Xalq şairi Cabir NOVRUZ.Seçmə şeirlər

Gecikmiş məhəbbət

Sən gizli gəlmisən ömrümə, inan
Bu gizli eşq ilə yaşayacağam.
Dünyanın ən böyük yükü sayılan,
Gecikmiş məhəbbət daşıyacağam.

Sən mənim ömrümdə açan çiçəksən
Onu ürəyimdə bəsləyəcəyəm
Sən məni heç zaman görməyəcəksən,
Mən səni hər zaman gözləyəcəyəm.

Uzaqdan göz qoyub gözünə sənin,
Sanki görəcəyam Allahımı mən.
Düşüb qarış-qarış izinə sənin
Əzbərləyəcəyəm yollarını mən.

Səni zərrə-zərrə kəşf edəcəyəm
Səni milyon kərə kəşf edəcəyəm
Ərini, oğlunu öyrənəcəyəm,
Rəngini, qoxunu öyrənəcəyəm.

Hər günü adınla başlayacağam,
Hər günü adınla bitirəcəyəm.
Səni röyalarda axtaracağam
Səni xəyallarda itirəcəyəm.

Sən məni heç zaman duymayacaqsan
Mən bütün ömrünü izləyəcəyəm.
Sən mənə məhəl də qoymayacaqsan,
Mən səni həmişə səsləyəcəyəm.

Hər gün mənim üçün doğulacaqsan…
Hər gün mənim üçün yox olacaqsan.
Mənim sevincim də sən olacaqsan,
Mənim kədərim də sən olacaqsan.

Mən sənin adına hər saat, hər an
Qəlbimdə məktublar yollayacağam.
Sən heç vaxt fikrimdən çıxmayacaqsan
Mən heç vaxt yadında qalmayacağam.

Beləcə…həsrətlə qocalacağam,
Belə enəcəyəm, ucalacağam.

Keçib hər alovdan, keçib hər oddan,
Böyük əzabımdan şad olacağam.
Sən mənə həyatda ən doğma adam
Mən sənə yaddan da yad olacağam.

Sən ömr edəcəksən ayrı adamla
Mən kiməm, nəçiyəm bilməyəcəksən.
Bir gün bu dünyadan sənin adınla
Köçüb gedəcəyəm, bilməyəcəksən.

Mənim ölməz şeirlərim

Xoş gəlmisiz bu dünyaya, balalarım,
Sevinclərim, əzablarım, bəlalarım.
Siz gəldiniz, bilirsiniz neylədiniz?
Oğul idim, məni ata eylədiniz.
Qəşənglərim, kifirlərim, keçəllərim,
Fərman verib
Anama da nənə adı
bəxş eyləyən dəcəllərim.
Aşıb-daşdı evimizdə gülüşünüz,
Bilirsizmi nələr etdi gəlişiniz?
Gəlişiniz qələm çəkdi dincliyimə,
Gəlişiniz nöqtə qoydu gəncliyimə.
Siz gəldiniz, öz-özümü unutdum mən,
Siz gəldiniz, “mən” sözünü unutdum mən.
Hara getsəm indi sizi düşünürəm,
Hələ xırda, hələ qısa ömrünüzü düşünürəm.
Hara getsəm sizin üçün dən yığıram,
Nə dən yığsam üçünüzə tən yığıram.
Düşünürəm bu Müşfiqin, bu Vüqarın, bu
Mirzənin,
Bircə kərə demirəm ki, bu da mənim.
Anam deyir: -Heç özünə baxmayırsan, oğul,
tamam,
Vallah, sənə özüm paltar alasıyam.
Nə eləsin axı anam,
Onlar mənim balamdırsa,
Mən də onun balasıyam.
Çiçəksiniz, həyatımla bitirmişəm,
Bu dünyaya mən üç insan gətirmişəm,
Milyonların qabağında cavabdehəm
onlar üçün,
İstəyirəm şer deyəm onlar üçün.
Oxusunlar ağılları kəsən zaman,
Öz oğlundan, öz qızından küsən zaman.
Salam mənim Mirzələrim, Vüqarlarım,
Müşfiqlərim,
Evimizin çıraqları – işıqlarım.
Siz ölməzlik abidəsi,
Əsrlərə gedib çatan ata səsi.
Sizin üçün gündüz əsib, gecə əsib,
Soyuqları, istiləri dilim ilə yalamışam.
Sözlərimin mən boyundan min yol kəsib,
Sizin xırda boyunuza calamışam.
Arzularım, əməllərim,
Mənə oxşar diri sözlü, diri gözlü
heykəllərim.
Yuxunuzdan duran zaman gecələri
İtirirəm sətirləri, hecaları,
dil-dil ötən ilhamım da dildən düşür,
Qoca nənə, cavan ana əldən düşür.
Mirzə, Vüqar qoymur məni ürəyimə qulaq
asam,
Kiçik Müşfiq istəmir ki, şer yazam,
Kim deyim bu dərdimi,
Böyük Müşfiq sağ olsaydı bu halıma
dözərdimi?!
Sizin üçün qənd alaram, bal alaram,
Min arzumu, istəyimi qanadaram.
Sizi, əziz balalarım,
Sətir-sətir böyüdürəm,
Misra-misra yaradıram.
Sevinclərim, əzablarım,
Yüz-yüz susan, yazılmayan şerlərə
cavablarım.
Vaxt olub ki, dediyimdən dönməmişəm –
sizin üçün!
Vaxt olub ki, vəzifəli bir alçağın
Qabağında dinməmişəm sizin üçün!
Bax, bu ata əllərimlə toyunuzu edəcəyəm,
Bu dünyaya verib sizi,
Sonra sakit,
Sonra rahat, bu dünyadan gedəcəyəm.
Belə ömür mənə xoşdur.
Öz səhvini görməyənlər,
Heç nə yaza bilməyənlər
Məndən sonra desələr ki, az yazmışdır,
Onda çıxın ortalığa,
Ömrüm boyu yaratdığım şerlərim –
işıqlarım.
Onda çıxın ortalığa,
Mirzələrim, Vüqarlarım, Müşfiqlərim!

1965