Xatirələr olan yerdə

Daşların da dili vardır,
Xatirələr olan yerdə.
İnsanların sevincləri,
Həsrətləri qalan yerdə.

Məni bulaqlar dindirər,
Hey ağladar sevindirər.
Sular odumu söndürər,
Anam layla çalan yerdə.

Hər duyğunun öz adı var,
Fikrin qəmlisi, şadı var.
Könlüm qaldı qoca çinar,
Kölgəsini salan yerdə.

Bənövşələr üşüyəndə

Bir qanadlı ürəyim var,
Yuvasında tutmur qərar.
Dünənlərə nazlı bahar,
Yaşıl xalı döşüyəndə.

Neçə dağdan keçir yolum,
Çiçək olur sağım, solum.
İstəyirəm günəş olum,
Bənövşələr üşüyəndə.

Göyçə dərdi

Qəsbkara qalan Göyçəm,
El-obası talan Göyçəm.
Ağ güllərin qara bitsin,
El yurduna dönməyincə.

Qoy axmasın bulaqların,
Gül açmasın yaylaqların,
Tikan bitirsin dağların
Yad bayrağın enməyincə.

Yurd saldıq qaldı namərdə,
Ağlar burda göy də,yer də,
Yanmayacaq el çırağı
Qurduğunuz ağ evlərdə
Yad çırağı sönməyincə.

Təklənmiş millətim

Qoçaqların şan-şöhrətin,
Qorxaqların baş töhmətin
Olan təklənmiş millətim!
Qoçağa qorxaq deyilməz,
Heç zərbədən dağ əyilməz.
Qalx, ey adı oğul olan,
Torpağı düşmənə qalan,
Meşələrdə dönən balan
Qisasa çağırır səni,
Qalx, qurtar doğma vətəni,
Kömək gəlir yad ellərdən,
O günü ağlayıram mən,
“İanəyə” qaldıq nədən?
Qəhrəmanım, gir döyüşə

Mənbə: Klassik Ədəbiyyat İnciləri