanla ağlayım, sazla ağlayım?
Ürəklə ağlayım, gözlə ağlayım,
Bəlkə özüm gəlim, özüm dalınca?

Sənsiz quru daşam, quruca kəsək,
Bu daşın yaş üzü göyərməyəcək.
Dağılsın bu divar yenə görüşək,
Neçə yol ölürəm yada salınca.