Rahilə Dövranı doğum günü münasibətilə təbrik edirik! (12 fevral)

Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, “Qızıl qələm” media mükafatı laureatını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbərini və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

Mətbuat xidməti

YENƏ GÖZÜM İNTİZARDA
/”Könül dəftərim” – silsiləsindən/

Yenə gözüm intizarda,
Dikilibdir yollarına.
Xəyallar da qalıb darda,
Əli çatmır ilqarına.

Səs- səmirsiz buz otağım,
Pozulmayıb tər yatağım.
Yumulmayır göz qapağım,
Canım möhtac qollarına.

Sitəm sığmır günə, aya,
Bəxt dirənib sərt qayaya.
Niyə gəldim mən dünyaya?
Haqq zülm etməz qullarına.

Yazır xeyir- şər mələyim,
Haqqa düzəm, yox kələyim.
Fələyəmi boyun əyim?
Dövran sadiq- vüqarına…

HARDASAN, HARDA
/”Ömürdən- gündən” – silsiləsindən/

Bilmirəm heç necə ötdü vaxt, zaman,
Fələk göz açmağa vermədi aman.
Qamətim tarıma çəkilmiş kaman,
Ey gənclik zamanım, hardasan, harda?!

Ömrün gənclik çağı, xoş ilk bahardı,
Necə şən, bəxtəvər günlərim vardı.
İndi şəvə saçlar bəmbəyaz qardı,
Əlçatmaz gümanım , hardasan, harda?!

Artıq şimşək təkin atəş çaxmıram,
Dağdan şəlalətək uçub axmıram.
Ahu baxışımla canlar yaxmıram,
Hey küsüb- umanım, hardasan, harda?!

Falçılar qisməti tərsə yozubdur,
Alın yazısını əcəl pozubdur.
Könül xəstə düşüb, nəbiz azıbdır,
Əlçatmaz gümanım, hardasan, harda?!

Illər dağ çayıdır, ömürdən axır,
Xəyal, xatirələr ardımca baxır.
Əldən gedən anlar yandırır, yaxır,
Ey nazlı Dövranım, hardasan, harda?!..

EY TÜRK OĞLU
/”Vətənimdir” – silsiləsindən/

Bu millətə gözəl günlər yaraşır,
Ey türk oğlu gəlin verək əl-ələ.
Fani dünya günü- gündən qarışır,
Hər qitədə, hər dövlətdə vəl- vələ.

Türkdən başqa, hər kəs türkün düşməni,
Kürəyindən saplayırlar qəməni,
Türk taleyi düşündürür hey mənı,
Dörd bir yanı fitnə, fəsad, tor, tələ.

Quran, təkbir, inam, inanc haradan?
Hər şey verib Ulu Türkə Yaradan.
Qeyrət, qüdrət, tikən- quran, yaradan.
Sinə gərib hər fitnəyə, əngələ.

Nəzər salaq Oğuz, Mete yoluna,
Nəzər salaq Səlcuq, Qıpçaq, həm Huna.
Qılınc tutub, uymayıblar altuna,
Tarix boyu uduzmayıb cəng hələ.

Türk dilimdir qopüz, sazım, avazım,
Türk elimdir Anadolum, Qafqazım.
Türkə, kürdə, laza bölmək nə lazım?
Turanımda dost- dostuna tən gələ.

Dövran- Cəngi, Mehtər marşı çalınsın,
Cihad üçün ər meydanı sulansın.
Türk ellərim yağılardan alınsın,
Tutsun Ağrım, Haçadağım əl-ələ…

KÜLƏK
/”Vətənimdir” – silsiləsindən/

Dolan gəl kəndimin üstündən bəri,
Yurdümdan bir ovuc toz gətir, külək.
Həsrətdən quruyub dilim, dodağım,
Sinəm od tutubdur, buz gətir, külək.

Bülbültək qalmışam gülünə həsrət,
Ayına, gününə, ilinə həsrət.
Nə mənə şan gərək, nə də ki, şöhrət,
Bir tikə çörəklə, duz gətir, külək.

Tikanlı tellərdə sızlar xatirə,
Qərib düşüncələr kədər bitirə.
Qönçələr ürəkdən axdı sətirə,
Sən ən kiçiyini, üz gətir, külək.

Şimşəklər Oğuzun qılınc səsitək,
Səma ulduzunun hər biri çiçək.
Tapılan muncuqlar göz giləsitək,
Fələyin boynuna düz gətir, külək.

Dövranın məramı igid, ər işi,
Zülmətə düşməndir, sevir günəşi.
Yaxmaqçün dağ- daşda zəfər atəşi,
Baba ocağından, köz gətir külək…