(Bir məktuba cavab)

Elə demə, qan ağlaram, sevgilim,
Yadlar mənə gülər, sənə ar olar.
Duman qopar, alov çıxar başımdan,
Nəmli gözlərimdə dünya dar olar.

Bir addım yanımdan ayrı düşərkən,
Mənə dağ çəkirsən hər yazanda sən.
Bağlıdır qəlbinə qəlbim əzəldən,
Könüllər bir olsa, etibar olar.

Daş deyil hicranı duymaya, insan,
Gəlir xəyalıma xəyalın hər an,
Öz könül dostundan, öz sirdaşından,
Canan vəfa görsə, vəfadar olar.

Qəlbimi satmadım mən hər yetənə,
İlqarım, peymanım möhkəmdir yenə.
Özgə nəyim vardır vəd edim sənə-
Şairin dövləti bir ilqar olar.

Yalta, may, 1939.